Məhkəmə qərarları › İş №1(010)-281/2023

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-281/2023

17.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-281/2023 17.05.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Nuriyev Elnur Aləm oğlunun sədrliyi, məhkəmə iclas katibi Nayıbov Pərviz Şakir oğlunun katibliyi ilə, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində X3 üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, onun müdafiəçisi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, 17 may 2023-cü il tarixdə, saat 10:30-da, Bakı şəhərində xx xxxxx 1997-cü ildə Qazax rayonu, Birinci Şıxlı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, heç bir yerdə işləməyən, məhkumluğu olmayan, Qazax rayonu, Birinci Şıxlı kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, 11 oktyabr 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 12 oktyabr 2022-ci il tarixdə barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə Bakı şəhəri, Nizami rayonu ərazisində, metronun «Neftçilər» stansiyasının yaxınlığında şəxsiyyəti istintaqa məlum olmayan şəxsdən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda 01 ədəd bükümdə təmiz çəkisi 0,953 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin əldə edib üzərində saxlamaqla daşımış, xx.xx.2022-ci il tarixdə, saat 07:00 radələrində Bakı şəhəri, Hövsan qəsəbəsi, Zığ-Hava Limanı şossesi 40-cı kmin yaxınlığında Bakı şəhəri Suraxanı RPİ-nin Post patrul xidmətinin əməkdaşları tərəfindən qanunsuz olaraq narkotik vasitələrin əldə edilib saxlanması və daşınmasında şübhəli bilinərək saxlanılmış və ünvan 2 ünvanında yerləşən Suraxanı Rayon Polis İdarəsinin 30cu Polis Şöbəsinə aparılıb orada üzərində şəxsi axtarış və götürmə aparılarkən əynində olan açıq göy rəngli cins şalvarının sağ yan cibindən 01 (bir) ədəd şəffaf sellofan kəsiyi bükümündə təmiz çəkisi 0,953 qram olan kustar üsulla hazırlanmış həmin psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü tam təqsirli bilərək göstərdi ki, xx.xx.2022-ci il tarixdə səhər saatlarında həmkəndlisi X4 ilə birlikdə Bakı şəhərinə gəlmişlər. Bakı şəhərinə gələndən sonra xx.xx.2022-ci il tarixdə Bakı şəhəri, Nizami rayonu, ərazisində metronun «Neftçilər» stansiyasının yaxınlığında zahiri görkəmindən narkotik vasitə aludəçisinə oxşayan, adını bilmədiyi şəxsdən 13 manata «patı» kimi tanıdığı psixotrop maddə alıb sonra özü istifadə etməsi üçün əynində olan açıq göy rəngli cins şalvarının sağ yan cibinə qoyub saxlamışdır. Gecəni 8-ci kilometr bazarında yerləşən günlük motelda qalmışlar. xx.xx.2022-ci il tarixdə moteldən çıxıb Hövsan qəsəbəsinə getmək üçün Zığ-Hava Limanı şössesinin yaxınlığında dayanıb taksi gözlədikləri zaman saat 07:00 radələrində PPX avtomobili gəlib yanlarında dayanmış, avtomobildə olan polis əməkdaşları onlara yaxınlaşaraq özlərini təqdim edib onları sorğusual etməyə başlamışlar. Narkotik vasitə aludəçisi olduğunu etiraf etmişdir. Polis əməkdaşları qanunsuz olaraq narkotik vasitə əldə edib saxlayıb daşımaqda şübhəli olduğunu bidirərək onu Suraxanı RPİ-nin 30-cu PŞ-nə aparmışlar. Polis şöbəsində şəxsiyyəti müəyyən edildikdən sonra xidməti otaqda ona şübhəli şəxsin hüquq və vəzifələri izah olunmuş, hüquqlarının müdafiə olunması üçün vəkil dəvət edilmişdir. Videoçəkiliş aparılmaqla üzərində axtarış aparılacağı barədə qərar elan olunaraq üzərində narkotik vasitə, psixotrop maddə, əldə olunub saxlanması və daşınması qadağan olunmuş hər hansı bir vasitə, əşya və ya predmet varsa təqdim eməsi təklif olunmuş, üzərində «patı» kimi tanıdığı psixotrop maddə olduğunu etiraf edib xx.xx.2022-ci il tarixdə metronun «Neftçilər» stansiyasının yaxınlığında tanımadığı şəxsdən alıb əynindəki açıq göy rəngli cins şalvarının sağ yan cibində saxladığı bir ədəd şəffaf sellofan kəsiyi bükümündə olan psixotrop maddə metamfetamini polis əməkdaşlarına təqdim etmiş, harada və necə aldığını demişdir. Təqdim etdiyi maddə polis əməkdaşları tərəfindən götürülərək bir ədəd zərfə qoyulmuş, zərf möhürləmiş, bu barədə protokol tərtib edilmişdir. Protokolun məzmunu ilə tanış olub möhürlənmiş zərfin üzərini və protokolu imzalamışdır. Sonda o, törətdiyi əməldən səmimi peşman olduğunu bildirmişdir. Məhkəmə dövlət ittihamçısını, təqsirləndirilən şəxsi, onun müdafiəçisini və şahidləri dinləyərək, iş materiallarını tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətmişdir və onun təqsiri özünün etirafedici ifadəsi ilə yanaşı aşağıda göstərilən digər sübutlarla da təsdiq edilir. Cinayət işinin ibtidai istintaqı zamanı şahid qismində dindirilmiş Bakı şəhəri Suraxanı RPİ-nin Post Patrul Xidməti Tağımının polis nəfəri Şahid1 məhkəmə iclasında elan olunmuş ifadəsindən görünür ki, xx.xx.2022-ci il tarixdə PPX Tağımının polis nəfəri Şahid2 ilə birlikdə Suraxanı rayonu Hövsan qəsəbəsi ərazisində xidmət aprarkən saat 07:00 radələrində Zığ-Hava liman şossesinin kənarında dayanmış iki nəfərin özlərini şübhəli aparmaları diqqətlərini cəlb etmiş, yaxınlaşaraq özlərini təqdim edib həmin iki nəfərin kimliyini soruşub sonuncuları sorğu-sual etikdə özlərini Qazax rayonu, Birinci Şıxlı kənd sakinləri kimi təqdim edən Təqsirləndirilən şəxs və Osmanlı Rəşad narkotik vasitədən istifadə etdiklərini və üzərlərində narkotik vasitə olduqlarını etiraf etmişlər. Rəşad Osmanlı və Təqsirləndirilən şəxs narkotik vasitələrin əldə edilib saxlanması və daşınmasında şübhəli olduqları üçün Bakı şəhəri Suraxanı RPİ-nin 30- cu PŞ-nə aparılmışdır. Cinayət işinin ibtidai istintaqı zamanı şahid qismində dindirilmiş Bakı şəhəri Suraxanı RPİ-nin Post Patrul Xidməti Tağımının polis nəfəri Şahid2 məhkəmə iclasında elan olunmuş ifadəsindən görünür ki, sonuncu şahid qismində dindirilmiş Şahid1 ifadəsi ilə eyni məzmunlu ifadə verdi. Məhkəmədə şahid qismində dindirilmiş Bakı şəhəri Suraxanı RPİ-nin 30-cu PŞ-nin əməliyyat müvəkkili, polis kapitanı Şahid3 ifadəsində göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə Suraxanı RPİ-nin Post Patrul Xidməti Tağımının polis nəfərləri Şahid1 və Şahid2 iki nəfər şəxsi Suraxanı RPİ-nin 30-cu PŞ-nin növbətçi hissəsinə gətirib həmin şəxslərin narkotik vasitələrin qanunsuz dövriyəsində şübhəli olmaları barədə raportla məruzə etmişlər. Həmin şəxslərin şəxsiyyəti müəyyən edilərək Təqsirləndirilən şəxs və X4 olduqları müəyyən edilmişdir. Polis şöbəsinin inzibati binasında, xidməti otaqda Təqsirləndirilən şəxs şübhəli şəxsin hüquq vəzifələri izah olunmuş, hüquqlarının müdafiə olunması üçün dövlət hesabına müdafiəçi dəvət edilmişdir. Videoçəkiliş aparılmaqla üzərində şəxsi axtarış aparılacağı barədə qərar elan edilərək üzərində narkotik vasitə, psixotrop maddə və ya əldə edilib saxlanması və daşınması qadağan olunmuş hər hansı bir əşyası varsa təqdim etməsi təklif olunmuşdur. Təqsirləndirilən şəxs əynində olan açıq göy rəngli cins şalvarının sağ yan cibindən 01 (bir) ədəd şəffaf sellofan kəsiyinə bükülmüş bükümü çıxarıb təqdim etmiş, bükümün arasında «patı» kimi tanıdığı psixotrop maddə olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi büküm açıldıqda içərisində psixotrop maddə metamfetaminə oxşar kütlə olduğu məlum olmuşdur. Təqsirləndirilən şəxs təqdim etdiyi bir bükümdə olan metamfetamini Bakı şəhəri Nizami rayonu ərazisində metronun «Neftçilər» stansiyasının yaxınlığında tanımadığı şəxsdən öz istifadəsi üçün aldığını bildirmişdir. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış davam etdirilmiş amma onun üzərindən özünün təqdim etdiyi bir ədəd şəffaf sellofan kəsiyi bükümündən əlavə heç nə aşkar olunmamışdır. Həmin bir ədəd büküm bir ədəd zərfə qablaşdırılaraq zərf möhürlənərək bu barədə protokol tərtib olunmuş, protokolun məzmunu ilə tanış olub möhürlənmiş zərfin üzərini və protokolu imzalamışdır. Məhkəmədə şahid qismində dindirilmiş Bakı şəhəri Suraxanı RPİ-nin 30-cu PŞ-nin əməliyyat müvəkkili, polis kapitanı Şahid4 şahid qismində dindirilmiş Şahid3 ifadəsi ilə eyni məzmunlu ifadə verdi. İş materiallarında olan “Şəxsi axtarış və götürmə aparılması haqqında” 11 oktyabr 2022-ci il tarixli protokoldan görünür ki, Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin 30-cü Polis Şöbəsinin inzibati binasında videoçəkilişdən istifadə edilməklə polis əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilmiş, əvvəlcə ona üzərində qanunsuz olaraq əldə edilmiş hər hansı bir əşya və ya narkotik vasitə olduğu təqdirdə təqdim etməsi təklif edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs əynində olan açıq göy rəngli cins şalvarının sağ yan cibindən 01 (bir) ədəd şəffaf sellofan kəsiyinə bükülmüş bükümü çıxarıb təqdim etmiş, bükümün arasında «patı» kimi tanıdığı psixotrop maddə olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış davam etdirilmiş amma onun üzərindən özünün təqdim etdiyi bir ədəd şəffaf sellofan kəsiyi bükümündən əlavə heç nə aşkar olunmamışdır. İş materiallarında olan “Diskə baxış keçirilməsi haqqında” 12 oktyabr 2022-ci il tarixli protokoldan, habelə iş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş DVD diskdəki video görüntüdən görünür ki, polis əməkdaşlarının iştirakları ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə istintaq hərəkəti həyata keçirilir. Əvvəlcə Təqsirləndirilən şəxs üzərində saxlanılması, daşınması və gəzdirilməsi qadağan edilmiş hər hansı bir vasitə, əşya və ya predmet varsa könüllü olaraq təqdim etməsi təklif olunur. Təqsirləndirilən şəxs əynindəki açıq göy rəngli cins şalvarının sağ yan cibindən 01 (bir) ədəd şəffaf sellofan kəsiyi bükümünü çıxarıb təqdim edir və bildirir ki, təqdim etdiyi bükümün arasında psixotrop maddə metamfetamin vardır, metamfetamini xx.xx.2022-ci il tarixdə metronun «Neftçilər» stansiyasının yaxınlığında tanımadığı şəxsdən 13 (on üç) manata alaraq öz şəxsi istifadəsi üçün üzərində saxlamışdır. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış davam etdirilir, amma onun üzərindən özünün təqdim etidiyi bir ədəd sellofan kəsiyi bükümündən başqa heç bir əşya və ya vasitə aşkar olunmur. İş materiallarında olan materialların məkhəmə ekspertizası üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin verdiyi xx.xx.2022-ci tarixli, 6/5865 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində «...Təqsirləndirilən şəxs...» sözləri olan zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 0,953 qram ağ rəngli kristallik hissəciklərdən ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Təmiz çəkisi 0,953 qram olan metamfetaminin 0.100 qram hissəsi tədqiqata sərf olunmuş, qalıq 0,853 qram təşkil etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X5 şəxsi Ambulator Məcburi-Narkoloji tibbi yoxlama komissiyasının verdiyi xx.xx.2023-cü il tarixli 310 nömrəli rəydən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs psixostimulyatorların qəbul edilməsi nəticəsində yaranan aslılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Lakin, hal-hazırda abstinensiya, intoksikasiya əlamətlərinin olması nəzərə alınaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətinin olması ilə əlaqədar olaraq narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X2 İdarəsinin təqdim etdiyi 30 dekabr 2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Beləliklə, yuxarıda göstərilən sübutlarla Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə müəyyən olunmuş cinayətin törədilməsində təqsiri tam sübuta yetirilir. Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli, 961-İİQ saylı Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının” İ siyahısının 5-ci bəndinin tələbinə görə metamfetaminin şəxsi istehlak miqdarından artıq miqdar (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 0.15 qram, külli miqdar (təmiz halda qramlarla) daxil olmaqla aşağı həddi 2 qramdır. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli, 959-İİQ nömrəli Qanununun 1.0.8, 1.0.9 və 1.0.10-cü maddələrinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş və narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması - məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli, 2 nömrəli Qərarının 4-cü bəndinə görə törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür. Həmin Qərarın 5-ci bəndinə görə təqsirli şəxsin narkotik vasitələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. “Məhkəmə Hökmü Haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 saylı qərarının, 45-ci bəndində qeyd olunmuşdur ki, Məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Cəza təyin edərkən məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, əvvəllər məhkum olunmamasını, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Törətdiyi əməli etiraf etməsini, əməlindən səmimi peşman olmasını məhkəmə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal hesab edir. İş üzrə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 4 saylı Qərarının 3-cü bəndində göstərilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən onun barəsində işdə olan və ayrı-ayrılıqda yuxarıda sadalanan cəzasını yüngülləşdirən halın olub, cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alaraq, eləcə də təqsirləndirilən şəxsin azadlığın məhdudlaşdırılması növündə cəza çəkmədən islah olunmasını mümkün sayaraq, hesab edir ki, ona azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunduğu təqdirdə də cəzanın məqsədləri təmin edilə bilər. Bununla əlaqədar məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum edilməklə cəmiyyətdən tam təcrid edilməsinə əsaslar müəyyən edilmədiyinə görə təqsirləndirilən şəxs barəsində azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməlidir. Bundan başqa, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanır. İş materiallarında olan şübhəli şəxsin tutulması haqqında 11 oktyabr 2022-ci il tarixli protokoldan, habelə təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında 12 oktyabr 2022ci il tarixli qərardan, təqsirləndirilən şəxsin barəsində həbs növündə qətimkan tədbirinin seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina olunması barədə 12 oktyabr 2022ci il tarixli qərardan və Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin İstintaq Şöbəsinin müstəntiqinin qətimkan tədbirinin seçilməsi haqqında eyni tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs 11 oktyabr 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 12 oktyabr 2022-ci il tarixdə təqsirləndirilən şəxs qismindən cəlb edilərək ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ittiham elan edilmiş, həmin tarixdə Bakı şəhəri Suraxanı rayon prokurorunun qərarı ilə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin İstintaq Şöbəsinin müstəntiqinin vəsatətinin müdafiə edilməsindən imtina edilmiş, Təqsirləndirilən şəxs barəsində həbslə bağlı olmayan başqa qətimkan tədbirinin seçilməsi qərara alınmış və bundan sonra Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası CPM-nin 158.2 və 158.2.1-ci maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan hesablanır və tutulduğu müddət həbsdə saxlama müddətinə daxil edilir. İş materiallarında olan 11 oktyabr 2022-ci il tarixli “Cinayət törətməkdə şübhəli şəxsin tutulması” haqqında protokoldan, 12 oktyabr 2022-ci il tarixli “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” qərardan, həmin tarixli “Təqsirləndirilən şəxsin dindirilməsi” protokoldan, “Vəsatətin müdafiə edilməsindən imtina olunması haqqında” 12 oktyabr 2022-ci il tarixli qərarlardan görünür ki, Təqsirləndirilən şəxs 11 oktyabr 2022-ci tarixdə, saat 08:50-də şübhəli şəxs qismində tutulmuş, 12 oktyabr 2022-ci il tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ittiham elan edilmiş, həmin tarixdə təqsirləndirilən şəxs qismində dindirilməsi saat 12:10-da başlamış, 12:40-da başa çatmış, barəsində həbs növündə qətimkan tədbirinin seçilməsi barədə məsələyə baxılması üçün Bakı şəhər Suraxanı Rayon Məhkəməsinə verilmiş, məhkəmənin qərarı ilə dərhal məhkəmə iclas zalından azadlığa buraxılmışdır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs azadlığının məhdudlaşdırılması faktiki olaraq onun tutulduğu vaxtdan, yəni 11 oktyabr 2022-ci il saat 08:50-də başlayaraq təqsirləndirilən şəxs qismində dindirilməsinin qurtarma vaxtı, yəni 12 oktyabr 2022-ci il saat 12:40-dan sonra da davam etməklə Suraxanı rayon prokuroru Rəşid Mahmudov tərəfindən həbs qətimkan tədbirinin seçilməsinə dair Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin İstintaq Şöbəsinin müstəntiqinin vəsatətinin müdafiə edilməsindən imtina olunması, barəsində həbslə bağlı olmayan qətimkan tədbirinin seçilməsi və saxlanıldığı Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin Müvəqqəti Saxlama Yerindən azad edilməsi qərara alınaraq qərarı qəbul edildikdən sonra başa çatmışdır. Göründüyü kimi Təqsirləndirilən şəxs azadlığının məhdudlaşdırılması faktiki olaraq bir gündən artıq müddətdə davam etmişdir. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı 11 oktyabr 2022-ci il tarixdən 12 oktyabr 2022-ci il tarixədək şübhəli şəxs qismində tutulmaqla azadlığının faktiki olaraq məhdudlaşdırıldığı 24 saatdan artıq müddət 02 (iki) gün hesab edilməklə həmin müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanaraq təyin olunmuş cəzadan çıxılmalı və Təqsirləndirilən şəxs üzərində qəti olaraq müəyyən müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmalıdır. Bundan başqa, Azərbaycan Respublikası CM-nin 52-1.1-ci maddəsinə əsasən, azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs barəsində təyin edilən cəzanın növünü və onun barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin seçilməsinə əsas olmuş halların aradan qalxmamasını nəzərə alaraq hesab edir ki, hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilmədən saxlanılmalıdır. Bundan başqa, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Həmçinin məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinə əsasən, iş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin maddi sübutların saxlanc yerinə təhvil verilmiş, xalis çəkisi 0,853 qram olan psixotrop maddə - metamfetamin məhv edilməlidir. Eyni zamanda məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınaraq cinayət işinə əlavə edilmiş 01 ədəd “DVD” disk Azərbaycan Respublikası CPM-nin 132.1.6-cı maddəsinə əsasən cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Habelə məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 197.1, 197.1.4 və 198.1-ci maddələrinə əsasən iş üzrə materialların məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 81 (səksən bir) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs dövlət nəfinə tutulmalıdır. Bundan əlavə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə məsrəfləri ilə bağlı əlavə olaraq məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli, 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmədə göstərdiyi pulsuz hüquqi yardıma görə 10 (on) iş saatı üçün 60 (altmış) manat məbləğində vəsait müdafiəçisi Bakı şəhəri 9 saylı vəkil bürosunun vəkili Müdafiəçi ödənilməsi üçün Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Bakı şəhəri 9 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 346, 347, 349, 351-353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinərək 02 (iki) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilsin. Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı 11 oktyabr 2022-ci il tarixdən 12 oktyabr 2022-ci il tarixədək şübhəli şəxs qismində tutulmaqla azadlığının faktiki olaraq məhdudlaşdırıldığı 24 saatdan artıq müddət 02 (iki) gün hesab edilməklə həmin müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanaraq Təqsirləndirilən şəxs təyin edilən 02 (iki) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasından 04 (dörd) gün çıxılsın və Təqsirləndirilən şəxs çəkilməsi üçün qəti olaraq 02 (iki) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası müəyyən edilsin. Təqsirləndirilən şəxs üzərinə hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Qazax rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs üzərində nəzarətin həyata keçirilməsi Qazax rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri qüvvədə saxlanılsın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə materialların məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 81 (səksən bir) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs dövlət nəfinə tutulsun. İş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin maddi sübutların saxlanc yerinə təhvil verilmiş xalis çəkisi 0,853 qram olan psixotrop maddə - metamfetamin məhv edilsin. İş üzrə maddi sübut kimi tanınaraq cinayət işinə əlavə edilmiş 01 ədəd “DVD” disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmədə göstərdiyi pulsuz hüquqi yardıma görə 10 (on) iş saatı üçün 60 (altmış) manat məbləğində vəsait müdafiəçisi Bakı şəhəri 9 saylı vəkil bürosunun vəkili Müdafiəçi ödənilməsi üçün Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Bakı şəhəri Bank ABB Suraxanı filialı, VÖEN **********, h/h ********************, SWİF GOODE İBAZAZ2X, m/h-**********031, kod 805692, VÖEN **********, AİİBAZ2X, hesab-********************, VÖEN-********** hesablaşma hesabı üzərindən Bakı şəhəri 9 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökm elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya protesti verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Elnur Nuriyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar