Məhkəmə qərarları › İş №1(010)-292/2022

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-292/2022

20.10.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-292/2022 20.10.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Nuriyev Elnur Aləm oğlunun sədrliyi, məhkəmə iclas katibi Qənbərov Rüstəm İmamverd oğlunun katibliyi ilə, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində X4 üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs, onun müdafiəçisi, Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, saat 12:15-də, Bakı şəhərində, Təqsirləndirilən şəxs, xx xxxx 1984-cü ildə Şamaxı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilmiş, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Dövlət ittihamçısı küçəsi, ev 5V, mənzil 66 ünvanında qeydiyyatda olan və həmin ünvanında yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs, cavabdeh kimi ondan 22 avqust 2019-cu il tarixdən başlayaraq 09 noyabr 2017-ci il təvəllüdlü X5 və X3 yetkinlik yaşlarına çatana kimi saxlanılması üçün hər ay hər uşağa görə 160 manat, cəmi 320 manat aliment və uşaqların 03 (üç) yaşına çatanadək hər ay hər uşağa görə 50 manat, cəmi 100 manat məbləğində pulun tutularaq Zərərçəkmiş şəxs ödənilməsinə dair Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 25 sentyabr 2019-cu il tarixli, 2(010)-4682/2019 saylı qanuni qüvvəyə minmiş qətnaməsini üzürsüz səbəbdən müəyyən olunmuş müddətdə icra etmədiyinə və icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 10 mart 2021-ci il tarixli, 3(010)-428/2021 saylı qərarına əsasən Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməklə təqsirli bilinərək inzibati qaydada 10 (on) gün müddətinə həbs tənbeh növü təyin olunmasına və icra sənədindəki tələbi icra etməməsi üçün ona 28 iyun 2021-ci il, 27 sentyabr 2021-ci il, 20 dekabr 2021-ci il və 24 fevral 2022-ci il tarixlərdə məsuliyyəti elan olunmaqla rəsmi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq cinayət təqibi başlanılması məsələsinə baxılması üçün təqdimat verilən 16 mart 2022-ci il tarixədək şəxsi maraq niyyəti ilə Zərərçəkmiş şəxs məhkəmə qətnaməsi üzrə ümumilikdə 8.300 manat məbləğində borcunu ödəməməklə qeyd edilən məbləğdə sonuncuya maddi ziyan vuraraq qanuni qüvvəyə minmiş məhkəmə aktını qərəzli olaraq qəsdən icra etməmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək göstərdi ki, o, 2016-cı ilin may ayının 5-də Kərimova (Həsənova) Sevda Mövsüm qızı ilə rəsmi nikaha daxil olaraq ailə qurmuş və onların nikahları Bakı Şəhəri Suraxanı Qeydiyyat Şöbəsi tərəfindən rəsmiləşdirilmişdir. Birgə yaşadıqları dövr ərzində rəsmi nikahlarından 09 noyabr 2017-ci il təvəllüdlü Raul adlı və Sumayə adlı əkiz övladları dünyaya gəlmişdir. Keçmiş həyat yoldaşı Zərərçəkmiş şəxs ilə aralarında ailə münasibətlərinin pozulması nəticəsində 2019-cu ilin aprel-may aylarında ayrılmaq qərarına gəlmişlər. Həmin vaxtdan bir müddət keçdikdən sonra keçmiş həyat yoldaşı Zərərçəkmiş şəxs 2019-cu ilin payız aylarında nikahın pozulması və aliment tələbinə dair iddia ərizəsi ilə aidiyyəti üzrə Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət etmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 25 sentyabr 2019-cu il tarixli, 2(010)- 4682/2019 saylı qətnaməsinə əsasən onunla Zərərçəkmiş şəxs arasında ola nikah pozulmuş, ondan 22 avqust 2019-cu il tarixdən başlayaraq 09 noyabr 2017-ci il tarixdə anadan olmuş X5 və X3 yetkinlik yaşlarına çatana kimi saxlanılması üçün hər bir uşağa görə hər ay 160 manat, cəmi 320 manat aliment və adları qeyd olunmuş uşaqların 03 (üç) yaşına çatanadək hər bir uşağa görə hər ay 50 manat, cəmi 100 manat məbləğində pulun tutularaq Zərərçəkmiş şəxs ödənilməsi qət edilmişdir. Qətnamə qanuni qüvvəsini aldıqdan sonra icra olunması məqsədi ilə aidiyyəti üzrə Bakı Şəhəri Suraxanı Rayon İcra Şöbəsinə göndərilmiş və həmin qurumdan icra məmuru tərəfindən qeyd edilən məbləğdə alimentin ondan alınaraq keçmiş həyat yoldaşı Zərərçəkmiş şəxs ödənilməsi barədə ona rəsmi qaydada bildiriş təqdim edilmişdir. Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş qətnaməsi onun tərəfindən icra olunmadığından icra məmuru tərəfindən inzibati məsuliyyətə cəlb olunmağı haqqında protokol tərtib edilərək baxılması üçün Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinə göndərilmişdir. Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin 10 mart 2021-ci il tarixli, 3(010)-428/2021 saylı qərarı ilə Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinə əsasən təqsirli bilinərək 10 (on) gün müddətində inzibati qaydada həbs edilmişdir. O, məhkəmə qətnaməsi qanuni qüvvəyə mindikdən sonra aliment borcundan 2.920 manat ödəmişdir. 16 mart 2022-ci il tarixədək alimentə görə borclu olduğu 8.500 manat məbləğində puldan 200 manat ödəniş etmiş və 8.300 manat borcu qalmışdır. Aliment borcundan ödəniş edə bilmədiyi üçün tələbkar onun uşaqları ilə görüşməsinə icazə vermir. Hal hazırda Bakı şəhəri, Binəqədi rayonu, Dərnəgül qəsəbəsində yerləşən tikinti materiallarının satışı bazarında qeyri-rəsmi olaraq fəhlə kimi işləyir gündəlik qazancı 16 manat təşkil edir. Bu səbəbdən də borc məbləğini bir dəfəlik ödəmək iqtidarında deyil, bununla belə o, barışıq əldə etmək üçün zərərçəkmiş şəxsə borcun hissə-hissə ödənilməsini təklif etsə də, lakin Sevda borcun birdəfəlik ödənilməsini tələb edərək onun təklifindən imtina etmişdir. Maddi imkanının olmamasına baxmayaraq o, cinayət işinə məhkəmədə baxıldığı müddət ərzində aliment borcundan tələbkara 3.500 manat ödəniş etmişdir. Əgər məhkəmə tərəfindən tutulmasa aliment borcunu ödəyəcəyinə dair öhdəlik götürür. Sonda Təqsirləndirilən şəxs törətdiyi əməldən səmimi peşman olduğunu bildirdi və barəsində yüngül həddə cəza təyin edilməsini xahiş etdi. Məhkəmə dövlət ittihamçısını, zərərçəkmiş şəxsi, təqsirləndirilən şəxsi, onun müdafiəçisini və şahidləri dinləyərək, iş materiallarını tədqiq edərək, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətmişdir və onun təqsiri, özünün etirafedici ifadəsi ilə yanaşı, aşağıda göstərilən digər sübutlarla da təsdiq edilir. Məhkəmədə Zərərçəkmiş şəxs göstərdi ki, o, 2016-cı ilin aprel ayının 24-də Təqsirləndirilən şəxs ilə faktiki nikaha daxil olaraq ailə həyatı qurmuş və onların nikahları 2016-cı ilin may ayının 5-də Bakı Şəhəri 2 saylı Asan Xidmətində rəsmiləşdirilmişdir. Birgə yaşadıqları dövr ərzində 09 noyabr 2017-ci il tarixdə Raul adlı bir oğlan və Sumayə adlı bir qız övladları dünyaya gəlmişdir. 2019-cu ilin aprel-may aylarında keçmiş həyat yoldaşı Təqsirləndirilən şəxs ilə aralarında olan nikah münasibətləri qeyri-rəsmi olaraq pozularaq ayrılmışlar. Bundan sonra keçmiş həyat yoldaşı Təqsirləndirilən şəxs övladlarının saxlanmasından ötrü ona maddi cəhətdən köməklik göstərmədiyinə görə və övladlarını tək başına saxlaya bilmədiyi üçün məcburiyyət qarşısında qalaraq 2019-cu ilin payız aylarında nikahın pozulması və aliment tələbinə dair iddia ərizəsi ilə aidiyyəti üzrə Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət etmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 25 sentyabr 2019-cu il tarixli, 2(010)-4682/2019 saylı qətnaməsinə əsasən onunla Təqsirləndirilən şəxs arasında ola nikah pozulmuş, Təqsirləndirilən şəxs 22 avqust 2019-cu il tarixdən başlayaraq 09 noyabr 2017-ci il tarixdə anadan olmuş X5 və X3 yetkinlik yaşlarına çatana kimi saxlanılması üçün hər bir uşağa görə hər ay 160 manat, cəmi 320 manat aliment və adları qeyd olunmuş uşaqların 03 (üç) yaşına çatanadək hər bir uşağa görə hər ay 50 manat, cəmi 100 manat məbləğində pulun tutularaq ona ödənilməsi qət edilmişdir. Qətnamə qanuni qüvvəsini aldıqdan sonra icra olunması məqsədi ilə aidiyyəti üzrə Bakı Şəhəri Suraxanı Rayon ica Şöbəsinə göndərilmiş və həmin qurumdan qeyd edilən məbləğdə alimentin ona ödənilməsi barədə borcluya rəsmi qaydada bildiriş təqdim edilmişdir. İcra məmuru tərəfindən rəsmi bildiriş təqdim edilməsinə baxmayaraq Təqsirləndirilən şəxs məhkəmə qətnaməsini qərəzli olaraq icra etməmişdir. Məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi keçmiş həyat yoldaşı Təqsirləndirilən şəxs tərəfindən qərəzli olaraq icra olunmadığından icra məmuru onun inzibati məsuliyyətə cəlb olunması haqqında protokol tərtib etmiş və Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin 10 mart 2021-ci il tarixli, 3(010)-428/2021 saylı qərarı ilə Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təqsirli bilinərək 10 (on) gün müddətində inzibati qaydada həbs edilmişdir. Lakin qeyd olananlara baxmayaraq Təqsirləndirilən şəxs qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini qərəzli olaraq icra etməmişdir. Təqsirləndirilən şəxs uzun illərdir ki, yaşadığı Bakı şəhərində fərdi olaraq parfumeriya satışı ilə məşğul olaraq qazanc əldə edir, övladlarının saxlanılması üçün alimentə görə borclu olduğu məbləği tam olaraq ödəməyə maddi imkanın olmasına baxmayaraq Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 25 sentyabr 2019-cu il tarixli, 2(010)-4682/2019 saylı qətnaməsi qanuni qüvvəsini aldıqdan sonra aliment borcundan cəmi 2.920 manat məbləğində ödəniş etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs 16 mart 2022-ci il tarixədək alimentə görə borclu olduğu 8.500 manat məbləğində puldan 200 manat, cinayət işinə məhkəmədə baxıldığı zaman isə aliment borcundan ona cəmi 3.500 manat məbləğində ödəniş etmiş və 4.800 manat borcu qalmışdır. Həmin borc məbləğinin bir dəfəlik ödənilməsini tələb edir. Sonda Zərərçəkmiş şəxs təqsirləndirilən şəxsdən şikayətçi olduğunu, lakin təqsirləndirilən şəxsin tutulmasını istəmədiyini bildirdi. Məhkəmədə şahid qismində dindirilmiş, Bakı şəhəri Suraxanı rayon İcra Şöbəsinin icra məmuru Şahid2 göstərdi ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 25 sentyabr 2019-cu il tarixli, 2(010)-4682/2019 saylı qətnaməsinə əsasən Təqsirləndirilən şəxs 22 avqust 2019-cu il tarixdən başlayaraq 09 noyabr 2017-ci il tarixdə anadan olmuş X5 və X3 yetkinlik yaşlarına çatana kimi saxlanılması üçün hər bir uşağa görə hər ay 160 manat, cəmi 320 manat aliment və uşaqların 03 (üç) yaşına çatanadək hər bir uşağa görə hər ay 50 manat, cəmi 100 manat məbləğində pulun tutularaq Zərərçəkmiş şəxs xeyrinə ödənilməlidir. Qeyd olunan icra sənədi 10 oktyabr 2019-cu il tarixdə Bakı Şəhəri Suraxanı Rayon icra Şöbəsinin icraatına daxil olmuş, icra sənədi üzrə icraata başlanılaraq tələbin könüllü icrası haqqında borclu Təqsirləndirilən şəxs yaşadığı ünvana bildiriş göndərilmişdir. Lakin, tələb borclu tərəfindən müəyyən edilmiş müddətdə könüllü icra edilməmişdir. Borclu Təqsirləndirilən şəxs xəbərdarlıq olunaraq, icra sənədinin icrasını təmin etmək məqsədi ilə sonuncunun Bakı Şəhəri Suraxanı Rayon İcra Şöbəsinə gəlməsi tələb olunmuş, lakin Təqsirləndirilən şəxs üzrlü səbəb göstərmədən çağırışa gəlməmişdir. 28 dekabr 2019-cu il tarixdə borclu Təqsirləndirilən şəxs barəsində axtarış qərarı qəbul edilərək Bakı Şəhəri Suraxanı Rayon Polis İdarəsinə göndərilmiş və 12 yanvar 2021-ci il tarixdə borclu Təqsirləndirilən şəxs polis idarəsinin əməkdaşları tərəfindən saxlanılaraq Bakı Şəhəri Suraxanı Rayon icra Şöbəsinə gətirilmiş və iş üzrə onun izahatı alınmışdır. 15 mart 2021-ci il tarixdə borclu Təqsirləndirilən şəxs ölkədən getmək hüququ müvəqqəti olaraq məhdudlaşdırılması barədə təqdimatla aidiyyəti üzrə məhkəməyə müraciət olunmuş və icra məmurunun qanuni tələbini yerinə yetirməməsinə, icra sənədindəki tələbi üzrsüz səbəbdən icra etməməsi ilə bağlı borclu Təqsirləndirilən şəxs Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin 10 mart 2021-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 10 (on) gün müddətində inzibati həbs növündə inzibati tənbeh tətbiq edilmişdir. Bundan sonra borcluya tələbi icra etməsi üçün məsuliyyəti elan olunmaqla qanunamüvafiq olaraq yeni müddət verilmişdir. Borclu ona xəbərdarlıq edilməsinə baxmayaraq məhkəmənin məlum qətnaməsini icra etməmişdir, icra sənədi üzrə tələbkar Zərərçəkmiş şəxs ərizə ilə şöbəyə müraciət edərək borclu Təqsirləndirilən şəxs icra sənədi üzrə tələbin icra olunması istiqamətində hərəkətsizlik göstərməsini bildirərək bu səbəbdən də icra materiallarının onun əməlinə hüquqi qiymət verilməsi üçün Ədliyyə Nazirliyinin İstintaq idarəsinə göndərilməsini xahiş etmişdir. Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin 25 sentyabr 2019-cu il tarixli, 2(010)-4682/2019 saylı icra sənədinə əsasən borclu Təqsirləndirilən şəxs dəfələrlə məsuliyyəti elan olunmaqla xəbərdarlıq edilməsinə və inzibati qaydada tənbeh olunmasına baxmayaraq qanuni qüvvəyə minmiş qətnaməni icra etməməkdə davam etmişdir. Borclu Təqsirləndirilən şəxs qeyd olunan məhkəmə qətnaməsi üzrə aliment tələbinə dair tələbkar Zərərçəkmiş şəxs xeyrinə 2.920 manat məbləğində ödəniş etmiş və 16 mart 2022-ci il tarixə kimi 8.500 manat aliment borcu qalmışdır. Bu səbəbdən də, Təqsirləndirilən şəxs xəbərdarlıq olunmasına və barəsində inzibati tənbeh tətbiq ediməsinə baxmayaraq məhkəmə qətnaməsinin icrasını təmin etmədiyi üçün 16 mart 2022-ci il tarixdə Azərbaycan Respublikasının 306.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb olunmasına dair təqdimat və əlavə edilmiş materiallar baxılması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin İstintaq İdarəsinə göndərilmişdir. Sonradan borclu tələbkarın xeyrinə 200 manat ödəniş etmiş və 8.300 manat aliment borcu qalmışdır. Cinayət işinə məhkəmədə baxıldığı zaman isə Təqsirləndirilən şəxs aliment borcundan tələbkara cəmi 3.500 manat məbləğində ödəniş etmiş və 4.800 manat borcu qalmışdır. Şahid qismində dindirilmiş Bakı şəhəri Suraxanı rayon İcra Şöbəsinin icra məmuru Şahid1 məhkəmədə Şahid2 ifadəsi ilə eyni məzmunlu ifadə vermişdir. İş materiallarında olan Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 25 sentyabr 2019cu il tarixli, 2(010)-4682/2019 nömrəli qətnaməsindən və həmin qətnaməyə dair icra vərəqəsindən görünür ki, Təqsirləndirilən şəxs 22 avqust 2019-cu il tarixdən başlayaraq 09 noyabr 2017-ci il təvəllüdlü X5 və X3 yetkinlik yaşlarına çatana kimi saxlanılması üçün hər ay hər uşağa görə 160 manat, cəmi 320 manat aliment və uşaqların 03 (üç) yaşına çatanadək hər ay hər uşağa görə 50 manat, cəmi 100 manat məbləğində pulun tutularaq Zərərçəkmiş şəxs xeyrinə ödənilməsi qət edilmiş, həmin qətnaməyə dair icra sənədi 02 oktyabr 2019-cu il tarixdə verilmişdir. İş materiallarında olan icraata başlamaq haqqında 10 oktyabr 2019-cu il tarixli qərardan və onun üzərindəki qeyddən görünür ki, 10 oktyabr 2019-cu il tarixdə Bakı şəhəri Suraxanı rayon İcra Şöbəsinin icra məmuru Şahid2 icraatına daxil olmuş Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 25 sentyabr 2019-cu il tarixli, 2(010)-4682/2019 nömrəli qətnaməsinə dair icra sənədi üzrə 10 oktyabr 2019-cu il tarixdə icraata başlanılmış, Təqsirləndirilən şəxs icranı dərhal təmin etməsi təklif olunmuşdur. Həmin qərar 10 oktyabr 2019-cu il tarixdə Təqsirləndirilən şəxs şəxsən təqdim edilmişdir. İş materiallarına əlavə edilmiş tələbin könüllü icrası haqqında 10 oktyabr 2019-cu il tarixli bildirişdən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 25 sentyabr 2019-cu il tarixli, 2(010)-4682/2019 nömrəli qətnaməsinə dair icra sənədində göstərilən tələbi üzrsüz səbəbdən dərhal icra etməyəcəyi təqdirdə icranın məcburi qaydada təmin ediləcəyi, həmçinin “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 78, 79 və 81-ci maddələrinə müvafiq olaraq icra ödənişinin və icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərin ondan tutulacağı barədə məlumatlandırılmışdır. İş materiallarında olan Bakı şəhər Suraxanı rayon İcra Şöbəsinin 11 oktyabr 2019-cu il tarixli xəbərdarlıq məktublarından görünür ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 25 sentyabr 2019-cu il tarixli, 2(010)-4682/2019 nömrəli qətnaməsinə dair icra sənədi üzrə borcunu dərhal ödəmək Təqsirləndirilən şəxs tələb olunmuş, lakin icra sənədində göstərilən tələb könüllü olaraq icra edilməmişdir. İcra sənədi üzrə aliment borcunu ödəmək üçün vaxt verilmiş, icra sənədini icra etməyəcəyi təqdirdə Azərbaycan Respublikası CMnin 306.1-cı maddəsinə əsasən cinayət məsuliyyətinə cəlb ediləcəyi barədə xəbərdarlıq edilmişdir. İş materialarında olan Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 29 mart 2021-ci il tarixli, 8(010)-126/2021 nömrəli qərardadından görünür ki, Təqsirləndirilən şəxs ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmışdır. İş materialarında olan Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 10 mart 2021-ci il tarixli, 3(010)-428/2021 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək, barəsində 10 (on) gün müddətinə inzibati həbs növündə tənbeh tətbiq edilmişdir. İş materiallarında olan 01 aprel 2021-ci il tarixli aktdan görünür ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 25 sentyabr 2019-cu il tarixli, 2(010)-4682/2019 nömrəli qətnaməsinə dair icra sənədinin icrasını təmin etmək məqsədilə icra məmurları tərəfindən Təqsirləndirilən şəxs yaşadığı ünvana baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs mənzildə borcluya məxsus tələbin yönəldilə biləcəyi əmlak aşkar edilməmişdir. İş materialarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin 10 oktyabr 2019-cu il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs adına Bakı şəhərində qeydiyyatdan keçmiş daşınmaz əmlak aşkar edilməmişdir. İş materiallarında olan 104 saylı Mənzil Kommunal İstismar Sahəsinin rəisi M.H.Həşimovun Təqsirləndirilən şəxs barəsində tərtib etdiyi xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ünvan 2 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayır. Yaşadığı dövrdə Təqsirləndirilən şəxs barəsində 104 saylı Mənzil Kommunal İstismar Sahəsinə heç bir şikayət daxil olmamışdır. İş materiallarında olan cinayət məsuliyyətinə cəlb olunması haqqında 25 aprel 2022ci il tarixli təqdimatdan görünür ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 25 sentyabr 2019-cu il tarixli, 2(010)-4682/2019 nömrəli qətnaməsinə dair icra sənədi üzrə Təqsirləndirilən şəxs cinayət təqibi başlanılması məsələsinə baxılması üçün təqdimat verilən 25 aprel 2022-ci il tarixədək Zərərçəkmiş şəxs olan borcu 8.500 manat təşkil edir. Cinayət işinə məhkəmədə baxıldığı zaman Təqsirləndirilən şəxs tərəfindən təqdim edilmiş qəbzlərdən görünür ki, Kərimov Təqsirləndirilən şəxs Sevda Mövsüm qızına aliment borcundan 06 oktyabr 2022-ci il tarixdə cəmi 3.500 manat ödəniş etmişdir. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə müəyyən olunmuş cinayətin törədilməsində təqsiri tam sübuta yetirilir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 02 oktyabr 2012ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306-cı maddəsində nəzərdə tutulmuş cinayət tərkibi məhkəmə aktını icra etməməsinə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 313-1.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edildikdən sonra şəxs tərəfindən həmin icra sənədinin yenidən qərəzli olaraq icra edilmədiyi hallarda yaranır. Həmin qərarda Konstitusiya Məhkəməsinin Plenumu tərəfindən məhkəmə aktının icrası üçün tərtib olunan icra sənədi icra olunmadıqda borclunun əvvəlcə inzibati məsuliyyətə, bu lazımi nəticə vermədikdə isə cinayət məsuliyyətinə cəlb olunması, inzibati məsuliyyətdən sonra borclunun hüquqazidd davranışı davam etdiyi halda onun cinayət məsuliyyətinə cəlb olunması, habelə bunun məhz Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada müvafiq orqana, məhkəmə icraçıları qurumunun rəhbərinin təqdimatı əsasında mümkünlüyü müəyyən olunmuşdur. İşdə olan sübutlarla təsdiq olunur ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 25 sentyabr 2019-cu il tarixli, 2(010)-4682/2019 nömrəli qətnaməsini, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin hakiminin inzibati xəta haqqında iş üzrə 10 mart 2021-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddələri ilə təqsirli bilinərək, 10 gün müddətinə inzibati həbs edilməsinə, habelə üzürlü səbəblər olmadan borcunu ödəməyəcəyi təqdirdə barəsində Azərbaycan Respublikası CM-nin 306-cı maddəsi ilə cinayət məsuliyyətə cəlb olunacağı barədə 20 aprel 2021-cı il, 07 may 2021-ci il, 28 iyun 2021-ci il, 27 sentyabr 2021-ci il, 20 dekabr 2021-ci il və 24 fevral 2022-ci il tarixlərdə məsuliyyəti elan olunmaqla rəsmi qaydada 06 dəfə xəbərdarlıq edilməsinə baxmayaraq, yenidən qərəzli olaraq icra sənədini icra etməmiş və buna görə də icra qurumu olan Bakı şəhəri Suraxanı rayon İcra Şöbəsinin rəhbərliyi tərəfindən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi İstintaq İdarəsinin rəisinə təqdimat verilmişdir. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsinin Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydasına əməl olunmuşdur. Cəza təyin edərkən məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs mənfi xarakterizə olunmayan şəxsiyyətini, məhkumluğunun olmamasını, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Törətdiyi əməldən səmimi peşman olmasını və himayəsində iki azyaşlı uşağının olmasını məhkəmə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar hesab edir. İş üzrə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X2 İdarəsinin təqdim etdiyi tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhər Səbail rayon Məhkəməsinin 25 avqust 2005-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikasının CM-nin 315.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 03 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş və 27 oktyabr 2008-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Bundan başqa, Xəzər rayon Polis İdarəsində Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.2.1 və 221.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə əməl 11 yanvar 2017-ci il tarixdə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128.1-ci maddəsinə tövsif edilərək, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 40.2.2-ci maddəsinə əsasən cinayət işinin icraatına xitam verilmişdir. Azərbaycan Respublikası CM-nin 83.3 və 83.3.2-ci maddələrinə əsasən azadlıqdan məhrum etməyə nisbətən daha yüngül cəzaya məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən bir il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Azərbaycan Respublikası CM-nin 83.6-cü maddəsinə görə məhkumluğun ödənilməsi və ya götürülməsi məhkumluqla bağlı olan bütün hüquqi nəticələri ləğv edir. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsinin sanksiyasından görünür ki, həmin maddə ilə nəzərdə tutulmuş cinayəti törətməyə görə azadlıqdan məhrum etmə cəzası ilə yanaşı, həmçinin daha yüngül, yəni cərimə, ictimai işlər, islah işləri və ya azadlığın məhdudlaşdırılması növündə cəzanın da təyin edilməsi nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 4 saylı Qərarının 3-cü bəndində göstərilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. “Məhkəmə Hökmü Haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 27 dekabr 1996-cı il tarixli 4 saylı qərarının, 13-cü bəndində qeyd olunmuşdur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin etmək hallarına yol verməməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən onun barəsində işdə olan və ayrı-ayrılıqda yuxarıda sadalanan cəzasını yüngülləşdirən halların olub, cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, ona islah işləri növündə cəza təyin olunduğu təqdirdə də cəzanın məqsədləri təmin edilə bilər. Bununla əlaqədar məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində islah işləri növündə cəza təyin edilməlidir. Bundan başqa, məhkəmə Təqsirləndirilən şəxs barəsində təyin edilən cəzanın növünü və onun barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin seçilməsinə əsas olmuş halların aradan qalxmamasını nəzərə alaraq hesab edir ki, hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilmədən saxlanılmalıdır. Bundan əlavə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə məsrəfləri ilə bağlı əlavə olaraq məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli, 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmədə göstərdiyi pulsuz hüquqi yardıma görə 10 (on) iş saatı üçün 60 (altmış) manat məbləğində vəsait müdafiəçisi Bakı şəhəri 9 saylı vəkil bürosunun vəkili Müdafiəçi ödənilməsi üçün Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Bakı şəhəri 9 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 346, 347, 349, 419-353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona, qazancından dövlət nəfinə 15 (on beş) faiz məbləğində pul tutulmaqla, 02 (iki) il müddətinə islah işləri növündə cəza təyin edilsin. Cəzanın əvvəli Təqsirləndirilən şəxs qazancından tutulmalar aparılmağa başlandığı vaxtdan hesablansın. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri qüvvəsində saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmədə göstərdiyi pulsuz hüquqi yardıma görə 10 (on) iş saatı üçün 60 (altmış) manat məbləğində vəsait müdafiəçisi Bakı şəhəri 9 saylı vəkil bürosunun vəkili Müdafiəçi ödənilməsi üçün Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Bakı şəhəri Bank ABB Suraxanı filialı, VÖEN **********, h/h ********************, SWİF GOODE İBAZAZ2X, m/h-**********031, kod 805692, VÖEN **********, AİİBAZ2X, hesab-********************, VÖEN-********** hesablaşma hesabı üzərindən Bakı şəhəri 9 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökm elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya protesti verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Elnur Nuriyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar