Məhkəmə qərarları › İş №1(010)-278/2021

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №1(010)-278/2021

21.09.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(010)-278/2021 21.09.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Nuriyev Elnur Aləm oğlunun sədrliyi, məhkəmə iclas katibi Nayıbov Pərviz Şakir oğlunun katibliyi ilə, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində X2 üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs, onun müdafiəçisi, Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, saat 12:15-də, Bakı şəhərində, Təqsirləndirilən şəxs, xx xxxxx 1981-ci ildə Dəvəçi (Şabran) rayonunun Kuybışev kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsində bir azyaşlı uşağı olan, fərdi əməklə məşğul olan, sonuncu dəfə Şabran rayon Məhkəməsinin 05 iyul 2017-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib qazancından dövlət nəfinə 10 (on) faiz məbləğində pul tutulmaqla, 01 (bir) il müddətinə islah işləri cəzasına məhkum olunmuş, məhkumluğu olmayan, Şabran rayonu, Dəvəçi ərazi dairəsi, Dəvəçi kəndində qeydiyyatda olmaqla Bakı şəhəri, Suraxanı rayonu, Binə qəsəbəsi, Südçülük sovxozunda nömrəsiz ünvanda yaşayan, barəsində başqa yerə getməmək haqında iltizam qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs, 30 mart 2021-ci il tarixdə, saat 22 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Binə qəsəbəsi, Südcülük sovxozunda yerləşən nömrəsiz evin qarşısındakı küçədə şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı Zərərçəkmiş şəxs sillə və təpik zərbələri ilə qəsdən vuraraq, ona sol gözün bayır bucağının əzilmiş yarası, sol biləyin şişkinli qançırı, sol baldırın qançırı ilə müşayiət olunan dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmuşdur. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü tam təqsirli bilərək göstərdi ki, “Bolt” şirkətinə məxsus “Hyundai Matrix” markalı avtomobillə taksi fəaliyyəti ilə məşğul olaraq ailəsini dolandırır. 30 mart 2021-ci il tarixdə, saat 19 radələrində tanışı Mahir zəng edib harada olduğunu soruşmuş, Mahirə hazırda Binə qəsəbəsinə müştəri apardığını demişdir. Mahir ona, müştərini düşürdükdən sonra gəlib yaşadığı evin yaxınlığından onu götürüb kafeyə aparmasını xahiş etmişdir. Buna görə də müştərini Binə qəsəbəsində düşürdüb Mahirin yaşadığı evin qarşısına gəlmiş, orada Mahirin və bir nəfər tanımadığı şəxsin gözlədiklərini görmüşdür. Avtomobildən düşüb Mahirlə və onun yanında olan şəxslə görüşmüş, həmin vaxt sonuncuların sərxoş olduqlarını hiss etmişdir. Mahir yanındakı şəxsin qonşu olduğunu, adının Tapdıq olduğunu, sonuncunun onlara qonaqlıq vermək istədiyini demişdir. Bundan sonra Mahir və Tapdığı Binə qəsəbəsində yerləşən “500” adlı kafeyə aparmış, hər üçü kafenin içərisində olan otaqların birində əyləşmişlər. Tapdıq və Mahir yemək sifariş vermişlər, həmin vaxt o, iki bakal, yəni 01 litr pivə içmiş, Mahirlə Tapdıq isə bir neçə bakal pivə içmişlər. Onlar yeməklərini yedikdən sonra Tapdıq hesabı istəmiş, kafedə onlara xidmət edən süfrəçi hesabın 60 manat təşkil etdiyini bildirdikdə Tapdıq ona və Mahirə iradını bildirmiş və hesabın 03 yerə bölünərək ödənilməsini istəmişdir. O, Tapdığa üstündə pul olmadığım demiş, eyni zamanda Mahirlə Tapdıq sərxoş olduqlarına görə onlara kafedən çıxmağı, səhər bu barədə söhbət etməyi təklif etmişdir. Onlar kafedən çıxdıqdan sonra hərəsi öz evinə getmişdir. Evə çatdıqdan bir neçə dəqiqə sonra Tapdığın onunla mübahisə etməsi yadına düşərək əsəbləşmiş və buna aydınlıq gətirmək məqsədilə Tapdığa zəng edib harada olduğunu soruşmuşdur. Tapdıq da ona yaşadığı evin yanında olduğunu demişdir. Tapdığın yaşadığı evin qarşısına gəlib ona zəng edərək küçəyə çağırmışdır. Tapdıq küçəyə çıxdıqda ondan nə üçün belə hərəkət etdiyini, yəni onunla mübahisə etdiyini soruşmuşdur. Tapdıq hazırda sorxoş olduğunu, bu barədə səhər söhbət etməyi təklif etmişdir. O, təkrar Tapdıqdan nə üçün belə hərəkət etdiyini soruşmuş, onunla mübahisə etməyə başlamışdır. Bu zaman sillə və təpiklə Tardığın bədəninin müxtəlif nahiyələrinə zərbələr vurub qaçaraq oradan uzaqlaşmışdır. Həmin vaxt ətrafda Tapdıqla ondan başqa heç kim olmamış, hadisə təxminən 3-4 dəqiqə davam etmişdir. Hazırda o, etdiyi əməlindən səmimi peşmançılıq çəkir və zərərçəmiş şəxs Zərərçəkmiş şəxslə barışıq əldə etmişdir. Buna görə də Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsini və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs göstərdi ki, Bakı şəhəri, Suraxanı rayonu, Binə qəsəbəsi, Südçülük sovxozunda ailəsi ilə birlikdə yaşayır. Sovxozda yaşamağa başladıqdan sonra onunla qonşuluqda yaşayan həmyerlisi X3 ilə tanış olmuşdur. 30 mart 2021-ci il tarixdə, saat 19 radələrində Mahir ilə küçədə görüşmüş, həmin vaxt Mahirin yanında tanışı Fariz adlı şəxs olmuşdur. Farizi əvvəllər görməmiş və tanımamışdır. Onlar söhbət edib yaşadıqları qəsəbənin ərazisində olan “500” adlı kafeyə gedib yemək yemişlər, Mahirin və Farizin üzərində pul olmadığına görə yedikləri yeməyin hesabını, yəni 60 manat pulu o, ödəmişdir. Təxminən saat 21:30 radələrində kafedən çıxıb piyada yaşadıqları evə gedərkən, yedikləri yeməyin hesabının onun tərəfindən ödənilməsi ilə bağlı Farizlə sözlə mübahisə etmiş, lakin aralarında heç bir dava-dalaş baş verməmişdir. Yaşadığı evə getdikdən bir neçə dəqiqədən sonra Fariz zəng edib ondan, harada olduğunu, onunla görüşmək istədiyini bildirmiş, Farizə hazırda evdə olduğunu demişdir. Bir neçə dəqiqədən sonra Fariz yenə ona zəng etmiş və evin qarşısında olduğunu demişdir. Buna görə də o, küçəyə çıxmış, orada Farizin onu gözlədiyini görmüşdür. Yaxınlaşdıqda Fariz ondan, onunla mübahisə etməsinin səbəbini soruşmuşdur. Farizə bu barədə səhər söhbət etməyi təklif etsə də, sonuncu ona bu barədə indi söhbət etməli olduğunu demişdir. Bunda nsonra Fariz ani bir anda yumruq və təpiklə onun sol gözünə, sol qoluna və sol baldırına zərbələr endirmişdir. Özünü müdafiə etmək üçün əli ilə Farizin sinəsindən geriyə itələmiş və sonuncu qaçaraq oradan uzaqlaşmışdır. Hadisə barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “102” xidmətinə zəng edərək məlumat verdiyinə görə onu Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsinə dəvət etmişlər. Həmin günü polis şöbəsinə gedərək hadisə barədə ərizə ilə müraciət etmiş və onun izahatı alınmışdır. Zərərçəkmiş şəxs həmçinin göstərdi ki, həmin vaxtı ətrafda Farizlə ondan başqa heç kim olmamış, hadisə təqribən 03 dəqiqə davam etmişdir. Sonda Zərərçəkmiş şəxs, təqsirləndirilən şəxsin dəymiş ziyanı aradan qaldırdığını, buna görə də onunla barışdığını, sonuncuya qarşı heç bir şikayət və tələbinin olmadığını bildirdi. Məhkəmə cinayət işinin materiallarını tədqiq edərək, təqsirləndirilən şəxsi, onun müdafiəçisini, zərərçəkmiş şəxsi və dövlət ittihamçısını dinləyərək hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad olunmalıdır və cinayət işi üzrə icraata aşağıdakı əsaslara görə xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası CM-nin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs hal-hazırda zərərçəkmişə vurduğu zərəri aradan qaldırmış və onunla barışmışdır. Azərbaycan Respublikası CPM-nin 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə işin icraatına xitam verilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 321, 346, 347, 381, 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışdığına görə, cinayət məsuliyyətindən azad edilsin və onun Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqında iltizam qətimkan tədbiri ləğv edilsin. Qərar elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə ondan apellyasiya şikayəti və ya protesti verilə bilər. Qərar, apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Elnur Nuriyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar