Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-284/2021 20.10.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ hakim Qədimov Ceyhun Tofiq oğlunun sədrliyi, Mazanov Kamran Ramazan oğlunun katibliyi, Dövlət ittihamçısı, təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi iştirakı ilə xx xxxxxx 1985-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, məhkumluğu olmayan, ünvan 1 ünvanı üzrə qeydiyyatda olan və həmin ünvanda yaşayan, 30 aprel – 02 may 2021-ci il tarixləri üzrə tutulmuş, 02 may 2021-ci ildə barəsində «başqa yerə getməmək haqqında iltizam» növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 30 aprel 2021-ci ildə ünvan 2 ünvanın qarşısında istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə heroin alaraq üzərində saxlayıb, daşımış, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı daxil olmuş əməliyyat məlumatı əsasında Suraxanı RPİ-nin 31-ci PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində 30 aprel 2021-ci ildə saat 20 radələrində ünvan 1 ünvanının qarşısında saxlanılıb Suraxanı RPİ-nin 31-ci PB-nin inzibati binasına gətirilərək orada videoçəkilişdən istifadə edilməklə üzərində şəxsi axtarış aparılan zaman, şalvarının sol aşağı yan cibindən 03 ədəd şəffaf polietilen bükümdə kimyəvi tərkiblərinə görə eynilik təşkil edən 03 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,645 qram, 0,632 qram, 0,630 qram, ümumi çəkiləri 1,907 qram təşkil edən qəhvəyi rəngli maddə kütlələri – kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs yuxarıda təsvir olunmuş cinayət əməlini törətməkdə özünü təqsirli bilərək qeyd etmişdir ki, bədənindəki ağrılarla bağlı narkotik vasitə heroindən istifadə edib. 30 aprel 2021-ci ildə bədənində ağrılar şiddətləndiyinə görə Bülbülə qəsəbəsi ərazisində saat 17 radələrində tanımadığı şəxsdən narkotik vasitə almış, həmin vasitənin bir qismini istifadə etmiş, qalan hissəsini isə sonra istifadə etməsi üçün əynindəki şalvarın sol aşağı yan cibində saxlamışdır. Həmin gün saat 20 radələrində yaşadığı evin qarşısında ona iki nəfər mülki geyimli şəxs yaxınlaşaraq polis əməkdaşları olduqlarını bildirmiş, narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirib Suraxanı RPİ-nin 31-ci PB-nə dəvət etmişlər. Beləliklə, polis əməkdaşları ilə birlikdə həmin bölməyə gəlmiş, orada xidməti otaqların birində ona vəkil təqdim edilmiş, hüquqları və vəzifələri izah edilmiş və üzərində videoçəkilişdən istifadə olunmaqla şəxsi axtarış aparılmışdır. Təklif olunmuşdur ki, üzərində qanunsuz əşya varsa könüllü olaraq təqdim etsin. Həmin təklifə əsasən şalvarının sol aşağı yan cibində saxladığı 03 ədəd şəffaf bükümdə olan narkotik vasitələri çıxarıb təqdim etmişdir. Müvafiq suallara cavab olaraq bildirmişdir ki, həmin bükümlərdəki maddə narkotik vasitə heroindir və onu 30 aprel 2021-ci ildə saat 17 radələrində tanımadığı şəxsdən alıb. Narkotik vasitələr polis əməkdaşları tərəfindən qablaşdırılaraq zərfə qoyulmuş, zərfin üzəri möhürlənmiş və imzalanmışdır. Əməlindən peşmandır. Şahid qismində dindirilmiş Şahid1 bildirmişdir ki, 30 aprel 2021-ci ildə işlədiyi polis bölməsinə Pünhan adlı şəxsin qanunsuz olaraq narkotik vasitələr əldə etməsi barədə əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumatın yoxlanması və Təqsirləndirilən şəxs ətrafında əməliyyat tədbirlərinin keçirilməsi ilə bağlı bölmə rəisinə raportla məruzə olunmuş, icazə alındıqdan sonra təqsirləndirilən şəxsin ifşa edilməsi məqsədi ilə onun ətrafında əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərar qəbul edilmiş, həmin qərar rəis tərəfindən təsdiq olunmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs ətrafında tədbirlər keçirilməsinə başlandı. Həmin gün iş yoldaşı Şahid2la birlikdə Təqsirləndirilən şəxs yaşadığı ünvan 1 ünvanının qarşısına gəlmiş, Pünhanı əlamətlərinə görə oxşadıb ona yaxınlaşmış, ona xidməti vəsiqələrini göstərib özlərini təqdim etmişlər. Onlar Pünhana narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirib onu Suraxanı RPİnin 31-ci PB-nə dəvət etmişlər. Beləliklə, Təqsirləndirilən şəxs onlarla birlikdə polis bölməsinə gəlmişdir. Polis bölməsində bir sıra prosessual hərəkətlər həyata keçirilmiş, o cümlədən təqsirləndirilən şəxsə müdafiəçi dəvət olunmuş, hüquqları və vəzifələri izah edilmişdir. Daha sonra vəkilin iştirakı ilə videoçəkilişdən istifadə olunmaqla təqsirləndirilən şəxsin üzərinə şəxsi axtarış aparıldı. Axtarış zamanı Təqsirləndirilən şəxs üzərində qanunsuz hər hansı bir əşyanın olub-olmaması barədə sual verildi və qanunsuz əşyanın olduğu halda könüllü təqdim etməsi təklif olundu. Bu zaman Pünhan əynində olan yaşıl rəngli şalvarının aşağı sol yan cibindən üç ədəd şəffaf polietilenə bükülmüş toz halında maddələri təqdim etdi. Təqsirləndirilən şəxs həmin bükümlərin nə olması barədə sual verildi, sonuncu da bildirdi ki, həmin bükümlərdə olan maddə heroin kimi tanıdığı narkotik vasitədir və həmin narkotik vasitəni 30 aprel 2021-ci ildə saat 17 radələrində tanıdığı “Anar” adlı şəxsin “VAZ-2108” markalı avtomobilini təmir etməsi müqabilində sonuncudan pul əvəzinə öz yaşadığı evin qarşısında almış, həmin narkotik maddənin bir qismini istifadə etmiş, qalan qismini isə sonra istifadə etmək üçün üzərində saxlamışdır. Bundan sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış davam etdirilmiş, lakin qanunla qadağan olunmuş hər hansı bir başqa əşya aşkar olunmamışdır. Aşkar edilmiş maddələr kağız zərfə qoyularaq qablaşdırılmış və üzəri möhürlənmiş, sonra isə iştirakçılar tərəfindən imzalanmışdır. Bundan sonra bu barədə protokol tərtib olunmuş, protokol ucadan oxunmuş və iştirakçılar tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxsin müvafiq cinayət əməlini törətməsi faktı onun öz ifadəsi və şahid ifadələri ilə yanaşı, iş üzrə toplanmış digər sübutlarla da, o cümlədən ekspert rəyləri və s. təsdiq olunur. 01 may 2021-cı il tarixli 6/1748 nömrəli ekspert rəyinin nəticəvi hissəsində qeyd olunur ki, “Tədqiqata təqdim edilmiş, üzərində AR DİN “Zərflər üçün №194” möhür əksi, “Təqsirləndirilən şəxs üzərindən götürülmüş...” əl yazıları, imzalar olan zərfdəki 03 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,645 qram; 0,632 qram; 0,630 qram; ümumi təmiz çəkiləri 1,907 qram qəhvəyi rəngli maddə kütlələri kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir. 03 bükümdəki heroinlər kimyəvi tərkiblərinə görə öz aralarında eynilik təşkil edirlər. Heroin Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in siyahısına (Siyahı İ) daxildir”. 17 iyul 2021-ci il tarixli 2393 nömrəli ekspert rəyinin nəticəvi hissəsində qeyd olunur ki, “müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixotrop maddə olan metamfetaminin birgə qəbul edilməsi nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür». Məhkəmə ittiham və müdafiə tərəfini dinləyib məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Beləliklə, Təqsirləndirilən şəxs CM-nin yuxarıda qeyd olunan maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir. Göstərilənlərə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1ci maddəsi ilə təqsirli bilinərək, ona həmin maddənin sanksiyası daxilində cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs öz cinayətini etiraf etdiyini və peşman olduğunu, xəstəliyini iş üzrə cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə cəza təyin edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları və cəzanı ağırlaşdıran halın olmadığını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyası daxilində müəyyən müddətə azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunmalıdır. Cinayətin xarakterini, təqsirləndirilən şəxsin şəxsiyyətini, həmçinin Azərbaycan Respublikası CM-nin 52-1-ci maddəsinin tələblərini nəzərə alaraq məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs üzərinə cəza çəkdiyi müddətdə daimi yaşayış yerini hər gün saat 23.00-dan növbəti gün saat 07.00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək, pandemiya əleyhinə rejimə, sanitariyagigiyena və karantin rejimlərinə riayət edilməsi ilə bağlı X1 tövsiyələrinə və Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarlarına əməl etmək vəzifəsi qoyulmalı, o, ərazi üzrə narkoloji dispanserdə qeydiyyata alınmalı və Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən barəsində narkomaniyadan müalicə məqsədi ilə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış və Suraxanı Rayon Polis İdarəsində saxlanılan, müvafiq ekspertiza tədqiqatından sonra qalıq çəkisi 1,817 qram təşkil edən, kustar üsulla hazırlanmış narkotik vasitə heroin məhv edilməli, iş üzrə maddi sübut kimi tanınmış 01 (bir) ədəd DVD disk iş materiallarında saxlanılmalı, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 109 (yüz doqquz) manat 90 (doxsan) qəpik Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 347 – 349, 351 – 353, 356, 358, 381, 383 – 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs 30 aprel – 02 may 2021-ci il tarixləri üzrə tutulduğu 02 (iki) gün Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablansın və ona qəti olaraq 02 (iki) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması növündə cəzasının əvvəli yaşadığı yer üzrə probasiya qurumunda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə cəza çəkdiyi müddətdə daimi yaşayış yerini hər gün saat 23.00-dan növbəti gün saat 07.00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək, pandemiya əleyhinə rejimə, sanitariyagigiyena və karantin rejimlərinə riayət edilməsi ilə bağlı X1 tövsiyələrinə və Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarlarına əməl etmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs ərazi üzrə narkoloji dispanserdə qeydiyyata alınsın və Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən barəsində narkomaniyadan müalicə məqsədi ilə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək barədə iltizam» növündə qətimkan tədbiri hazırkı hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış və Suraxanı Rayon Polis İdarəsində saxlanılan, müvafiq ekspertiza tədqiqatından sonra qalıq çəkisi 1,817 qram təşkil edən, kustar üsulla hazırlanmış narkotik vasitə heroin məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış 01 (bir) ədəd DVD disk iş materiallarında saxlanılsın. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 109 (yüz doqquz) manat 90 (doxsan) qəpik Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Hökmdən 20 gün müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən Ceyhun Qədimov
Məhkəmə qərarları › İş №1(010)-284/2021
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-284/2021
20.10.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver