Məhkəmə qərarları › İş №1(010)-284/2025

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-284/2025

27.05.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-284/2025 27.05.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Rzayeva Nərminə Cahangir qızının sədrliyi, Ələmşahova Aytəkin Aqil qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Təqsirləndirilən şəxs müdafiəçisi, Bakı şəhəri 09 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, Təqsirləndirilən şəxs xx.xx.1988-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ali təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, məhkum olunmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, faktiki həmin ünvanda yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qismində qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda psixotrop maddə əldə etmiş, saxlamış, daşımışdır. Belə ki, o, 09 yanvar 2025-ci il tarixdə, Xətai rayonu ərazisində “Nargilə” kafesinin yaxınlığında şəxsiyyəti istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan xeyli miqdarda 01 (bir) ədəd ağ rəngli kağız bükümündə təmiz çəkisi 0,834 qram psixotrop maddə metamfetamini əldə edib saxlayaraq üzərində gəzdirmiş və Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin 32-ci Polis bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 16 yanvar 2025ci il tarixdə saat 17:04 radələrində Bakı şəhəri, ünvan 2 ünavanda saxlanılaraq orada videoçəkilişlə üzərinə baxış keçirilən zaman əynində olan qara rəngli gödəkçənin sol yan iç cibindən xeyli miqdarda təmiz çəkisi 0,834 qram kustar üsulla hazırlanmış həmin psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. İbtidai istintaq zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, təxminən iki ay olar ki, narkotik vasitələrdən istifadə edir. Belə ki, xx.xx.2025-ci il tarixdə tanımadığı İran vətəndaşının hesabına 20 manat pul göndərməklə saat 18 radələrində Bakı şəhəri, Xətai rayonu ərazisində yerləşən “Nargilə” kafesinin yanında əvvəlcədən müəyyən edilmiş yerə qoyulmuş metamfetamini götürərək bir qismini istifadə etmiş, qalanını isə gələcəkdə istifadə etmək üçün özündə saxlamışdır. Bir həftə sonra yəni, 16 yanvar 2025-ci il tarixdə həmin metamfetamini istifadə etmək üçün üzərində gəzdirdiyi vaxt təxminən saat 17:04 radələrində Bakı şəhəri, ünvan 2 küçəsi ilə piyada hərəkət edən zaman üç nəfər şəxs yaxınlaşıb onu saxlayaraq polis əməkdaşları olduqlarını deyib, özlərini təqdim etmişlər və narkotik vasitə əldə edib saxlayıb daşımaqda şübhəli olduğunu, bu səbəbdən saxlandığı yerdə videoçəkiliş aparılmaqla üzərinə baxış keçirilməsinin zəruri olduğunu demişlər. Bundan sonra ona üzərində qanunla qadağan olunmuş hərhansı bir əşya varsa çıxardıb təqdim etməyi təklif olunmuşdur. Başqa çıxış yolu olmadığından əynində olan qara rəngli gödəkçəsinin sol yan iç cibindən öz istifadəsi üçün saxladığı siqaret qutusunun sellofanının içərisinə qoyduğu bir ədəd ağ rəngli kağız bükümündə olan metamfetamini çıxardaraq polis əməkdaşlarına təqdim etmişdir. Sorğu-sual zamanı bildirmişdir ki, üzərindən aşkar olunmuş həmin 01 ədəd bükümdə olan psixotrop maddə metamfetamini tanımadığı İran vətəndaşından hesabına pul göndərməklə öz istifadəsi üçün 20 manat müqabilində əldə etmişdir. Bundan sonra üzərindən aşkar edilərək götürülmüş psixotrop maddə metamfetamin bir ədəd zərfə qoyularaq zərfin ağzı bağlanılmış, həm onun tərəfindən, həmdə polis əməkdaşları tərəfindən imzalanmışdır. Üzərində şəxsi axtarış keçirilən zaman qanunla qadağan olunmuş başqa əşya aşkar olunmamışdır. Şəxsi axtarış zamanı özünə məxsus “Samsung A12" markalı mobil telefonunu da polis əməkdaşlarına təqdim etmiş, mobil telefon da qablaşdırılıb möhürlənərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, özü İqtisadiyyat universitetini bitirmiş, ticarətlə məşğul olur və valideynləri ilə birlikdə yaşayır. O, 1 il ərzində narkotik vasitədən – metamfetamindən istifadə edirmiş, tutulan vaxt üstündə narkotik vasitə olmuş, ancaq tutulandan sonra istifadə etməmişdir. Tutulduğu vaxt polislər tərəfindən heç bir təzyiqə məruz qalmamışdır. Hazırda müalicə almaq üçün “Parlaq Həyat” reabilitasiya mərkəzinə yerləşmək istəyir. Məhkəmə iclasında ifadəsi elan edilmiş, istintaq zamanı şahid qismində dindirilmiş Suraxanı RPİ-nin 32-ci PB-nin CA üzrə əməliyyat müvəkkili, polis leytenantı Şahid4 ifadəsində göstərmişdir ki, xidməti vəzifəsinin icrası zamanı 16 yanvar 2025-ci il daxil olmuş əməliyyat məlumatı əsasında Polis şöbəsinin rəisinin əmri ilə yaradılmış əməliyyat qrupunun rəhbəri kimi, bölmənin baş əməliyyat müvəkkili, polis kapitanı Şahid3, əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1 və kiçik inspektor, polis baş serjantı Şahid2 ilə birlikdə keçirilən əməliyyat tədbirlərində iştirak etmişdir. Keçirilən tədbir zamanı xx.xx.1988-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz olaraq üzərində gəzdirməsi və istifadəsi ilə məşğul olması barədə daxil olmuş əməliyyat məlumatları yoxlanılırdı. Əməliyyat qrupunun rəhbəri kimi şəxs barəsində malik olduğu məlumatlara əsasən tədbirin vaxtını və keçiriləcək ərazini müəyyənləşdirmişdir. Həmin günü, yəni 16 yanvar 2025-ci il tarxidə saat 17:04 radələrində Təqsirləndirilən şəxs ətrafında ünvan 2 ünvanınında videoçəkilişlə müşahidə aparmağa başlamışlar, əlamətləri daxil olmuş əməliyyat məlumatında göstərilən şəxsə uyğun gələn bir nəfərin yol ilə onlar tərəfə gəldiyini görmüşlər və saxlanılmasını qərara almışlar. Bundan sonra videoçəkiliş dayandırılmadan yaxınlaşaraq həmin şəxsi tutmuşlar və özünü təqdim etməsini tələb etmişlər, sonuncu özünü təqdim edərək Təqsirləndirilən şəxs olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz olaraq üzərində gəzdirməkdə və istifadəsi ilə bağlı cinayət törətməsi barədə məlumatların yoxlanılması üçün saxlanıldığını demiş və saxlanıldığı yerdə vedioçəkilişlə üzərinə baxış keçirilməsini zəriri olduğunu bildirmişdir. Üzərinə baxışdan əvvəl Təqsirləndirilən şəxs təklif etmişdir ki, üzərində qanunsuz saxlanılan, qanunla qadağan olunmuş nə varsa, özü təqdim etsin. Təqsirləndirilən şəxs bu təklifdən sonra əynində olan qara rəngli gödəkçəsinin sol yan iç cibindən siqaret qutusunun salafanının içərisinə qoyduğu bir ədəd ağ rəngli kağız bükümündə olan maddəni çıxardaraq onlara təqdim edib metamfetamin (patı) olduğunu demişdir. Sual olunduğu zaman Təqsirləndirilən şəxs həmin psixotrop maddəni tanımadığı İran vətəndaşından öz şəxsi istifadəsçisi üçün 20 manat müqabilində aldığını bildirmişdir. Sonra həmin psixotrop maddəyə bənzər kütlə tərəflərindən ağ rəngli zərfə qoyularaq möhürlənmişdir. Özü, saxlanılan şəxs Təqsirləndirilən şəxs və digər polis əməkdaşları həmin zərfi imzalamışlar. Təqsirləndirilən şəxs üzərinə baxış keçirilən zaman qanunla qadağan olunmuş başqa əşya aşkar olunmamışdır. Həmçinin Təqsirləndirilən şəxs məxsus mobil telefonda qablaşdırılaraq götürülmüşdür. Bundan sonra Təqsirləndirilən şəxs PB-nə aparmışlar, PB-də təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş psixotrop maddə metamfetaminə bənzər maddəyə baxış keçirildikdən sonra ekspertiza təyini üçün qablaşdırılmışdır. Məhkəmə iclasında ifadəsi elan edilmiş, istintaq zamanı şahid qismində dindirilmiş Suraxanı RPİ-nin 32-cİ polis bölməsinin baş əməliyyat müvəkkili, polis kapitanı Şahid3, həmin bölmənin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1 və həmin kiçik inspektoru, polis baş serjantı Şahid2 eyni məzmunlu ifadələr verərək şahid qismində dindirilmiş Şahid4 göstərmiş olduğu xüsusatları öz ifadəsində təsdiq etmişlər. Cinayət işinin 21-ci vərəqində olan “şübhəli şəxsin tutulması haqqında” 16 yanvar 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 16 yanvar 2025-ci il il tarixdə, saat 19:30-da şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin materiallarının 65-ci vərəqində olan 18 yanvar 2025-ci il tarixli “təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi barədə” qərara əsasən, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinin seçilməsi qərara alınmışdır. Cinayət işinin materiallarında olan 1 ədəd DVD formatlı diskdən görünür ki, Təqsirləndirilən şəxs saxlanılması, üzərində şəxsi axtarış və götürmə aparılmasını özündə əks etdirən xx.xx.2025-ci il tarixdə çəkilmiş videogörüntü olan bir ədəd diskə baxış keçirilən zaman müəyyən edilmişdir ki, bir polis əməkdaşı telefonla videoçəkiliş etmiş, üç polis əməkdaşı isə qarşıdan gələn şəxsi saxlayıb, özlərini təqdim etmişlər. Polis əməkdaşları özlərini təqdim etdikdən sonra saxlanılan şəxsə narkotik vasitələrin istifadəsində və üzərində gəzdirilməsində şübhəli olduğunu bildirərək, həmin şəxsdən özünü təqdim etməsini istəmiş, həmin şəxs özünü təqdim edərək Təqsirləndirilən şəxs olduğunu demişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərində qanunla qadağan olunmuş hər hansısa bir əşya və ya maddə varsa təqdim etməsi deyilmiş, bu zaman Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkçəsinin sol yan iç cibindən siqaret qutusunun salafanının içərisinə qoyduğu bir ədəd ağ rəngli kağız bükümündə olan maddəni çıxardaraq polis əməkdaşlarına təqdim edərək metamfetamin (patı) olduğunu demişdir. Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş maddə ağ rəngli zərfə qoyularaq qablaşdırılmış, möhürlənmiş və imzalamışlar. Sual olunduğu zaman Təqsirləndirilən şəxs həmin psixotrop maddəni 20 manat müqabilində öz istifadəsi üçün tanımadığı iran vətəndaşından aldığını demişdir. Bundan sonra üzərində keçirilən axtarış zamanı qanunla edilmiş hər hansı bir əşya aşkar olunmamışdır. Həmçinin Təqsirləndirilən şəxs məxsus mobil telefon da götürülüb qablaşdırılaraq möhürlənmiş və iştirakçılar tərəfindən zərf imzalanmışdır. Cinayət işinin 37-39-cu vərəqlərində olan cinayət işi üzrə təyin edilmiş məhkəməkimyəvi ekspertizası üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 6/224 nömrəli ekspert rəyində göstərilir ki, tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs (imza)...” yazıları olan bir ədəd zərfin içərisində 1 (bir) ədəd bükümdə təmiz çəkisi 0,834 qram olan ağ rəngli, kristalşəkilli maddə kütləsi kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamindir. Metamfetamin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının qanuni ilə təsdiq olunmuş siyahılara əsasən metamfetamin «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş psixotrop maddələr»in siyahısına (Siyahı İ) daxildir. Cinayət işinin 94-95-ci vərəqlərində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Publik Hüquqi X5-Narkoloji tibbi yoxlama ekspertizasının xx.xx.2025-ci il tarixli 416 nömrəli rəyində göstərilmişdir ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbul edilməsi nəticəsində yaranan asılılıq sondromu (narkomaniya xəstəliyi) aşkar olunur. Lakin hal-hazırda abstinensiya, intoksikasiya əlamətlərinin olmamasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar olaraq narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin 69-cu vərəqində olan “diskə baxış keçirilməsi haqqında” 21 yanvar 2025-ci il tarixli protokoldan görünür ki, Bakı şəhəri, Suraxanı RPİ-nin İŞ-nin müstəntiqi, polis mayoru Nizami Məhərrəmov xidməti otağında şübhəli şəxs Təqsirləndirilən şəxs özünü təqdim etməsini təklif edir. Diskə baxış keçirilən zaman müəyyən edildi ki, təqdim edilmiş disk DVD formatlıdır. Diskin üzərində yazılar yoxdur, ağ rənglidir. Disk xidməti iş otağında olan kompyüterin disk oxuyan cihazına daxil edildi. Monitorda açılan diskin yaddaşında “X3” proqramı vasitəsi ilə yazılmış MP4 formatında 01 ədəd fayl olması müşahidə olunur. Həmin videogörüntüyə baxış zamanı Suraxanı RPİ-nin 32-ci PB-nin təhqiqatçısı və tədbirdə iştirak edən digər polis əməkdaşları özlərini təqdim edirlər. Bundan sonra keçirilmiş əməliyyat tədbiri zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq qablaşdırılmış ağ rəngli zərf açılır və sellofan bükümdə olan olan psixotrop maddə metamfetaminə oxşar maddə MEM-ə göndərilmək üçün möhürlənir və qablaşdırlır. Bundan sonra keçirilmiş əməliyyat tədbirlərinin vidogörüntüsünə baxış keçirilir. Sonda təhqiqatçı X7 Əhmədovdan saxlanıldığı zaman hər hansı xəsarətinin olub-olmamasını soruşur. Təqsirləndirilən şəxs saxlanıldığı zaman xəsarət almadığını bildirir. Həmçinin verilən suallara cavab olaraq narkotik vasitələrdən təxminən son üç ay ərzində istifadə etdiyini deyir. Cinayət işinin 70-ci vərəqində olan “telefona baxış keçirilməsi haqqında” 22 yanvar 2025-ci il tarixli protokoldan görünür ki, Bakı şəhəri, Suraxanı RPİ-nin İŞ-nin müstəntiqi, polis mayoru Nizami Məhərrəmov xidməti otağında şübhəli şəxs Təqsirləndirilən şəxs, hal şahidləri X4 və X1 iştirakları ilə şübhəli şəxsin üzərindən aşkar edilərək götürülmüş “Samsung A12” markalı telefonun yaddaşında iş üçün əhəmiyyətli ola biləcək zənglər, SMS yazışmaları və ya şəkillər müəyyən edilməmişdir. Cinayət işinin 97-ci vərəqində olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs üzərində aparılmış şəxsi axtarışın videogörüntüsü olan 1 ədəd DVD formatlı diskə baxış keçirilərkən üzərində şəxsi axtarış və götürmə istintaq hərəkəti həyata keçirilən zaman əynində olan qara rəngli gödəkçəsinin sol yan iç cibindən siqaret qutusunun salafanının içərisinə qoyduğu bir ədəd ağ rəngli kağız bükümündə olan maddə aşkar edilərək müəyyən edilmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2008-ci il tarixli Qanununun 21-ci maddəsinə əsasən, «narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün, hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlakı həcminə əsasən müəyyən edilir. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıları Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilir». Azərbaycan Respublikasının 28 iyun 2005-ci il Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına habelə onların külli miqdarına görə” 2-ci siyahının 118-ci bəndinə əsasən psixotrop maddə metamfetaminin şəxsi istehlak miqdarından artıq miqdarının yuxarı həddi 0,15 qram təşkil edir. Cinayət işinin materiallarından göründüyü kimi iş üzrə Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş psixotrop maddə metamfetaminin təmiz çəkisi 0,834 qram təşkil etmişdir ki, qeyd olunan siyahıya əsasən, həmin miqdar Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli 8 saylı qərarının 4-cü bəndində göstərilmişdir ki, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsinin izahı Qanunun 1.0.9-cu maddəsində verilmişdir. Həmin maddənin mənasına görə, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozaraq hər hansı üsulla narkotik vasitələrə, psixotrop maddələrə və onların prekursorlarına yiyələnməyə yönəldilmiş hərəkətlər, məsələn, həmin vasitələrin (maddələrin) satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin (psixotrop maddənin, prekursorun) mənimsənilməsi, çətənə (kannabis) bitkisinin, xaşxaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik maddələr olan bitkilərin yığılması narkotik vasitələrin, psixotrop maddələrin, onların prekursorlarının əldə edilməsi kimi təfsir edilməlidir. Narkotik vasitəni və ya psixotrop maddəni satmaq məqsədi olmadıqda törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini xeyli miqdarda əldə etməsi, saxlaması, hazırlaması, emal etməsi və daşıması müəyyən edildikdə mümkündür. Qanunun 21.1-ci maddəsinə görə narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının miqdarı təmiz və qarışıq vəziyyətlərində ayrılıqda müəyyənləşdirilir. Narkotik vasitələrin və psixotrop maddələrin xeyli miqdarı “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli 961-İİQ nömrəli Qanunu (bundan sonra – 961-İİQ nömrəli Qanun) ilə müəyyən olunmuşdur. Həmin qərarın 5-ci bəndinə əsasən Qanunun 1.0.10-cu maddəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanmasının izahı verilmişdir. Həmin maddənin mənasına görə narkotik vasitələri və psixotrop maddələri saxlama, bu maddələrin saxlanılması yerindən və müddətindən asılı olmayaraq, onlara qanunsuz surətdə faktiki malik olma deməkdir. Təqsirli şəxsin narkotik vasitələri və ya psixotrop maddələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. Narkotik vasitələri və ya psixotrop maddələri qanunsuz olaraq başqa şəxsdən əmanət kimi saxlamaq üçün qəbul etmiş şəxs də bu maddələri saxlamağa görə məsuliyyət daşımalıdır. Narkotik vasitələri və ya psixotrop maddələri qanunsuz olaraq saxlama uzanan cinayət olmaqla şəxs özü əməllərinə son verdiyi (məsələn, könüllü gəlib təqsirini boynuna aldığı) və yaxud onun iradəsindən asılı olmayaraq əmələ son verildiyi, məsələn, qeyd olunan əməllə əlaqədar keçirilən əməliyyat-axtarış tədbirinin gedişində yaxalandığı andan cinayət başa çatmış hesab edilir. Odur ki, bu əməl üzrə istintaq və məhkəmə aidiyyəti məsələsi həmin hallar, yəni o cümlədən cinayətin əməliyyat-axtarış tədbirinin gedişində şəxsin saxlanılıb müvəkkil edilmiş şəxsin nəzarəti altına keçməsi anında və yerində başa çatmış olması nəzərə alınmaqla həll edilməlidir. Həmin qərarın 6-cı bəndinə əsasən Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsinə dair izah Qanunun 1.0.8-ci maddəsində təsbit edilmişdir. Qanunun 1.0.8-ci maddəsində prekursorlar birbaşa qeyd olunmasa da, normanın mənasına görə istər narkotik vasitənin və ya psixotrop maddənin, istərsə də prekursorların şəxsin özündə, o cümlədən bilavasitə üzərində (çantasında, paltarında, daxilində gizlətməklə və s.) nəqliyyat vasitələri ilə və ya nəqliyyat vasitələrinə aid olmayan digər daşıma vasitələrindən istifadə etməklə yerinin dəyişdirilməsi üzrə hərəkətlər onların daşınması kimi, belə vasitələrin (maddələrin, prekursorların) göndərən şəxsin özünün bilavasitə iştirakı olmadan yerinin dəyişdirilməsi üzrə hərəkətlər isə, məsələn, poçtla, baqajla, predmetin narkotik vasitələr və ya psixotrop maddələr, onların prekursoru olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə təyinat yerinə aparılması onların göndərilməsi kimi qiymətləndirilməlidir. Bu cinayətin subyekti təkcə narkotik vasitələrin və ya psixotrop maddələrin, habelə onların prekursorlarının sahibi və ya onları müvəqqəti saxlayan şəxs deyil, həm də digər şəxslər ola bilərlər. Narkotik vasitəni (psixotrop maddəni) göndərən şəxsin əməli, vasitənin (maddənin) təyinat yerinə çatdırılıbçatdırılmamasından asılı olmayaraq, aparılması üçün (məsələn, poçt şöbəsinə, yükdaşıma fəaliyyətini həyata keçirən subyektə, cinayətdən xəbərsiz olan şəxsə) təhvil verildiyi andan başqa çatmış cinayət hesab edilir. Üzərində aşkar olunmuş narkotik vasitə (psixotrop maddə, prekursor) ilə əlaqədar şəxsin əməlinin həmin predmetlərin qanunsuz saxlanması və yaxud qanunsuz daşınması kimi tövsif edilməsi üzrə məsələ həll olunarkən, işin əhəmiyyət kəsb edən digər halları, o cümlədən narkotik vasitənin (psixotrop maddənin, prekursorun) şəxsin özünə məxsus olub-olmaması, onların miqdarı, əməlin törədildiyi məkan və s. obyektiv hallarla yanaşı, şəxsin narkotik vasitənin saxlanıldığı yeri dəyişmək və yaxud əldə olunma yerindən saxlanılma yerinə və ya saxlanılma yerindən alıcıya çatdırmaq məqsədi ilə və ya belə məqsədlər olmadan hərəkət edib-etməməsi aydınlaşdırılmalı və bu məsələlər üzrə müəyyən edilmiş halların məcmusundan asılı olaraq təqsirkarın qeyd olunan alternativ cinayət tərkiblərindən hansını törətməsi müəyyən edilərək istər irəli sürülmüş ittihamda, istərsə də məhkəmə hökmündə cinayət əməli təsvir edilərkən aydınlığı ilə əks etdirilməlidir. Narkotik vasitələrin və ya psixotrop maddələrin, habelə onların prekursorlarının qanunsuz olaraq Azərbaycan Respublikasının gömrük sərhədindən daşınmaqla və ya göndərməklə keçirilməsinin, həm də qaçaqmalçılıq cinayətinin tərkibini yaratdığı müəyyən edildikdə, təqsirkarın əməli cinayətlərin məcmusu qaydasında, yəni həm narkotik vasitələri (psixotrop maddələri, prekursorları) qanunsuz daşımağa və ya göndərməyə görə, həm də CM-in 206.2-ci maddəsində xüsusilə göstərilmiş həmin predmetlərin qaçaqmalçılığına görə tövsif olunmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Beləliklə də, Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilmiş, məhkəmə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmağı məqsədəmüvafiq hesab edir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlindən səmimi peşman olmasını (islah olunmaq üçün reabilitasiya mərkəzinə yerləşdirilmək istədiyini) və ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini yüngülləşdirən hallar kimi hesab edir. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hallar müəyyən etmədi. Məhkəmə yuxarıda göstərilənlərə əsasən hesab edir ki, Təqsirləndirilən şəxsya cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti o cümlədən cəzanı yüngülləşdirən halların olub və cəzanı ağırlaşdıran halların müəyyən edilməməsi, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. İnsan hüquqları üzrə Avropa Məhkəməsi öz Qərarlarında dəfələrlə göstərmiş və Milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Məhkəmə, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid olunmadan islah edilməsinin mümkünlüyü qənaətinə gələrək, ona Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini məqsədəuyğun sayır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayətin törədilməsində təqsirli bilinib məhkum edilməli, əməlindən səmimi peşman olmasına, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsinə görə cəzanı yüngülləşdirən halların mövcudluğu və ağırlaşdıran (müəyyən edilməmişdir) halın mövcud olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 16 yanvar 2025-ci il tarixdən – 18 yanvar 2025-ci il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 02 gün müddət azadlıqdan məhrum etmənin bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər olmaq hesabı ilə ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalı və üzərində qəti olaraq azadlığın məhdudlaşdırılması cəzası saxlanılmalı, cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı tarixdən hesablanmalı, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, iş üzrə maddi sübut kimi tanınan psixotrop maddə məhv edilməli (CPM-132), iş üzrə maddi sübut olan Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılan zaman çəkilmiş videogörüntünün köçürüldüyü 1 ədəd DVD formatlı diskin cinayət işinin materiallarında saxlanılmalı, ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1.). Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikası CM-nın 52-1 maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə həmin maddədə qeyd olunan vəzifələr qoyulmalıdır. Belə ki, həmin maddə tələb edir: 52-1.1. Azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. 52-1.2. Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin müddəalarına əsasən: 15.5-1. Azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. 51-2.1. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. 51-3.1. Azadlığın məhdudlaşdırılması növündə cəza məhkumun yaşayış yeri üzrə çəkilir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia yoxdur. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarında dəyişiklik edilməsi barədə 28 aprel 2025-ci il tarixli qərarının 2-ci bəndinə əsasən CPM-in 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 11 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə, həmçinin vəkil tərəfindən təqdim edilmiş hesabatı nəzərdən keçirərək hesab edir ki, Təqsirləndirilən şəxsya göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 09 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 10 (on) iş saatına görə 110 (bir yüz on) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 09 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddə ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona 02 (iki) il 03 (üç) ay müddətinə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 16 yanvar 2025-ci il tarixdən – 18 yanvar 2025-ci il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 02 gün müddət azadlıqdan məhrum etmənin bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər olmaq hesabı ilə 04 (dörd) gün müddət ona təyin edilmiş 02 il 03 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində qəti olaraq 02 (iki) il 02 (iki) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə Bakı şəhərinin hüdudlarını tərk etməmək, axşam saat 23:00-dan səhər saat 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Bakı şəhəri Suraxanı RPİ-nə təhvil verilmiş və ekspertiza tədqiqatına sərf edildikdən sonra ümumi qalığı 0,784 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə ekspertiza xərci 80 (səksən) manat Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə, Az.MEM, VÖEN **********, AZ34CTRE**********002088501, X2, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ 41, NABZ013601**********3944 SFİFT BİK CTREAZ22 hesaba keçirilsin. Təqsirləndirilən şəxs məhkəmədə göstərdiyi pulsuz hüquqi yardıma görə 10 (on) iş saatı üçün 110 (bir yüz on ) manat məbləğində vəsait müdafiəçisi Bakı şəhəri 9 saylı vəkil bürosunun vəkili Müdafiəçi ödənilməsi üçün Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Bakı şəhəri Bank ABB Suraxanı filialı, VÖEN **********, h/h ********************, SWİF GOODE İBAZAZ2X, m/h- **********031, kod 805692, VÖEN **********, AİİBAZ2X, hesab- ********************, VÖEN-********** hesablaşma hesabı üzərindən Bakı şəhəri 9 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökm elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Həbsdə saxlanılan məhkum tərəfindən isə apellyasiya şikayəti hökmün surətinin ona verildiyi andan 20 gün müddətində verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya protesti verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Nərminə Rzayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar