Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-296/2025 27.05.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri, Suraxanı Rayon Məhkəməsinin inzibati binası SURAXANİ RAYON MƏHKƏMƏSİ hakim Kərimov Namiq Həsrət oğlunun sədrliyi, Hacıyev Gündüz Nizami oğlunun katibliyi, Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi iştirakı ilə xx xxx 1996-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, fərdi əmək fəaliyyəti ilə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, 06 – 08 noyabr 2024-cü il tarixləri üzrə tutulmuş, barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq 01 ədəd bükümdə xeyli miqdarda çəkisi 0,339 qram olan ağ rəngli kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini 06 noyabr 2024-cü il tarixdə Bakı şəhəri, Suraxanı rayonu, Hovsan qəsəbəsində istintaqa məlum olmayan mənbədən 10 manata əldə edərək üzərində saxlamaqla daşımış, Suraxanı Rayon Polis İdarəsinin 30-cu polis şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində 06 noyabr 2024-cü il tarixdə saat 13:15 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Hovsan qəsəbəsi, T.Bayramov küçəsində saxlanılaraq üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən 01 (bir) ədəd şəffaf sellofan bükümdə xeyli miqdarda təmiz çəkisi 0,339 qram olan ağ rəngli kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, üzərində metamfetamin izləri olan 1 manatlıq əskinas və bir ədəd şüşə kolba aşkar edilərək götürülmüşdür. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 3 ay olardı ki, metamfetamindən istifadə etmişdir. Polis əməkdaşları ona Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsində yerləşən parkın yaxınlığında yaxınlaşmışlar. Üzərində narkotik maddə olmuş və ona məxsus olmuşdur. Əməlindən peşman olmasını nəzərə alaraq məhkəmədən ona azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında verilmiş suallara cavab olaraq bildirmişdir ki, həmin günü Hövsan qəsəbəsinə tanımadığı şəxsdən narkotik götürmək üçün gəlmişdir. 40 manata almış, şəxsi istifadəsi üçün, 4 nəfər polis əməkdaşı ona yaxınlaşmışlar. Saxlayaraq üzərinə baxış keçirmişlər. Polis şöbəsində ona qarşı təzyiq olmamışdır. Onu günorta vaxtı saxlamışlar. Əməliyyat müvəkkilləri çəkilişlə yaxınlaşmışlar. Hazırda narkotik vasitədən istifadə etmir. İlkin təhqiqat və ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan olunmuş ittihamla özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, təxminən 01 ildir ki, narkotik maddələrin patı kimi tanıdığı növündən istifadə edir. 06 noyabr 2024-cü il tarixdə saat 11:00 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsində tanımadığı şəxsdən 40 manat ödəməklə 01 ədəd şəffaf sellofan bükümdə psixotrop maddə metemfetamini öz şəxsi istifadəsi üçün əldə etmiş və münasib vaxtda istifadə etməyi üçün əynindəki şalvarın sağ yan cibinə qoymuşdur. Həmin gün saat 13:15 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, C.Xanməmədov küçəsindən keçərkən üç nəfər mülki geyimdə polis əməkdaşları ona yaxınlaşaraq özlərini təqdim etmiş, ondan özünü təqdim etməsini tələb etmişlər. O, da özünü olduğu kimi təqdim etmişdir. Narkotik vasitələr və psixtrop maddələrin dövriyəsində şübhəli olduğunu bildirərək ona üzərində narkotik vasitə olub olmadığını varsa təqdim etməsini təklif etmişlər. Sonra polis əməkdaşlarının və onun özünü iştirakı ilə videoçəkilişlə paltarlarını axtarmağa başlamışlar. Əvvəlcə polis əməkdaşı ona üzərində qanunsuz hər hansı əşya varsa təqdim etməsini tələb etmiş, o da əynindəki göy rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd içərisində patı kimi tanıdığı narkotik maddə olan sellofan bükümü və şalvarının həmin cibindən 01 ədəd ağ rəngli “Samsung” markalı telefonu, boru halına gətirilmiş manatlıq əsginası və şüşə kolbanı çıxararaq stolun üstünə qoymuşdur. Sonra polis əməkdaşlarından biri əlləri ilə paltarlarını yoxlamış, hər hansı əşya aşkar edilməmişdir. Götürülmüş 01 ədəd içərisində patı olan şəffaf sellofan büküm, manatlıq əsginas və şüşə kolba 01 ədəd boş zərfə, mobil telefon isə digər zərfə qoyularaq qablaşdırılmış, üzəri möhürlənmiş və iştirakçılar və onun özü tərəfindən imzalanmışdır. Üzərindən aşkar olunan narkotik maddəni Suraxanı rayonu, Əmircan qəsəbəsində tanımadığı şəxsdən xx.xx.2024-cü il tarixdə 40 manata alaraq özü istifadə etmək üçün üzərində saxlamışdır. Üzərindən aşkar edilərək götürülmüş narkotik maddəni öz şəxsi istehlakı üçün əldə etmişdir. Lakin istifadə etməyə macal tapmamışdır. Saxlanılarkən ona qarşı heç bir fiziki təziq və zorakılıq göstərilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, Suraxanı Rayon Polis İdarəsinin 30-cu polis şöbəsinin cinayət axtarış üzrə əməliyyat müvəkkili vəzifəsində xidmət edir. Belə ki, hadisə günü məlumat daxil olmuşdur ki, Təqsirləndirilən şəxs narkotik maddənin istifadəsində, saxlanmasında şübhəlidir. xx.xx.2024-cü il tarixdə ondan, Şahid3 və Şahid2 ibarət əməliyyat qrupu yaradılmışdır. Hövsan qəsəbəsi, Xanməmmədov küçəsində əlamətləri oxşayan şəxsə yaxınlaşaraq özlərini təqdim etmişlər. Narkotik vasitənin istifadəsində saxlanmasında şübhəli olduğunu bildirib, 30-cu polis şöbəsinə dəvət etmişlər. 30-cu polis şöbəsində üzərinə baxış keçirilərkən üzərindən dediyinə görə metamfetamin, çəkmək üçün trupka və telefon aşkar edilmişdir. Məhkəmə iclasında verilmiş suallara cavab olaraq Şahid1 bildirmişdir ki, şəxsə 3 nəfər yaxınlaşmış, şəxs tək olmuşdur. Axtarış şöbədə olmuş, heç bir müqavimət olmamışdır. Şəxsi C.Xanməmmədov küçəsində saxlamışlar, tək olmuşdur. Saxlayanda yerində videoçəkiliş aparmaqları yadında deyil. Üzərinə baxışda iştirak etmiş, üzərindən trubuçka çıxmışdır. İlkin təhqiqat və ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs narkotik maddələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında onun ifşa olunması istiqamətində ondan, Suraxanı RPİ-nin 30-cu polis şöbəsinin əməliyyat müvəkkili, polis kapitanı Şahid2 və 30-cu polis şöbəsinin əməliyyat müvəkkili, polis leytenantı X1 ibarət əməliyyat qrupu yaradılmışdır. 06 noyabr 2024-cü il tarixdə keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində saat 12:30 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, C.Xanməmmədov küçəsinə gəlmişlər. 06 noyabr 2024-cü il tarixdə saat 13:15 dəqiqədə C.Xanmmədov küçəsində nömrəsiz ünvanın qarşısında xüsusi əlamətlərindən Təqsirləndirilən şəxs bənzəyən şəxsə yaxınlaşıb xidməti vəsiqələrini göstərib polis əməkdaşları olduqlarını bildirib özlərini təqdim etmişlər. Təqsirləndirilən şəxs də özünü təqdim etməsini tələb etmişlər. O, da özünü təqdim etmişdir. Həmin şəxsə narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu, üzərində şəxsi axtarış keçirilməsi zərurətinin yarandığını bildirərək, üzərində dövriyyəsi qadağan olunmuş hər hansı bir maddə və ya narkotik vasitə olub, olmaması, əgər varsa təqdim etməsi təklif edilmişdir. Təqsirləndirilən şəxs üzərində qanunsuz olaraq əldə edilmiş narkotik maddə olduğunu bildirdi və əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd içərisində ağ rəngli maddə olduğu görünən şəffaf sellofan bükümü, 01 ədəd ağ rəngli telefonu, boru halına gətirilmiş manatlıq əsginası və şüşə kolbanı çıxararaq təqdim etmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin bükümdə “patı” olduğunu, həmin narkotik maddəni 06 noyabr 2024-cü il tarixdə səhər saatlarında Əmircan qəsəbəsində üzdən tanıdığı lakin adını və yaşadığı ünvanı bilmədiyi şəxsdən 40 manata öz şəxsi istifadəsi üçün alaraq üzərində gəzdirdiyini narkotik vasitə və psixotrop maddədən kimsəyə satmadığını, hədiyyə etmədiyini, əvəzli- əvəzsis olaraq vermədiyini bildirmişdir. Şahin Mehrəliyev əlləri ilə Təqsirləndirilən şəxs paltarlarını yoxlamış, lakin iş üçün əhəmiyyət kəsb edən hər hansı əşya və ya predmet aşkar edilərək götürülməmişdir. Götürülmüş 01 ədəd büküm, manatlıq əsginas və şüşə boru bir zərfə, mobil telefon isə digər zərfə qablaşdırılaraq götürülmüşdür. Üzəri möhürlənmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs saxlanılarkən və Suraxanı RPİ-nin 30-cu polis şöbəsində olduğu zaman ona qarşı hər hansı bir fiziki güc və ya psixi təsir olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, o, Suraxanı Rayon Polis İdarəsinin 30-cu polis şöbəsinin cinayət axtarış üzrə baş əməliyyat müvəkkili vəzifəsində xidmət edir. Belə ki, 16 noyabr 2024-cü il tarixdə Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, C.Xanməmmədov küçəsi, nömrəsiz evin yaxınlığında şəxsə yaxınlaşmışlar. Həmin şəxs bir büküm metamfetamini sağ yan cibindən təqdim etmiş və tanımadığı şəxsdən aldığını bildirmişdir. Məhkəmə iclasında verilmiş suallara cavab olaraq Şahid3 bildirmişdir ki, 3 nəfər yaxınlaşmışlar, o, Şahid1 və Şahid2. Təqsirləndirilən şəxs tək olmuşdur. Heç bir müqavimət olmamış, satışla məşğul olması barədə məlumat olmamışdır. Əməliyyat çəkilişlə aparılmışdır. İlkin təhqiqat və ibtidai istintaq zamanı Şahid3 Şahid1 ifadəsinə oxşar ifadə vermişdir. Şahid2 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikasının CPM-nin 315.2-ci maddəsini rəhbər tutub şahidin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında ifadəsi elan edilmiş Şahid2 ibtidai istintaq zamanı Şahid1 ifadəsinə oxşar ifadə vermişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs üzərindən kustar üsulla hazırlanmış psixotrop maddə metamfetaminin aşkarlanaraq götürülməsini özündə əks etdirən bir ədəd CD Compact diskə baxış keçirilmişdir. Həmin görüntülərdən görünür ki, Şahid1, Şahid3 “Hundai” markalı avtomobillə hərəkətdə olan zaman qarşı tərəfdən əynində qara rəngli gödəkçə olan bir nəfər şəxsin hərəkət etdiyi görünür. Avtomobili saxlayaraq avtomobildən enərək həmin şəxsi saxlayırlar. Polis əməkdaşları olduqlarını bildirib özlərini tədim etdikdən sonra ondan özünü təqdim etməsini tələb edirlər. O, da Təqsirləndirilən şəxs olduğunu bildirir. 30-cu polis şöbəsinin əməliyyat müvəkkili Şahid1 ona narkotik maddələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirir və üzərində qanunla dövriyyəsi qadağan olunmuş hər hansı əşya və predmet varsa təqdim etməsini təklif edir. O göy rəngli cins şalvarın sağ yan cibindən 1 ədəd şəffaf sellofan bükümdə bükülmüş bükümü 01 ədəd ağ rəngli telefonu, bir ədəd şüşə kolba və bükülmüş vəziyyətdə manatlıq əsginası çıxararaq təqdim edir. Şahid3 Təqsirləndirilən şəxs həmin bükümdə nə olması, haradan və nə məqsədlə əldə etməsi barədə soruşduqda o, həmin bükümdə patı kimi tanıdığı narkotik maddə olduğunu, həmin narkotik maddəni 06 noyabr 2024-cü il tarixdə səhər saatlarında Hövsan qəsəbəsində üzdən tanıdığı, lakin adını və yaşadığı ünvanı bilmədiyi şəxsdən 40 manata öz şəxsi istifadəsi üçün alaraq üzərində gəzdirdiyini bildirir. Şahid3 əlləri ilə Təqsirləndirilən şəxs paltarlarını yoxlayır. Lakin iş üçün əhəmiyyət kəsb edən hər hansı əşya və ya predmet aşkar edilərək götürülmür. Götürülmüş 01 ədəd büküm, manatlıq əsginas və şüşə boru bir zərfə, mobil telefon isə digər zərfə qablaşdırılaraq götürülür. Üzəri möhürlənir və iştirakçılar tərəfindən imzalanır. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq, cinayət işinin materiallarında olan ekspert rəylərini də sübut növü kimi qəbul edir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş materialların məhkəmə ekspertizasının xx.xx.2024cü il tarixli, 3-16-16/2-6/5151 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində: “Azərbaycan Respublikası DİN Zərflər üçün №194” dairəvi möhür əksi, “şübhəli şəxs (imza) Fikrət” yazısı və imzalar olan zərfdəki 1 (bir) ədəd bükümdə təmiz çəkisi 0,339 qram ağ rəngli kristalşəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir, bir ədəd şüşə kolbanın içərisində və 1 manatlıq pul əskinazının üzərində metamfetaminə məxsus izlər aşkar edildi. İz şəklində olduğu üçün metamfetaminin təmiz çəkisini və bükümdəki metamfetaminlə eyni kimyəvi tərkibli olub-olmamasını müəyyən etmək mümkün deyildir. 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş siyahılara əsasən metamfetamin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”-in İ siyahısına daxildir. Qeyd: metamfetaminin təmiz çəkisi-0,339 qram, tədqiqata sərf edildi: 0,05 qram, qalıq-0,289 qram. İş materiallarında olan məhkəmə narkoloji ekspertizasının xx.xx.2025-ci il tarixli, 511 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs kannabinoidlərin və psixostimulyatorların qəbulu nəticəsində yaranan asıllıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Ekspertlərin rəyləri işin araşdırılmış halları ilə təsdiq olunduğu üçün məhkəmə tərəfindən sübut kimi qəbul olunmuşlar. İş materiallarında olan cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 06 noyabr 2024-cü il tarixdə şübhəli şəxs kimi tutulmuş, 08 noyabr 2024-cü il tarixdə barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilərək Suraxanı RPİ-nin MSY-dən azad edilmişdir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs götürülmüş ilkin çəkisi 0,339 qram olan, aparılmış kimyəvi tədqiqatından sonra qalıq çəkisi 0,289 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin maddi sübut kimi tanınmış və saxlanılması üçün Suraxanı RPİ-nin saxlama otağına təhvil verilmişdir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparıldığı video görüntüləri özündə əks etdirən 01 ədəd DVD-R formatlı disk maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan “toplanmış sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsinin əlamətləri olmadığından barəsində həmin xüsusat üzrə cinayət işinin başlanması rədd edilmiş və bu barədə material ayrılaraq Suraxanı rayon prokurorluğuna göndərilmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəllənin 33.1-ci maddəsinə görə hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Azərbaycan Respublikası CPM-nin 124.1-ci maddəsinə əsasən məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. CPM-nin 125.1-ci maddəsinə əsasən məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Həmin Məcəllənin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. CPM-nin 145.1-ci maddəsinə görə hər bir sübut mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli 8 saylı qərarının 4-cü bəndində göstərilmişdir ki, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsinin izahı Qanunun 1.0.9-cu maddəsində verilmişdir. Həmin maddənin mənasına görə, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozaraq hər hansı üsulla narkotik vasitələrə, psixotrop maddələrə və onların prekursorlarına yiyələnməyə yönəldilmiş hərəkətlər, məsələn, həmin vasitələrin (maddələrin) satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin (psixotrop maddənin, prekursorun) mənimsənilməsi, çətənə (kannabis) bitkisinin, xaşxaşın və ya 4 onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik maddələr olan bitkilərin yığılması narkotik vasitələrin, psixotrop maddələrin, onların prekursorlarının əldə edilməsi kimi təfsir edilməlidir. Məhkəmə Hökmü haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarına əsasən təqsirin sübuta yetirilmiş hesab edilməsi haqqında nəticəni CPM-in 351.3-cü maddəsi məhkəmənin bu Məcəllənin 346.1.1-346.1.6-cı maddələrində göstərilən məsələlərə təsdiqedici cavab verməsi, habelə CPM-in 351.3.1- 351.3.4-cü maddələrində təsbit edilən tələblərin hər biri nəzərə alındığı yəni, təqsirsizlik prezumpsiyası rəhbər tutulduğu, CPM-də nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihama baxıldığı və bu prosessual qaydalara riayət edilməklə nəticələr əldə edildiyi, o cümlədən məhkəmənin qənaəti məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslandığı, təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilinməyən şübhələr onun xeyrinə şərh edildiyi vəziyyətdə şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticəyə gələ bilməsi ilə şərtləndirmişdir. Azərbaycan Respublikası CPM-nin 124.2-ci maddəsinə əsasən cinayət prosesində aşağıdakılar sübut kimi qəbul olunur: 124.2.1. şübhəli, təqsirləndirilən və zərərçəkmiş şəxsin, şahidlərin ifadələri; 124.2.2. ekspertin rəyi; 124.2.3. maddi sübutlar; 124.2.4. istintaq və məhkəmə hərəkətlərinin protokolları; 124.2.5. digər sənədlər. Azərbaycan Respublikası CPM-nin 10.3-cü maddəsinə əsasən Azərbaycan Respublikası Konstitusiyasının və digər qanunlarının təfsiri cinayət prosesi iştirakçılarına o halda məcburidir ki, bu təfsir Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin qərarında verilmiş olsun. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi istintaq və məhkəmə hərəkətlərinin aparılması haqqında protokollar, sorğulara alınmış cavablar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər mötəbər sübutlarla təsdiq edilərək kifayət qədər sübuta yetirilmişdir. Azərbaycan Respublikası CM-in: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs əməlindən peşman olaraq təqsirini səmimi etiraf etməsini, ilk dəfə olaraq cinayət törətməsini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən ona təyin olunacaq cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur və o, törətdiyi əmələ görə təqsirli bilinib cəzalanmalıdır. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli üzrə təqsirli olması özünün etirafedici ifadəsi və şahidlərin ifadəsi ilə yanaşı məhkəmədə tədqiq edilən digər sübut növləri ilə tam sübuta yetirilmişdir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2003-cü il 25 iyun tarixli 4 saylı Qərarının 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyacı olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə ittiham və müdafiə tərəfini dinləyib, iş üzrə toplanmış sübutların cəminə qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirlidir. Onun əməli istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir. Odur ki, o, həmin cinayətin törədilməsinə görə cəzalandırılmalıdır. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması cəzasını təyin etməyi qanuni olmaqla, əsaslı və ədalətli hesab edir. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməli, Təqsirləndirilən şəxs 06 – 08 noyabr 2024-cü il tarixləri üzrə tutulduğu 02 (iki) gün Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmalı və ona qəti olaraq 02 (iki) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, cəzasının əvvəli yaşayış yeri üzrə probasiya qurumunda qeydiyyata alındığı vaxtdan hesablanmalı, Təqsirləndirilən şəxs üzərinə cəza çəkdiyi müddətdə daimi yaşayış yerini hər gün saat 23.00-dan növbəti gün saat 07.00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulmalı, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri hazırkı hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə tətbiq olunmalı və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalı, iş üzrə maddi sübut kimi tanınmış və Suraxanı Rayon Polis İdarəsində saxlanılan, müvafiq ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,289 qram təşkil edən, kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin məhv edilməli, iş üzrə maddi sübut kimi tanınmış 01 (bir) ədəd kompakt disk iş materiallarında saxlanılmalı, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 114 (yüz on dörd) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. Azərbaycan Respublikası CPM-nin 193.2 və 193.3-cü maddələrinə uyğun olaraq təqsirləndirilən Azərbaycan Respublikası CPM-nin 193.2 və 193.3-cü maddələrinə uyğun olaraq Təqsirləndirilən şəxs hüquqlarını məhkəmə istintaqı zamanı Vəkillər Kollegiyasının üzvü Müdafiəçi müdafiə etmişdir. Cinayət işinin materiallarından müəyyən olunur ki, vəkil Müdafiəçi təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 10 saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 nömrəli qərarının 1-ci bəndinə və həmin qərara dəyişiklik edilməsi haqqında 28 aprel 2025-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası CPM-nin 193.2-cü maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 11 manat məbləğində müəyyən edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-cı maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs 06 – 08 noyabr 2024-cü il tarixləri üzrə tutulduğu 02 (iki) gün Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablansın və ona qəti olaraq 02 (iki) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Cəzasının əvvəli yaşayış yeri üzrə probasiya qurumunda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə cəza çəkdiyi müddətdə daimi yaşayış yerini hər gün saat 23.00-dan növbəti gün saat 07.00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri hazırkı hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə tətbiq olunsun və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış və Suraxanı Rayon Polis İdarəsində saxlanılan, müvafiq ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,289 qram təşkil edən, kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış 01 (bir) ədəd kompakt disk iş materiallarında saxlanılsın. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 114 (yüz on dörd) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Vəkil Müdafiəçi Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsinə sərf etdiyi 10 (on) saata görə Azərbaycan Respublikasının dövlət büdcəsindən 110 (yüz on) manat tutularaq 9 saylı Vəkil Bürosunun hesablaşma hesabına (VÖEN **********, h/h **********9212327214, BANK ABB Suraxanı filialı, SWİF+GODE GBAZAZ2X, müxbir hesabı **********031, kod 805692, VÖEN BANK **********) ödənilsin. Həmin məbləğin qanunla müəyyən edilmiş qaydada və miqdarda vəkil Müdafiəçi ödənilməsi 9 saylı Vəkil Bürosuna həvalə edilsin. Hökmdən 20 gün müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hakim Namiq Kərimov
Məhkəmə qərarları › İş №1(010)-296/2025
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-296/2025
27.05.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver