Məhkəmə qərarları › İş №1(010)-281/2025

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №1(010)-281/2025

15.05.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(010)-281/2025 15.05.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Rzayeva Nərminə Cahangir qızının sədrliyi, Ələmşahova Aytəkin Aqil qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Müdafiəçi Bakı şəhəri 09 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Zərərçəkmiş şəxs iştirakları ilə, xx.xx.1990-cı ildə Bərdə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, məhkumluğu olmayan, işləməyən, Yevlax rayonu, Malbinəsi kəndində qeydiyyatda olan və Bakı şəhəri, Suraxanı rayonu, Binə qəsəbəsi, Südçülük sovxozunda fərdi yaşayış evində yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməli törətməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına açıq məhkəmə baxış iclasında baxaraq, M Ü Ə Y YƏ N E T D İ : Təqsirləndirilən şəxs 07 mart 2025-ci il tarixdə, saat 23:00 radələrində Bakı şəhəri Suraxanı rayonu, Binə qəsəbəsi, Südçülük sovxozunda nömrəsi olmayan fərdi yaşayış evində birlikdə yaşadığı həyat yoldaşı Zərərçəkmiş şəxs həmin günü bacısının Binəqədi rayonunda yerləşən evinə gedib evə gec gəlməsi səbəbinə görə aralarında yaranmış mübahisə zamanı orta dərəcəli sərxoş vəziyyətdə qəsdən mətbəxdən gptürdüyü bıçaqla onun sağ əlinə, daha sonra şillə və yumruqla başına və bədəninin müxtəlif nahiyələrinə vuraraq ona sağ gözətrafı yumşaq toxumaların qançırı, həmin gözün ağlı qişasının qansızması, həmin gözün bayır bucağı nahiyəsinin sıyrığı, sol gözətrafı yumşaq toxumaların qançırı, sol qaşın bayır bucağı nahiyəsinin sıyrığı, boyunun, sol baldırın, sağ bazunun qançırları, sağ əlin birinci barmağının kəsilmiş yarası ilə müşayiət olunan dərəcəsinə görə sağlamlığının qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid edilən bədən xəsarətləri yetirmişdir. İbtidai istintaq zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf edərək bildirmişdir ki, Zərərçəkmiş şəxs onun həyat yoldaşıdır və onlar Suraxanı rayonu Binə qəsəbəsi, Südçülük sovxozunda fərdi yaşayış evində birgə yaşayırlar. xx.xx.2025-ci il tarixdə, saat 14:00 radələrində az yaşlı qız övladı Nihanı həyat yoldaşı Zərərçəkmiş şəxs iş yerinə apararaq ona təhvil verəndə, həyat yoldaşı ona işdən sonra Binəqədi rayonunda yaşayan bacısıgilə getməsi barədə icazə istəsə də, ona icazə vermədiyini və işdən sonra evə gəlməsini tapşırdığını bildirmişdir. Evə gəldikdən sonra saat 18:00 radələrində yaxınlıqda olan «Peçat» kafesinə getmiş, orda müəyyən miqdarda spirtli içki qəbul edərək saat 22:00 radələrində evə gəlsə də, həyat yoldaşı Kübranın həmin vaxtadək evdə olmadığını görüb onun mobil telefonuna «Vatsapp» vasitəsilə söyüş dolu mesaj yazıb təcili evə gəlməsini bildirmişdir. Saat 22:30 radələrində evə gələn Zərərçəkmiş şəxs bu vaxtadək harda olmasını soruşaraq əvvəlcə onunla mübahisə etmiş, sonra isə onun üzünə şillə və yumruqlar vurmuş, daha sonra isə onu yerə yıxaraq onun baş və bədəninin müxtəlif nahiyələrinə yumruq və təpiklər vuraraq ona bədən xəsarətləri yetirmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirliən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf edərək bildirmişdir ki, özünü təqsirli bilir, onlar 9 ildir evlidirlər, birgə nikahlarında 4 və 7 yaşlı iki övladları var və hər ailədə olduğu kimi söz-söhbətləri olmuş, daha əvvəlki mübahisələrində isə yüngül toxunuşlar olsa da, vurmamışdır. Hadisə olan gün yoldaşının harada olduğunu və bacısıgili onu gətirəcəyini bilirdi, lakin içkili olmuş, araq və pivəni qatışdırmış, özündə olmamışdır. O, aralarında olan mübahisənin nə qədər davam etdiyinin yadında olmadığını, bıçağın mətbəxdə olduğunu və oradan necə götürdüyünü, bıçağı almaq istəyəndə barmağına necə vurduğu yadında deyil. Hadisə olandan sonra qaynı gəlib yoldaşını aparmış, polisdə olan vaxtda da aralarında barışıq olmamışdır. Əvvəllər özü taksi fəaliyyəti ilə məşğul olurdu, indi işləmir, həyat yoldaşı da işləyirmiş. Bu hadisə yaşanandan sonra o, tövbə etmiş və artıq 2 aydır ki, içki içmir. Təxminən 2 həftə olar ki, həyat yoldaşı ilə barışıb. Sonda, Təqsirləndirilən şəxs ifadəsində əməlindən səmimi peşman olduğunu, zərərçəkmiş şəxs ilə barışdığını, ona dəymiş ziyanı tam ödədiyini, zərərçəkmiş şəxsin ondan şikayət və tələbinin olmadığını göstərmiş və bu səbəbdən barəsində olan cinayət işinin icraatına xitam verilməsini xahiş etmişdir. İbtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində tanınaraq dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində bildirmişdir ki, əri Təqsirləndirilən şəxs Etibar oğlu, onun valideyinləri və 2 az yaşlı övladları ilə birlikdə Binə qəsəbəsi, Südçülük sovxozunda fərdi yaşayış evində yaşayırlar. xx.xx.2025-ci il tarixdə iş yerinə az yaşlı qızı Nihanla gələn həyat yoldaşı Təqsirləndirilən şəxs işdən sonra Binəqədi rayonunda yaşayan bacısigilə gedəcəyi barədə icazə istədiyini, lakin əri ona icazə verməsə də işdən sonra az yaşlı qızı ilə birlikdə bacısıgilə getmişdir. Bacısıgildə olduğı zaman saat 19:30 radələrində həyat yoldaşı İmanın onun mobil telefonuna söyüş dolu mesaj yazaraq evə gəlməsini tələb etdiyinə görə, bacısının Elçin adlı həyat yoldaşı ilə saat 22:30 radələrində evə gəldiyini və həyat yoladaşı İmanla ona evə gec gəldiyini irad bildirdiyi mətbəxdə mübahisə etdiyini, mübahisə zamanı İmanın mətbəx bıçağı ilə onun sağ əlinin baş barmağına vuraraq barmağını kəsdiyini, daha sonra isə üzünə və gözünə şillələr və yumruqlar vuraraq onu yerə yıxıb, başına və bədəninin müxtəlif nahiyələrinə yumruq və təpiklə vuraraq ona xəsarət yetirmiş, qaynatası Şahid1 müdaxiləsindən sonra onun əlindən canını qutarmış və yataq otağına keçərək qardaşı Şahid2 zəng edərək bu barədə məlumat vermişdir. Bu məlumatdan sonra onlara gələn 30-cu Polis Şöbəsinin əməkdaşları ilə polis şöbəsinə gələrək şikayət ərizəsi təqdim etmişdir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində bildirmişdir ki, işdən çıxıb bacısıgilə getmiş, həmin vaxt yoldaşı içkili olmuş, o isə yoldaşının içdiyini bilməmişdir. Ona “tez gəl” deyə yazmış, bacısının yoldaşında incidiyi üçün onlara getməsini istəməmiş, ancaq yoldaşının icazəsi ilə getmişdir. Bacısıgildən qayıtdıqdan sonra uşaqları yatızdırıb mətbəxə keçmişdir. İman alkaş deyil, lakin içkinin qədərini bilmir. Onların içki üstündə mübahisələri çox olmuş, lakin bu dərəcədə olmamışdır. O, yoldaşına reabilitasiyaya getməsini təklif etmişdir. Hadisə günü yoldaşının vəziyyətinin yaxşı olmadığını görüb bacısının həyat yoldaşını öz evlərinə yola salmışdır. Əslində, yoldaşının uşağa qarşı aqresiyası var idi. O, əlini masaya qoymuş, o an yoldaşı əlini bıçağa atmış və qapını bağlamışdır, bunu isə yoldaşının valideynləri görməmiş, sonradan mətbəxin qapısını açmış və atası onları görmüşdür. Özü bir anlıq onu evdən qovmaq üçün qapını açmışdır. Onun atasında mərhəmət var, ancaq anasında yoxdur. Atası onu yataq otağına sakitləşməsi üçün salmış və o da qardaşına heçnə demədən gəlib onu aparmasını yazmış, qardaşı da “tək gəlməyəcəm, polis gətirəcəm” yazmışdır. İlk yoldaşı qapını açmamış, sonradan açmışdır. Yoldaşının anası ona “oğlumu niyə tutdurursan” demişdir. O, uşaqlara görə barışdığını, insan kimi barışdığını, ancaq əsla onu bağışlamayacağını bildirdi. Hazırda heç bir şikayəti yoxdur, məhkəmə prosesləri gedişatında barışmışlar. Yoldaşı 5 may tarixində - oğlunun ad günündə kirayə ev tutmuş və həmin vaxtdan bəri birlikdə yaşayırlar. Aralarında olan mübahisəni həll ediblər, barışıq olub və Təqsirləndirilən şəxs heç bir şikayət və tələbi yoxdur, ona dəymiş ziyan ödənilib, bu səbəbdən cinayət işinin icraatına xitam verilməsini xahiş etmişdir. İş materiallarına əlavə edilmiş, Bakı şəhəri 34 saylı notariat ofisinin xüsusi notariusu X1 tərəfindən xx.xx.2025-ci il tarixdə təsdiq edilmiş Zərərçəkmiş şəxs tərəfindən məhkəmə iclasında təqdim edilmiş ərizədən görünür ki, Təqsirləndirilən şəxs ilə barışdığını, Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi olmadığını, gələcəkdə heç bir iddiası olmayacağını qeyd edərək barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə olan sadələşdirilmiş icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi MTE və PA X3 şəxsin Suraxanı rayon şöbəsinin canlı şəxsin xx.xx.2025-ci il tarixli 166 saylı ekspertizası rəyindən görünür ki, xx.xx.1990-cı il təvəllüdlü Zərərçəkmiş şəxs sağ gözətrafı yumşaq toxumaların qançırı, həmin gözün ağlı qişasının qansızması, həmin gözün bayır bucağı nahiyyəsinin sıyrığı, sol gözətrafı yumşaq toxumaların qançırı, sol qaşın bayır bucağı nahiyyəsinin sıyrığı, boyunun, sol baldırın, sağ bazunun qançırları, sağ əlin İ barmağının kəsilmiş yarası aşkar edilmiş, xəsarətlər - bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni xx.xx.2025-cü il tarixdə əmələ gələ bilər və dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir. Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədilə aparılan 1/2253 saylı, xx.xx.2025-ci il tarixli tibbi müayinə protokolundan görünür ki, Təqsirləndirilən şəxs Əli oğlu hadisə zamanı orta dərəcəli sərxoş vəziyyətində olmuşdur. Azərbaycan Respublikası DİN-nin xx.xx.2025-ci il tarixli 3/3/21/1İ548xx/xx/2025 saylı arayışa əsasən xx.xx.1990-cı il tarixdə anadan olmuş Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. Azərbaycan Respublikası CM-in 73.1-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı ödədikdə və ya vurulmuş zərəri aradan qaldırdıqda cinayət məsuliyyətindən azad edilə bilər. Həmin Məcəllənin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası CPM-in 40.1-ci maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən və cəzadan azad etmə hallarının mövcudluğu cinayət təqibinin həyata keçirilməməsinə imkan verir. Həmin Məcəllənin 43.3-cü maddəsinə əsasən məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə bu Məcəllənin 40.2-ci maddəsində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Məhkəmə, iş üzrə təqsirləndirilən, zərərçəkmiş şəxs ifadəsini dinləyib, iş materiallarını araşdırıb, Təqsirləndirilən şəxs böyük ictimai təhlükə törətməyən cinayətlər kateqoriyasına aid olan cinayət törətməsini, zərərçəkmiş şəxslə barışmasını, zərər çəkmiş şəxsin ona qarşı şikayətinin və törədilmiş cinayət əməli ilə əlaqədar ziyanın olmamasını nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən azad edilməklə cinayət işinin icraatına xitam verilməlidir. Məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxsin hüquqlarının ibtidai araşdırma zamanı və məhkəmə iclaslarında müdafiəsi xərcləri Azərbaycan Respublikası CPM-in 193.2 və 193.3-cü maddələrinə, habelə “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarında dəyişiklik edilməsi barədə 28 aprel 2025-ci il tarixli qərarının 2-ci bəndinə əsasən hər iş saatı üçün 11 manat məbləğində müəyyən edilərək dövlət büdcəsindən ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-in 40.1, 40.2, 43.3, 321.1, 321.2.1, 347, 384.1.3-cü maddələrini və Azərbaycan Respublikası CM-in 73-cü maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməli törətməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə cinayət təqibinə xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilsin. İş üzrə maddi sübut, mülki iddia, xüsusi müsadirə olunmalı əmlak və məhkəmə məsrəfləri yoxdur. Təqsirləndirilən şəxs, məhkəmədə göstərdiyi pulsuz hüquqi yardıma görə 10 (on) iş saatı üçün 110 (bir yüz on) manat məbləğində vəsait müdafiəçisi Bakı şəhəri 9 saylı vəkil bürosunun vəkili Müdafiəçi ödənilməsi üçün Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Bakı şəhəri Bank ABB Suraxanı filialı, VÖEN **********, h/h ********************, SWİF GOODE İBAZAZ2X, m/h-**********031, kod 805692, VÖEN **********, AİİBAZ2X, hesab-********************, VÖEN-********** hesablaşma hesabı üzərindən Bakı şəhəri 9 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Qərardan, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Suraxanı rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən: Nərminə Rzayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar