Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(010)-270/2022 01.08.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Nuriyev Elnur Aləm oğlunun sədrliyi, məhkəmə iclas katibi Nayıbov Pərviz Şakir oğlunun katibliyi ilə, xüsusi ittiham qaydasında şikayət vermiş şəxs Müdafiəçi, barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X6 iştirakı ilə, X6 28 mart 1972-ci ildə Biləsuvar rayonunun Ağalıkənd kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, Biləsuvar rayonunun Ağalıkənd ərazi dairəsi Ağalıkənd kəndində qeydiyyatda olmaqla yaşayan, Azərbaycan Respublikası CM-nin 147.1, 147.2 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair xüsusi ittiham qaydasında verilmiş şikayətə məhkəmənin hazırlıq iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Müdafiəçi xüsusi ittiham qaydasında şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, X6 147.1, 147.2 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsini xahiş etmişdir. Məhkəmə iclasında xüsusi ittiham qaydasında şikayət vermiş şəxs Müdafiəçi göstərdi ki, 06 iyun 2022-ci il tarixində Bakı şəhəri Suraxanı rayon Məhkəməsinə təqdim edilən 04 iyun 2022-ci il tarixli izahatında qeyd edilməklə barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X7 tərəfindən barəsində çoxsaylı böhtan və alçaldıcı təhqirlərdən ibarət olan fikirlər yayılmışdır. O, mülki işin gedişində, məhkəmə çəkişməsində aşağıda qeyd edilən ifadələrə yol verərək onun barəsində həqiqətə uyğun olmayan, şərəf və ləyaqətini açıq və alçaldıcı şəkildə ləkələyən böhtan xarakterli məlumatlar yaymış, şərəf və ləyaqətini nalayiq formada qəsdən təhqir etmişdir. X6 barəsində məhkəməyə təqdim etdiyi rəsmi sənədlərdə, izahatında söylədiyi böhtan və təhqir xarakterli iftira və yalanlar onun millətini və dövlətini sevən dövlət qulluqçusu və hüquqşünas vəkil kimi cəmiyyətdəki ictimai nüfuzuna ciddi zərbə vurmağa, onu cəmiyyətdə aşağılamağa, gözdən salmağa və geniş ictimaiyyətə cinayətkar, yalançı və əyyaş kimi təqdim etmək məqsədi güddüyü şübhəsizdir. Bu böhtan və təhqirlər eləcə də onun ailəsinin nüfuzuna son dərəcədə ağır zərbə vurur. Bu ittihamları X7 məhkəməyə təqdim etdiyi izahatında Azərbaycan Respublikası Cinayət Məcəlləsinin konkret maddəsində (AR CM-nin 178-ci maddəsi) qeyd edilən əməli göstərməklə açıq bir şəkildə irəli sürdüyündən, X6 tərəfindən ağır cinayətlərdə ittiham edilərək, ona böhtan atıldığını sübuta yetirməyə belə ehtiyac qalmır. X1 onu öz müvəkkilini müdafiə etdiyimə görə “əyyaş” , “yalançı” və “şarlatan-dələduz” adlandıraraq, onu dələduzluqda ittiham edir. "Dələduz" ifadəsinin insanın şərəf və ləyaqətini ən ağır formada alçaltdığının, onu ən aşağılayıcı formada təhqir etdiyinin də sübuta ehtiyacı yoxdur. O, şəffaf və şərəfli bir həyat yolu keçmiş, vətən Müharibəsi qəhrəmanı Zaur Nudirəliyev adına 47 saylı orta məktəbi fərqlənmə ilə, Bakı Dövlət Universitetinin Hüquq fakültəsini yüksək qiymətlərlə bitirmişdir. 2008-ci ildən 2012- ci ilədək "xxxx" ASC-də hüquq məsləhətçisi, 2013-cü il tarixindən 2018-ci il tarixinədək Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Sabunçu rayonu üzrə İcra və Probasiya şöbəsinin böyük icra məmuru, 2018-2019-ci illər aralığında isə Ədliyyə Nazirliyinin İcra Baş İdarəsində hüquq məsləhətçisi olaraq dövlət qulluğunda şərəfli fəaliyyətinə davam etmişdir. 2019-ci ilin iyun ayından hazırki dövrə kimi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü olmaqla “Ədalət” vəkil bürosunda vəkil olaraq çalışır. Ailəlidir, həyat yoldaşı, valideynləri, qardaşı, iki azyaşlı qız övladı var. Barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X7 yalan olduğunu bilə-bilə aşağıda qeyd olunan məlumatları məhkəmə prosesində yaymaqla onun şərəf və ləyaqətini ləkələməklə bərabər, həm də şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmışdır. Belə ki, Bakı şəhəri Suraxanı rayon Məhkəməsində Anar Qasımovun sədrliyi ilə keçirilən “nikah müaviləsinin etibarsızlığı” ilə bağlı iddianın gedişində onun qarşı tərəfin vəkili kimi iddia ərizəsinin rədd edilməsi ilə bağlı verdiyi 04 may 2022-ci il tarixli etirazından sonra, mülki iş üzrə iddiaçı olan X7 məhkəməyə verdiyi və məhkəmənin icraatına 06 iyun 2022-ci il tarixində daxil olmuş 04 iyun 2022-ci il tarixli izahatında bu fikirləri səsləndirmişdir: “bu ağ yalam cənab Müdafiəçi hansı fakt və sübuta əsaslanıb etirazda yazır? Görünür Müdafiəçi yalan danışmağa vərdiş edib...." "Müdafiəçi nəzər və diqqətinə çatdırmaq istəyirəm ki, görünür o, bir dəfə içəndə 04 aydan sonra özünə gəlir.. ” "Müdafiəçi bu barədə yazdıqları da mənə qarşı növbəti şər və böhtanıdır. Belə ki, görünür Müdafiəçi özünə ya əziyyət verib nikah müqaviləsini oxumayıb, ya da bilə-bilə, qəsdən şarlatanlıqla məşğul olur". Toğrul Əmirovun səsləndirdiyi bütün bu fikirlər yalan, böhtan və təhqirdir. Həmçinin T.Əmirovun barəsində səsləndirdiyi “şarlatan” ifadəsi, rus dilindən tərcümədə “dələduzluq” deməkdir. Yəni “шарлатан” ifadəsinin sinonimi elə “dələduzluqdur”. Təbii ki, bu fikirlər böhtan xarakterlidir və öz hüquqi qiymətini almalıdır. T.Əmirov ya söylədiyi ifadələrin (dələduz, yalançı, şər böhtan atan və əyyaş) doğru olduğunu sübut etməli, yaxud da böhtan və təhqirə görə məsuliyyətə cəlb edilməlidir. Əmirov Toğrul onun barəsində “шарлатан (dələduz, fırıldaqçı) ’’ifadəsinə yol vermişdir ki, bu da həmin auditoriyada xüsusi ittihamçının Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178-ci (Dələduzduq) maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsinin fakt olduğu təsəvvürünü yaratmışdır, başqa sözlə desək, xüsusi ittihamçını ağır cinayət sayılan dələduzluq cinayətində ittiham etmişdir. Azərbaycan Respublikası CM-nin 178-ci maddəsinə əsasən dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.4-cü maddəsinə əsasən, bu Məcəllə ilə qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi on iki ildən artıq olmayan əməllər ağır cinayətlər hesab olunur. T.Əmirov barəsində “yalançı və əyyaş” adlandırmaqla onun işgüzar nüfuzuna xələl gətirməklə onu cəmiyyətin, insanların gözündən salmaq məqsədi güdmüşdür. Göründüyü kimi, barəsində şikayət verilən şəxs xüsusi ittihamçının barəsində yalan olduğunu bilə-bilə onun şərəf və ləyaqətini ləkələyən və onu nüfuzdan salan məlumatları öz izahatı ilə məhkəmədə sələndirməklə yanaşı, elektron məhkəmə portalında yayaraq ona böhtan ataraq və təqsirsizlik prezumpsiyasmı pozaraq onu bir sıra cinayətlərdə, o cümlədən ağır cinayətlər törətməkdə (dələduzluq) ittiham etməklə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 və 147.2-ci və 148-ci maddəsində nəzərdə tutulmuş cinayət əməllərini törətmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci maddəsinə əsasən böhtan, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə və ya kütləvi informasiya vasitəsində yayma- yüz manatdan beş yüz manatadək miqdarda cərimə ilə və ya iki yüz qırx saatadək müddətə ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Həmin Məcəllənin 147.2-ci maddəsinə əsasən, ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma-iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Həmin Məcəllənin 148-ci maddəsinə əsasən, təhqir, yəni kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltma- min manatdan min beş yüz manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan dörd yüz səksən saatadək müddətə ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 21 fevral 2014-cü il tarixli, 3 saylı qərarının 2-ci bəndində məhkəmələrə izah edilmişdir ki, cinayət qanunvericiliyində xüsusi ittiham qaydasında cinayət təqibinə səbəb olan əməllərin törədilməsinə görə cinayət məsuliyyətinin nəzərdə tutulması hər kəsin mənəvi dəyəri olan şərəf və ləyaqətini, nüfuzunu qeyri-qanuni qəsdlərdən qorumaq məqsədi daşıyır. Hər kəsin şərəfi dedikdə, onun cəmiyyətin üzvü kimi əxlaqi, mənəvi keyfiyyətlərinə, digər insanlara, dövlətə, cəmiyyətə münasibətinə görə ona verilən qiymət, ləyaqəti dedikdə, şəxsin öz mənəvi və əqli keyfiyyətlərini, cəmiyyətdəki mövqeyini və nüfuzunu dərk etməsi və özünün özünə verdiyi qiymət, nüfuzu dedikdə isə şəxsin cəmiyyətdə, kollektivdə, dostlarının əhatəsində, təşkilatda öz qabiliyyətinə görə tutduğu mövqe başa düşülür. İnsanın şərəfi, ləyaqəti və nüfuzu hüququn ən ali bəşəri dəyərlərindən hesab olunur. Azərbaycan Respublikası Konstitusiyasının (bundan sonra Konstitusiyanın) 46-cı maddəsində, Birləşmiş Millətlər Təşkilatının 10 dekabr 1948-ci il tarixli Ümumdünya İnsan Hüquqları Bəyannaməsində və 16 dekabr 1966-cı il tarixli “Mülki və siyasi hüquqlar haqqında” Beynəlxalq Paktda, “İnsan Hüquqlarının və X5 haqqında” Avropa Konvensiyasında (bundan sonra Konvensiyada) təsbit edilmiş şəxsi və ailə həyatına hörmət hüququ ilə əlaqədar olaraq qeyd olunur ki, hər kəsin şərəf və ləyaqətini müdafiə etmək hüququ vardır, hər hansı hal şəxsiyyətin ləyaqətinin alçaldılmasına əsas verə bilməz. İnsanın şərəfi, ləyaqəti və nüfuzu bir-biri ilə sıx surətdə bağlı olan mənəvi, əxlaqi və sosial dəyərlər olduğuna görə bu dəyərlər dövlət tərəfindən müdafiə olunur. Konstitusiya fikir və söz, məlumat və yaradıcılıq azadlıqlarını həyata keçirərkən hər kəsdən qanunlara riayət etməsini və başqalarının hüquqlarına hörmətlə yanaşmasını tələb edir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 21 fevral 2014-cü il tarixli Qərarının 2-ci hissəsində məhkəmələrə izah edilmişdir ki, cinayət qanunvericiliyində xüsusi ittiham qaydasında cinayət təqibinə səbəb olan əməllərin törədilməsinə görə cinayət məsuliyyətinin nəzərdə tutulması hər kəsin mənəvi dəyəri olan şərəf və ləyaqətini, nüfuzunu qeyri-qanuni qəsdlərdən qorumaq məqsədi daşıyır. Hər kəsin şərəfi dedikdə onun cəmiyyətin üzvü kimi əxlaqi, mənəvi keyfiyyətlərinə, digər insanlara, dövlətə, cəmiyyətə münasibətinə görə ona verilən qiymət, ləyaqəti dedikdə şəxsin öz mənəvi və əqli keyfiyyətlərini, cəmiyyətdəki mövqeyini və nüfuzunu dərk etməsi və özünün özünə verdiyi qiymət, nüfuzu dedikdə isə şəxsin cəmiyyətdə, kollektivdə, dostlarının əhatəsində, təşkilatda öz qabiliyyətinə görə tutduğu mövqe başa düşülür. Həmin qərarın 5-ci bəndinə əsasən CM-nin 147 və 148-ci maddələrinin mənasına görə, şəxs böhtana, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları yaymaya və təhqirə, yəni şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmaya görə o halda cinayət məsuliyyətinə cəlb edilə bilər ki, təhqir və böhtan xarakterli məlumatlar onun tərəfindən kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayılmış olsun. Kütləvi çıxış dedikdə, hər hansı şəxsin şərəf və ləyaqətini alçaldan və ya onu nüfuzdan salan məlumatları ən azı iki nəfər kənar şəxsin görə, eşidə və ya qavraya biləcəyi formada ifadə etmə başa düşülür. Kütləvi nümayiş etdirilən əsər dedikdə, ən azı iki nəfər kənar şəxsin görə və ya qavraya biləcəyi şəraitdə nümayiş etdirilən əsərlər (fotoşəkillər, rəsm əsərləri, kinematoqrafıya əsərləri, reklam və sair) başa düşülür.Kütləvi informasiya vasitəsi və kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatı dedikdə, dövri mətbu nəşrlər, teleradio proqramları, kinoxronika proqramları, sosial internet şəbəkələri, dövri mətbuatın və teleradio kanallarının internet saytları və digər yayım formaları başa düşülür. Avropa Məhkəməsinin presedent hüququna müvafiq olaraq barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs tərəfindən yayılmış məlumatlarda fikrin və ya faktın əks etdirilməsi fərqləndirilməli və bu hala əhəmiyyət verilməlidir. Faktların mövcudluğu nümayiş oluna bilsə də. fikirlərin həqiqiliyi sübut oluna bilən deyildir. Fikirlərin həqiqiliyini sübut etmək tələbinə riayət etmək mümkün deyil və bu tələb Konvensiyanın 10-cu maddəsi ilə təmin edilmiş hüququn əsas hissəsi olan fikir azadlığının özünü pozur (bax, yuxarıda qeyd olunan De Haes və Gijsels, § 42 və Lingens. § 46). Eyni zamanda, üçüncü tərəfin davranışı barədə iddialar irəli sürüldüyü hallarda bəzən faktın təqdimatı ilə fikirlər arasında fərqi müəyyən etmək çətin olur. Buna baxmayaraq, hətta fikirlər faktlara əsaslanmadıqda onlar olduqca əsassız ola bilər (bax, Jerusalem Avstriyaya qarşı. §43). Barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs ifadələri fakt kimi səsləndirərək, cinayət olmadığını bilə-bilə konkret ağır cinayətlər törətməkdə onu ittiham edərək böhtan atmış, bununla kifayətlənməyərək heç bir faktual bazaya əsaslanmadan onu nalayiq və həddini kəskin aşan ifadələrlə təhqir etmişdir. Bu ifadələrin barəsində işlədilməsi heç bir sosial zərurətdən irəli gəlməmiş, demokratik cəmiyyətdə zəruri olmamışdır. Adı çəkilən Plenum Qərarının 7-ci bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, xüsusi ittiham qaydasında şikayətlər əsasında işlərə baxılarkən yayılmış məlumatların təhqir və ya tənqid xarakterli olmasına, onların xüsusi ittihamçının şəxsi və ya ictimai həyatına, siyasi fəaliyyətinə müdaxilə olub-olmamasına diqqət yetirsinlər. Avropa Məhkəməsinin presedent hüququna görə, ifadə azadlığının həyata keçirilməsi özündə məsuliyyət və öhdəlikləri ehtiva edir. Konvensiyanın 10-cu maddəsi ilə jurnalistlərə verilən təminat isə onunla şərtlənir ki, onlar jurnalist etikasına müvafiq olaraq düzgün və etibarlı məlumatı təqdim etmək məqsədilə vicdanla fəaliyyət göstərsinlər (bax, başqa mənbələrlə yanaşı. Radio Frans və digərləri Fransaya qarşı, §37 və yuxanda qeyd olunmuş Kolombani və digərləri, §65).” Yerlərdə seçilmiş nümayəndələr və ya vəzifəli şəxslər tərəfindən törədilməsi güman olunan cinayətlər barədə ictimaiyyəti xəbərdar etmək vəzifəsi mətbuata aid olsa da, müəyyən şəxslərin adlarını və vəzifələrini qeyd etməklə onları birbaşa ittiham etmə jurnalistləri öz iddiaları üçün kifayət qədər faktiki əsasları təqdim etmək öhdəliyini müəyyən edir (bax, Lesnik Slovakiyaya qarşı, §57). Lakin bunun əksinə olaraq barəsində xüsusi ittiham qaydasında şikayət edilmiş şəxs heç bir sübut təqdim və nümayiş etdirməmişdir. Açıq-aşkardır ki, barəsində xüsusi ittiham qaydasında şikayət edilmiş T.Əmirov Konvensiyanın 10-cu, Konstitusiyanın 50-ci maddəsində nəzərdə tutulan söz azadlığı hüququndan açıq aşkar sui-istifadə etmiş, birbaşa onun şəxsi və ailə hüququna hörmət edilməsi hüququma müdaxilə etmişdir. İstər dövlət qulluqçusu, istər vəkil olsa da heç vaxt şəxsi həyatı barədə məlumatları yaymamışdır. T.Əmirovun ittihamları onun apardığı müdafiəni tənqid etmək deyil, T.Əmirov hüquqşünas və ya ictimai fiqur deyil, o onun şəxsi həyatı barədə yalan məlumat verməklə, onu ağır cinayətlərdə ittiham etməklə və açıq aşkar həddin aşan, nalayiq formada təhqir etməklə onun şəxsi həyatına hörmət hüququnu pozmuşdur ki, Konvensiyanın 8-ci maddəsi üzrə dövlətin götürdüyü öhdəlik, məhz T.Əmirovun qanunla müəyyən edilmiş məsuliyyətə cəlb etməyi və cəzalandırmağı, yəni Konvensiyanın 8-ci maddəsi üzrə dövlətin üzərinə götürdüyü öhdəliyi yerinə yetirməyi tələb edir. Belə ki, Avropa Konvensiyasına tərəfdar çıxmış dövlətlər tərəfindən şəxslərin nüfuzunu qanuna münasib yolla müdafiəsini təmin etmək üçün ifadə azadlığının həyata keçirilməsinin nizamlanmasına yol verilir və hətta Konvensiyanın 8-ci maddəsinə əsasən bu sahədə olan pozitiv öhdəliklərə görə onlar bunu etməyə məcburdur (bax, Pfeyfer Avstriyaya qarşı, § 35; X8rşı, § 57). Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 21 fevral 2014-cü il tarixli Qərarının 11-ci bəndində məhkəmələrin nəzərinə çatdırılmışdır ki, xüsusi ittiham qaydasında icraatın başlanmasına səbəb yalnız zərər çəkmiş şəxs tərəfindən xüsusi ittiham qaydasında verilmiş şikayət ola bilər. Xüsusi ittiham qaydasında şikayət yazılı şəkildə cinayətin törədildiyi yerin yurisdiksiyasına aid olan birinci instansiya məhkəməsinə verilir. Şikayətdə aşağıdakılar göstərilməlidir: şikayət vermiş şəxs haqqında məlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi), törədilmiş cinayət barəsində məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği), cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfindən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyi, şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi, cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi haqqında xahiş, şikayətin verildiyi tarix (il, ay və gün), şikayəti vermiş şəxsin imzası (CPM-nin 293.3.1- 293.3.7-ci maddələri). Məhkəmələrə tövsiyə edilmişdir ki, xüsusi ittiham qaydasında şikayətə məhkəmənin hazırlıq iclasında baxılması mərhələsində şikayətin məzmununun CPM-nin 293.3.1 -293.3.7-ci maddələrinin tələblərinə uyğun olub-olmamasını yoxlasınlar. Xüsusi ittiham qaydasında şikayət bu tələblərə cavab vermədikdə, habelə CPM-nin 302.1.2-302.1.4 və 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş halları müəyyən etdikdə məhkəmə hazırlıq iclasında şikayətin öz icraatına qəbul edilməsindən imtina haqqında əsaslandırılmış qərar qəbul edir. Tərəfindən verilmiş xüsusi ittiham qaydasında şikayət CPM-nin qeyd edilən tələblərinə tamamilə uyğun olduğundan xüsusi ittiham qaydasında şikayəti icraata götürülməlidir. Barəsində qeyd edilənlərin yer aldığı izahatda qeyd edilən materialların yayıldığı ünvanı Suraxanı rayonu ərazisində yerləşdiyindən, şikayət məhz Suraxanı rayon məhkəməsinin aidiyyətinə aiddir. Sonda Müdafiəçi, X6 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 və 147.2-ci maddələri ilə 03 il 06 ay müddətinə azadlıqdan məhrum etmə, 148-ci maddəsi ilə 06 ay müddətinə azadlıqdan məhrum etmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən cəzaları tamamilə toplamaq yolu ilə qəti olaraq 04 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilərək, barəsində ittiham hökmünun çıxarılmasını xahiş etdi. Məhkəmədə barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X7 göstərdi ki, vəkili X2 tərəfindən kompyuterdə tərtib edilmiş izahatının məzmunundan məlumatsızdır, o sadəcə həmin yazılı izahatı imzalamışdır. X3 xüsusi ittiham qaydasında verilmiş şikayətin icraata qəbul edilməsindən imtina edilməsini xahiş etdi. Məhkəmədə şahid qismində dindirilmiş Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili X2 göstərdi ki, X6 Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin icraatında olan mülki iş üzrə müdafiəçisi olmuş, həmin iş üzrə bütün sənədlər, o cümlədən ərizələr və yazılı izahatlar onun tərəfindən yazılmışdır. X6 məlum izahatını da Müdafiəçi təqdim etdiyi ərizəyə uyğun yazmışdır. Toğrul, Müdafiəçi mülki işlə bağlı məhkəməyə təqdim etdiyi ərizəsini oxuduqdan sonra orada yazılanların şər və böhtan olduğunu bildirmiş və o da buna uyğun yazılı izahat tərtib etmişdir. Toğrul spirtli içkinin təsiri altında 4 saylı Asan Xidmət Mərkəzinə getmiş və orada aldadılaraq müvafiq sənədlərə imza atmışdır. Müdafiəçi də buna uyğun olaraq ərizəsində “bu necə içkidir ki, Toğrul Əmirov 04 aydan sonra ayılıb” qeyd etmişdir. Müdafiəçi özünün yazdıqları şər və böhtandır. “Şarlatanlıqla məşğul olur” ifadəsini orada qeyd edilən yalanlara görə yazmışdır. Hesab edir ki, əməldə heç bir cinayət tərkibi yoxdur. Məhkəmə xüsusi ittiham qaydasında verilmiş şikayəti tədqiq edərək, xüsusi ittihamçını, barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxsi və şahidi dinləyərək hesab edir ki, xüsusi ittiham qaydasında verilmiş şikayət üzrə məhkəmə baxışının keçirilməsindən imtina edilməlidir. Belə ki, “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 21 fevral 2014-cü il tarixli, 03 saylı Qərarının 5-ci bəndində qeyd edilmişdir ki, böhtan və təhqir xarakterli məlumatların müxtəlif orqan və təşkilatlara ünvanlanmış ərizə və şikayətlərdə əks olunması və ya ona aid olan şəxsə təklikdə bildirilməsi həmin məlumatların kütləvi çıxış şəklində yayılması sayılmır və belə hallarda onları yaymış (bildirmiş) şəxsin hərəkətlərinin cinayət kimi qiymətləndirilməsi istisna edilir. Xüsusi ittiham qaydasında şikayətə məhkəmənin hazırlıq iclasında baxıldığı zaman isə müəyyən olunmuşdur ki, xüsusi ittiham qaydasında şikayət vermiş şəxs Müdafiəçi barəsində yayılmış böhtan və təhqir xarakterli məlumatlar kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında deyil, X6 məhkəməyə ünvanlanmış yazılı izahatında əks olunmuş və həmin izahat sonuncunun özü tərəfindən deyil, vəkili Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili X2 tərəfindən tərtib edilmiş, X7 isə sadəcə olaraq həmin izahatını imzalamışdır. “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 21 fevral 2014-cü il tarixli, 03 saylı Qərarının 11-ci bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, xüsusi ittiham qaydasında şikayətə məhkəmənin hazırlıq iclasında baxılması mərhələsində şikayətin məzmununun CPM-nin 293.3.1-293.3.7-ci maddələrinin tələblərinə uyğun olubolmamasını yoxlasın. Xüsusi ittiham qaydasında şikayət bu tələblərə cavab vermədikdə, habelə CPM-nin 302.1.2-302.1.4 və 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş halları müəyyən etdikdə məhkəmə hazırlıq iclasında şikayətin öz icraatına qəbul edilməsindən imtina haqqında əsaslandırılmış qərar qəbul edir. Azərbaycan Respublikası CPM-nin 302.1 və 302.1.6-cı maddələrinə əsasən cinayət hadisəsi və ya barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş əməldə cinayət əlamətləri olmadıqda, məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçrilməsindən imtina etməlidir. Azərbaycan Respublikası CPM-nin 302.2.3-ci maddəsinə görə məhkəmə, həmin Məcəllənin 302.1.2 - 302.1.4, 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş hallarda, xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edərək xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə qərar çıxarmalıdır. Buna görə də məhkəmə hesab edir ki, xüsusi ittiham qaydasında şikayətin icraata qəbul olunmasından imtina edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 293, 299, 300, 302, 381, 383, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X6 Azərbaycan Respublikası CM-nin 147.1, 147.2 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb olunması barədə məhkəmə baxışının keçirilməsindən imtina edilərək, Müdafiəçi xüsusi ittiham qaydasında şikayətinin icraata qəbul olunmasından imtina edilsin. Qərardan, onun elan olunduğu gündən 20 gün müddətində Bakı şəhəri Suraxanı rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Elnur Nuriyev
Məhkəmə qərarları › İş №1(010)-270/2022
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №1(010)-270/2022
01.08.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver