Məhkəmə qərarları › İş №1(010)-298/2025

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-298/2025

11.06.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-298/2025 11.06.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Muradov Pərviz Namiq oğlunun sədrliyi, məhkəmə iclas katibi, Qənbərov Rüstəm İmamverdi oğlunun katibliyi ilə, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş X2 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində X4 üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx xxx 2000-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı (FİN:xxxxxxx), subay, orta təhsilli, günəmuzd fəhləliklə məşğul olan, məhkumluğu olmayan, əlilliyi olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, həmin ünvanda yaşayan, 14 fevral 2025-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 16 fevral 2025-ci il tarixdə “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs ibtidai istintaqda satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda psixotrop maddə-metamfetamini əldə edib üzərində saxlamaqla daşıması ilə bağlı ittiham elan edilmişdir. Belə ki, Təqsirləndirilən şəxs, satış məqsədi olmadan qanunsuz olaraq 14 fevral 2025-ci il tarixdə məlum olmayan mənbədən xeyli miqdarda təmiz çəkisi 0,509 qram kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamin alaraq əldə edib, üzərində saxlamaqla daşımış və 14 fevral 2025-ci il tarixdə, saat 17:33-də Suraxanı RPİ-nin 30-cu polis şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olduğu üçün ünvan 2 ünvanda saxlanılmış və üzərinə keçirilmiş baxış zamanı əynində olan boz rəngli cins şalvarın sağ yan cibindən 01 (bir) ədəd bükümdə təmiz çəkisi 0,509 qram kustar üsulla hazırlanmış psixotrop maddəmetamfetamin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsi aşağıdakı mötəbər sübutlarla kifayət qədər təsdiq olunmuşdur. Məhkəmə iclası zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə özünü tam təqsirli bilərək ifadəsində bildirmişdir ki, psixotrop maddə olan metamfetamindən istifadə etmişdir. Əvvəllər narkotik vasitələrin qanunsuz dövriyyəsinə görə məhkumluğu olmamışdır. Psixotrop maddə olan metamfetamindən yandırmaqla çəkərək istifadə etmişdir. Həmin psixotrop maddəni tanımadığı şəxslərdən bağlama yolu ilə əldə etmiş, sonuncu dəfə 14 fevral 2025-ci il tarixdə Əhmədli qəsəbəsində üzdən tanıdığı, lakin adını bilmədiyi şəxsdən 10 manat pul verərək götürmüşdür. 14 fevral 2025ci il tarixdə, saat 17:30 radələrində polis əməkdaşları əllərində kamera ilə ona yaxınlaşaraq özlərini təqdim edib hüquq və vəzifələrini izah etdikdən sonra, üzərində psixotrop maddə və ya narkotik vasitə olub-olmadığını maraqlanmışlar. Bu zaman o, əynində olan boz rəngli şalvarın sağ yan cibində istifadə etməsi məqsədilə əldə etdiyi 01 ədəd şəffaf sellofana bükülmüş psixotrop maddəni onlara təqdim etmişdir. Həmin bükümdə psixotrop maddə-metamfetamin olduğunu və istifadə etməsi üçün tanımadığı şəxsdən əldə etdiyini bildirmişdir. Bundan sonra, üzərindən aşkar edilmiş psixotrop maddə qablaşdırılmış və polis əməkdaşları ilə birlikdə, yaxınlıqda olan 30-cu polis şöbəsinə yaxınlaşmışlar. Orada təhqiqatçı tərəfindən üzərindən aşkar edilmiş bükülüyə yenidən baxış keçirilmiş və o da həmin bükümün ondan aşkar edildiyini bildirmişdir. Bundan sonra, aşkar edilmiş bükülü ekspertiza mərkəzinə təqdim edilməsi üçün qablaşdırılaraq götürülmüşdür. 30-cu polis şöbəsində və Suraxanı RPİ-nin MSY-də olan zaman ona qarşı hər hansı zorakılıq tətbiq edilməmişdir. Məhkəmə iclasında verilən suallara cavab olaraq bildirmişdir ki, polis idarəsində olduğu müddətdə ona qarşı polis əməkdaşları tərəfindən hər hansı psixi və ya fiziki zorakılıq tətbiq olunmamışdır. Psixotrop maddələrdən daimi istifadə etməmiş, cəmi 4-5 dəfə istifadə etmişdir. Törətdiyi əməldən peşmandır. Psixotrop maddələrin metamfetamin növündən istifadə etmişdir. Üzərindən aşkar olunan psixotrop maddə özünə məxsus olmuşdur. Narkomaniya xəstəliyindən müalicə almamışdır. Şahid1 və Şahid2 onu şübhəli şəxs qismində tutan polis əməkdaşları arasında olmuşdur. Tutulduqdan sonra isə ümumiyyətlə psixotrop maddə istifadə etməmişdir. X1 “Hərbi xidmətə görə”, “Vətən müharibəsi iştirakçısı”, “Kəlbəcərin azad olunmasına görə” medalları və veteran vəsiqəsinin surətlərini məhkəməyə təqdim etmişdir. Sonda isə qardaşının qazi olmasını, atasının vəfat etməsini, anası və qardaşı ilə birlikdə yaşamasını, ailəni dolandıran şəxs olmasını, özünü ona elan olunmuş ittiham üzrə tam təqsirli bilməsini və törətdiyi əməldən peşman olmasını qeyd edərək barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Suraxanı RPİ-nin 30-cu polis şöbəsinin əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, 14 fevral 2025-ci il tarixdə Təqsirləndirilən şəxs mütəmadi olaraq narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqla, hazırda ünvan 2 ünvanın yaxınlığında üstündə narkotik vasitə olması barədə məlumat alıb, dərhal həmin məlumatı RPİ-nin rəhbərliyinə məruzə edib, müvafiq sənədləşmə aparıldıqdan sonra, Suraxanı RPİ-nin 30-cu polis şöbəsinin sahə inspektoru, polis kapitanı Şahid2 və sahə inspektoru polis leytenantı Şahid3 ilə birlikdə, Təqsirləndirilən şəxs olduğu Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, C.Xanməmmədov küçəsinin yaxınlığına getmişlər. Həmin vaxt, yəni 14 fevral 2025-ci il tarixdə, saat 17:33 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, C.Xanməmmədov ünvanının yaxınlığında piyada hərəkət edən Təqsirləndirilən şəxs yaxınlaşıb özlərini təqdim etmişlər və ona narkotik vasitə qəbul etməsi barədə məlumatlarının olduğunu bildirib saxlanıldığı yerdə üzərinə videoçəkilişlə baxış keçiriləcəyini bildirmişlər. Həmin şəxs özünü Təqsirləndirilən şəxs kimi təqdim etmişdir. Özünü təqdim etdikdən sonra üzərinə baxış keçirilmişdir. Baxış keçirilməmişdən əvvəl Təqsirləndirilən şəxs üzərində qanunla qadağan olunmuş predmet və ya əşya olduğu halda, təqdim etməsini bildirmişlər. Təqsirləndirilən şəxs da üzərində bir büküm “patı” kimi tanıdığı psixotrop maddə metamfetamin olduğunu bildirmiş və əynində olan boz rəngli şalvarın sağ yan cibindən içərisində həmin bir ədəd bükümü çıxarıb təqdim etmişdir. Bundan sonra, onun üzərinə baxış keçirilmiş və üzərindən başqa heç bir əşya aşkar olunmamışdır. Həmin büküm açılaraq içinə baxıldıqdan sonra, ondan həmin bağlamanın içərisində nə olması barədə soruşulmuşdur. Təqsirləndirilən şəxs həmin 01 (bir) ədəd bükümdə “patı” kimi tanıdığı psixotrop maddə-metamfetamin olduğunu, həmin metamfetamini Bakı şəhəri, Xətai rayonu, Əhmədli metrosu yaxınlığında üzdən tanıdığı, lakin adını bilmədiyi şəxsdən 10 manat pul ödəyərək aldığını bildirmişdir. Bundan sonra, Təqsirləndirilən şəxs və aşkar edilmiş maddi sübut Suraxanı RPİ-nin 30-cu polis şöbəsinin inzibati binasına aparılmış və təhqiqatçı Vüqar İsizadəyə təhvil verilmişdir. Təqsirləndirilən şəxs polis şöbəsində şübhəli şəxs kimi tutularkən saat 19:15-də üzərinə baxış keçirildikdə yolda ondan götürdükləri psixotrop maddə-metamfetamini təqdim etmişlər. Bunlar barədə protokol yazılmış, həmin protokol onun və iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə iclasında verilmiş suallara cavab olaraq bildirmişdir ki, təqsirləndirilən şəxsə yaxınlaşdıqları zaman o tək olmuşdur. Təqsirləndirilən şəxs onlara qarşı müqavimət göstərməmiş, həmçinin ona qarşı hər hansı psixi və ya fiziki zorakılıq tətbiq olunmamışdır. Təqsirləndirilən şəxs psixotrop maddəni tanımadığı şəxsdən aldığını bildirdiyi üçün tədbir görülməmişdir. Əməliyyat məlumatının nə vaxt daxil olmasını dəqiq xatırlamır. İş üzrə şahid qismində dindirilmiş Suraxanı RPİ-nin 30-cu polis şöbəsinin sahə inspektoru, polis kapitanı Şahid2 və sahə inspektoru, polis leytenantı Şahid3 da ibtidai istintaqda verdiyi ifadələrini təsdiq etmiş, eyni məzmunlu ifadə verərək şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmiş olduğu xüsusatları bir daha təsdiq etmişlər. Şahid2 məhkəmə iclasında verilmiş suallara cavab olaraq bildirmişdir ki, təqsirləndirilən şəxsə yaxınlaşdıqları zaman o tək olmuşdur. Təqsirləndirilən şəxs onlara qarşı müqavimət göstərməmişdir. Təqsirləndirilən şəxsə qarşı hər hansı psixi və ya fiziki zorakılıq tətbiq olunmamışdır. Təqsirləndirilən şəxsin psixotrop maddəni aldığı mənbə ilə bağlı tədbir görülmüş, lakin nəticə əldə etmək mümkün olmamışdır. Təqsirləndirilən şəxsin narkotik vasitələrin satışı ilə məşğul olması barədə məlumat daxil olmamış, əməliyyat məlumatı istifadə ilə bağlı olmuşdur. Şahid3 məhkəmə iclasında verilmiş suallara cavab olaraq bildirmişdir ki, təqsirləndirilən şəxs onlara qarşı müqavimət göstərməmiş, həmçinin Təqsirləndirilən şəxs qarşı hər hansı psixi və ya fiziki zorakılıq tətbiq olunmamışdır. Təqsirləndirilən şəxsin psixotrop maddəni aldığı mənbə ilə bağlı tədbir görülüb-görülməməsi barədə məlumatı yoxdur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: ********* nömrəli cinayət işi 15 fevral 2025-ci il tarixdə Suraxanı RPİ-nin 30-cu polis şöbəsinin təhqiqatçısı, polis mayoru X5 tərəfindən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə Təqsirləndirilən şəxs barəsində başlanmışdır. (iş.v. 1) 14 fevral 2025-ci il tarixdə Suraxanı RPİ-nin 30-cu polis şöbəsinin əməliyyat müvəkkili, polis leytenantı Şahid1 tərəfindən təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında qərar qəbul edilmişdir. (iş.v. 5-6) 14 fevral 2025-ci il tarixli, əməliyyat-axtarış tədbirlərinin keçirilməsi, şübhəli şəxsin üstünün yoxlanması, baxış keçirilməsi və əşyaların götürülməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs (saxlanılan şəxs) 14 fevral 2025-ci il tarixdə, saat 17:33-də ünvan 2 ünvanın qarşısında piyada hərəkətdə olan zaman yaxalanmışdır. Yaxalanmış xx xxx 2000-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmayan, ünvan 3 ünvanında qeydiyyatda olmaqla, eyni ünvanda yaşayan Təqsirləndirilən şəxs yaxalanmasının səbəbləri barədə məlumat verilməklə ona tutulduğu andan müdafiəçiyə malik olmaq hüququ izah edilmiş, müdafiəçisinin olmadığını (və ya olduğunu), həmçinin müdafiəçi ilə təmin edilməsini tələb etmədiyini (və ya etdiyini) bildirmişlər. Yaxalanmış Təqsirləndirilən şəxs saxladığı hər hansı qanunsuz əşya varsa, təqdim etməsi təklif olunmuş və vətəndaş Təqsirləndirilən şəxs əynində olan açıq boz rəngli cins şalvarın sağ yan cibindən 01 (bir) ədəd şəffaf sellofana bükülmüş bükümü təqdim edərək həmin kütlənin psixotrop maddə-metamfetamin (patı) olduğunu və Əhmədlidə tanımadığı şəxsdən 10 manata əldə etdiyini bildirmişdir. Yaxalanmış Təqsirləndirilən şəxs aşkar edilmiş şəffaf sellofan paketdə olan ağ rəngli kristal hissəciklərdən ibarət olan spesifik iyə malik kütlənin, eyni zamanda elektron tərəzidə ölçülərkən 0,63 qram çəkidə olması müəyyən edilmişdir. (iş,v. 10) “Təqdim olunan əşyaya baxış keçirilməsi və götürmə haqqında” 14 fevral 2025-ci il tarixli protokoldan görünür ki, Suraxanı RPİ-nin 30-cu polis şöbəsində Təqsirləndirilən şəxs şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitələri və psixotrop maddələri əldə edib Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi ərazisində üzərində gəzdirməsində şübhəli bilindiyi üçün, 14 fevral 2025-ci il tarixdə, saat 17:33 dəqiqədə ünvan 4 ünvanın qarşısında piyada hərəkətdə olan zaman saxlanılaraq üstü yoxlanılmış, üzərindən 01 ədəd bükümdə psixotrop maddə metamfetaminə bənzər sellofan paketə bükülmüş bükümün Təqsirləndirilən şəxs götürülməsi raportda qeyd olunmuş və aidiyyəti üzrə təqdim olunmuşdur. Təqdim olunan 01 (bir) ədəd ağ rəngli kağıza bükülmüş bükümə və DVD-yə baxış keçirilmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş yazılı zərfdən 01 (bir) ədəd bükümdə, ağ kiristal psixotrop maddə metamfetaminə bənzər maddə aşkar olunmuşdur. Sonra, həmin maddə yenidən qablaşdırılıb möhürlənmişdir. Daha sonra 01 ədəd DVD-yə kompüterdə baxış keçirilmişdir. DVD-də olan görüntülərdə Təqsirləndirilən şəxs təhqiqata təqdim olunan psixotrop maddə metamfetaminə bənzər kütlənin aşkar olunması barədə bildirilməsi əksini tapmışdır. (iş.v. 11) Məhkəmə iclasında əməliyyat-axtarış tədbirlərinin keçirilməsi, şübhəli şəxsin üstünün yoxlanması, baxış keçirilməsi və əşyaların götürülməsi və təqdim olunan əşyaya baxış keçirilməsi və götürmə barədə olan 02 ədəd diskə baxış keçirilərək tədqiq edilmişdir. Əməliyyat-axtarış tədbirlərinin videogörüntüsünü əks etdirən diskdən müəyyən olunur ki, 14 fevral 2025-ci il tarixdə, saat 17:33-də, Bakı şəhəri Suraxanı RPİ-nin 30-ci polis şöbəsinin əməliyyat müvəkkili, polis leytenantı Şahid1, şöbənin sahə inspektorları, polis kapitanı Şahid2 və polis leytenantı Şahid3 alınmış məlumat əsasında narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olan Təqsirləndirilən şəxs saxlanılması üçün əməliyyataxtarış tədbirlərinə başlayır və Suraxanı rayonu, Hövsan qəsəbəsi, C.Xanməmmədov küçəsi nömrəsiz ünvanda hərəkətdə olan zaman 14 fevral 2025-ci il tarixdə, saat 17:33 dəqiqədə yaxınlaşıb özlərini təqdim edərək, onun narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirərək, üzərində qanunla gəzdirilməsi qadağan edilmiş əşya və ya predmet varsa, könüllü olaraq təqdim etməsini təklif edir. Bundan sonra, Təqsirləndirilən şəxs üzərində olan boz rəngli şalvarın sağ yan cibindən 01 ədəd bükümdə psixotrop maddə-metamfetamini çıxarıb təqdim edir, təqdim etdiyi bükümün içərisində nə olması soruşulduqda isə bükümün içərisində patı kimi tanıdığı psixotrop maddə metamfetamin olduğunu, 10 manata üzdən tanıdığı, lakin adını bilmədiyi vətəndaşdan Əhmədli metrosu yaxınlığında alaraq istifadə etməsi məqsədilə üzərində saxladığını bildirir. Bundan sonra, aşkar edilmiş bükülü tərəzi vasitəsilə çəkilir, qablaşdırılır və Təqsirləndirilən şəxs üzərinə əlavə baxış zamanı heç bir yad əşya aşkar edilmir. Bundan sonra digər diskdə isə, təhqiqatçının otağında təqdim olunan 01 (bir) ədəd zərfə və 01 (bir) ədəd DVD diskə baxış keçirilmişdir. 14 fevral 2025-ci il tarixdə Suraxanı RPİ-nin 30-cu polis şöbəsinin inzibati binasında təhqiqatçı, polis mayoru Vüqar İsizadənin xidməti iş otağında şöbənin əməliyyat müvəkkili, polis leytenantı Şahid1, sahə inspektorları, polis kapitanı Şahid2 və polis leytenantı Şahid3 iştirakı ilə təqdim etdikləri zərfə baxış keçirilir və həmin zərfdə 01 ədəd büküm psixotrop maddə metamfetamin aşkar edilir. Həmin büküm yenidən zərfə qoyulur və 195 saylı möhürlə möhürlənərək götürülür. Məhkəmə fiziki-kimyəvi ekspertizasının 15 fevral 2025-ci il tarixli, 6/703 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “...Təqsirləndirilən şəxs...” sözləri olan zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 0,509 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamindir. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr"-in siyahısına (Siyahı İ) daxildir. Qeyd: 1) Metamfetaminin təmiz çəkisi – 0,509 qram, tədqiqata sərf edildi - 0,05 qram, qalıq – 0,459 qram. Aparılmış tədqiqatın dəyəri 81 manat təşkil etmişdir. (iş.v. 37-39) Məhkəmə ambulator narkoloji ekspertizasının 18 fevral 2025-ci il tarixli, 953 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs psixostimulyatorların qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji tibbi müəssisəsində dispanser qeydiyyata alınması məsləhət görülür. (iş.v. 92-93) Suraxanı RPİ-nin İŞ-nin 24 fevral 2025-ci il tarixli əməliyyat tapşırığına Suraxanı RPİnin 30-cu polis şöbəsi tərəfindən ünvanlanan 03 mart 2025-ci il tarixli cavab məktubundan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş psixotrop maddə-metamfetamini hansı mənbədən əldə etməsi istiqamətində keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində müsbət nəticə əldə etmək mümkün olmamış, Təqsirləndirilən şəxs narkotik vasitələrinin satışı ilə məşğul olması barədə heç bir məlumat daxil olmamış və bundan başqa, hər hansı cinayət əməli törətməsi müəyyən olunmamışdır. (iş.v. 78-79, 91) 11 mart 2025-ci il tarixli “cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, xalis çəkisi 0,509 qram, tədqiqatdan sonra qalıq qalmış 0,459 qram olan psixotrop maddə-metamfetaminin cinayət işi üzrə maddi sübut kimi tanınmış və Suraxanı rayon Polis İdarəsinin maddi sübutların saxlanc yerinə təhvil verilmişdir. Təqsirləndirilən şəxs 16 fevral 2025-ci il tarixli qərarla Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan olunmuş ittiham və barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilmədən öz qüvvəsində saxlanılmışdır. Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş psixotrop maddə-metamfetaminin mənbəyinin müəyyən edilməsi üçün cinayət işindən material ayrılmışdır. Təqsirləndirilən şəxs 14 fevral 2025-ci il tarixdə təmiz çəkisi 0, 509 qram olan psixotrop maddə metamfetamini könüllü olaraq təqdim etməsinə görə ona Azərbaycan Respublikası CM-nin 234-cü maddəsinin Qeydinin 1-ci bəndi tətbiq edilməmişdir. (iş.v. 95-100) Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmənin aparılması zamanı çəkilmiş videogörüntüləri özündə əks etdirən 01 (bir) ədəd CD diskin maddi sübut qismində tanınaraq cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınmışdır. (iş.v. 105-113) CPM-nin 128.1-ci maddəsinə əsasən öz xüsusiyyətinə və əlamətlərinə, mənşəyinə, aşkar edildiyi yerə və vaxtına və ya üzərində hadisənin izlərinin saxlanıldığına görə cinayət təqibi üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsinə kömək edən hər bir əşya maddi sübut hesab edilə bilər. Əşya cinayət prosesini həyata keçirən orqanın qərarı ilə maddi sübut hesab edilir. Təhqiqatçı tərəfindən ona təqdim olunan 01 (bir) ədəd zərfə və 01 (bir) ədəd DVD diskə baxış keçirilməsi videogörüntüsünü əks etdirən 01 ədəd disk maddi sübut qismində tanınmalı və iş materiallarına əlavə edilməlidir. Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 14 fevral 2025-ci il tarixdə, saat 19:15-də şübhəli şəxs qismində tutulmuş, saat 17:45-dən hüquqları məhdudlaşdırılmış hesab edilmiş, 16 fevral 2025-ci il tarixdə, saat 10:00-da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddə ilə nəzərdə tutulan ittiham elan edilmiş, həmin tarixli qərarla, müstəntiq tərəfindən barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmişdir. (iş.v. 27, 50-51, 74- 75) Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin sorğusuna Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhər Probasiya İdarəsi tərəfindən cavab olaraq göndərilmiş məktubdan görünür ki, Gəncə Hərbi Məhkəməsinin 17 fevral 2020-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-in 335.1-ci maddəsinə əsasən təqsirli bilinərək 300 manat məbləğində cərimə cəzasına məhkum edilmiş Təqsirləndirilən şəxs təyin edilmiş cərimə məbləğini tam ödədiyi üçün 12 may 2020-ci il tarixdə qeydiyyatdan çıxarılmışdır. İş materiallarına Təqsirləndirilən şəxs X1 “Hərbi xidmətə görə”, “Vətən müharibəsi iştirakçısı”, “Kəlbəcərin azad olunmasına görə” medalları, Azərbaycan Respublikası medalının vəsiqələri və veteran vəsiqəsinin surətləri əlavə edilmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəllənin 33.1-ci maddəsinə görə hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. CPM-nin 124.1-ci maddəsinə əsasən məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. CPM-nin 125.1-ci maddəsinə əsasən məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Həmin Məcəllənin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. CPM-nin 145.1-ci maddəsinə görə hər bir sübut mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, o cümlədən şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq, cinayət işinin materiallarında olan ekspert rəylərini, sorğulara alınmış cavabları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da sübut növü kimi qəbul edir. Cinayət Prosessual Məcəllənin 25.3-cü maddəsinə görə hakimlər cinayət işlərini və ya cinayət təqibi ilə bağlı digər materialları məhkəmə iclasında cinayət prosesi tərəflərinin təqdim etdikləri sübutların tədqiqinə əsaslanan öz daxili inamı və hüquq düşüncəsi ilə həll edirlər. Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 28 iyun 2005-ci il tarixli “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün, hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrıayrılıqda birdəfəlik istehlakı həcminə əsasən müəyyən edilir. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıları Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilir. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli 961-İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları”nın İİ siyahının 67-ci qrafasına əsasən 0,15 qram psixotrop maddə metamfetamin şəxsi istehlak miqdarından artıq miqdar hesab olunur. Cinayət işinin materiallarından göründüyü kimi, iş üzrə Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş psixotrop maddə-metamfetaminin ümumi təmiz çəkisi 0,509 qram təşkil etmişdir ki, qeyd olunan siyahıya əsasən, həmin miqdar Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edir. Azərbaycan Respublikası CPM-nin 10.3-cü maddəsinə əsasən Azərbaycan Respublikası Konstitusiyasının və digər qanunlarının təfsiri cinayət prosesi iştirakçılarına o halda məcburidir ki, bu təfsir Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin qərarında verilmiş olsun. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarında qeyd edilir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əməllərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olubolmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Cinayət Məcəlləsinin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin törədilməsi cinayət məsuliyyəti yaradır. Cinayət Məcəlləsinin 27.1-ci maddəsinə əsasən şəxs tərəfindən törədilmiş əməldə (hərəkət və ya hərəkətsizlikdə) bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətləri mövcuddursa, cinayət başa çatmış hesab olunur. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli 8 nömrəli qərarında göstərilmişdir ki, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsinin izahı “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu maddəsində verilmişdir. Həmin maddənin mənasına görə, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozaraq hər hansı üsulla narkotik vasitələrə, psixotrop maddələrə və onların prekursorlarına yiyələnməyə yönəldilmiş hərəkətlər, məsələn, həmin vasitələrin (maddələrin) satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin (psixotrop maddənin, prekursorun) mənimsənilməsi, çətənə (kannabis) bitkisinin, xaşxaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik maddələr olan bitkilərin yığılması narkotik vasitələrin, psixotrop maddələrin, onların prekursorlarının əldə edilməsi kimi təfsir edilməlidir. Törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.8-ci maddəsində narkotik vasitənin və ya psixotrop maddənin, istərsə də prekursorların şəxsin özündə, o cümlədən bilavasitə üzərində (çantasında, paltarında, daxilində gizlətməklə və s.) nəqliyyat vasitələri ilə və ya nəqliyyat vasitələrinə aid olmayan digər daşıma vasitələrindən istifadə etməklə yerinin dəyişdirilməsi üzrə hərəkətlər onların daşınması kimi qiymətləndirilir. Həmin Qanunun 1.0.10-cu maddəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanmasının izahı verilmişdir. Həmin maddənin mənasına görə narkotik vasitələri və psixotrop maddələri saxlama, bu maddələrin saxlanılması yerindən və müddətindən asılı olmayaraq, onlara qanunsuz surətdə faktiki malik olma deməkdir. Təqsirli şəxsin narkotik vasitələri və ya psixotrop maddələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. Narkotik vasitələri və ya psixotrop maddələri qanunsuz olaraq başqa şəxsdən əmanət kimi saxlamaq üçün qəbul etmiş şəxs də bu maddələri saxlamağa görə məsuliyyət daşımalıdır. Narkotik vasitələri və ya psixotrop maddələri qanunsuz olaraq saxlama uzanan cinayət olmaqla şəxs özü əməllərinə son verdiyi (məsələn, könüllü gəlib təqsirini boynuna aldığı) və yaxud onun iradəsindən asılı olmayaraq əmələ son verildiyi, məsələn, qeyd olunan əməllə əlaqədar keçirilən əməliyyat-axtarış tədbirinin gedişində yaxalandığı andan cinayət başa çatmış hesab edilir. Odur ki, bu əməl üzrə istintaq və məhkəmə aidiyyəti məsələsi həmin hallar, yəni o cümlədən cinayətin əməliyyat-axtarış tədbirinin gedişində şəxsin saxlanılıb müvəkkil edilmiş şəxsin nəzarəti altına keçməsi anında və yerində başa çatmış olması nəzərə alınmaqla həll edilməlidir. Hazırki iş üzrə Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən saxlanıldığı yer ünvan 2 ünvandır. Cinayət Prosessual Məcəllənin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Cinayət Prosessual Məcəllənin 44-cü maddəsinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. CPM-nin 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız bu Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən (hakim tərəfindən baxıldıqdan) sonra müşavirə otağında çıxarılır. CPM-in 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmə araşdırmasının yekunu olaraq müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs, satış məqsədi olmadan qanunsuz olaraq 14 fevral 2025-ci il tarixdə istintaqa məlum olmayan mənbədən xeyli miqdarda təmiz çəkisi 0,509 qram kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamin alaraq əldə edib, üzərində saxlamaqla daşımış və 14 fevral 2025-ci il tarixdə, saat 17:33-da Suraxanı RPİ-nin 30-cu polis şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olduğu üçün ünvan 2 ünvanda saxlanılmış və üzərinə keçirilmiş baxış zamanı əynində olan boz rəngli cins şalvarın sağ yan cibindən 01 (bir) ədəd bükümdə təmiz çəkisi 0,509 qram kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun ibtidai istintaqda və məhkəmə istintaqında verdiyi etirafedici ifadələri, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertiza rəyləri, istintaq və məhkəmə hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən və məhkəmədə tədqiq edilmiş digər mötəbər sübutlarla təsdiq edilərək kifayət qədər sübuta yetirilmişdir. Cinayət Prosessual Məcəllənin 8-ci maddəsinə əsasən cinayət mühakimə icraatının vəzifələri sırasına şəxsiyyəti, cəmiyyəti və dövləti cinayətkar qəsdlərdən qorumaq; cinayət törətmiş şəxsləri ifşa və cinayət məsuliyyətinə cəlb etmək; cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirmək aid edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. CM-nin 15-ci maddəsinə əsasən CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməli az ağır cinayətlər kateqoriyasına aid edilir. Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş məhkumluqla tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Gəncə Hərbi Məhkəməsinin 17 fevral 2020-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-in 335.1-ci maddəsinə əsasən təqsirli bilinərək 300 manat məbləğində cərimə cəzasına məhkum edilmişdir. Lakin Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin sorğusuna Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhər Probasiya İdarəsi tərəfindən cavab olaraq göndərilmiş məktubdan görünür ki, Təqsirləndirilən şəxs təyin edilmiş cərimə məbləğini tam ödədiyi üçün 12 may 2020-ci il tarixdə qeydiyyatdan çıxarılmışdır. Azərbaycan Respublikası CM-in 83.3.2-ci maddəsinə əsasən azadlıqdan məhrum etməyə nisbətən daha yüngül cəzaya məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən bir il keçdikdə məhkumluq ödənilmiş hesab edilir. Odur ki, Təqsirləndirilən şəxs 12 may 2020-ci il tarixdə cəriməni tam ödədiyinə görə qeydiyyatdan çıxarıldığdan və hazırki iş üzrə cinayət əməlini 14 fevral 2025-ci il tarixdə törətdiyindən hazırda məhkumluğu olmayan şəxs hesab olunur. (iş.v. 80-81) Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs törətdiyi əməldən səmimi peşman olması və qardaşının Vətən müharibəsi iştirakçısı olmaqla, qazi olması, medallarla təltif olunması, qardaşı qazi olduğu üçün ailəsinə özünün işləyib baxması CM-nin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi müəyyən edilmişdir. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs əməlində CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Konstitusiyanın 71-ci maddəsinin İİ hissəsinə görə, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Hər kəsin hüquq və azadlıqları bu Konstitusiyada və qanunlarda müəyyən edilmiş əsaslarla, habelə digərlərinin hüquq və azadlıqları ilə məhdudlaşır. Hüquq və azadlıqların məhdudlaşdırılması dövlət tərəfindən gözlənilən nəticəyə mütənasib olmalıdır. Cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Cinayət törədən şəxs barəsində humanizm prinsipi təqsirkara nisbətən yüngül cəza növünü seçmək və tətbiq etməklə cəzanın məqsədinə nail olmanı nəzərdə tutur. Ədalətli cəzanın təyin edilməsi ilk öncə cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. CM-nin 52-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid edilmədən yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Azadlığın məhdudlaşdırılması cəzası altı aydan beş ilədək müddətə təyin edilir. Cəzaların İcrası Məcəlləsinin 51-3.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəza məhkumun yaşayış yeri üzrə çəkilir. 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanır. CPM-nin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə aşağıdakılar daxildir: 1-tutulduğu və həbsdə saxlanıldığı müddət, 2-ev dustaqlığında saxlanıldığı müddət, 3-məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət. Cəzaların İcrası Məcəlləsinin 8.1-ci maddəsinə əsasən məhkumların islah edilməsionlarda qanuna itaətin həvəsləndirilməsi, insana, cəmiyyətə, əməyə, birgəyaşayış qayda və ənənələrinə hörmət və ehtiramın formalaşdırılmasıdır. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamına əsasən ibtidai istintaq və məhkəmə icraatı zamanı böyük ictimai təhlükə törətməyən və az ağır cinayətlərə görə azadlıqdan məhrum etmənin dinamikasının artması məhkumların sayının çoxalmasına və penitensiar müəssisələrin yüklənməsinə səbəb olur. Məhkəmələr tərəfindən cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi öz əksini tapmışdır. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində CM ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 nömrəli Qərarına əsasən məhkəmələrə izah edilsin ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalıdır. Məhkəmə Hökmü haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarının 459-ci bəndinə əsasən məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. Məhkəmə ittiham və müdafiə tərəfini, şahidləri dinləyib, iş üzrə toplanmış sübutların məcmusuna yekun hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirlidir. Onun əməli ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları və ağırlaşdıran halın olmamasını, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması cəzasını təyin etməyi qanuni olmaqla, əsaslı və ədalətli hesab edir. CM-nin 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydası və şərtləri, habelə narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi Qaydaları ilə bağlı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 9 fevral tarixli 39 nömrəli qərarının İİ hissəsinin birinci bəndinə əsasən narkomanlıq xəstəliyinə düçar olmuş şəxslərə məcburi müalicənin tətbiqinin məqsədi hüquq pozuntularının törədilməsinə səbəb olan həmin xəstəliyin müalicəsi, xəstəyə psixoloji təsir göstərməklə onun insan psixikasına təsir göstərən maddələrin suiistifadəsinin zərərli nəticələrinə inandırılması, narkomanlıq xəstəliyinə düçar olmuş xəstənin ixtisaslaşdırılmış tibbi yardım və sosial qayğı göstərməklə normal həyat tərzinə qaytarılması, onun səhhətinə vurulan ziyanın, habelə gələcəkdə insan psixikasına təsir göstərən maddələrin sui-istifadəsinə və digər şəxslərə qarşı törədilə biləcək hüquqa zidd hərəkətlərin qarşısının alınmasıdır. Həmin Qaydaların 4.2-ci bəndinə əsasən narkoloji-tibb müəssisəsində məcburi müalicədə olan narkomanlıq xəstəliyinə düçar olmuş şəxslər aşağıdakı hallarda məcburi müalicədən vaxtından əvvəl azad edilirlər: 4.2.1. narkoloji-tibb müəssisəsində qalmasına maneçilik törədən ağır xəstəliyə düçar olduqda; 4.2.2. narkomanlıq xəstəliyinə görə müalicənin başlanması vaxtından azı 6 ay keçdikdən sonra müalicənin davam etdirilməsinə olan zərurət aradan qalxdıqda. Beləliklə, məhkəmə araşdırmanın yekunu olaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək ona azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğu müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmalı və ona qəti olaraq azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, cəzasının əvvəli yaşayış yeri üzrə probasiya qurumunda qeydiyyata alındığı vaxtdan hesablanmalı, Təqsirləndirilən şəxs üzərinə cəza çəkdiyi müddətdə daimi yaşayış yerini hər gün saat 21:00-dan növbəti gün saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq və narkomaniyadan müalicə kursu keçmək vəzifələri qoyulmalı, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri hazırki hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə tətbiq olunmalı və o, ərazi narkoloji tibb müəssisəsində dispanser qeydiyyatına alınmalı, iş üzrə maddi sübut kimi tanınmış və Suraxanı Rayon Polis İdarəsinin saxlanc yerində saxlanılan, müvafiq ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,459 qram təşkil edən, kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, iş üzrə maddi sübut kimi tanınmış 01 (bir) ədəd CD disk cinayət işi materiallarında saxlanılmalı, maddi sübuta baxış keçirilməsi barədə protokolu əks etdirən 01 ədəd disk maddi sübut qismində tanınmalı və cinayət işi materiallarında saxlanılmalı, iş üzrə məhkəmə məsrəfi olaraq keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 81 (səksən bir) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. CM-in 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99- 1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Azərbaycan Respublikası CPM-nin 193.2 və 193.3-cü maddələrinə uyğun olaraq Təqsirləndirilən şəxs hüquqlarını məhkəmə istintaqı zamanı Vəkillər Kollegiyasının üzvü Müdafiəçi müdafiə etmişdir. Cinayət işinin materiallarında olan arayışdan müəyyən olunur ki, müdafiəçi təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 10 saat vaxt sərf etmişdir. CPM-nin 197.1.5-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, cinayət prosesini həyata keçirən orqan tərəfindən təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği məhkəmə məsrəflərinə aiddir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2025-ci il tarixli, 141 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 11 manat miqdarında əmək haqqı ödənilməlidir. Buna görə də məhkəmə hesab edir ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs, məhkəmədə dövlət hesabına göstərdiyi pulsuz hüquqi yardıma görə 10 iş saatı üçün 110 manat məbləğində vəsait müdafiəçisi Bakı şəhəri 9 saylı vəkil bürosunun vəkili Müdafiəçi ödənilməsi üçün Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Bakı şəhəri 9 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək ona 02 il 09 ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs 14 fevral 2025-ci il tarixdən 16 fevral 2025-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablansın və ona qəti olaraq 02 il 08 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Cəzasının əvvəli yaşayış yeri üzrə probasiya qurumunda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə cəza çəkdiyi müddətdə daimi yaşayış yerini hər gün saat 21:00-dan növbəti gün saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq və narkomaniyadan müalicə kursu keçmək vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri hazırkı hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə tətbiq olunsun və o, ərazi narkoloji tibbi müəssisəsində dispanser qeydiyyatına alınsın. İş üzrə maddi sübut kimi tanınmış və Suraxanı Rayon Polis İdarəsinin saxlanc yerində saxlanılan, müvafiq ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,459 qram təşkil edən, kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə (əməliyyat axtarış tədbirlərinin keçirilməsi, şübhəli şəxsin üstünün yoxlanılması, baxış keçirilməsi və əşyaların götürülməsi) barədə protokolu əks etdirən maddi sübut kimi tanınmış 01 (bir) ədəd CD disk cinayət işi materiallarında saxlanılsın. Maddi sübuta baxış keçirilməsi barədə protokolu əks etdirən 01 ədəd disk maddi sübut qismində tanınsın və cinayət işi materiallarında saxlanılsın. İş üzrə məhkəmə məsrəfi olaraq keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 81 (səksən bir) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Müdafiəçi Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsinə sərf etdiyi 10 saata görə Azərbaycan Respublikasının dövlət büdcəsindən 110 manat tutularaq 9 saylı Vəkil Bürosunun hesablaşma hesabına (VÖEN**********, h/n AZ80İBAZ********************, BANK ABB Suraxanı filialı, SWİFT+CODE İBAZAZ2X, müxbir hesabı AZ03NABZ********************, kod 805692, VÖEN BANK **********) ödənilsin. Həmin məbləğin qanunla müəyyən edilmiş qaydada və miqdarda müdafiəçiyə ödənilməsi 9 saylı Vəkil Bürosuna həvalə edilsin. İş üzrə mülki iddianın və xüsusi müsadirənin olmaması nəzərə alınsın. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, qanunda nəzərdə tutulmuş müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakim Pərviz Muradov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar