Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-29/2020 19.11.2020 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Nuriyev Elnur Aləm oğlunun sədrliyi, məhkəmə iclas katibi X11 oğlunun katibliyi ilə, tərcüməçi X7, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs, onun müdafiəçisi, Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, saat 10:25-də, Bakı şəhərində, Təqsirləndirilən şəxs, xx xxxxxx 1985-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, himayəsində biri azyaşlı, ikisi isə yetkinlik yaşına çatmayan olmaqla üç uşağı olan, heç yerdə işləməyən, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Xətai rayonu, Mirzə Davud küçəsi, 31 nömrəli evin 9 nömrəli mənzilində qeydiyyatda olmaqla Bakı şəhəri, Sabunçu rayonu, Zabrat 1 qəsəbəsində nömrəsiz evdə yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs ibtidai araşdırma orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsi ilə nəzərdə tutulmuş əməllərin törədilməsində təqsirləndirilərək, məhkəməyə verilmişdir ondan ötrü ki, o, həyat yoldaşı X8 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında, özgənin əmlakını gizli olaraq talamaq məqsədilə xx xxxx 2019-cu il tarixdə, saat 15 radələrində uşaq baxıcısı işlədiyi Zərərçəkmiş şəxs məxsus Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “V” yaşayış sahəsi, 6 nömrəli evin 43 nömrəli mənzilinin yataq otağında olan paltar dolabının içərisindəki mücrüdən dəyəri 800 manat olan 01 ədəd qızıl kişi üzüyünü və dəyəri 300 manat olan 01 ədəd qızıl bilərziyi, xx xxxx 2019-cu il tarixdə, saat 15 radələrində həmin yerdən dəyəri 200 manat olan 01 cüt qızıl qadın sırğasını, xx xxxx 2019-cu il tarixdə, saat 15 radələrində həmin yerdən dəyəri 3.200 manat olan brilliant qaşlı boyunbağı, klon, üzük və sırğa dəstini gizli olaraq vahid niyyətlə talayıb Zərərçəkmiş şəxs 4.500 (dörd min beş yüz) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilməyərək göstərdi ki, 2007-ci ildə Ramillə ailə həyatı qurmuş və onların birgə nikahından uç uşağı dünyaya gəlmişdir. 2019-cu ilin yanvar ayında, dayəliklə məşğul olan qaynanası əməliyyat olunması üçün işdən çıxmaq məcburiyyətində qalmış və buna görə də ona təklif etmişdir ki, onun işlədiyi yerdə uşaq baxıcısı kimi işləsin. Həmin vaxt heç yerdə işləmədiyindən, pula ehtiyacı olduğundan qaynanasının təklifi ilə razılaşmış və işləmək qərarına gəlmişdir. Beləliklə 2019-cu ilin yanvar ayının 13-dən başlayaraq, hər ay 400 manat maaş müqabilində, bazar günləri istisna olmaqla həftənin bütün günləri, səhər saat 09:00-dan axşam saat təxminən 18:30-a dək, Sabirin və onun arvadı Ülviyyə xanımın yaşadığı Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “V” yaşayış sahəsi, 6 nömrəli evin 43 nömrəli mənzilində sonuncuların altı aylıq övladı Dəniyara dayəlik etmişdir. Hər gün təxminən saat 13 radələrində Dəniyarı yatırır və saat 15 radələrində isə Dəniyar yuxudan dururmuş. Sabir və onun arvadı Ülviyyə ilə münasibəti yaxşı olmuş, aralarında hər hansı bir ədavət olmamışdır. 2019-cu ilin iyun ayının əvvəllərində Dəniyarın paltarlarını axtarmaq üçün yataq otağında olan paltar şkafına baxdıqda, siyirmədə olan bir ədəd mücrünün içərisində müxtəlif qızıl-zinət əşyalarının olduğunu görmüşdür. Bir qədər borcu olduğundan həmin qızıl-zinət əşyalarının hamısını oğurlayıb satmaq qərarına gəlmiş, lakin ilk vaxtlar buna cəhd edə bilməmişdir. Buna baxmayaraq, xx xxxx 2019-cu il tarixdə o, Dəniyarı yatızdırandan sonra təxminən saat 15 radələrində həmin mücrüdən bir ədəd qızıl kişi üzüyünü götürmüşdür. Həmin vaxt qızılların hamısını oğurlayacağı təqdirdə Sabirin bunu biləcəyini düşünüb ilkin olraq yalnız bir ədəd üzüyü oğurlamışdır. Həmin gün həftənin 5-ci gününə təsadüf etdiyindən, axşam Sabir və arvadı Ülviyyə evə gəldikdən sonra onlardan səhəri günə, yəni 15 iyun tarixinə işə gəlməməyə görə icazə almışdır. Evə getdikdə isə əri Ramilə, Sabirin maddi problemləri olduğuna görə ona maaş verə bilmədiklərini, əvəzində qızıl-zinət əşyası verdiklərini demişdir. Ramil onun bu sözlərindən təəccüblənərək, həmin qızılların niyə məhz Sabirin özü tərəfindən satılmadığını soruşmuş, bu zaman Ramilə, Sabirin və arvadının işdə olduqlarına görə vaxtlarının olmadığını demişdir. Bundan sonra Ramil ona inanmış və onlar bir gün sonra, yəni şənbə günü həmin üzüyü aparıb satmaq qərarına gəlmişlər. Buna görə də xx xxxx 2019-cu il tarixdə, saat 12 radələrində Ramillə birlikdə metronun “Xalqlar Dostluğu” stansiyasının yaxınlığında olan “Laçın” ticarət mərkəzinə gedib həmin üzüyü orada əvvəllər tanımadıqları, qızıl alqı-satqısı ilə məşğul olan şəxsə 180 manata satmışlar. Həmin vaxt qızılı alan şəxsə o, şəxsiyyət vəsiqəsini, Ramil isə partiya üzvlük vəsiqəsini təqdim etmiş və həmin şəxs təqdim etdikləri sənədlərin şəkillərini çəkmişdir. Eyni zamanda qızıl alqı-satqısı ilə məşğul olan şəxsə, həmin qızıl üzüyün gümüşdən kopiyasını düzəltməsini sifariş etmiş, sonuncu bunun 40 manata başa gələcəyini dedikdə onunla razılaşmışdır. Bir həftədən sonra, yəni xx xxxx 2019-cu il tarixdə qızıl alqı-satqısı ilə məşğul olan şəxs, Ramilə zəng edib sifariş etdikləri gümüş üzüyün hazır olduğunu bildirmişdir. O, işdə olduğuna görə üzüyü götürməyə Ramil tək getmiş, sonuncu həmçinin qızları Aminəyə məxsus rezin və üzərində qızılı olan bilərziyi də özü ilə aparmışdır. Həmin bilərzik qızına balaca olduğundan istifadə edilmədiyinə görə Ramilə vermişdir ki, aparıb satsın. Özü isə həmin gün, yəni, xx xxxx 2019-cu il tarixdə yenə Dəniyarı yatızdırdıqdan sonra həmin yerdən, mücrüdən brillant qaşları olan komplektin bir cüt sırğasını götürmüş, işdən çıxdıqdan sonra isə Ramillə əlaqə saxlayıb ona, Sabirin yenə də maaş əvəzinə qızıl verdiyini, onu satmaq lazım olduğunu demişdir. Ramil onunla razılaşmış və təxminən saat 16 radələrində Ramillə görüşüb birlikdə “Moskva” Univermağına getmişlər. Orada olan zaman oğurluq etdiyi aşkara çıxacağı təqdirdə problemlərinin olacağını düşünüb Ramilə şəxsiyyət vəsiqəsinin üzərində olmadığını bildirib təklif etmişdir ki, qızılı Ramil özü satsın. Buna görə də o, bir qədər kənarda dayanmış, Ramil isə həmin sırğanı öz partiya üzvlük vəsiqəsi ilə 450 manata satmışdır. Bu hadisədən sonra xx xxxx 2019-cu il tarixdə, əvvəlki kimi Dəniyarı yatızdırıb mücrünün içərisində qalmış komplektin bir ədəd klonunu və bir ədəd üzüyünü də oğurlamış və axşam evə gələndə həmin qızılları Ramilə verib, onların da maaş əvəzinə verildiyini demişdir. Səhəri gün, yəni xx xxxx 2019-cu il tarixdə Ramillə həmin qızılları da aprıb “Moskva” Univermağında 215 manata satmışdır. Sabirin və onun arvadının isə şübhələnməmələri üçün sadə bjuteriya alıb onları həmin mücrünün içərisinə qoymuşdur. Həmin bjuteriyaları almağından əri Ramilin xəbəri olmamışdır. xx xxxx 2019-cu il tarixdə işə gəldikdə isə Sabirlə arvadı ona, qızıllarını oğurladığını demişlər. Əvvəlcə bunu inkar etsə də lakin sonradan məcbur qalıb qızılları oğurladığını etiraf etmişdir. Sonda Təqsirləndirilən şəxs əməlindən səmimi peşman olduğunu, zərərçəkmiş şəxsə vurulmuş ziyanı maddi imkanı olmadığına görə ödəyə bilmədiyini bildirdi və məhkəmədən himayəsində üç yetkinlik yaşına çatmayan uşağının olmasını, uşaqlarından birinin anadangəlmə uşaq serebral iflici xəstəliyindən əziyyət çəkdiyini, habelə hazırda hamilə olduğunu nəzərə alıb barəsində yüngül həddə cəza təyin edilməsini xahiş etdi. Məhkəmə dövlət ittihamçısını, zərərçəkmiş şəxsi, təqsirləndirilən şəxsi, onun müdafiəçisini və şahidləri dinləyərək, iş materiallarını tədqiq edərək, hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməl Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsi ilə düzgün tövsif olunmamışdır və Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsi ilə deyil, həmin Məcəllənin 177.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi, özünün etiraf edici ifadəsi ilə yanaşı, aşağıda göstərilən sübutlarla təsdiq edilir. Zərərçəkmiş şəxs məhkəmə iclasında göstərdi ki, həyat yoldaşı ilə birlikdə işlədiklərinə görə 2019-cu ilin yanvar ayında azyaşlı uşağına dayə axtarırmışlar. Həmin vaxt hansısa qohumu ona dayə işi axtardığını bildirmiş və nəticədə o, həyat yoldaşı ilə birlikdə Ziba adlı qadınla, uşaqlarına dayəlik edəcəyi ilə bağlı razılığa gəlmişlər. Lakin Ziba adlı qadın uşağa bir neçə gün dayəlik etdikdən sonra əməliyyat olunacağını bildirmiş və gəlininin onların uşağına dayəlik etməsini təklif etmişdir. Bundan sonra o, həyat yoldaşı ilə birlikdə Ziba xanımın gəlini Təqsirləndirilən şəxs ilə, 400 manat maaş müqabilində hər gün səhər saat 09 radələrindən axşam təxminən saat 18 radələrinə kimi onların uşaqlarına dayəlik edəcəyi barədə razılığa gəlmişlər. Beləliklə də, Səbinə onların evində dayəlik etməyə, azyaşlı oğlu Dəniyara baxmağa başlamışdır. Etibar etdikləri üçün evin giriş qapısının açarlarından birini də Səbinəyə vermişlər. Səbinə onların uşağına bir neçə ay dayəlik etdikdən sonra işə, yəni onların evinə gec gəldiyinə görə, öz növbəsində də onlar işə gecikmişlər və işdə problemləri yaranmağa başlamışdır. Buna görə də Səbinə ilə danışıb ona, işə gecikməməsini demişlər. Həmin vaxt Səbinə, istəmədikləri təqdirdə onu işdən azad etmələrini açıq şəkildə onlara demişdir. Səbinənin üç uşağının olduğunu, bir uşağının da olacağını, habelə onun ailəsinin çox kasıb olduğunu bildiyinə görə Səbinənin rahat şəkildə işdən çıxa biləcəyini deməsi onda şübhə yaratmışdır. Buna görə də, xx xxxx 2019-cu il tarixdə işə getməmişdən əvvəl yoldaşına, yataq otağındakı paltar şkafının içində olan mücrüdəki, ona məxsus olan qızıl üzüyünü verməsini istəmişdir. Həyat yoldaşı isə ona həmin üzüyün, habelə özünə məxsus olan bəzi qızılların da yerində olmadığını, bəzilərinin isə dəyişdirilərək bijuteriya ilə əvəz edildiyini bildirmişdir. Həyat yoldaşının bu sözlərindən dərhal sonra həmin qızıl qabına baxmış və bu faktın şahidi olmuşdur. Bundan sonra Səbinə ilə danışıb evdə olan qızılları götürüb-götürmədiyini soruşmuş, Səbinə isə bu barədə məlumatının olmadığını bildirmişdir. Yalniz polisə şikayət edəcəyini dedikdən sonra Səbinə etdiyi əməli etiraf etmiş, oğurladığı qızılları bir günə geri qaytaracağına vəd verib, ondan polisə şikayət etməməsini xahiş etmişdir. Yazığı gəldiyi üçün Səbinəyə vaxt vermiş, lakin sonuncu verdiyi sözə əməl etmədiyinə görə məcbur qalıb şikayət ərizəsi ilə Bakı şəhər Suraxanı rayon Polis İdarəsinin 33-cü Polis Bölməsinə müraciət etmişdir. Zərərçəkmiş şəxs həmçinin göstərdi ki, Səbinə onun evindən 800 manat dəyərində bir ədəd qızıl kişi üzüyünü, 3.200 manat dəyərində üzərində brilliant qaşları olan bir ədəd qızıl boyunbağı klondan, bir ədəd üzükdən və bir cüt sırğadan ibarət komplekt, 200 manat dəyərində bir cüt qızıl sırğa, eləcə də 300 manat dəyərində bir ədəd qızıl qolbaq oğurlamışdır. Baş vermiş hadisə nəticəsində ona ümumilikdə 4.500 manat məbləğində maddi ziyan vurulmuşdur. Sonda Zərərçəkmiş şəxs təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş maddi ziyanın ödənilmədiyini, buna görə də onunla barışmadığını, sonuncudan şikayətçi olduğunu bildirdi. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 göstərdi ki, 19 ildir Bakı şəhəri, Nizami rayonu ərazisində, metronun “Xalqlar Dostluğu” stansiyasının yaxınlığında yerləşən “Laçın” ticarət mərkəzində qızıl-alqı satqısı ilə məşğul olur. xx xxxx 2019-cu il tarixdə, saat 12 radələrində əvvəllər tanımadığı, adlarını sonradan bildiyi Səbinə və Ramil adlı şəxslər onun işlədiyi mağazaya yaxınlaşmışlar, sonuncular ona qızıl üzüyü təqdim edib onu satmaq istədiklərini bildirmişlər. Həmin üzüyün İtaliya istehsalı, 750 əyarlı, 4.5 qram çəkidə olduğunu müəyyən edib onu 180 manata qiymətləndirmiş, həmin şəxslər onun təklif etdiyi qiymətlə razılaşmışlar. Alqı-satqını həyata keçirmək üçün onlardan sənəd təqdim etmələrini istəmiş, bu zaman Səbinə adlı şəxs özünə məxsus şəxsiyyət vəsiqəsini, Ramil adlı şəxs isə partiya üzvlük vəsiqəsini vermiş, kserosurətini çıxartdıqdan sonra sənədləri sahiblərinə qaytarmışdır. Həmçinin, həmin şəxslər satdıqları qızıl üzüyün gümüşdən kopiyasını sifariş etmişlər. xx xxxx 2019-cu il tarixdə günorta radələrində, Ramil adlı şəxs mağazaya gəlib 40 manat ödəyərək, sifariş etdikləri gümüş üzüyü ondan götürmüşdür. Habelə Ramil ona rezin materialında olan və üzərində qızıl hissəcik olan qolbağı təqdim edərək, onu da satmaq istədiyini bildirmişdir. Həmin qolbaqdakı qızıla baxmış və müəyyən etmişdir ki, həmin qızıl 585 əyarlı, Türk qızılı olmaqla çəkisi 3.3 qramdır, onu 120 manat dəyərində qiymətləndirmişdir. Ramil onunla razılaşdığına görə 120 manat ödəyərək həmin qızılı almışdır. Şahid1 həmçinin göstərdi ki, Səbinə və Ramil adlı şəxsləri əvvəllər tanımamış, onlardan bundan əvvəl qızıl almamış, heç bir problem yaratmadan sənəd təqdim etdiklərinə görə sonunculara qarşı hər hansı bir şübhəsi yaranmamışdır. Aldığı həmin qızılları isə sonradan əritmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 göstərdi ki, 07 ildir Bakı şəhəri, Nəsimi rayonu ərazisində metronun “Əcəmi stansiyasının yanında olan “Moskva” Univermağının birinci mərtəbəsində icarəyə götürdüyü piştaxtada qızıl-alqı satqısı ilə məşğul olur. xx xxxx 2019-cu il tarixdə, saat 16 radələrində əvvəllər tanımadığı, adını sonradan bildiyi Ramil adlı şəxs ona yaxınlaşıb xəstə uşağının əməliyyatı üçün pul lazım olduğunu, buna görə də bir qızıl cüt sırğa satdığını bildirmişdir. Qızılı nəzərdən keçirib onun yerli istehsallı, təxminən 8-9 qram çəkidə, 750 əyarlı olduğunu müəyyən edib, onu 430 manata ala biləcəyini demiş, lakin Ramil adlı şəxs onun ilkin təklifi ilə razılaşmamışdır. Buna görə də 450 manat ödəyərək həmin qızlı almışdır. Eyni zamanda həmin şəxsdən şəxsiyyətini təsdiq edən sənədini istəmiş, sonuncu üzərində şəxsiyyət vəsiqəsinin olmadığını bildirib partiya üzvlük vəsiqəsini təqdim etmişdir. O, aldığı bir cüt sırğanı, partiya üzvlük vəsiqəsinin üzərinə qoyub mobil telefonu ilə şəklini çəkib vəsiqəni sahibinə qaytarmışdır. Bundan sonra Ramil adlı şəxs çıxıb getmişdir. Şahid2 həmçinin göstrdi ki, həmin şəxs əvvəllər ona qızıl satmamışdır. Sonradan isə ona, həmin şəxsin təxminən bir ay sonra yan piştaxtada işləyən Samir adlı şəxsə də qızıl satdığı məlum olmuşdur. Ramil adlı şəxs həmin vaxt ona sənəd təqdim etdiyindən, onun satdığı qızılın oğurluq olduğunu düşünməmişdir. Çəkdiyi şəkilləri isə alqı-satqıdan beş ay keçdiyinə görə şəkilin ona lazım olmayacağını düşünb telefonundan silmişdir. Sırğanı aldıqdan sonra qaşlarını çıxarıb, özünü isə əritmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 göstırdi ki, 10 ildən çoxdur qızıl alqısatqısı ilə məşğul olur. Hazırda Bakı şəhəri, Nəsimi rayonu ərazisində metronun “Əcəmi stansiyasının yanında olan “Moskva” Univermağının birinci mərtəbəsində icarəyə götürdüyü piştaxtada qızıl-alqı satqısı ilə məşğul olur. xx xxxx 2019-cu ıl tarixdə günorta saatlarında əvvəllər tanımadığı, adını sonradan bildiyi Ramil adlı şəxs ona yaxınlaşıb xəstə uşağının əməliyyatı üçün pul lazım olduğunu, buna görə də bir ədəd klonu və bir ədəd üzüyü satmaq istədiyini bildirmişdir. O, həmin klon və üzüyə baxıb müəyyən etmişdir ki, həmin üzük və klon 750 əyarlı, yerli istehsallı qızıldır. Qızılları 200 manat qiymətləndirmiş, lakin həmin şəxs onun təklif etdiyi qiymətlə razı olmadığından çıxıb getmişdir. Bir neçə dəqiqədən sonra isə geri qayıtmış və razılaşıb həmin qızılları 215 manata həmin şəxsdən almışdır. Bundan sonra həmin şəxsdən şəxsiyyətini təsdiq edən sənədini təqdim etməsini tələb etmiş, sonuncu üzərində şəxsiyyət vəsiqəsinin olmadığını bildirib partiya üzvlük vəsiqəsini vermişdir. O, aldığı qızılları partiya üzvlük vəsiqəsinin üzərinə qoyub şəklini çəkdikdən sonra vəsiqəsini sahibinə qaytarmışdır. Həmin vaxtı onun qeydiyyat jurnalında yer olmadığına görə o, çəkdiyi şəkillə kifayətlənmiş, jurnalında isə hər hansı bir qeydiyyat aparmamışdır. Şahid3 həmçinin göstərdi ki, Ramil adlı şəxs əvvəllər ona qızıl satmamış, alqı-satqı zamanı rahat şəkildə sənəd təqdim etdiyindən, sonuncunun satdığı qızılların oğurluq olduğunu düşünməmişdir. Ramil adlı şəxsdən aldığı həmin qızıllar satmaq üçün yararlı olmadığından onları əritmişdir. Şahid qismində dindirilmiş X8 məhkəmədə Təqsirləndirilən şəxs ifadəsi ilə eyni məzmunlu ifadə verdi. İş materiallarında olan hadisə yerinə baxış keçirilməsi barədə xx xxxx 2019-cu il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, Zərərçəkmiş şəxs məxsus Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “V” yaşayış sahəsi, 6 nömrəli evin 43 nömrəli mənzilin yataq otağından oğurluq faktı aşkar edilmişdir. İş materiallarında olan ifadənin yerində yoxlanması barədə xx xxxxxx 2019-cu il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, ifadəsi yerində yoxlanılan Təqsirləndirilən şəxs Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “V” yaşayış sahəsi, 6 nömrəli evin 43 nömrəli mənzilini göstərərək, 2019-cu ilin yanvar ayının 13-dən iyul ayının 15-dək olan müddət ərzində həmin mənzildə, Zərərçəkmiş şəxs azyaşlı oğlu Dəniyara dayəlik etdiyini, xx xxxx 2019-cu il, xx xxxx 2019-cu il və xx xxxx 2019-cu il tarixlərdə Dəniyarı yatızdırdıqdan sonra həmin mənzilin yataq otağında olan paltar rəfinin içərisindəki üst dolabda olan mücrüdən qızıl-zinət əşyalarını oğurladığını bildirmişdir. İş materialalrında olan könüllü təqdim edilmiş fotoşkilə baxış keçirmə və götürmə haqqında xx xxxxxx 2019-cu il tarixli protokoldan görünür ki, iş üzrə Şahid1 təqdim etdiyi 01 ədəd A4 formatlı fotoşəkilə, hal-şahidlərinin iştirakı ilə Bakı şəhəri Suraxanı rayon X10 Şöbəsinin müstəntiqi Ə.M.Nəcəfov tərəfindən keçirilmiş baxış zamanı, təqdim edilmiş A4 formatlı fotoşkildə Təqsirləndirilən şəxs məxsus AZE seriyalı, ******** nömrəli şəxsiyyət vəsiqəsinin və X4 məxsus 304252 nəmrəli Yeni Azərbaycan Partiyasına üzvlük vəsiqəsinin əkslərinin olduğu, həmin vəsiqələrin üzərində olan kvadrat formalı kağızın üzərində “Ramil ***-***-**-**, üzü zakaz 40m 925 Rək 583 SW” yazıların yazıldığı müəyyən edilmişdir. Həmin 01 ədəd fotoşəkil iş üçün maddi sübut əhəmiyyətli olduğundan protokollaşdırılaraq götürülmüşdür. İş materialalrında olan könüllü təqdim edilmiş fotoşkilə baxış keçirmə və götürmə haqqında xx xxxxxx 2019-cu il tarixli protokoldan görünür ki, iş üzrə Şahid3 təqdim etdiyi 01 ədəd A4 formatlı fotoşəkilə, hal-şahidlərinin iştirakı ilə Bakı şəhəri Suraxanı rayon X10 Şöbəsinin müstəntiqi Ə.M.Nəcəfov tərəfindən keçirilmiş baxış zamanı, təqdim edilmiş A4 formatlı fotoşkildə X4 məxsus 304252 nəmrəli Yeni Azərbaycan Partiyasına üzvlük vəsiqəsinin əksinin olduğu, həmin vəsiqənin üzərində isə 01 ədəd qaşlı üzük və 01 ədəd klon əksinin olduğu müəyyən edilmişdir. Həmin 01 ədəd fotoşəkil iş üçün maddi sübut əhəmiyyətli olduğundan protokollaşdırılaraq götürülmüşdür. İş materiallarında olan şəxsin fotoşəkil üzrə tanınmaya təqdim edilməsi barədə xx xxxxxx 2019-cu il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, tanıyan şəxs Şahid2, ona tanınmaya təqdim edilmiş 04 ədəd fotoşəkildən 04-cü fotoşəkili (X5) göstərərək, həmin fotoşəkildəki şəxsin ona qızıl satan şəxs olduğunu, həmin şəxsi sifət cizgilərindən tanıdığını bildirmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi 2 saylı Doğuş Evinin xx xxxxxx 2020-ci il tarixli ulturasəs müayinəsindn görünür ki, Təqsirləndirilən şəxs 21 həftəlik hamilədir. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Bakı şəhəri Xətai rayonu Əhalinin Sosial Müdafiəsi Mərkəzi tərəfindən verilmiş xx xxxxxx 2011-ci il tarixli, 114799 nömrəli vəsiqənin surətindən görünür ki, X9 18 yaşadək sağlamlıq imkanı məhduddur. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Uşaq Bərpa Mərkəzinin Ambulator kartadan çıxarışından görünür ki, X9 anadangəlmə uşaq serebral iflici (Joubert sindromu) xəstəsidir. Azərbaycan Respublikası CM-nin 34.2-ci maddəsinə əsasən qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin birgə iştirakı ilə törədilən cinayət qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilmiş cinayət hesab olunur. Azərbaycan Respublikası Konstitusiyasının 131-ci maddəsinin 1-ci hissəsinə və “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 79-cu maddəsinə əsasən Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumu məhkəmə təcrübəsinə dair məsələlər üzrə məhkəmələrə izahlar verir. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2005-ci il tarixli, 1 nömrəli qərarının 10-cu bəndinə görə özgə əmlakının talanması əməlini qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi kimi tövsif edərkən, bilavasitə özgə əmlakının talanmasına yönəlmiş hərəkətlər edilənədək, cinayətin iştirakçıları arasında qabaqcadan belə bir əlbirlik olması, cinayətkar niyyətin həyata keçirilməsi üçün rolların bölüşdürülməsinə dair razılıq əldə edilməsi, həmçinin hər hansı icraçı və cinayətin digər iştirakçıları tərəfindən hansı konkret hərəkətlər edilməsi araşdırılmalıdır. Hökmdə törədilmiş cinayətin hər bir icraçısının və digər iştirakçısının (təşkilatçılarının, təhrikçilərinin, köməkçilərinin) barəsindəki sübutlara qiymət verilməlidir. Həmin qərarın 11-ci bəndinə əsasən Azərbaycan Respublikası CM-nin 34.2-ci maddəsinin mənasına görə, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən oğurluq, soyğunçuluq və ya quldurluq cinayətinə görə cinayət məsuliyyəti həm də o zaman yaranır ki, özgə əmlakının bilavasitə götürülməsini, cinayətin iştirakçıları arasında əldə edilmiş razılaşmaya əsasən, onlardan biri həyata keçirsin. Məhkəmə ibtidai araşdırma orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair irəli sürülmüş ittihamın əsasını təşkil edən sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, cinayət təqibi üzrə toplanmış sübutları təhlil və bir-biri ilə müqayisə edib, hər bir sübutun mənsubiyyətini, mümkünlüyünü, mötəbərliyini qiymətləndirib toplanmış bütün sübutların məcmusuna qiymət verib belə nəticəyə gəlir ki, cinayət təqibi üzrə toplanmış sübutların məcmusu Təqsirləndirilən şəxs əri X8 ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında özgə əmlakını gizli olaraq talamasına dair irəli sürülmüş ittihamın təsdiq olunmasına kifayət etmir. Çünki, cinayət işinin ibtidai istintaqı zamanı Təqsirləndirilən şəxs bütün izahatlarında əri X4, oğurladığı qızılların dayəlik etdiyi evin sahibi Zərərçəkmiş şəxs tərəfindən ona maaş əvəzi verildiyini bildirsə də, ibitidai istintaq orqanı X2 ifadəsini belə almadan, habelə iş üzrə digər bütün zərurui istintaq hərəkətləri aparmadan, bununla da iş üzrə hər hansı bir mötəbər sübut olmadan, formal mülahizələrə əsaslanaraq Təqsirləndirilən şəxs oğurluq cinayətini əri R.L.Şərifovla qabaqcadan əlbir olan bir qrup şəxs halında törətdiyinin istintaq materialı ilə tam sübuta yeitirildiyi qənaətinə gələrək, Təqsirləndirilən şəxs əməlini Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsindən həmin Məcəllənin 177.2.1-ci maddəsinə tövsif etmişdir. Halbuki qanunvericiliyin tələbindən də görünür ki, “qabaqcadan əlbir olan bir qrup şəxs” tərəfindən törədilən cinayətlərdə qrupun üzvləri nəinki cinayətdən xəbərdar olmalı, onlar cinayət əməlini törətməyə başlayana qədər onların hamısı üçün ümumi olan cinayətin törədilməsi barədə razılığa gəlməlidirlər. İştirakçılıq müstəsna olaraq təqsirin qəsd formasını ehtiva etdiyindən, qrupun bütün iştirakçılarının iradələri eyni bir cinayəti törətməyə yönəlməklə birləşməlidir. Lakin təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs istər ibtidai istintaq zamanı, istərsə də məhkəmə iclasında verdiyi izahatlarından, o cümlədən məhkəmədə şahid qismində dindirlmiş X2 ifadəsindən müəyyən olunur ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs oğurluq etməsindən X2 xəbəri olmamış, cinayət əməlini törətməyə başlayana qədər Təqsirləndirilən şəxs, X8 ilə cinayətin törədilməsi barədə razılığa gəlməmişdir. Beləliklə cinayət işinə məhkəmə iclasında baxılması zamanı sübutların tam, hərtərəfli və obyektiv yoxlanılması, onların təhlili, bir-biri ilə müqayisəsi nəticəsində Təqsirləndirilən şəxs tərəfindən bilavasitə özgə əmlakının talanmasına yönəlmiş hərəkətlər edilənədək, yəni Zərərçəkmiş şəxs məxsus qızıl-zinət əşyaları oğurlananadək, əri X8 ilə qabaqcadan aralarında belə bir əlbirliyin olması, cinayətkar niyyətin həyata keçirilməsi üçün sonuncu ilə öz aralarında rolların bölüşdürülməsinə dair razılıq əldə etməsi sübuta yetirilmir. Yuxarıda qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs xx xxxx 2019-cu il, xx xxxx 2019-cu il və xx xxxx 2019-cu il tarixlərdə Zərərçəkmiş şəxs evindən oğurladığı qızıl-zinət əşyalarını sadəcə olaraq aparıb əri X8 ilə satdığına görə Təqsirləndirilən şəxs əməlinin Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsi ilə tövsif edilməsi yolverilməzdir. Azərbaycan Respublikası CPM-nin 21.2-ci maddəsinə görə həmin Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Həmin Məcəllənin 21.3-cü maddəsinə əsasən ittihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Həmin Məcəllənin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası CPM-nin 126.6-cı maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmuyu ilə təsdiq edildiyi halda, ona qarşı ittihamın əsası kimi qəbul edilə bilər. Azərbaycan Respublikası CPM-nin 145.3-cü maddəsinə görə ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Həmin Məcəllənin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda məhkəmənin hökmü əsaslı hesab edilir. Azərbaycan Respublikası CPM-nin 318.1-ci maddəsinə görə məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Bununla əlaqədar məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsindən həmin Məcəllənin 177.1ci maddəsinə tövsif edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, əvvəllər məhkum olunmamasını, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Törətdiyi əməldən səmimi peşman olmasını, himayəsində biri azyaşlı, ikisi isə yetkinlik yaşına çatmayan olmaqla üç uşağının olmasını, yetkinlik yaşına çatmayan uşaqlarından birinin X3 anadangəlmə uşaq serebral iflici (Joubert sindromu) xəstəsi olmasını və cinayət əməlini hamilə olduğu zaman törətməsini məhkəmə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar hesab edir. İş üzrə Təqsirləndirilən şəxs təyin edilən cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2003-cü il tarixli “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 4 saylı Qərarının 3-cü bəndində göstərilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. “Məhkəmə Hökmü Haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx xxxxxx 1996-cı il tarixli 4 saylı qərarının, 13-cü bəndində qeyd olunmuşdur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin etmək hallarına yol verməməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən onun barəsində işdə olan və ayrı-ayrılıqda yuxarıda sadalanan cəzasını yüngülləşdirən halların olub, cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, ona azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunduğu təqdirdə də cəzanın məqsədləri təmin edilə bilər. Bununla əlaqədar məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 52-1.1-ci maddəsinə əsasən, azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Bundan başqa, məhkəmə hesab edir ki, şahidlər Şahid1 və Şahid3 hər birinin ayrıayrılıqda təqdim etdikləri və iş üzrə maddi sübut kimi tanınaraq cinayət işində saxlanılan 02 ədəd fotoşəkil Azərbaycan Respublikası CPM-nin 132.1.6-cı maddəsinə əsasən cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Bundan əlavə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə məsrəfləri ilə bağlı əlavə olaraq məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs, müvafiq olaraq ibtidai istintaq zamanı və məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkilləri X1 və Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2001-ci il tarixli, 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Buna görə də məhkəmə hesab edir ki, ibtidai istintaq zamanı göstərilmiş pulsuz hüquqi yardıma görə müdafiəçi Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili X1 25 (iyirmi beş) iş saatı üçün 150 (yüz əlli) manat, məhkəmədə göstərilmiş pulsuz hüquqi yardıma görə isə müdafiəçi Bakı şəhəri, 9 saylı vəkil bürosunun vəkili Müdafiəçi 40 (qırx) iş saatı üçün 240 (iki yüz qırx) manat məbləğində vəsait Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Bakı şəhəri 9 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 346, 347, 349, 351-353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona, 01 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilsin. Təqsirləndirilən şəxs üzərinə hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs üzərində nəzarətin həyata keçirilməsi yaşayış yeri üzrə İcra və Probasiya şöbəsinə həvalə edilsin. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri qüvvəsində saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış və cinayət işində saxlanılan 02 ədəd fotoşəkil cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılsın. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı göstərilmiş pulsuz hüquqi yardıma görə müdafiəçi Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili X1 25 (iyirmi beş) iş saatı üçün 150 (yüz əlli) manat, məhkəmədə göstərilmiş pulsuz hüquqi yardıma görə isə müdafiəçi Bakı şəhəri, 9 saylı vəkil bürosunun vəkili Müdafiəçi 40 (qırx) iş saatı üçün 240 (iki yüz qırx) manat məbləğində vəsait Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Bakı şəhəri Bank ABB Suraxanı filialı, VÖEN **********, h/h ********************, SWİF GOODE İBAZAZ2X, m/h-**********031, kod 805692, VÖEN **********, AİİBAZ2X, hesab- ********************, VÖEN-********** hesablaşma hesabı üzərindən Bakı şəhəri 9 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökm elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apelyasiya şikayəti və ya protesti verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Elnur Nuriyev
Məhkəmə qərarları › İş №1(010)-29/2020
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-29/2020
19.11.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver