Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-284/2023 06.12.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Rzayeva Nərminə Cahangir qızının sədrliyi, Ələmşahova Aytəkin Aqil qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Təqsirləndirilən şəxs müdafiəçisi, Bakı şəhəri 09 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, Təqsirləndirilən şəxs, xx.xx.1992-ci ildə Əli Bayramlı rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu olmayan ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam növündə qətimkan tədbiri seçilmiş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq istintaqa məlum olmayan mənbədən şəxsi istehlak miqdarından artıq miqdarda 01 ədəd bükümdə təmiz çəkis 0,602 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroini alaraq əldə edib, daşımaqla üzərində saxlamış və 15 sentyabr 2022-ci il tarixdə saat 12:30-da Suraxanı RPİ-nin 33-ci PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilindiyi üçün Suraxanı rayonu Y.Günəşli qəsəbəsi, D y/s, 15 ünvanın yaxınlığnda saxlanılaraq Bakı şəhəri, Suraxanı RPİ-nin 33-ci PB-nə aparılıb, üzərində şəxsi axtarış və götürmə istintaq hərəkəti aparılan zaman əynində olan mavi rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd bükümdə təmiz çəkisi 0,602 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirlən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, beş aya yaxındır ki, narkotik vasitə-heroindən istifadə edir. Narkotik vasitəni tanımadığı şəxslərdən alır. 15 sentyabr 2022-ci il tarixdə səhər saatlarında Suraxanı rayonunda Dədə Qorqud qəsəbəsində adını bilmədiyi, üzdən tanıdığı şəxsdən 10 manata bir büküm narkotik vasitə heroini şəxsi istifadəsi üçün alaraq, sonra istifadə etməsi üçün üzərində saxlamışdır. 15 sentyabr 2022ci il tarixdə saat 12.30 radələrində yaşadığı Suraxanı rayonu Y.Günəşli qəsəbəsi, D y/s, “Topaz” adlanan yerin yaxınlığında olan zaman mülki geyimli şəxslər ona yaxınlaşıb özlərini təqdim edərək, polis əməkdaşı olduqlarını bildirmişlər. Bundan sonra onun narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirərək ona üzərində şəxsi axtarış aparılması üçün onlarla birlikdə yaxınlıqda olan Suraxanı RPİ-nin 33-cü PB getməli olduğunu bildirmişlər. 33-cü PB-də təhqiqatçı tərəfindən şübhəli şəxs qismində tutularaq, ona hüquq və vəzifələri izah edilmiş, hüquqlarının müdafiəsi üçün dövlət hesabına müdafiəçi ilə təmin edilmişdir. Vəkili ilə görüşdükdən sonta üzərinə videoçəkilişlə şəxsi axtarış keçirilmişdir. Əvvəlcə ona üzərində hər hansı bir qanunsuz əldə edilmiş maddə və ya əşya varsa təqdim etməsi təklif edilmişdir. Bundan sonra o, əynimdə olan cins şalvarın sağ yan cibində saxladığı bir bükümdə heroini, əlində olan əl çantasından içərisində limon duzu olan bir ədəd ağ rəngli plastmas qabı, bir ədəd boş şüşə ampulanı, iki ədəd şprisi çıxarıb təqdim edərək, bir ədəd sellofan bükümdə olan qəhvəyi rəngli kütlənin narkotik vasitə heroin olduğunu, ağ qabda olan limonduzunu və heroini təqdim etdiyi boş ampulada qarışdırdıqdan sonra təqdim etdiyi şprislərlə inyeksiya ilə qəbul etdiyini, təqdim etdiyi narkotik vasitəni həmin günü Dədə Qorqud qəsəbəsində adını, ünvanını bilmədiyi şəxsdən özünün istifadəsi üçün aldığını, narkotik vasitələrin satışı ilə məşğul olmadığını bildirmişdir. Ondan aşkar edilən içərisində heroin olan büküm və digər predmetlər bir ədəd zərfə qoyularaq, qablaşdırılmış, zərfin üzəri onun və polis əməkdaşları tərəfindən imzalandıqdan sonra möhürlənmiş və bu barədə protokol tərtib edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, hazırda Suraxanı RPİ-nin 33-cü PB-nin əməliyyat müvəkkili vəzifəsində çalışır və polis kapitanı xüsusi rütbəsi daşıyır. 15 sentyabr 2022-ci i tarixdə Təqsirləndirilən şəxs Suraxanı rayonu Yeni Günəşli qəsəbəsi ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Bu barədə rəhbərliyə raportla məruzə olunduqdan sonra ondan və Suraxanı RPİ-nin 33-cü PB-nin YYÇ üzrə inspektoru İsmayıl İsmayıllıdan ibarət əməliyyat qrupu yaradılmışdır. 15 sentyabr 2022-ci il tarixdə saat 12:30-da Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “D” yaşayış sahəsində, “Topaz” adlanan obyektin qarşısında xarici əlamətlərindən Təqsirləndirilən şəxs bənzəyən şəxsi görüb ona yaxınlaşıb, özlərini təqdim edərək, ondan özünü təqdim etməsini istəmişlər. O da özünü Təqsirləndirilən şəxs kimi təqdim etmişdir. Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu, üzərində şəxsi axtarış keçirilməsi zərurətinin yarandığını deyərək, ona birlikdə Suraxanı RPİ-nin 33-cü PB-nə getməli olduğunu bildirmişlər. Təqsirləndirilən şəxs Suraxanı RPİ-nin 33-cü PB-nin inzibati binasına aparıb, bu barədə yazılı raportla PB-nin rəhbərliyinə məruzə etmişlər. Bundan sonra Təqsirləndirilən şəxs Suraxanı RPİ-nin 33-cü PB-nin təhqiqatçısı, polis leytenantı X5 xidməti otağında təhqiqatçı tərəfindən şübhəli şəxs qismində tutularaq, ona hüquq və vəzifələri izah edildikdən və hüquqlarını müdafiə edilməsi üçün dövlət hesabına müdafiəçi təyin edildikdən sonra onun üzərində şəxsi axtarış keçirilməyə başlanmışdır. Əvvəlcə Təqsirləndirilən şəxs üzərində qanunsuz əldə edilməklə saxlanması, daşınması qadağan olunmuş hər hansı bir əşya və ya maddə varsa təqdim etməsi təklif edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs əlində tutduğu boz rəngli əl çantasından bir ağ rəngli yastı, dairəvi plastmas qutunu, iki ədəd tibb şprislərini, bir ədəd boş şüşə dərman ampulasmı, əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd içərisində qəhvəyi rəngli kütlə olduğu görünən şəffaf sellofan bükümünü çıxarıb, otaqdakı masanın üzərinə qoyaraq, təqdim etmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs təqdim etdiyi ağ rəngli plastmas qutunun içərisində olan kütlənin limon duzu, şəffaf sellofanda olan qəhvəyi rəngli kütlənin narkotik vasitə heroin olduğunu, təqdim etdiyi boş şüşə ampulada limon duzunu və heroini qarışdırdıqdan sonra şpristlə inyeksiya yolu ilə qəbul etdiyini, narkotik vasitələrin aludəçisi olduğunu, narkotik vasitəni Suraxanı rayonu Dədə Qorqud qəsəbəsində adını, ünvanını bilmədiyi şəxsdən özünün istifadəsi üçün 10 manata aldığını, üzərində saxlamaqla daşıdığını, narkotik vasitələrin satışı ilə məşğul olmadığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış davam etdirilsə də başqa hər hansı bir kütlə, əşya aşkar edilməmişdir. Təqsirləndirilən şəxs götürülmüş içərisindəki qəhvəyi rəngli kütlənin narkotik vasitə olduğu güman edilən şəffaf sellofan bükümü, iki ədəd tibb şpirisi, bir ədəd içərisində ağ kristallar olan ağ plastmaq qutu və bir ədəd boş şüşə ampula zərfə qoyularaq qablaşdırılmış, zərfin üzəri Təqsirləndirilən şəxs və onlar tərəfindən imzalandıqdan sonra möhürlənmişdir. Təqsirləndirilən şəxs saxlanılarkən və 33-cü PB-də olduğu zaman ona qarşı hər hansı bir fiziki və ya psixi təsir olmamışdır. Məhkəmə iclasında ifadəsi elan edilmiş, istintaq zamanı şahid qismində dindirilmiş X3 eyni məzmunlu ifadə verərək Şahid1 ifadəsində göstərdiklərini təsdiq etmişdir. Cinayət işinin 18-ci vərəqində olan “şübhəli şəxsin tutulması haqqında” 15 sentyabr 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 15 sentyabr 2022-ci il tarixdə, saat 13:30-da şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin materiallarının 75-79-cu vərəqlərində olan Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 17 sentyabr 2022-ci il tarixli, 4(010)-543/2022 saylı qərarına əsasən, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsindən imtina edilməsi, barəsində 15 dekabr 2022-ci il tarixədək ev dustaqlığı qətimkan tədbiri seçilməsi, ev dustaqlığı 17 sentyabr 2022-ci il tarixindən hesablanması və dərhal məhkəmə iclas zalından azad edilməsi qərara alınmışdır. Cinayət işinin materiallarının 93-94-cü vərəqlərində olan 11 oktyabr 2022-ci il tarixli “qətimkan tədbirinin şərtlərini pozduğuna görə təqsirləndirlən şəxsin axtarışı və tutulması haqqında qərara əsasən, Təqsirləndirilən şəxs barəsində bir sıra istintaq hərəkətlərinin keçirilməsi məqsədilə barəsində axtarış elan edilməsi və yeri müəyyən edildiyi halda Suraxanı RPİ-nin İŞ-nə təhvil verilməsi qərara alınmışdır. Cinayət işinin materiallarının 98-99-cu vərəqlərində olan 11 oktyabr 2022-ci il tarixli “iş üzrə dayandırılmış icraatın dayandırılması” barədə qərara əsasən, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəllənin 53.1.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs istintaqdan gizləndiyi üçün cinayət işinin icraatı dayandırılması qərara alınmışdır. Cinayət işinin materiallarının 102-ci vərəqində olan 12 dekabr 2022-ci il tarixli “könüllü gəlmə” barədə protokoldan görünür ki, Təqsirləndirilən şəxs könüllü olaraq Suraxanı rayon polis idarəsinin istintaq şöbəsinə gəlib özünü təqdim edib, istintaqa çağırıldığını və axtarışda olduğunu bu gün öyrənərək, könüllü olaraq istintaqa gəldiyini bildirdi Cinayət işinin materiallarının 109-115-ci vərəqlərində olan 14 dekabr 2022-ci il tarixli “sübutların qiymətləndirilməsi barədə” qərara əsasən, cinayət işi üzrə Təqsirləndirilən şəxs 17 sentyabr 2022-ci il tarixli qərarla Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham, eləcə də barəsində həmin tarixdə “ ev dustaqlığı” qətimkan tədbiri öz qüvvəsində saxlanılması, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CMnin 234.2 və 234.4.3-cü maddələri ilə cinayət təqibi üzrə icraata xitam verilməsi, cinayət işi üzrə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini etirafedici ifadələri şahidlər Şahid1 və X1 ifadələri, şəxsi axtarış və götürmə protokolu, diskə baxış protokolu, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-kimyəvi ekspertizasının 6/5220 saylı 15 sentyabr 2022-ci il tarixli rəyi və Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Publik hüquqi şəxsi tərəfindən verilmiş 7582 saylı 14 dekabr 2022-ci il tarixli rəyi iş üzrə əhəmiyyət kəsb etdiyi üçün sübut növü kimi qiymətləndirilməsi, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə istintaq hərəkəti həyata keçirilən zamaıi aşkar edilərək götürülmüş və barəsində məhkəməkimyəvi ekspertizası təyin edilərək müvafiq rəy alınmış, bir ədəd bükümdə təmiz çəkisi 0,602 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin iş üçün mühüm əhəmiyyət kəsb etdiyi üçün maddi sübut qismində tanınsın, ekspertiza tədqiqatına sərf edilən miqdar 0,05 qram olmaqla, qalıq 0,552 qram narkotik vasitə heroin zəruri istintaq hərəkətləri yekunlaşdırıldıqdan sonra məhkəmə baxışınadək saxlanılması üçün Bakı şəhəri Suraxanı RPİ-nin maddi sübutların saxlanc yerinə təhvil verilməsi, şəxsin üzərində şəxsi axtarış və götürmə aparılması zamanı çəkilmiş videogörüntünü özündə əks etdirən bir ədəd DVD diski iş üzrə mühüm əhəmiyyət kəsb etdiyi üçün istintaq sənədi kimi sübut qismində tanınması və cinayət işində saxlanılması, Təqsirləndirilən şəxs 0,602 qram narkotik vasitə olan heroini əldə etdiyi şəxsin şəxsiyyətini müəyyən edərək istintaqa təqdim edilməsi məqsədilə ********* saylı cinayət işindən ayrıca icraata material ayrılsın və araşdırması aparılması, qəbul edilmiş qərar barədə prosessual tərəflərə yazılı məlumat verilməsi və qərarın surəti məlumat üçün ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Bakı şəhər Suraxanı rayon prokuroruna göndərilməsi qərara alınmışdır. Cinayət işinin materiallarının 121-122-ci vərəqində olan 15 dekabr 2022-ci il tarixli “təqsirləndirlən şəxs barəsində qətimkan tədbirinin seçilməsi barədə” qərara əsasən, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinin seçilməsi qərara alınmışdır. Cinayət işinin 29-30-cu vərəqlərində olan “şəxsi axtarış və götürmə aparılması barədə” 15 sentyabr 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərində polis əməkdaşlarının iştirakı ilə şəxsi axtarış keçirilmiş, əvvəlcə ona üzərində qanunsuz olaraq əldə edilmiş hər hansı bir əşya və ya narkotik vasitə olduğu təqdirdə təqdim etməsi təklif edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs əlindəki əl çantasından bir ədəd ağ rəngli plastmas qabı, iki ədəd tibbi şpirisləri, bir ədəd sınıq şüşə ampulanı, əynində olan mavi rəngli cins şalvarın sağ yan cibindən içərilərində qəhvəyi rəngli kütlə olan bir ədəd şəffaf sellofan bükümünü çıxarıb, masanın üstünə qoyaraq təqdim etmişdir. Şəxsi axtarış davam etdirilmiş və Təqsirləndirilən şəxs üzərindən hər hansı bir başqa əşya aşkar edilməmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş içərisində qəhvəyi rəngli kütlə olan 01 ədəd büküm, 2 ədəd şpris, sınıq şüşə ampula bir zərfə qoyularaq qablaşdırılmış, zərfin üzəri onun və polis əməkdaşları tərəfindən imzalandıqdan sonra möhürlənmişdir. Cinayət işinin 39-44-cü vərəqlərində olan cinayət işi üzrə təyin edilmiş məhkəməkimyəvi ekspertizasının keçirilməsinə dair Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 6/5200 saylı 15 sentyabr 2022-ci il tarixli rəyi ilə müəyyən edilmişdir ki, tədqiqata təqdim edilmiş, üzərində AR.DİN “zərflər üçün № 171”dairəvi möhür əksi olan, “şübhəli şəxs Təqsirləndirilən şəxs, üzərindən aşkar edilmiş..” sözləri və imzalar qeyd edilmiş bir ədəd zərfin içərisində bir ədəd bükümdə təmiz çəkisi 0,602 qram olan qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroindir, bir ədəd plastmas qabda təmiz çəkisi 7,782 qram olan ağ rəngli, kristalşəkilli maddə kütləsi narkotik vasitə və ya psixotrop maddələrə aid deyildir, bir ədəd sınıq şüşə ampulanın və bir ədəd 2 ml-lik şprisin içərisində narkotik vasitə olan heroinə məxsus izlər vardır. İz mikrohissəcikləri cuzi miqdarda olduğu üçün onların çəkisini müəyyən etmək və digər bükümdəki heroinlə müqayisəli tədqiqat aparılması mümkün deyildir. 1 ədəd 2 ml-lik şprisin içərisində narkotik vasitə və ya psixotrop maddələrə məxsus izlər aşkar edilmədi. Cinayət işinin 106-107-ci vərəqlərində olan cinayət işi üzrə təyin edilmiş ambulator məhkəmə-narkoloji ekspertizasının keçirilməsinə dair Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Publik hüquqi şəxsin tərəfindən verilmiş 7582 saylı 14 dekabr 2022-ci il tarixli rəyi ilə müəyyən edilmişdir ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimülyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin 80-ci vərəqində olan “diskə baxış keçirilməsi haqqında” 17 sentyabr 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərində polis əməkdaşlarının iştirakı ilə şəxsi axtarış keçirilməsi, əvvəlcə ondan üzərində saxlanması, daşınması və ya gəzdirilməsi qadağan olunmuş hər hansı bir əşya və ya predmet olduğu təqdirdə təqdim etməsi təklif edilməsi, bundan sonra Təqsirləndirilən şəxs əlində tutduğu boz rəngli əl çantasını açaraq oradan bir ədəd ağ rəngli plastmas dairəvi-yastı qabı, iki ədəd tibbi şprislərini, bir ədəd sınıq şüşə ampulanı, əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən içərisində qəhvəyi rəngli kütlə olduğu görünən bir ədəd şəffaf sellofan bükümünü çıxarıb, təqdim etməsi, şəffaf sellofan bükümündə olan qəhvəyi rəngli kütlənin heroin, ağ plastmas qabda olan kütlənin limon duzu olduğunu, təqdim etdiyi boş şüşə ampulada limon duzunu və heroini həll etdikdən sonda şprislə infeksiya yolu ilə qəbul etdiyini, narkotik vasitələri aludəcisi olduğunu, təqdim etdiyi şəffaf sellofan bükümündə olan heroini adını, ünvanını bilmədiyi şəxsdən Suraxanı rayonu Dədə Qorqud qəsəbəsində özünün istifadəsi üçün 10 manata alaraq üzərində saxlamaqla daşıdığını, narkotik vasitələrin satışı ilə məşğul olmadığını bildirməsi, bundan sonra şəxsi axtarışın davam etdirilməsi, lakin hər hansı bir əşya aşkar edilməməsi, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş içərisindəki kütlənin narkotik vasitə olduğu güman edilən 01 ədəd şəffaf sellofan bükümü, iki ədəd tibbi şpris, ağ rəngli plastmas qutu, bir ədəd boş şüşə ampula bir zərfə qoyularaq qablaşdırılması, zərfin üzəri onun və polis əməkdaşları tərəfindən imzalanaraq, möhürlənməsi müəyyən olunur. Cinayət işinin 84-86-cı vərəqlərində olan Azərbaycan Respublikası DİN-nin BƏSİİdən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilmiş və məhkumluğu ödənilmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs üzərində aparılmış şəxsi axtarışın videogörüntüsü olan 1 ədəd DVD-R formatlı diskə baxış keçirilərkən əynində olan mavi rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd bükümdə təmiz çəkisi 0,602 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülməsi müəyyən edilmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2008-ci il tarixli Qanununun 21-ci maddəsinə əsasən, «narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün, hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlakı həcminə əsasən müəyyən edilir. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıları Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilir». Azərbaycan Respublikasının 28 iyun 2005-ci il Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına habelə onların külli miqdarına görə” 1-ci siyahının 5-ci bəndinə əsasən narkotik vasitə hesab edilən heroinin şəxsi istehlak miqdarından artıq miqdarının yuxarı həddi 0,15 qram təşkil edir. Cinayət işinin materiallarından göründüyü kimi iş üzrə Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə heroinin təmiz çəkisi 0,602 qram heroinin təşkil etmişdir ki, qeyd olunan siyahıya əsasən, həmin miqdar Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2 saylı qərarının 4-cü bəndində göstərilmişdir ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi anlayışının şərhi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanunun 1.0.9-cu maddəsində verilmişdir. Qanunun həmin maddəsinin mənasına görə, o cümlədən narkotik vasitələrin satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaş-xaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması hərəkətləri də başa düşülməlidir. Törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür». Həmin qərarın 5-ci bəndinə əsasən Qanunun 1.0.10-cu maddəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması anlayışının şərhi verilmişdir. Həmin maddənin mənasına görə narkotik vasitələrin və psixotrop maddələri saxlama, bu maddələrin saxlanılmasının yerindən və müddətindən asılı olmayaraq, onlara qanunsuz surətdə faktiki malik olma deməkdir. Təqsirli şəxsin narkotik vasitələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. Narkotik vasitələri və ya psixotrop maddələri qanunsuz olaraq başqa şəxsdən əmanət kimi saxlamaq üçün qəbul etmiş şəxs də bu maddələri saxlamağa görə məsuliyyət daşımalıdır. Həmin qərarın 6-cı bəndinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi anlayışı Qanunun 1.0.8-ci maddəsində şərh edilmişdir.Qanunun mənasına görə narkotik vasitənin, psixotrop maddənin və prekursorların şəxsin özündə nəqliyyat vasitələri ilə və ya belə vasitələrdən istifadə etməməklə yerinin dəyişdirilməsi onların daşınması kimi, belə maddələrin poçtla, baqajla, həmin maddələrdən xəbəri olmayan şəxsin vasitəsi ilə bu maddələrin yerinin dəyişdirilməsi onların göndərilməsi kimi qiymətləndirilməlidir. Bu cinayətin subyekti təkcə narkotik vasitələrin və psixotrop maddələrin sahibi və ya onları müvəqqəti saxlayan şəxs deyil, həm də digər şəxslər ola bilərlər. Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz olaraq Azərbaycan Respublikasının gömrük sərhədlərindən daşınmaqla və ya göndərməklə keçirilməsinin həm də qaçaqmalçılıq cinayətinin tərkibini yaratdığı müəyyən edildikdə, təqsirkarın əməli cinayətlərin məcmusu qaydasında, yəni həm narkotik vasitələri və psixotrop maddələri qanunsuz daşımağa və ya göndərməyə görə və həm də qaçaqmalçılığa görə tövsif olunmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Beləliklə də, Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilmiş, məhkəmə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmağı məqsədəmüvafiq hesab edir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 59-cu əsasən Təqsirləndirilən şəxs törətdiyi əməlini etiraf etməsini və törətdiyi əməldən səmimi olaraq peşman olmasını cəzasını yüngülləşdirən hal kimi müəyyənləşdirmişdir. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hallar müəyyən etmədi. Məhkəmə yuxarıda göstərilənlərə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti o cümlədən cəzanı yüngülləşdirən halların olub və cəzanı ağırlaşdıran halların müəyyən edilməməsi, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. İnsan hüquqları üzrə Avropa Məhkəməsi öz Qərarlarında dəfələrlə göstərmiş və Milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Məhkəmə, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid olunmadan islah edilməsinin mümkünlüyü qənaətinə gələrək, ona Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini məqsədəuyğun sayır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 175.3-cü maddəsinə əsasən Məhkəmənin həbs, ev dustaqlığı və ya girov qismində seçdiyi qətimkan tədbiri yalnız məhkəmə tərəfindən dəyişdirilə və ya ləğv oluna bilər. Bu Məcəllənin 157.8 və 163.6-cı maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə tərəfindən seçilmiş həbs və ya ev dustaqlığı qətimkan tədbirinin tətbiqinə müstəntiq və ya ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror xitam verə bilər. Beləliklə, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsindən imtina edilməsi, barəsində 15 dekabr 2022-ci il tarixədək ev dustaqlığı qətimkan tədbiri seçilməsi, ev dustaqlığı 17 sentyabr 2022-ci il tarixindən hesablanması və dərhal məhkəmə iclas zalından azad edilməsinə dair Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 17 sentyabr 2022-ci il tarixli, 4(010)-543/2022 saylı qərarını nəzərə alaraq, hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən şübhəli şəxs qismində saxlanıldığı və ev dustaqlığında saxlanıldığı müddət - 15 sentyabr 2022-ci il tarixdən 15 dekabr 2022-ci il tarixədək saxlanıldığı 03 ay müddət ona təyin edilmiş azadlığın məhdudlaşdırılması (həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə) cəzasından çıxılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayətin törədilməsində təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, törətdiyi əməlini etiraf etməsinə, törətdiyi əməldən səmimi olaraq peşman olmasına görə cəzanı yüngülləşdirən halların mövcudluğu və ağırlaşdıran (müəyyən edilməmişdir) halın mövcud olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, şübhəli şəxs qismində saxlanıldığı və ev dustaqlığında saxlanıldığı müddət - 15 sentyabr 2022-ci il tarixdən 15 dekabr 2022-ci il tarixədək saxlanıldığı 03 ay müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş azadlığın məhdudlaşdırılması (həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə) cəzasından çıxılmaqla qəti cəza müəyyən edilməli, cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı tarixdən hesablanmalı, “başqa yerə getməmək haqqında” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, iş üzrə maddi sübut kimi tanınan narkotik vasitə məhv edilməli (CPM-132), ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1.). Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikası CM-nın 52-1 maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə həmin maddədə qeyd olunan vəzifələr qoyulmalıdır. Belə ki, həmin maddə tələb edir: 52-1.1. Azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. 52-1.2. Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin müddəalarına əsasən: 15.5-1. Azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. 51-2.1. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. 51-3.1. Azadlığın məhdudlaşdırılması növündə cəza məhkumun yaşayış yeri üzrə çəkilir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia yoxdur. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4-cü və 194cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə, həmçinin vəkil tərəfindən təqdim edilmiş hesabatı nəzərdən keçirərək hesab edir ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 09 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 20 (iyirmi) iş saatına görə 120 (bir yüz iyirmi) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 09 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, ona 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində saxlanıldığı və ev dustaqlığında saxlanıldığı müddət-15 sentyabr 2022-ci il tarixdən 15 dekabr 2022-ci il tarixədək saxlanıldığı 03 (üç) ay müddət azadlıqdan məhrum etmənin bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər olmaq hesabı ilə ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində qəti olaraq 02 il 09 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə Bakı şəhərinin hüdudlarını tərk etməmək, axşam saat 23:00-dan səhər saat 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Bakı şəhəri Suraxanı RPİ-nə təhvil verilmiş və ekspertiza tədqiqatına sərf edildikdən sonra ümumi qalığı 0,552 qram olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut olan Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılan zaman çəkilmiş videogörüntünün köçürüldüyü 1 ədəd DVD formatlı diskin cinayət işinin materiallarında saxlanılması nəzərə alınsın. İş üzrə ekspertiza xərci 55 (əlli beş) manat Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə, Az.MEM, VÖEN **********, AZ34CTRE**********002088501, X2, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ 41, NABZ013601**********3944 SFİFT BİK CTREAZ22 hesaba keçirilsin. Bakı şəhəri 09 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 20 (iyirmi) iş saatına görə 120 (bir yüz iyirmi) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 09 saylı Vəkil Bürosunun "xxxx" ASC-nin Suraxanı filialında olan hesablaşma hesabına (VÖEN ********** h./h******************** SWİFT GODE İBAZAZ2X, müxbir hesabı **********031. kod 805692 VÖEN **********) köçürülsün. Hökmdən elan olunduğu andan 20 gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apelyasiya şikayəti və ya apelyasiya protesti verilməzsə hökm qanuni qüvvəyə minir. Sədrlik edən Nərminə Rzayeva
Məhkəmə qərarları › İş №1(010)-284/2023
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-284/2023
06.12.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver