Məhkəmə qərarları › İş №1(010)-277/2021

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №1(010)-277/2021

22.09.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(010)-277/2021 22.09.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ hakim Qədimov Ceyhun Tofiq oğlunun sədrliyi, Mazanov Kamran Ramazan oğlunun katibliyi, Dövlət ittihamçısı, təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi iştirakı ilə xx xxxx 1991-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, fərdi əmək fəaliyyəti ilə məşğul olan, ünvan 1 ünvanı üzrə qeydiyyatda olan, ünvan 2 ünvanında yaşayan, barəsində «başqa yerə getməmək haqqında iltizam» növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 139-1.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin hazırlıq iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 139-1.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi Suraxanı Rayon Məhkəməsinə 01sentyabr 2021-ci ildə daxil olub. İş üzrə ittiham aktının nəticəvi hissəsində aşağıdakılar qeyd olunur: Təqsirləndirilən şəxs «təqsirləndirilir ondan ötrü ki, o, yeni növ koronavirus (Covid-19) infeksiyasına yoluxmaqla hava-damcı yolu ilə keçən həmin yoluxucu xəstəliyin daşıyıcısı olduğu halda, Azərbaycan Respublikasının ərazisində yeni növ koronavirus (Covid-19) infeksiyasının insanlar arasında kütləvi yayılmasının və onun törədə biləcəyi fəsadların, infeksiyaya yoluxma hallarının qarşısının alınması məqsədi ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddətinin uzadılması barədə» 19 noyabr 2020-ci il tarixli, «Azərbaycan Respublikasının ərazisində hava-damcı yolu ilə keçən yoluxucu xəstəliklər zamanı karantin nəzarətinə götürülmə və təcrid olunma Qaydaları»nın təsdiq edilməsi barədə» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 may 2020-ci il tarixli 161 nömrəli Qərarlarının tələblərini pozaraq, yəni yoluxucu xəstəliyə yoluxma faktı təsdiq edilmiş şəxs xəstəliyi yüngül formada keçirdiyi hallarda və onun xüsusi tibb müəssisəsindən kənarda müalicə olunması mümkün hesab edildikdə, o həkim rəyinə əsasən mənzili (evi) tərk etməməsinə riayət etməklə, yaşadığı və ya olduğu yerdə təcrid olunmalı olduğu halda, bu qaydalara riayət etməyərək, 09 may 2021-ci il tarixdə yeni növ koronavirus (Covid-19) infeksiyasına yoluxmasına baxmayaraq 17 may 2021-ci il tarixdə yaşayış yerini tərk edib, vətəndaşların intensiv hərəkət etdiyi küçələrdə piyada olaraq sərbəst hərəkət edib Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, N.İsmayılov küçəsində yerləşən aptekə gedərək karantin rejimini pozmaqla xəstəliyin yayılması üçün real təhlükə yaratmışdır». İttiham aktının nəticəvi hissəsində həmçinin qeyd olunur ki, Təqsirləndirilən şəxs yuxarıda təsvir olunmuş hərəkətləri ilə Azərbaycan Respublikası CM-nin 139-1.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törədib. Dövlət ittihamçısı məhkəmənin hazırlıq iclasında vəsatət verərək Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 139-1.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinin baxılmasına Azərbaycan Respublikası CPM-nin 303.3.6-cı maddəsinə əsasən xitam verilməklə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmasını xahiş etmişdir. Vəsatət aşağıdakı kimi əsaslandırılır: «Cinayət işi tərəfimdən öyrənilərkən müəyyən edilmişdir ki, cinayət işi üzrə ittiham aktı tərtib edilərkən Azərbaycan Respublikası CPM-nin 289-cu maddəsinin tələbləri kobud şəkildə pozulmuşdur. Belə ki, cinayət işi üzrə Respublika Gigiyena və X1 Hüquqi şəxsin 01 iyun 2021-ci il tarixli 04-17/3507-2021 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs laborator müayinəsinin nəticəsi 08 may 2021-ci il tarixdə pozitiv olmuş, ev şəraitində müalicə almış və onun 21 may 2021-ci il tarixdə təcrid olunma müddəti bitmişdir. Həmçinin Təqsirləndirilən şəxs verdiyi ifadəsində göstərmişdir ki, o, 08 may 2021-ci il tarixdə sağlamlığında narahatlıq hiss etdiyindən “Covid-19” yoluxucu xəstəliyi ilə bağlı test vermək üçün poliklinikaya müraciət etmiş və həmin gün onun yaşadığı evə həkim gələrək analiz götürmüş və qeyd olunan tarixdə onun istifadəsində olan mobil nömrəyə götürülmüş analiz laborator müayinənin nəticəsinin pozitiv çıxması və onda “Covid-19” yoluxucu xəstəliyinin aşkar olunması barədə mesaj gəlmişdir. Lakin müstəntiq Aqil Qasımov tərəfindən 27 avqust 2021-ci il tarixdə qəbul edilmiş “təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” qərarda və ittiham aktının nəticəvi hissəsində isə Təqsirləndirilən şəxs 09 may 2021-ci il tarixdə “Covid-19” infeksiyasına yoluxduğu göstərilmişdir. Eləcə də iş üzrə şahid qismində dindirilmiş Şahid ifadəsindən görünür ki, o, Təqsirləndirilən şəxs hansı səbəbdən yaşadığı evi tərk etməsini soruşduqda sonuncu ona 09 may 2021-ci il tarixdə testinin nəticəsinin pozitiv çıxdığını, 17 may 2021-ci il tarixdə isə dərman almaq məqsədilə evini tərk etdiyini dediyini bildirmişdir. Göründüyü kimi, işin hallarından məlum olur ki, Təqsirləndirilən şəxs 08 may 2021-ci il tarixdən “Covid-19” infeksiyasına yoluxsa da, müstəntiq onun həmin yoluxucu xəstəliyə yoluxmasını 09 may 2021-ci il tarix kimi qeyd etməklə qeyd olunan ziddiyyətləri aradan qaldırmamışdır. Bundan başqa, verilmiş ittihamdan görünür ki, Təqsirləndirilən şəxs 17 may 2021-ci il tarixdə yaşayış yerini tərk edib, vətəndaşların intensiv hərəkət etdiyi küçələrdə piyada olaraq sərbəst hərəkət edib Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, N.İsmayılov küçəsində yerləşən aptekə gedərək karantin rejimini pozmaqla xəstəliyin yayılması üçün real təhlükə yaratmışdır. Azərbaycan Respublikası CPM-nin 223.3.2-ci maddəsinə əsasən şəxsin təqsirləndirilən şəxs qismində cəlb edilməsi haqqında qərarın təsviri-əsaslandırıcı hissəsində cinayətin törədildiyi yer, vaxt, törədilmə üsulu, nəticəsi, təqsirin forması, cinayətin motivi və tövsifedici əlamətlər göstərilməklə ittihamın mahiyyəti göstərilir. Eləcə də həmin Məcəllənin 289.3.1-ci maddəsinə əsasən ittiham aktının təsviri-əsaslandırıcı hissəsində cinayətin törədilmə yeri, vaxtı, üsulları, motivləri, nəticələri və digər mühüm hallar göstərilir. Göründüyü kimi müstəntiq tərəfindən cinayətin törədilmə tarixi göstərilsə də, vaxtı isə ümumiyyətlə qeyd edilməmiş, bununla da hadisənin törədilməsinin dəqiq vaxtı müəyyən edilməmişdir. Beləliklə müstəntiq tərəfindən Azərbaycan Respublikası CPM-nin 223.3.2 və 289.3.1-ci maddələrinin tələbləri pozulmuşdur. Həmçinin, iş materialları öyrənilərkən müəyyən edilmişdir ki, cinayət işi üzrə tərtib edilmiş protokollar və qəbul edilmiş qərarlar prosessual qanunvericiliyin tələblərinə əsasən qeydiyyatdan keçirilməli olduğu halda, buna riayət edilməyərək heç bir protokol və qərar qeydiyyata alınmamışdır. Azərbaycan Respublikası CPM-nin 52.3-cü maddəsinə əsasən bütün istintaq hərəkətlərinin protokolları dərhal və ya bütün hallarda istintaq hərəkətinin aparıldığı gündən sonrakı iş günündən gec olmayaraq Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanlarının Azərbaycan Respublikası Baş Prokurorluğu ilə birgə müəyyən etdiyi qaydada qeydə alınmalıdır. Bütün prosessual qərarlar ciddi hesabat sənədləri olmaqla xüsusi formalı, nömrələnmiş blanklarda tərtib olunur. Həmin Məcəllənin 134.4-cü maddəsinə əsasən qeydiyyatdan keçirilməyən və ya vaxtında qeydiyyatdan keçirilməyən istintaq hərəkətlərinin protokollarının sübut kimi qəbul edilməsi məhkəmə tərəfindən keçirilmiş araşdırmanın nəticəsindən asılı olaraq həll edilir. Göründüyü kimi müstəntiq tərəfindən protokollar tərtib və qərarlar qəbul edilərkən qanunun tələblərinə riayət olunmamış, bununla da cinayət-prosessual qanunvericiliyin tələbləri pozulmuşdur. Bundan əlavə, iş üzrə mühüm əhəmiyyət kəsb edən, yəni Təqsirləndirilən şəxs “Covid-19” virusuna və başqa bir virusa yoluxub-yoluxmaması, koronavirus infeksiyasına yoluxduğu müddətdə virusun daşıyıcısı olub-olmaması və koronavirus infeksiyasının daşıyıcısı olduğu halda sərbəst hərəkət etməklə digər şəxsləri həmin xəstəliyə yoluxdurma təhlükəsinin yaradıb-yaratmaması faktının müəyyən edilməsi məqsədilə məhkəmə-tibbi ekspertizası təyin edilərək müvafiq rəy alınmamışdır. Halbuki, istintaq-məhkəmə təcrübəsindən məlumdur ki, şəxsin qeyd olunan infeksiyaya yoluxmaqla xəstəliyin yayılması üçün təhlükə yaratması məzmunlu tibbi rəyin alınması ittiham verilməsindən ötrü mötəbər sübut növü kimi qəbul edilir. Lakin müstəntiq tərəfindən yalnız Respublika Gigiyena və X1 Hüquqi şəxsdən Təqsirləndirilən şəxs koronavirus infeksiyasının laborator müayinənin nəticəsinin pozitiv olması, ev şəraitində müalicə alması və 21.05.2021-ci il tarixdə təcrid olunma müddətinin bitməsi məzmunlu məktub alınmaqla kifayətlənilmişdir. Həmçinin tərtib edilmiş ittiham akının təsviri-əsaslandırıcı hissəsindən görünür ki, Təqsirləndirilən şəxs ifadəsinin cinayət işinin 52-54 vərəqələrində olduğunu, lakin məhkəmə iclasına çağırılmalı olan şəxslərin siyahısında isə 44-45 vərəqələrində olduğunu qeyd etmişdir. Azərbaycan Respublikası CPM-nin 289.5-ci maddəsinə əsasən ittiham aktı cinayət işi üzrə toplanmış materialları və cinayət işinin vərəqlərinə istinadı əks etdirməlidir. Lakin müstəntiq tərəfindən bu hissədə də nöqsana yol vermişdir. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 139-1.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair ********* nömrəli cinayət işi üzrə ittiham aktı Azərbaycan Respublikası CPM-nin 289-cu maddəsinin tələblərinə uyğun tərtib edilməmişdir». Məhkəmə cinayət işinin materiallarını nəzərdən keçirib, proses iştirakçılarını dinləyib dövlət ittihamçısının dəlilləri ilə razılaşır, həmçinin aşağıdakıları qeyd edir. 15 nömrəli Birləşmiş Şəhər Xəstəxanası tərəfindən 02 sentyabr 2021-ci ildə verilmiş 2997/2007-905 nömrəli tibbi arayışın məzmunundan görünür ki, Təqsirləndirilən şəxs «yüngül (debillik) dərəcəli əqli gerilik F70» diaqnozu ilə 2007-ci ildən həmin xəstəxananın psixiatriya kabinetində qeydiyyatdadır. İş üzrə ibtidai istintaq dövründə təqsirləndirilən şəxsin həmin xəstəliyi ilə bağlı zəruri ekspertiza tədqiqatı aparılmayıb. Bununla əlaqədar olaraq təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi məhkəmənin hazırlıq iclasında vəsatət təqdim edərək təqsirləndirilən şəxsin cinayət törədərkən və bundan sonra anlaqlı olub-olmaması halının müəyyən edilməsi üçün iş üzrə məhkəməpsixiatrik ekspertizası keçirilməsinə dair qərar qəbul olunmasını xahiş etmişdir. Azərbaycan Respublikası CPM-nin 299.3.2-ci maddəsinə əsasən hər bir halda cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmənin hazırlıq iclasında “aparılmış ibtidai araşdırma zamanı bu Məcəllənin tələblərinin pozulub-pozulmaması barədə” məsələyə baxılır. Həmin Məcəllənin 303.3.6-cı maddəsinə əsasən «cinayət işi üzrə ittiham aktının və ya məhkəməyədək sadələşdirilmiş icraatın nəticələrinə dair yekun protokolun müvafiq olaraq bu Məcəllənin 289 və 290.3.2-ci maddələrinin və ya 296.2-ci maddəsinin tələblərinə uyğun olmaması» cinayət işinin materiallarına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar çıxarılması üçün əsasdır. Məhkəmə dövlət ittihamçısının vəsatətində göstərilənləri cinayət işinin materialları ilə əlaqəli şəkildə nəzərdən keçirərək belə qənaətə gəlir ki, iş üzrə ittiham aktı Azərbaycan Respublikası CPM-nin 289-cu maddəsinin tələblərinə uyğun deyil. Bununla yanaşı məhkəmə hesab edir ki, ibtidai araşdırma orqanı təqsirləndirilən şəxsin səhhətinin vəziyyəti ilə bağlı müdafiə tərəfinin vəsatətində göstərilən məsələni araşdırmadan (müvafiq ekspertiza tədqiqatı aparılmadan) işi məhkəməyə təqdim etməkdə haqlı olmayıb. Belə ki, ibtidai araşdırma orqanının həmin məsələni araşdırmaqla iş üzrə tamamilə fərqli qənaətə gələ biləcəyi istisna olunmur. Azərbaycan Respublikası CPM-nin 303.1-ci maddəsinə əsasən «Məhkəmənin hazırlıq iclasında məhkəməyədək icraat zamanı aradan qaldırılmadan müvafiq olaraq cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının mahiyyəti üzrə qanuni həll edilməsi mümkün olmayan kobud pozuntularına yol verildiyini müəyyən etdikdə məhkəmə cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verir və onu ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarır». Məhkəmə hesab edir ki, ittiham aktında yol verilmiş pozuntuların cinayət prosessual qanunvericiliyin tələbləri nəzərə alınmaqla hazırkı vəziyyətdə məhkəmə tərəfindən aradan qaldırılması mümkün deyil. Həmin pozuntular ibtidai araşdırma orqanının özü tərəfindən aradan qaldırılmalıdır. Yuxarıda göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, dövlət ittihamçısının vəsatəti təmin olunmaqla cinayət işinin baxılmasına xitam verilməli və o, ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmalıdır. Məhkəmə göstərilənlərlə yanaşı aşağıdakıları qeyd etməyi də zəruri sayır. Azərbaycan Respublikası CPM-nin 300.1.5-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclasının keçirilməsi nəticəsində «cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə» qərar qəbul edilə bilər. Həmin Məcəllənin 306-cı maddəsinə əsasən «306.1. Məhkəmənin hazırlıq iclasının nəticələrinə dair məhkəmə bu Məcəllənin 300.1.1, 300.1.5 və 300.1.6-cı maddələrində nəzərdə tutulmuş qərarlar çıxarmaqla yanaşı, həmçinin aşağıdakılara dair qərar çıxarır: 306.1.1. təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin tətbiq edilməsinin və ya edilməməsinin əsaslılığı; 306.1.2. qətimkan tədbirinin seçildiyi halda onun növünün əsaslılığı; 306.1.3. təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirinin qüvvəsinin saxlanılması, dəyişdirilməsi və ya ləğv edilməsi. 306.2. Cinayət işinin baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması haqqında qərarı elan etdikdən sonra məhkəmə bu Məcəllənin müddəaları ilə nəzərdə tutulmuş qaydada eyni zamanda aşağıdakı hallar mövcud olduqda təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinin uzadılması barədə məsələyə baxmalıdır: 306.2.1. ibtidai araşdırma zamanı təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti cinayət işinin baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması haqqında qərarın çıxarıldığı andan 7 (yeddi) gün müddətində qurtardıqda; 306.2.2. cinayət işi üzrə dövlət ittihamçısı təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinin uzadılması barədə vəsatətlə məhkəməyə müraciət etdikdə». Məhkəmə prosessual qanunvericiliyin yuxarıda qeyd olunan müddəalarını və işin faktik hallarını nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» növündə qətimkan tədbiri dəyişdirilmədən saxlanmalıdır. Məhkəmə həmçinin hesab edir ki, hazırkı qərarla cinayət işinin baxılmasına xitam verildiyi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarıldığı nəzərə alınaraq, müdafiəçinin vəsatətinin mövcud vəziyyətdə təmin olunması mümkün deyil və lüzumsuzdur. Göstərilən məsələyə cinayət işi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarıldıqdan sonra ibtidai araşdırma orqanı tərəfindən baxılmalı və qanunauyğun qərar qəbul edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 300, 303 və 306-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Dövlət ittihamçısı vəsatəti təmin edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 139-1.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinın baxılmasına xitam verilsin və həmin iş ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Suraxanı rayon prokuroruna qaytarılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» növündə qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi vəsatəti təmin edilməsin. Sədrlik edən Ceyhun Qədimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar