Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-283/2021 18.10.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ hakim Qədimov Ceyhun Tofiq oğlunun sədrliyi, Mazanov Kamran Ramazan oğlunun katibliyi, Dövlət ittihamçısı, təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi iştirakı ilə xx xxxx 1988-ci ildə Göyçay şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, məhkumluğu olmayan, İsmayıllı şəhəri, M.F.Axundov küçəsi, dalan 2, ev 2 ünvanı üzrə qeydiyyatda olan, ünvan 1 ünvanda yaşayan, 23 – 24 may 2021-ci il tarixləri üzrə tutulmuş, Suraxanı Rayon Məhkəməsinin 24 may 2021-i il tarixli qərarı ilə barəsində 23 avqust 2021-ci il tarixinədək «ev dustaqlığı» növündə qətimkan tədbiri seçilmiş, 23 avqust 2021-ci ildə barəsində «başqa yerə getməmək haqqında iltizam» növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 23 may 2021-ci il tarixdə istintaqa məlum olmayan şəxsdən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, yəni ümumi təmiz çəkisi 1,772 qram təşkil edən qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin, ümumi təmiz çəkisi 0,578 qram olan ağ rəngli kristallik formada maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin əldə edib daşıyaraq üzərində saxlamış, Suraxanı Rayon Polis İdarəsinin 33-cü polis bölməsinə barəsində narkotik vasitələri və psixotrop maddələri əldə edib, saxlayıb, daşıması ilə əlaqədar daxil olmuş məlumat əsasında 23 may 2021-ci ildə saat 02:40 radələrində Suraxanı Rayon Polis İdarəsinin 33-cü polis bölməsi və X3 Alayının 7-ci patrul bölüyü əməkdaşlarının Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsində birgə keçirdiyi əməliyyat-axtarış tədbiri zamanı qeyd edilən ünvanda həmin bölmənin və patrul bölüyünün əməkdaşları tərəfindən saxlanılaraq Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin 33-cü polis bölməsinin inzibati binasına gətirilib üzərinə keçirilən baxış zamanı əynindəki qara rəngli cins şalvarın sağ yan cibindən ayrı-ayrılıqda təmiz çəkisi 0,668 qram, 1,104 qram olmaqla ümumilikdə 2 ədəd bükümdə ümumi təmiz çəkisi 1,772 qram təşkil edən qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin, 1 ədəd bükümdə təmiz çəkisi 0,578 qram olan ağ rəngli kristallik formada maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs işin məhkəmə baxışı zamanı yuxarıda təsvir olunmuş cinayət əməlini törətməkdə özünü təqsirli bilmiş, lakin eyni zamanda qeyd etmişdir ki, təxminən 2 il ərzində «kakos» kimi tanıdığı narkotik vasitə heroin qəbul edib. 23 may 2021-ci ildə Tural adlı şəxsdən şəxsi istifadəsi üçün «kakos» almaq məqsədilə Zığ qəsəbəsinə getmiş, həmin şəxsə 20 manat verib «kakos» aldıqdan sonra qapıdan çıxarkən ətrafda polis əməkdaşlarının olduğunu görüb, Turaldan aldığı narkotik vasitəni yerə atmışdır. Polis əməkdaşları onun həmin narkotik vasitəni yerə atdığını görməmişlər. Beləliklə, polis əməkdaşları tərəfindən saxlanıldığı vaxt üzərində heçə bir qanunsuz əşya olmayıb. Buna baxmayaraq o, və bir neçə nəfər digər şəxs tutulub Suraxanı Rayon Polis İdarəsinin 33-cü bölməsinə gətirilmiş, orada üzərinə narkotik vasitə heroin və psixotrop maddə metamfetamin qoyularaq videoçəkiliş zamanı təqdim etməsi tapşırılmışdır. Bu səbəbdən də müdafiəçisinin iştirakı ilə və videoçəkilişlə həyata keçirilmiş şəxsi axtarış zamanı üzərindən narkotik vasitə heroini və psixotrop maddə metamfetamini təqdim edib. Əslində isə üzərində heroin və ya metamfetamin olmayıb. Belə ki, metamfetamin ümumiyyətlə əldə etməmiş, Turaldan aldığı heroini isə polis əməkdaşlarının əməliyyat tədbiri keçirdiklərini başa düşüb yerə atmışdır. Məhkəmə iclasında verilmiş suallara cavab olaraq təqsirləndirilən şəxs bildirmişdir ki, polis əməkdaşları tərəfindən ona qarşı istər psixoloji, istərsə də fiziki təzyiq tətbiq edilməyib. 6 – 7 aydır ki, narkotik vasitə istifadə etmir. Əvvəllər narkotik vasitə istifadə etdiyinə görə isə peşmandır. Şahid qismində dindirilmiş polis əməkdaşı Şahid1 bildirmişdir ki, xidmət yoldaşı Şahid4 ilə birlikdə 23 may 2021-ci ildə piyada patrul xidməti apardığı vaxt 33-cü polis bölməsinin əməliyyat müvəkkillərindən Təqsirləndirilən şəxs narkotik vasitələri qanunsuz saxlaması və istifadə etməsi barədə əməliyyat məlumatının daxil olmuşdur. Bununla əlaqədar ondan, həmçinin digər polis əməkdaşları Şahid2, Şahid3 və X2 ibarət əməliyyat qrupu yaradılmış, əməliyyat qrupu 23 may 2021-ci ildə saat 02:40 radələrində Zığ qəsəbəsinə gələrək əməliyyat mövqeyi tutmuş və məlumatda bildirilən ünvanı müşahidə etməyə başlamışlar. Onlar saat 02:40 radələrində əlamətləri onlara məlum olan Təqsirləndirilən şəxs həmin qəsəbədə görmüş və ona yaxınlaşıb özlərini təqdim edərək sonuncunun da özünü təqdim etməsini və üzərində qanunsuz əşya olub-olmadığı barədə məlumat verməsini tələb etmişlər. Təqsirləndirilən şəxs özünü təqdim edərək üzərində narkotik vasitə heroin və psixotrop maddə metamfetamin olduğunu bildirmişdir. Daha sonra təqsirləndirilən şəxs Suraxanı Rayon Polis İdarəsinin 33-cü polis bölməsinə gətirilmiş, orada inzibati otaqların birində üzərinə müdafiəçisinin iştirakı ilə və videoçəkilişdən istifadə olunmaqla şəxsi axtarış aparıldığı vaxt Təqsirləndirilən şəxs əynindəki qara rəngli cins şalvarın sağ yan cibindən 3 ədəd bükümdə maddə təqdim etmişdir. O, həmçinin bildirmişdir ki, 2 ədəd bükümdə olan maddə narkotik vasitə «heroin», 1 ədəd bükümdə isə psixotrop maddə metamfetamindir. Təqsirləndirilən şəxs həmçinin bildirmişdir ki, həmin maddələri Tural adlı şəxsdən alıb. Təqsirləndirilən şəxs üzərindən başqa hər hansı qanunsuz əşya aşkar edilməmişdir. Daha sonra Təqsirləndirilən şəxs aşkar edilmiş bükümlərdəki kütlələr zərfə qablaşdırılmış, zərfin üzəri möhürlənmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Aparılmış həmin prosessual hərəkətlə bağlı protokol da tərtib edilərək iştirakçılar tərəfindən imzalanıb. Şahid qismində dindirilmiş polis əməkdaşları Şahid3 və Şahid2 Şahid1 bildirdiklərinə uyğun məzmunlu ifadələr vermişlər. Şahidlər məhkəmə iclasında verilmiş suallara cavab olaraq bildirmişlər ki, təqsirləndirilən şəxsin üzərindəki narkotik vasitəni yerə atmasına dair bildirdikləri həqiqətə uyğun deyil. Belə ki, onlar təqsirləndirilən şəxsi əvvəlcədən müşahidə etmiş və sonuncunun gözləmədiyi halda ona yaxınlaşmışlar. Yəni təqsirləndirilən şəxsin onları əvvəlcədən görüb üzərindəki narkotik vasitəni yerə atmaq imkanı olmayıb. Təqsirləndirilən şəxsin üzərində narkotik vasitə və psixotrop maddə aşkar olunmadığına dair bildirdikləri də həqiqətə uyğun deyil. Belə ki, təqsirləndirilən şəxsin özü saxlanıldığı vaxt üzərində narkotik vasitə olduğunu etiraf etmiş və şəxsi axtarış zamanı onu könüllü olaraq təqdim etmişdir. Təqsirləndirilən şəxsə qarşı polis əməkdaşları tərəfindən heç bir qanunsuz fiziki və ya psixoloji təsir göstərilməyib. Təqsirləndirilən şəxsin müvafiq cinayət əməlini törətməsi faktı onun ziddiyyətli ifadələrinə baxmayaraq şahid ifadələri ilə yanaşı, iş üzrə toplanmış digər sübutlarla da təsdiq olunur. İş materiallarına əlavə edilmiş videoçəkilişdən və işin digər faktik hallarından, o cümlədən təqsirləndirilən şəxsin müdafiəçisinin iştirakı ilə verdiyi yazılı ifadələrdən onun ittiham olunan əməli törətdiyini etiraf etdiyi görünür. Bununla yanaşı, işin məhkəmə baxışı zamanı verilmiş suallara cavab olaraq təqsirləndirilən şəxs bildirmişdir ki, ona polis əməkdaşları tərəfindən hər hansı fiziki və ya psixoloji təsir göstərilməyib. Belə olan halda «törətmədiyi» cinayəti iş üzrə ibtidai araşdırma dövründə etiraf etməsinin səbəbinin nədən ibarət olması ilə bağlı sualları təqsirləndirilən şəxs işin məhkəmə baxışı zamanı cavablandırmaqdan imtina etmişdir. Beləliklə, təqsirləndirilən şəxsin işin məhkəmə baxışı dövründəki ifadələri ziddiyyətli və natamam olmuşlar. Göstərilənləri işin digər faktik halları ilə məcmu şəkildə qiymətləndirərək məhkəmə belə qənaətə gəlir ki, təqsirləndirilən şəxs işin məhkəmə baxışı dövründəki ifadəsi işin faktik hallarını təhrif etməklə cinayət məsuliyyətindən yayınmaq məqsədi güdüb. Təqsirləndirilən şəxsin ona ittiham olunan cinayət əməlini törətməsi faktı həmçinin aşağıdakı sübutlarla təsdiq edilir. 23 may 2021-cı il tarixli 6/2038 nömrəli ekspert rəyinin nəticəvi hissəsində qeyd olunur ki, «Tədqiqata təqdim edilmiş, üzərində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Zərflər üçün 171” dairəvi möhür əksi olan “Vət. Təqsirləndirilən şəxs üzərindən...” sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfin içərisində bir ədəd bükümdə təmiz çəkisi 0,578 qram olan ağ rəngli kristallik formada maddə kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamindir. Digər 2 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 0,668 qram, 1,104 qram ümumi təmiz çəkisi 1,772 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına (siyahı İ) daxildir. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələri”in siyahısına (Siyahı İ) daxildir». 28 iyul 2021-ci il tarixli 2500 nömrəli ekspert rəyinin nəticəvi hissəsində qeyd olunur ki, “müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və kannabioidlərin birgə qəbulu nəticəsində yaranan aşlılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür». Məhkəmə ittiham və müdafiə tərəfini dinləyib məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Beləliklə, Təqsirləndirilən şəxs CM-nin yuxarıda qeyd olunan maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir. Ona görə də Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, ona həmin maddənin sanksiyası daxilində cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs peşman olduğunu, evli olmaqla himayəsində 2 nəfər yetkinlik yaşına çatmamış uşağının olmasını, anasının gözdən birinci qrup əlil olmaqla onun himayəsinə ehtiyacının olduğunu iş üzrə cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə cəza təyin edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları və cəzanı ağırlaşdıran halın olmadığını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyası daxilində azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunmalıdır. Cinayətin xarakterini, təqsirləndirilən şəxsin şəxsiyyətini, həmçinin Azərbaycan Respublikası CM-nin 52-1-ci maddəsinin tələblərini nəzərə alaraq məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs üzərinə cəza çəkdiyi müddətdə daimi yaşayış yerini hər gün saat 21.00-dan növbəti gün saat 07.00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, pandemiya əleyhinə rejimə, sanitariya-gigiyena və karantin rejimlərinə riayət edilməsi ilə bağlı X1 tövsiyələrinə və Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarlarına əməl etmək vəzifəsi qoyulmalı, o, ərazi üzrə narkoloji dispanserdə qeydiyyata alınmalı və Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən barəsində narkomaniyadan müalicə məqsədi ilə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış və Suraxanı Rayon Polis İdarəsində saxlanılan, müvafiq ekspertiza tədqiqatından sonra qalıq çəkiləri 1,672 qram təşkil edən kustar üsulla hazırlanmış narkotik vasitə – heroin, qalıq çəkisi 0,528 qram təşkil edən, kustar üsulla hazırlanmış psixotrop maddə – metamfetamin məhv edilməli, iş üzrə maddi sübut kimi tanınmış 01 (bir) ədəd CD disk iş materiallarında saxlanılmalı, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 65 (altmış beş) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 347 – 349, 351 – 353, 356, 358, 381, 383 – 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il 03 (üç) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs 23 may – 23 avqust 2021-ci il tarixləri üzrə tutulduğu və «ev dustaqlığında» saxlanıldığı 03 (üç) ay Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablansın və ona qəti olaraq 01 (bir) il 09 (doqquz) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması növündə cəzasının əvvəli yaşadığı yer üzrə probasiya qurumunda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə cəza çəkdiyi müddətdə daimi yaşayış yerini hər gün saat 21.00-dan növbəti gün saat 07.00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, pandemiya əleyhinə rejimə, sanitariya-gigiyena və karantin rejimlərinə riayət edilməsi ilə bağlı X1 tövsiyələrinə və Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarlarına əməl etmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs ərazi üzrə narkoloji dispanserdə qeydiyyata alınsın və Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən barəsində narkomaniyadan müalicə məqsədi ilə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» növündə qətimkan tədbiri hazırkı hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış və Suraxanı Rayon Polis İdarəsində saxlanılan, müvafiq ekspertiza tədqiqatından sonra qalıq çəkiləri 1,672 qram təşkil edən kustar üsulla hazırlanmış narkotik vasitə – heroin, qalıq çəkisi 0,528 qram təşkil edən, kustar üsulla hazırlanmış psixotrop maddə – metamfetamin məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış 01 (bir) ədəd CD disk iş materiallarında saxlanılsın. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 65 (altmış beş) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Hökmdən 20 gün müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən Ceyhun Qədimov
Məhkəmə qərarları › İş №1(010)-283/2021
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-283/2021
18.10.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver