Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-274/2024 31.07.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Muradov Pərviz Namiq oğlunun sədrliyi, məhkəmə iclas katibi Qənbərov Rüstəm İmamverdi oğlunun katibliyi ilə, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində X2 üzrə şöbəsinin prokuroru X3, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx xxxxx 1970-ci ildə Lerik rayonu, Vizəzəmin kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, himayəsində biri azyaşlı olmaqla, 2 övladı olan, orta təhsilli, məhkumluğu olmayan, poçtalyon vəzifəsində işləyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2 ünvanında yaşayan, 09 fevral 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, 11 fevral 2024-cü il tarixdə barəsində polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs ibtidai istintaqda satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda psixotrop maddə metamfetamin əldə edib üzərində saxlamaqla daşıması ilə bağlı ittiham elan edilmişdir. Belə ki, Təqsirləndirilən şəxs, 09 fevral 2024-cü il tarixdə, səhər saatlarında istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda 01 (bir) ədəd bükümdə təmiz çəkisi 0,255 qram olan psixotrop maddə metamfetamin əldə edərək üzərində saxlamaqla daşımış, Bakı şəhəri Suraxanı rayon Polis idarəsinin 33-cü polis bölməsinin əməkdaşları tərəfindən 09 fevral 2024-cü tarixdə, saat 16 radələrində keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilindiyi üçün ünvan 3 ünvanının qarşısında saxlanılaraq Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, Q yaşayış sahəsi 25 ünvanında yerləşən Suraxanı RPİ-nin 33-cü polis bölməsinə aparılmış və orada üzərində şəxsi axtarış aparılarkən əynində olan qara rəngli cins şalvarının sol yan cibindən 01 (bir) ədəd bükümdə təmiz çəkisi 0,255 qram olan ağ rəngli kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsi aşağıdakılarla sübuta yetirilmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, ünvan 2 ünvanında yaşayır. Əvvəllər məhkum olunmuş, lakin məhkumluğu ödənilmişdir. Tutulmazdan əvvəl təxminən 1 ay olmuşdur ki, psixotrop maddə qəbul edib. Son zamanlar isə psixotrop maddə metamfetamini falqa arasında çəkmək yolu ilə qəbul etmişdir. 09 fevral 2024-cü il tarixdə, səhər saatlarında Suraxanı rayonu, Qaraçuxur qəsəbəsində qəbiristanlığın yaxınlığında tanımadığı şəxsdən 01 (bir) ədəd bükümdə psixotrop maddə metamfetamini 7 manat məbləğində pul ödəməklə almışdır. 09 fevral 2024-cü il tarixdə, saat 16 radələrində ünvan 6 ünvanının qarşısında dayanan zaman mülki geyimdə olan üç nəfər şəxs ona yaxınlaşıb özlərini təqdim etdikdə, Suraxanı Rayon Polis İdarəsinin 33-cü polis bölməsinin əməkdaşları olduğunu bilmişdir. Onu 33-cü polis bölməsinə dəvət edərək orada şəxsiyyəti müəyyən olunduqdan sonra, həmin bölmənin təhqiqatçısı, polis kapitanı Ruslan Mirzəliyev tərəfindən üzərində şəxsi axtarış aparılmasının zəruri olduğu bildirilərək ona hüquq və vəzifələri izah olunmuşdur. O, da buna etiraz etməmişdir. Həmçinin üzərində şəxsi axtarış aparılmadan Suraxanı rayon ərazisi üzrə fəaliyyət göstərən 9 saylı vəkil bürosundan dövlət hesabına müdafiəçi seçmək hüququ izah olunmuşdur. Vəkillərin siyahısı ilə tanış olmuş, müdafiəçinin iştirakı olmadan üzərinə şəxsi axtarış və götürmənin aparılmasına etiraz etməməsi barədə ərizə təqdim etdikdən sonra, təhqiqatçı tərəfindən xidməti otaqların birində videoçəkiliş aparılmaqla, polis əməkdaşlarının iştirakı ilə üzərinə şəxsi axtarış keçirilmişdir. Axtarış zamanı təhqiqatçı tərəfindən ona üzərində hər hansı bir qanunsuz maddə və ya əşya olubolmaması barədə sual verilmiş və olduğu halda, təqdim etməsi təklif olunmuş, o da əynindəki qara rəngli cins şalvarının sol yan cibindən 01 (bir) ədəd bükümdə psixotrop maddə olan metamfetamini çıxarıb masanın üzərinə qoyaraq təhqiqatçıya təqdim etmişdir. Bundan sonra isə üzərində şəxsi axtarış aparılsa da, başqa qanunsuz maddə və ya əşya aşkar olunmamışdır. Onunla sorğu zamanı bildirmişdir ki, üzərindən aşkar edilmiş 01 (bir) ədəd bükümdə olan maddə metamfetamindir. Təhqiqatçı tərəfindən digər polis əməkdaşlarınin iştirakı ilə üzərindən aşkar edilmiş psixotrop maddə olan metamfetamin zərfə qoyularaq qablaşdırılmış, zərf 171 saylı möhürlə möhürlənmiş, bu barədə protokol tərtib edilmiş, tərtib edilmiş protokol və qablaşdırılmış zərf o və iştirakçılar tərəfindən imzalanaraq ekspertizaya göndəriləcəyi və tərkibinin ekspertiza vasitəsilə müəyyən ediləcəyi ona izah olunmuşdur. Keçirilən bütün proseslər videoçəkilişlə qeydə alınmış, daha sonra isə, barəsində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə cinayət işi başlanıldığını və toplanmış materialların Suraxanı RPİ-nin istintaq şöbəsinə təqdim olunduğunu bilmişdir. Məhkəmədə verilmiş suallara cavab olaraq bildirmişdir ki, polis əməkdaşları tərəfindən ona psixi və ya fiziki zorakılıq tətbiq edilməmiş, o da həmçinin polis əməkdaşlarına qarşı hər hansı bir müqavimət göstərməmişdir. Psixotrop maddə metamfemindən cəmi 2-3 dəfə olmaqla istifadə etmişdir. Həmin psixotrop maddə metamfetamini Yeni Günəşli qəsəbəsində yaşayan “Elşən” adlı şəxsdən 7 manat pul ödəyərək almışdır. Həmin şəxsin evinin ünvanını və mobil telefon nömrəsini məhkəməyə təqdim etmişdir. Bu barədə tutulan zaman polis əməkdaşlarına da məlumat vermiş, lakin polis tərəfindən heç bir tədbir görülməmişdir. Sonda isə, törətdiyi əməldən peşman olmasını, ailəsinin yeganə qazanc gətirəni olmasını və himayəsində biri azyaşlı olmaqla, 2 övladının olmasını nəzərə alaraq, barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan yüngül cəza verilməsini xahiş etdi. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Suraxanı RPİ-nin 33-cü polis bölməsinin əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, 09 fevral 2024-cü il tarixdə ünvan 1 ünvanında qeydiyyatda olan Təqsirləndirilən şəxs mütəmadi olaraq narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması və hazırda Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, AB yaşayış sahəsi, ev 62 ünvanının qarşısında olması və üstündə narkotik vasitə olması barədə məlumat alıb, dərhal həmin məlumatı RPİ-nin rəhbərliyinə məruzə edib, müvafiq sənədləşmə aparıldıqdan sonra, Suraxanı RPİ-nin 33-cü polis bölməsinin əməliyyat müvəkkilləri, polis leytenantı Şahid2 və polis leytenantı Şahid3 ilə birlikdə Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, AB yaşayış sahəsi, ev 62 ünvanının qarşısına getmişlər. Həmin gün saat 16 radələrində Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, AB yaşayış sahəsi, ev 62 ünvanının qarşısında dayanan Təqsirləndirilən şəxs yaxınlaşıb özlərini təqdim etmiş və ona narkotik maddə qəbul etməsi barədə məlumatlarının olduğunu bildirib, Suraxanı RPİ-nin 33-cü polis bölməsinə dəvət etmişlər. Təqsirləndirilən şəxs da heç bir müqavimət göstərmədən onlarla 33-cü polis bölməsinə gəlmişdir. Bundan sonra, onlar bölmənin xidməti otaqlarının birində Təqsirləndirilən şəxs videoçəkilişlə üzərində şəxsi axtarış keçirəcəklərini bildirmişlər. Axtarış keçirilməzdən əvvəl təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində hüquq və vəzifələri izah edilmişdir. Eyni zamanda ona üzərində qanunsuz saxlanılan narkotik vasitə, əşya və predmet varsa, könüllü təqdim etməsi təklif olunmuşdur. O, da üzərində özü istifadə etməsi üçün 01 (bir) ədəd şəffaf sellofana bükülmüş bükümdə psixotrop maddə metamfetamin olduğunu bildirmiş və əynindəki qara rəngli cins şalvarının sol yan cibindən 01 (bir) ədəd bükümdə psixotrop maddə olan metamfetamini çıxarıb təqdim etmişdir. Bundan sonra, üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı şəxsin üzərindən başqa heç nə aşkar edilməmişdir. Sonra, təqdim etdiyi bükümə baxış keçirilmiş, baxış zamanı həmin bükümdə narkotik vasitəyə bənzər maddə aşkar edilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, təqdim etdiyi bükümdəki kütlə psixotrop maddə metamfetamindir, həmin psixotrop maddəni 09 fevral 2024-cü il tarixdə səhər saatlarında Suraxanı rayonu, Qaraçuxur qəsəbəsində yerləşən qəbiristanlığın yaxınlığında tanımadığı şəxsdən 01 (bir) ədəd bükümdə 07 manat ödəməklə öz istifadəsi üçün alıb özündə saxlamışdır. Bundan sonra, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 01 (bir) ədəd büküm kağız zərfə qoyularaq qablaşdırılıb imzalanmış və bu barədə protokol tərtib olunmuş, o da protokolda yazılanların doğru olduğunu imzası ilə təsdiq etmişdir. Məhkəmədə verilmiş suallara cavab olaraq bildirdi ki, əvvəllər, Təqsirləndirilən şəxs tanımamış, onlar tərəfindən Təqsirləndirilən şəxs qarşı hər hansı fiziki və ya psixi zorakılıq tətbiq edilməmiş, sonuncu tərəfindən də onlara qarşı müqavimət göstərilməmişdir. Təqsirləndirilən şəxs psixotrop maddəni Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, AB yaşayış sahəsində yaşayan “Elşən” adı şəxsdən aldığını bildirmişdir. Həmin şəxsin tutulması üçün bir sıra tədbirlər keçirilsə də, həmin ünvanda elə bir şəxs tapılmamışdır. Təqsirləndirilən şəxsla bağlı daxil olmuş əməliyyat məlumatı narkotik vasitələrin və ya psixotrop maddələrin istifadəsi ilə bağlı olmuşdur. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Suraxanı RPİ-nin 33-cü polis bölməsinin əməliyyat müvəkkilləri Şahid2 və Şahid3 da eyni məzmunlu ifadələr verərək şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmiş olduğu xüsusatları təsdiq etmişlər. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: ********* nömrəli cinayət işi 10 fevral 2024-cü il tarixdə Suraxanı RPİ-nin 33-cü polis bölməsinin təhqiqatçısı, polis kapitanı X4 tərəfindən Azərbaycan Respublikası CM-nin 234.1ci maddəsi ilə Təqsirləndirilən şəxs barəsində başlanmışdır. (iş.v. 1) 09 fevral 2024-cü il tarixdə Suraxanı RPİ-nin 33-cü PB-nin əməliyyat müvəkkili, polis leytenantı Şahid1 tərəfindən təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair qərar qəbul edilmişdir. (iş.v. 5) “Şəxsi axtarış və götürmə aparılması haqqında” 09 fevral 2024-cü il tarixli protokoldan görünür ki, şəxsi axtarış və götürmə aparılmazdan əvvəl barəsində axtarış və götürmənin aparıldığı şübhəli şəxs Təqsirləndirilən şəxs bu barədə qərarla tanış edilərək paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmişdir. Bu təklifdən sonra, Təqsirləndirilən şəxs əynindəki qara rəngli cins şalvarının sol yan cibindən 01 (bir) ədəd sellofan bükümdə şəffaf rəngli, kristalşəkilli metamfetaminə oxşar maddəni təqdim etmişdir. Bu psixotrop maddə metamfetamini Qaraçuxur qəsəbəsi, qəbiristanlığın yaxınlığında üzdən tanıdığı, lakin adını bilmədiyi şəxsdən 7 manata alaraq özünün istifadəsi məqsədi ilə üzərində saxladığını bildirmişdir. Aşkar olunan 01 (bir) ədəd kağız bükümdə şəffaf rəngli kristal şəkilli psixotrop maddə metamfetaminə oxşar maddə cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan bir ədəd kağız zərfdə qablaşdırılıb Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin «Zərflər üçün» 171 saylı möhürü ilə möhürlənərək götürülmüşdür. Şəxsi axtarış zamanı cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşya və sənədlər aşkar edilməmişdir. (iş.v. 32-33) Məhkəmə istintaqında Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə istintaq hərəkəti həyata keçirilən zaman çəkilmiş videogörüntüləri özündə əks etdirən 01 (bir) ədəd CD diskə baxış keçirilmişdir. Həmin görüntülərdən müəyyən olunur ki, polis əməkdaşları tərəfindən Suraxanı RPİ-nin 33-cü polis bölməsinin inzibati binasında yerləşən xidməti otaqda Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilir, üzərində qanunla qadağan olunmuş hər hansı bir əşya və ya predmet olması barədə sual verilir, Təqsirləndirilən şəxs qara rəngli cins şalvarının sol yan cibindən 01 (bir) ədəd şəffaf sellofanı çıxarıb təqdim edərək bildirir ki, təqdim etdiyi sellofan bükümün içərisindəki maddə psixotrop maddə olan metamfetamindir. Həmin psixotrop maddəni Xətai rayonunda “Elşən” adlı şəxsdən 07 manat ödəməklə aldığını bildirir. Bundan sonra, polis əməkdaşları Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən başqa heç nə aşkar edilmir. Məhkəmə-kimyəvi ekspertizasının 10 fevral 2024-cü il tarixli, 3-16-16/2-6/814 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “...Təqsirləndirilən şəxs üzərindən...” sözləri olan zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 0,255 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr"-in siyahısına (Siyahı İ) daxildir. 2) Metamfetaminin təmiz çəkisi – 0,255 qram, tədqiqata sərf edildi - 0,05 qram, qalıq – 0,205 qram. (iş.v. 39-41) Ambulator məhkəmə-narkoloji ekspertizasının 13 fevral 2024-cü il tarixli, 922 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opiodlərin və psixostimulyatorların qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (iş.v. 90-91) Suraxanı RPİ-nin İŞ-nin əməliyyat tapşırığına Suraxanı RPİ-nin 32-ci polis şöbəsi tərəfindən ünvanlanan 23 fevral 2024-cü il tarixli, 54/2-2478/24 saylı cavab məktubundan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş psixotrop maddə metamfetamini hansı mənbədən əldə etməsi istiqamətində keçirilmiş əməliyyat tədbirləri nəticəsində müsbət nəticə əldə etmək mümkün olmamış, Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olması barədə heç bir məlumat daxil olmamış və bundan başqa, hər hansı cinayət törətməsi müəyyən olunmamışdır. (iş.v. 83-84; 89) Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 13 fevral 2024-cü il tarixli qərarı ilə Suraxanı RPİ-nin 33-cü polis bölməsinin CA üzrə ə/m Şahid1 “əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair” 09 fevral 2024-cü il tarixli qərarı qanuni sayılmışdır. (iş.v. 86- 88) 03 aprel 2024-cü il tarixli “cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, xalis çəkisi 0,255 qram, tədqiqatdan sonra qalıq qalmış 0,205 qram olan psixotrop maddə - metamfetamin cinayət işi üzrə sübut əhəmiyyəti kəsb etdiyindən 03 aprel 2024-cü il tarixli cinayət işi üzrə sübutların qiymətləndirilməsi barədə qərarla maddi sübut kimi tanınmış və Suraxanı Rayon Polis İdarəsinin maddi sübutların saxlanc yerinə təhvil verilmişdir. Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş psixotrop maddə metamfetaminin mənbəyinin müəyyən edilməsi üçün cinayət işindən material ayrılmışdır. (iş.v. 104-111) Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə istintaq hərəkətinin aparılması zamanı çəkilmiş videogörüntüləri özündə əks etdirən 01 (bir) ədəd CD disk 03 aprel 2024-cü il tarixli “cinayət işi üzrə sübutların qiymətləndirilməsinə dair” qərarla maddi sübut qismində tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir. (iş.v. 104-111) İş materiallarına əlavə edilmiş şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində 26 aprel 2011-ci il təvəllüdlü Miryusif Cavadlı olmaqla, 1 azyaşlı övladı vardır. İstanbul NS Klinikası tərəfindən verilmiş 28 iyul 2022-ci il Lomber Spinal MRT incələməsindən görünür ki, Təqsirləndirilən şəxs lomber lordoz düzlənməsi izlənilir. İntervertebral faset oynaqlarda astropatik daralmalar izlənilir. Fəqərəarası qapayıcı plastinalar üzrə xroniki degenerativ dəyişiklik ocaqları qeyd edilir. Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 09 fevral 2024-cü il tarixdə, saat 17:15-də şübhəli şəxs qismində tutulmuş, saat 16:15-dən hüquqları məhdudlaşdırılmış hesab edilmiş, 11 fevral 2024-cü il tarixdə, saat 09:15-də Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddə ilə nəzərdə tutulan ittiham elan edilmiş, barəsində həbs qətimkan tədbirinin seçilməsi üçün müstəntiq tərəfindən verilmiş vəsatət Suraxanı rayon prokuroru, baş ədliyyə müşaviri, Rəşid Mahmudov tərəfindən təmin edilməmişdir. 11 fevral 2024-cü il tarixli qərarla müstəntiq tərəfindən Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri seçilmişdir. (iş.v. 21, 55-56, 72-73, 76-77, 79-80) Azərbaycan Respublikası Cinayət Prosessual Məcəllənin 33.1-ci maddəsinə görə hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Azərbaycan Respublikası CPM-nin 124.1-ci maddəsinə əsasən məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. CPM-nin 125.1-ci maddəsinə əsasən məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Həmin Məcəllənin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. CPM-nin 145.1-ci maddəsinə görə hər bir sübut mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, o cümlədən şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq, cinayət işinin materiallarında olan ekspert rəylərini, sorğulara alınmış cavabları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da sübut növü kimi qəbul edir. Məhkəmələr və Hakimlər haqqında 10 iyun 1997-ci il tarixli Azərbaycan Respublikasının Qanununun 4-cü maddəsinə əsasən məhkəmələr işlərə baxarkən Azərbaycan Respublikasının Konstitusiyasını, qanunlarını və digər qanunvericilik aktlarını, eləcə də Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri rəhbər tuturlar. Cinayət Prosessual Məcəllənin 25.3-cü maddəsinə görə hakimlər cinayət işlərini və ya cinayət təqibi ilə bağlı digər materialları məhkəmə iclasında cinayət prosesi tərəflərinin təqdim etdikləri sübutların tədqiqinə əsaslanan öz daxili inamı və hüquq düşüncəsi ilə həll edirlər. Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün, hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlakı həcminə əsasən müəyyən edilir. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıları Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilir. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli 961-İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları”nın İİ siyahının 67-ci qrafasına əsasən 0,15 qram psixotrop maddə metamfetamin şəxsi istehlak miqdarından artıq miqdar hesab olunur. Cinayət işinin materiallarından göründüyü kimi, iş üzrə Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş psixotrop maddə metamfetaminin ümumi təmiz çəkisi 0,255 qram təşkil etmişdir ki, qeyd olunan siyahıya əsasən, həmin miqdar Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarında qeyd edilir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əməllərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Cinayət Məcəlləsinin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin törədilməsi cinayət məsuliyyəti yaradır. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli 8 nömrəli qərarında göstərilmişdir ki, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsinin izahı “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu maddəsində verilmişdir. Həmin maddənin mənasına görə, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozaraq hər hansı üsulla narkotik vasitələrə, psixotrop maddələrə və onların prekursorlarına yiyələnməyə yönəldilmiş hərəkətlər, məsələn, həmin vasitələrin (maddələrin) satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin (psixotrop maddənin, prekursorun) mənimsənilməsi, çətənə (kannabis) bitkisinin, xaşxaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik maddələr olan bitkilərin yığılması narkotik vasitələrin, psixotrop maddələrin, onların prekursorlarının əldə edilməsi kimi təfsir edilməlidir. Törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür. Həmin Qanunun 1.0.8-ci maddəsində narkotik vasitənin və ya psixotrop maddənin, istərsə də prekursorların şəxsin özündə, o cümlədən bilavasitə üzərində (çantasında, paltarında, daxilində gizlətməklə və s.) nəqliyyat vasitələri ilə və ya nəqliyyat vasitələrinə aid olmayan digər daşıma vasitələrindən istifadə etməklə yerinin dəyişdirilməsi üzrə hərəkətlər onların daşınması kimi qiymətləndirilir. Həmin Qanunun 1.0.10-cu maddəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanmasının izahı verilmişdir. Həmin maddənin mənasına görə narkotik vasitələri və psixotrop maddələri saxlama, bu maddələrin saxlanılması yerindən və müddətindən asılı olmayaraq, onlara qanunsuz surətdə faktiki malik olma deməkdir. Təqsirli şəxsin narkotik vasitələri və ya psixotrop maddələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. Narkotik vasitələri və ya psixotrop maddələri qanunsuz olaraq başqa şəxsdən əmanət kimi saxlamaq üçün qəbul etmiş şəxs də bu maddələri saxlamağa görə məsuliyyət daşımalıdır. Narkotik vasitələri və ya psixotrop maddələri qanunsuz olaraq saxlama uzanan cinayət olmaqla şəxs özü əməllərinə son verdiyi (məsələn, könüllü gəlib təqsirini boynuna aldığı) və yaxud onun iradəsindən asılı olmayaraq əmələ son verildiyi, məsələn, qeyd olunan əməllə əlaqədar keçirilən əməliyyat-axtarış tədbirinin gedişində yaxalandığı andan cinayət başa çatmış hesab edilir. Odur ki, bu əməl üzrə istintaq və məhkəmə aidiyyəti məsələsi həmin hallar, yəni o cümlədən cinayətin əməliyyat-axtarış tədbirinin gedişində şəxsin saxlanılıb müvəkkil edilmiş şəxsin nəzarəti altına keçməsi anında və yerində başa çatmış olması nəzərə alınmaqla həll edilməlidir. Hazırkı iş üzrə Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən saxlanıldığı yer ünvan 3-nin qarşısıdır. Sonradan isə şəxs Suraxanı RPİ-nin 33-cü polis bölməsinə gətirilmişdir. CM-nin 234.1-ci maddəsində göstərilən cinayət əməli alternativ tərkiblidir. Cinayət Məcəlləsində alternativ əlamətli obyektiv cəhətə malik xeyli sayda cinayət tərkibi vardır. Alternativ əlamətli cinayət tərkibini o cinayət əməlləri yaradır ki, orada başa çatmış cinayət tərkibinin olması üçün Cinayət Məcəlləsinin müvafiq maddəsinin dispozisiyasında alternativ olaraq nəzərdə tutulmuş hərəkət və ya hərəkətsizlikdən birinin törədilməsi kifayət etsin. Başqa sözlə, alternativ əlamətli cinayət tərkibinin xüsusiyyəti ondan ibarətdir ki, belə cinayətin başa çatmış hesab edilməsi üçün müvafiq maddədə nəzərdə tutulmuş alternativ hərəkətlərdən birinin və ya bir neçəsinin törədilməsi kifayətdir. Bu hərəkətlərdən hətta birinin başa çatması artıq cinayətin törədilməsi kimi qiymətləndirilir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 64-cü maddəsi və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsi baxımından həmin Məcəllənin 18-ci maddəsinin və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 27.1-ci maddəsinə münasibətdə həmin Məcəllənin 234.1-ci maddəsinin şərh edilməsinə dair” 2020-ci il 18 sentyabr tarixli Qərarı). Cinayət Prosessual Məcəllənin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Cinayət Prosessual Məcəllənin 44-cü maddəsinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. CPM-nin 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız bu Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən (hakim tərəfindən baxıldıqdan) sonra müşavirə otağında çıxarılır. CPM-in 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmə Hökmü haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarına əsasən təqsirin sübuta yetirilmiş hesab edilməsi haqqında nəticəni CPM-in 351.3-cü maddəsi məhkəmənin bu Məcəllənin 346.1.1-346.1.6cı maddələrində göstərilən məsələlərə təsdiqedici cavab verməsi, habelə CPM-in 351.3.1- 351.3.4-cü maddələrində təsbit edilən tələblərin hər biri nəzərə alındığı yəni, təqsirsizlik prezumpsiyası rəhbər tutulduğu, CPM-də nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihama baxıldığı və bu prosessual qaydalara riayət edilməklə nəticələr əldə edildiyi, o cümlədən məhkəmənin qənaəti məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslandığı, təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilinməyən şübhələr onun xeyrinə şərh edildiyi vəziyyətdə şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticəyə gələ bilməsi ilə şərtləndirmişdir. CPM-in 137-ci maddəsinə əsasən əməliyyat-axtarış fəaliyyəti nəticəsində əldə edilmiş materiallar 728-İQ nömrəli Qanuna uyğun əldə olunduqda və CPM-in tələblərinə uyğun təqdim edildikdə və yoxlanıldıqda, cinayət təqibi üzrə sübut kimi qəbul edilə bilər. Belə ki, Təqsirləndirilən şəxs 09 fevral 2024-cü il tarixdə, səhər saatlarında istintaqa məlum olmayan Elşən adlı şəxsdən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda 01 (bir) ədəd bükümdə təmiz çəkisi 0,255 qram olan psixotrop maddə metamfetamin əldə edərək üzərində saxlamaqla daşımış, Bakı şəhəri Suraxanı rayon Polis idarəsinin 33-cü polis bölməsinin əməkdaşları tərəfindən 09 fevral 2024-cü tarixdə, saat 16 radələrində keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilindiyi üçün ünvan 3 ünvanının qarşısında saxlanılaraq Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, Q yaşayış sahəsi 25 ünvanında yerləşən Suraxanı RPİ-nin 33-cü polis bölməsinə aparılmış və orada üzərində şəxsi axtarış aparılarkən əynində olan qara rəngli cins şalvarının sol yan cibindən 01 (bir) ədəd bükümdə təmiz çəkisi 0,255 qram olan ağ rəngli kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun ibtidai istintaqda verdiyi ifadələri, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertiza rəyləri, istintaq və məhkəmə hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər mötəbər sübutlarla təsdiq edilərək kifayət qədər sübuta yetirilmişdir. Cinayət Prosessual Məcəllənin 8-ci maddəsinə əsasən cinayət mühakimə icraatının vəzifələri sırasına şəxsiyyəti, cəmiyyəti və dövləti cinayətkar qəsdlərdən qorumaq; cinayət törətmiş şəxsləri ifşa və cinayət məsuliyyətinə cəlb etmək; cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirmək aid edilmişdir. Azərbaycan Respublikası CM-in: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Təqsirkarın şəxsiyyəti, onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri baxımından cəzanın qanuniliyini və əsaslılığını təmin etmək üçün həmçinin Azərbaycan Respublikasının qoşulduğu “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” 1988-ci il 20 dekabr tarixdə Vyana şəhərində imzalanmış beynəlxalq konvensiyanın müddəalarından irəli gələn hallar nəzərə alınmalıdır. Narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydası və şərtləri, habelə narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi Qaydaları ilə bağlı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 9 fevral tarixli 39 nömrəli qərarının İİ hissəsinin birinci bəndinə əsasən narkomanlıq xəstəliyinə düçar olmuş şəxslərə məcburi müalicənin tətbiqinin məqsədi - hüquq pozuntularının törədilməsinə səbəb olan həmin xəstəliyin müalicəsi, xəstəyə psixoloji təsir göstərməklə onun insan psixikasına təsir göstərən maddələrin suiistifadəsinin zərərli nəticələrinə inandırılması, narkomanlıq xəstəliyinə düçar olmuş xəstənin ixtisaslaşdırılmış tibbi yardım və sosial qayğı göstərməklə normal həyat tərzinə qaytarılması, onun səhhətinə vurulan ziyanın, habelə gələcəkdə insan psixikasına təsir göstərən maddələrin sui-istifadəsinə və digər şəxslərə qarşı törədilə biləcək hüquqa zidd hərəkətlərin qarşısının alınmasıdır. Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 13 noyabr 2013-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 263.1-2-ci maddəsi ilə təqsirli bilinərək 03 il nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 03 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. 11 iyul 2016-cı il tarixdə Azərbaycan Respublikası Milli Məclisinin 20 may 2016-cı il tarixli amnistiya qərarının 1.2-ci bəndinə əsasən cəzasının qalan hissəsindən azad edilmişdir. (iş.v. 93-94) CM-nin 15-ci maddəsinə əsasən CM-nin 263.1-2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməli az ağır cinayətlər kateqoriyasına aid edilir. CM-nin 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. CM-nin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 03 mart 2020-ci il tarixli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.4-cü maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair Qərarına əsasən Cinayət Məcəlləsinin 83.4-cü maddəsinə uyğun olaraq, məhkum edilmiş şəxs amnistiya aktı əsasında vaxtından əvvəl cəza çəkməkdən azad edildikdə, məhkumluğun ödənilməsi müddəti şəxsin cəzanı çəkməkdən azad edildiyi, yəni səlahiyyətli orqanın konkret şəxs barəsində amnistiya aktının tətbiq olunması barədə qərarının qüvvəyə mindiyi gündən hesablanmalıdır. Göründüyü kimi, Təqsirləndirilən şəxs 20 may 2016-cı il tarixdən hazırki iş üzrə cinayət əməlini törətdiyi 09 fevral 2024-cü il tarixədək iki ildən artıq müddət keçdiyindən məhkumluğu ödənilmiş və götürülmüş olduğundan məhkumluğu olmayan şəxs hesab olunur. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi əməldən peşman olmasını, əvvəllər məhkumluğunun olmaması, himayəsində biri azyaşlı olmaqla, 2 övladının olmasını CM-nin 59.1.4 və 59.2-ci maddələrinə əsasən cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. CM-nin 52-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid edilmədən yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Azadlığın məhdudlaşdırılması cəzası altı aydan beş ilədək müddətə təyin edilir. 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanır. CPM-nin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə aşağıdakılar daxildir: 1-tutulduğu və həbsdə saxlanıldığı müddət, 2-ev dustaqlığında saxlanıldığı müddət, 3-məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət. Cəzaların İcrası Məcəlləsinin 8.1-ci maddəsinə əsasən məhkumların islah edilməsionlarda qanuna itaətin həvəsləndirilməsi, insana, cəmiyyətə, əməyə, birgəyaşayış qayda və ənənələrinə hörmət və ehtiramın formalaşdırılmasıdır. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamında qeyd olunan tövsiyələrdə ibtidai istintaq və məhkəmə icraatı zamanı böyük ictimai təhlükə törətməyən və az ağır cinayətlərə görə azadlıqdan məhrum etmənin dinamikasının artması məhkumların sayının çoxalmasına və penitensiar müəssisələrin yüklənməsinə səbəb olur. Məhkəmələr tərəfindən cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi öz əksini tapmışdır. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində CM ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 nömrəli Qərarına əsasən məhkəmələrə izah edilsin ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalıdır. Məhkəmə Hökmü haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarının 45-ci bəndinə əsasən məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. Məhkəmə ittiham və müdafiə tərəfini, şahidləri dinləyib, iş üzrə toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirlidir. Onun əməli istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması cəzasını təyin etməyi qanuni olmaqla, əsaslı və ədalətli hesab edir. Beləliklə, məhkəmə araşdırmanın yekunu olaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməli, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğu müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanaraq ona qəti olaraq cəza təyin edilməli, cəzasının əvvəli yaşayış yeri üzrə probasiya qurumunda qeydiyyata alındığı vaxtdan hesablanmalı, Təqsirləndirilən şəxs üzərinə cəza çəkdiyi müddətdə daimi yaşayış yerini hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin inzibati ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalı, Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə tətbiq olunmalı və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalı, iş üzrə maddi sübut kimi tanınmış və Suraxanı Rayon Polis İdarəsində saxlanılan, müvafiq ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,205 qram təşkil edən kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, iş üzrə maddi sübut kimi tanınmış 01 (bir) ədəd CD disk iş materiallarında saxlanılmalı, iş üzrə məhkəmə məsrəfi olaraq keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 81 (səksən bir) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Azərbaycan Respublikası CPM-nin 193.2 və 193.3-cü maddələrinə uyğun olaraq Təqsirləndirilən şəxs hüquqlarını məhkəmə istintaqı zamanı Vəkillər Kollegiyasının üzvü Müdafiəçi müdafiə etmişdir. Cinayət işinin materiallarında olan arayışdan müəyyən olunur ki, vəkil Müdafiəçi təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 10 (on) saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli, 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Buna görə də məhkəmə hesab edir ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs, məhkəmədə dövlət hesabına göstərdiyi pulsuz hüquqi yardıma görə 10 (on) iş saatı üçün 60 (altmış) manat məbləğində vəsait müdafiəçisi Bakı şəhəri 9 saylı vəkil bürosunun vəkili Müdafiəçi ödənilməsi üçün Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Bakı şəhəri 9 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs 09 fevral 2024-cü il tarixdən 11 fevral 2024-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablansın və ona qəti olaraq 02 (iki) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Cəzasının əvvəli yaşayış yeri üzrə probasiya qurumunda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə cəza çəkdiyi müddətdə daimi yaşayış yerini hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri hazırkı hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə tətbiq olunsun və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut qismində tanınmış və Suraxanı Rayon Polis İdarəsinin saxlanc yerində saxlanılan, müvafiq ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,205 qram təşkil edən, kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut qismində tanınmış 01 (bir) ədəd CD disk cinayət işi materiallarında saxlanılsın. İş üzrə məhkəmə məsrəfi olaraq keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 81 (səksən bir) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Vəkil Müdafiəçi Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsinə sərf etdiyi 10 (on) saata görə Azərbaycan Respublikasının dövlət büdcəsindən 60 (altmış) manat tutularaq 9 saylı Vəkil Bürosunun hesablaşma hesabına (VÖEN **********, h/h **********9212327214, BANK ABB Suraxanı filialı, SWİF+GODE GBAZAZ2X, müxbir hesabı **********031, kod 805692, VÖEN BANK **********) ödənilsin. Həmin məbləğin qanunla müəyyən edilmiş qaydada və miqdarda vəkil Müdafiəçi ödənilməsi 9 saylı Vəkil Bürosuna həvalə edilsin. İş üzrə mülki iddianın və xüsusi müsadirənin olmaması nəzərə alınsın. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, qanunda nəzərdə tutulmuş müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakim Pərviz Muradov
Məhkəmə qərarları › İş №1(010)-274/2024
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-274/2024
31.07.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver