Məhkəmə qərarları › İş №1(010)-296/2021

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-296/2021

14.12.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-296/2021 14.12.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı rayon Məhkəməsi, Hakim Nuriyev Elnur Aləm oğlunun sədrliyi, məhkəmə iclas katibi Nayıbov Pərviz Şakir oğlunun katibliyi ilə, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində X3 üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, onun müdafiəçisi, Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, saat 10:00-da, Bakı şəhərində, Təqsirləndirilən şəxs, xx xxxxxx 1979-cu ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, İİİ qrup əlil, məhkum olunmamış, Bakı şəhəri, ünvan 1 ünvanda qeydiyyatda olan və yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qismində qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs, 03 iyun 2021-ci il tarixdə satış məqsədi olmadan qanunsuz olaraq Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi ərazisində istintaqa məlum olmayan mənbədən şəxsi istehlak miqdarından artıq miqdarda psixotrop maddə metamfetamin alaraq əldə edib, üzərində, saxlayıb, daşımış və narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı daxil olmuş əməliyyat məlumatı əsasında Bakı şəhəri Suraxanı RPİ-nın 33-cü PB-nin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində 03 iyun 2021-ci il tarixdə saat 20:20 dəqiqədə ünvan 2 ünvanının qarşısında saxlanılıb ünvan 3 ünvanda yerləşən Bakı şəhəri Suraxanı RPİ-nin 33-cü PB-nin inzibati binasına gətirilərək orada videoçəkilişdən istifadə etməklə polis əməkdaşları və müdafiəçisinin iştirakı ilə üzərində şəxsi axtarış aparılan zaman şalvarının sol yan cibindən bir ədəd bükümdə ümumi təmiz çəkisi 0,901 qram ağ rəngli kristalşəkilli kütlə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü tam təqsirli bilərək göstərdi ki, uzun illərdir ki, narkotik vasitələrdən istifadə edir, belə ki, ilkin vaxtlar qurudulmuş marixuanadan istifadə etmiş, sonradan isə narkotik maddənin metamfetamin kimi tanıdığı növündən qəbul etməyə başlamışdır. Metamfetamini inyeksiya yolu isə istifadə etmişdir. Narkotik maddəni müxtəlif yerlərdən tanımadığı şəxslərdən pulla almışdır. Narkotik vasitə aludəçisi olduğu üçün narkotik vasitə istifadə etmədikdə bədənində ağrılar olmuş və ağrılara dözə bilməmişdir. Ağrıların qarşısını almaq üçün də narkotik maddə metamfetamindən istifadə etmişdir. Narkotik vasitə qəbul etməyi ilə əlaqədar heç bir xəstəxanada qeydiyyatda olmamışdır. Eyni zamanda ruhi əsəb xəstəliyindən də əziyyət çəkmir. 03 iyun 2021-ci il tarixdə günorta saatlarında yaşadığı Yeni Günəşli qəsəbəsi ərazisində tanımadığı şəxsdən 20 manat pul müqabilində bir ədəd ağ rəngli sellofan bükümdə narkotik maddə metamfetamin almışdır. Belə ki, narkotik vasitə almaq üçün yaşadığı qəsəbənin ərazisində gəzişmiş, həmin şəxs ilə təsadüfən rastlaşmış və ondan narkotik maddə olmasını bildikdən sonra pul almışdır. Narkotik vasitəni aldıqdan sonra yaşadığı mənzilə gəlməyə başlamışdır. Yaşadığı mənzilin yerləşdiyi binanın qarşısına çatdıqda saat 20:20 dəqiqədə yaşadığı binanın qarşısında dayanan zaman bir neçə nələr mülki geyimli şəxs ona yaxınlaşaraq xidməti vəsiqəsini göstərib bildirmişlər ki, Suraxanı RPİ-nin 33-cü PB-nin əməkdaşıdır. Üzərində narkotik maddə olduğu üçün özündən asılı olmayaraq həyəcanlanmışdır. Polis əməkdaşı onu sorğu-sual etmiş və onlara özünü təqdim etmişdir. Bundan sonra polis əməkdaşı təklil etmişdir ki, yaxınlıqda yerləşən 33-cü Polis Bölməsinə getsinlər. Razılaşmış və onlar birlikdə həmin Polis Bölməsinə gəlmişlər. Polis Bölməsində xidməti otaqların birinə vəkil dəvət olunmuş, vəkilin iştirakı ilə hüquq və vəzifələri izah edilmişdir. Bundan sonra vəkilin və polis əməkdaşının iştirakı ilə videçəkilişdən istifadə olunmaqla üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı üzərində qanunsuz əşya vardırsa təqdim etməyi təklif edilmişdir. Əynində olan göy rəngli cins şalvarının sol yan cibində saxladığı içərisində narkotik maddə olan bir ədəd bükümü çıxarıb təqdim etmişdir. Həmin maddəni nə olması və haradan əldə etməyi barədə sual verilmişdir. Bu zaman demişdir ki, bükümün içərisində narkotik maddə metamfetamin vardır və narkotik maddəni 20 manat pul müqabilində adını bilmədiyi şəxsdən Yeni Günəşli qəsəbəsində şəxsi istifadəsi üçün almışdır. Bundan sonra üzərində şəxsi axtarış davam etdirilmiş, lakin qanunla qadağan olunmuş hər hansı bir əşya aşkar olunmamışdır. Üzərindən aşkar edilmiş narkotik maddə zərfə qoyularaq qablaşdırılmış, zərfin üzəri möhürlənmiş və bu barədə protokol tərtib olunmuş, protokol ucadan oxunmuş, doğruluğunu o və axtarışda iştirak edən şəxslər imza edərək təsdiq etmişlər. Üzərindən aşkar edilmiş psixotrop maddə metamfetamini öz şəxsi istifadəsi üçün əldə etmişdir. Heç vaxt kiməsə narkotik vasitə satmamış və verməmişdir. Sonda Təqsirləndirilən şəxs törətdiyi əməldən səmimi peşman olduğunu bildirdi. Məhkəmə dövlət ittihamçısını, təqsirləndirilən şəxsi, onun müdafiəçisini və şahidləri dinləyərək, iş materiallarını tədqiq edərək, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətmişdir və onun təqsiri, özünün etirafedici ifadəsi ilə yanaşı, aşağıda göstərilən digər sübutlarla da təsdiq edilir. Məhkəmədə şahid qismində dindirilmiş Suraxanı RPİ-nin 33-cü Polis Bölməsində Cinayət Axtarış üzrə əməliyyat-müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, 03 iyun 2021ci il tarixdə Ceyhun adlı şəxsin qanunsuz olaraq narkotik vasitələrin saxlanılması və istifadə etməsi barədə işlədiyi bölməyə əməliyyat məlumatı daxil olmuşdur. Ceyhun adlı şəxsin ətrafında əməliyyat tədbirlərinin keçirilməsi barədə polis bölməsinin rəisinə raportla məruzə etmiş və rəisi tərəfindən həmin məlumatın qanuna uyğun formada yoxlanılmasına icazə verilmişdir. Ceyhun adlı şəxsin qanunsuz olaraq narkotik vasitə saxlamasına, istifadə, satmasına görə və onun ifşa edilməsi məqsədi ilə onun ətrafında əməliyyataxtarış tədbirlərinin keçirilməsi barədə qərar qəbul edilmiş, həmin qərar rəis tərəfindən təsdiq olunmuş, əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə dair təsdiq olunmuş qərar barədə Suraxanı rayon prokuroruna və Suraxanı rayon məhkəməsinin sədrinə məlumatlar verilmişdir. Sonra əməliyyat qrupu yaradılmış, həmin qrupun rəhbəri o, üzvü isə bölmənin Cinayət Axtarış üzrə kiçik əməliyyat müvəkkili, polis serjantı Şahid2 təyin olunmuşdur. Bundan sonra Ceyhun adlı şəxsin ətrafında tədbirlər keçirilməyə başlanılmışdır. Həmin gün Şahid2 ilə birlikdə Ceyhun adlı şəxsin yaşadığı ünvan 5 ünvanda yerləşən binanın qarşısına gəlmişdir. Həmin ünvanın qarşısında Ceyhunu əlamətlərinə görə oxşadıb ona yaxınlaşmışlar. Həmin şəxsə xidməti vəsiqələrini göstərib özlərini təqdim etmiş və ondan özünü təqdim etməsini xahiş etmişlər. Həmin şəxs də özünü onlara Təqsirləndirilən şəxs kimi təqdim etmişdir. Onlar Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olmasını bildirib onu Suraxanı RPİ-nin 33-cü PB-nə dəvət etmiş, sonuncu da heç bir etiraz etməyərək onlarla razılaşmışdır. Onlar Təqsirləndirilən şəxs ilə birlikdə polis bölməsinə gəlmiş və bu barədə dərhal raport yazıb bölmə rəsinə məruzə etmişdir. Bir sıra prosessual hərəkətlər icra olunduqdan sonra polis idarəsində vəkil dəvət edilmişdir. Xidməti otaqların birində Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edilməklə vəkilin iştirakı ilə videoçəkiliş ilə onun üzərində şəxsi axtarış aparılmışdır. Axtarış zamanı Təqsirləndirilən şəxs üzərində qanunsuz hər hansı bir əşyanın olub-olmaması barədə sual verilmiş və qanunsuz əşyanın olduğu halda onu könüllü təqdim etməsi təklif olunmuşdur. Bu zaman Təqsirləndirilən şəxs özü könüllü olaraq əynində olan göy rəngli cins şalvarının sol yan cibindən bır ədəd şəffaf rəngli selofana bükülmüş şəffaf rəngli maddəni təqdim etmişdir. Təqsirləndirilən şəxs həmin bükümdə nə olması barədə sual verilmiş, o da həmin bükümdə olan maddə metamfetamin olmasını və Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsində adını bilmədiyi şəxsdən 20 manat pul müqabilində almasını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış davam etdirilmiş, lakin qanunla qadağan olunmuş hər hansı bir əşya aşkar olunmamışdır. Aşkar edilmiş maddə kağız zərfə qoyularaq qablaşdırılmış və üzəri möhürlənmiş, sonra isə iştirakçılar tərəfindən imzalanmışdır. Bundan sonra bu barədə protokol tərtib olunmuş, protokol ucadan oxunmuş, protokol düzgün tərtib edildiyi üçün doğruluğuna baxışda iştirak edən polis əməkdaşları, vəkil, Ceyhun və o imza etmişlər. Saxlanılıb polis bölməsinə gətirilərkən, habelə üzərində axtarış aparılan zaman Təqsirləndirilən şəxsa qarşı hər hansı bir təsir, təzyiq və ya zor tətbiq olunmamışdır. Məhkəmədə şahid qismində dindirilmiş Suraxanı RPİ-nin 33-cü Polis Bölməsində Cinayət Axtarış üzrə kiçik əməliyyat-müvəkkili Şahid2 Şahid1 ifadəsi ilə eyni məzmunlu ifadə verdi. İş materiallarında olan şəxsi axtarış və götürmə aparılması haqqında 03 iyun 2021-ci il tarixli protokoldan görünür ki, 03 iyun 2021-ci tarixində saat 20:20-da ünvan 5 ünvanda yerləşən binanın qarşısında saxlanılaraq Suraxanı RPİ-nin 33-cü PB-nin gətirilmiş Təqsirləndirilən şəxs odlunun üzərində videoçəkiliş etməklə şəxsi axtarış və götürmə aparılan zaman ona üzərində qanunla qadağan olunmuş hər hansı bir əşya və ya predment olması barədə sual verilmiş, bu zaman o, əynində olan göy rəngli cins şalvarının sol yan cibindən bir ədəd şəffaf rəngli selofana bükülmüş şəffaf rəngli maddəni çıxarıb təqdim etmişdir. Təqsirləndirilən şəxs həmin bükümdə nə olması barədə sual verilmiş, o da həmin bükümdə olan maddənin metamfetamin olmasını və Suraxanı rayon, Yeni Günəşli qəsəbəsində adını bilmədiyi şəxsdən 20 manat pul müqabilində almasını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış davam etdirilmiş, lakin qanunla qadağan olunmuş hər hansı bir əşya aşkar olunmamışdır. Aşkar edilmiş maddə kağız zərfə qoyularaq qablaşdırılmış, qablaşdırılmış zərfin üzəri 171 saylı möhür ilə möhürlənmişdir. İş materiallarında olan məhkəmə kimyəvi ekspertizasının 04 iyun 2021-ci il tarixli 6/2253 saylı rəydən görünür ki, tədqiqata təqdim edilmiş üzərində AR DİN “Zərflər üçün № 171” möhür əksi, “Vət.Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş..." və s. yazılar olan zərfdəki 01 ədəd bükümdə təmiz çəkisi 0,901 qram ağ rəngli, kristal şok illi kütlə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Metamfetamin Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanunu ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr" in siyahısına (Siyahı İ) daxildir. Təmiz çəkisi 0.901 qram olan metamfetaminin 0.05 qram hissəsi tədqiqata sərf olunmuş, ümumi qalıq 0.851 qram təşkil etmişdir. İş materiallarında olan diskə baxış keçirilməsi haqqında 22 iyun 2021-ci il tarixli protokoldan görünür ki, Suraxanı RPİ-nin 33-cü PB-nin inzibati binasının içərisində Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılmış, sonuncuya polis əməkdaşı tərəfindən üzərində qanunla qadağan olunmuş hər hansı bir əşya və ya predment olması barədə sual verilmiş, sonuncu heç bir etiraz etməyərək özü könüllü olaraq əynində olan göy rəngli cins şalvarının sol yan cibindən bir ədəd şəffaf rəngli selofana bükülmüş şəffaf rəngli maddəni təqdim etmiş, ona həmin bükümdə nə olması barədə sual verilmiş, o da bildirmişdir ki, həmin bükümdə olan maddə metamfetamindir və Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsində adını bilmədiyi şəxsdən 20 manat pul müqabilində almışdır. Bundan sınıra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış davam etdirilmiş, lakin qanunla qadağan olunmuş hər hansı bir əşya aşkar olunmamışdır. Aşkar edilmiş maddə kağız zərfə qoyularaq qablaşdırılmış və üzəri möhürlənmiş, sonra isə iştirakçılar tərəfindən imzalanmışdır. İş materiallarında olan ambulator məcburi-narkoloji tibbi yoxlamanın 03 avqust 2021ci il tarixli 2645 saylı rəydən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs Opioidlərin, Kannabiodlərin və psixotrop maddə olan metamfetamindən birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 09.02.2006-cı il tarixli 39 saylı “Narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydasının və şərtlərinin, habelə narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi qaydasının təsdiq edilməsi barədə" Qərarı ilə təsdiq edilmiş məcburi müalicə tətbiq edilməyən narkomanlıq xəstəliyinə düçar olmuş şəxslərə məcburi müalicə qaydalarının 3.2-ci bəndinə uyğun olaraq hal-hazırda Təqsirləndirilən şəxs İİİ dərəcəli əlil olması ilə əlaqədar olaraq, ona narkomaniyadan məcburi müalicə tətbiq edilməsi mümkün deyildir. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X2 İdarəsinin təqdim etdiyi 19 iyul 2021-ci il tarixli tələbnaməyə əsasən Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Beləliklə, yuxarıda göstərilən sübutlarla Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə müəyyən olunmuş cinayətin törədilməsində təqsiri tam sübuta yetirilir. Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli, 961-İİQ saylı Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının” İİ siyahısının 67-ci bəndinə əsasən metamfetaminin şəxsi istehlak miqdarından artıq miqdarı (təmiz halda qramlarla) daxil olmaqla ayrı-ayrılıqda yuxarı həddi 0.15 qram, külli miqdar (təmiz halda qramlarla) daxil olmaqla aşağı həddi 2 qramdır. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli, 959-İİQ nömrəli Qanununun 1.0.8, 1.0.9 və 1.0.10-cü maddələrinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş və narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması - məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli, 2 nömrəli Qərarının 4-cü bəndinə görə törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür. Həmin Qərarın 5-ci bəndinə görə təqsirli şəxsin narkotik vasitələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. Cəza təyin edərkən məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, əvvəllər məhkum olunmamasını, narkomaniya xəstəliyinə tutulduğunu, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Törətdiyi əməldən səmimi peşman olmasını, himayəsində biri azyaşlı digəri isə yetkinlik yaşına çatmayan olmaqla iki uşağının və İİİ dərəcəli əlil olmasını məhkəmə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal hesab edir. İş üzrə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 4 saylı Qərarının 3-cü bəndində göstərilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. “Məhkəmə Hökmü Haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 27 dekabr 1996-cı il tarixli 4 saylı qərarının, 13-cü bəndində qeyd olunmuşdur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin etmək hallarına yol verməməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən onun barəsində işdə olan və ayrı-ayrılıqda yuxarıda sadalanan cəzasını yüngülləşdirən halların olub, cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alaraq, eləcə də təqsirləndirilən şəxsin azadlıqdan məhrum etmə növündə cəza çəkmədən islah olunmasını mümkün sayaraq, hesab edir ki, ona azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunduğu təqdirdə də cəzanın məqsədləri təmin edilə bilər. Bununla əlaqədar məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum edilməklə cəmiyyətdən tam təcrid edilməsinə əsaslar müəyyən edilmədiyinə görə təqsirləndirilən şəxs barəsində azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməlidir. Bundan başqa, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanır. İş materiallarında olan şübhəli şəxsin tutulması haqqında 03 iyun 2021-ci il tarixli protokoldan, habelə təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında, vəsatətin müdafiə edilməsindən imtina olunması və qətimkan tədbirinin seçilməsi haqqında 05 iyun 2021-ci il tarixli qərarlardan görünür ki, Təqsirləndirilən şəxs 03 iyun 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 05 iyun 2021-ci il tarixdə təqsirləndirilən şəxs qismindən cəlb edilərək ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ittiham elan edilmiş, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin İstintaq Şöbəsinin müstəntiqinin vəsatətinin müdafiə edilməsindən imtina edilmiş və bundan sonra Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası CPM-nin 158.2 və 158.2.1-ci maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan hesablanır və tutulduğu müddət həbsdə saxlama müddətinə daxil edilir. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı 03 iyun 2021-ci il tarixdən 05 iyun 2021-ci il tarixədək tutulduğu 02 gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanaraq, 04 gün azadlığın məhdudlaşdırılmasına bərabər tutulmaqla təyin olunmuş cəzadan çıxılmalı və Təqsirləndirilən şəxs üzərində qəti olaraq, müəyyən müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmalıdır. Bundan başqa, Azərbaycan Respublikası CM-nin 52-1.1-ci maddəsinə əsasən, azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs barəsində təyin edilən cəzanın növünü və onun barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin seçilməsinə əsas olmuş halların aradan qalxmamasını nəzərə alaraq hesab edir ki, hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilmədən saxlanılmalıdır. Bundan başqa, Təqsirləndirilən şəxs narkomaniya xəstəliyi aşkar olunsa da,onun İİİ qrup əlil olması ilə əlaqədar məcburi mualicə təyin edilməsi mümkün olmadığı ücün məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Həmçinin məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinə əsasən, iş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin maddi sübutların saxlanc yerinə təhvil verilmiş, xalis çəkisi 0.851 qram olan narkotik vasitə - metamfetamin məhv edilməlidir. Eyni zamanda məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınaraq cinayət işinə əlavə edilmiş 01 ədəd “DVD” disk Azərbaycan Respublikası CPM-nin 132.1.6-cı maddəsinə əsasən cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Habelə məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 197.1, 197.1.4 və 198.1-ci maddələrinə əsasən iş üzrə materialların məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 109,9 (yüz doqquz manat, doxsan qəpik) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs dövlət nəfinə tutulmalıdır. Bundan əlavə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə məsrəfləri ilə bağlı əlavə olaraq məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli, 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmədə göstərdiyi pulsuz hüquqi yardıma görə 06 (altı) iş saatı üçün 36 (otuz altı) manat məbləğində vəsait müdafiəçisi Bakı şəhəri 9 saylı vəkil bürosunun vəkili Müdafiəçi ödənilməsi üçün Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Bakı şəhəri 9 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 346, 347, 349, 351-353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona, 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilsin. Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı 03 iyun 2021-ci il tarixdən 05 iyun 2021-ci il tarixədək tutulduğu 02 (iki) gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanaraq, Təqsirləndirilən şəxs təyin edilən 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasından 04 (dörd) gün çıxılsın və Təqsirləndirilən şəxs çəkilməsi üçün qəti olaraq, 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası müəyyən edilsin. Təqsirləndirilən şəxs üzərinə hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs üzərində nəzarətin həyata keçirilməsi Bakı şəhəri Probasiya İdarəsinə həvalə edilsin. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri qüvvəsində saxlanılsın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə materialların məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 109,9 (yüz doqquz manat, doxsan qəpik) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs dövlət nəfinə tutulsun. İş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin maddi sübutların saxlanc yerinə təhvil verilmiş, xalis çəkisi 0.851 qram olan narkotik vasitə - metamfetamin məhv edilsin. İş üzrə maddi sübut kimi tanınaraq cinayət işinə əlavə edilmiş 01 ədəd “DVD” disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmədə göstərdiyi pulsuz hüquqi yardıma görə 06 (altı) iş saatı üçün 36 (otuz altı) manat məbləğində vəsait müdafiəçisi Bakı şəhəri 9 saylı vəkil bürosunun vəkili Müdafiəçi ödənilməsi üçün Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Bakı şəhəri Bank ABB Suraxanı filialı, VÖEN **********, h/h ********************, SWİF GOODE İBAZAZ2X, m/h-**********031, kod 805692, VÖEN **********, AİİBAZ2X, hesab-********************, VÖEN-********** hesablaşma hesabı üzərindən Bakı şəhəri 9 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökm elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apelyasiya şikayəti və ya protesti verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Elnur Nuriyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar