Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(010)-289/2024 10.05.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Məhkəmə iclasında sədrlik edən hakim Muradov Pərviz Namiq oğlu, Məhkəmə iclasının katibi: X7, Xüsusi ittiham qaydasında şikayət vermiş şəxs: X5, Barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs Gülarə Salamovanın iştirakları ilə, 31 iyul 1960-cı ildə Rusiya Federasiyasında doğulmuş, Rusiya Federasiyası vətəndaşı, Azərbaycan Respublikası ərazisində müvəqqəti yaşamaq üçün icazə vəsiqəsi əsasında yaşayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, həmin ünvanda yaşayan Gülarə Salamovanın Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair X9 tərəfindən verilmiş xüsusi ittiham qaydasında şikayətə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin binasında açıq məhkəmə hazırlıq iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: Gülarə Salamovanın Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair X9 tərəfindən Suraxanı Rayon Məhkəməsinə xüsusi ittiham qaydasında şikayət verilmişdir. Məhkəmə hazırlıq iclasında xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X9 çıxış edərək verdiyi xüsusi ittiham qaydasında şikayətə əsaslanaraq bildirmişdir ki, Rusiya Federasiyasından gələn xalası hesab olunan Gülarə Salamova onunla eyni ünvanda, yəni ünvan 1 ünvanında müvəqqəti qeydiyyatdadır və onunla müvəqqəti olaraq, bir evdə yaşayır. Bir müddət sonra, Gülarə Salamova Azərbaycan Respublikası DİN-ə əsassız ərizələr ünvanlayaraq onu artıq dəfələrlə narahat edir. G.Salamova onu, anasını və nişanlısını dəfələrlə nalayiq ifadələrlə təhqir etmişdir. Sübut qismində dediklərini təsdiq edən videofaylları məhkəməyə təqdim etmişdir. Xüsusi ittiham qaydasında şikayət verdiyi G.Salamova 103 Xidmətinə əsassız zənglər edərək yerdə uzanıb və normal olmayan hərəkətlər etmişdir. Gecələr yatmayıb evdə gəzir, otaqlarına boylanaraq onların ünvanına təhqirlər səsləndirir. Küçədə söyüşlər söyərək onları utandırır. Bu cür normal qarşılanmayacaq hərəkətlər cəmiyyət üçün də təhlükəlidir. Sonda isə bütün bunların nəzərə alınaraq, şikayətinin icraata qəbul edilməsini və Gülarə Salamovanın yaşadığı ünvan 1 ünvanına olan müvəqqəti qeydiyyatının ləğv edilməsini və ölkə ərazisindən uzaqlaşdırılmasını, vurduğu mənəvi zərərə görə isə qanunvericilik çərçivəsində məsuliyyətə cəlb olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə hazırlıq iclasında iştirak edən barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs Gülarə Salamova çıxışında bildirmişdir ki, ünvan 1 ünvanında Rusiya Federasiyasından gəldiyi ilk zamanlar bacısının razılığı əsasında 1 illik qeydiyyata düşərək yaşamışdır. Daha sonra isə, onun Azərbaycan Respublikası ərazisində müvəqqəti yaşamaq üçün icazə vəsiqəsinin etibarlılığı 20 yanvar 2024-cü il tarixdə bitdiyindən, onun ölkə ərazisində qalması qanuni şəkildə 01 il müddətə uzadılmışdır. Bundan sonra, o, qardaşlarının razılığı əsasında sözügedən evdə yaşamağa davam etmişdir. Belə ki, həmin ev paylı mülkiyyət əsasında 3 nəfərin-bacısı X1, X3 və X6 adında sənədləşdirilmişdir. Xüsusi ittiham qaydasında şikayət verən şəxsin bildirdiyi xüsusatların yalan olduğunu qeyd edərək heç bir qanunsuz hərəkətə yol vermədiyini bildirmişdir. Bütün bunları nəzərə alaraq, xüsusi ittiham qaydasında verilmiş şikayətin məhkəmə tərəfindən baxılmamaqla ona əlavə olunmuş sənədlərlə birlikdə şikayətçiyə geri qaytarılmasını xahiş etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: İş materiallarına əlavə edilmiş Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş xx.xx.2021-ci il qeydiyyat tarixli çıxarışdan görünür ki, ünvan 1 ünvanında yerləşən xüsusi mülkiyyət 54,47 kvadratmetrdir. X4, X8 və X6, hər birinin 1/3 hissə olmaqla, həmin mənzil üzərində pay hüquqları vardır. Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti Miqrasiya Nəzarəti Baş İdarəsi tərəfindən 09 oktyabr 2023-cü il tarixdə X5 20 sentyabr 2023-cü il tarixli, 3- 37/1-İ-8383-26-5/2023 saylı ərizəsinə cavab olaraq ünvanlanan məktubdan görünür ki, Rusiya Federasiyası vətəndaşı Salamova Gularənin ünvan 2 ünvanından qeydiyyatdan çıxarılması üçün həmin yaşayış sahəsinin sahibi X1 Dövlət Miqrasiya Xidmətinə müraciət etməsi göstərilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası DİN Suraxanı RPİ-nin 33-cü polis bölməsi tərəfindən X5 26 sentyabr 2023-cü il tarixli ərizəsinə vaba olaraq ünvanlanan 28 sentyabr 2023-cü il tarixli, 3-13-54-4/2-İ-6276/24/23 saylı məktubdan görünür ki, araşdırma zamanı ərizədə göstərilən xüsusatlar mülki mübahisə predmeti olduğundan məhkəmələr tərəfindən araşdırılmalı, bununla əlaqədar onun məhkəməyə müraciət etməli olduğu göstərilmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəllənin 37.1-ci maddəsinə əsasən cinayətin xarakterindən və ağırlıq dərəcəsindən asılı olaraq cinayət təqibi bu Məcəllənin müddəalarına uyğun xüsusi, ictimai-xüsusi və ya ictimai ittiham qaydasında həyata keçirilir. CPM-nin 37.2-ci maddəsinə əsasən xüsusi ittiham qaydasında cinayət təqibi yalnız zərər çəkmiş şəxsin şikayəti əsasında Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147, 148, 165.1 və 166.1-ci maddələrində göstərilən cinayətlər üzrə həyata keçirilir və məhkəmə müşavirə otağına gedənədək zərər çəkmiş şəxs təqsirləndirilən şəxslə barışdıqda ona xitam verilir. CPM-nin 299.1-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclası cinayət işində, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarında və ya xüsusi ittiham qaydasında şikayətdə, irəli sürülmüş ittihamın mahiyyəti üzrə cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünün yoxlanılması məqsədi ilə ilkin dinləmələrdən ibarətdir. Məhkəmə proses iştirakçılarını dinləyib, iş materiallarını nəzərdən keçirib, işin faktik hallarını araşdıraraq hesab edir ki, xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmə baxışının keçirilməsindən imtina olunmalıdır. Belə ki, X9 xüsusi ittiham qaydasında şikayətdə məhkəmədən Gülarə Salamovanın yaşadığı ünvan 1 ünvanına olan müvəqqəti qeydiyyatının ləğv edilməsini və ölkə ərazisindən uzaqlaşdırılmasını, vurduğu mənəvi zərərə görə isə qanunvericilik çərçivəsində məsuliyyətə cəlb olunmasını, onu və ailə üzvlərini təhqir etdiyinə görə cəzalanmasını xahiş etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 293.3-cü maddəsinə əsasən xüsusi ittiham üzrə şikayətdə aşağıdakılar göstərilir: 293.3.1. şikayət vermiş şəxs haqqında məlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi); 293.3.2. törədilmiş cinayət barədə məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği); 293.3.3. cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfindən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyi; 293.3.4. şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi; 293.3.5. cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi haqqında xahiş; 293.3.6. şikayətin verildiyi tarix (il, ay və gün) və yer; 293.3.7. şikayəti vermiş şəxsin imzası. Məhkəmə Gülarə Salamovanın yaşadığı ünvan 1 ünvanına olan müvəqqəti qeydiyyatının ləğv edilməsi məsələsi ilə bağlı qeyd edir ki, G.Salamova həmin evə, iş materiallarında olan Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışda qeyd edilən həmin əmlaka paylı mülkiyyət hüququna sahib olan qardaşları tərəfindən qeydiyyata salınmışdır. Belə ki, həmin mübahisənin predmeti məhz mülki xarakterlidir. Məhkəmə Gülarə Salamovanın ölkə ərazisindən uzaqlaşdırılması məsələsi ilə bağlı qeyd edir ki, onun Azərbaycan Respublikası ərazisində müvəqqəti yaşamaq üçün icazə vəsiqəsinin etibarlılığı 20 yanvar 2024-cü il tarixdə bitdiyindən, onun ölkə ərazisində qalması qanuni şəkildə 01 il müddətə daha uzanmışdır. Belə ki, G.Salamova, ölkə ərazisində qanuni əsaslarla qalır və onun ölkə ərazisindən uzaqlaşdırılması da mülki mübahisə predmetidir. Məhkəmə Gülarə Salamovanın Azərbaycan Respublikası CM-in 148-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi səbəbindən cinayət məsuliyyətinə cəlb olunması məsələsinə münasibətdə isə bildirir ki, xüsusi ittiham qaydasında şikayət ərizəsinə və ona əlavə edilmiş videofayllara məhkəmə iclasında baxılan zaman xüsusi ittiham qaydasında şikayət verilən şəxsin R.İsrafilova ünvanlanan təhqirləri cəmiyyətdə deyil, yaşadıqları mənzildə olmuş, başqa insanlar buna şahidlik etməmişdir. Azərbaycan Respublikası CM-in 148-cü maddəsində isə təhqirin anlayışıkütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, mediada və ya kütləvi nümayiş etdirildiyi halda, internet informasiya ehtiyatında şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltma olaraq göstərilmişdir. Göründüyü kimi, G.Salamovanın əməlində CM-in 148-ci maddəsinin tərkib əlamətləri yoxdur və buna görə, o, həmin maddə ilə cinayət məuliyyətinə cəlb edilə bilməz. “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 21 fevral 2014-cü il tarixli, 3 nömrəli Qərarında göstərilmişdir ki, insanın şərəfi, ləyaqəti və nüfuzu bir-biri ilə sıx surətdə bağlı olan mənəvi, əxlaqi və sosial dəyərlər olduğuna görə bu dəyərlər dövlət tərəfındən müdafiə olunur. Konstitusiya fikir və söz, məlumat və yaradıcılıq azadlıqlarını həyata keçirərkən hər kəsdən qanunlara riayət etməsini və başqalarının hüquqlarına hörmətlə yanaşmasını tələb edir. Xüsusi ittiham qaydasında icraatın başlanmasına səbəb yalnız zərər çəkmiş şəxs tərəfindən xüsusi ittiham qaydasında verilmiş şikayət ola bilər. Xüsusi ittiham qaydasında şikayət yazılı şəkildə cinayətin törədildiyi yerin yurisdiksiyasına aid olan birinci instansiya məhkəməsinə verilir. Məhkəmələrə tövsiyə olunmuşdur ki, xüsusi ittiham qaydasında şikayətə məhkəmənin hazırlıq iclasında baxılması mərhələsində şikayətin məzmununun CPM-nin 293.3.1-293.3.7-ci maddələrinin tələblərinə uyğun olubolmamasını yoxlasınlar. Şikayətdə aşağıdakılar göstərilməlidir: şikayət vermiş şəxs haqqında məlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi), törədilmiş cinayət barəsində məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği), cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfindən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyi, şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi, cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi haqqında xahiş, şikayətin verildiyi tarix (il, ay və gün), şikayəti vermiş şəxsin imzası. Xüsusi ittiham qaydasında şikayət bu tələblərə cavab vermədikdə, habelə CPM-nin 302.1.2-302.1.4 və 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş halları müəyyən etdikdə məhkəmə hazırlıq iclasında şikayətin öz icraatına qəbul edilməsindən imtina haqqında əsaslandırılmış qərar qəbul edir. CM-nin 147 və 148-ci maddələrinin mənasına görə, şəxs böhtana, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları yaymaya və təhqirə, yəni şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmaya görə o halda cinayət məsuliyyətinə cəlb edilə bilər ki, təhqir və böhtan xarakterli məlumatlar onun tərəfindən kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayılmış olsun. Məhkəmələrə izah edilsin ki, cinayət qanunvericiliyində xüsusi ittiham qaydasında cinayət təqibinə səbəb olan əməllərin törədilməsinə görə cinayət məsuliyyətinin nəzərdə tutulması hər kəsin mənəvi dəyəri olan şərəf və ləyaqətini, nüfuzunu qeyri-qanuni qəsdlərdən qorumaq məqsədi daşıyır. Hər kəsin şərəfi dedikdə onun cəmiyyətin üzvü kimi əxlaqi, mənəvi keyfiyyətlərinə, digər insanlara, dövlətə, cəmiyyətə münasibətinə görə ona verilən qiymət, ləyaqəti dedikdə şəxsin öz mənəvi və əqli keyfiyyətlərini, cəmiyyətdəki mövqeyini və nüfuzunu dərk etməsi və özünün özünə verdiyi qiymət, nüfuzu dedikdə isə şəxsin cəmiyyətdə, kollektivdə, dostlarının əhatəsində, təşkilatda öz qabiliyyətinə görə tutduğu mövqe başa düşülür. Kütləvi çıxış dedikdə, hər hansı şəxsin şərəf və ləyaqətini alçaldan və ya onu nüfuzdan salan məlumatları ən azı iki nəfər kənar şəxsin görə, eşidə və ya qavraya biləcəyi formada ifadə etmə başa düşülür. Kütləvi nümayiş etdirilən əsər dedikdə, ən azı iki nəfər kənar şəxsin görə və ya qavraya biləcəyi şəraitdə nümayiş etdirilən əsərlər (fotoşəkillər, rəsm əsərləri, kinematoqrafıya əsərləri, reklam və sair) başa düşülür. Kütləvi informasiya vasitəsi və kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatı dedikdə, dövri mətbu nəşrlər, teleradio proqramları, kinoxronika proqramları, sosial internet şəbəkələri, dövri mətbuatın və teleradio kanallarının internet saytları və digər yayım formaları başa düşülür. Böhtan və təhqir xarakterli məlumatların müxtəlif orqan və təşkilatlara ünvanlanmış ərizə və şikayətlərdə əks olunması və ya ona aid olan şəxsə təklikdə bildirilməsi həmin məlumatların kütləvi çıxış şəklində yayılması sayılmır və belə hallarda onları yaymış (bildirmiş) şəxsin hərəkətlərinin cinayət kimi qiymətləndirilməsi istisna edilir. Plenum qərarından da göründüyü kimi cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfindən törədilməsi, əməlin məhz həmin şəxs tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyi hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi kimi halların sübuta yetirilməsi xüsusi ittiham qaydasında şikayət vermiş şəxsə edilmişdir. X2 tərəfindən məhkəmə hazırlıq iclasında qeyd olunan halları təsdiq edən sübutlar məhkəməyə təqdim edilməmişdir. Məhkəmə iclasında baxış keçirilən videofayllarda G.Salamovanın R.İsrafilova ünvanladığı təhqirlər yaşadıqları mənzildə baş vermiş, digər şəxslər buna şahid olmamış və ictimaiyyətdə baş vermədiyindən kütləvi xarakter daşımamışdır. Məhkəmələrin diqqətinə çatdırılsın ki, xüsusi ittiham qaydasında şikayətlərə məhkəmələrdə baxılması aidiyyəti CPM-nin 74.1-74.4 və 74.8-ci maddələrinə əsasən müəyyən edilir. CPM-nin 302.1-ci maddəsinə əsasən aşağıdakı hallarda məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir: 302.1.1. şikayət həmin məhkəməyə aid olmadıqda; 302.1.2. şikayət xüsusi ittiham qaydasında cinayət təqibinə hüququ olmayan şəxs tərəfindən verildikdə; 302.1.3. şikayətin məzmunu bu Məcəllənin 293.3.1-293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadıqda; 302.1.4. cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdikdə; 302.1.5. barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş əməl ictimai və ya ictimai-xüsusi qaydada təqib edilməli olduqda; 302.1.6. cinayət hadisəsi və ya barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş əməldə cinayət əlamətləri olmadıqda; 302.1.7. şikayət əsassız olduqda və şikayət vermiş şəxsin dəlillərini təsdiq edən sübutları əks etdirmədikdə; 302.1.8. şikayəti vermiş şəxs şikayətindən imtina etdikdə və təqsirləndirilən şəxslə barışdıqda və ya məhkəmənin hazırlıq iclasına üzrlü səbəb olmadan təkrarən gəlmədikdə. 302.2. Məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edərək aşağıdakılar barədə qərarlar çıxarır: 302.2.1. bu Məcəllənin 302.1.1-ci maddəsində nəzərdə tutulmuş halda xüsusi ittiham qaydasında şikayətin məhkəmə aidiyyəti üzrə göndərilməsi barədə; 302.2.2. bu Məcəllənin 302.1.5-ci maddəsində nəzərdə tutulmuş halda xüsusi ittiham qaydasında verilmiş şikayətin baxılması üçün istintaq aidiyyəti üzrə göndərilməsi barədə; 302.2.3. bu Məcəllənin 302.1.2—302.1.4, 302.1.6—302.1.8-ci maddələrində nəzərdə tutulmuş hallarda xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə. Beləliklə, CPM-nin 302.2.3-cü maddəsinə əsasən məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edərək həmin Məcəllənin 302.1.2—302.1.4, 302.1.6— 302.1.8-ci maddələrində nəzərdə tutulmuş hallarda xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə qərar qəbul edir. Qeyd edilənlərə əsasən xüsusi ittiham qaydasında şikayətin icraata qəbul edilməsindən imtina edilməlidir. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 299, 300, 302, 381, 383 – 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Gülarə Salamovanın Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair X9 tərəfindən verilmiş xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmə baxışının keçirilməsindən və şikayətin icraata qəbul edilməsindən məhkəmənin hazırlıq iclasının nəticələri əsasında imtina edilsin. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Suraxanı rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Pərviz Muradov
Məhkəmə qərarları › İş №1(010)-289/2024
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №1(010)-289/2024
10.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver