Məhkəmə qərarları › İş №1(010)-277/2023

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-277/2023

14.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-277/2023 14.06.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ hakim Kərimov Namiq Həsrət oğlunun sədrliyi, Hacıyev Gündüz Nizami oğlunun katibliyi, Dövlət ittihamçısı, məhkum Təqsirləndirilən şəxs, təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi iştirakı ilə xx xxxxxx 1979-cu ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olan, faktiki ünvan 2də yaşayan, məhkumluğu olmayan, 28 – 30 oktyabr 2022-ci il tarixləri üzrə tutulmuş, 30 oktyabr 2022-ci ildə barəsində “başqa yerə getməmək” növündə qətimkan tədbiri seçilmiş, Suraxanı Rayon Məhkəməsinin 13 mart 2023-cü il tarixli qərarı ilə barəsində axtarış elan olunmaqla «həbs» növündə qətimkan tədbiri seçilmiş və həmin qərara əsasən 10 aprel 2023-cü ildən etibarən həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq istintaqa məlum olmayan mənbədən şəxsi istehlak miqdarından artıq miqdarda 01 ədəd bükümdə təmiz çəkisi 1.613 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroini alaraq əldə edib, üzərində saxlamaqla daşımış və 28 oktyabr 2022-ci il tarixdə saat 16:30-da Suraxanı Rayon Polis İdarəsinin 31-ci polis bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyataxtarış tədbirləri nəticəsində Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, Nərimanov küçəsində narkotik maddələrin qanunsuz dövriyyəsində şübhəli bilindiyi üçün saxlanılıb Suraxanı Rayon Polis İdarəsinin 31-ci polis bölməsinə gətirilərək üzərində şəxsi axtarış və götürmə aparılan zaman əynində olan boz rəngli şalvarın sağ yan cibindən 01 ədəd bükümdə təmiz çəkisi 1.613 qram narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs özünü Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilərək ifadəsində göstərdi ki, 28 oktyabr 2022-ci il tarixdə səhər saatlarında Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsindən tanımadığı şəxsdən öz şəxsi istifadəsi üçün 10 manata bir büküm heroin almış və sonra istifadə etməyi üçün üzərində saxlamışdır. 28 oktyabr 2022-ci il tarixdə saat 16:30 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, Nərimanov küçəsində olan zaman mülki geyimli şəxslər ona yaxınlaşıb özlərini polis əməkdaşları kimi təqdim etmişlər. Polis əməkdaşları onun narkotik maddələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirərək üzərinə baxış keçirilməsi üçün 31-ci polis bölməsinə dəvət etmişlər. O da razılaşmış və polis əməkdaşları ilə birlikdə 31-ci polis bölməsinə gəlmişdir. Polis bölməsində şəxsiyyəti müəyyən olunduqdan sonra polis əməkdaşları onun hüquq və vəzifələrini izah etmişlər və hüquqlarını müdafiə etməsi üçün dövlət hesabına müdafiəçi dəvət etmişlər. Müdafiəçi ilə görüşdükdən sonra polis əməkdaşları video çəkiliş aparmaqla onun üzərinə baxış keçirilməsinin zəruri olmasını bildirmişlər. O isə buna etiraz etməmişdir. Ona hüquq və vəzifələri izah olunmuş, sonra isə polis əməkdaşları xidməti otaqların birində video çəkilişlə üzərinə baxış keçirmişlər. Baxış zamanı ona üzərində hər hansı bir qanunsuz maddə və ya əşya olub-olmaması barədə sual verilmişdir. O da əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd bükümü və “İphone S5” telefonunu çıxarıb təqdim etmişdir. Polis əməkdaşları həmin bükümü açıb baxdıqdan sonra həmin bükümün içərisində olan maddənin nə olması, nə vaxt, kimdən və hansı məqsədlə əldə etməyi barədə soruşmuşdur. O da həmin bir ədəd bükümün içərisində “kakos” kimi tanıdığı narkotik maddə olmasını, onu Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsindən tanımadığı şəxsdən cəmi 10 manata öz şəxsi istifadəsi üçün aldığını və sonra istifadə etmək üçün üzərində saxladığını bildirmişdir. Ondan aşkar edilmiş həmin bir ədəd büküm polis əməkdaşları tərəfindən götürülərək iştirakçıların iştirakı ilə zərfə qoyularaq qablaşdırılmış, qablaşdırılmış zərf möhürlənmiş, bu barədə protokol tərtib edilmiş, tərtib edilmiş protokol və qablaşdırılmış zərf onun və iştirakçılar tərəfindən imzalanmışdır. Əməlindən peşman olmasını nəzərə alınaraq barəsində yüngül cəza verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, Suraxanı Rayon Polis İdarəsinin 31-ci polis bölməsinin cinayət axtarış üzrə baş əməliyyat müvəkkili vəzifəsində xidmət edir. 28 oktyabr 2022-ci il tarixdə “Bahadur” adlı şəxsin narkotik maddənin qanunsuz dövriyyəsində şübhəli olması və onun xarici əlamətləri barədə daxil olmuş əməliyyat məlumatının yoxlanılması zamanı aparılan təxirəsalınmaz əməliyyat tədbirləri nəticəsində Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, Nərimanov küçəsində olarkən xarici əlamətlərində “Bahadur” adlı şəxsin küçə ilə hərəkət etdiyini görmüşlər. Yaxınlaşıb özlərini təqdim etdikdən sonra həmin şəxsdən özünü təqdim etməsini istəmişlər. O da özünü Təqsirləndirilən şəxs kimi təqdim etmişdir. Ona narkotik vasitənin qanunsuz dövriyyəsində şübhəli olduğu üçün onlarla birlikdə polis bölməsinə getməli olduğunu izah etdikdə heç bir etiraz etmədən onlarla birlikdə Suraxanı Rayon Polis İdarəsinin 31-ci polis bölməsinə gəlmişdir. Polis bölməsində olarkən ona üzərinə baxış keçirilməsinin zəruriliyi izah olunmuşdur. Daha sonra xidməti otaqların birində təhqiqatçının, 31-ci polis bölməsinin əməliyyat müvəkkilinin və onun iştirakı ilə videoçəkilişlə Təqsirləndirilən şəxs üzərinə baxış keçirilməsinə başlanılmışdır. İlk öncə təhqiqatçı ona hüquq və vəzifələrini izah etdikdən sonra üzərində qanunla qadağan olunmuş hər hansı əşya və predmet varsa təqdim etməsini bildirdi. Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən bir ədəd sellofana bükülmüş bükümü və əynindəki göy rəngli cins şalvarın sol yan cibindən “İphone 5 S” markalı mobil telefonu çıxarıb təqdim etmişdir. Bükümün içərisində nə olduğunu soruşduqda “kakos” kimi tanıdığı narkotik vasitə olduğunu bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs üzərindən çıxan büküm və telefon zərfə qoyularaq iştirakçılar tərəfindən imzalanmışdır. Abdullayev X1 və Suraxanı Rayon Polis İdarəsinin 31-ci polis bölməsində olduğu zaman ona qarşı hər hansı bir fiziki və ya psixi təsir olunmamışdır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs üzərindən narkotik vasitə olan heroinin aşkarlanaraq götürülməsini özündə əks etdirən bir ədəd CD Compact diskə baxış keçirilmişdir. Həmin görüntülərdən müəyyən olunur ki, polis əməkdaşlarının iştirakı ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə istintaq hərəkəti həyata keçirilir və əvvəlcə Təqsirləndirilən şəxs üzərində saxlanılması, daşınması və ya gəzdirilməsi qadağan edilmiş hər hansı bir əşya və ya predmet varsa könüllü olaraq təqdim etməsi təklif olunur. Təqsirləndirilən şəxs üzərində saxlanılması, daşınması və ya gəzdirilməsi qadağan edilmiş hər hansı bir əşya və ya predmet olduğunu bildirir. Bundan sonra o, əynindəki boz rəngli cins şalvarının sağ cibindən bir ədəd sellofana bükülmüş bükümü çıxardıb təqdim edir. Təqdim etdiyi bükümün içərisində narkotik vasitə heroin olduğunu, bu narkotik vasitə heroini Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsindən “Ceyhunbala” adlı şəxsdən şəxsi istifadəsi məqsədi ilə üzərində saxlayıb gəzdirdiyini bildirir. İş materiallarında olan məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2021-ci il tarixli, 6/6284 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası DİN Arayışlar üçün №195” dairəvi möhür əksi, “Şübhəli şəxs Təqsirləndirilən şəxs (imza)...”sözləri, soyad və imzalar olan bir ədəd zərfin içərisində bir ədəd bükümdə təmiz çəkisi 1,301 qram olan qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına (Siyahı İ) daxildir. Qeyd: heroinin təmiz çəkisi - 1,301 qram, tədqiqata sərf edilən miqdar - 0,05 qram, qalıq - 1,251 qram. İş materiallarında olan məhkəmə-narkoloji ekpsertizasının xx.xx.2022-ci il tarixli 7203 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu edilməsi nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, şahidin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq, cinayət işinin materiallarında olan ekspert rəylərini də sübut növü kimi qəbul edir. İş materiallarından görünür ki, 1,301 qram qram olan narkotik vasitə heroindən tədqiqatdan sonra qalıq qalmış 1,251 qram heroin cinayət işi üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınmış və Suraxanı Rayon Polis İdarəsinin maddi sübutların saxlanc yerinə təhvil verilmişdir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarışın aparıldığı video görüntüləri özündə əks etdirən 01 (bir) ədəd CD formatlı disk maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir. İş materiallarında olan cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il şübhəli şəxs qismində tutulmuşdur. “Vəsatətin müdafiə edilməsindən imtina olunması haqqında” Suraxanı rayon prokuroru, baş ədliyyə müşaviri Rəşad Mahmudovun 30 oktyabr 2022-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə Suraxanı Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin müstəntiqi Elmir Ələsgərovun vəsatətinin müdafiə edilməsindən imtina edilmiş və Təqsirləndirilən şəxs həbsdən azad edilərək barəsində həbslə bağlı olmayan qətimkan tədbirinin seçilməsi üçün Suraxanı Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilmişdir. “Təqsirləndirilən şəxsin barəsində qətimkan tədbiri seçilməsi haqqında” 30 oktyabr 2022-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Suraxanı Rayon Məhkəməsinin 13 mart 2023-cü il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmiş, Suraxanı Rayon Polis İdarəsinin 31-ci polis bölməsinin əməkdaşları tərəfindən 10 aprel 2023-cü il tarixdə saxlanılaraq Suraxanı Rayon Polis İdarəsinin MSY-nə təhvil verilmişdir. İş materiallarında olan “Respublika Psixiatriya Xəstəxanası” X9 17 noyabr 2022-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs arxiv məlumatına görə xəstəxanada müalicədə olmayıb. İş materiallarında olan “Respublika Narkoloji Mərkəzi”X10 məktubundan görünür ki, Təqsirləndirilən şəxs mərkəzdə narkomaniyadan məcburi müalicəyə yerləşdirilməyib. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin 22 dekabr 2010-cu il tarixli hökmünə əsasən Azərbaycan Respublikası 131.2-ci maddəsi təqsirli bilinərək, həmin Məcəllənin 69.3-cü maddəsi tətbiq edilməklə qazancının 15 (on beş) faizi dövlət nəfinə tutulmaqla 01 il 01 ay 24 gün müddətinə islah işləri cəzasına məhkum edilmişdir. Suraxanı Rayon Məhkəməsinin 03 avqust 2021-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, barəsində Azərbaycan Respublikası Milli Məclisinin «8 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında» 05 noyabr 2021-ci il tarixli Qərarının 2.4-cü bəndi tətbiq edilərək, amnistiya qərarının 36-cı bəndinə əsasən cəzadan azad edilmişdir. Ona görə də, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən cinayətin residivi kimi qiymətləndirilməlidir. Həmçinin Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 83.3-cü maddəsinə əsasən məhkumluğu ödənilməmiş şəxs hesab edilir. Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə görə qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Həmin Məcəllənin 83.3.4-cü maddəsinə əsasən ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən altı il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Həmin Məcəllənin 65.2-ci maddəsinə görə residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. İş materiallarında olan xx.xx.2023-cü il tarixli ”sübutların qiymətləndirilməsi barədə” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə cinayət təqibinin başlanması Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən rədd edilmişdir. Beləliklə də, məhkəmə ittiham və müdafiə tərəfini, şahidi dinləyib, iş üzrə toplanmış sübutların cəminə qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirlidir. Onun əməli istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir. Odur ki, o, həmin cinayətin törədilməsinə görə cəzalandırılmalıdır. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs əməlini səmimi etiraf etməsini Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hal kimi müəyyən edilmişdir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən cinayətin residivi müəyyən edilmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəzanı təyin edərkən cəzaçəkmə müəssisəsinin rejimini Azərbaycan Respublikası CM-nin 56.1.3-ci maddəsinə əsasən müəyyən edir. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzasını təyin etməyi qanuni olmaqla, əsaslı və ədalətli hesab edir. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməli, Təqsirləndirilən şəxs 28 – 30 oktyabr 2022-ci il tarixləri üzrə tutulduğu 02 (iki) gün Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanaraq ona qəti olaraq 01 (bir) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilməli, cəzasının əvvəli 10 aprel 2023-cü il tarixindən hesablanmalı, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hazırkı hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində azadlıqdan məhrum etmə növündə cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə tətbiq olunmalı və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalı, iş üzrə maddi sübut kimi tanınmış və Suraxanı Rayon Polis İdarəsində saxlanılan, müvafiq ekspertiza tədqiqatından sonra qalıq çəkisi 1,251 qram təşkil edən kustar üsulla hazırlanmış narkotik vasitə – heroin məhv edilməli, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 55 (əlli beş) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməli, iş üzrə maddi sübut kimi tanınmış 01 (bir) ədəd CD disk iş materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikası CPM-nin 193.2 və 193.3-cü maddələrinə uyğun olaraq Təqsirləndirilən şəxs Hüseyn oğlunun hüquqlarını məhkəmə istintaqı zamanı Vəkillər Kollegiyasının üzvü Müdafiəçi müdafiə etmişdir. Cinayət işinin materiallarında olan arayışdan müəyyən olunur ki, vəkil Müdafiəçi təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 16 saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 nömrəli qərarının 1-ci bəndinə əsasən Azərbaycan Respublikası CPM-nin 193.2-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 manat məblərində müəyyən edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-cı maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs 28 – 30 oktyabr 2022-ci il tarixləri üzrə tutulduğu 02 (iki) gün Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablansın və ona qəti olaraq 01 (bir) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasının əvvəli 10 aprel 2023-cü il tarixindən hesablansın. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hazırkı hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində azadlıqdan məhrum etmə növündə cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə tətbiq olunsun və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış və Suraxanı Rayon Polis İdarəsində saxlanılan, müvafiq ekspertiza tədqiqatından sonra qalıq çəkisi 1,251 qram təşkil edən kustar üsulla hazırlanmış narkotik vasitə – heroin məhv edilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 55 (əlli beş) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübut kimi tanınmış 01 (bir) ədəd CD disk iş materiallarında saxlanılsın. Vəkil Müdafiəçi Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsinə sərf etdiyi 16 (on altı) saata görə Azərbaycan Respublikasının dövlət büdcəsindən 96 (doxsan altı) manat tutularaq 9 saylı Vəkil Bürosunun hesablaşma hesabına (VÖEN **********, h/h ********************, BANK ABB Suraxanı filialı, SWİF+GODE GBAZAZ2X, müxbir hesabı **********031, kod 805692, VÖEN BANK **********) ödənilsin. Həmin məbləğin qanunla müəyyən edilmiş qaydada və miqdarda vəkil Müdafiəçi ödənilməsi 9 saylı Vəkil Bürosuna həvalə edilsin. Hökmdən 20 gün müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hakim Namiq Kərimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar