Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-294/2022 15.12.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Rzayeva Nərminə Cahangir qızının sədrliyi, məhkəmə iclas katibi Ələmşahova Aytəkin Aqil qızının katibliyi ilə, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Bakı şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, onun müdafiəçisi, Bakı şəhəri 14 saylı vəkil bürosunun vəkili Müdafiəçi1, Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs1 müdafiəçisi, Bakı şəhəri 18 saylı vəkil bürosunun vəkili Müdafiəçi3, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs2 müdafiəçisi, Bakı şəhəri 18 saylı vəkil bürosunun vəkili Müdafiəçi2 iştirakı ilə, Təqsirləndirilən şəxs, xx.xx.1985-ci ildə Ermənistan Respublikası,Kirovakan rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, “TƏBİB”- in 12 saylı təcili tibbi yardım stansiyasında sürücü işləyən, məhkum olunmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla faktiki həmin ünvanda yaşayan, 05 mart 2022-ci il tarixdə barəsində “başqa yerə getməmək haqqında iltizam” qismində qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası CM-nin 221.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 13 dekabr 2021-ci il tarixdə saat 13 radələrində ictimai yer hesab olunan Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Şərq yaşayış sahəsində yerləşən “Maşallah” marketin qarşısında Zərərçəkmiş şəxs2 və X6 ilə heç bir əsaslı səbəb olmadan mübahisə etmiş və mübahisə zamanı ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər edərək əli ilə Zərərçəkmiş şəxs2 vurub yıxaraq ona sağ sağrı nahiyəsinin şişkinlik və qançırı (hematoması) kimi dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid bədən xəsarəti yetirdikdən sonra ictimai qaydanın pozulmasının qarşısını almağa çalışan X4 əli ilə vuraraq ona baş beyin silkələnməsi, alın-təpə nahiyəsinin şişkinlik və qançırı kimi dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid bədən xəsarəti yetirməklə qərəzli xuliqanlıq hərəkətləri etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 221.2.2-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, Səkinə Mənsurova və Zərərçəkmiş şəxs2 yaşadığı torpaq sahəsinə bitişik olan və sonuncuların uzun illərdir dövlət torpağı kimi əkib becərdikləri torpaq sahəsi ilə bağlı maraqlandıqdan sonra həmin torpaq sahəsində əkilmiş kiçik ölçülü ağac-kolların çıxarılması və Səkinə Mənsurova və Zərərçəkmiş şəxs2 bu işi onun etdiyini düşünərək, onun yaşadığı məhəlləyə gəlib ona irad bildirməsi və bu zaman aralarında yaranmış sözlə mübahisə zamanı o, Zərərçəkmiş şəxs2 yaxınlaşıb onun çiynindən tutub dartaraq yerə yıxmış və bu zaman sonuncunun anası Səkinə Mənsurovaya yaxınlaşan zaman sonuncu özünü müdafiə etmək üçün əlində olan əl ağacı ilə onu vurub özündən uzaqlaşdırmaq istəmiş, o isə əlini qabağa verərək, həmin əl ağacının onun başına dəyməməsinə çalışmış və bu anda yumruqla yaşlı Səkinə Mənsurovanı vurmuşdur və bu hadisə ictimai yerdə baş vermişdir. Zərərçəkmiş şəxslər onun torpaq almaq niyyətinə görə narazılıqları yaranmış, zərərçəkmişlər tərəfindən qanunsuz zəbt edilmiş torpaq sahələrində Binəqədi Rayon İcra hakimiyyətinin abadlıqtəmizləmə işlərinin aparılmasında (Binəqədi RİH-nin abadlıq işlərinin aparılmasına dair məktubu məhkəməyə təqdim olunmuşdur) və ağacların kəsilməsində onu əsassız olaraq günahlandırmaqla, ondan qisas almaq istəmişlər. Bu səbəbdən istər birinci gəlişi zamanı, istərsə də hadisə günü onunla kobud və təhqiramiz rəftar etmişlər, hadisə günü ağacların kəsilməsi bəhanəsi ilə onun yaşadığı evin qarşısına gəlib, davamlı olaraq təhqir edib, əsassız ittiham etmişlər. Göründüyü kimi, hadisə şəxsi münasibətlər zəminində və zərərçəkmişlər təşəbbüsləri ilə başlanmış mübahisə nəticəsində baş vermişdir, törədilmiş hadisədə onun əməlində xuliqanlıq niyyəti olmamışdır. Məhkəmə iclasında cinayət işi üzrə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 göstərmişdir ki, ailəsi və anası Səkinə Mənsurova ilə birlikdə yaşayır. Yaşadıqları evin yanında boş torpaq sahəsi vardır və oradan elektrik xəttləri keçir. Həmin torpaq sahəsi dövlətə məxsusdur və təxminən 20 ildir ki, həmin torpaq sahəsində müxtəlif meyvə-tərəvəz əkib becərmişlər. Hadisədən təxminən 3 ay əvvəl tanımadığı bir nəfər cavan oğlan onların əkib-becərdiyi həmin torpaq sahəsinə yaxınlaşmış və bu torpaq sahəsini almaq istədiyini bildirmişdir. Onlar da bu torpaq sahəsini illərdir ki, əkibbecərdiklərini və əgər bu dövlətin torpağı olaraq satılırsa özlərinin alacaqlarını demişlər. Həmin oğlan torpaq sahəsinə dair hər hansı sənədlərinin olub-olmadığını soruşmuş və onlar da sənəd olmadığını bildirmişlər. Həmin oğlan çıxıb getmişdir. Bundan sonra bir neçə dəfə həmin oğlan yanında olan tanımadığı şəxslərlə birlikdə gəlib həmin torpaq sahəsinə baxış keçirmişlər. Hətta bir-iki dəfə həmin oğlan traktor, yük maşını və digər ağır texnika gətirərək həmin torpaq sahəsini şumlamaq istədiyini bildirmiş, lakin onlar buna imkan verəməmişlər ki, həmin torpaq sahəsinin içindən və yerin təkindən yüksək gərginlikli, 10.000 Volt gərginlikli elektrik naqilləri keçir. 13 dekabr 2021-ci il tarixdə səhər təxminən saat 09 radələrində evdə olduqları zaman evə quraşdırdıqları kameraya baxarkən Rasim adlı şəxsin bir nəfər tanımadığı şəxslə birlikdə həmin torpaq sahəsinə gəldiyini, həmin torpaq sahəsində əkib-becərdiklərini və qulluq etdikləri müxtəlif ağacları kəsdiyini görmüşlər. Bu səbəbdən də həmin gün, yəni 13 dekabr 2021-ci il tarixdə günorta təxminən saat 13 radələrində həmin Rasim adlı şəxsə irad bildirmək və niyə ağacları özbaşına kəsdiyini soruşmaq üçün anası Səkinə ilə birlikdə Rasimin yaşadığı məhəlləyə gəlmişlər. Həmin məhəllədə olan “Maşallah” marketin yaxınlığında Rasimin bir nəfər oğlanla söhbət etdiyini görmüşlər və onlara yaxınlaşıb Rasimdən niyə həmin sözü gedən torpaq sahəsindəki əkib becərdiləri və qulluq etdikləri ağacları özbaşına kəsdiyini soruşmuşlar. Lakin Rasim ağacları kəsmədiyini bildirmiş və onlara qarşı nalayiq ifadələr işlətməyə başlamışlar. Ona həmin ağacları onun kəsdiyini özündə əks etdirən videogörüntü olduğunu bildirmişlər, lakin Rasim yenə də bunu etiraf etməmiş və çox kobud halda yüksək səslə qışqıraraq onları təhqir etmişdir. Həmin vaxt o, Rasimə irad bildirərək “ayıb olsun” ifadəsini işlətmişdir. Bu anda Rasim yaxşı edib ağacları kəsdiyini demiş və əvvəlcə anasının üstünə hücum edərək onu yumruqla və təpiklə vurmaq istəmiş, lakin yumruq anasına dəysə də, təpik anasına dəyməmiş, çünki həmin vaxt Rasimin yanında olan tanımadığı oğlan araya girib zorla onu sakitləşdirmiş və kənarlaşdırmağa çalışmışdır. Həmin oğlan Rasimi biraz kənara çəkmiş və anası Rasimi bu hərəkətləri etdiyini irad bildirmişdir. Bu zaman Rasim təkrar onların üstünə hücum çəkmiş və əvvəlcə onu sinəsindən tutub sürüyərək yerə yıxmış, o, yanı üstə yerə yıxılmışdır. Bundan sonra Rasim anası Səkinənin üstünə hücum çəkmiş və anası özünü qorumaq üçün əlindəki əl ağacı ilə Rasimi vurmaq istəmiş, lakin Rasim əli ilə əl ağacını tutmuş və digər əli ilə yumruqla anasının başından vurmağa başlamışdır. O və anası qadın olduğu üçün və Rasim çox güclü-qüvvətli olduğuna görə ona qarşılıq verə bilməmişlər. Bundan sonra da Rasim yenə onları vurub xəsarət yetirmək istəmiş, ətrafda olan bir çox insan oraya toplaşıb Rasimi sakitləşdirməyə çalışmışdır. Rasim isə sakitləşməmiş və onları yüksək səslə söyüb təhqir edərək yenə onları vurmaq istəməmişdir. Lakin ətrafa toplaşan şəxslər Rasimi zorla evinə aparmışlar. O da qızı ilə birlikdə həmin yerdən uzaqlaşmışlar və evə gəlmişlər. Hadisədən bir saat sonra ikisi də bədənində ağrılar hiss etmiş və ayağa qalxa bilmədikləri üçün polisə gedib məlumat verə bilməmişlər. Səhərisi gün isə qızı Məlahətlə birlikdə Suraxanı RPİ-nin 32-ci PB-nə gedərək hadisə barədə ərizə yazmışlar. Hadisədən sonra isə Rasim traktor və yük maşını gətirərək onların hasarını uçurmuş və orada həyətin hasarına söykədikləri təxminən 20000 manat dəyərində plastik qapı-pəncərələri və hasarın dəmirlərini dağıdaraq onlara ümumilikdə 20000 manat maddi ziyan vurmuşdur. Hadisə 13 dekabr 2021-ci tarixdə günorta təxminən saat 13 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsində yerləşən “Maşallah” marketin qarşısında küçədə baş vermişdir. Hadisə zamanı onu və anası Səkinəni hadisə zamanı tanıdığı Rasim adlı şəxs əli və ayağı ilə vuraraq xəsarət yetirmişdir. Həmin vaxt orada ondan, anası Səkinədən və həmin Rasim adlı oğlandan başqa tanımadığı bir neçə nəfər şəxs olmuş və bu hadisənin şahidi olmuşlar. Hadisənin baş verməsinə səbəb onların yaşadığı evin yaxınlığında olan üstündən və yerin təkindən yüksək gərginlikli elektrik xətti keçən boş torpaq sahəsində əkdikləri və qulluq etdikləri ağacların Rasim tərəfindən kəsilməsi və həmin torpaq sahəsini işğal etmək istəməsi, onların da bunu ona irad bildirmələri olmuşdur. Hadisə təxminən 5- 10 dəqiqə davam vermişdir. Bu hadisədən təxminən 3 ay əvvəldən etibarən həmin Rasim adlı oğlan həmin həyətə gələrək oranı almaq istədiyi vaxt görmüş, lakin onunla aralarında heç vaxt hər hansı bir münasibət və ya anlaşılmazlıq olmamışdır. Ümumiyyətlə onun adının Rasim olmasını hadisə günü tanımışdır. Məhkəmə iclasında cinayət işi üzrə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 göstərmişdir ki, qızı Məlahət və onun ailəsi ilə birlikdə yaşayır. Özü təqaüd alır. Yaşadıqları evin yanında boş torpaq sahəsi vardır və oradan elektrik xətləri keçir. Həmin torpaq sahəsi dövlətə məxsusdur və təxminən 20 ildir ki, həmin torpaq sahəsində müxtəlif meyvə-tərəvəz əkib becərmişlər. Hadisədən təxminən 3 ay əvvəl tanımadığı bir nəfər cavan oğlan onların əkib-becərdiyi həmin torpaq sahəsinə yaxınlaşmış və bu torpaq sahəni almaq istədiyini bildirmişdir. Ona bu torpaq sahəsini illərdir ki, əkib-becərdiklərini və əgər bu dövlətin torpağı olaraq satılırsa özlərinin alacaqlarını demişlər. Həmin oğlan onlardan torpaq sahəsinə dair hər hansı sənədlərinin olub-olmadığını soruşmuş və onlar da bu torpağa dair sənədlərinin olmadığını bildirmişlər. Həmin oğlan çıxıb getmişdir. Bundan sonra bir neçə dəfə həmin oğlan yanında olan tanımadığı şəxslərlə birlikdə gəlib həmin torpaq sahəsinə baxış keçirmişlər. Hətta bir-iki dəfə həmin oğlan traktor, yük maşını və digər ağır texnika gətirərək həmin torpaq sahəsini şumlamaq istədiyini bildirmiş, lakin onlar buna imkan verməmişlər. 13 dekabr 2021-ci il tarixdə səhər təxminən saat 09 radələrində evdə olduqları zaman evə quraşdırdıqları kameraya baxarkən Rasim adlı şəxsin bir nəfər tanımadığı şəxslə birlikdə həmin torpaq sahəsinə gəldiyini, həmin torpaq sahəsində əkib-becərdikləri və qulluq etdikləri müxtəlif ağacları kəsdiyini görmüşlər. Bu səbəbdən də həmin gün, yəni 13 dekabr 2021-ci il tarixdə günorta təxminən saat 13 radələrində həmin Rasim adlı şəxsə irad bildirmək və niyə ağacları özbaşına kəsdiyini soruşmaq üçün qızı Məlahət ilə birlikdə Rasimin yaşadığı məhəlləyə gəlmişlər. Həmin məhəllədə olan “Maşallah” marketin yaxınlığında Rasimin bir nəfər oğlanla söhbət etdiyini görmüşlər və onlara yaxınlaşıb Rasimdən niyə həmin sözü gedən torpaq sahəsindəki əkib becərdikləri və qulluq etdikləri ağacları özbaşına kəsdiyini soruşmuşlar. Lakin Rasim ağacları kəsmədiyini bildirmiş və onlara qarşı nalayiq ifadələr işlətməyə başlamışdır. Ona həmin ağacları onun kəsdiyini özündə əks etdirən videogörüntü olduğunu bildirdikdə, Rasim yenə də bunu etiraf etməmiş və çox kobud halda yüksək səslə qışqıraraq onları təhqir etmişdir. Həmin vaxt ona bildirərək “ayıb olsun” ifadəsini işlətmişdir. Bu anda Rasim yaxşı edib ağacları kəsdiyini demiş və əvvəlcə onun üstünə hücum edərək onu yumruqla və təpiklə vurmaq istəmiş, lakin yumruq ona dəysə də, təpik dəyməmiş, çünki həmin vaxt Rasimin yanında olan tanımadığı oğlan araya girib zorla onu sakitləşdirmiş və kənarlaşdırmağa çalışmışdır. Həmin oğlan Rasimi biraz kənara çəkmiş və o, Rasimə bu hərəkətləri etdiyini irad bildirmişdir. Bu zaman Rasim təkrar onların üstünə hücum çəkmiş və əvvəlcə qızı Məlahəti sinəsindən tutub sürüyərək yerə yıxmış, qızı yanı üstə yerə yıxılmışdır. Bundan sonra Rasim onun üstünə hücum çəkmiş və o, özünü qorumaq üçün əlindəki əl ağacı ilə Rasimi vurmaq istəmiş, lakin Rasim əli ilə əl ağacını tutmuş və digər əli ilə yumruqla onun başından bir neçə dəfə vurmuşdur. O və qızı, qadın olduqları üçün və Rasim çox güclü-qüvvətli olduğuna görə ona qarşılıq verə bilməmişlər. Bundan sonra da Rasim yenə onları vurub xəsarət yetirmək istəmiş, lakin ətrafda olan bir çox insan oraya toplaşıb Rasimi sakitləşdirməyə çalışmışdır. Rasim isə sakitləşməmiş və onları yüksək səslə söyüb təhqir etmiş, onları bir hada vurmaq istəmişdir. Lakin ətrafa toplaşan şəxslər Rasimi zorla evinə aparmışlar. O da qızı ilə birlikdə həmin yerdən uzaqlaşmış və evə gəlmişlər. Hadisədən bir saat sonra ikisi də bədənlərində ağrılar hiss etmişlər və ayağa qalxa bilmədikləri üçün polisə gedib məlumat verə bilməmişlər. Səhərisi gün isə qızı Məlahətlə birlikdə Suraxanı RPİ-nin 32-ci PB-nə gedərək hadisə barədə ərizə yazmışlar. Hadisədən sonra isə Rasim traktor və yük maşını gətirərək onların hasarını uçurmuş və orada həyətin hasarına söykədikləri təxminən 20000 manat dəyərində plastik qapı-pəncərələri və hasarın dəmirlərini dağıdaraq onlara ümumilikdə 20000 manat maddi ziyan vurmuşdur. Hadisə 13 dekabr 2021-ci tarixdə günorta təxminən saat 13 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsində yerləşən “Maşallah” marketin qarşısında küçədə baş vermişdir. Hadisə zamanı onu və qızı Məlahəti hadisə zamanı tanıdığı Rasim adlı şəxs əli və ayağı ilə vuraraq xəsarət yetirmişdir. Həmin vaxt orada ondan, qızı Məlahətdən və həmin Rasim adlı oğlandan başqa tanımadığı bir neçə nəfər şəxs olmuş və bu hadisənin şahidi olmuşlar. Hadisənin baş verməsinə səbəb onların yaşadığı evin yaxınlığında olan üstündən və yerin təkindən yüksək gərginlikli elektrik xətti keçən boş torpaq sahəsində əkdikləri və qulluq etdikləri ağacların Rasim tərəfindən kəsilməsi və həmin torpaq sahəsini işğal etmək istəməsi, onların da bunu ona irad bildirmələri olmuşdur. Hadisə təxminən 5-10 dəqiqə davam vermişdir. Bu hadisədən təxminən 3 ay əvvəldən etibarən həmin Rasim adlı oğlan həmin həyətə gələrək oranı almaq istədiyi vaxt görmüş, lakin onunla aralarında heç vaxt hər hansı bir münasibət və ya anlaşılmazlıq olmamışdır. Ümumiyyətlə onun adının Rasim olmasını hadisə günü tanımışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, təxminən 10 ildən çoxdur ki, Rasimi tanımış və onunla aralarında dostluq münasibəti vardır. 13 dekabr 2021-ci il tarixdə günorta təxminən saat 13 radələrində Rasimlə onun yaşadığı evin qarşısında küçədə dayanıb söhbət edən zaman bir nəfər orta yaşlı və bir nəfər yaşlı olmaqla iki qadın onlara yaxınlaşmış və Rasimi söyərək ona qarğış etməyə başlamışlar. Rasim onlara qarşılıq verməmiş və sakit olmalarım, nalayiq ifadələr işlətməməyi bildirmişdir. Lakin həmin iki qadın sakitləşməmiş və yüksək səslə qışqıraraq Rasimi təhqir etmişlər. Həmin iki qadın Rasimə əl-qol atmağa başlamışlar. O da araya girib həmin qadınları sakitləşdirməyə çalışmışdır. Həmin iki qadın onlardan ayrılıb getdikdən sonra yenidən Rasimi yüksək səslə söyüb ona və balalarına, ailəsinə qarğış etməyə başlamışar. Bu vaxt Rasim əsəbiləşib həmin qadınlara tərəf getmişdir. Bu zaman Rasim orta yaşlı qadının çiynindən tutub dartmış və qadın yerə yıxılmışdır. Sonra Rasim yaşlı qadına yaxınlaşmış və bu vaxt həmin qadın əlindəki əsanı qaldırıb Rasimi başından vurmaq istəmişdir. Rasim isə əlini yuxarı qaldırmış və əsa Rasimin qoluna dəymişdir. O, bu vaxt Rasimi qucağına götürüb qaldıraraq evlərinə aparmışdır. Həmin vaxt ətrafda bir çox insan olmuş, lakin heç kim bu hadisəyə hansısa bir formada müdaxilə etməmişdir. Hadisə 13 dekabr 2021-ci il tarixdə təxminən günorta saat 13 radələrində ünvan 1 ünvanında yerləşən Rasimgilin yaşadığı evin qarşısında baş vermişdir. Hadisə təxminən 6-7 dəqiqə ərzində baş vermişdir. Həmin vaxt orada onlardan başqa “Maşallah” adlı mağazada işləyən işçilər olmuş, daha sonra isə tanımadığı şəxslər ətrafa toplaşmış və bu hadisənin şahidi olmuşlar.Hadisə zamanı Rasimin həmin iki qadını vurmasını, xəsarət yetirməsini görməmişdir. Sadəcə hadisə vaxtı Rasim həmin qadınlardan orta yaşlı qadının çiynindən tutub dartmış və qadın yerə yıxılmış, digər qadın isə əlindəki əsa ilə Rasimi vurmaq istmiş, Rasim isə qolunu qabağa verdiyi üçün əsa onun başına dəymişdir. Həmin qadınların məhkəmə-tibbi ekspertizanın rəylərində qeyd edilən xəsarətləri nə vaxt və necə almasını bilməmişdir. Hadisə zamanı nə o, nə də ətrafda olan heç kim onları vurmamış, xəsarət yetirməmiş və ya hər hansı bir formada hadisəyə müdaxilə etməmişlər. Cinayət işinin 8-14-cü vərəqlərində olan 14 dekabr 2021-ci il tarixli “baxış keçirilməsi barədə” protokola və hadisə yerinin fotoşəkillərindən görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, döngə 1 ünvanda yerləşən vətəndaş Zərərçəkmiş şəxs1 ağacları əkdiyi boş torpaq sahəsinə baxış keçirilmiş, baxış zamanı müxtəlif növ ağacların, timgələrin və yeni əkilmiş ağacların yerən çıxarılmış vəziyyətdə olması, həmin ağac tinglərinin və yeni ağacların kənara qoyulması müşahidə edilir. Bundan əlavə ağacın kəsilmiş olması, kökünün yerində qalması müşahidə edilir. Baxışda iştirak edən Zərərçəkmiş şəxs1 xx.xx.2021-ci il tarixdə saat 09:00 radələrində evlərində olan müşahidə kamerasına baxdığı zaman Rasim adlı şəxsin və bir nəfər tanımadığı şəxsin həmin torpaq sahəsinə gələrək ağacları kəsməsini və yerindən çıxardaraq kənara atmalarını gördüyünü bildirmişdir. Cinayət işinin 24-26-cı vərəqlərində olan cinayət işi üzrə təyin edilmiş məhkəmə-tibbi ekspertizasının 22 dekabr 2021-ci il tarixli 1362 saylı rəyindən görünür ki, 1938-ci il təvəllüdlü vətəndaş X2 bədən səthində aşağıdakı xəsarətlər aşkar edilmişdir: baş beyin silkələnməsi, alın-təpə nahiyəsinin şişkinlik və qançırı. Qeyd edilən xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, qərarda göstərilən müddətdə, yəni 13.12. 2021ci il tarixdə əmələ gələ bilər və dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddirlər. Cinayət işinin 27-29-cu vərəqlərində olan cinayət işi üzrə təyin edilmiş məhkəmə-tibbi ekspertizasının 22 dekabr 2021-ci il tarixli 1361 saylı rəyindən görünür ki, 1977-ci il təvəllüdlü vətəndaş X3 bədən səthində aşağıdakı xəsarətlər aşkar edilmişdir: sağ sağrı nahiyəsinin şişkinlik və qançırı (hematoması). Qeyd edilən xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər, qərarda göstərilən müddətdə, yəni 13.12. 2021-ci il tarixdə əmələ gələ bilərdilər və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddirlər. Cinayət işinin 96-cı vərəqində olan “təqsirləndirilən şəxsin barəsində qətimkan tədbiri seçilməsi barədə” 05 mart 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında” qətimkan tədbirinin seçilməsi qərara alınmışdır. Cinayət işinin 137-ci vərəqində olan “ diskə baxış keçirilməsi haqqında” 16 iyun 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs və yanında olan digər şəxsin küçənin başında dayanıb söhbət etməsi, biraz sonra Səkinə Mənsurova və Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs yaxınlaşıb söhbət etməsi və Təqsirləndirilən şəxs yanındakı oğlanın Təqsirləndirilən şəxs yaxınlaşıb onunla söhbət etməsi və videogörüntünün dördüncü dəqiqə ikinci saniyəsində Təqsirləndirilən şəxs yanındakı oğlanla Zərərçəkmiş şəxs2 və Səkinə Mənsurovaya yaxınlaşıb əvvəlcə Məlahət Mənsurovanı çiynindən tutub dartaraq yerə yıxması və Səkinə Mənsurovaya yaxınlaşması, Səkinə Mənsurovanm əlindəki əsa ilə Təqsirləndirilən şəxs başından vurması, sonuncunun isə əli ilə həmin əsadan qorunması və əli ilə Səkinə Mənsurovanı vurması, daha sonra isə Təqsirləndirilən şəxs yanında olan şəxsin onu aralaması və oradan uzaqlaşması müəyyən olunmuş, bununla bağlı protokol tərtib edilmiş və cinayət işinin materiallarına əlavə olunmuşdur. Cinayət işinin 98-ci vərəqində olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən tərtib olunmuş xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işinin 106-cı vərəqində olan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 19 aprel 2022ci il tarixli məktubuna əsasən, ünvan 3 ünvanında yerləşən torpaq sahəsində kəsilmiş ağaclar barədə məlumatın olub-olmaması ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinə daxil olmuş xx.xx.2022-ci il tarixli, 096-6027-1222 nömrəli məktubda göstərilənlərlə əlaqədar İdarənin əməkdaşları tərəfindən yerində araşdırma aparılmışdır. Araşdırma ilə əlaqədar keçirilən baxış zamanı qeyd olunan ünvanda yerləşən boş torpaq sahəsində kəsilmiş ağac kötükləri aşkar edilməmiş, yeni meyvə tinglərinin əkildiyi və ağac əkilməsi üçün bir neçə ədəd çalanın qazıldığı müəyyən edilmişdir. Ərazinin peyk görüntülərində də həmin torpaq sahəsinin yaşıllıqlardan azad olduğu öz əksini tapmışdır. Cinayət işinin 109-cu vərəqində olan Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyəti tərəfindən verilmiş 12 may 2022-ci il tarixli məktuba əsasən, ünvan 4 ünvanında yerləşən torpaq sahəsinin balans saxlayıcısı və həmin torpaq sahəsində əkilmiş ağacların Suraxanı rayon İcra Hakimiyyətinin əməkdaşları tərəfindən kəsilib-kəsilməməsi haqqında məlumat verilməsi ilə bağlı ünvanlanılan məktuba Suraxanı rayon İcra Hakimiyyətində baxılmışdır. Bildirilir ki, ünvan 4 ünvanında yerləşən torpaq sahəsində əkilmiş ağaclar RİH-in əməkdaşları tərəfindən kəsilməmişdir və həmin ərazinin balans saxlaycısı haqqında RİHdə məlumat olmadığından’ Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinə müraciət edilməsi məqsədə uyğundur. Cinayət işinin 125-ci vərəqəsində olan AZE12979821 seriyalı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində 04 noyabr 2007-ci il təvəllüdlü X5 adlı azyaşlı uşağı vardır. Cinayət işinin 127-ci vərəqəsində olan AZE12979825 seriyalı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində 09 may 2010-cu il təvəllüdlü X7 adlı azyaşlı uşağı vardır. Cinayət işinin 129-cu vərəqəsində olan AZE12727196 seriyalı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində 29 may 2015-ci il təvəllüdlü X8 adlı azyaşlı uşağı vardır. Beləliklə, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, təqsirləndiriən şəxs Təqsirləndirilən şəxs, zərəçəkmiş şəxslərin, şahidlərin məhkəmə iclasında verdikləri ifadələri, DVD diskdə olan videogörüntülərlə və digər iş materialları ilə onun ictimai qaydanın pozulmasının qarşısını alan digər şəxsə müqavimət göstərməklə ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq edilməsi ilə müşayiət edilən qərəzli xuliqanlıq hərəkətləri etməsi tamamilə sübuta yetirildi. Onun əməli məhkəmə tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.2.2-ci maddəsi ilə tövsif edilməli və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs ittiham edildiyi, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.2-ci maddəsi ilə nəzərdə tutulmuş, cinayət əməlinin törədilməsində özünü təqsirli bilməməsi müdafiə xarakteri daşıyır və hər-hansı mötəbər sübuta əsaslanmamışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarının 1-ci bəndində məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə əsasən şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrum etmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən, azadlıqdan məhrum etmə cəzası təyin edildikdə, bu qərar hökmdə əsaslandırılmalıdır. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törədən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs cəza təyin edərkən ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını, ailəli olmaqla himayəsində 3 azyaşlı uşağının olmasını cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Bundan başqa cəza təyini məsələsini həll edərkən məhkəmə Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” 10 fevral 2017-ci il tarixli Sərəncamıda nəzərə almalıdır. Belə ki, həmin Sərəncamın 8-ci bəndində qeyd edilir ki, ibtidai istintaq orqanları və məhkəmələr tərəfindən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunsun, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Qeyd olunlanları nəzərə almaqla məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.2.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, onun üzərinə Bakı, şəhərinin hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, yaşayış yerini saat 00:00-dan növbəti gün saat 06:00-dək tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Hökmün icrasına nəzarət Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı şəhər Probasiya İdarəsinə həvalə edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Həmin Məcəllənin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 51-2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır və məhkumun yaşayış yeri üzrə çəkilir. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Hazırki halda məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Maddi sübutla bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olan 01 (bir) ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının CPM-in 197-198, 341-349, 351-353, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.2-ci maddəsi ilə təqsirli bilinərək, ona 02 il müddətinə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilsin. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə Bakı şəhərinin hüdudlarını tərk etməmək, axşam saat 00:00-dan səhər saat 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “ başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut olan Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılan zaman çəkilmiş videogörüntünün köçürüldüyü 1 ədəd DVD formatlı diskin cinayət işinin materiallarında saxlanılması nəzərə alınsın. Hökm elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Suraxanı rayon məhkəməsinin vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apelyasiya şikayəti və ya protesti verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Nərminə Rzayeva
Məhkəmə qərarları › İş №1(010)-294/2022
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-294/2022
15.12.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver