Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(010)-271/2025 12.05.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Muradov Pərviz Namiq oğlunun sədrliyi, məhkəmə iclas katibi, Məmmədova Xatirə Xanbala qızının katibliyi, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə 24 avqust 1991-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı (FİN: xxxxxxx), evli, himayəsində bir azyaşlı uşağı olan, orta təhsilli, məhkumluğu olmayan, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, həmin ünvanda yaşayan, 22 yanvar 2025-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 24 yanvar 2025-ci il tarixdə barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra - CM) 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünün yoxlanılması məqsədi ilə açıq məhkəmə iclasında ilkin dinləmələr keçirərək, məhkəmə MÜƏYYƏN ETDİ: İttiham aktına əsasən Təqsirləndirilən şəxs, istintaqa məlum olmayan vaxta və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda 01 (bir) ədəd bükümdə, ümumi çəkisi 0,997 qram ağ rəngli kristalşəkilli maddə kütləsi kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamin əldə edib daşıyaraq üzərində saxlamış, Suraxanı RPİ-nin 33-cü polis bölməsinin əməkdaşları tərəfindən 22 yanvar 2025-ci il tarixdə, saat 20:05-də Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, D yaşayış sahəsi, 19 saylı binanın yaxınlığında keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılaraq üzəri yoxlanılan zaman həmin psixotrop maddə əynindəki göy rəngli cins şalvarın sağ yan cibindən aşkar edilərək götürülmüşdür. Həmin əməlin törədilməsinə görə Təqsirləndirilən şəxs Suraxanı RPİ-nin İŞ-nin baş müstəntiqi, polis kapitanı İlkin Nurizadə tərəfindən 24 yanvar 2025-ci il tarixli qərarla Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddə ilə nəzərdə tutulan ittiham elan edilmiş, baş müstəntiq tərəfindən 07 mart 2025-ci il tarixdə ittiham aktı tərtib edilmiş, həmin ittiham aktı Suraxanı rayon prokuroru, baş ədliyyə müşaviri, Rəşid Mahmudov tərəfindən 10 mart 2025-ci il tarixdə təsdiq edilmiş və Suraxanı rayon Məhkəməsinə göndərilmişdir. Cinayət işi məhkəməyə 12 mart 2025-ci il tarixdə daxil olmuşdur. Məhkəmə iclasında iştirak edən dövlət ittihamçısı bildirdi ki, anten əhatə dairəsi məlumatlarına baxış keçirilən zaman şübhəli şəxs qismində tutulan zaman müdafiəçinin Təqsirləndirilən şəxs yanında olmadığı müəyyən edilmişdir. Təqsirləndirilən şəxsin müdafiə hüquqlarını pozmuş şəxslər barəsində xüsusi qərar çıxarılmaqla, təqsirləndirilən şəxsin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinin məhkəmə baxışına verilməsini təklif etdi. Təqsirləndirilən şəxs məhkəmə iclasında özünü təqsirli bilməyərək bildirmişdir ki, 22 yanvar 2025-ci il tarixdə, saat 17 radələrində şübhəli şəxs qismində tutulmuş, tutulan zaman üzərində narkotik vasitə, psixotrop maddə və ya qanunla dövriyyəsi qadağan olunmuş heç bir əşya olmamışdır. Narkotik vasitələrdən və psixotrop maddələrdən heç vaxt istifadə etməmişdir. Narkoloji ekspertiza rəyinə əsasən onda narkomaniya xəstəliyi aşkar olunmamış və müalicəyə ehtiyacı olmamışdır. ünvan 1 ünvanında yaşayır. 22 yanvar 2025-ci il tarixdə qonşu ondan radiator istəmiş, o da radiatoru qonşuya vermək üçün yaşadığı məhlədə yerləşən qarajın yaxınlığına getmişdir. Qarajın yanında polis əməkdaşları onu qəfil tutmuş, həmin vaxt bir neçə qonşusu da orada olmuşdur. Daha sonra, polis əməkdaşları onu 33-cü polis bölməsinə aparıb, 3 saat orada saxladıqdan sonra ittiham aktında qeyd edilən ünvana gətirib, orada əməliyyat tədbirinin videoçəkilişini aparmışlar. Videoçəkiliş aparıldıqdan sonra yenidən polis bölməsinə getmişdir. Ona dövlət hesabına təyin edilmiş müdafiəçi X6 həmin gün axşam saatlarında, təxminən 21-22 radələrində bölməyə gəlmişdir. Formal olaraq ona sənədlər əsasında müdafiəçi təyin edilsə də müdafiəçini saat 22 radələrindən sonra bölmədə görmüş, lakin təhqiqatçı tərəfindən onun üzərində aşkar edilmiş maddəyə baxış zamanı müdafiəçisi yanında iştirak etməmişdir. Müdafiəçinin iştirakı olmadan təhqiqatçı tərəfindən baxış keçirilmişdir. Videogörüntüdə təqdim etdiyi psixotrop maddə ona məxsus olmamış, polis idarəsində olduğu müddətdə ona qarşı polis əməkdaşları tərəfindən psixi zorakılıq tətbiq olunmuş, külli miqdar narkotiklə yüklənəcəyi ilə təhdid olunmuşdur. Ona qarşı fiziki zorakılıq tətbiq edilməmişdir. Həmçinin qeyd etmişdir ki, qonşusu radiator istədiyi üçün ona sms yazmış və məhəlləyə qarajın yanına getmişdir. Tutulan zaman mobil telefonu üzərində olmuş və içərisində Bakcell mobil operatoruna aid ***-***-**-** saylı mobil telefon nömrəsi olmuşdur. Lakin tutulduqdan sonra polis əməkdaşları mobil telefonunu götürmüşlər. Belə ki, onun müdafiə hüququnun kobud şəkildə pozulmasını nəzərə alaraq barəsində olan cinayət işinin baxılmasına xitam verilməsini və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora geri qaytarılmasını məhkəmədən xahiş etdi. Təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi, hüquqlarını müdafiə etdiyi Təqsirləndirilən şəxs dedikləri ilə razı olduğunu, həqiqətən də təhqiqatçı tərəfindən ona gec məlumat verildiyini və 22 yanvar 2025-ci il tarixdə axşam saat 23 radələrində bölməyə gəldiyini qeyd etmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş maddəyə baxış zamanı orada iştirak etməmişdir. Ona görə də təqsirləndirilən şəxsin barəsində olan cinayət işinin baxılmasına xitam verilməsini və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora geri qaytarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə qeyd edir ki, işə məhkəmə hazırlıq iclasında ilkin dinləmələr aparılmaqla baxılarkən ibtidai araşdırma orqanı tərəfindən məhkəməyədək icraat zamanı Azərbaycan Respublikası Cinayət Prosessual Məcəllənin 303-cü maddəsində sadalanan aradan qaldırılmayan kobud pozuntuya yol verildiyi və təqsirləndirilən şəxsin müdafiə hüququnun pozulması ilə bağlı bildirdiklərinin həqiqətə uyğun olmaqla, kifayət qədər öz təsdiqini tapması müəyyən edilmişdir. Həmin pozuntular cinayət işinin mahiyyəti üzrə qanuni həll edilməsini mümkünsüz edir. Buna görə də cinayət işinin baxılmasına xitam verilməli və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmalıdır. Məhkəmə araşdırması zamanı müəyyən edilmiş həmin pozuntular aşağıdakılardan ibarətdir: Məhkəmə hazırlıq iclası zamanı Təqsirləndirilən şəxs bildirdikləri və vəsatəti əsasında 14 aprel 2025-ci il tarixdə, iş üzrə hərtərəfli, tam və obyektiv araşdırmanın aparılması, zəruri sübutların toplanması və ziddiyyətli halların araşdırılması məqsədilə Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı, ibtidai istintaq zamanı təqsirləndirilən şəxsin dövlət hesabına müdafiəçisi olmuş, 9 saylı Vəkil Bürosunun vəkili X3 istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrələrinin 20 yanvar 2025-ci il tarix, saat 21:00-dan 25 yanvar 2025-ci il tarix, saat 09:00-dək olan müddət ərzində kimə məxsusluğu, anten əhatə dairəsinin məlumatlarının, həmin mobil nömrələrə daxil olmuş və edilmiş zənglərin, həmin zənglərin edildiyi nömrə sahiblərinin anket məlumatlarının, eləcə də, daxil olmuş və göndərilmiş SMS mətnlərinin müvafiq olaraq "xxxx" MMC və "xxxx" MMC-dən ələ keçirilməsini qərara alımışdır. Həmin qərarın icrası müvafiq olaraq "xxxx" MMC və "xxxx" MMC-yə həvalə edilmişdir. "xxxx" MMC-dən və "xxxx" MMC-dən həmin qərarın icrası ilə bağlı Suraxanı rayon Məhkəməsinə ünvanlanmış və 21 aprel 2025-ci il tarixdə məhkəməyə daxil olmuş məktublara əlavə edilmiş disklərə məhkəmə iclasında baxış keçirilərək tədqiq edilmişdir. Belə ki, şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 22 yanvar 2025-ci il tarixdə, saat 20:35-də şübhəli şəxs qismində tutulmuş, 22 yanvar 2025-ci il tarixdə, saat 20:05-dən isə azadlığı faktiki məhdudlaşdırılmışıdır. Diskə baxış keçirilməsi zamanı ***-***-**-** saylı mobil nömrənin Təqsirləndirilən şəxs məxsus olduğu müəyyən edilmişdir. Həmin mobil nömrənin anten dairəsinin harada olması ilə bağlı məlumatlara baxış keçirilən zaman 22 yanvar 2025-ci il tarixdə həmin mobil nömrəyə daxil olan və çıxan zənglər və sms-lər olmadığı müəyyən olunur. Buna görə də təqsirləndirilən şəxsin 22 yanvar 2025-ci il tarixdə həmin mobil telefon nömrəsinə daxil olan və çıxan zənglər olmadığı müəyyən olunur. Buna görə də, təqsirləndirilən şəxsin harada olması ilə bağlı anten əhatə dairəsi məlumatlarına baxış keçirilən zaman şəxsin konkret olaraq hansı ünvanda olduğunu müəyyən etmək olmamışdır. Diskə baxış keçirilməsi zamanı ***-***-**-** saylı mobil telefon nömrəsinin Müdafiəçi məxsus olması müəyyən edilmişdir. ***-***-**-** saylı mobil nömrənin harada olması ilə bağlı anten əhatə dairəsi məlumatlarına baxış keçirilən zaman 22 yanvar 2025-ci il tarixdə, saat 20:31 radələrində Hacıqabul rayonu, Navahi ünvanında, 22 yanvar 2025-ci il tarixdə, saat 20:48 radələrində Qaradağ rayonu, Ələt qəsəbəsindəki dəmir yol stansiyası yaxınlığında, 22 yanvar 2025-ci il tarixdə, saat 21:06 radələrində Qaradağ rayonu, Sangəçal-Qobustan yolu ünvanında, 22 yanvar 2025-ci il tarixdə, saat 23:17 radələrində isə Suraxanı rayonu, Günəşli qəsəbəsində olduğu müəyyən olunmuşdur. Odur ki, Təqsirləndirilən şəxs 22 yanvar 2025-ci il tarixdə saat 20:35-də şübhəli şəxs qismində tutularkən həqiqətən də müdafiəçinin iştirakı təhqiqatçı tərəfindən təmin edilməmiş, bununla da ibtidai istintaq zamanı şübhəli şəxsin müdafiə hüquqları pozulmuşdur. Təqsirləndirilən şəxsin müdafiəçisi bildirmişdir ki, 22 yanvar 2025-ci il tarixdə rayonda olmuş, axşam saatlarında Bakı şəhərinə geri qayıdan zaman təhqiqatçı ona zəng etmiş, gec saatda, təxminən 22-23 radələrində Suraxanı rayonuna gəlmiş və polis bölməsinə getmişdir. Polis bölməsinə çatan zaman artıq Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş maddi sübuta baxış keçirilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 147-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Konstitusiyası Azərbaycan Respublikasında ən yüksək hüquqi qüvvəyə malikdir. Azərbaycan Respublikasının Konstitusiyası birbaşa hüquqi qüvvəyə malikdir. Azərbaycan Respublikasının Konstitusiyası Azərbaycan Respublikasının qanunvericilik sisteminin əsasıdır. Konstitusiyanın 12-ci maddəsinin İ bəndinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir. Konstitusiyanın 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın. Konstitusiyanın 61-ci maddəsinə əsasən hər kəsin yüksək keyfiyyətli hüquqi yardım almaq hüququ vardır. Qanunla nəzərdə tutulmuş hallarda hüquqi yardım ödənişsiz, dövlət hesabına göstərilir. Hər bir şəxsin səlahiyyətli dövlət orqanları tərəfindən tutulduğu, həbsə alındığı, cinayət törədilməsində ittiham olunduğu andan müdafiəçinin köməyindən istifadə etmək hüququ vardır. Konstitusiyanın 71-ci maddəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və X5 haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 mart 2006-cı il tarixli 5 nömrəli qərarına əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının pozulması ilə bağlı məhkəmələr milli qanunvericilik ilə yanaşı Konvensiya müddəalarını da rəhbər tutmalı və bu zaman İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinə istinad etməlidirlər. İnsan Hüquqlarının və X5 Haqqında Konvensiyanın 6-cı maddəsinin 3-cü bəndinin a) yarımbəndinə əsasən cinayət törətməkdə ittiham olunan hər kəs ən azı ona qarşı irəli sürülmüş ittihamın xarakteri və əsasları haqqında onun başa düşdüyü dildə dərhal və ətraflı məlumatlandırılmaq hüququ vardır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: 12.1-ci maddəsinə əsasən cinayət prosesini həyata keçirən orqanlar cinayət prosesində iştirak edən bütün şəxslərin Konstitusiya ilə təsbit edilmiş insan və vətəndaş hüquq və azadlıqlarına riayət olunmasını təmin etməlidirlər. 19.1-ci maddəsinə əsasən cinayət təqibi gedişində təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəmə zərər çəkmiş, şübhəli və ya təqsirləndirilən şəxslərin keyfiyyətli hüquqi yardım almaq hüququnu təmin etmək üçün tədbirlər görməlidir. 19.4-cü maddəsinə əsasən cinayət prosesini həyata keçirən orqan şübhəli və ya təqsirləndirilən şəxsin bu məcəllədə nəzərdə tutulmuş hallarda və qaydada aşağıdakı hüquqlarını təmin etməlidir: 19.4.1. tutulduğu, həbsə alındığı və ya müvafiq olaraq şübhəli şəxs qismində birinci dindirməyədək, yaxud təqsirləndirilən şəxsə ittiham elan edildiyi andan müdafiəçinin yardımından istifadə etmək; 19.4.2. hüquqlarını izah etmək; Suraxanı RPİ-nin 33-cü polis bölməsinin təhqiqatçısı, polis mayoru X4 22 yanvar 2025-ci il tarixdə “vəkil dəvət edilməsi haqqında” qərar və “vəkilin şübhəli şəxsə təqdim edilməsi haqqında” protokol tərtib etsə də, anten məlumatlarından görünür ki, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutularkən faktiki olaraq müdafiəçisi təyin edilmiş Müdafiəçi onun yanında olmamış, bununla da müdafiəçinin hüquqi yardımından məhrum edilməklə, müdafiə hüququ təhqiqatçı tərəfindən təmin edilməmişdir. Halbuki “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli 8 nömrəli qərarına əsasən şübhəli şəxsin tutularkən baxışa və şəxsi axtarışa məruz qalması CPM-in 90.11.2-ci maddəsində hər bir tutulma halını müşayiət edən şübhəli şəxsin daşıdığı vəzifə olaraq təsbit edildiyindən, müdafiəçinin tutulmanın rəsmiləşdirilməsində iştirak etməsi onun bundan sonra həyata keçirilən (tutulma üzrə prosedurun tərkib elementi kimi çıxış edən, bir növ onun davamı olan) şəxsi axtarışda da iştirakını qaçılmaz edir. Hətta cinayət işlərinə məhkəmədə baxılarkən şübhəli şəxs qismində tutulmaya dair protokolun tərtib edilməsi zamanı iştirak etmiş (protokolu imzalamış) müdafiəçinin hər hansı səbəbdən, o cümlədən təhqiqatın və ya ibtidai istintaqın aparılması həvalə edilmiş şəxsin şübhəli şəxsdən aldığı yazılı razılıq əsasında şəxsi axtarışda iştirak etməməsi kimi hallar müəyyən edildikdə də, məhkəmələr bunu şübhəli şəxsin müdafiə hüququnun və müvafiq istintaq hərəkətinin aparılması qaydalarının pozuntusu kimi qiymətləndirir. Hazırki iş üzrə isə təhqiqatçı tərəfindən ümumiyyətlə Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutularkən müdafiəçi ona təqdim edilməmiş, təyin edilmiş müdafiəçi təxminən 3 saat sonra şübhəli şəxslə görüşmüş, bu müddət ərzində şübhəli şəxsin üzərindən aşkar edilmiş maddi sübuta baxış keçirilmiş, bununla da şübhəli şəxsin müdafiə hüquqları pozulmuşdur. İş materialında 11-ci səhifədə olan əməliyyat-axtarış tədbirlərinin keçirilməsi, şübhəli şəxsin üstünün yoxlanılması, nəqliyyat vasitəsinə və ya yaşayış yerinə baxış keçirilməsi və əşyaların götürülməsi haqqında protokoldan və videogörüntüdən görünür ki, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində saxlanılan zaman müdafiəçi ilə təmin edilmək hüququnun olması ona izah edilməmiş, şübhəli şəxsin nədə şübhəli bilindiyi və nəyə görə polis əməkdaşlarının ona yaxınlaşdığı bildirilməmiş, şəxsin üzərindən aşkar edilmiş 01 ədəd bağlı bükülü açılmadan, ona baxış keçirilmədən dərhal zərfə qoyularaq qablaşdırılmışdır. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli 8 nömrəli qərarına əsasən əməliyyataxtarış tədbirini keçirməyə müvəkkil edilmiş şəxs tərəfindən şübhəli şəxs tərəfindən təqdim edilən predmetlərin götürülməsi qaydasında CPM-in 236-cı maddəsinin müvafiq tələblərinə uyğun olaraq, o cümlədən təqdim edilmiş əşyaların baxışını apardıqdan sonra əşyaları təqdim edən şəxs haqqında məlumatları, əşyaların sayını, ölçüsünü, çəkisini, fərdi əlamətlərini və digər xüsusiyyətlərini əks etdirən “əməliyyat-axtarış tədbirini keçirməyə müvəkkil edilmiş şəxs tərəfindən təqdim edilən əşyalara baxış keçirilməsi və onların götürülməsi” protokolunu tərtib etməklə götürməlidir. Lakin hazırki iş üzrə nə 33-cü PB-nin CA üzrə əməliyyat müvəkkili, polis leytenantı Şahid1, nədəki 33-cü PB-nin təhqiqatçısı Ramiz Süleymanov şübhəli şəxsdən aşkar edilmiş maddi sübuta ətraflı baxış keçirməmiş, çəkisini, ölçüsünü, formasını, fərdi əlamətlərini tərtib etdikləri protokolda qeyd etməmişlər. 86-ci maddəsinə əsasən təhqiqatçının vəzifələridir: 86.2.3-cü maddə-şəxsin tutulduğu andan müdafiəçinin yardımından istifadə hüququnu təmin etmək (bu Məcəllənin 153.2.5—153.2.8-ci maddələrində nəzərdə tutulmuş müddəalara uyğun olaraq); 86.3-cü maddəsinə əsasən cinayət təqibini həyata keçirən təhqiqatçı səlahiyyətləri daxilində istintaq və ya digər prosessual hərəkətləri qanuni və vaxtında aparmağa borcludur. 90.6. Cinayət təqibini həyata keçirən təhqiqatçı, müstəntiq və ya prokuror şübhəli şəxsin hüquqlarını təmin etməli və ona qanunla qadağan edilməyən bütün vasitə və üsullardan istifadə etməklə müdafiə hüququnu həyata keçirməsinə mane olmamalıdır. 90.7. Tutulduğu və ya qətimkan tədbirinin seçilməsi haqqında qərar elan edildiyi andan şübhəli şəxs bu Məcəllədə nəzərdə tutulmuş hallarda və qaydada həmçinin aşağıdakı hüquqları həyata keçirir: tutulduğu halda tutulmanın əsaslarını bilmək və tutulduğu andan müdafiəçidən hüquqi yardım almaq, onu tutmuş şəxsdən, təhqiqatçıdan, müstəntiqdən və ya prokurordan hüquqları haqqında yazılı bildiriş almaq; tutulduğu və ya qətimkan tədbirinin seçilməsi haqqında qərar elan olunduğu andan müdafiəçiyə malik olmaq; tutulduqdan dərhal sonra tutulduğu və harada saxlanıldığı barədə yaxın qohumlarına və ya əlaqə saxlaması onun üçün qanuni maraq doğuran digər şəxslərə telefonla və ya digər vasitələrlə məlumat vermək; söhbətlərin sayı və müddəti məhdudlaşdırılmadan müdafiəçisi ilə təklikdə görüşmək və konfidensial ünsiyyət saxlamaq; öz vəsatəti əsasında aparılan istintaq və ya digər prosessual hərəkətlərdə müdafiəçinin yardımı ilə iştirak etmək. 153.1. Cinayət təqibi orqanı hər hansı şəxsin tutulduğu halda onun hüquqi statusundan asılı olaraq bu Məcəllədə, habelə “Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda şübhəli və ya təqsirləndirilən şəxs üçün nəzərdə tutulmuş hüquqlarını təmin etməlidir. CPM-nin 299.1-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclası cinayət işində, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarında və ya xüsusi ittiham qaydasında şikayətdə, irəli sürülmüş ittihamın mahiyyəti üzrə cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünün yoxlanılması məqsədi ilə ilkin dinləmələrdən ibarətdir. CPM-nin 299.3-cü maddəsinə əsasən hər bir halda cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmənin hazırlıq iclasında baxılan məsələlər sırasında aparılmış ibtidai araşdırma zamanı bu Məcəllənin tələblərinin pozulub-pozulmaması kimi hallar da yoxlanılır. CPM-nin 300.1-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclasının keçirilməsi nəticəsində qəbul edilən qərarlardan biri də 300.1.5-ci maddədə qeyd olunmuş cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərardır. CPM-nin 301.1-ci maddəsinə əsasən məhkəmə baxışı məhkəmənin hazırlıq iclasının nəticələrinə dair məhkəmənin müvafiq qərarı ilə aşağıdakı hallarda təyin edilir: 301.1.1. cinayət işinin, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarında və ya xüsusi ittiham qaydasında şikayətin materialında məhkəmə baxışının qeyri-mümkünlüyünə səbəb olan hallar olmadıqda; 301.1.2. ittiham aktının, məhkəməyədək sadələşdirilmiş icraatın nəticələrinə dair yekun protokolunda və ya xüsusi ittiham qaydasında şikayətin prosessual formasına riayət edildikdə; 301.1.3. məhkəməyədək icraat bu Məcəllənin 303.3-cü maddəsində nəzərdə tutulmuş kobud pozuntularına yol verilmədən aparıldıqda. Belə olan halda, cinayət işi üzrə məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünün yoxlanılması məqsədi ilə ilkin dinləmələr keçirilərkən istintaq orqanı tərəfindən ibtidai istintaq zamanı kobud qanun pozuntularına yol verildiyi müəyyən edildiyindən cinayət işi materialına baxılmasına xitam verilməli və iş ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmalıdır. Hazırkı cinayət işi üzrə CPM-nin 303.3-cü maddəsində nəzərdə tutulmuş, yuxarıda sadalanan pozuntular vardır və bu səbəbdən, məhkəmə baxışını təyin etmək mümkün deyildir. Ədalət mühakiməsinin əsas ünsürlərindən biri kimi, müdafiəçinin köməyindən istifadə etmək hüququnun başlıca məqsədi şübhəli və ya təqsirləndirilən şəxsi müdafiəçi ilə təmin etməklə cinayət prosesində tərəflərin real (həqiqi) bərabərliyinə zəmanət verməkdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: 303.1-ci maddəsinə əsasən Məhkəmənin hazırlıq iclasında məhkəməyədək icraat zamanı aradan qaldırılmadan müvafiq olaraq cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının mahiyyəti üzrə qanuni həll edilməsi mümkün olmayan kobud pozuntularına yol verildiyini müəyyən etdikdə məhkəmə cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verir və onu ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarır. 303.3-cü maddəsinə əsasən cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar digər pozuntularla yanaşı aşağıdakı kobud pozuntulara yol verildikdə çıxarılır: 303.3.1. təqsirləndirilən şəxsin müdafiə hüququnun pozulması (bu pozuntunun mümkün dərəcədə aradan qaldırılması üçün); 306.1. Məhkəmənin hazırlıq iclasının nəticələrinə dair məhkəmə bu Məcəllənin 300.1.1, 300.1.5 və 300.1.6-cı maddələrində nəzərdə tutulmuş qərarlar çıxarmaqla yanaşı, həmçinin aşağıdakılara dair qərar çıxarır: 306.1.1. təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin tətbiq edilməsinin və ya edilməməsinin əsaslılığı; 306.1.2. qətimkan tədbirinin seçildiyi halda onun növünün əsaslılığı; 306.1.3. təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirinin qüvvəsinin saxlanılması, dəyişdirilməsi və ya ləğv edilməsi. 307.1-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclasının nəticələrinə dair məhkəmə cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması haqqında qərarla, habelə cinayət işi və ya məhkəməyədək sadələşdirilmiş icraatın materialları üzrə icraata xitam verilməsi haqqında qərarla yanaşı, məhkəməyədək icraat zamanı bu Məcəllənin tələblərinin kobud surətdə pozulmasına yol vermiş şəxslər barəsində xüsusi qərar çıxarmalıdır. Həmçinin məhkəmə qeyd edir ki, CPM-nin 306.1-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclasının nəticələrinə dair məhkəmə bu Məcəllənin 300.1.1, 300.1.5 və 300.1.6-cı maddələrində nəzərdə tutulmuş qərarlar çıxarmaqla yanaşı, həmçinin aşağıdakılara dair qərar çıxarır: 306.1.1. təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin tətbiq edilməsinin və ya edilməməsinin əsaslılığı; 306.1.2. qətimkan tədbirinin seçildiyi halda onun növünün əsaslılığı; 306.1.3. təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirinin qüvvəsinin saxlanılması, dəyişdirilməsi və ya ləğv edilməsi. İbtidai istintaq dövründə Təqsirləndirilən şəxs barəsində 24 yanvar 2025-ci il tarixdə “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmişdir. Beləliklə, məhkəmə yuxarıda qeyd edilən halları və dəlilləri nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinin baxılmasına CPM-in 303-cü maddəsinə əsasən xitam verilməli və iş ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmalı, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Suraxanı RPİ-nin 33-cü polis bölməsinin təhqiqatçısı, polis kapitanı X4 barəsində xüsusi qərar qəbul edilərək Azərbaycan Respublikası Daxili İşlər Nazirinə göndərilməli, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri dəyişdirilmədən saxlanılmalıdır. CPM-nin 300.5-ci maddəsinə əsasən bu Məcəllənin 300.1.3, 300.1.6 və 300.1.7-ci maddələrində nəzərdə tutulmuş qərarlardan bu Məcəllənin 381, 383 və 384-cü maddələrinin müddəalarına uyğun olaraq apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Göründüyü kimi CPM-nin 300.1.5-ci maddəsində qeyd olunmuş cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərardan şikayət və ya protest verilməsi qanunda nəzərdə tutulmamışdır. CPM-nin 303.5-ci maddəsinə əsasən cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verildikdə və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarıldıqda o, prokurorluğa daxil olduğu vaxtdan istintaq müddəti əvvəllər aparılmış məhkəməyədək icraat zamanı hesablanmış müddətə əlavə olaraq hesablanır. Azərbaycan Respublikası CPM-nin 193.2 və 193.3-cü maddələrinə uyğun olaraq Təqsirləndirilən şəxs hüquqlarını məhkəmə istintaqı zamanı Vəkillər Kollegiyasının üzvü Müdafiəçi müdafiə etmişdir. Cinayət işinin materiallarında olan arayışdan müəyyən olunur ki, Müdafiəçi təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 10 saat vaxt sərf etmişdir. CPM-nin 197.1.5-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, cinayət prosesini həyata keçirən orqan tərəfindən təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği məhkəmə məsrəflərinə aiddir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2025-ci il tarixli, 141 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 11 manat miqdarında əmək haqqı ödənilməlidir. Buna görə də məhkəmə hesab edir ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs, məhkəmədə dövlət hesabına göstərdiyi pulsuz hüquqi yardıma görə 10 iş saatı üçün 110 manat məbləğində vəsait müdafiəçisi Bakı şəhəri 9 saylı vəkil bürosunun vəkili Müdafiəçi ödənilməsi üçün Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Bakı şəhəri 9 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasi CPM-nin 299-300, 303, 306-cı maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinin baxılmasına CPM-in 303.3.1-ci maddəsinə əsasən xitam verilsin və iş ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Suraxanı RPİ-nin 33-cü polis bölməsinin təhqiqatçısı, polis kapitanı X4 barəsində xüsusi qərar qəbul edilərək Azərbaycan Respublikası Daxili İşlər Nazirinə göndərilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. Müdafiəçi Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsinə sərf etdiyi 10 saata görə Azərbaycan Respublikasının dövlət büdcəsindən 110 manat tutularaq 9 saylı Vəkil Bürosunun hesablaşma hesabına (VÖEN**********, h/n AZ80İBAZ********************, BANK ABB Suraxanı filialı, SWİFT+CODE İBAZAZ2X, müxbir hesabı AZ03NABZ********************, kod 805692, VÖEN BANK **********) ödənilsin. Həmin məbləğin qanunla müəyyən edilmiş qaydada və miqdarda müdafiəçiyə ödənilməsi 9 saylı Vəkil Bürosuna həvalə edilsin. Qərar elan olunduğu andan qanuni qüvvəyə minir. Qərardan apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilməz. Hakim Pərviz Muradov
Məhkəmə qərarları › İş №1(010)-271/2025
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №1(010)-271/2025
12.05.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver