Məhkəmə qərarları › İş №1(010)-271/2023

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-271/2023

12.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-271/2023 12.04.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Kərimov Namiq Həsrət oğlunun sədrliyi, Hacıyev Gündüz Nizami oğlunun katibliyi, Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, tərcüməçi X3, təqsirləndirilən şəxsin müdafiəçisi X1 iştirakı ilə xx xxxxx 1987-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan, faktiki ünvan 2ında yaşayan, 04 – 06 noyabr 2022-ci il tarixləri üzrə tutulmuş, 06 noyabr 2022-ci il tarixdə barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq istintaqa məlum olmayan mənbədən 10 (on) manat ödəməklə 01 (bir) ədəd şəffaf sellofanda təmiz çəkisi 6,428 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı alaraq əldə edib üzərində saxlamaqla daşımışdır. 04 noyabr 2022-ci il tarixdə saat 12:20 radələrində Suraxanı Rayon Polis İdarəsinin 31-ci polis bölməsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, 14 iyul küçəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğu üçün saxlanılıb ünvan 3 ünvanında yerləşən Suraxanı Rayon Polis İdarəsinin 31-ci polis bölməsinə gətirilərək üzərində şəxsi axtarış və götürmə aparılan zaman əynində olan qara rəngli gödəkcənin sağ yan cibindən 01 (bir) ədəd şəffaf rəngli sellofanda təmiz çəkisi 6,428 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs yuxarıda təsvir olunmuş cinayət əməlini törətməkdə özünü təqsirli bilərək qeyd etmişdir ki, 04 noyabr 2022-ci il tarixdə saat 11:00 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsində tanımadığı şəxsdən 01 (bir) ədəd şəffaf rəngli sellofana bükülmüş bükümdə marixuana kimi tanıdığı narkotik vasitəni 10 (on) manata almış və şəxsi istifadəsi üçün üzərində saxlamışdır. 04 noyabr 2022-ci il tarixdə saat 12:20-də Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, 14 iyul küçəsində olan zaman iki nəfər mülki geyimli şəxslər ona yaxınlaşaraq özlərini polis əməkdaşı kimi təqdim etmiş və onu Suraxanı Rayon Polis İdarəsinin 31-ci polis bölməsinə dəvət etmişlər. O, razılaşıb etiraz etmədən polis əməkdaşları ilə birlikdə 31-ci polis bölməsinə getmişdir. Suraxanı Rayon Polis İdarəsinin 31-ci polis bölməsinin xidməti otaqların birində ona hüquq və vəzifələri izah edildikdən sonra, dövlət hesabına vəkil dəvət olunmuş və vəkili ona hüquq və vəzifələrini bir daha izah etdikdən sonra video çəkilişlə üzərinə şəxsi axtarış keçirmişlər. Həmin vaxtı polis əməkdaşı ona üzərində hər hansı bir qanunsuz saxladığı əşya olduğu təqdirdə onu çıxarıb təqdim etməyini bildirmişdir. O, əynində olan qara rəngli gödəkcənin sağ yan cibindən üzərinə “Rothmans” sözü yazılmış içərisindən 01 (bir) ədəd şəffaf rəngli sellofana bükülmüş marixuana və 02 (iki) ədəd siqaret olan siqaret qutusunu, əynində olan boz rəngli idman şalvarının sağ yan cibindən 01 (bir) ədəd “Redmi Note 8” markalı mobil telefon, idman şalvarının sol yan cibindən içərisində 100 (yüz) manat, 01 ədəd l (bir) manatlıq əskinaz, 01 (bir) ədəd “Bakı kart”, “Opel Astra” minik markalı **-FA-*** dövlət qeydiyyat nişanlı avtomobilə məxsus qeydiyyat şəhadətnaməsi olan qara rəngli pul kisəsini çıxarıb təqdim etmişdir. Polis əməkdaşı tərəfindən həmin büküm açılaraq içərisinə baxış keçirilmişdir. Polis əməkdaşları ondan həmin bükümün içərisində nə olması, nə vaxt və haradan əldə etdiyi barədə soruşmuşlar. O, da həmin şəffaf rəngli sellofana bükülmüş bükümün içərisində narkotik vasitə olan marixuana olduğunu, 04 noyabr 2022-ci il tarixdə saat 11:00 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsində tanımadığı şəxsdən 10 (on) manata aldığını, öz şəxsi istifadəsi üçün üzərində gəzdirməyini bildirmişdir. Bundan sonra həmin 01 (bir) ədəd büküm polis əməkdaşı tərəfindən zərfə qoyularaq qablaşdırılmış, onun tərəfindən zərfin üzəri imzalandıqdan sonra möhürlənmiş, digər polis əməkdaşı tərəfindən üzərinə baxış keçirilmiş və üzərindən hər hansı bir qanunsuz saxladığı əşya aşkar olunmamışdır. Daha sonra bununla bağlı tərtib olunmuş protokol və digər sənədlər onun tərəfindən imzalanmışdır. Əməlindən peşmandır. Şahid qismində dindirilmiş Şahid1 bildirmişdir ki, Suraxanı Rayon Polis İdarəsinin 31-ci polis bölməsinin cinayət axtarış üzrə baş əməliyyat müvəkkili işləyir. 04 noyabr 2022ci il tarixdə Təqsirləndirilən şəxs narkotik maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuş və bu barədə rəisə raportla məruzə olunduqdan sonra ondan və Suraxanı Rayon Polis İdarəsinin 31-ci polis bölməsinin polis sahə inspektoru Şahid2 ibarət əməliyyat qrupu yaradılmışdır. Bundan sonra həmin gün saat 12:20-də Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, 14 iyul küçəsində əlamətlərindən Təqsirləndirilən şəxs bənzəyən şəxsə yaxınlaşaraq özlərini təqdim edərək polis əməkdaşı olduqlarını və V. Klementyevdən özünü təqdim etməsini tələb etmişlər. Həmin şəxs də özünü Təqsirləndirilən şəxs kimi təqdim etmişdir. Onlar Təqsirləndirilən şəxs narkotik maddələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirərək üzərində şəxsi axtarış həyata keçirilməsi zərurətinin yarandığını deyib Təqsirləndirilən şəxs Suraxanı Rayon Polis İdarəsinin 31-ci polis bölməsinə dəvət etmiş, sonuncu da razı olaraq onlarla birlikdə 31-ci polis bölməsinə gəlmişdir. Suraxanı Rayon Polis İdarəsinin 31-ci polis bölməsində xidməti otaqların birində hüquq və vəzifələri izah edildikdən sonra dövlət hesabına müdafiəçi dəvət edilmiş və sonra isə Təqsirləndirilən şəxs üzərində video çəkilişlə şəxsi axtarış həyata keçirilmişdir. İlk öncə Təqsirləndirilən şəxs üzərində qanunsuz hər hansı bir əşya varsa könüllü olaraq təqdim etməsi təklif olunmuş, bu vaxt Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkcənin sağ yan cibindən üzərinə “Rothmans” sözü yazılmış içərisindən 01 (bir) ədəd şəffaf rəngli sellofana bükülmüş marixuana və 02 (iki) ədəd siqaret olan siqaret qutusunu, əynində olan boz rəngli idman şalvarının sağ yan cibindən 01 (bir) ədəd “Redmi Note 8” markalı mobil telefon, idman şalvarının sol yan cibindən içərisində 01 (bir) ədəd 100 (yüz) manat, 01 ədəd l (bir) manatlıq əskinaz, 01 (bir) ədəd “Bakı kart”, “Opel Astra” minik markalı **-FA-*** dövlət qeydiyyat nişanlı avtomobilə məxsus qeydiyyat şəhadətnaməsi olan qara rəngli pul kisəsini çıxarıb təqdim etmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi bükümün içərisində nə olması və nə vaxt kimdən hansı üsulla əldə etməsi barədə soruşulmuş, Təqsirləndirilən şəxs həmin bükümün içərisində marixuana kimi tanıdığı narkotik maddə olmasını, həmin büküm onun özünə məxsus olmasını, həmin narkotik maddənin 04 noyabr 2022-ci il tarixdə saat 11:00 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsində tanımadığı şəxsdən 10 (on) manata aldığını bildirmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş narkotik vasitə qablaşdırılmışdır. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış davam etdirilmiş və qanunsuz hər hansı bir əşya və ya predmet aşkar edilməmişdir. Aşkar olunmuş büküm cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan zərfə qablaşdırılaraq zərf möhürlənmiş bu barədə protokol tərtib edilmişdir. Protokolun məzmunu ilə tanış olduqdan sonra protokol və möhürlənmiş zərfin üzərini imzalamışlar. İşin məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid2 Şahid1 məhkəməyə bildirdiklərinə uyğun məzmunlu ifadələr vermişlər. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etiraf edici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2022-ci il tarixli şəxsi axtarış və götürmə aparılması barədə protokoldan görünür ki, Suraxanı Rayon Polis İdarəsinin 31-ci polis bölməsinin təhqiqatçısı X5 tərəfindən həmin protokol ona görə tərtib olunmuşdur ki, Azərbaycan Respublikası CPMnin 51, 86, 242-247-ci maddələrinin tələblərini rəhbər tutaraq Suraxanı Rayon Polis İdarəsinin 31-ci polis bölməsinin baş əməliyyat müvəkkili Şahid1, Suraxanı Rayon Polis İdarəsinin 31-ci polis bölməsinin sahə inspektoru Şahid2 və “Asan” Xidmətlərinin nəzdində olan “Şəms” tərcümə mərkəzinin tərcüməçisi X2 iştirakları ilə Təqsirləndirilən şəxs 04 noyabr 2022-ci il tarixdə saat 12:20-də Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, 14 İyul küçəsində saxlanılaraq Suraxanı Rayon Polis İdarəsinin 31-ci polis bölməsinə gətirilmişdir. Təqsirləndirilən şəxs paltarında, əşyalarında və ya bədənində narkotik vasitələrin, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaların və ya sənədlərin olmasını ehtimal etməyə kifayət qədər əsaslar olduğundan “şəxsi axtarış və götürmə aparılması” haqqında” 04 noyabr 2022-ci il tarixli qərara əsasən Suraxanı Rayon Polis İdarəsinin 31-ci polis bölməsinin inzibati binasında xidməti iş otağında video çəkilişdən istifadə edilməklə şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs barəsində şəxsi axtarış və götürmə aparmışdır. Şəxsi axtarış və götürmə istintaq hərəkətlərinə başlamazdan əvvəl bütün iştirakçıları bu prosessual hərəkətin aparılması zamanı “Samsung” markalı mobil telefondan istifadə olunmaqla video çəkilişin həyata keçirilməsi barədə xəbərdar edilmiş, iştirakçılar tərəfindən video çəkilişin həyata keçirilməsi ilə bağlı şikayət və ya etiraz daxil olmamışdır.Şəxsi axtarış və götürmə aparılmasından əvvəl barəsində axtarış və götürmənin aparıldığı şübhəli şəxs Təqsirləndirilən şəxs bu barədə qərarla tanış edilərək paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs könüllü olaraq əynindəki qara rəngli gödəkçəsinin sağ yan cibindən içərisində 02 (iki) ədəd siqaret və 01 (bir) ədəd şəffaf sellofana bükülmüş büküm olan bir ədəd göy rəngli “Rothmans” markalı siqaret qutusunu, daha sonra əynindəki boz rəngli idman şalvarının sağ yan cibindən 01 ədəd “Redmi Note 8” markalı mobil telefonu və şalvarının sol yan cibindən içərisində 01 ədəd 100 (yüz) manat, 01 ədəd l (bir) manatlıq əskinaz, 01 ədəd ictimai nəqliyyatda istifadə edilən elektron ödəniş kartı “Bakı kart” və **-FA-*** dövlət qeydiyyat nişanlı, “Opel Astra” markalı avtomobilə məxsus qeydiyyat şəhadətnaməsi olan qara rəngli cib cüzdanını çıxardaraq təqdim etmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs qara rəngli gödəkçəsinin sağ yan cibindən çıxardaraq təqdim etdiyi “Rothmans” markalı siqaret qutusunun içərisində olan 01 (bir) ədəd şəffaf sellofana bükülmüş bükümün içərisindəki maddənin narkotik vasitə nəşə “marixuana” olduğunu və həmin narkotik vasitəni tanımadığı şəxsdən 10 (on) manata alaraq şəxsi istifadəsi üçün üzərində gəzdirdiyini bildirmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş içərisində narkotik vasitə olan marixuanaya bənzər maddələr olan 01 ədəd büküm cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan tərəfindən bir ədəd kağız zərfdə qablaşdırılıb Azərbaycan Respublikası DİNnin “Zərflər üçün” 195 saylı möhürü ilə möhürlənərək götürülmüşdür. Tutma haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 04 noyabr 2022-ci il tarixdə saat 13:50-də şübhəli şəxs qismində tutulmuşdur. “Vəsatətin müdafiə edilməsindən imtina olunması haqqında” Suraxanı rayon prokuroru, baş ədliyyə müşaviri Rəşad Mahmudovun 06 noyabr 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə Suraxanı Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin müstəntiqi Əli İsgəndərovun vəsatətinin müdafiə edilməsindən imtina edilmiş və Təqsirləndirilən şəxs həbsdən azad edilərək barəsində həbslə bağlı olmayan qətimkan tədbirinin seçilməsi üçün Suraxanı Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilmişdir. “Təqsirləndirilən şəxsin barəsində qətimkan tədbiri seçilməsi haqqında” 06 noyabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. 05 noyabr 2022-cı il tarixli 7/1277 nömrəli ekspert rəyinin nəticəvi hissəsində qeyd olunur ki, «tədqiqata təqdim edilmiş üzərində “Şübhəli şəxs Təqsirləndirilən şəxs...” yazıları və imzalar olan kağız paketdəki 01 (bir) ədəd sellofan bükümdə təmiz çəkisi-6,428 qram, olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır». 23 dekabr 2022-cı il tarixli 7798 nömrəli ekspert rəyinin nəticəvi hissəsində qeyd olunur ki, «Təqsirləndirilən şəxs kannabinoidlərdən və psixostimulyatorlardan istifadə etmə halları olub. Lakin, hal-hazırda Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür». 13 yanvar 2023-cü il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan məlum olur ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş təmiz çəkisi 6,428 qram narkotik vasitə qurudulmuş marixuana iş üzrə maddi sübut kimi tanınmış, ekspertiza tədqiqatından sonra qalıq çəkisi 6,378 qram narkotik vasitə qurudulmuş marixuana maddi sübutun taleyinə məhkəmədə aydınlıq gətirilənə kimi saxlanılması üçün Bakı şəhəri Suraxanı RPİ-nin maddi sübutların saxlanc yerinə təhvil verilmiş, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə istintaq hərəkəti zamanı çəkilmiş video görüntüləri özündə əks etdirən bir ədəd “DVD” disk iş üzrə mühüm əhəmiyyət kəsb etdiyi üçün sübut qismində tanınmış və cinayət işinə əlavə olunmuşdur. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2 saylı qərarının 4-cü bəndində göstərilmişdir ki, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi anlayışının şərhi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu maddəsində verilmişdir. Qanunun həmin maddəsinin mənasına görə, o cümlədən narkotik vasitələrin satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaş-xaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması hərəkətləri də başa düşülməlidir. Törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-in 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir Məhkəmə Təqsirləndirilən şəxs öz cinayətini səmimi etiraf etdiyini ,peşman olduğunu, azyaşlı övladı olduğunu və ilk dəfə olaraq cinayət törətdiyini iş üzrə cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə cəza təyin edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları və cəzanı ağırlaşdıran halın olmadığını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyası daxilində müəyyən müddətə azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunmalıdır. Cinayətin xarakterini, təqsirləndirilən şəxsin şəxsiyyətini, həmçinin Azərbaycan Respublikası CM-nin 52-1-ci maddəsinin tələblərini nəzərə alaraq məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs üzərinə cəza çəkdiyi müddətdə daimi yaşayış yerini hər gün saat 23.30-dan növbəti gün saat 07.30-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınmalı, iş üzrə maddi sübut kimi tanınmış və Suraxanı Rayon Polis İdarəsində saxlanılan, müvafiq ekspertiza tədqiqatından sonra qalıq çəkisi 6,378 qram təşkil edən, kustar üsulla hazırlanmış narkotik vasitə heroin məhv edilməli, iş üzrə maddi sübut kimi tanınmış 01 (bir) ədəd kompakt disk iş materiallarında saxlanılmalı, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 78 (yetmiş səkkiz) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 347 – 349, 351 – 353, 356, 358, 381, 383 – 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs 04 – 06 noyabr 2022-ci il tarixləri üzrə tutulduğu 02 (iki) gün Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablansın və ona qəti olaraq 02 (iki) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Cəzasının əvvəli yaşayış yeri üzrə probasiya qurumunda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə cəza çəkdiyi müddətdə daimi yaşayış yerini hər gün saat 23.30-dan növbəti gün saat 07.30-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri hazırkı hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış və Suraxanı Rayon Polis İdarəsində saxlanılan, müvafiq ekspertiza tədqiqatından sonra qalıq çəkisi 6,378 qram təşkil edən, kustar üsulla hazırlanmış narkotik vasitə heroin məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış 01 (bir) ədəd kompakt disk iş materiallarında saxlanılsın. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 78 (yetmiş səkkiz) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Hökmdən 20 gün müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hakim Namiq Kərimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar