Məhkəmə qərarları › İş №1(010)-275/2025

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-275/2025

18.06.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-275/2025 18.06.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Mirzəyeva Ünsüyyət Hacımehdi qızının sədrliyi, X8 qızının katibliyi, Dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, müdafiəçi – Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, 12 avqust 2000-ci il tarixdə Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1i ünvanında qediyyatda olmaqla, ünvan 2amış, 09 fevral 2025-ci il tarixdə axtarış qərarı əsasında tutulmuş, 10 fevral 2025-ci il tarixdə barəsində “polisin nəzarəti altına vermə” qismində qətimkan tədbiri seçilmiş - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Təqsirləndirilən şəxs 11 may 2024-cü il tarixdə saat 20:00 radələrində idarə etdiyi texniki cəhətdən saz vəziyyətdə olan «Toyota Prius (Hibrid)» markalı, **-KL-*** dövlət qeydiyyatı nişanlı avtomobili ilə Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, H.Quliyev küçəsində saatda 30-40 km sürəti ilə hərəkətdə olarkən həmin küçədə nömrəsiz ünvanda yerləşən “Hövsan Mall” Ticarət Mərkəzinin qarşısında «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməli olduğu halda, həmin tələblərə riayət etməmiş və həmin tələblərə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olduğu halda, buna əməl etməyərək, yol hərəkəti qaydalarını pozub yolun solundan sağına doğru keçən xx.xx.1969-cu il təvəllüdlü piyada Zərərçəkmiş şəxs avtomobilin qabaq sol hissəsi ilə vurması nəticəsində ehtiyatsızlıqdan piyada Zərərçəkmiş şəxs hər iki mil sümüyünün tipik yerinin qapalı, yerdəyişmə ilə sınıqları, sağ diz oynağının yumşaq toxumasının şişkinliklə müşayiət olunan əziyi, sağ dirsək oynağı nahiyəsinin sıyrığı kimi ümumilikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aid bədən xəsarətləri yetirmişdir. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı dindirilmiş şəxslərin ifadələri, habelə işin tədqiq olunmuş digər halları ilə sübuta yetir. Belə ki, məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona AR CM-nin 263.1-ci maddəsi ilə elan edilmiş ittihamda təqsirli bilərək ifadəsində göstərmişdir ki, «Toyota Prius (Hibrid)» markalı **-KL-*** dövlət qeydiyyat nişanlı avtomobili etibarnamə əsasında BC kateqoriyalı ******* saylı sürücülük vəsiqəsi ilə idarə edərək taksi kimi fəaliyyət göstərmişdir. 11 may 2024-cü tarixdə “Uber Taksi” şirkətindən Hövsan qəsəbəsindən bir müştərini götürüb İçərişəhərə aparmağı barədə sifariş alaraq həmin sifarişçini götürmək üçün Zığ yolu ilə Hövsan qəsəbəsinə daxil olmuş, həmin gün saat 19:30-20:00 radələrində Hövsan qəsəbəsində texniki cəhətdən saz olan həmin avtombili saatda 30-40 km sürəti ilə idarə edib hərəkətdə olduğu zaman “Hövsan Mall” mağazasının qarşısında yolu onun hərəkət istiqamətinə nisbətən soldan sağa keçmək istəyən adını sonra bildiyi piyada Zərərçəkmiş şəxs idarə etdiyi avtomobilin ön sol hissəsi ilə vurmuşdur. Zərbədən piyada asfalt üzərinə yıxılmışdır. O, dərhal idarə etdiyi avtomobili saxlayıb həmin qadını başqa tanımadığı avtomobilə yerləşdirib yaxınlıqdakı xəstəxanaya göndərmişdir. Hadisə baş verdiyi zaman hava qaranlıq, asfalt örtüyü quru üfüqi olmuşdur. Avtomobili idarə etdiyi zaman ayıq olmuşdur. Hadisə vaxtı avtomobildə tək olmuş, sərnişin olmamışdır. Vurduğu piyada da yolda tək hərəkətdə olmuşdur. Hadisəni başqa kimlərin gördüyünü bilməmişdir. Xəstəxanada piyada qadına ilk tibbi yardım göstərilmiş və evə buraxılmışdır. Hadisədən sonra zərərçəkmiş şəxsə 500 manat pul və dərmanların, karsetin pulunu və son olaraq 900 manat məbləğində pul ödəmişdir. Zərərşəkmiş şəxsə dəyən 2500 manat ziyanın qalan hissəsinin, yəni 1600 manatın hər ay 200 manat olmaqla hissə-hissə ödənilməsi ilə bağlı aralarında razılıq olsa da pulu olmadığından ödəyə bilməmişdir. Sonda himayəsində iki körpə uşağının olmasını, ziyanı qismən ödəməsini, imkanı olmadığına görə zərəri tam ödəyə bilmədiyinin nəzərə alınmasını xahiş etdi. Məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 23 ildir ki, Hövsan qəsəbəsində yaşayır. 11 may 2024-cü il tarixdə saat 19:30-20:00 radələrində işdən evə gələrkən Hövsan qəsəbəsində H.Quliyev küçəsində «Hövsan Mall» Ticarət mərkəzinin yanında yolu keçən zaman Zığ qəsəbəsi tərəfdən gələn markasını və nömrə nişanını sonra bildiyi «Toyota Prius» markalı **-KL-*** dövlət qeydiyyat nişanlı avtomobil onu sağ tərəfindən vurmuş və yerə yıxmışdır. Hadisə yerində olan qızı Nuranə onu başqa tanımadığı avtomobilə əyləşdirib xəstəxanaya aparmışdır. Xəstəxanada ona ilk tibbi yardım etmişlər, lakin xəstəxanada qalmaq istəmədiyindən evə buraxılmışdır. Əvvəl ona ilkin yardım etdiyindən həmin sürücü ilə barışmış, lakin sonradan söz verməsinə baxmayaraq heç bir yardım etmədiyi üçün barəsində şikayət etmişdir. Təqsirləndirilən şəxs hadisədən sonra hadisə yerində qalmış, hadisə yerindən qaçmamış, avtomobil ilə onunla birlikdə xəstəxanaya getmişdir. Təqsirləndirilən şəxs ona hissə-hissə 1500 manat pul vermiş, lakin sonra heç bir yardım etməmişdir. Şikayətçidir, hazırda təsirləndirilən şəxs tərəfindən ona dəymiş zərərin tam olaraq ödənilməsini tələb edir, aylıq hissə-hissə ödənilməsinə razı deyil, təsirləndirilən şəxsin himayəsində azyaşlı uşaqları olduğu üçün isə onun azadlıqdan məhrum edilməsini istəmir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs onun anasıdır. 11 may 2024-cü il tarixdə saat 20 radələrində «Hövsan Mall» Ticarət mərkəzində bazarlıq edib çıxıb evə gedirlərmiş. Gəldikləri tanımadığı avtomobildə əyləşib anasını gözləyirmiş. Anası Zərərçəkmiş şəxs da Ticarət Mərkəzi tərəfdən gəlirmiş, bu zaman nəsə səs küy eşitmiş, əyləşdiyi avtomobildən çıxıb anası Zərərçəkmiş şəxs H.Quliyev küçəsinin hərəkət hissəsini keçəndə Zığ qəsəbəsi tərəfdən gələn adını sonradan bildiyi sürücü Təqsirləndirilən şəxs idarə etdiyi «Toyota Prius» markalı **-KL-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə vurulub asfalt üzərində olduğunu görmüşdür. Ətrafda olan tanımadığı şəxslərin köməyi ilə anasını tanımadığı avtomobilə əyləşdirib X6 aparmışdır. Sürücü Təqsirləndirilən şəxs da onlarla xəstəxanaya gəlmişdir. Həmin gün anasına ilk tibbi yardım edilib evə buraxmışlar. Xəstəxanada və anası xəstəxanadan çıxandan sonra Təqsirləndirilən şəxs dərmanların alınması və müayinələrin xərclərini ödənilməsi üçün 600 manat, sonra isə 900 manat pul vermişdir, başqa heç bir yardım etməmişdir. Həmin yol-nəqliyyat hadisəsi baş verəndən sonra sürücü Təqsirləndirilən şəxs onunla və anası Zərərçəkmiş şəxs ilə X7 getmişdir. Hadisə yerindən qaçmamışdır. Hadisənin necə baş verməsini özü şəxsən görməmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: cinayət işinin başlanılması və icraata qəbul edilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmışdır (i.v. 1); yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, yol-nəqliyyat hadisəsi yeri Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, H.Quliyev küçəsində yerləşən «Hövsan Mall» mağazasının qarşısıdır. Yolun işlək hissəsi düz, yol asfalt örtüklü və qurudur. Yol örtüyünün eni 16 metr, hərəkət zolağının sayı 4, işlək hissənin eni 4 metrdir. Yol-nəqliyyat hadisəsinin sxemi, “Toyota Prius” markalı, **-KL-*** dövlət qeydiyyat nişanlı avtomobil və hadisə yerinin fotoşəkilləri çəkilərək protokola əlavə edilmişdir (i.v. 8-13); nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, 2007-ci il buraxılışlı, xetçbek tipli, açıq yaşıl metallik rəngli, **-KL-*** dövlət qediyyat nişanlı, «Toyota Prius (Hibrid)» minik markalı avtomobil X5 mülkiyyətindədir (i.v. 15); Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Narkoloji Mərkəzi” X9 tərəfindən verilən sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinəyə dair xx.xx.2024-cü il tarixli, 2/25371 nömrəli protokola əsasən müəyyən olunur ki, Təqsirləndirilən şəxs saat 23:50-də müayinə olunmuş, onun ayıq vəziyyətdə olduğu, alkoqol qəbulu əlamətləri olmadığı müəyyən olunmuşdur (i.v. 16); Suraxanı Rayon Polis İdarəsi tərəfindən verilən xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, Azərbaycan Respublikası Daxili Nazirliyinin BDYPİ-nin X2 məlumatına əsasən, xx.xx.2000-ci il təvəllüdlü Təqsirləndirilən şəxs məxsus olan BC023071 nömrəli sürücülük vəsiqəsi xx.xx.2022-ci ildən xx.xx.2032-ci ilədək qüvvədədir və hazırda 16 cərimə balı mövcuddur. Azərbaycan Respublikası DİN BDYPİ-nin X3 Təqsirləndirilən şəxs sürücülük hüququnun məhdudlaşdırılmasına dair müvafiq qeydlər aparılmamışdır (i.v. 22); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (i.v. 83-84); Azərbacan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X4 X9 tərəfindən tərtib olunan canlı şəxsin ekspertizasına dair xx.xx.2024-cü il tarixli, 332 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində müəyyən edilmiş xəsarətlər - hər iki mil sümüyünün tipik yerinin qapalı yerdəyişmə ilə sınıqları, sağ diz oynağının yumşaq toxumasının şişkinliklə müşayiət olunan əziyi, sağ dirsək oynağı nahiyəsinin sıyrığı bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, qərarda göstərilmiş xx.xx.2024-cü il tarixdə yol-nəqliyyat hadisəsi şəraitində piyada qismində avtomaşın vurması nəticəsində törənə bilər, dərəcəsinə görə ümumilikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aiddir (i.v. 25-26); cinayət işinin başlanılmasının rədd edilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, toplanmış material üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə cinayət təqibinin başlanması Azərbaycan Respublikası CPM-nin 40.3-cü maddəsinə əsasən rədd olunmuşdur (i.v. 36-38); cinayət işinin başlanılmasının rədd edilməsi barədə qərarın ləğv edilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, cinayət işinin başlanmasının rədd edilməsi barədə xx.xx.2024-cü il tarixli qərarı əsassız olduğundan ləğv edilmişdir (i.v. 44-45); Azərbacan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilən məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasına dair xx.xx.2024-cü il tarixli, 8/2611 nömrəli rəyindən görünür ki, 1.2 «Toyota Prius» markalı, **-KL-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikasının Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur (i.v. 49-52); zərərçəkmiş şəxs qismində tanınma haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs qismində tanınmışdır (i.v. 54); ittiham elan edilməsi üçün şəxsin barəsində axtarış elan edilməsi haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan olunmuş və yeri aşkar edildikdə tutulması qərara alınmışdır (i.v. 67); cinayət cinayət işinin icraatın dayandırılması haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə olan ********* nömrəli cinayət işi üzrə icraat dayandırılmışdır (i.v. 69); Azərbaycan Respublikası DİN-in BDYPİ-nin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, xx.xx.2000-ci il təvəllüdlü Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə (xx.xx.2032-ci il tarixədək etibarlı olan) BC 023071 nömrəli «B1 B C1 C» kateqoriyalı sürücülük vəsiqəsi verilib, lakin onun nəqliyyat vasitələrini idarə etmək hüququ məhkəmə qərarı ilə xx.xx.2024-cü il tarixdən xx.xx.2025-ci il tarixədək; xx.xx.2024-cü il tarixdən xx.xx.2025-ci il tarixədək müddətinə məhdudlaşdırılmışdır (i.v. 71); axtarışda olan şəxsin tutulması haqqında xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, AR CM-nin 263.1-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə saat 10:00 radələrində tutulmuşdur (i.v. 73); cinayət işinin icraatın təzələnməsi haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən ********* nömrəli cinayət işi üzrə icraat təzələnmişdir (i.v. 113); təqsirləndirilən şəxs qismində cəlb etmə və ittiham elan edilməsi haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs AR CM-nin 263.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan olunmuşdur (i.v. 94-95); qətimkan tədbirinin seçilməsi haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qismində qətimkan tədbiri seçilmişdir (i.v. 108-110); toplanmış sübutların qiymətləndirilməsi haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, iş üzrə zərərçəkmiş şəxsin, təqsirləndirilən şəxsin ifadələri, hadisə yerinə baxış protokolu, sxem və fotocədvəl, keçirilmiş məhkəmə-yol-nəqliyyat hadisələri və məhkəmətibbi ekspertizası rəyləri sübut növü kimi qiymətləndirilmişdir (i.v. 128-132). Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin, şahidin iş materiallarında olan və məhkəmə istintaqı zamanı vermiş olduğu ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsinə əsasən avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda — iki ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə beş min manatdan yeddi min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. CM-nin 15-ci maddəsinə əsasən CM-nin 263.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməli böyük ictimai təhlükə törətməyən cinayətlər kateqoriyasına aid edilir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-cü maddəsinin “Qeyd” hissəsinin 2-ci bəndinə əsasən, bu Məcəllənin 263.1 və ya 263.1-1-ci maddələrində nəzərdə tutulmuş cinayəti törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Bu halda şəxsin əməllərində inzibati xəta tərkibinin əlamətləri olduqda o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb edilir. Göründüyü kimi, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışmamış və ona dəymiş ziyanı tam ödəməmişdir. Zərərçəkmiş şəxs məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs şikayətçi olduğunu bildirmişdir. Bu səbəbdən Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilə bilməz. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.1-ci maddəsinə əsasən ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün azadlıqdan məhrum etmə növündə cəzanın məntəqə tipli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 198.1-ci maddəsinə əsasən bu Məcəllənin 197.1.1, 197.1.2, 197.1.4, 197.1.5-1, 197.1.5-2, 197.1.6—197.1.9cu maddələrində sadalanan məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər və məhkəmənin qərarı ilə ondan tutulub dövlət nəfinə və ya müvafiq xərc çəkmiş dövlət orqanının, fiziki, yaxud hüquqi şəxsin hesabına keçirilə bilər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 15 noyabr 2013-cü il tarixli 5 nömrəli qərarının 21-ci bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, məhkəmələr tərəfindən bu kateqoriyadan olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları, o cümlədən təqsirləndirilən şəxsin əvvəllər yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar və ya hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayətlər törədib-törətməməsi, buna görə onun inzibati məsuliyyətə cəlb edilməmiş sayılıb-sayılmaması və ya məhkumluğunun ödənilib-ödənilməməsi, inzibati və ya cinayət mühakimə icraatı qaydasında nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilib-edilməməsi, digər tərəfdən isə yolnəqliyyat hadisəsinin baş verməsində zərərçəkmişin və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təqsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərərçəkmişə tibbi və ya digər yardım göstərməsi, yol-nəqliyyat hadisəsi nəticəsində zərərçəkmiş şəxsin təqsirkarın yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar araşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə Hökmü haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarının 45-ci bəndinə əsasən məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. Məhkəmə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə dəymiş zərərin bir hissəsini ödəməsini nəzərə alır və onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən halı, ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın cinayət əməlini törətmiş şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmaqla, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan əsas cəza növlərindən azadlıqdan məhrum etmə cəzası və əlavə cəza olaraq nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzası təyin edilməlidir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hal, ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan əsas cəza növlərindən azadlıqdan məhrum etmə cəzası və əlavə cəza olaraq nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzası təyin edilməli, tutulduğu müddət azadlıqdan məhrumetmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanmaqla təyin edilmiş azadlıqdan məhrumetmə cəzasından çıxılmalı və üzərində müəyyən müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılmalı (CM 69.3), təyin ediləcək əsas cəzasını məntəqə tipli cəzaçəkmə müəssisədə çəkməli (CM- 56.1.1) və cəzaçəkmə müddətinin başlanğıcı onun cəzanı icra edən orqanda qeydiyyata alındığı tarixdən hesablanmalı, barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM- 198.1.) Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində CM ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. İş üzrə məhkəmə xərci 85 (səksən beş) manat təşkil edir, ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1.). Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə maddi subut və mülki iddia yoxdur. Azərbaycan Respublikası CPM-nin 193.2 və 193.3-cü maddələrinə uyğun olaraq Təqsirləndirilən şəxs hüquqlarını məhkəmə istintaqı zamanı Vəkillər Kollegiyasının üzvü Müdafiəçi müdafiə etmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli, 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2025-ci il tarixli, 141 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 11 manat miqdarında əmək haqqı ödənilməlidir. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs 28 aprel 2025-ci il tarixədək məhkəmədə göstərdiyi pulsuz hüquqi yardıma görə 04 (dörd) iş saatı üçün 24 (iyirmi dörd) manat; 28 aprel 2025-ci il tarixindən sonra məhkəmədə göstərdiyi pulsuz hüquqi yardıma görə 02 (iki) iş saatı üçün 22 (iyirmi iki) manat məbləğində vəsait müdafiəçisi Bakı şəhəri 9 saylı vəkil bürosunun vəkili Müdafiəçi ödənilməsi üçün Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Bakı şəhəri 9 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Reaspublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 09 (doqquz) ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 09 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 09 fevral 2025-ci il tarixdən 10 fevral 2025-ci il tarixədək həbsdə saxlanıldığı 1 (bir) gün müddət ona təyin edilmiş 09 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzasından çıxılmaqla üzərində qəti olaraq 09 (doqquz) ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 08 (səkkiz) ay 29 (iyirmi doqquz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin başlanğıcı onun cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Aparılmış ekspertiza tədqiqatının dəyəri 85 (səksən beş) manat Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə keçirilsin. Vəkil Müdafiəçi Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsinə sərf etdiyi 28 aprel 2025-ci il tarixədək 04 (dörd) saata görə Azərbaycan Respublikasının dövlət büdcəsindən 24 (iyirmi dörd) manat; 28 aprel 2025-ci il tarixindən sonra 02 (iki) iş saatı üçün 22 (iyirmi iki) manat olmaqla, cəmi 46 (qırx altı) manat tutularaq 9 saylı Vəkil Bürosunun hesablaşma hesabına (VÖEN **********, h/h ********************, BANK ABB Suraxanı filialı, SWİF+GODE İBAZAZ2X, müxbir hesabı **********031, kod 805692, VÖEN **********) ödənilsin. İş üzrə mülki iddianın, maddi sübutun və xüsusi müsadirənin olmaması nəzərə alınsın. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar