Məhkəmə qərarları › İş №1(010)-298/2021

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-298/2021

10.11.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-298/2021 10.11.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ hakim Qədimov Ceyhun Tofiq oğlunun sədrliyi, Mazanov Kamran Ramazan oğlunun katibliyi, Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi iştirakı ilə xx xxxx 1976-cı ildə Naxçıvan Muxtar Respublikası, Şərur rayonu, Şahtaxtı kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, məhkumluğu olmayan, ünvan 1 ünvanı üzrə qeydiyyatda olan, ünvan 2ayan, barəsində «başqa yerə getməmək haqqında iltizam» növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs borclu kimi ondan 08 yanvar 2014-cü il tarixindən hesablanmaqla 03 avqust 2001-ci il təvəllüdlü Şahid1, 15 dekabr 2002-ci il təvəllüdlü X2 və 18 aprel 2005-ci il təvəllüdlü X1 yetkinlik yaşlarına çatanadək saxlanılması üçün hər ay hər bir uşağa görə 103 manat olmaqla, cəmi 309 manat sabit pul məbləğində alimentin tutularaq Zərərçəkmiş şəxs ödənilməsinə dair Suraxanı Rayon Məhkəməsinin 2(010)- 646/2014 nömrəli iş üzrə 05 fevral 2014-cü il tarixli, habelə qətnamənin qanuni qüvvəyə mindiyi gündən, yəni 04 aprel 2020-ci il tarixindən hesablanmaqla X2 və X1 yetkinlik yaşlarına çatanadək saxlanılması üçün hər ay hər bir uşağa görə 170 manat olmaqla, cəmi 340 manat sabit pul məbləğində alimentin tutularaq Zərərçəkmiş şəxs ödənilməsinə dair Suraxanı Rayon Məhkəməsinin 2(010)-1422/2020 nömrəli iş üzrə 04 mart 2020-ci il tarixli qanuni qüvvəyə minmiş qətnamələrinin icrası ilə bağlı icra məmurunun qanuni tələblərini üzrsüz səbəbdən yerinə yetirmədiyinə görə Suraxanı Rayon Məhkəməsinin 02 dekabr 2020-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 20 (iyirmi) gün müddətinə inzibati qaydada həbs olunduğuna və icra sənədindəki tələbi icra etməsi üçün ona icra məmuru tərəfindən 13 yanvar 2021-ci il və 01 fevral 2021-ci il tarixlərində məsuliyyəti elan olunmaqla rəsmi qaydada xəbərdarlıq edildiyinə baxmayaraq, cinayət təqibi başlanması məsələsinə baxılması üçün təqdimatın verildiyi 11 mart 2021-ci il tarixinədək ümumilikdə 27.199,00 manat miqdarında aliment borcunu tələbkara ödəməmiş, bu hərəkətləri ilə məhkəmənin yuxarıda göstərilən qanuni qüvvəyə minmiş qətnamələrini qərəzli olaraq icra etməmişdir. Təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs yuxarıda təsvir olunmuş cinayət əməlini törətməkdə özünü təqsirli bilərək qeyd etmişdir ki, 2000-ci ildə Eminova (Babayeva) Sədaqət Mehrəli qızı ilə ailə qurmuş, ümumi ailə münasibətlərindən 03 avqust 2001-ci ildə Şahid1, 15 dekabr 2002-ci ildə X5 və 18 aprel 2005-ci ildə X4 adlı uşaqları doğulmuşdur. Ailə münasibətləri alınmadığından Sədaqətlə 2013-cü ildə ayırılmışlar. Ayrıldıqdan sonra Sədaqət və uşaqları bir müddət onun ata evində qalmış, lakin özü evdən çıxdıqdan sonra qohumları ilə Sədaqət arasında narazılıqlar yarandığına görə Sədaqət də uşaqlarla birlikdə həmin evdən çıxmışlar. Beləliklə, ayrıldıqları vaxtdan etibarən uşaqlar Sədaqətin yanında qalıblar. Ayrı yaşadıqlarına baxmayaraq uşaqları ilə imkanı daxilində maraqlanırdı, Sədaqətə hər ay 200 manat civarında maddi yardım edirdi ki, uşaqları böyütsün. Daha sonra Sədaqət aliment tələbi ilə məhkəməyə müraciət etmiş və Suraxanı Rayon Məhkəməsinin 05 fevral 2014-cü il tarixli qətnaməsi ilə ondan uşaqlarının yetikinlik yaşlarına çatanadək saxlanılması üçün 08 yanvar 2014cü ildən başlayaraq hər ay hər bir uşaq üçün 103 manat olmaqla, hər ümumilikdə 309 manat məbləğində aliment tutulması qət edilmişdir. Sonradan Zərərçəkmiş şəxs aliment miqdarının artırılması üçün yenə də məhkəməyə müraciət etmiş və Suraxanı Rayon Məhkəməsinin 04 mart 2020-ci il tarixli qətnaməsi ilə ondan 15 dekabr 2002-ci il təvəllüdlü Əhməd Babayevin və 18 aprel 2005-ci il təvəllüdlü Günel Babayevanın yetkinlik yaşlarına çatanadək saxlanılması üçün hər ay hər uşaq üçün 170 manat olmaqla, hər ay ümumilikdə 340 manat aliment tutulması qət edilmişdir. Qeyd edir ki, maddi imkansızlığı üzündən alimenti ödəyə bilməyib. Bu səbəbdən Suraxanı Rayon Məhkəməsinin 02 dekabr 2020-ci il tarixli qərarına əsasən 20 gün müddətinə inzibati qaydada həbs edilmişdir. Bundan sonra 1 dəfə 200 manat mqdarında ödəniş edib. Bildirir ki, toplanmış aliment borcunu bir dəfə ödəmək imkanı yoxdur. Belə ki, yenidən ailə qurmuş və hazırda kirayədə yaşayır. Aylıq qazancı isə 400 – 500 manat civarındadır. Əməlindən peşmandır. Zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs bildirmişdir ki, 2000-ci ildə Təqsirləndirilən şəxs ilə ailə qurmuş, lakin nikahlarını bir qədər sonra rəsmiləşdirmişlər. Birgə ailə münasibətlərindən 03 avqust 2001-ci ildə Şahid1, 15 dekabr 2002-ci ildə X5 və 18 aprel 2005-ci ildə X4 adlı uşaqları doğulub. Ailə qurduqdan sonra bir neçə il ərzində normal yaşayıblar. Sonra təqsirləndirilən şəxsin ona xəyanət etdiyini öyrənmiş, aralarında narazılıqlar yaranmış və ailənin qorunub saxlanılması mümkün olmamışdır. Qeyd edir ki, ayırıldıqdan sonra Təqsirləndirilən şəxs ona uşaqlarını saxlaması üçün heç bir yardım göstərməmiş, bu səbəbdən məcburiyyət qarşısında qalıb aliment tələbi ilə məhkəməyə müraciət etmişdir. Beləliklə, Suraxanı Rayon Məhkəməsinin 05 fevral 2014-cü il tarixli qətnaməsinə əsasən Təqsirləndirilən şəxs uşaqların yetikinlik yaşına çatanadək saxlanılması üçün 08 yanvar 2014-cü ildən başlayaraq hər ay hər uşaq üçün 103 manat, cəmi isə 309 manat məbləğində alimentin tutulması qət edildi. Lakin Təqsirləndirilən şəxs maddi imkanı olduğu halda, lazımi maddi köməklik etmədi, heç bir aliment ödəmədi. Artıq bu vaxtadadək qızı Xədicə və oğlu Əhməd də böyüdülər. Oğlu hazırda həqiqi hərbi xidmətdədir. Aliment miqdarının artırılması üçün yenə də məhkəməyə müraciət etdi və Suraxanı Rayon Məhkəməsinin 04 mart 2020-ci il tarixli qətnaməsinə əsasən Təqsirləndirilən şəxs 15 dekabr 2002ci il təvəllüdlü Əhməd Babayevin və 18 aprel 2005-ci il təvəllüdlü Günel Babayevanın yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşaq üçün 170 manat, cəmi isə hər ay 340 manat alimentin ödənilməsi qət edildi. Lakin Təqsirləndirilən şəxs bundan sonra da heç bir ödəniş etmədi. Təqsirləndirilən şəxs alimenti qərəzli olaraq ödəmədiyi səbəbindən Suraxanı Rayon Məhkəməsinin 02 dekabr 2020-ci il tarixli qərarına əsasən inzibati qaydada 20 gün müddətinə həbs edildi. Bundan sonra Təqsirləndirilən şəxs cəmi 1 dəfə 200 manat ödəniş etdi. Ona məlumdur ki, Təqsirləndirilən şəxs barəsində cinayət məsuliyyətinə cəlb edilməsi üçün icra məmuru tərəfindən təqdimat verilən günə, yəni 11.03.2021-ci il tarixə kimi ödənilməmiş alimentin miqdarı 27.199,00 manat təşkil edir. Zərərçəkmiş şəxs təqsirləndirilən şəxsə qanunla nəzərdə tutulan cəza təyin olunmasını məhkəmədən xahiş edir. Şahid qismində dindirilmiş Şahid1 zərərçəkmiş şəxsin bildirdiklərinə uyğun məzmunlu ifadə vermişdir. Şahid qismində dindirilmiş Şahid2 bildirmişdir ki, Suraxanı rayon İcra şöbəsində icra məmuru vəzifəsində işləyir. Qeyd edir ki, Suraxanı Rayon Məhkəməsinin 2(010)-646/2014 nömrəli iş üzrə 05 fevral 2014-cü il tarixli qətnaməsinə əsasən borclu Təqsirləndirilən şəxs 03 avqust 2001-ci il təvəllüdlü Şahid1, 15 dekabr 2002-ci il təvəllüdlü X2 və 18 aprel 2005-ci il təvəllüdlü X1 yetkinlik yaşlarına çatanadək saxlanılması üçün hər ay 309 manat sabit pul məbləğində aliment alınaraq tələbkar Zərərçəkmiş şəxs verilməlidir. Bununla yanaşı, Suraxanı Rayon Məhkəməsinin 2(010)-1422/2020 nömrəli iş üzrə 04 mart 2020-ci il tarixli qətnaməsinə əsasən borclu Təqsirləndirilən şəxs 15 dekabr 2002-ci il təvəllüdlü X2 və 18 aprel 2005-ci il təvəllüdlü X1 yetkinlik yaşlarına çatanadək saxlanılması üçün hər ay 340 manat sabit pul məbləğində aliment alınaraq tələbkar Zərərçəkmiş şəxs verilməlidir. İcra sənədləri 18 mart 2014-cü il və 09 iyun 2020-ci il tarixlərində Suraxanı rayon İcra şöbəsinin icraatına daxil olmuş, icraata başlanılaraq bu barədə tərəflərə məlumat, həmçinin borclu Təqsirləndirilən şəxs icraata başlamaq haqqında qərarın surəti və tələbin könüllü icrası haqqında bildiriş göndərilmişdir. Lakin tələb müəyyən edilən müddətdə borclu tərəfindən könüllü icra edilmədi. Borc tələbinin məcburi icrası üçün görülən tədbirlər də nəticə vermədi. Borclu Təqsirləndirilən şəxs dəfələrlə alimentin ödənilməsi ilə bağlı xəbərdalıq olunmasına baxmayaraq uzun müddət ödəniş etmədi. İcra məmurunun qanuni tələbini yerinə yetirməməsi və icra sənədindəki tələbi üzrsüz səbəbdən icra etməməsi ilə bağlı borclu Babayev X3 Rayon Məhkəməsinin 02 dekabr 2020-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 20 gün müddətinə inzibati qaydada həbs edilmişdir. Bundan sonra borcluya tələbi icra etməsi üçün məsuliyyəti elan olunmaqla qanuna müvafiq olaraq yeni müddət verildi. Lakin borclu ona xəbərdarlıq edildiyinə baxmayaraq məhkəmənin qətnamələrini icra etməmişdir. 11 mart 2021-ci il tarixinə borclu Təqsirləndirilən şəxs ödənilməmiş aliment borcu 27.199 manat təşkil edirdi. Babayev X3 Rayon Məhkəməsinin 2(010)-646/2014 nömrəli iş üzrə 05 fevral 2014-cü il və 2(010)- 1422/2020 nömrəli iş üzrə 04 mart 2020-ci il tarixli qətnamələrini icra etmədiyi üçün barəsində cinayət təqibinin başlanması məsələsinə baxılması üçün Ədliyyə Nazirliyi İstintaq İdarəsinə təqdimat göndərilib. İşin məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid3 Şahid2 bildirdiklərinə uyğun məzmunlu ifadə vermişdir. Təqsirləndirilən şəxsin müvafiq cinayət əməlini törətməsi faktı zərərçəkmiş şəxsin və şahidlərin ifadələri ilə yanaşı iş üzrə toplanmış digər sübutlarla da təsdiq edilir. İş materialları ilə müəyyən olunur ki, Suraxanı Rayon Məhkəməsinin 2(010)- 646/2014 nömrəli iş üzrə qanuni qüvvəyə minmiş 05 fevral 2014-cü il tarixli qətnaməsinə əsasən borclu Təqsirləndirilən şəxs 03 avqust 2001-ci il təvəllüdlü Şahid1 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay sabit pul məbləğində 103 manat, 15 dekabr 2002-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay sabit pul məbləğində 103 manat və 18 aprel 2005-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay sabit pul məbləğində 103 manat olmaqla, hər ay sabit pul məbləğində cəmi 309 manat miqdarında aliment tələbkar Zərərçəkmiş şəxs xeyrinə tutulmalıdır. Qətnamə 11 mart 2014-cü ildə qanuni qüvvəyə minmiş, həmin tarixdə icra vərəqəsi verilərək icraya yönəldilmişdir. 27 mart 2014-cü ildə Suraxanı rayon İcra Şöbəsinin icra məmuru tərəfindən həmin icra vərəqəsi üzrə icraata başlamaq haqqında qərar qəbul edilib. Bundan başqa Suraxanı Rayon Məhkəməsinin 2(010)-1422/2020 nömrəli iş üzrə qanuni qüvvəyə minmiş 04 mart 2020-ci il tarixli qətnaməsinə əsasən Suraxanı Rayon Məhkəməsinin 05 fevral 2014-cü il tarixli qətnaməsinə əsasən müəyyən olunmuş alimentin miqdarı dəyişdirilməklə 15 dekabr 200-ci il təvəllüdlü X2, 18 aprel 2005-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün Təqsirləndirilən şəxs hər ay 170 manat sabit pul məbləğində aliment tutularaq tələbkar Zərərçəkmiş şəxs ödənilməlidir. Qətnamə 07 aprel 2020-ci ildə qanuni qüvvəyə minmiş, həmin tarixdə icra vərəqəsi verilərək icraya yönəldilmişdir. 09 iyun 2020-ci ildə Suraxanı rayon İcra Şöbəsinin icra məmuru tərəfindən həmin icra vərəqəsi üzrə icraata başlamaq haqqında qərar qəbul edilib. Suraxanı Rayon Məhkəməsinin 2(010)-646/2014 nömrəli iş üzrə 05 fevral 2014-cü il tarixli icra sənədi üzrə icraat zamanı borclu Təqsirləndirilən şəxs faktiki yaşayış yeri məlum olmadığına görə barəsində icra məmurunun 24 iyun 2014-cü il tarixli qərarı ilə axtarış elan olunub. Suraxanı Rayon Məhkəməsinin 27 avqust 2015-ci il tarixli 8(010)-1672/2015 nömrəli qərardadı ilə Suraxanı rayon İcra şöbəsinin icra məmurunun müvafiq məzmunlu təqdimatı təmin olunaraq Təqsirləndirilən şəxs ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmışdır. Suraxanı Rayon Məhkəməsinin 2(010)-646/2014 nömrəli iş üzrə 05 fevral 2014-cü il tarixli icra sənədi üzrə icraat zamanı borclu Təqsirləndirilən şəxs faktiki yaşayış yeri məlum olmadığına görə barəsində icra məmurunun 15 oktyabr 2020-ci il tarixli qərarı ilə axtarış elan olunub. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 02 dekabr 2020-ci ildə Suraxanı rayon İcra şöbəsinə gəlmiş, izahatı alınmışdır. Suraxanı Rayon Məhkəməsinin 02 dekabr 2020-ci il tarixli 3(010)-1763/2020 nömrəli qərarı ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinib 20 gün müddətinə inzibati həbs edilmişdir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 13 yanvar 2021-ci ildə Suraxanı rayon İcra şöbəsinə gəlmiş, izahatı alınmışdır. Suraxanı Rayon Məhkəməsinin 03 fevral 2021-ci il tarixli 8(010)-39/2021 nömrəli qərardadı ilə Təqsirləndirilən şəxs Suraxanı Rayon Məhkəməsinin 05 fevral 2014-cü il tarixli 2(010)-646/2014 saylı qətnaməsinin hissə-hissə icra edilməsinə dair ərizəsi təmin edilməmişdir. Təqsirləndirilən şəxs borcunu ödəmədiyinə görə barəsində cinayət təqibi başlanması üçün sənədlər toplanmış və aidiyyəti üzrə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə göndərilmişdir. Təqsirləndirilən şəxsin ödənilməmiş aliment borcu 11 mart 2021-ci il tarixinə 27.199 manat təşkil edir. Məhkəmə işin faktik hallarını nəzərə alaraq belə qənaətə gəlir ki, təqsirləndirilən şəxs qanuni qüvvəyə minmiş məhkəmə qətnamələrini qərəzli olaraq icra etmir. Məhkəmə ittiham və müdafiə tərəfini dinləyib məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Beləliklə, Təqsirləndirilən şəxs CM-nin 306.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması halı tam sübuta yetirilmişdir. Ona görə də Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə təqsirli bilinərək, ona həmin maddənin sanksiyası çərçivəsində cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs öz cinayətini səmimi etiraf etdiyini və peşman olduğunu iş üzrə cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. İş üzrə cəzanı ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə cəza təyin edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları və cəzanı ağırlaşdıran halın olmadığını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailə vəziyyətinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsinin sanksiyası daxilində müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 347 – 349, 351 – 353, 356, 358, 381, 383 – 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il 03 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli 10 noyabr 2021-ci ildən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» növündə qətimkan tədbiri dəyişdirilərək «həbs» növündə qətimkan tədbiri seçilsin və o, hazırkı hökm elan edildikdən dərhal sonra məhkəmə iclası zalında həbsə alınsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» növündə qətimkan tədbiri hazırkı hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmdən 20 gün müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən Ceyhun Qədimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar