Məhkəmə qərarları › İş №1(010)-276/2025

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №1(010)-276/2025

08.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(010)-276/2025 08.04.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Mirzəyeva Ünsüyyət Hacımehdi qızının sədrliyi, X10 qızının katibliyi, Barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X2, Xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X6 nümayəndəsi və vəkili Müdafiəçi iştirakı ilə X2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2 və 148-ci maddələri ilə məsuliyyətə cəlb edilməsi haqqında X6 xüsusi ittiham qaydasında şikayətinə məhkəmənin hazırlıq iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Xüsusi ittiham qaydasında şikayət vermiş X9 X2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2 və 148-ci maddələri ilə məsuliyyətə cəlb edilməsi haqqında xüsusi ittiham qaydasında şikayətlə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə müraciət etmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 1(003)-224/2025 nömrəli, 06 mart 2025-ci il tarixli qərarı ilə X2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsi haqqında X9 tərəfindən verilmiş xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmə baxışının keçirilməsindən imtina edilmiş, X2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsi haqqında X9 tərəfindən verilmiş xüsusi ittiham qaydasında şikayət ərizəsi məhkəmə aidiyyəti üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X6 nümayəndəsi və vəkili Müdafiəçi bildirmişdir ki, şikayət ərizəsi ilə X1 qeydiyyat yeri üzrə Xəzər Rayon Məhkəməsinə müraciət etmişdir. İşin Suraxanı Rayon Məhkəməsinə göndərilməsi əsassızdır. Bununla bağlı Ali Məhkəmənin formalaşmış məhkəmə təcrübəsi, plenum qərarı və müvafiq mövqeyi vardır. Göstərilənlərlə bağlı şikayət ərizəsinin məhkəmə aidiyyətinin müəyyənləşdirilməsi üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X5 şikayətin ya onun qeydiyyat yeri üzrə, ya da yaşayış yeri üzrə olan məhkəmə tərəfindən baxılmasını xahiş etmişdir. Məhkəmə xüsusi ittiham qaydasında şikayət vermiş şəxsin nümayəndəsi və vəkilini, barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxsi dinləyib, iş materiallarını nəzərdən keçirərək, hesab edir ki, xüsusi ittiham qaydasında işin ərazi aidiyyətinin müəyyənləşdirilməsi üçün apellyasiya instansiyası məhkəməsinə müraciət edilməlidir. Belə ki, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə ünvanlanmış xüsusi ittiham qaydasında şikayətdə göstərilmişdir ki, X5 TikTok sosial media platformasında öz adından şikayətçinin ünvanına həqiqətə uyğun olmayan ifadələr işlədərək onu təhqir etmiş və onu ağır cinayətdə ittiham edərək böhtan atmışdır. Bakı şəhəri Xəzər Rayon Məhkəməsi qərarda qeyd etmişdir ki, X2 videoları lentə aldığı yer, söküntü aparılan ərazi Bakı şəhər, Suraxanı rayonu, Əmircan qəsəbəsi ərazisidir. Bu səbəbdən də, iş aidiyyəti Bakı şəhəri Suraxanı Rayon Məhkəməsində baxılmalıdır. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə daxil olmuş xüsusi ittiham qaydasında şikayət üzrə materialı nəzərdən keçirərkən, həmçinin elektron çıxarışa əsasən müəyyən edilir ki, X3 aid şəxsiyyət vəsiqəsinə dair məlumatlara görə həmin AA4119764 nömrəli şəxsiyyət vəsiqəsi Ceyhun Ağayevə “Asan 1” tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş və bu sənəddə onun yaşayış yeri üzrə qeydiyyata alındığı ünvan kimi “ünvan 2” göstərilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 21 fevral 2014-cü il tarixli “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” qərarının 12-ci bəndinə əsasən xüsusi ittiham qaydasında şikayətlərə məhkəmələrdə baxılması aidiyyəti CPM-in 74.1-74.4 və 74.8-ci maddələrinə əsasən müəyyən edilir. Kütləvi informasiya vasitələrində dərc edilməklə və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatlarında yerləşdirilməklə böhtan və ya təhqir xarakterli məlumatların yayılması ilə əlaqədar verilmiş şikayətlərə kütləvi informasiya vasitələrinin (internet informasiya ehtiyatlarının) hüquqi ünvanı üzrə birinci instansiya məhkəmələri tərəfindən baxılır. Hüquqi ünvan dedikdə, kütləvi informasiya vasitələrinin (internet informasiya ehtiyatlarının) müvafiq icra hakimiyyəti orqanı tərəfindən qeydiyyata alınarkən müəyyən edilmiş ünvanı başa düşülür. Kütləvi informasiya vasitəsinin (internet informasiya ehtiyatının) hüquqi ünvanı məlum olmadıqda, yaxud da onlar xaricdə qeydiyyata alındıqda xüsusi ittiham qaydasında şikayətə təhqir və ya böhtan xarakterli məlumatları belə kütləvi informasiya vasitələrində (internet informasiya ehtiyatlarında) yaymış şəxsin Azərbaycan Respublikasında axırıncı yaşayış yeri üzrə fəaliyyət göstərən məhkəmə tərəfindən baxılır. X5 ünvan 2 ünvanında qeydiyyatdadır və “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 3-cü maddəsinin 1-ci bəndinə əsasən Azərbaycan Respublikası vətəndaşı barədə onun yaşayış yeri yalnız Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi ilə müəyyən edilir. Azərbaycan Respublikası Konstitusiyasının 62-ci maddəsinə əsasən hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Şəxsin razılığı olmadan onun işinə başqa məhkəmədə baxılmasına yol verilmir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: 74.1-ci maddəsinə əsasən cinayət işinə və digər materiala cinayətin törədildiyi yerin yurisdiksıyasına aid olan birinci instansiya məhkəməsində baxılır. 74.2.2-ci maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş son əməlin törədildiyi yer davam edən cinayətin başa çatdığı yer hesab olunur. 75.1-ci maddəsinə əsasən cinayət işinin, məhkəməyədək sadələşdirilmiş icraat üzrə materialın, xüsusi ittiham qaydasında şikayətin, habelə digər materialın məhkəmənin icraatına qəbul edilməsi məsələsi həll edilərkən onların məhkəmə aidiyyəti mütləq yoxlanılmalıdır. Məhkəməyə daxil olmuş cinayət işinin və ya digər materialın həmin məhkəməyə aid olmadığı müəyyən edildikdə, məhkəmə onu aidiyyəti üzrə göndərməlidir. 77.1-ci maddəsinə əsasən məhkəmələr arasında məhkəmə aidiyyətinə dair mübahisələrə yol verilmir. Məhkəmə aidiyyəti qaydalarına müvafiq olaraq hər hansı cinayət işi və ya digər material bir məhkəmədən digərinə göndərildikdə şərtsiz olaraq göndərildiyi məhkəmənin icraatına götürülməlidir. Məhkəmələr arasında bununla əlaqədar fikir ayrılığı olduqda cinayət işi və ya digər material bir məhkəmədən digərinə müvafiq apellyasiya instansiyası məhkəməsinin sədri tərəfindən göndərilir. Qeyd olunanlara əsasən, xüsusi ittiham qaydasında verilən şikayətə əsas olmuş əməllərin “Tik Tok” sosial şəbəkəsində yayılmasını, həmin sosial şəbəkənin xaricdə qeydiyyata alınmasını və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 21 fevral 2014-cü il tarixli “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” qərarın tövsiyələri baxımından hazırki materiala Bakı şəhəri Xəzər Rayon Məhkəməsində baxılmalıdır. Beləliklə yuxarıda göstərilənlər işin ərazi aidiyyəti üzrə göndərilməsi barədə Bakı şəhəri, Xəzər Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 1(003)-224/2025 qərarında qeyd edilənlərlə bağlı fikir ayrılığının yaranmasına səbəb olmuşdur. Bu fikir ayrılığı qərarın qanuniliyinə və əsaslılığına hüquqi qiymət vermə kimi qəbul edilə bilməz. Beləliklə məhkəmə belə nəticəyə gəlir ki, aidiyyət ilə bağlı yaranmış fikir ayrılığına hüquqi qiymət verilməsi üçün xüsusi ittiham qaydasında verilmiş şikayət üzrə material Bakı Apellyasiya Məhkəməsinə göndərilməlidir. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-nin 77-ci maddəsini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: X2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2 və 148-ci maddələri ilə məsuliyyətə cəlb edilməsi haqqında X6 xüsusi ittiham qaydasında şikayəti ilə əlaqədar məhkəmələr arasında aidiyyətlə bağlı yaranmış fikir ayrılığının həlli üçün material Bakı Apellyasiya Məhkəməsinə göndərilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar