Məhkəmə qərarları › İş №1(010)-276/2021

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-276/2021

23.12.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-276/2021 23.12.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Nuriyev Elnur Aləm oğlunun sədrliyi, məhkəmə iclas katibi Qənbərov Rüstəm İmamverdi oğlunun katibliyi ilə, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində X2 üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, onun müdafiəçisi, Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, saat 10:55-də, Bakı şəhərində, Təqsirləndirilən şəxs, xx xxxxxx 1991-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, himayəsində bir azyaşlı uşağı olan, əvvəllər məhkum olunmamış, fərdi əməklə məşğul olan, Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, İ.Məmmədov küçəsi, 8 nömrəli evin 1 nömrəli mənzilində qydiyyatda olmaqla ünvan 1 ünvanında yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs, yeni növ koronavirus (Covid-19) infeksiyasına yoluxmaqla hava-damcı yolu ilə keçən həmin yoluxucu xəstəliyin daşıyıcısı olduğu halda, Azərbaycan Respublikasının ərazisində yeni növ koronavirus (Covid-19) infeksiyasının insanlar arasında kütləvi yayılmasının və onun törədə biləcəyi fəsadların, infeksiyaya yoluxma hallarının qarşısının alınması məqsədi ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddətinin uzadılması barədə” 19 noyabr 2020-ci il tarixli, “Azərbaycan Respublikasının ərazisində hava-damcı yolu ilə keçən yoluxucu xəstəliklər zamanı karantin nəzarətinə götürülmə və təcrid olunma Qaydaları”nın təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 may 2020-ci il tarixli, 161 nömrəli Qərarların tələblərini pozaraq, yəni yoxluxucu xəstəliyə yoluxma faktı təsdiq edilmiş şəxs xəstəliyi yüngül formada keçirdiyi hallarda və onun xüsusi tibb müəssisəsindən kənarda müalicə olunması mümkün hesab edildikdə, o həkim rəyinə əsasən mənzili (evi) tərk etməməsinə riayət etməklə, yaşadığı və ya olduğu yerdə təcrid olunmalı olduğu halda, bu qaydalara riayət etməyərək, 21 aprel 2021-ci il tarixdə yeni növ koronavirus (Covid-19) infeksiyasına yoluxmasına baxmayaraq 22 aprel 2021-ci il tarixdən 26 aprel 2021-ci il tarixədək olan müddət ərzində yaşayış yerini tərk edib, vətəndaşların intensiv hərəkət etdiyi küçələrdə piyada olaraq sərbəst hərəkət edib Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, İ.Məmmədov küçəsində yerləşən aptekə və ona bitişik olan ərzaq mağazasına getməklə karantin rejimini pozmaqla xəstəliyin yayılınası üçün real təhlükə yaratmışdır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü tam təqsirli bilərək göstərdi ki, 20 aprel 2021-ci il tarixdə özündə narahatlıq hiss etdiyinə görə “COVİD-19” yoluxucu xəstəliyi ilə bağlı test vermək qərarına gəlmiş və tibb işçiləri onun yaşadığı evə gəlib səyyar qaydada ondan analiz götürmüşlər. Səhəri gün onun istifadəsində olan ***-***-**-** mobil nömrəsinə ondan götürülmüş analiz ilə bağlı laborator müayinənin nəticəsinin pozitiv çıxması, onda “COVİD-19” yoluxucu xəstəliyinin aşkar olunması, habelə təcrid olunma qaydalarına uyğun olaraq tam müalicəsi bitməmiş yaşadığı evi tərk etməməsi barədə xəbərdar edici məzmununda mesaj gəlmişdir. Həmin ərəfədə həyat yoldaşı hamilə olduğu üçün və yaşadıqları evdə özlərindən başqa heç kim olmadığına görə o, məcbur qalıb 22 aprel 2021-ci il tarixdən 26 aprel 2021-ci il tarixədək olan müddət ərzində bir dəfə yaşadığı evin yaxınlığında yerləşən aptekə, bir dəfə isə yaxınlıqdakı mağazaya getmişdir. Yaşadığı evi tərk edərkən tibbi maska, tibbi əlcəkdən istifadə etmiş, habelə digər qorunma qaydalarına riayət etmişdir. Bir neçə gün sonra isə polis əməkdaşı yaşadığı evə gələrək, iki qonşusunun iştirakı ilə videoçəkiliş aparmış və ondan, “COVİD-19” yoluxucu xəstəliyinə tutulması barədə məlumatı ola-ola təcrid olunma qaydalarını pozaraq yaşadığı evi nə vaxt və hansı səbəbdən tərk etdiyini soruşmuşdur. O, da 21 aprel 2021-ci il tarixdə həmin xəstəliyə tutulmağı barədə məlumat aldıqdan sonra 22 aprel 2021-ci il tarixdən 26 aprel 2021-ci il tarixədək olan müddət ərzində yaşadığı evi 02 dəfə tərk edərək yaxınlıqda yerləşən marketə və aptekə getdiyini səmimi etiraf etmişdir. Sonra polis əməkdaşı ona, müalicəsi və təcrid olunma müddəti bitmədən bir daha yaşadığı evi tərk etməməsi barədə xəbərdarlıq etmişdir. Sonda Təqsirləndirilən şəxs törətdiyi əməldən səmimi peşman olduğunu bildirdi. Məhkəmə dövlət ittihamçısını, təqsirləndirilən şəxsi, onun müdafiəçisini və şahidləri dinləyərək, iş materiallarını tədqiq edərək, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 139-1.1-ci maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətmişdir və onun təqsiri, özünün etirafedici ifadəsi ilə yanaşı, aşağıda göstərilən digər sübutlarla da təsdiq edilir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 31-ci Polis Bölməsinin əməliyyat müvəkkili Şahid3 göstərdi ki, 22 aprel 2021-ci il tarixdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş İnformasiya və Komunikasiya İdarəsindən Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinə ünvan 1 ünvanında yaşayan xx xxxxxx 1991-ci il təvəllüdlü Təqsirləndirilən şəxs 22 aprel 2021-ci il tarixdə, saat 10:36-da “its.gov.az” saytından daxil olmuş sms-də “COVİD-19” testinin nəticəsi pozitiv olduğu halda 22 aprel 2021-ci il tarixdən 26 aprel 2021-i il tarixədək olan müddət ərzində müxtəlif saatlarda ona edilmiş qadağaya məhəl qoymadan yaşadığı evi tərk etməsi barədə məlumat daxil olmuşdur. Həmin məlumat əsasında ünvan 1 ünvanında yerləşən mənzilə gedərək iki nəfər hal şahidinin iştirakı ilə videogörüntü ilə Təqsirləndirilən şəxs sorğu-sual etmiş və sonuncu 22 aprel 2021-ci il tarixdə “COVİD-19” testinin pozitiv çıxması və yaşadığı evi tərk etməsinin qadağan olması barədə ona sms məlumatı gəldikdən sonra 22 aprel 2021-ci il tarixdən 26 aprel 2021-ci il tarixədək müxtəlif saatlarda yaşadığı evi tərk edərək yaşadığı evin yaxınlığında yerləşən marketə və aptekə getdiyini səmimi etiraf etmişdir. Bundan sonra o, Təqsirləndirilən şəxs barəsində müvafiq tədbir görülməsi üçün raportla Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 31-ci Polis Bölməsinin rəhbərliyinə müraciət etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 göstərdi ki, 26 aprel 2021-ci il tarixdə yaşadığı məhəllədə olduğu zaman polis əməkdaşı ona yaxınlaşaraq özünü təqdim etdikdən sonra onunla qonşuluqda yaşayan Təqsirləndirilən şəxs “COVİD-19” yoluxucu xəstəliyinə tutulduğunu və xəstəlikdən tam müalicə olunmamış həmin xəstəliyin daşıyıcısı ola-ola yaşadığı evi tərk edərək “COVİD-19” yoluxucu xəstəliyini yaydığını bildirmiş və bununla bağlı videoçəkiliş aparılan zaman hal şahidi qismində iştirak etməyini ondan xahiş etmişdir. Eyni zamanda onunla qonşuluqda yaşayan Şahid2 da hal şahidi kimi çağırılmış və onların iştirakı ilə Təqsirləndirilən şəxs ilə videoçəkiliş aparılmışdır. Həmin vaxt Mikayıl “COVİD-19” yoluxucu xəstəliyinə tutulduğunu, müalicəsi və təcrid olunma müddəti bitmədiyini bilə-bilə 22 aprel 2021-ci il tarixdən 26 aprel 2021-ci il tarixədək olan müddət ərzində yaşadığı evi tərk edərək yaxınlıqda yerləşən market və aptekə getdiyini etiraf etmişdir. Sonra isə polis əməkdaşı tərəfindən Təqsirləndirilən şəxs bir daha müalicəsi bitmədən və təcrid olunma müddəti qurtarmadan yaşadığı evi tərk etməməsi barədə xəbərdarlıq edilmişdir. Şahid2 ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan olunmuş ifadəsindən görünür ki, o, Şahid1 ifadəsi ilə eyni məzmunlu ifadə vermişdir. İş materiallarında olan 26 aprel 2021-ci il tarixli raportdan görünür ki, 21 aprel 2021-ci il tarixdən yeni növ koronavirus (Covid-19) daşıyıcısı xəstəsi kimi qeydiyyata alınmış Təqsirləndirilən şəxs yaşayış yerini tərk etməməli olduğu barədə xəbərdar edilməsinə baxmayaraq, 22 aprel 2021-ci il tarixdən 26 aprel 2021-ci il tarixədək olan müddət ərzində karantin rejminin tələblərini pozaraq yaşayış yerini tərk etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Gigiyena və Epidemiologiya Mərkəzi” Publik hüquqi şəxsin 26 may 2021-ci il tarixli, 04- 17/3269-2021 nömrəli məktubundan görünür ki, xx xxxxxx 1991-ci il təvəllüdlü Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin COVİD-19 məlumat bazasına əsasən 21 aprel 2021-ci il tarixdə koronavirus infeksiyasına laborator müayinə nəticəsi pozitiv olmuşdur. Təqsirləndirilən şəxs ev şəraitində müalicə almış və 04 may 2021-ci il tarixdə təcrid olunma müddəti bitmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi” Publik Hüquqi şəxsin 09 iyun 2021-ci il tarixli, 555/KEŞ saylı rəyindən görünür ki, 21 aprel 2021-ci il tarixdə yeni növ virus infeksiyasının (Covid-19 PCR) təyini üçün aparılmış laborator müayinə zamanı Təqsirləndirilən şəxs müayinənin nəticəsinin pozitiv olduğu müəyyən edilmişdir. Təqsirləndirilən şəxs “Covid-19” virus infeksiyasının daşıyıcısı olduğu halda sanitar-gigiyena qaydalarını pozmaqla digər şəxsləri xəstəliyə yoluxdura biləcəyi istisna edilmir. “Covid-19” virus infeksiyasının inkubasiya dövrü 14 gün davam edir və orqanizmin fərdi xüsusiyyətlərindən asılı olaraq sağalma müddəti müxtəlif olur. İş materiallarında olan diskə baxış keçirilməsi haqqında 26 avqust 2021-ci il tarixli protokoldan, habelə iş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş DVD diskdəki video görüntüdən görünür ki, Təqsirləndirilən şəxs özünü təqdim etdikdən sonra 20 aprel 2021-ci il tarixdə “Covid-19” testi verdiyini və 21 aprel 2021-ci il tarixdə test nəticəsinin pozitiv çıxması barədə təsdiq mesajı aldığını, lakin 22 aprel 2021-ci il tarixdən 26 aprel 2021-ci il tarixədək olan müddət ərzində müxtəlif saatlarda yaxınlıqda yerləşən mağaza və aptekə getdiyini bildirir, bundan sonra polis əməkdaşı tərəfindən müalicəsi tam bitmədən və portaldan təcrid olunma müddətinin bitməsi barədə məlumat gəlmədən bir daha yaşayış yerini tərk etməməsi barədə xəbərdarlıq edilir. Beləliklə, yuxarıda göstərilən sübutlarla Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 139-1.1-ci maddəsi ilə müəyyən olunmuş cinayətin törədilməsində təqsiri tam sübuta yetirilir. Cəza təyin edərkən məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs mənfi xarakterizə olunmayan şəxsiyyətini, cavanlığını, əvvəllər məhkum olunmamasını, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Törətdiyi əməldən səmimi peşman olmasını, himayəsində bir azyaşlı uşağının olmasını, dərman və ərzaq almaq zərurəti zəminində ilk dəfə az ağır cinayət törətməsini məhkəmə məhkəmə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal hesab edir. İş üzrə Təqsirləndirilən şəxs təyin edilən cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 4 saylı Qərarının 3-cü bəndində göstərilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. “Məhkəmə Hökmü Haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 27 dekabr 1996-cı il tarixli 4 saylı qərarının, 13-cü bəndində qeyd olunmuşdur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin etmək hallarına yol verməməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən onun barəsində işdə olan və ayrı-ayrılıqda yuxarıda sadalanan cəzasını yüngülləşdirən halların olub, cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alaraq, hesab edir ki, ona cərimə növündə cəza təyin olunduğu təqdirdə də cəzanın məqsədləri təmin edilə bilər. Bununla əlaqədar məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində cərimə növündə cəza təyin edilməlidir. Bundan başqa, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 62.1 və 62.2-ci maddələrinə görə cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar, habelə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar olduqda, eləcə də iştirakçılıqla törədilmiş cinayətin iştirakçısı həmin cinayətin açılmasına fəal kömək etdikdə, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilə bilər və ya məhkəmə həmin maddədə müəyyən ediləndən daha yüngül cəza növü təyin edə bilər, yaxud təyin edilməsi məcburi olan əlavə cəzanı təyin etməyə bilər. Cəzanı yüngülləşdirən həm ayrı-ayrı hallar, həm də bu cür halların məcmusu müstəsna hal hesab edilə bilər. Məhkəmə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən halların məcmusunu müstəsna hal hesab edir və Azərbaycan Respublikası CM-nin 62-ci maddəsinə əsasən təqsirləndirilən şəxsə Azərbaycan Respublikası CM-nin 139-1.1-ci maddəsinin sanksiyasında müəyyən edilən cərimə növündə cəzadan daha yüngül cərimə cəzasının təyin edilməsini mümkün sayır. Məhkəmə Təqsirləndirilən şəxs barəsində təyin edilən cəzanın növünü və onun barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin seçilməsinə əsas olmuş halların aradan qalxmamasını nəzərə alaraq hesab edir ki, hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilmədən saxlanılmalıdır. Həmçinin məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınaraq cinayət işinə əlavə edilmiş 01 ədəd “DVD” disk Azərbaycan Respublikası CPM-nin 132.1.6-cı maddəsinə əsasən cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Bundan əlavə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsinə zərurət yoxdur. Məhkəmə məsrəfləri ilə bağlı əlavə olaraq məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli, 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 06 manat məbləğində müəyyən edilmişdir. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmədə göstərdiyi pulsuz hüquqi yardıma görə 15 (on beş) iş saatı üçün 90 (doxsan) manat məbləğində vəsait müdafiəçisi Bakı şəhəri 9 saylı vəkil bürosunun vəkili Müdafiəçi ödənilməsi üçün Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Bakı şəhəri 9 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 346, 347, 349, 351-353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və Azərbaycan Respublikası CM-nin 62-ci maddəsi tətbiq edilməklə ona, 500 (beş yüz) manat miqdarında cərimə növündə cəza təyin edilsin. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınaraq cinayət işinə əlavə edilmiş 01 ədəd “DVD” disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmədə göstərdiyi pulsuz hüquqi yardıma görə 15 (on beş) iş saatı üçün 90 (doxsan) manat məbləğində vəsait müdafiəçisi Bakı şəhəri 9 saylı vəkil bürosunun vəkili Müdafiəçi ödənilməsi üçün Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Bakı şəhəri Bank ABB Suraxanı filialı, VÖEN **********, h/h ********************, SWİF GOODE İBAZAZ2X, m/h-**********031, kod 805692, VÖEN **********, AİİBAZ2X, hesab-********************, VÖEN-********** hesablaşma hesabı üzərindən Bakı şəhəri 9 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökm elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya protesti verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Elnur Nuriyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar