Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-275/2021 14.10.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Nuriyev Elnur Aləm oğlunun sədrliyi, məhkəmə iclas katibi Nayıbov Pərviz Şakir oğlunun katibliyi, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində X2 üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, onun müdafiəçisi, Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, saat 10:15-də, Bakı şəhərində, Təqsirləndirilən şəxs, xx xxxx 1989-cu ildə Saatlı rayonunun Fətəlikənd kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, himayəsində biri azyaşlı ikisi isə yetkinlik yaşına çatmayan olmaqla üç uşağı olan, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Saatlı rayonunun Fətəlikənd kəndində qeydiyyatda olmaqla Bakı şəhəri, Sabunçu rayonu, Kalinin küçəsində nömrəsiz evdə yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs, ibtidai araşdırma orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə nəzərdə tutulmuş əməlin törədilməsində təqsirləndirilərək, məhkəməyə verilmişdir ondan ötrü ki, o, 17 may 2021-ci il tarixdə, saat 10 radələrində Abşeron rayonu, Xırdalan şəhərində yerləşən “Heydər Əliyev” adına istirahət parkında istintaqa məlum olmayan şəxsdən satış məqsədi ilə qanunsuz olaraq 06 ədəd kağız bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 1.471 qram, 1.387 qram, 1.506 qram, 1.177 qram, 1.590 qram, 1.022 qram, ümumi təmiz çəkisi 8.153 qram və 01 ədəd kibrit qutusunda təmiz çəkisi 1.983 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı 80 manata əldə edərək üzərində saxlamaqla Bakı şəhəri, Suraxanı rayonu, S.Bəhlülzadə küçəsinə daşımış, 17 may 2021-ci il tarixdə, saat 17 radələrində Bakı şəhəri, Suraxanı rayonu, S.Bəhlülzadə küçəsində 01 ədəd kibrit qutusunda təmiz çəkisi 1.983 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı 80 manata Şahid1 satmış, 17 may 2021-ci il tarixdə, saat 17 radələrində həmin ünvanda Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin, Cinayət Axtarış Şöbəsinin əməkdaşları tərəfindən saxlanılaraq Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin inzibati binasına gətirilmiş və orada videoçəkilişdən istifadə olunmaqla polis əməkdaşları və müdafiəçisinin iştirakı ilə onun üzərinə şəxsi axtarış aparılan zaman əynində olan göy rəngli cins şalvarın sağ ön cibindən içərisində 06 ədəd kağız bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 1.471 qram, 1.387 qram, 1.506 qram, 1.177 qram, 1.590 qram, 1.022 qram, ümumi təmiz çəkisi 8.153 qram bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana olan siqaret qutusu aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona istinad edilən əməli törətməkdə özünü qismən təqsirli bilərək göstərdi ki, təxminən 5-6 ildir narkotik maddə olan marixuananı çəkmək yolu ilə istifadə edir. 17 may 2021-ci il tarixdə, səhər saat 10 radələrində Abşeron rayonu, Xırdalan şəhərində yerləşən “Heydər Əliyev” adına istirahət parkında Tofiq adlı şəxsdən 80 manata şəxsi istifadəsi üçün 06 ədəd kağız bükümündə marixuana almışdır. Habelə dostu Nicat ondan, onun üçün marixuana almasını xahiş etdiyindən həmin vaxt Tofiqə əlavə 80 manat verərək ayrıca bir ədəd kibrit qusutunda Nicat üçün də marixuana almışdır. Həmin günü, saat 17 radələrində yaşadığı Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, S.Bəhlülzadə küçəsində dostu Nicat, tanışları Vüqar və Cavidlə görüşmüş, içərisində marixuana olan kibrit qutusunu Vüqar və Cavidin xəbəri olmadan Nicata vermişdir. Bir qədər keçmiş mülki geyimdə olan şəxslər yaxınlaşıb özlərini təqdim edərək polis əməkdaşları olduqlarını, qanunsuz olaraq narkotik vasitələrin saxlanılmasında, gəzdirilməsində və istifadəsində şübhəli olduqlarını bildirib onları, Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinə dəvət etmişlər. Etiraz etmədən polis əməkdaşları ilə birlikdə həmin polis idarəsinə getmişlər. Orada xidməti otaqların birində müdafiəçisinin iştirakı ilə videoçəkilişdən istifadə edilməklə, onun üzərinə baxış keçiriləcəyi bildirilmiş və bununla əlaqədar üzərində olan dövriyyəsi qanunla qadağan edilmiş əşyaları təqdim etmək təklif olunmuşdur. Buna görə də o, əynindəki şalvarın sağ yan cibində saxladığı 06 ədəd bükümü polis əməkdaşlarına təqdim etmiş və bildirmişdir ki, həmin bükümlərdə olan kütlə narkotik vasitə marixuanadır, onları saxlanılmamışdan bir müddət əvvəl Abşeron rayonu, Xırdalan şəhərində yerləşən “Heydər Əliyev” adına istirahət parkında Tofiq adlı şəxsdən 80 manata şəxsi istifadəsi üçün almışdır. Həmin bükümlərdəki narkotik vasitə polis əməkdaşları tərəfindən qablaşdırılaraq, götürülmüş və baxışın nəticələrinə dair protokol tərtib edilmiş, protokol onun və digər proses iştirakçıları tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs məhkəmə iclasında ona verilən suallara cavab olaraq həmçinin bildirdi ki, narkotik maddə marixuana aludəçisi olsa da, nheç vaxt onların satışı ilə məşğul olmamışdır. Yalnız bir dəfə özünə marixuana alarkən dostu Nicata da almışdır. Belə ki, Nicat özü ona pul verib onun üçündə marixuana almasını xahiş etmişdir. Narkotik vasitələri o, elə üzərində aşkar edildiyi qaydada bükümlərdə almış və istifadə etməsi üçün rahat olsun deyə elə həmin bükümlərdə də saxlamışdır. Saxlanılıb polis idarəsinə gətirilərkən, habelə üzərində axtarış aparılan zaman ona qarşı hər hansı bir təsir, təzyiq və ya zor tətbiq olunmamışdır. Sonda Təqsirləndirilən şəxs məhkəmədən əməlinin Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsindən, həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif edilməsini, habelə həmin əməlindən səmimi peşman olduğunun, ilk dəfə cinayət törətdiyini, himayəsində üç yetkinlik yaşına çatmayan uşağının olmasının, cəzasını ağırlaşdıran halların olmamasının nəzərə alınaraq barəsində ədalətli cəza təyin edilməsini xahiş etdi. Məhkəmə dövlət ittihamçısını, təqsirləndirilən şəxsi, onun müdafiəçisini və şahidləri dinləyərək, habelə iş materiallarını tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməl Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə düzgün tövsif olunmamışdır və Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə deyil, 234.1-ci maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətməsində təqsiri, özünün qismən etirafedici ifadəsi ilə yanaşı, aşağıda göstərilən digər sübutlarla da təsdiq edilir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, bir müddətdir narkotik vasitə olan marixuananı çəkmək yolu ilə istehlak edir. Tehran onun dostudur, onunla bir məhlədə yaşayır. Tehran da narkotik vasitə aludəçisidir və onlar, istifadə etdiklərini marixuananı Xırdalan şəhərindən 3-4 ildir tanıdığı Tofiq adlı şəxsdən almışlar. Tofiq adlı şəxsi Tehran da tanıdığına görə sonuncuya pul verib, özünə narkotik vasitə almağa gedərkən onun üçün də marixuana alması xahiş etmişdir. 17 may 2021-ci il tarixdə, saat 16 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, Səttar Bəhlulzadə küçəsində Tehranla görüşmüş, həmin vaxt onların yanında adlarını sonradan bildiyi Vüqar və Cavid adlı tanımadığı şəxslər də olmuşdur. Tehrandan onun üçün aldığı marixuananı götürdükdən sonra küçədə dayanıb söhbət etdikləri zaman mülki geyimdə olan şəxslər yaxınlaşıb özlərini Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin əməkdaşları kimi təqdim edib onlara qanunsuz olaraq narkotik vasitələrin əldə edilməsində, saxlanmasında və istifadə edilməsində şübhəli olduqlarını bildirib onları Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinə aparmışlar. Orada xidməti otaqların birində müdafiəçisinin iştirakı ilə videoçəkilişdən istifadə edilməklə, onun üzərinə baxış keçiriləcəyi bildirilmiş və bununla əlaqədar üzərində olan dövriyyəsi qanunla qadağan edilmiş əşyaları təqdim etmək təklif olunmuşdur. Buna görə də o, əynindəki şalvarın sağ yan cibində saxladığı 01 ədəd kibrit qutusunu polis əməkdaşlarına təqdim etmiş və həmin vaxt həyacanlı olduğundan, eyni zamanda fiziki zora məruz qalacağından ehtiyyat etdiyinə görə polis əməkdaşlarına, təqdim etdiyi qutunun içərisində narkotik vasitə marixuana olduğunu, onu saxlanılmamışdan bir müddət əvvəl dostu Tehrandan 80 manata şəxsi istifadəsi üçün aldığını demişdir. Halbuki həmin marixuananı o, Tehrandan satın almamış, özü Tehrana pul verib ona da marixuana almasını xahiş etmişdir. Həmin qutudakı marixuana polis əməkdaşları tərəfindən qablaşdırılaraq, götürülmüş və baxışın nəticələrinə dair protokol tərtib edilmiş, protokol onun və digər proses iştirakçıları tərəfindən imzalanmışdır. Üzərindən aşkar edilmiş marixuana şəxsi istehlak miqdarında olduğundan onun barəsində cinayət işinin icraatına xitam verilmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin Cinayət Axtarış Şöbəsinin kiçik inspektoru Şahid3 ifadəsində göstərdi ki, 17 may 2021-ci il tarixdə Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin Cinayət Axtarış Şöbəsinə etimad doğuran, qərəzsis mənbədən “Nicat” adlı şəxsin Bakı şəhəri, Suraxanı rayonunun inzibati ərazisində narkotik vasitlərin qanunsuz dövriyyəsi ilə məşğul olması, saxlaması və daşıması barədə əməliyyat məlumatı daxil olmuşdur. “Nicat” adlı şəxsin cinayətkar əməllərinin ifşa edilməsi və onun cinayət törədərkən tutulması məqsədi ilə qanunla müəyyən edilmiş əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi zərurəti yarandığından daxil olmuş əməliyyat məlumatı raportla Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin rəisinə məruzə edilmişdir. Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin rəisi tərəfindən əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi məqsədi ilə qərar təsdiq edilmiş, eyni zamanda əməliyyat qrupunun tərkibi müəyyən edilmişdir. Belə ki, yaradılmış əməliyyat qrupuna o, Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin Cinayət Axtarış Şöbəsinin əməliyyat müvəkkilləri Şahid2 və Şahid4 daxil edilmişdir. Qrup üzvləri əməliyyat marağı kəsb edən “Nicat” adlı şəxs barəsində təlimatlandırıldıqdan sonra sonuncunun daha çox göründüyü Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, S.Bəhlulzadə küçəsində onlar tərəfindən əməliyyat mövqeyi qurulmuşdur. 17 may 2021-ci il tarixdə, saat 17 radələrində qeyd edilən ünvanda 04 nəfər cavan oğlanın bir yerdə olduqlarını, həmin şəxslərin arasında əlamətləri “Nicat” adlı şəxsin əlaməltəri ilə eyni olan şəxsi də görüb onlara yaxınlaşmışlar, özlərini təqdim edərək polis əməkdaşları olduqlarını, qanunsuz olaraq narkotik vasitələrin saxlanılmasında, gəzdirilməsində və istifadəsində şübhəli olduqlarını bildirib həmin 04 nəfər şəxsi, Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinə dəvət etmişlər. Həmin şəxslər də etiraz etmədən onlarla polis idarəsinə getmişlər. Polis idarəsində həmin şəxslərin X7, X6, Təqsirləndirilən şəxs və Şahid1 olduqları müəyyən edildikdən sonra ilk növbədə X5, daha sonra isə X3 üzərinə şəxsi axtarış aparıldığı üçün onlara şəxsi axtarış aparılmanın səbəbi izah edilmiş, habelə hüquqlarını müdafiə etmək məqsədi ilə polis idarəsinə dövlət hesabına müdafiəçi dəvət edilmişdir. Şəxsi axtarış iştirakçılarına hüquq və vəzifələri izah edildikdən sonra videoçəklişdən istifadə edilməklə şəxsi axtarışa başlanmış, şəxsi axtarış zamanı C.İ.Əliyevin və V.E.Həsənovun üzərindən qanunla dövriyyəsi qadağan edilən əşya və hər hansı bir maddə aşkar olunmamışdır. Bununla bağlı protokol tərtib edilmiş və şəxsi axtarışda iştirak edən şəxslər protokolla tanış edildikdən sonra protokola imza etmişlər. Şəxsi axtarış daha sonra Təqsirləndirilən şəxs və Şahid1 üzərinə keçirildiyi üçün onlara da şəxsi axtarışın aparılma səbəbi izah edilmiş və onların da hüquqlarını müdafiə etmək məqsədi ilə polis idarəsinə dövlət hesabına müdafiəçi dəvət edilmişdir. Şəxsi axtarış iştirakçılarına hüquq və vəzifələri izah edildikdən sonra müdafiəçilərinin iştirakı ilə videoçəkilişdən istifadə edilməklə, üzərlərinə baxış keçiriləcəyi bildirilmiş və bununla əlaqədar üzərlərində olan dövriyyəsi qanunla qadağan edilmiş əşyaları təqdim etmək təklif olunmuşdur. Buna görə də Təqsirləndirilən şəxs əynində olan şalvarın sağ yan cibində saxladığı içərisində 06 büküm olan siqaret qutusunu təqdim etmiş və bildirmişdir ki, həmin bükümlərdə olan maddə, narkotik vasitə marixuanadır, onları saxlanılmamışdan bir müddət əvvəl Abşeron rayonu, Xırdalan şəhərində yerləşən “Heydər Əliyev” adına istirahət parkında Tofiq adlı şəxsdən 80 manata şəxsi istifadəsi üçün almışdır. Şahid1 isə öz növbəsində əynindəki şalvarın sağ yan cibində saxladığı 01 ədəd kibrit qutusunu təqdim etmiş və bildirmişdir ki, təqdim etdiyi qutunun içərisində narkotik vasitə marixuana var, onu saxlanılmamışdan bir müddət əvvəl dostu Tehrandan 80 manata şəxsi istifadəsi üçün almışdır. Həmin 06 bükümdə və 01 ədəd kibrit qutusunda olan narkotik vasitə marixuana qablaşdırılaraq, götürülmüş və baxışın nəticələrinə dair protokol tərtib edilmişdir. Protokol Təqsirləndirilən şəxs, Şahid1, habelə bütün proses iştirakçıları tərəfindən imzalanmışdır. Saxlanılıb polis bölməsinə gətirilərkən, habelə üzərlərində axtarış həyata keçirilən zaman C.İ.Əliyevə, V.E.Həsənova, Təqsirləndirilən şəxs və Şahid1 qarşı hər hansı bir təsir, təzyiq və ya zor tətbiq olunmamışdır. Məhkəmədə şahid qismində dindirilmiş Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin Cinayət Axtarış Şöbəsinin kiçik inspektoru Şahid4, Şahid3 ifadəsi ilə eyni məzmunlu ifadə verdi. Şahid Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin Cinayət Axtarış Şöbəsinin əməliyyat müvəkkili Şahid2 ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan olunmuş ifadəsindən görünür ki, o, şahidlər Şahid3 və Şahid4 ifadəsi ilə eynu məzmunlu ifadə vermişdir. İş materiallarında olan şəxsi axtarış və götürülmə aparılması barədə 17 may 2021-ci il tarixli protokollardan görünür ki, Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin inzibati binasında, müdafiəçilərnin iştirakı ilə, videoçəkilişdən istifadə edilməklə polis əməkdaşları tərəfindən X5 və X3 üzərlərində axtarış aparılmış, lakin dövriyyəsi qanunla qadağan olunmuş hər hansı bir əşya aşkar olunmamışdır. İş materiallarında olan şəxsi axtarış və götürülmə aparılması barədə 17 may 2021-ci il tarixli protokollardan görünür ki, Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin inzibati binasında, müdafiəçinin iştirakı ilə, videoçəkilişdən istifadə edilməklə polis əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs və Şahid1, üzərlərinə şəxsi axtarış və götürülmə keçiriləcəyi bildirilmiş və bununla əlaqədar üzərində olan dövriyyəsi qadağan olunmuş əşyaları təqdim etmək təklif olunmuşdur. Buna görə də Təqsirləndirilən şəxs əynində olan şalvarın sağ yan cibində saxladığı, içərisində 06 büküm olan siqaret qutusunu polis əməkdaşlarına təqdim etmiş və bildirmişdir ki, həmin bükümlərdə olan maddə, narkotik vasitə marixuanadır, onları saxlanılmamışdan bir müddət əvvəl Abşeron rayonu, Xırdalan şəhərində yerləşən “Heydər Əliyev” adına istirahət parkında Tofiq adlı şəxsdən 80 manata şəxsi istifadəsi üçün almışdır. Şahid1 isə öz növbəsində əynindəki şalvarın sağ yan cibində saxladığı 01 ədəd kibrit qutusunu təqdim etmiş və bildirmişdir ki, təqdim etdiyi qutunun içərisində narkotik vasitə marixuana var, onu saxlanılmamışdan bir müddət əvvəl dostu Tehrandan 80 manata şəxsi istifadəsi üçün almışdır. Həmin 06 bükümdə və 01 ədəd kibrit qutusunda olan narkotik vasitə marixuana qablaşdırılaraq, götürülmüş və baxışın nəticələrinə dair protokol tərtib edilmişdir. İş materiallarında olan məhkəmə bioloji ekspertizasının 18 may 2021-ci il tarixli, 7/468 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs götürülmüş, ayrı-ayrılıqda təmiz çəkiləri 1.471 qram, 1.387 qram, 1.506 qram, 1.177 qram, 1.590 qram və 1.022 qram, ümumi çəkisi 8.153 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Ümumi təmiz çəkisi 8.153 qram olan marixuananın 0.12 qram hissəsi (hər obyektdən 0.02) tədqiqata sərf olunmuş, qalıq 8.033 qram təşkil etmişdir. İş materiallarında olan məhkəmə bioloji ekspertizasının 18 may 2021-ci il tarixli, 7/467 saylı rəyindən görünür ki, Şahid1 götürülmüş təmiz çəkisi 1.983 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Təmiz çəkisi 1.983 qram olan marixuananın 0.02 qram hissəsi tədqiqata sərf olunmuş, qalıq 1.963 qram təşkil etmişdir. İş materiallarında olan 19 may 2021-ci il tarixli qərardan görünür ki, Şahid1 götürülmüş təmiz çəkisi 1.983 qram olan bitki mənşəli kütlələr, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana şəxsi istehlak miqdarından artıq olmadığından Şahid1 barəsində şübəli şəxsin statusuna xitam verilmiş və o, dərhal X4 azad edilmişdir. İş materiallarında olan baxış aparılması haqqında 20 may 2021-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Kalinin küçəsindəki nömrəsiz evə baxış keçirilmişdir. Baxış zamanı iş üçün əhəmiyyət kəsb edən hər hansı bir əşya və ya dövriyyəsi qanunla qadağan olunmuş maddə aşkar edilməmişdir. İş materiallarında olan ambulator məcburi-narkoloji tibbi yoxlamanın 04 iyun 2021-ci il tarixli, 1735 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs çətənə bitkisi preparatlarından sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Lakin, hal-hazırda abstinensiya, intoksikasiya əlamətlərinin olmasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətinin olması ilə əlaqədar olaraq, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan diskə baxış keçirilməsi haqqında 12 avqust 2021-ci il tarixli protokollardan, onlara əlavə edilmiş fotoşəkillərdən, habelə iş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş DVD diskdədki video görüntülərdən görünür ki, Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin inzibati binasında, ayrı-ayrılıqda müdafiəçlərinin iştirakı ilə polis əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs və Şahid1, üzərlərinə şəxsi axtarış və götürmə keçiriləcəyi bildirilir və bununla əlaqədar üzərlərində olan dövriyyəsi qadağan olunmuş əşyaları təqdim etmək təklif olunur. Əvvəlcə Təqsirləndirilən şəxs əynində olan şalvarın sağ yan cibində saxladığı, içərisində 06 büküm olan siqaret qutusunu polis əməkdaşlarına təqdim edir və bildirir ki, həmin bükümlərdə olan maddə, narkotik vasitə marixuanadır, onları saxlanılmamışdan bir müddət əvvəl Abşeron rayonu, Xırdalan şəhərində yerləşən “Heydər Əliyev” adına istirahət parkında Tofiq adlı şəxsdən 80 manata şəxsi istifadəsi üçün almışdır. Şahid1 isə öz növbəsində əynindəki şalvarın sağ yan cibində saxladığı 01 ədəd kibrit qutusunu təqdim edir və bildirir ki, təqdim etdiyi qutunun içərisində narkotik vasitə marixuana var, onu saxlanılmamışdan bir müddət əvvəl dostu Tehrandan 80 manata şəxsi istifadəsi üçün almışdır. Həmin 06 bükümdə və 01 ədəd kibrit qutusunda olan narkotik vasitə marixuana qablaşdırılaraq, götürülmüş və baxışın nəticələrinə dair protokol tərtib edilmişdir. İş materiallarında olan məhkəmə bioloji ekspertizasının 17 avqust 2021-ci il tarixli, 7/746 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş Təqsirləndirilən şəxs götürülmüş 06 ədəd bükümdə marixuana öz aralarında tərkiblərinə görə eynilik təşkil edir. Tədqiqata təqdim edilmiş Şahid1 götürülmüş 01 ədəd kibrit qutusunda olan marixuana Təqsirləndirilən şəxs götürülmüş 06 ədəd bükümdə marixuana ilə tərkiblərinə görə eynilik təşkil edir. Ümumi təmiz çəkisi 9.996 qram olan marixuananın 0.21 qram hissəsi (hər obyektdən 0.03) tədqiqata sərf olunmuş, qalıq 9.786 qram təşkil etmişdir. İş materiallarında olan sübutların qiymətləndirilməsi haqında 23 avqust 2021-ci il tarixli qərardan görünür ki, X5 və X3 barələrində Azərbaycan Respublikası CM-nin 234.1ci maddəsi ilə cinayət təqibi üzrə icraata xitam verilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 131-ci maddəsinin 1-ci hissəsinə və “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 79-cu maddəsinə əsasən Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumu məhkəmə təcrübəsinə dair məsələlər üzrə məhkəmələrə izahlar verir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli qərarının 9-cu bəndində məhkəmələrə izah olunmuşdur ki, Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Cinayət işinin məhkəmədə baxılması zamanı isə Təqsirləndirilən şəxs tərəfindən istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitələrin hazırlanması üçün avadanlığın olması, yəni təqsirləndirilən şəxsin üzərindən aşkar edilmiş, ümumi 8.153 qram çəkidə narkotik vasitə hesab olunan qurudulmuş marixuananı satış məqsədi ilə qanunsuz olaraq əldə etməsi və ya saxlaması nə işdə olan sübutlarla, nədəki şahid ifadələri ilə öz təsdiqini tapmamışdır. Belə ki, iş materiallarında olan cinayət işinin başlanılması və icraata qəbul edilməsi haqqında, Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin Təhqiqat Şöbəsinin təhqiqatçısı Suad Həmzəyevin 18 may 2021-ci il tarixli qərarından, habelə cinayət işinin tövsif edilməsi haqqında Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin İstintaq Şöbəsinin müstəntiqi Cavid İsgəndərovun 19 may 2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən, satış məqsədi olmadan qanunsuz olaraq, şəxsi istehlak miqdarından artıq miqdarda ümumi təmiz çəkisi 8.153 qram çəkidə narkotik vasitə hesab olunan qurudulmuş marixuananı əldə edib daşıyaraq üstündə saxladığına görə 17 may 2021-ci il tarixdə Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin Cinayət Aaxtarış Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi S.Bəhlülzadə küçəsində saxlanılaraq, Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinə gətirilərək xidməti otaqların birində videoçəkilişdən istifadə edilməklə üzərinə şəxsi axtarış və götürülmə keçirilən zaman əynində olan göy rəngli cins şalvarının sağ yan cibində bir ədəd siqaret qutusunun içərisində olan 06 ədəd kağıza bükülmüş halda narkotik vasitə qurudulmuş marixuananın aşkar edilərək götürülməsi faktı ilə əlaqədar olaraq Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin Təhqiqat Şöbəsinin təhqiqatçısı Suad Həmzəyev tərəfindən Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə ********* saylı cinayət işi başlanılmış, müvafiq prosessual hərəkətləri həyata keçirildikdən sonra 18 may 2021-ci il tarixli qərarla cinayət işi istintaqın davam etdirilməsi üçün istintaq aidiyyəti üzrə Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilmiş, sonradan hər hansı bir mötəbər sübut və ya dəlil olmadan Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin İstintaq Şöbəsinin müstəntiqi Cavid İskəndərov qəbul etdiyi 19 may 2021-ci il tarixli qərarında Təqsirləndirilən şəxs qeyd edilən narkotik vasitəni satış məqsədi ilə qanunsuz olaraq əldə etdiyi qənaətinə gələrək, lakin belə bir nəticəyə gəlməsinin səbəbini öz qərarında əsaslandırmadan, sadəcə olaraq ümumi şablon ifadələrlə həmin cinayət işi üzrə təqsirləndirilən şəxsin əməlini Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsindən həmin Məcəllənin 234.2-ci maddəsinə tövsif etmişdir. İbtidai istintaqın həmin mərhələsində əldə edilmiş sübutların (şəxsi axtarış və götürmə aparılması haqqında protokollar, onlara əlavə edilmiş DVD disklər, X5, X3, Təqsirləndirilən şəxs və Şahid1 şübhəli şəxs qismində ifadələri və ekspertiza rəyləri) məcmusuna nəzər yetirdikdə müəyyən olunur ki, Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin İstintaq Şöbəsinin müstəntiqi Cavid İskəndərov, Təqsirləndirilən şəxs narkotik vasitələri satmaq niyyətində olmasını müəyyən edərkən məhz narkotik vasitələrin bükümlərinin sayını (06 büküm) və Şahid1 ilkin izahatını əsas götürmüşdür. Lakin Şahid1 məhkəmə iclasında verdiyi ifadəsində içərisində narkotik vasitə marixuana olan 01 ədəd kibrit qutusunu polis əməkdaşlarına təqdim edərkən həyacanlı olduğundan, eyni zamanda fiziki zora məruz qalacağından ehtiyyat etdiyinə görə onu saxlanılmamışdan bir müddət əvvəl dostu Tehrandan 80 manata şəxsi istifadəsi üçün aldığını, əslində həmin marixuananı Tehrandan satın almadığını, özü Tehrana pul verib ona da marixuana almasını xahiş etdiyini bildirmişdir. İbtidai araşdırmanın ilkin mərhələsində Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitələrin 06 ədəd bükümdə olması və şübhəli şəxs qismində dindirilmiş Şahid1 ilkin izahatı həmin vaxt Təqsirləndirilən şəxs narkotik vasitələri satış məqsədi ilə əldə etməsi təəssüratı yaratsa da, hal-hazırda Şahid1 məhkəmə iclasında verdiyi izahatı Təqsirləndirilən şəxs narkotik vasitəni satış məqsədi ilə əldə etməsinə dəlalət edən ilkin sübutların məcmusunu əhəmiyyətli dərəcədə zəiflədir. Cinayət işinin materiallarından həmçinin müəyyən olunur ki, 20 may 2021-ci il tarixdə polis əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Kalinin küçəsindəki nömrəsiz evə baxış keçirilmiş və baxış zamanı iş üçün əhəmiyyət kəsb edən hər hansı bir əşya və ya dövriyyəsi qanunla qadağan olunmuş maddə aşkar edilməmiş, Təqsirləndirilən şəxs xeyrinə təfsir edilə biləcək həmin istintaq hərəkəti Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinə tövsif edildikdən sonra həyata keçirilmişdir. Buna münasibətdə məhkəmə hesab edir ki, yaşadığı evdən iş üçün əhəmiyyət kəsb edən hər hansı bir əşya və ya dövriyyəsi qanunla qadağan olunmuş maddənin, o cümlədən təqsirləndirilən şəxsin narkotik vasitələri satmaq niyyətində olmasını müəyyən etməyə kömək edən başqa sübutların (digər narkotik vasitə və ya psixotrop maddə və yaxud üzərindən aşkar edilmiş narkotik vasitənin eynisi, ən azından onların hər hansı bir formada qalıqları, habelə narkotik vasitələrin hazırlanması üçün avadanlıq) olmaması Təqsirləndirilən şəxs 06 ədəd bükümdə olan marixuananı məhz satış məqsədi ilə əldə etməsini şübhə altına alır. Halbuki, təqsirləndirilən şəxs istər şübhəli və ya təqsirləndirilən şəxs qismində ibtidai araşdırma zamanı verdiyi izahatlarında, istərsə də məhkəmə iclasında verdiyi izahatında narkotik vasitələri elə üzərində aşkar edildiyi qaydada bükümlərdə aldığını, rahat istifadə edə bilməsi üçün elə həmin bükümlərdə də üzərində saxladığını bildirmişdir. Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin İstintaq Şöbəsinin müstəntiqi Cavid İskəndərov isə Təqsirləndirilən şəxs yuxarıda qeyd edilən izahatını özünü müdafiə kimi qiymətləndirilmiş və özünü müdafiə üçün gətirmiş olduğu dəlillər cinayət işi üzrə təqsirləndirilən şəxsin vəsatətləri kimi qəbul edərək rədd etmiş, bununla da cinayət işi üzrə toplanmış sübutların məcmusunu hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanan öz daxili inamına görə qiymətləndirməmiş, ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan və təqsirləndirilən şəxsin xeyrinə həll edilməli olan şübhələri təqsirləndirilən şəxsin xeyrinə təfsir etmək əvəzinə, ziyanına təfsir etmişdir. Belə olan halda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs narkotik vasitə qurudulmuş marixuananın satış ilə əlaqədar istehlakçı ilə əvvəlcədən razılıq əldə etməsinə, narkotik vasitələrin hazırlanması üçün avadanlığın olmasına dair hər hansı bir mötəbər sübut olmadığı, yəni Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.2ci maddəsi ilə nəzərədə tutulmuş cinayət əməlində təqsirli olması, işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər və təkzib edilməz sübutların məcmusu ilə təsdiq olunmadığı halda, sadəcə olaraq narkotik vasitə 06 ədəd bükümdə olması Təqsirləndirilən şəxs əməlinin Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsindən həmin Məcəllənin 234.2-ci maddəsinə tövsif edilməsinə əsas hesab edilə bilməz. Beləliklə cinayət işinə məhkəmədə baxıldığı zaman Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin İstintaq Şöbəsinin müstəntiqi Cavid İskəndərovun iş üzrə toplanmış sübutların məcmusunu hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanan öz daxili inamına görə qiymətləndirmədən formal mülahizələrə əsaslanaraq, Təqsirləndirilən şəxs əməlini Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsindən həmin Məcəllənin 234.2-ci maddəsinə tövsif etdiyi müəyyən edilmişdir. Azərbaycan Respublikası CPM-nin 21.2-ci maddəsinə görə həmin Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Həmin Məcəllənin 21.3-cü maddəsinə əsasən cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Həmin Məcəllənin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası CPM-nin 145.3-cü maddəsinə görə ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Həmin Məcəllənin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda məhkəmənin hökmü əsaslı hesab edilir. Azərbaycan Respublikası CPM-nin 318.1-ci maddəsinə görə məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Bununla əlaqədar məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif edilməlidir. Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli, 961-İİQ saylı Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının” İ siyahısının 12-ci bəndinin “a” yarımbəndinin tələbinə görə qurudulmuş marixuananın şəxsi istehlak miqdarından artıq miqdar (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 5 qram, külli miqdar (təmiz halda qramlarla) daxil olmaqla aşağı həddi 500 qramdır. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli, 959-İİQ nömrəli Qanununun 1.0.8, 1.0.9 və 1.0.10-cu maddələrinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş və narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması - məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli, 2 nömrəli Qərarının 4-cü bəndinə görə törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür. Həmin Qərarın 5-ci bəndinə görə təqsirli şəxsin narkotik vasitələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. Cəza təyin edərkən məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, əvəllər məhkum olunmamasını, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Törətdiyi əməldən səmimi peşman olmasını və himayəsində biri azyaşlı ikisi isə yetkinlik yaşına çatmayan olmaqla üç uşağının olmasını məhkəmə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar hesab edir. İş üzrə Təqsirləndirilən şəxs təyin edilən cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 4 saylı Qərarının 3-cü bəndində göstərilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. “Məhkəmə Hökmü Haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 27 dekabr 1996-cı il tarixli 4 saylı qərarının, 13-cü bəndində qeyd olunmuşdur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin etmək hallarına yol verməməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən onun barəsində işdə olan və ayrı-ayrılıqda yuxarıda sadalanan cəzasını yüngülləşdirən halların olub, cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alaraq, eləcə də təqsirləndirilən şəxsin azadlıqdan məhrum etmə növündə cəza çəkmədən islah olunmasını mümkün sayaraq, hesab edir ki, ona azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunduğu təqdirdə də cəzanın məqsədləri təmin edilə bilər. Bununla əlaqədar məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum edilməklə cəmiyyətdən tam təcrid edilməsinə əsaslar müəyyən edilmədiyinə görə təqsirləndirilən şəxs barəsində azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməlidir. Bundan başqa, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanır. İş materiallarında olan şübhəli şəxsin tutulması haqqında 17 may 2021-ci il tarixli protokoldan, təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında 19 may 2021-ci il tarixli qərardan, habelə Bakı şəhəri Suraxanı rayon prokurorunun vəsatətin müdafiə edilməsindən imtina haqqında 19 may 2021-ci il tarixli qərarından və Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin İstintaq Şöbəsinin müstəntiqinin qətimkan tədbirinin seçilməsi haqqında eyni tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs 17 may 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 19 may 2021-ci il tarixdə təqsirləndirilən şəxs qismindən cəlb edilərək ona Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə ittiham elan edilmiş, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsi barədə vəsatətin müdafiə edilməsindən imtina edilərək qərarın surəti şəxsin azad olunması üçün Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilmiş və bundan sonra Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası CPM-nin 158.2 və 158.2.1-ci maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan hesablanır və tutulduğu müddət həbsdə saxlama müddətinə daxil edilir. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı 17 may 2021-ci il tarixdən 19 may 2021-ci il tarixədək tutulduğu 02 gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanaraq, 04 gün azadlığın məhdudlaşdırılmasına bərabər tutulmaqla təyin olunmuş cəzadan çıxılmalı və Təqsirləndirilən şəxs üzərində qəti olaraq, müəyyən müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmalıdır. Bundan başqa, Azərbaycan Respublikası CM-nin 52-1.1-ci maddəsinə əsasən, azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs barəsində təyin edilən cəzanın növünü və onun barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin seçilməsinə əsas olmuş halların aradan qalxmamasını nəzərə alaraq hesab edir ki, hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilmədən saxlanılmalıdır. Bundan başqa, məhkəmə hesab edir ki, ambulator məcburi-narkoloji tibbi yoxlamanın rəyinə əsasən Təqsirləndirilən şəxs hal-hazırda abstinensiya, intoksikasiya əlamətləri olduğundan, həmçinin onun öz vəziyyətinə tənqidi münasibətinin olması ilə əlaqədar olaraq Təqsirləndirilən şəxs narkomaniyadan müalicə növündə tibbi xarakterli məcburi tədbirin təyin edilməsinə zərurət yoxdur, lakin o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Həmçinin məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinə əsasən, iş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin maddi sübutların saxlanılması anbarında saxlanılan, xalis çəkisi 9.786 qram olan narkotik vasitə - qurudulmuş marixuana məhv edilməlidir. Habelə məhkəmə 18 may 2021-ci il tarixli, 7/468 saylı məhkəmə bioloji ekspertizası ilə Təqsirləndirilən şəxs, 18 may 2021-ci il tarixli, 7/467 saylı məhkəmə bioloji ekspertizası ilə Şahid1 götürülmüş narkotik vasitə qurudulmuş marixuanaların, 17 avqust 2021-ci il tarixli, 7/746 saylı məhkəmə bioloji ekspertizası ilə isə Təqsirləndirilən şəxs və Şahid1 götürülmüş narkotik vasitələrin ümumi tədqiqatının aparıldığını nəzərə alaraq hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 197.1, 197.1.4 və 198.1-ci maddələrinə əsasən iş üzrə 18 may 2021-ci il tarixli, 7/468 saylı məhkəmə-bioloji ekspertizasının keçirilməsinə xərclənmiş 72 (yetmiş iki) manat məbləğində vəsaitin tam həcmi, 17 avqust 2021-ci il tarixli, 7/746 saylı məhkəmə-bioloji ekspertizasının keçirilməsinə xərclənmiş 88 (səksən səkkiz) manat 70 (yetmiş) qəpik manat məbləğində vəsaitin yarısı 44 (qırx dörd) manat 35 (otuz beş) qəpik, ümumilikdə isə 116 (yüz on altı) manat 35 (otuz beş) qəpik məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs dövlət nəfinə tutulmalıdır. Bundan əlavə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsinə zərurəti yoxdur. Məhkəmə məsrəfləri ilə bağlı əlavə olaraq məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli, 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmədə göstərdiyi pulsuz hüquqi yardıma görə 10 (on) iş saatı üçün 60 (altmış) manat məbləğində vəsait müdafiəçisi Bakı şəhəri 9 saylı vəkil bürosunun vəkili Müdafiəçi ödənilməsi üçün Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Bakı şəhəri 9 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 346, 347, 349, 351-353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona, 02 (iki) il 09 (doqquz) ay müddətinə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilsin. Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı 17 may 2021-ci il tarixdən 19 may 2021-ci il tarixədək tutulduğu 02 (iki) gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanaraq, Təqsirləndirilən şəxs təyin edilən 02 (iki) il 09 (doqquz) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasından 04 (dörd) gün çıxılsın və Təqsirləndirilən şəxs çəkilməsi üçün qəti olaraq, 02 (iki) il 08 (səkkiz) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası müəyyən edilsin. Təqsirləndirilən şəxs üzərinə hər gün saat 23:30-dan növbəti gün saat 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin və Abşeron rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs üzərində nəzarətin həyata keçirilməsi Bakı şəhəri Probasiya İdarəsinə həvalə edilsin. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri qüvvəsində saxlanılsın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə 18 may 2021-ci il tarixli, 7/468 saylı məhkəmə-bioloji ekspertizasının keçirilməsinə xərclənmiş 72 (yetmiş iki) manat məbləğində vəsaitin tam həcmi, 17 avqust 2021-ci il tarixli, 7/746 saylı məhkəmə-bioloji ekspertizasının keçirilməsinə xərclənmiş 88 (səksən səkkiz) manat 70 (yetmiş) qəpik manat məbləğində vəsaitin yarısı 44 (qırx dörd) manat 35 (otuz beş) qəpik, ümumilikdə isə 116 (yüz on altı) manat 35 (otuz beş) qəpik məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs dövlət nəfinə tutulsun. İş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin maddi sübutların saxlanc yerinə təhvil verilmiş, xalis çəkisi 9.786 qram olan narkotik vasitə - qurudulmuş marixuana məhv edilsin. Təqsirləndirilən şəxs məhkəmədə göstərdiyi pulsuz hüquqi yardıma görə 10 (on) iş saatı üçün 60 (altmış) manat məbləğində vəsait müdafiəçisi Bakı şəhəri 9 saylı vəkil bürosunun vəkili Müdafiəçi ödənilməsi üçün Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Bakı şəhəri Bank ABB Suraxanı filialı, VÖEN **********, h/h ********************, SWİF GOODE İBAZAZ2X, m/h-**********031, kod 805692, VÖEN **********, AİİBAZ2X, hesab-********************, VÖEN-********** hesablaşma hesabı üzərindən Bakı şəhəri 9 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökm elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya protesti verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Elnur Nuriyev
Məhkəmə qərarları › İş №1(010)-275/2021
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-275/2021
14.10.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver