Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-279/2021 15.11.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ hakim Qədimov Ceyhun Tofiq oğlunun sədrliyi, Mazanov Kamran Ramazan oğlunun katibliyi, Dövlət ittihamçısı, təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi iştirakı ilə xx xxxx 2000-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, natamam ali təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanı üzrə qeydiyyatda olan və həmin ünvanda yaşayan, 16 – 18 aprel 2021-ci il tarixləri üzrə tutulmuş, 18 aprel 2021-ci il tarixli qərarla barəsində «polisin nəzarəti altına vermə» növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda yəni, bir ədəd bükümdə təmiz çəkisi 2,151 qram təşkil edən psixotrop maddə olan metamfetamini əldə edərək üzərində saxlamaqla daşımış və 16 aprel 2021-ci il tarixdə Suraxanı Rayon Polis İdarəsinin NMBnin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat tədbirləri nəticəsində narkotik vasitələrin istifadəsində və saxlanılmasında şübhəli bilinərək həmin tarixdə saat 22-də ünvan 2 ünvanının qarşısında saxlanılaraq Suraxanı RPİ-nə gətirilib üzərinə şəxsi axtarış və götürmə istintaq hərəkəti həyata keçirilən zaman əynində olan qara rəngli cins şalvarının sağ yan cibindən 01 ədəd qırmızı rəngli siqaret kağızı bükümündə təmiz çəkisi 2,151 qram təşkil edən ağ rəngli kristallardan ibarət maddə – kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs yuxarıda təsvir olunmuş cinayət əməlini törətməkdə özünü təqsirli bilərək qeyd etmişdir ki, təxminən 5 ay idi psixotrop maddə metamfetamini çəkmək yolu ilə qəbul edirdi. Metamfetamini “Mehman” adlı şəxsdən 20 manat müqabilində Bakı şəhəri, Nərimanov rayonu ərazisində almışdır. 16 aprel 2021-ci ildə saat 22 radələrində ünvan 4 ünvanının qarşısında olduğu vaxt ona mülki geyimli şəxslər yaxınlaşmış və özlərini polis əməkdaşları kimi təqdim edərək narkotik vasitələri gəzdirməkdə və istifadə etməkdə şübhəli olduğunu bildirib Suraxanı RPİ-nə dəvət etmişlər. Beləliklə, polis əməkdaşları ilə birlikdə Suraxanı RPİ-nə getdi. Polis idarəsində ona hüquq və vəzifələri izah olunduqdan sonra dəvət edilmiş vəkilin iştirakı ilə videoçəkilişlə üzərində şəxsi axtarış keçirildi. Şəxsi axtarış zamanı ondan üzərində saxlanılması, daşınması və ya gəzdirilməsi qadağan olunmuş hər hansı bir əşya və ya predmet varsa təqdim etməsi təklif olundu. O, da etiraz etmədi və əynində olan qara rəngli şalvarının sağ yan cibindən 20 manata aldığı 1 ədəd qırmızı rəngli siqaret kağızı bükümündə olan narkotik vasitəni çıxarıb polis əməkdaşlarına təqdim etdi. Ondan həmin bükümün içərisində nə olması, nə vaxt və kimdən əldə etməsi barədə soruşuldu. O, da həmin bükümün içərisində psixotrop maddə metamfetamin olduğunu, onu Bakı şəhəri, Nərimanov rayonu ərazisində “Mehman” adlı şəxsdən öz istifadəsi üçün aldığını bildirdi. Bundan sonra həmin büküm götürülərək zərfə qablaşdırılmış, zərfin üzəri onun və digər iştirakçıların imzaları ilə təsdiqlənmişdir. Bundan sonra üzərinə şəxsi axtarış həyata keçirilmiş, lakin qanunla saxlanılması qadağan edilən hər hansı əşya aşkar edilməmişdir. Qeyd edir ki, sonradan heç vaxt narkotik vasitə və ya psixotrop maddə istifadə etməyib. İstər narkotik vasitələrdən, istərsə də psixotrop maddələrdən asılılığı yoxdur. Əməlindən peşmandır. İşin məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid2 bildirmişdir ki, 16 aprel 2021-ci il tarixdə Təqsirləndirilən şəxs üzərində narkotik vasitələr saxlaması barədə əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumatı yoxlamaq məqsədilə əməliyyat qrupu yaradılmış, o, və əməliyyat qrupunun digər üzvü Şahid1 həmin gün saat 22 radələrində əməliyyat məlumatında göstərilən ünvan 4 ünvanının qarşısına getmiş, orada xarici əlamətlərinə görə Təqsirləndirilən şəxs bənzəyən şəxsə yaxınlaşıb özlərini polis əməkdaşı kimi təqdim etmiş və Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin əldə edilməsi, saxlanması və daşınmasında şübhəli olduğunu bildirərək üzərinə baxış keçirilməsi üçün Bakı şəhəri Suraxanı RPİ-nə gəlməsini təklif etmişlər. Təqsirləndirilən şəxs buna etiraz etməyərək onlarla birlikdə Bakı şəhəri Suraxanı RPİ-nə gəldi. İdarənin xidməti iş otaqlarının birində Təqsirləndirilən şəxs üzərinə dəvət edilmiş müdafiəçinin iştirakı ilə video çəkilişdən istifadə edilməklə şəxsi axtarış aparılmış və ona təklif olunmuşdur ki, üzərində saxlanılması qadağan olunan əşya və ya predmet varsa könüllü olaraq təqdim etsin. Bununla əlaqədar Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarının sağ yan cibindən bir ədəd qırmızı rəngli siqaret kağızına bükülmüş bükümü çıxarıb təqdim etmiş və bildirmişdir ki, təqdim etdiyi həmin bükümün içərisində psixotrop maddə olan metamfetamindir. Həmin psixotrop maddəni kimdən və nə vaxt əldə etdiyi soruşulduqda Təqsirləndirilən şəxs bildirmişdir ki, metamfetamini 16 aprel 2021-ci ildə “Mehman” adlı şəxsdən öz istifadəsi üçün 20 manata alıb. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş içərisində psixotrop maddə metamfetaminə bənzər maddə olan büküm iş üçün əhəmiyyət kəsb etdiyindən polis əməkdaşları tərəfindən götürülərək kağız zərfə qoyularaq qablaşdırılmış və iştirakçılar tərəfindən imza edilmişdir. Sonra isə Təqsirləndirilən şəxs üzərinə baxış keçirilməsi ilə bağlı protokol tərtib edilmiş və bütün iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. Təqsirləndirilən şəxsin müvafiq cinayət əməlini törətməsi faktı onun özünün səmimi etirafı və şahid ifadələri ilə yanaşı, iş üzrə toplanmış digər sübutlarla da, o cümlədən ekspert rəyləri və s. təsdiq olunur. 17 aprel 2021-cı il tarixli 6/1499 nömrəli ekspert rəyinin nəticəvi hissəsində qeyd olunur ki, “Tədqiqata təqdim edilmiş, üzərində: “vətandaş Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş...” yazısı olan zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 2,151 qram ağ rəngli kristallardan ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının qanunu ilə təsdiq olunmuş siyahılara əsasən metamfetamin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”in İ siyahısına daxildir”. 18 avqust 2021-ci il tarixli 2906 nömrəli ekspert rəyinin nəticəvi hissəsində qeyd olunur ki, “müayinə zamanı Təqsirləndirilən şəxs psixotrop maddə olan metamfetamindən sui-istifadə edilməsi nəticəsində asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Lakin, hal-hazırda abstinensiya, intoksikasiya əlamətlərinin olmamasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar olaraq, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür». Məhkəmə ittiham və müdafiə tərəfini dinləyib məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Beləliklə, Təqsirləndirilən şəxs CM-nin yuxarıda qeyd olunan maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir. Ona görə də Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, ona həmin maddənin sanksiyası daxilində cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə olaraq az ağır cinayət törətməsini, öz cinayətini səmimi etiraf etdiyini və səmimi peşman olduğunu, gəncliyini, tələbə olmasını iş üzrə cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə cəza təyin edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları və cəzanı ağırlaşdıran halın olmadığını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyası daxilində azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunmalıdır. Cinayətin xarakterini, təqsirləndirilən şəxsin şəxsiyyətini, həmçinin Azərbaycan Respublikası CM-nin 52-1-ci maddəsinin tələblərini nəzərə alaraq məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs üzərinə cəza çəkdiyi müddətdə daimi yaşayış yerini hər gün saat 22.00-dan növbəti gün saat 07.00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək, ərazi üzrə narkoloji dispanserdə qeydiyyata alınmaq, pandemiya əleyhinə rejimə, sanitariya-gigiyena və karantin rejimlərinə riayət edilməsi ilə bağlı X1 tövsiyələrinə və Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarlarına əməl etmək vəzifəsi qoyulmalıdır. Məhkəmə həmçinin hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış və Suraxanı Rayon Polis İdarəsində saxlanılan, müvafiq ekspertiza tədqiqatından sonra qalıq çəkisi 2,051 qram təşkil edən, kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin məhv edilməli, iş üzrə maddi sübut kimi tanınmış 01 (bir) ədəd DVD disk iş materiallarında saxlanılmalı, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 114 (yüz on dörd) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 347 – 349, 351 – 353, 356, 358, 381, 383 – 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il 09 (doqquz) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs 16 – 18 aprel 2021-ci il tarixləri üzrə tutulduğu 02 (iki) gün Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablansın və ona qəti olaraq 02 (iki) il 08 (səkkiz) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması növündə cəzasının əvvəli yaşadığı yer üzrə probasiya qurumunda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə cəza çəkdiyi müddətdə daimi yaşayış yerini hər gün saat 22.00-dan növbəti gün saat 07.00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək, ərazi üzrə narkoloji dispanserdə qeydiyyata alınmaq, pandemiya əleyhinə rejimə, sanitariya-gigiyena və karantin rejimlərinə riayət edilməsi ilə bağlı X1 tövsiyələrinə və Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarlarına əməl etmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş «polisin nəzarəti altına vermə» növündə qətimkan tədbiri hazırkı hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış və Suraxanı Rayon Polis İdarəsində saxlanılan, müvafiq ekspertiza tədqiqatından sonra qalıq çəkisi 2,051 qram təşkil edən, kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış 01 (bir) ədəd DVD disk iş materiallarında saxlanılsın. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 114 (yüz on dörd) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Hökmdən 20 gün müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən Ceyhun Qədimov
Məhkəmə qərarları › İş №1(010)-279/2021
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-279/2021
15.11.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver