Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-271/2024 04.07.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Mirzəyeva Ünsüyyət Hacımehdi qızının sədrliyi, X6 qızının katibliyi, Dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi – Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxx 1988-ci il tarixdə Naxçıvan MR, Babək, Didivar kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, məhkum olunmamış, "xxxx" MMC-də növbə rəisi işləyən, Naxçıvan MR, Babək rayonu, Didivar kəndində qeydiyyatda olmaqla, ünvan 1 ünvanında yaşayan, 25 yanvar 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, 26 yanvar 2024-cü il tarixdə barəsində başqa yerə getməmək haqqında iltizam növündə qətimkan tədbiri seçilmiş – Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3 və 221.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs 24 iyul 2023-cü il tarixdə saat 22:40 radələrində ictimai yer hesab olunan ünvan 3 40 “Green Store” mağazasının qarşısında Zərərçəkmiş şəxs idarə etdiyi minik avtomobili ilə hərəkətdə olan zaman dönmə işıq göstəricilərindən istifadə etmədən qeyd olunan mağazanın qarşısında dönmə əməliyyatı aparmasını və səs siqnalından istifadə etməsini bəhanə edib heç bir əsaslı səbəb olmadan ictimai qaydanı kobud surətdə pozaraq ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərib, cəmiyyətə qarşı açıqca hörmətsizlik ifadə edərək, ümumqəbul edilmiş əxlaq normalarına zidd olaraq kənar şəxslərin yanında ucadan nalayiq ifadələr işlətməklə, öz şəxsiyyətini başqalarının fövqündə qoymaqla şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlər edərək xuliqanlıq niyyəti ilə əlləri ilə Zərərçəkmiş şəxs tutub yerə yıxdıqdan sonra yumruqla onun baş nahiyəsinə bir neçə zərbə vurub Zərərçəkmiş şəxs həyat üçün təhlükəli olmayan və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin burun tənəffüsünün çətinləşməsi ilə müşayiət olunan burun sümüklərinin açıq sınıqları, yumşaq toxumasının əzilmiş-cırılmış yarası və hematoması, baş beyin silkələnməsi ilə müşayiət olunan alın nahiyəsinin əzilmiş-cırılmış yarası, kürəkaltı nahiyənin zolaq şəkilli sıyrığı ilə nəticələnən, sağlamlığn uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vuran xəsarətlər yetirməklə xuliqanlıq etmişdir. Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası CM-in 127.2.3 və 221.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərinin törədilməsi aşağıdakılarla sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona CM-nin 127.2.3 və 221.1-ci maddələri ilə elan edilmiş ittihamda tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, 24 iyul 2023-cü il tarixdə saat 22 radələrində avtoyuma yerindən çıxaraq evə gedirdi. “Green Store” mağazasının yaxınlığına çatdıqda qarşısında “Mercedes E Klass” markalı avtomobilin anidən sağa dönməsini və onun ardınca döndükdə qəflətən qarşısında avtomobili saxlamasını görmüşdür. Həmin an qəza şəraiti yarandığından o, siqnal vermiş və soldan ötərək onu keçmişdir. Keçdikdən sonra adını sonradan bildiyi Samir adlı şəxsin ona arxadan dəfələrlə siqnal verdiyini eşitmiş və avtomobili saxlayaraq onun yanına gəlmişdir. Avtomobildən düşüb Samirə yaxınlaşmış və nəyə görə siqnal verdiyini soruşmuşdur. Bu zaman aralarında mübahisə yaranmış və o, Samirə qəza şəraiti yaratdığını, avtomobil ilə dönən zaman dönmə işıqlarından və avtomobili anidən saxlayan zaman qəza işıqlarından istifadə etməsini bildirmişdir. Samir isə sürücülüyü ondan öyrənməyəcəyini deyərək ondan getməsini tələb etmişdir. O da Samirə nəinki sürücülüyü, insanlığı da bilmədiyini demiş və arxasını çevirib avtomobilinə doğru irəliləmişdir. Bu zaman Samir onun arxasından “heyvan sənin özünsən” demişdir. O da bunu eşitdikdən sonra geri dönmüş və əlləri ilə onun çiyin nahiyəsindən tutaraq ona “get işinlə məşğul” demişdir. Samir isə əlləri ilə onun yaxasından tutmuş və sıxmağa başlamışdır. Bununla kifayətlənməyərək onu təhqir etmişdir. O, Samirdən yaxasını buraxmağı tələb etmiş və əllərini onun çiynindən çəkmişdir. Geriyə addım atan zaman Samir onun yaxasını dartaraq köynəyini cırmışdır. Bu zaman o əsəbiləşmiş və əlləri ilə onun belindən tutaraq onu arxası üstə yerə yıxmışdır. Yerdə olan zaman əlləri ilə onun burun və alın nahiyəsinə 2 yumruq zərbəsi endirmişdir. Üzünün qanadığını görüb Samiri yerdən qaldırmış və öz avtomobilinə apararaq su ilə onun üzünü yumuşdur. Samiri həkimə aparmaq istəmiş, lakin o razılaşmamışdır. Samir ona yumruq zərbəsi endirmək istəmiş, lakin o, geri çəkildiyi üçün ona zərbə dəyməmişdir. Daha sonra Samir onun avtomobilindən düşmüş və öz avtomobilinə minmişdir. Onun avtomobilindən düşən zaman onun avtomobilinin dövlət qeydiyyat nişanına baxmışdır. Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq bildirmişdir ki, o, Samirə qarşı “heyvan kimi sürürsən” ifadəsini işlətməmişdir. O, Samiri yumruqla vurduqdan sonra üzündə qan olduğunu görüb buraxmışdır. Samirin huşu aydın idi. Həmin vaxt marketin qarşısında 2-3 nəfər dayanmış, onlara yaxınlaşmışlar amma onları heç kim ayırmamışdır. Təqsirləndirilən şəxs son sözündə əməlindən peşman olduğunu, zərərçəkmiş şəxslə barışdığını və ona dəymiş ziyanı tam həcmdə ödədiyini, himayəsində iki azyaşlı uşağı olduğunu, uşağının xəstə olduğunu, kirayədə yaşadığını, evdə yeganə işləyən şəxs olduğunu nəzərə alaraq məhkəmədən barəsində yüngül cəza təyin edilməsini xahiş etmişdir. Zərərçəkmiş şəxs məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasında iştirak etməmiş, məhkəməyə teleqram vuraraq məhkəmə iclasında iştirak edə bilmədiyini və Təqsirləndirilən şəxs qarşı heç bir şikayətinin, tələbinin olmadığını və ona dəymiş ziyanın ödənildiyini bildirmişdir. Zərərçəkmiş şəxs məhkəmə iclasında iştirak etməməsi nəzərə alınaraq işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmiş, habelə onun ibtidai istintaq dövründə vermiş olduğu ifadəsi elan edilmişdir. Zərərçəkmiş şəxs həmin ifadəsində göstərmişdir ki, 24 iyul 2023-cü il tarixdə saat 22 radələrində iş yerindən çıxaraq evə gedərkən “Green Store” mağazasının yaxınlığına çatdıqda arxasında “Mercedes C Klass” markalı, **-ZR-*** dövlət qeydiyyat nişanlı avtomobilin olmasını və sürücünün avtomobilinə yaxın sürməsini aşkar etmişdir. O, həmin avtomobilə yol vermək üçün sağ yola çıxmış və avtomobilini saxlamışdır. Həmin şəxs isə yanından ötüb keçərək ona siqnal vermişdir. O, həmin avtomobilə baxdıqda onu dostunun həmin markalı avtomobilinə oxşatmış və ona siqnal vermişdir. Bundan sonra həmin avtomobil irəlidə saxlamış və geriyə doğru hərəkət etməyə başlamışdır. Avtomobili onun avtomobilinin qarşısında saxlayaraq sürücüsü avtomobildən düşmüşdür. Sürücünü gördükdə həmin şəxsin onun dostu olmadığını aşkar etmişdir. O, avtomobildən düşərək mağazaya doğru hərəkət etmiş, lakin həmin sürücü onu çağıraraq ona yaxınlaşmışdır. Ondan niyə dönmə işiqlarından istifadə etmədiyini, niyə işıqsız avtomobilini saxladığını soruşmuş və bu səbəbdən mübahisə etməyə başlamışdır. O da həmin şəxsə məsafə saxlamasını, sol tərəfdən ötmə əməliyyatını rahat edə biləcəyini bildirmişdir. Daha sonra ona fikirli olduğunu, bu səbəbdən dönmə işıqlarından istifadə etməyi unutduğunu bildirmişdir. Sonradan adını Tahir olaraq bildiyi şəxs onunla mübahisəni davam etdirmiş və ona heyvan olduğunu, heyvan kimi avtomobil idarə etdiyini bildirmişdir. O da həmin şəxsə “heyvan sənin özünsən” deyə cavab vermişdir. Həmin an sürücü əlləri ilə onun boğaz nahiyəsindən tutmuş və onu boğmağa başlamışdır. O da əlləri ilə onun köynəyindən tutmuşdur. Bu zaman onları aralamaq üçün tanımadıqları şəxslər araya girmiş və Tahir adlı şəxs onun alın nahiyəsinə yumruq zərbəsi endirmişdir. O, yerə yıxılmış və həmin şəxs onun üzərinə çıxaraq üz və baş nahiyəsinə yumruq zərbələri endirməyə başlamışdır. Tanımadığı şəxslər onları ayırmışlar. Sonradan Tahirin yanına gəlmiş dostu onun yerdə olduğunu görüb Tahirə “deyəsən öldü bu” ifadəsini demişdir. Bu zaman o, başını qaldırmış və Tahirin idarə etdiyi avtmobilin dövlət qeydiyyat nişanını öz telefonunda qeyd etmişdir. Tahir bunu görüb dostuna onun ölmədiyini, avtomobilin nömrəsini götürdüyünü bildirmiş və qaçmağı təklif etmişdir. Bundan sonra onlar hər ikisi avtomobilə əyləşərək oradan uzaqlaşmışlar. Onu isə TTY 3 saylı ŞKX-na xəstəxanasına çatdırmışlar. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, fakt üzrə Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmış və icraata qəbul edilmişdir (i.v. 1); Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertizası və X3 Publik hüquqi şəxsin Suraxanı rayon şöbəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 644 nömrəli ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs burun tənəffüsünün çətinləşməsi ilə müşayiət olunan burun sümüklərinin açıq sınıqları, yumşaq toxumasının əzilmiş-cırılmış yarası və hematoması; baş beyin silkələnməsi ilə müşayiət olunan alın nahiyəsinin əzilmişcırılmış yarası; kürəkaltı nahiyənin zolaq şəkilli sıyrığı müəyyən edilmişdir. Xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, qərarda göstərilmiş xx.xx.2023-cü il tarixdə və özünün göstərdiyi şəraitdə törənə bilər, dərəcəsinə görə ümumilikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aid edilir (i.v. 13-15); Zərərçəkmiş şəxs hadisə nəticəsində aldığı xəsarətləri əks etdirən fotoşəkilləri iş materiallarına əlavə edilmişdir (i.v. 30-32); hadisə yerinə baxış keçirilməsi haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, hadisə yeri ünvan 2 ünvanında yerləşən “Green Store” mağazasının qarşısıdır. Hadisə baş verdiyi yer vətəndaşların gediş-gəlişi olan ictimai yerdir. Hadisə yerindən iş üçün əhəmiyyət kəsb edən əşya və predmet götürülməmişdir. Hadisə yerindən kamera görüntüsü aşkar edilməmişdir. Hadisə yerinin fotoşəkilləri çəkilərək protokola əlavə edilmişdir (i.v. 61-63); Zərərçəkmiş şəxs tərəfindən verilən notarial qaydada təsdiq olunmuş xx.xx.2023-cü il tarixli ərizədən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş maddi və mənəvi ziyan tam ödənildiyi üçün onun Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti yoxdur. Gələcəkdə bu işlə əlaqədar Təqsirləndirilən şəxs heç bir tələbi və iddiası olmayacaq (i.v. 66); zərərçəkmiş şəxs qismində tanınma haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs ********* nömrəli cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır (i.v. 67); şahidin ifadəsinin yerində yoxlanılması haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs ifadəsi yerində yoxlanılaraq ünvan 3 ünvanında yerləşən “Green Store” mağazasının yaxınlığında cinayəti necə törətdiyini göstərmiş, bu barədə fotoşəkillər çəkilərək protokola əlavə edilmişdir (i.v. 80-82); şübhəli şəxsin barəsində axtarış elan edilməsi və ittiham elan etmək üçün tutulması haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan edilməsi, tutulduğu təqdirdə Suraxanı RPİ-nin MSY-nə təqdim edilməsi qərara alınmışdır (i.v. 83); cinayət işi üzrə icraatın dayandırılması haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə icraat dayandırılmışdır (i.v. 85); axtarışda olan şəxsin tutulması haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli olduğundan xx.xx.2024-cü il tarixdə, saat 12:30da şübhəli şəxs qismində tutulmuşdur (i.v. 87); cinayət işi üzrə icraatın təzələnməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsi ilə olan ********* nömrəli cinayət işi üzrə icraat təzələnmişdir (i.v. 88); əməlin tövsif edilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə törədilmiş cinayət əməli Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsindən həmin Məcəllənin 127.2.3 və 221.1-ci maddələrinə tövsif edilmişdir (i.v. 111- 112); təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 127.2.3 və 221.1-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuş və ona CM-nin həmin maddələri ilə ittiham elan edilmişdir (i.v. 114-116); təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qismində qətimkan tədbiri seçilmişdir (i.v. 131-132); cinayət işi üzrə icraatın dayandırılması haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə icraat dayandırılmışdır (i.v. 136); şəxsin könüllü gəlməsi haqqında xx.xx.2024-cü il tarixli protokol və cinayət işi üzrə icraatın təzələnməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 127.2.3 və 221.1-ci maddələri ilə olan ********* nömrəli cinayət işi üzrə icraat təzələnmişdir (i.v. 138-139); xx.xx.2024-cü il tarixli üzləşdirmədə dindirmə protokolundan görünür ki, Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs arasında üzləşdirmə istintaq hərəkəti keçirilmiş və üzləşdirmə zamanı onlar bir daha istintaqa verdiyi ifadələrini təsdiqləyərək bir-birlərinin üzünə demişlər (i.v. 141-143); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkum olunmamışdır (i.v. 144); toplanmış sübutların qiymətləndirilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixli qərarla Azərbaycan Respublikası CM-nin 127.2.3 və 221.1-ci maddələri ilə elan olunmuş ittiham və barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» növündə qətimkan tədbiri dəyişdirilmədən öz qüvvəsində saxlanılması; iş üzrə zərərçəkmiş şəxsin, təqsirləndirilən şəxsin ifadələri, hadisə yerinə baxış protokolu, ifadənin yerində yoxlanılması protokolu, üzləşdirmə protokolu, ekspert rəyləri və işdə olan digər istintaq materiallarının sübut növü kimi qiymətləndirilməsi qərara alınmışdır (i.v. 145-151); Zərərçəkmiş şəxs tərəfindən verilən xx.xx.2024-cü il tarixli teleqramdan görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş maddi və mənəvi ziyan tam ödənildiyi üçün onun Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti yoxdur; Azemis Elektron Məhkəmə X2 Tahir Mübariz oğlunun barəsində olan qohumluq məlumatlarından görünür ki, onun iki uşağı – xx.xx.2017-ci il təvəllüdlü X4 və xx.xx.2019cu il təvəllüdlü X5 vardır. Beləliklə, məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin ifadələri, ekspertiza rəyi, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin və zərərçəkmiş şəxsin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, ekspert rəyinin, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq edərək hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməli Cinayət Məcəlləsinin 127.2.3 və 221.1-ci maddələri ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsinə əsasən zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və bu Məcəllənin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş və ya ümumi əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmaqla əhəmiyyətli dərəcədə itirilməsi ilə nəticələnən qəsdən sağlamlığa az ağır zərər vurma ümumi təhlükəli üsulla və ya xuliqanlıq niyyəti ilə törədildikdə - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsinə əsasən xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər — min manatdan üç min manatadək miqdarda cərimə və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 17.1-ci maddəsinə əsasən həmin Məcəllənin müxtəlif maddələri ilə nəzərdə tutulmuş iki və ya daha çox cinayətin törədilməsi, həmin cinayətləri törətmiş şəxs onlardan heç birinə görə məhkum olunmamışdırsa və ya qanunla müəyyən edilmiş əsaslar üzrə cinayət məsuliyyətindən azad edilməmişdirsə, habelə bu cinayətlərdən heç birinə görə cinayət məsuliyyətinə cəlbetmə müddəti keçməmişdirsə, cinayətlərin məcmusunu yaradır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 66.1-ci maddəsinə əsasən cinayətlərin məcmusu üzrə məhkəmə hər bir cinayətə görə ayrılıqda cəza təyin edərək, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edir; 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrıayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz; 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 23 mart 2004-cü il tarixli 1 №-li qərarının 13-cü bəndində qeyd edilmişdir ki, məhkəmələrə tövsiyyə edilsin ki, xuliqanlığa görə cəza təyin edərkən cəza təyin etmənin ümumi prinsiplərini rəhbər tutmaqla hər bir halda törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almaqla təqsirləndirilən şəxslərə düzgün və ədalətli cəza təyin etsinlər. Bu zaman cinayətin xarakterinin və ictimai təhlükəlilik dərəcəsinin nəzərə alınması ilə yanaşı məhkəmələr eyni zamanda nəzərə almalıdırlar ki, hadisələrin təsadüfü axarı zəminində, ilk dəfə ağırlaşdırıcı hallar olmadan xuliqanlıq cinayəti törətmiş şəxslərə, o cümlədən yetkinlik yaşına çatmayanlara cəza təyin edilərkən Azərbaycan Respublikası CM-nin 221.1 və 221.2-ci maddələrinin sanksiyasında daha ağır cəza növü kimi nəzərdə tutulan azadlıqdan məhrumetmə yalnız o vaxt təyin oluna bilər ki, həmin qanunda buna alternativ olan az ciddi cəza növlərinin təyin olunması cəzanın məqsədini təmin edə bilməsin. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə Hökmü haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarının 45-ci bəndinə əsasən məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamında qeyd edilmişdir ki, ibtidai istintaq və məhkəmə icraatı zamanı böyük ictimai təhlükə törətməyən və az ağır, o cümlədən iqtisadi fəaliyyət sahəsində cinayətlərə görə həbs qətimkan tədbirinin geniş tətbiq edilməsi, habelə həmin cinayətlərə görə azadlıqdan məhrum etmənin dinamikasının artması məhkumların sayının çoxalmasına və penitensiar müəssisələrin yüklənməsinə səbəb olur. Həmin Sərəncamın 8-ci bəndində qeyd edilmişdir ki, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Məhkəmə, cəza siyasətinin humanistləşdirilməsi istiqamətində Azərbaycan Respublikası Prezidentinin adıçəkilən Sərəncamının nəzərə alınmalı olduğu qənaətinə gəlir və bunu məhkəmə-hüquq islahatları çərçivəsində Dövlətin mövqeyi kimi qəbul edir. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf edərək səmimi peşman olmasını, əvvəllər məhkum olunmamasını, himayəsində iki azyaşlı uşağı olmasını, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələblərinin olmamasını nəzərə alır və onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 127.2.3 və 221.1-ci maddələri ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar, ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmaqla ona təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, ona təyin olunmuş cəzalar qismən toplanılmaqla qəti olaraq müəyyən müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli (CM 66.2), tutulduğu müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalı və üzərində müəyyən müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmalı (CM 69.3), öz davranışı ilə islah olunmasını sübut etmək məqsədi ilə üzərinə qanunla müəyyən olunmuş vəzifələr qoyulmalı, cəzanın icrası müddəti onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Probasiya İdarəsinə həvalə edilməli, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52- 1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. 52-1.3-cü maddəsinə əsasən məhkəmə məhkum üçün aşağıdakı əlavə vəzifələr müəyyən edə bilər: 52-1.3.1. kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək; 52-1.3.2. məhkəmənin müəyyən etdiyi ərazi hüdudları daxilində müəyyən yerlərə getməmək; 52-1.3.3. alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək; 52-1.3.4. məhkumun islah olunmasına kömək edən digər vəzifələr. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində CM ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia, məhkəmə xərci və maddi sübut yoxdur. Azərbaycan Respublikası CPM-nin 193.2 və 193.3-cü maddələrinə uyğun olaraq Təqsirləndirilən şəxs hüquqlarını məhkəmə istintaqı zamanı Vəkillər Kollegiyasının üzvü Müdafiəçi müdafiə etmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli, 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmədə göstərdiyi pulsuz hüquqi yardıma görə 12 (on iki) iş saatı üçün 72 (yetmiş iki) manat məbləğində vəsait müdafiəçisi Bakı şəhəri 9 saylı vəkil bürosunun vəkili Müdafiəçi ödənilməsi üçün Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Bakı şəhəri 9 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 43.3, 40.2, 73, 197-198, 344-347, 349, 351-353, 356-358 və 385-ci maddələrini rəhbər tutaraq, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 127.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 01 (bir) il 09 (doqquz) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 221.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən ona təyin olunmuş cəzalar qismən toplanılmaqla Təqsirləndirilən şəxs qəti olaraq 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 25 yanvar 2024-cü il tarixdən 26 yanvar 2024-cü il tarixə qədər şübhəli şəxs qismində saxlanıldığı 01 (bir) gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla 02 (iki) gün azadlığın məhdudlaşdırılması cəzası ona təyin edilmiş 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində 01 (bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs daimi yaşayış yerini axşam saat 23:00-dan səhər saat 07:00dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın və hökm qanuni qüvvəyə mindikdən sonra ləğv edilsin. Vəkil Müdafiəçi Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsinə sərf etdiyi 12 (on iki) saata görə Azərbaycan Respublikasının dövlət büdcəsindən 72 (yetmiş iki) manat tutularaq 9 saylı Vəkil Bürosunun hesablaşma hesabına (VÖEN **********, h/h ********************, BANK ABB Suraxanı filialı, SWİF+GODE İBAZAZ2X, müxbir hesabı **********031, kod 805692, VÖEN **********) ödənilsin. İş üzrə mülki iddianın, məhkəmə xərcinin, xüsusi müsadirənin və maddi sübutun olmaması nəzərə alınsın. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(010)-271/2024
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-271/2024
04.07.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver