Məhkəmə qərarları › İş №1(010)-30/2022

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-30/2022

16.05.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-30/2022 16.05.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ hakim Qədimov Ceyhun Tofiq oğlunun sədrliyi, Mazanov Kamran Ramazan oğlunun katibliyi, Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, təqsirləndirilən şəxsin müdafiəçiləri Müdafiəçi2 və Müdafiəçi1 iştirakı ilə xx xxxxxx 1987-ci ildə Vartaşen şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, Azərbaycan Respublikası Dövlət Neft Şirkətində (SOCAR) sürücü işləyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanı üzrə qeydiyyatda olan, Bakı şəhəri, Xətai rayonu, X.Məmmədov küçəsində yerləşən evdə kirayədə yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 10 iyun 2021-ci ildə saat 17:30 radələrində ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə gələrək keçmiş arvadı Zərərçəkmiş şəxs həmin gün saat 13 radələrində evin həyətindəki zibil qabından üzərində sperma ləkələri olan salfetka tapdığını bildirmiş, bununla bağlı aralarında yaranmış münaqişə zəminində Zərərçəkmiş şəxs bir neçə dəfə əl və ayaq zərbələri ilə qəsdən vuraraq sonuncuya sağlamlığın qısa müddətə pozulmasına səbəb olan və sağlamlığa yüngül zərər vurma kimi qiymətləndirilən xəsarətlər yetirmişdir. Təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs yuxarıda təsvir olunmuş cinayət əməlini törətməkdə özünü təqsirli bilməyərək qeyd etmişdir ki, Zərərçəkmiş şəxs ilə 2011-ci ildə evlənmiş və ümumi ailə münasibətlərindən iki qız uşağı doğulmuşdur. Lakin Amirə ilə ilk vaxtlarda ailə münasibətləri normal olduğuna baxmayaraq, sonradan aralarında problemlər yaranmağa başlamış, ailə münasibətləri o, dərəcədə kəskinləşmişdir ki, 2018-ci ildə boşanmışlar. Boşandıqdan sonra uşaqlar zərərçəkmiş şəxsin yanında – ünvan 1 ünvanında qalırlar. Özü isə Bakı şəhəri, Xətai rayonu, X.Məmmədov küçəsində yerləşən evdə kirayədə yaşayır. Buna baxmayaraq bəzi əşyaları ünvan 1 ünvanında qalmışdır. Ona görə də arada bir həm uşaqlarını görmək, həmçinin zəruri əşyalarını götürmək üçün yuxarıda göstərilən ünvana gedib-gəlirdi. Lakin hər dəfə gedəndə Amirə onunla mübahisə yaratmağa çalışır. Daha əvvəllər də aralarında münaqişə yaranmış, bununla əlaqədar barəsində Suraxanı Rayon Məhkəməsi tərəfindən 22 iyun 2018-ci ildə ittiham hökmü çıxarılmışdır. 10 iyun 2021-ci ildə saat 15 radələrində yenə də uşaqlarını görmək üçün ünvan 1 ünvanına getmiş, lakin evin çöl darvazasını üzərində olan açarla açsa da, evin qapısını uşaqlar içəridən bağladığına görə evə daxil ola bilməmişdir. Amirənin özü isə həmin vaxt evdə olmadığından uşaqlara qapını açmamağı tapşırmışdır. Bu zaman həyətə göz gəzdirdikdə zibil qabında üzərində sperma ləkələri olan salfetka aşkar etmişdir. Təqsirləndirilən şəxs bildirir ki, Amirənin əxlaqsız əməllərindən xəbəri var idi. Lakin düşünmürdü ki, o, əxlaqsız hərəkətlərini evdə, uşaqların yanında edir. Zərərçəkmiş şəxsin həmin əməllərinin uşaqların tərbiyəsinə təsir edəcəyini düşünüb, qərara gəlmişdir ki, onunla görüşüb söhbət etsin. Bu məqsədlə 10 iyun 2021-ci ildə saat 17.30 radələrində yenidən ünvan 1 ünvanına qayıtmış, uşaqlar qapını açdıqdan sonra evə daxil olaraq onlarla görüşmüş, daha sonra Amirəyə zibil qabından üzərində sperma ləkələri olan salfetka tapdığını deyərək iradını bildirmiş, evə başqa kişi gətirməməsini tələb etmişdir. Onunla birlikdə zibil qabına baxmağa gələn Amirə oradan həmin salfetkanı götürmək istədikdə o, cəld tərpənib salfetkanı özü götürmüşdür. Daha sonra mobil telefonu ilə polisə zəng etmək istədikdə Amirə onun əlindən telefonu dartmağa başlamış və onun yaxasını cırmışdır. Yaranmış səs-küyə Məzahir adlı qonşusu evlərindən baxmış, lakin tez içəri qayıtmışdır. O, 102 xidmətinə zəng edərək hadisə barədə məlumat vermiş, bundan sonra 31-ci polis bölməsinin əməkdaşları gəlmişlər. Polis əməkdaşları nə baş verdiyini soruşduqda o, hadisəni olduğu kimi danışmış, yaxasında qan izi olduğunu göstərmişdir. Bundan sonra Amirənin izahatı alındı. Təqsirləndirilən şəxs həmçinin qeyd edir ki, hadisə vaxtı zərərçəkmiş şəxsi ümumiyyətlə vurmamış, ona heç bir xəsarət yetirməmişdir. Təqsirləndirilən şəxs göstərilənlərlə yanaşı bildirir ki, təhqiqatçı Şahid onun iştirakı ilə hadisə yerinə baxış keçirməyib. Beləliklə, guya onun iştirakı ilə tərtib edilmiş və iş materiallarına əlavə olunmuş «baxış aparılması haqqında» 10 iyun 2021-ci il tarixli protokol saxtadır, adı qarşısındakı imza isə ona məxsus deyil. Göstərilənlərə əsasən ona bəraət verilməsini məhkəmədən xahiş edir. Zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs bildirmişdir ki, təqsirləndirilən şəxslə evliliyinin ilk vaxtlarında «Qara Qarayev» metro stansiyasının yaxınlığında qohumlarının evində yaşayıblar. 2012-ci ildən etibarən isə ünvan 1 ünvanına yerləşən evi inşa etdirib orada yaşayırdılar. 2015-ci ildən başlayaraq Təqsirləndirilən şəxsla münasibətləri kəskinləşməyə başlamış, aralarında mübahisələr yaranmış, bir müddət sonra Elnur onu mütəmadi təhqir etməyə və döyməyə başlamışdır. Beləliklə, ailə münasibətləri pozulmuş və 2018-ci ildə məhkəmə qərarı ilə boşanmışlar. Boşanmadan sonra ünvan 1 ünvanında Təqsirləndirilən şəxs və iki uşağı yaşamaqda davam etmiş, lakin o, da sonradan müvafiq məhkəmə aktına əsasən həmin evə köçmüşdür. Boşandıqlarına baxmayaraq, eyni evdə yaşamaları səbəbindən aralarında yenə də mübahisələr yaranırdı. 2020-ci ilin noyabr ayında aralarında baş vermiş növbəti mübahisədən sonra Elnur ünvan 1 ünvanından çıxıb getmiş, ancaq ara-sıra gəlib onunla və uşaqları ilə dalaşırdı. 10 iyun 2021-ci ildə poçta getmiş, oradan çıxıb mağazaya girmiş, bu zaman qızı İnci ona zəng edərək atasının gəldiyini bildirmişdir. Zərərçəkmiş şəxs bildirir ki, Elnurda həm çöl darvazasının, həm də evin açarları var. Lakin uşaqlar evin qapısını içəridən bağladıqlarına görə həmin vaxt təqsirləndirilən şəxs evə daxil ola bilməmişdir. Telefon danışığı zamanı qızına qapını açmasını tapşırmış, lakin uşaq atasından qorxduğuna görə qapını açmaqdan imtina etmişdir. Saat 17.30 radələrində evdə olduğu vaxt Elnur yenidən gəlmiş, qızı İnci qapını açdıqdan sonra evə elə ayaqqabılı daxil olaraq onun kürəyinə təpiklə zərbə endirmişdir. Bu vaxt yerdə oturduğu vəziyyətdə olması səbəbindən özünü müdafiə edə bilməmiş, Elnur isə onu əlləri və ayaqları ilə vurmağa, təhqir etməyə davam etmişdir. Həmçinin Elnur uşaqlarının şəxsiyyət vəsiqələrini götürüb köynəyinin döş cibinə qoyaraq çıxıb getmək istəmiş, buna müqavimət göstərərək əlini atıb uşaqların şəxsiyyət vəsiqələrini götürmək istəmişdir. Bu zaman Elnurun sinəsi cızılıb. Sonra DİN-in 102 xidmətinə zəng edərək baş vermiş hadisə barədə məlumat vermiş, daha sonra polis əməkdaşları gəlib təqsirləndirilən şəxsin iştirakı ilə hadisə yerinə baxış keçirmişlər. Zərərçəkmiş şəxs bildirir ki, təqsirləndirilən şəxslə barışmayıb və ona qanunla nəzərdə tutulan cəza təyin olunmasını məhkəmədən xahiş edir. Müdafiə tərəfinin vəsatəti ilə dindirilmiş Suraxanı Rayon Polis İdarəsinin 31-ci Polis bölməsinin təhqiqatçısı Şahid bildirmişdir ki, hazırkı cinayət işi üzrə təhqiqat materialı onun icraatında olub. Daxil olmuş məlumat əsasında 10 iyun 2021-ci ildə ünvan 1 ünvanına gedərək zəruri prosessual hərəkətləri həyata keçirmiş, o cümlədən təqsirləndirilən və zərərçəkmiş şəxslərin, habelə hal şahidlərinin iştirakı ilə hadisə yerinə baxış keçirərək 10 iyun 2021-ci il tarixli «baxış aparılması haqqında» protokol tərtib etmişdir. Təhqiqatçı qeyd edir ki, protokolda Təqsirləndirilən şəxs adı qarşısındakı imza sonuncunun özünə məxsusdur. Məhkəmə təqsirləndirilən və zərərçəkmiş şəxsləri, həmçinin şahidi dinləyib, iş materiallarını nəzərdən keçirərək belə qənaətə gəlir ki, təqsirləndirilən şəxsin müvafiq cinayət əməlini törətməsi faktı o, özünü təqsirli bilmədiyinə baxmayaraq iş üzrə toplanmış sübutlarla tam təsdiq olunur. 14 iyun 2021-ci il tarixli 566 nömrəli ekspert rəyinin nəticəvi hissəsində qeyd olunur ki, «1987-ci il təvəllüdlü vət. Təqsirləndirilən şəxs məhkəmə-tibbi ekspertizasına əsasən, qərarda göstərilən məlumatları nəzərə alaraq və ekspertiza qarşısında qoyulmuş suallara cavab olaraq aşağıdakı nəticəyə gəlirəm: 1. Vət. Təqsirləndirilən şəxs bədən səthində aşağıdakı xəsarətlər aşkar edilmişdir: döş qəfəsinin sıyrıqları və qançırları, sol saidin qançırı, sol dirsək oynağının sıyrığı. 2. Qeyd edilən xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən şəraitdə və müddətdə, yəni 10.06.2021-ci il tarixdə əmələ gələ bilər və sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. 3. Xəsarətlərin lokalizasiyasına və xüsusiyyətinə əsasən demək olar ki, həmin xəsarətlərin digər şəxs tərəfindən vurulma nəticəsində alınmaları inkar olunmur. Lakin xəsarətlərin şəxsin özü tərəfindən özünə yetirilməsi nəticəsində alınmaları inandırıcı deyildir». 14 iyun 2021-ci il tarixli 567 nömrəli ekspert rəyinin nəticəvi hissəsində qeyd olunur ki, «1985-ci il təvəllüdlü vət. Zərərçəkmiş şəxs məhkəmə-tibbi ekspertizasına əsasən, qərarda göstərilən məlumatları nəzərə alaraq və ekspertiza qarşısında qoyulmuş suallara cavab olaraq aşağıdakı nəticəyə gəlirəm: 1. Vət. Zərərçəkmiş şəxs bədən səthində aşağıdakı xəsarətlər aşkar edilmişdir: sol əlin qançırı və sıyrığı, sol saidin şişkinlik və qançırı (hematoması), sağ bazunun qançırı, sağ saidin şişkinliyi və qançırı, sağ əlin arxa səthinin, hər iki süd vəzinin, sol kürəkaltı nahiyənin qançırları. 2. Qeyd edilən xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən şəraitdə və müddətdə, yəni 10.06.2021-ci il tarixdə əmələ gələ bilər və dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddirlər. 3. Xəsarətlərin lokalizasiyasına və xüsusiyyətinə əsasən demək olar ki, həmin xəsarətlərin digər şəxs tərəfindən vurulma nəticəsində alınmaları inkar olunmur. Lakin xəsarətlərin şəxsin özü tərəfindən özünə yetirilməsi nəticəsində alınmaları inkar olunur». Qeyd olunur ki, iş üzrə ibtidai araşdırma dövründə təkrar komisyon ekspertizalar keçirilib. Ekspertlər komissiyası tərəfindən 16 sentyabr 2021-ci ildə verilmiş T226/2021 nömrəli rəyin nəticəvi hissəsində qeyd olunur ki, «1987-ci il təvəllüdlü vət. Təqsirləndirilən şəxs adına tərtib olunmuş sənədlərə, özünün məhkəmə-tibbi müayinəsinə və qərarda göstərilən suallara uyğun komissiya nəticəyə gəlir: 1. Vətəndaş Təqsirləndirilən şəxs almış olduğu xəsarətlər – döş qəfəsinin, sol dirsək oynağının sıyrıqları, döş qəfəsinin və sol saidin qançırları bərk küt əşya (əşyaların) təsirindən qərarın təsviri hissəsində göstərilən şəraitdə və müddətdə, yəni 10.06.2021-ci il tarixdə kənar şəxs tərəfindən yetirilən zərbələr nəticəsində törənə bilərdilər və sağlamlığa zərərvurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir». Ekspertlər komissiyası tərəfindən 16 sentyabr 2021-ci ildə verilmiş T227/2021 ekspert rəyinin nəticəvi hissəsində qeyd olunur ki, «1985-ci il təvəllüdlü Zərərçəkmiş şəxs adına tərtib olunmuş sənədlərə, özünün məhkəmə-tibbi müayinəsinə və qərarda göstərilən suallara uyğun komissiya nəticəyə gəlir: 1. Vətəndaş Zərərçəkmiş şəxs almış olduğu xəsarətlər – sol əlin qançır və sıyrığı, sağ bazunun qançırı, sol saidin yumşaq toxumalarının şişkinlik və qançırı (hematoması), sağ əlin arxa səthinin, hər iki süd vəzinin, sol kürəkaltı nahiyənin qançırları bərk küt əşya (əşyaların) təsirindən, qərarın təsviri hissəsində göstərilən şəraitdə və müddətdə, yəni 10 iyun 2021-ci il tarixdə kənar şəxs tərəfindən yetirilmiş zərbələr nəticəsində törənə bilərdilər və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir». Beləliklə, yuxarıda göstərilən ekspert rəylərini işin digər faktik halları ilə məcmu şəkildə qiymətləndirdikdə görünür ki, 10 iyun 2021-ci il tarixdə saat 17:30 radələrində Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs arasında ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evində münaqişə baş vermiş, həmin münaqişə zamanı Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs qəsdən əlləri və ayaqları ilə vuraraq ona sağlamlığın qısa müddətə pozulmasına səbəb olan və sağlamlığa yüngül zərər vurma kimi qiymətləndirilən xəsarətlər yetirmişdir. Məsələ ilə bağlı məhkəmə müdafiə tərəfinin dəlillərini nəzərdən keçirərək aşağıdakıları qeyd edir. Müdafiə tərəfi işin məhkəmə baxışı zamanı bildirmişdir ki, bundan əvvəl də Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs arasında münaqişə baş vermiş, həmin münaqişə ilə əlaqədar Əşrəfov X2 Rayon Məhkəməsinin 1(010)-146/2018 nömrəli iş üzrə 22 iyun 2018-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirli bilinərək 1.000 manat miqdarında cərimə edilmişdir. Təqsirləndirilən şəxslə zərərçəkmiş şəxsin barışdığı nəzərə alınaraq Bakı Apelyasiya Məhkəməsinin 1(103)-1158/2018 nömrəli iş üzrə 16 avqust 2018-ci il tarixli qərarına əsasən Suraxanı Rayon Məhkəməsinin 1(010)-146/2018 nömrəli iş üzrə 22 iyun 2018-ci il tarixli hökmü ləğv edilmiş, Təqsirləndirilən şəxs barəsində olan həmin cinayət işi üzrə icraata xitam verilmişdir. Hazırkı cinayət işinin materiallarına Zərərçəkmiş şəxs xəsarətlərini əks etdirən fotoşəkilləri əlavə olunub. Yuxarıda göstərilən cinayət işi üzrə ekspert rəyini, hazırkı iş üzrə ekspert rəyləri və fotoşəkillərlə müqayisə etdikdə görünür ki, əvvəlki iş üzrə xəsarətlərlə hazırkı iş üzrə xəsarətlər eynidir. Müdafiə tərəfi hesab edir ki, zərərçəkmiş şəxsin 2018-ci ildə aldığı bildirilən xəsarətlərlə hazırkı iş üzrə xəsarətlərin eyni olması mümkün deyil. Bu isə onu təsdiq edir ki, ekspertiza vaxtı zərərçəkmiş şəxs tibbi müayinədən keçirilməmiş, onun 2018-ci ildə çəkilmiş fotoşəkillərində olan xəsarətlərinə baxılaraq, ekspert rəyləri verilmişdir. Zərərçəkmiş şəxs müdafiə tərəfinin həmin dəlilinə münasibət bildirərək qeyd etmişdir ki, ekspertiza vaxtı şəxsən tibbi müayinədən keçmiş və bu müayinənin nəticəsi olaraq rəy verilmişdir. İş materiallarında olan fotoşəkillər isə müxtəlif vaxtlarda, o cümlədən 2018-ci ildə və 2021-ci ildə təqsirləndirilən şəxs tərəfindən döyüldükdən sonra çəkilib. Hazırkı iş üzrə ekspertiza tədqiqatları zamanı xəsarətləri əks olunan fotoşəkillərini ekspertlərə ümumiyyətlə təqdim etməmiş və ekspertlər tərəfindən həmin fotoşəkillərə baxış keçirilməmişdir. O, həmin fotoşəkilləri hazırkı iş üzrə birinci dəfə tibbi müayinədən keçdikdən (ekspertiza tədqiqatından) xeyli sonra cinayət işinə əlavə edilməsi üçün təqdim edib. Müdafiə tərəfinin yuxarıda göstərilən dəlilinin araşdırılması üçün Suraxanı Rayon Məhkəməsinin icraatında olmuş 1(010)-146/2018 nömrəli cinayət işinin materiallarına ittiham və müdafiə tərəfinin iştirakı ilə baxış keçirilmişdir. Bu zaman müəyyən edilmişdir ki, 1(010)-146/2018 nömrəli cinayət işinə Zərərçəkmiş şəxs bədən xəsarətlərini əks etdirən fotoşəkillər əlavə edilməyib. 1(010)-146/2018 nömrəli cinayət işinə əlavə edilmiş 26 may 2018-ci il tarixli 389 nömrəli ekspert rəyinin nəticəvi hissəsi isə aşağıdakı məzmundadır: «1985-ci il təvəllüdlü vət. X1 məhkəmə-tibbi ekspertizasına əsasən, qərarda göstərilən məlumatları nəzərə alaraq və ekspertiza qarşısında qoyulmuş suallara cavab olaraq aşağıdakı nəticəyə gəlirəm: 1. Vət. A.S.Əşrəfovanın bədən səthində aşkar edilmiş xəsarətlər – sol gözaltı nahiyənin şişkinli qançırı, sağ bazunun hematoması, sol bazunun, sol kürəkaltı nahiyənin qançırları küt əşyanın (əşyaların) təsirindən törənmişdir, qərarda qeyd olunan müddətdə və şəraitdə, yəni 25.05.2018-ci il tarixdə əmələ gələ bilər və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir. 2. Qeyd olunan xəsarətin xarakterinə və lokalizasiyasına görə yıxılması nəticəsində əmələ gəlməsi, eləcə də özü-özünə yetirilməsi inandırıcı deyildir». 14 iyun 2021-ci il tarixli 567 nömrəli, 16 sentyabr 2021-ci il tarixli T227/2021 nömrəli və yuxarıda qeyd olunan 26 may 2018-ci il tarixli 389 nömrəli ekspert rəylərini müqayisəli şəkildə təhlil etdikdə görünür ki, 14 iyun 2021-ci il tarixli 567 nömrəli və 16 sentyabr 2021ci il tarixli T227/2021 nömrəli rəylərdə təsvir olunmuş xəsarətlər əsas etibarilə 26 may 2018-ci il tarixli 389 nömrəli rəydə təsvir olunmuş xəsarətlərdən fərqlidirlər. Belə ki, 14 iyun 2021-ci il tarixli 567 nömrəli və 16 sentyabr 2021-ci il tarixli T227/2021 nömrəli rəylərdə sol əlin qançır və sıyrığı, sağ bazunun qançırı, sol saidin yumşaq toxumalarının şişkinlik və qançırı (hematoması), sağ əlin arxa səthinin və hər iki süd vəzinin qançırları kimi göstərilən xəsarətlər 26 may 2018-ci il tarixli 389 nömrəli ekspert rəyində ümumiyyətlə yoxdur (müvafiq xəsarətlə bağlı yarana biləcək sualı aydınlaşdırmaq məqsədilə qeyd olunur ki, 14 iyun 2021-ci il tarixli 567 nömrəli və 16 sentyabr 2021-ci il tarixli T227/2021 nömrəli rəylərdə zərərçəkmiş şəxsin sağ bazusunda qançır aşkar olunduğu göstərildiyi halda, 26 may 2018-ci il tarixli 389 nömrəli rəydə onun sağ bazusunda hematoma aşkar edildiyi göstərilib. Beləliklə, hər üç rəydə zərərçəkmiş şəxsin bədəninin eyni bir nahiyəsində – sağ bazusunda xəsarət aşkar olunduğu göstərildiyinə baxmayaraq, bunlardan biri qançır, digəri isə hematoma şəklində olması səbəbindən eyni növ xəsarət sayıla bilməzlər). 14 iyun 2021-ci il tarixli 567 nömrəli və 16 sentyabr 2021-ci il tarixli T227/2021 nömrəli rəylərdə göstərilən yalnız bir xəsarət – «sol kürəkaltı nahiyənin qançırları» 26 may 2018-ci il tarixli 389 nömrəli ekspert rəyində də göstərilib. Lakin hər üç rəydə göstərilən bu qançırlar da eyni nahiyədə yerləşdiyinə baxmayaraq, onların daha konkret lokalizasiyası və forması heç bir mötəbər sübutla müəyyən edilmədiyinə görə ilk iki rəydə göstərilən qançırların üçüncü rəydə göstərilən qançırlarla eyni olduğunu söyləmək mümkün deyil. Eyni məsələ ilə bağlı müdafiə tərəfinin digər dəlilinə münasibət bildirərək məhkəmə qeyd edir ki, yuxarıda qeyd olunan ekspert rəylərindən heç birində ekspertiza zamanı hərhansı fotoşəkildən istifadə olunduğu göstərilməyib. Əksinə, rəylərin məzmunundan görünür ki, ekspertiza qarşısında qoyulmuş sualların cavablandırılması zamanı zərərçəkmiş şəxsin tibbi müayinəsinin nəticələri əsas götürülüb. Müdafiə tərəfi işin məhkəmə baxışı zamanı həmçinin bildirmişdir ki, hadisə yerinin 10 iyun 2021-ci il tarixli müayinəsi təqsirləndirilən şəxsin iştirakı olmadan keçirilmiş, bununla bağlı iş materiallarına əlavə edilmiş 10 iyun 2021-ci il tarixli «baxış aparılması haqqında» protokol isə (iş v. 8 – 13) təqsirləndirilən şəxs tərəfindən deyil, başqa şəxs tərəfindən imzalanmışdır. Göstərilən halın müəyyən edilməsi məqsədilə müdafiə tərəfi iş üzrə məhkəməxətşünaslıq ekspertizasının təyin olunmasını xahiş etmişdir. Məhkəmə qeyd olunan protokolu nəzərdən keçirib, iş materiallarını tədqiq edərək belə qənaətə gəlmişdir ki, müvafiq prosessual hərəkətin nəticəsində işin istər ittiham, istərsə də müdafiə tərəfinin xeyrinə olmaqla mahiyyəti üzrə həllinə təsir göstərə biləcək hər hansı sübut əldə edilməyib. Bunu, həmçinin ekspertiza tədqiqatının təyin edilməsinin məhkəmə icraatının lüzumsuz ləngiməsi ilə nəticələnəcəyini nəzərə alaraq məhkəmə müdafiə tərəfinin iş üzrə məhkəmə-xətşünaslıq ekspertizası təyin edilməsinə dair vəsatətini təmin etməmişdir. Məhkəmə eyni zamanda hesab edir ki, müdafiə tərəfinin bildirdiyi həmin halın araşdırılaraq, nəticəsindən asılı olaraq tədbir görülməsi üçün Suraxanı Rayon Prokurorluğuna müraciət olunmalıdır. Məhkəmə ittiham və müdafiə tərəfini dinləyib məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin yuxarıda qeyd olunan maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir. Ona görə də təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirli bilinərək, ona həmin maddələrin sanksiyası daxilində cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsin yetkinlik yaşına çatmamış uşaqlarının olmasını və onlara görə aliment ödədiyini iş üzrə cəzanı yüngülləşdirən hal kimi qiymətləndirir. İş üzrə cəzanı ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən «Məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır». Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları və cəzanı ağırlaşdıran halların olmadığını nəzərə alaraq hesab edir ki, ona Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə azadlıqdan məhrum etmə növündə cəza təyin olunmalıdır. Məhkəmə göstərilənlərlə yanaşı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Milli Məclisinin «8 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında» 05 noyabr 2021-ci il tarixli 395-VİQR nömrəli Qərarının 9.1-ci bəndinə əsasən məhkəmələr «icraatında olan bu Qərar qüvvəyə mindiyi günədək baxılmamış cinayət işləri və məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə bu Qərarın 1.1 – 1.16-cı bəndlərində göstərilən şəxslər, habelə böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxslər barəsində cinayət təqibinə xitam verir və ya həmin şəxsləri təyin edilmiş cəzadan azad etməklə ittiham hökmü çıxarır (bu Qərarın 10-cu və 11-ci hissələrində nəzərdə tutulmuş məhdudiyyətlər nəzərə alınmaqla)». Qeyd olunur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Milli Məclisinin «8 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında» 05 noyabr 2021-ci il tarixli 395-VİQR nömrəli Qərarının 10-cu və 11-ci hissələrində nəzərdə tutulmuş məhdudiyyətlərin təsiri altına düşmür. Azərbaycan Respublikası CM-nin 15.2-ci maddəsinin məzmunundan görünür ki, həmin Məcəllənin təqsirləndirilən şəxsə ittiham olunan 128-ci maddəsində nəzərdə tutulan əməl cinayətlərin təsnifatına görə böyük ictimai təhlükə törətməyən cinayət sayılır. Azərbaycan Respublikası CPM-nin 39.1.12-ci maddəsinə əsasən amnistiya aktına əsasən şəxs cinayət məsuliyyətindən azad edilməli olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Həmin Məcəllənin 44.2.2-ci maddəsinə əsasən bəraət hökmü və ya cinayət təqibinə xitam verilməsi barədə qərar çıxarılması üçün müvafiq olaraq bu Məcəllənin 42 və 43-cü maddələrində göstərilən əsaslar mövcud olmadıqda, məhkəmə «bu Məcəllənin 39.1.12-ci maddəsində nəzərdə tutulmuş halda – təqsirləndirilən şəxsə təyin edilmiş cəzadan onu azad etməklə» ittiham hökmü çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 347 – 349, 351 – 353, 356, 358, 381, 383 – 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirli bilinərək 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Milli Məclisinin «8 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında» 05 noyabr 2021-ci il tarixli 395-VİQR nömrəli Qərarının 9.1-ci bəndi tətbiq edilsin və o, hazırkı hökmlə təyin olunan 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasından azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» növündə qətimkan tədbiri ləğv edilsin. Hökmdən 20 gün müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən Ceyhun Qədimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar