Məhkəmə qərarları › İş №1(010)-300/2024

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №1(010)-300/2024

04.12.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(010)-300/2024 04.12.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Mirzəyeva Ünsüyyət Hacımehdi qızının sədrliyi, X11 qızının katibliyi, Dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi – Bakı şəhəri 09 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1998-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, 19 mart 2024-cü il tarixdə barəsində «polisin nəzarəti altına vermə» növündə qətimkan tədbiri seçilmiş – Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 26 avqust 2023-cü il tarixdə təxminən saat 21 radələrində ünvan 2 ünvanının qarşısında - ictimai yer hesab olunan küçədə ona heç bir aidiyyəti olmadığı halda, X2 ilə X5 arasında yaranmış mübahisəyə müdaxilə edərək heç bir əsaslı səbəb olmadan ictimai qaydanı kobud surətdə pozub ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərcədə laqeyidlik etinasızlıq göstərib cəmiyyətə qarşı açıqca hörmətsizlik ifadə edərək ümumqəbul edilmiş əxlaq normalarına zidd olaraq kənar şəxslərin yanında ucadan nalayiq ifadələr işlətməklə öz şəxsiyyətini başqalarının fövqündə qoymaqla şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlər edərək Zərərçəkmiş şəxs qarşı zor tətbiq edib baş və ayaq zərbələri ilə qəsdən vuraraq ona sağ qaşın iç bucağı nahiyyəsinin əzilmiş yarası, sağ baldırın, sağ ayağın, sağ dirsək oynağının və sol baldırın sıyrıqları ilə nəticələnən ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vuran xəsrətlər yetirməklə xuliqanlıq etmişdir. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı dindirilmiş şəxslərin ifadələri, habelə işin tədqiq olunmuş digər halları ilə sübuta yetir. Belə ki, məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə elan edilmiş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, 26 avqust 2023-cü il tarixdə saat 21- 22 radələrində işdən çıxaraq Bülbülə qəsəbəsində gəzərkən işlədiyi bərbər salonu ilə üzbəüz yerləşən evin qarşısında Aynur adlı şəxslə həmin ərazidə yaşayan Seyidəli adlı şəxsin mübahisə etdiyini görmüş, yaxınlaşıb Zərərçəkmiş şəxs hansı səbəbdən yaşlı adamla mübahisə etdiyini soruşmuşdur. O, Aynura iradını bildirmişdir. Zərərçəkmiş şəxs onunla kobud danışmış, ona əl atmaq istədiklərini fikirləşdiyindən özünü müdafiə etmək üçün kəllə ilə Aynurun sol qaş nahiyyəsindən vurmuşdur. Onun qaş nahiyyəsi partlamış, onu tanıyanlar həmin yerə yığılışmışdır. Aynur adlı həmin şəxs evə qaçmış, bıçaq götürüb gəlmişdir. Onun dostları qapını tutaraq Aynurun çölə çıxmasının qarşısını almış və Aynur hasardan aşaraq çölə çıxmışdır. O, Aynurun əlində bıçağı görüb yolun digər tərəfinə dayanacağın arxasına daş axtarmaq üçün qaçmışdır. Məqsədi isə daşı ona doğru atıb bıçağı əlindən yerə salmaq olmuşdur. Dayanacağın qarşısında o, Aynurun əlindəki bıçağı yerə salmaq üçün ona doğru ayaq zərbəsi atmışdır. Ayaq zərbəsi atarkən Zərərçəkmiş şəxs onun sinəsinin ürək nahiyəsindən bıçaqla vurmuşdur. O, Zərərçəkmiş şəxs kürək nahiyəsindən tutaraq yerə yıxmışdır. Bıçaq əlindən düşmüş, Aynuru yerə yıxarkən özü də yıxılmışdır. Sonra onu xəstəxanaya gətirmişlər. Ümumiyyətlə Zərərçəkmiş şəxs kəllə ilə vuruqdan sonra ona köməyə gələn şəxslər onun yadında deyil. Şəxslərin kim olması halhazırda yadında deyil. Onun yanında olan şəxlər Zərərçəkmiş şəxs döyməmiş, sadəcə o özü Zərərçəkmiş şəxs kəllə ilə qaş nahiyəsindən vurmuşdur. O, Zərərçəkmiş şəxs başı ilə vuraraq xəsarət yetirmiş, heç Aynurda həmin xəsarətin izi qalmamışdır amma Zərərçəkmiş şəxs ona bıçaqla vuraraq xəsarət yetirmişdir. Hazırda zərərçəkmiş şəxslə barışdığını, ona dəymiş zərəri tam ödədiyini nəzərə alıb, iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Rusiya Federasiyasının Tümen şəhərində doğulmuş, beş yaşına qədər orada yaşamış, beş yaşı olduqdan sonra Bakı şəhəri, Bülbülə qəsəbəsinə hal-hazırda yaşadığı ünvana köçmüş, Bülbülə qəsəbəsində anası, arvadı və beş yaşlı qızı ilə birlikdə yaşamış, əvəllər məhkum olunmamışdır. 26 avqust 2023-cü il tarixdə saat 21 radələrində yaşadığı evdə olmuşdur. Qonşusu Neyman yaşadığı Suraxanı rayonu, Bülbülə qəsəbəsi, Səttar Bəhlulzadə küçəsi, ev 57 ünvanında yerləşən evin həyətinə gəlmişdir. O Neymanla ona verdiyi itlə bağlı söhbət etmişdir. Evdən siqaret almaq üçün pul götürməli olduğunu, bu səbəbdən Neymandan bir dəqiqə gözləməsini istəmişdir. Neyman da qapıdan çöl hissəyə çıxaraq darvazasının yanında qonşusu Seyidəlinin pəncərəsinin qarşısında gözləməyə başlamışdır. O, evdən pulu götürmüş və küçəyə çıxmışdır. Seyidəlinin evinin pəncərəsinin qarşısında Neymandan bir ədəd siqaret istəmişdir. Bu vaxt Seyidəli yol ilə gələrkən onları evinin pəncərisinin qarşısında görmüşdür. Seyidəli onlara müraciət edərək orada hansı səbəbdən dayandıqlarını, narkotik maddələrin alqı-satıqısını nəzərdə tututaraq birbirilərinə nə ötürdüklərini soruşmuşdur. O da Neymanın yanında and içərək Seyidəlinin dediklərinin doğru olmadığını, ümumiyyətlə narkotik maddələrin dövriyyəsi ilə məşğul olmadığını bildirmişdir. Hətta övladının canına da and içmişdir. Neymanla Seyidəlinin uca səslə mübahisəsindən sonra səsi eşidən yaşadığı evlə üzbəüz hissədə bərbər işləyən Fuad onlara yaxınlaşmışdır. Fuad Seyidəliyə baxaraq nə baş verməsi barədə soruşmuşdur. Seyidəli də Neymanla onun narkotik maddələrin alveri ilə məşğul olduqlarını bildirmişdir. Fuad əlini Aynurun boynunun arxa hissəsinə keçirmişdir. O da onlara üstlərini axtarmasını, paltarlarında narkotik maddə olmadığını bildirmişdir. Fuad sağ əli ilə onun boynundan tutmuş, onu özünə doğru qəfildən çəkərək, onun sol qaş nahiyyəsindən kəllə ilə vuraraq sol qaşının dərisinin yırtılmasına səbəb olmuşdur. Təqsirləndirilən şəxs onu yerə yıxmış, anası onu Fuadın əlindən almaq istəyərkən Təqsirləndirilən şəxs anasının sinəsindən itələmişdir. O da bunu görüb onları qorxutmaq və əməllərinin qarşısını almaq üçün tez evə qaçaraq bir ədəd yaşadığı evdə istifadə olunan qırmızı, göy və ağ rənglərdən ibarət dəstəkli bıçağı götürərək gəlmişdir. Fuad onun haqsız yerə qaşına vurduğu üçün bıçaqla Fuadı vurmuşdur. Ancaq Fuadı hansı nahiyəsindən vurduğunu xatırlamır, qonşusu Ədalət, qonşusu Mahmud, dostu Siyab və digər şəxslər onu onlardan ayıraraq həyətə aparmışlar. Həmin hadisə 26 avqust 2023-cü il tarixdə saat 21 radələrində Bülbülə qəsəbəsi, Səttar Bəhlulzadə küçəsi, ev 57 ünvanının qarşısında, yolun orta hissəsində “Azza” mağazasının yaxınlığında yolun maşınların hərəkət etdiyi hissəsində baş vermişdir. Sağ qaşın iç bucağı nahiyəsinin əzilmiş yarası Təqsirləndirilən şəxs tərəfindən başı ilə vurduğu zərbə nəticəsində, sağ və sol baldırın, sağ ayağın sıyrıqları onu yerə yıxıb təpiklə ayaq nahiyyəsindən vurduğu zaman, sağ dirsək oynağının sıyrığı isə Təqsirləndirilən şəxs onu yerə yıxarkən sağ dirsəyinin yerə dəyməsi nəticəsində yaranmışdır. Hazırda təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbi yoxdur, onunla barışmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, istintaq zamanı verdiyi ifadəsini oxumadan imzalamışdır. Zərərçəkmiş şəxs onun oğludur. Axşam vaxtı idi. O, evdə olarkən Aynur evə gəlmiş sonra evdən küçəyə çıxmışdır. O, səs gəldiyini eşitmiş və küçəyə çıxmış, küçədə yolun kənarında bir neçə nəfərin yığışdığını görmüşdür və həmin şəxsləri tanımır. Hadisə olana qədər Fuadı da tanımamışdır. Fuad və Aynurun mübahisə etdiyini, orada olan şəxslərin onları ayırdığını görmüşdür. Yolun kənarında Aynur və Fuadın yerə yıxılmış vəziyyətdə mübahisə etdiklərini görmüşdür. Aynurun Fuadı bıçaqladığını görməmişdir. Fuadın Aynura başı ilə vurduğunu görməmişdir. Aynurun qaş hissəsi yarılmış, qan içində idi. Polis əməkdaşlarından Fuadı xəstəxanaya apardıqlarını eşitmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs onun qonşusudur. Hadisə baş verən vaxt qaranlıq olmuş, o, yuxarıda kafedə - çay evində olmuşdur, hadisə baş verən zaman orada olmamışdır. O, kafedən gələndə mübahisə bitmiş, oraya polis əməkdaşları gəlmişdir. Fuadı görməmişdir, başqa şəxslərdən Aynurun söyüş söydüyünü, Fuadın Aynura söyüş söymə dediyini, buna görə Aynurla Fuad arasında mübahisə yarandığını, Aynurun Fuadı vurduğunu, Fuadı xəstəxanaya apardıqlarını eşitmişdir. Aynuru isə evə gedərkən arxadan görmüşdür. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Aynurla sinifyoldaşıdırlar, ailəvi dostdurlar, Aynurun evi ilə onu evi bir-iki məhəllə aralıdadır. Hadisə günü o məhəlləyə çıxmış, başqa şəxslərdən Aynurun evinin yanında hadisə olduğunu eşitmişdir. Saat təxminən 11-12 olardı ki, avtomobillə həmin yerə getmiş, post-patrul avtomobillərinin orada dayandığını görmüş, başqa heç kimi görməmişdir. Aynurun anası Gülzarı görmüş, Gülzar ona Aynurla Fuadın mübahisə etdiyini, Aynurun evə girib bıçaq götürdüyünü və hasardan tullandığını, Fuadı təcili tibbi yardımın apardığını, Aynurun ortalıqda olmadığını demişdir. O, mübahisənin məzmununu bilmir, başqa şəxslərdən eşitmişdir ki, Aynurla Fuadın sözü çəp gəlib. O, hadisəni görməmişdir. Fuadla Fuad xəstəxanadan çıxdıqdan sonra görüşmüşlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs onun qonşusudur, belə ki, onların evləri eyni həyətin içərisindədir. O, hadisəni görməmişdir, belə ki, hadisə baş verən vaxt evdə olmamışdır. O, axşam saat təxminən 10-a qalmış evə gəlmiş, sonra saat təxminən 12 olardı ki, həyətə çıxmış, Aynurun anası Gülzarın həyətdə dayandığını görmüşdür. Gülzar ona Aynurla Fuadın mübahisə etdiyini demiş, niyə mübahisə etdiklərini, kimin kimə xəsarət yetirdiyini deməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Aynur və Fuad onun qonşusudur, Aynurla onun evi daha yaxındır. Hadisə günü hava qaralmışdı və o evə gələrkən Aynurun bir nəfər şəxslə onun pəncərəsinin altında uca səslə danışdığını görmüş, Aynura evdə körpə uşaq və qadın olduğunu deyərək irad bildirmiş, öz qapısının yanında danışmalı olduğunu demişdir. Bu zaman Fuad oradan keçərkən onun yüksək səslə danışdığını görmüş, onlara yaxınlaşıb nə baş verdiyini soruşmuş, bu zaman Fuadla Aynur arasında mübahisə baş vermişdir. Aynur öz evinə qaçıb bıçaq götürüb gəlmiş və Fuada xəsarət yetirmişdir. Məhkəmə iclasında Şahid3 verilən suallara cavab olaraq bildirmişdir ki, hadisə baş verən gün küçədə işıq yandığından küçə işıqlı olmuşdur. O və Aynurun evlərinin qapıları arasında məsafə təxminən üç metr, pəncərələri arasında məsafə təxminən 20 metrdir. Aynurun yanında dayanan adamı tanımır. Aynurla münasibətləri yaxşıdır. Aynur və yanındakı adam uca səslə danışırdılar amma onların söyüşlə danışdıqlarını eşitməmişdir. Onun evinin pəncərəsi açıq olduğundan Aynura irad bildirmişdir. Aynura irad bildirdikdən sonra Aynur və yanındakı adam Aynurun evinin qapısının yanına getmişlər. Bundan sonra o, evin zənginə vurmuşdur ki, qapını açsınlar və təxminən yarım dəqiqə sakit vəziyyətdə gözləmiş, içəri girməmişdir. Bu vaxt Aynur və yanındakı adam da sakit idi. O, Fuadı onlar olan yerə yaxınlaşarkən görmüş, Fuad Aynura niyə öz qapısı yanında dayanmadığını soruşmuş, Aynur Fuada aqressiya ilə “özüm bilərəm, qapımın ağzıdır, sən kimsən” sözlərini demişdir. Mübahisə zamanı o, Fuad və Aynuru aralamağa çalışdığından ilk zərbəni kimin vurduğunu görməmişdir. Fuadın üstü qan idi. Onları aralayandan sonra Aynur evə qaçmış, hasardan aşmış, bıçaq gətirmiş, Aynurun anasıgil küçəyə çıxmış, hayküy salmışlar. Mübahisə zamanı Aynurun yanında olan adamı görməmişdir. Səs-küyə başqa şəxslər gəlmiş, Aynur və Fuadın bir-birlərinə uca səslə qışqırdığını eşitmiş amma söyüş söydüklərini eşitməmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: cinayət işinin materiallarından cinayət işinin ayrılması haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işinin materiallarından Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə başqa cinayət işi ayrılmış, ayrılmış cinayət işinə ********** sıra sayı verilmişdir (i.v. 1-2); cinayət işinin başlanılması və icraata qəbul edilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə ********* nömrəli cinayət işinin başlanılması qərara alınmışdır (i.v. 5); hadisə yerinə baxış keçirilməsi və əşyanın götürülməsi haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, hadisə yeri ünvan 2 ünvanının qarşısıdır. Həmin ünvanda yerləşən evin qarşısında qan izlərinin olduğu müəyyən edilmişdir. Həmin qan izləri ekspert kriminalist tərəfindən qablaşdırılaraq götürülmüşdür. Hadisə yerinə baxış keçirilərkən yolun digər hissəsində yerləşən sərnişin dayanacağının qarşısında üzərində qan izləri olan bıçaq olduğu müəyyən olunmuşdur. Həmin bıçaq qablaşdırılaraq götürülmüşdür. Hadisə yeri Bülbülə qəsəbəsində əsas yolun üzərində yerləşir. Yolun qarşı tərəfində bərbərxana və sərnişin dayanacağı var. Dayanacağın qarşısında da qan izlərinin olduğu müəyyən olunmuşdur. Həmin qan izləri qablaşdırılaraq götürülmüşdür (i.v. 11-13); təqdim edilmiş əşyanın götürülməsi haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs məxsus bir ədəd ağ rəngli üzərində qan ləkələri və yırtıqlar olan köynək götürülmüşdür (i.v. 15); Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi” X13 X12 X13 tərəfindən verilən xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, İsakov X6 profilli reanimasiya şöbəsində xx.xx.2023-cü il tarixdə saat 23:10-da “Döş qəfəsinin sol yarısının plevra və boşluğuna nüfuz edən kəsilmiş deşilmiş yarası, sol ağciyərin və ürəyin sol qulaqcığının yaralanması, Hemopnevmotoraks” diaqnozu ilə stasionar müalicə almışdır (i.v. 19); zərərçəkmiş şəxs qismində tanınma haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs ********* nömrəli cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır (i.v. 39-40); Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X4” X13 tərəfindən verilən xx.xx.2023-cü il tarixli, 796 nömrəli ekspertiza rəyinin nəticəvi hissəsindən görünür ki, Zərərçəkmiş şəxs bədən səthində aşağıdakı xəsarətlər aşkar edilmişdir: sağ baldırın, sağ ayağın, sağ dirsək oynağının, sol baldırın sıyrıqları, sağ qaşın iç bucağı nahiyəsinin əzilmiş yarası. Qeyd edilən xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən xx.xx.2023-cü il tarixə uyğun gəlir və dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid edilir. Xəsarətlərin lokalizasiyasına və xüsusiyyətlərinə əsasən demək olar ki, həmin xəsarətlərin şəxsin özü tərəfindən özünə yetirilməsi nəticəsində alınmaları inandırıcı deyildir (i.v. 50-51); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin təqdim etdiyi xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (i.v. 72); Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X4” X13 tərəfindən verilən xx.xx.2023-cü il tarixli, 947 nömrəli ekspertiza rəyinin nəticəvi hissəsindən görünür ki, Təqsirləndirilən şəxs bədən səthində aşağıdakı xəsarətlər aşkar edilmişdir: hemopnevmatoraksla, sol ağciyərin və ürəyin sol qulaqcığının zədələnməsi ilə müşayiət olunan döş qəfəsinin sol yarısının 1 ədəd daxilə nüfuz edən deşilmiş-kəsilmiş yarası. Qeyd edilən xəsarətlər deşici-kəsici əşyanın (ola bilsin bıçaq) təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən xx.xx.2023-cü il tarixə uyğun gəlir və dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid edilir. Xəsarətlərin lokalizasiyasına və xüsusiyyətlərinə əsasən demək olar ki, həmin xəsarətlərin şəxsin özü tərəfindən özünə yetirilməsi nəticəsində alınmaları inandırıcı deyildir (i.v. 74-76); ifadənin yerində yoxlanılması haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs ifadəsi yerində yoxlanılmışdır (i.v. 81-82); Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” X13 tərəfindən verilən xx.xx.2023-cü il tarixli məktubun surətindən görünür ki, Təqsirləndirilən şəxs arxiv məlumatına görə yuxarıda adı göstərilən xəstəxanada müalicədə olmayıb (i.v. 91); zərərçəkmiş şəxs qismində tanınma haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs ********* nömrəli cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır (i.v. 95-96); xx.xx.2024-cü il tarixli üzləşdirmə protokolundan görünür ki, üzləşdirmə zamanı Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs ifadələrində göstərdiklərini bir daha bir-birlərinin üzünə qarşı deyərək təsdiq etmişlər (i.v. 104-107); təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsində nəzərdə tutulan ittiham elan edilmişdir (i.v. 108-109); təqsirləndirilən şəxsin barəsində qətimkan tədbiri seçilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir (i.v. 132-133); sübutların qiymətləndirilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, cinayətin törədilməsi zamanı Zərərçəkmiş şəxs istifadə etdiyi mətbəx bıçağı və hadisə zamanı Təqsirləndirilən şəxs əynində olmuş qısa qol köynək iş üzrə maddi sübut tanınmış və saxlanılması üçün Suraxanı RPİ-nin maddi sübutları saxlama yerinə təhvil verilmişdir (i.v. 139-147); Təqsirləndirilən şəxs məhkəməyə təqdim etdiyi xəstəlik tarixindən çıxarışın surətindən görünür ki, İsakov X7 Tibb Mərkəzində xx.xx.2023-cü il tarixdə “Döş qəfəsinin sol yarısının plevra və boşluğuna nüfuz edən kəsilmiş deşilmiş yarası, sol ağciyərin və ürəyin sol qulaqcığının yaralanması, Hemopnevmotoraks” diaqnozu ilə müalicə almışdır; Təqsirləndirilən şəxs məhkəməyə təqdim etdiyi X10 tərəfindən verilən çıxarışın surətindən görünür ki, Təqsirləndirilən şəxs sol mədəciyin sistolik və diastolik ölçüləri normaldır. Sol mədəciyin sistolik funksiyası azalıb. Sol mədəciyin diastolik funksiyası normaldır. Aorta qapaqları və kökü kalsifik qalındır. Seqmentar divar hərəkət qüsuru septalin bazalapexi hipokinetikdir. Mitral qapağın hər iki tayında minimal qalınlaşma müşahidə olunmadı. Pulminar hipertenziya müşahidə olunmadı. Trikuspit qapaqlar normaldır. Sağ boşluqlar böyüməyib. İVS ve İAS tamdır. Perikard boşluğunda maye qeyd olunmur; Təqsirləndirilən şəxs məhkəməyə təqdim etdiyi X15 X3 tərəfindən verilən çıxarışın surətindən görünür ki, sol mədəciyin sistolo-diastolik ölçüləri normaldır və sistolik funksiyası azalmışdır (LVEF 35%). Sol qulaqcıq və sağ boşluqlar normaldır; Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-1335/2024 saylı, xx.xx.2024-cü il tarixli hökmündən görünür ki, Zərərçəkmiş şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1-ci və 221.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinmiş, ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1ci maddəsi ilə 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplanmaqla Zərərçəkmiş şəxs qəti olaraq 3 (üç) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin olunmuş, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Zərərçəkmiş şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilməsi müddətinin başlanğıcı 29 avqust 2023-cü il tarixdən hesablanması, Zərərçəkmiş şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi hökm edilmişdir; Zərərçəkmiş şəxs tərəfindən məhkəmə baxışında təqdim olunan ərizədən görünür ki, onun Təqsirləndirilən şəxs qarşı şikayət və tələbi yoxdur. Təqsirləndirilən şəxsin məhkəməyə təqdim etdiyi ərizəsindən görünür ki, zərərçəkmiş şəxslə barışaraq ona dəymiş ziyanı ödədiyini nəzərə alaraq cinayət işi üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, cinayət əməlini törətmiş şəxs Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsi təqsirləndirilən şəxs, zərərçəkmiş şəxs və şahidlərin ifadələri, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən iş üzrə keçirilmiş ekspertiza rəyləri və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146) Məhkəmə iclasında müdafiəçi məhkəməyə müraciət edərək təqsirləndirilən şəxsin törətmiş olduğu əməlin AR CM-nin 221.1-ci maddəsindən CM-nin 128-ci maddəsinə tövsif edilməsi, təqsirləndirilən şəxsin zərərçəkmiş şəxslə barışmasını nəzərə alaraq təqsirləndirilən şəxsin barəsində cinayət təqibinə xitam verilməsini və təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad olunmasını xahiş etmişdir. Bununla bağlı məhkəmə aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası CM-in 221.1-ci maddəsinə görə xuliqanlıq ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlərdir. Xuliqanlıq – öz hərəkətlərinin ictimai təhlükəlilik xarakterini dərk edən, onların ictimai təhlükəli nəticələrini qabaqcadan görən, bu nəticələrin baş verməsini arzu edən şəxs tərəfindən qəsdən törədilən cinayətdir. Xuliqanlıq cinayətinin motivi təqsirkarın qeyri müəyyən şəxslər dairəsinin şüurunda özünün müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etməkdir. “B.Yusifovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 07 mart 2005-ci il tarixli Qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 fevral 2006-cı il tarixli Qərarında göstərilir ki, «aşağıdakı əlamətlər xuliqanlıq hadisəsini xarakterizə edir: ictimai qaydanın kobud surətdə pozulması; cəmiyyətə açıqca hörmətsizliyin ifadə edilməsi; vətəndaşlar üzərində zor tətbiq olunması və ya belə zor tətbiq edilməsi hədəsi; habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi. Həmin Qərarda ictimai qaydanı kobud surətdə pozan hərəkətlər təqsirkarın nəqliyyatının, müəssisə, idarə, təşkilatın normal fəaliyyətinin, kütləvi tədbirin və ya uzun müddətə ictimai asayişin pozulmasına, yaxud vətəndaşların hüquqlarının və qanuni mənafelərinin toxunulmazlığına təhlükə və həyəcanın yaranmasına səbəb olan, habelə qanunvericiliklə tənzimlənən birgəyaşayış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlərdir”. Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli Qərarında göstərilir: “Cinayət qanunvericiliyində xuliqanlıq cinayəti ictimai təhlükəsizlik əleyhinə olan cinayətlər kateqoriyasına aid edilmiş, onun əsas obyekti kimi ictimai qayda, əlavə obyekti qismində isə insanların sağlamlığının, şərəf və ləyaqətinin, habelə mülkiyyətin mühafizəsi ilə bağlı olan ictimai münasibətlər çıxış edir. İctimai təhlükəsizlik əleyhinə olan cinayətlər ictimai qaydanın, şəxsiyyətin təhlükəsizliyinin və sağlamlığının, şərəf və ləyaqətinin, şəxsi və dövlət əmlakının qorunmasını, eləcə də insanların əmək və istirahətini, müəssisə və təşkilatların normal fəaliyyətini təmin etmək üçün qanunvericilikdə müəyyən edilmiş qaydaları pozan ictimai təhlükəli əməllərdir. Xuliqanlıq obyektiv cəhətdən CM-in 221-ci maddəsinin dispozisiyasında sadalanan müxtəlif hərəkətlərdə ifadə olunsa da, onların hamısı üç əsas əlamətə malik olmalıdır. Birincisi, bu hərəkətlər ictimai qaydanı kobud surətdə pozmalıdır; ikincisi, belə pozuntu cəmiyyətə açıqca hörmətsizlik ifadə etməlidir; üçüncüsü isə vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilməlidir. Cəmiyyətə açıqca hörmətsizlikdə ifadə olunan ictimai qaydanın kobud surətdə pozulması, təqsirkarın elə hərəkətləridir ki, bu hərəkətlər vətəndaşların, idarə, müəssisə və digər təşkilatların normal həyat və fəaliyyəti üçün təhlükə yaradır, qorxu və narahatçılıq hissinə səbəb olur. Bu cinayətin subyektiv cəhətini birbaşa qəsd təşkil edir. Təqsirkar öz hərəkətləri ilə cəmiyyətə açıqca hörmətsizlik göstərərək ictimai qaydanı kobud surətdə pozduğunu dərk edir, bu hərəkətləri nəticəsində zərərçəkmişin sağlamlığına zərər vurula biləcəyini, yaxud özgənin əmlakının məhv ediləcəyi və ya zədələnəcəyini qabaqcadan görür və bunu arzu edir. Xuliqanlığın subyektiv cəhətinin mütləq şərti bu cinayətin motividir. Bilərəkdən özünü ictimai qaydaya qarşı qoymağa cəhd etmək, gücünü nümayiş etdirmək, qalmaqal salmağa meyllilik, ədəbsizliyin qarşısını almağa cəhd edən ayrı-ayrı şəxslərdən qisas almaq motivin əsasını təşkil edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsinin “tətbiq etməklə” müddəası xuliqanlıq hərəkətləri, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər yarandığı halları ehtiva edir”. Azərbaycan Respublikası Ali Məhkəməsi Plemumunun “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2004-cü il tarixli 1 saylı Qərarının 2-3-cü bəndlərində göstərilir ki, “Cinayət Məcəlləsinin xuliqanlığa görə məsuliyyət müəyyən edən 221-ci maddəsinin mətnində nəzərdə tutulan mənada ictimai qayda dedikdə, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrlə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgəyaşayış qaydalarının sistemi başa düşülür. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə, ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə, təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafelərinə toxunan hərəkətlər etməsi başa düşülür. Məhkəmələrin diqqəti xuliqanlıq cinayətinin digər oxşar cinayətlərdən fərqləndirilməsi zəruriyyətinə cəlb edilməlidir. İzah edilməlidir ki, ictimai qaydanı kobud surətdə pozmadan və cəmiyyətə qarşı açıqcasına hörmətsizlik göstərmədən ailədə, mənzildə, qohumlar arasında, şəxsi münasibətlər zəminində, intiqam hissi ilə törədilən, o cümlədən, zərərçəkən şəxsin təşəbbüsü ilə başlanmış mübahisə və ya dalaşma gedişində döymə, sağlamlığa zərər vurma, əmlakı dağıtma və bu kimi sair hərəkətlər xuliqanlıq kimi qiymətləndirilmir və bunun üçün əsaslar olduqda Cinayət Məcəlləsinin şəxsiyyət əleyhinə olan yaxud başqa cinayətlərə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə tövsif olunur. Şəxsi münasibətlər zəminində başlanılmış belə hərəkətlər sonradan ictimai qaydanı kobud surətdə pozmağa və cəmiyyətə qarşı açıq-aşkar hörmətsizlik ifadə edən hərəkətlərə çevrilərsə, onda şəxsin əməli xuliqanlıq kimi qiymətləndirilə bilər”. Məhkəmə qeyd edir ki, müdafiəçi vəsatətində hadisənin təqsirləndirilən şəxs hadisə yerinə gəlməmişdən qabaq zərərçəkmiş şəxsin təqsirli hərəkətləri nəticəsində başladığını, Təqsirləndirilən şəxs tərəfləri sakitləşdirmək üçün öz vətəndaşlıq borcunu yerinə yetirmək üçün onlara yaxınlaşdığından, sakitləşdirməyə çalışdığından CM-nin 128-ci maddəsinə tövsif edilməsini xahiş etsə də, həmin dəlilin əsassız olması, yuxarıda sadalanan sübutlarla, eyni zamanda plenum qərarlarında göstərilən hallarla öz təsdiqini tapır. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli düzgün olaraq istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə tövsif edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin ; 15.2-ci maddəsinə əsasən qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə bu Məcəllə ilə azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza nəzərdə tutulmuş əməllər, yaxud qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə bu Məcəllə ilə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi iki ildən artıq olmayan əməllər böyük ictimai təhlükə törətməyən cinayətlər hesab olunur; 73.1-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı ödədikdə və ya vurulmuş zərəri aradan qaldırdıqda cinayət məsuliyyətindən azad edilə bilər; 221.1-ci maddəsinə əsasən xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər — min manatdan üç min manatadək miqdarda cərimə və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin; 40.2-ci maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.1, 73.1, 73-1.3 və 74-cü maddələrində nəzərdə tutulmuş hallarda təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmaya və ya ona xitam verilə bilər; 43.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı aşağıdakı hallarda çıxarılır: 43.1.1. dövlət ittihamçısı və xüsusi ittihamçı cinayət təqibindən imtina etdikdə; 43.1.2. Bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda. 43.3-cü maddəsinə əsasən məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. 156.4-cü maddəsinə əsasən cinayət işi üzrə icraata xitam verildiyi hallarda, şübhəli və ya təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirləri xitam olunur. 10.3-cü maddəsinə əsasən Azərbaycan Respublikası Konstitusiyasının və digər qanunlarının təfsiri cinayət prosesi iştirakçılarına o halda məcburidir ki, bu təfsir Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin qərarında verilmiş olsun. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.1 və 73.2-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 iyul 2022-ci il tarixli Qərarına görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.1-ci maddəsinin tələblərinə uyğun olaraq, böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxsin zərərçəkmiş şəxslə barışması, ona dəymiş ziyanı ödəməsi və ya vurulmuş zərəri aradan qaldırması onun cinayət məsuliyyətindən azad edilməsinə dair qərarın qəbul olunması üçün mütləq əsas deyil. Qanunverici belə qərarın qəbul edilməsini cinayət prosesini həyata keçirən orqanların vəzifəsi deyil, hüququ kimi müəyyən etmişdir. Göründüyü kimi Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsinin sanksiyası bir ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutduğundan həmin əməl böyük ictimai təhlükə törətməyən cinayət hesab edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 iyul 2022-ci il tarixli Qərarında qeyd olunur ki, müasir cinayət ədalət mühakiməsi sisteminin fərqləndirici xüsusiyyəti cinayət məsuliyyətindən azad etmənin həm məhkəməyədək mərhələdə, həm də məhkəmə icraatı mərhələsində mümkün olması, bununla da cinayət təqibinə xitam verilməsilə əlaqədar cinayət işlərinin sayının azalma prosesidir. Cinayət Məcəlləsinin 73-cü maddəsi cinayət təqibinə xitam verilməsinin aşağıdakı şərtlərini müəyyən etmişdir: - barəsində cinayət təqibi başlanmış şəxsin əməli böyük ictimai təhlükə törətməyən; - təqsirləndirilən şəxs zərərçəkmişə dəymiş ziyanı ödəmiş və ya vurulmuş zərəri aradan qaldırmış; - təqsirləndirilən şəxs zərərçəkmişlə barışmış olmalıdır. Cinayət Məcəlləsinin 73-cü maddəsinin tələblərinə əsasən zərərçəkmiş şəxslə barışıq cinayət məsuliyyətindən azad edilmənin müstəqil şərti kimi nəzərdə tutulmuşdur. Törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsindən asılı olaraq, cinayət törətmiş şəxsin cəzalanmalı olub-olmaması məsələsinin zərərçəkmiş şəxsin mülahizəsinə verilməsi qanunvericinin zərərçəkmiş şəxsin maraqlarına hörmətlə yanaşmasına dəlalət edir və sosial ədalətin bərpa edilməsi məqsədini daşıyır. Əgər zərərçəkmiş şəxs hesab edirsə ki, təqsirləndirilən şəxs ondan üzr istədikdə, oğurlanmış əşyanı geri qaytardıqda, sındırılmış əmlakı bərpa etdikdə, dəymiş maddi və ya mənəvi zərəri ödədikdə və s. hallarda ədalət bərpa olunar, bu halda cinayət mühakimə icraatını həyata keçirən orqanlar cinayət təqibinin aparılmasında israrlı olmamalıdır. Zərərçəkmiş şəxsin təqsirləndirilən şəxslə barışmasına dair ərizəsinə baxılarkən nəinki bunun üçün qanunla nəzərdə tutulan əsasların olub-olmaması yoxlanılmalı, həmçinin törədilmiş əməlin ictimai təhlükəliliyi, təqsirləndirilənin şəxsiyyəti və işin bütün halları nəzərə alınmalıdır. Zərərçəkmiş şəxs 24 iyun 2024-cü il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək Təqsirləndirilən şəxs qarşı şikayət və tələbinin olmadığını qeyd etmiş və həmin tarixdə olan məhkəmə iclasında Təqsirləndirilən şəxs ilə barışdığını bildirmişdir. Hazırkı cinayət işi üzrə müəyyən edilir ki, Təqsirləndirilən şəxs əvvəllər məhkumluğu olmamış, dəymiş ziyanı tamamilə ödəmiş, zərərçəkmiş şəxslə barışıq əldə etmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72-ci maddəsinin “Qeyd” hissəsinin 1-ci bəndinin “cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilmə” ilə bağlı müddəasının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 28 dekabr 2022-ci il tarixli Qərarına görə CM-nin 72-ci maddəsinin qeydinə əsasən şəxs bu Məcəllənin 72 – 73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72-ci maddəsinin “Qeyd” hissəsinin 1-ci bəndinə uyğun olaraq cinayət məsuliyyətindən bir dəfə azad edilmiş şəxs tərəfindən yenidən cinayət törədildiyi təqdirdə, onun cinayət məsuliyyətindən azad edilmə üçün zəruri olan hərəkətləri icra etməsi Məcəllənin 59-cu maddəsinə müvafiq olaraq cəzanı yüngülləşdirən hallar kimi nəzərə alına bilər. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnaməsindən görünür ki, o, əvvəllər cinayət məsuliyyətinə cəlb edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs, zərərçəkmiş şəxsin və şahidlərin ifadələrini dinləyərək, iş materiallarını araşdıraraq, müdafiə tərəfinin təqsirləndirilən şəxsin barəsində cinayət təqibinə zərərçəkmiş şəxsin təqsirləndirilən şəxslə barışması ilə əlaqədar xitam verilməsinə razılığını, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışmasını, ona dəymiş ziyanı tamamilə ödəməsini, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmamasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli və barəsində olan Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə nəzərdə tutulmuş əməli törətməsinə dair cinayət işi üzrə cinayət təqibinə Azərbaycan Respublikası CM-nin 73.1-ci maddəsinə əsasən bəraətverici əsaslar olmadan xitam verilməli və onun barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilməlidir. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamında qeyd olunan tövsiyələrdə ibtidai istintaq və məhkəmə icraatı zamanı böyük ictimai təhlükə törətməyən və az ağır cinayətlərə görə azadlıqdan məhrum etmənin dinamikasının artması məhkumların sayının çoxalmasına və penitensiar müəssisələrin yüklənməsinə səbəb olur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, hazırki cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə məhkəmə xərci və mülki iddianın olmaması nəzərə alınmalıdır. Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-1335/2024 saylı, xx.xx.2024-cü il tarixli hökmündən həmçinin görünür ki, maddi sübutların taleyi həll olunmuş, Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin maddi sübutların saxlanma yerinə təhvil verilmiş, bir ədəd bıçaq və bir ədəd qısa qol köynəyin məhv edilməsi göstərilmişdir. Azərbaycan Respublikası CPM-nin 193.2 və 193.3-cü maddələrinə uyğun olaraq Təqsirləndirilən şəxs hüquqlarını məhkəmə istintaqı zamanı Vəkillər Kollegiyasının üzvü Müdafiəçi müdafiə etmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli, 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmədə göstərdiyi pulsuz hüquqi yardıma görə 25 (iyirmi beş) iş saatı üçün 150 (yüz əlli) manat məbləğində vəsait müdafiəçisi Bakı şəhəri 9 saylı vəkil bürosunun vəkili Müdafiəçi ödənilməsi üçün Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Bakı şəhəri 9 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 37.4, 43.3, 321, 321.2.1 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə cinayət təqibinə həmin Məcəllənin 73.1-ci maddəsinə əsasən bəraətverici əsaslar olmadan xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə növündə qətimkan tədbirinə Azərbaycan Respublikası CPM-nin 156.4-cü maddəsinə əsasən xitam verilsin. Təqsirləndirilən şəxs məhkəmədə göstərdiyi pulsuz hüquqi yardıma görə 25 (iyirmi beş) iş saatı üçün 150 (yüz əlli) manat məbləğində vəsait müdafiəçisi Bakı şəhəri 9 saylı vəkil bürosunun vəkili Müdafiəçi ödənilməsi üçün Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Bakı şəhəri Bank ABB Suraxanı filialı, VÖEN **********, h/h ********************, SWİF GOODE İBAZAZ2X, m/h-**********031, kod 805692, VÖEN **********, AİİBAZ2X, hesab-********************, VÖEN-********** hesablaşma hesabı üzərindən Bakı şəhəri 9 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-1335/2024 saylı, xx.xx.2024-cü il tarixli hökmündə maddi sübutlar ol Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin maddi sübutların saxlanma yerinə təhvil verilmiş, bir ədəd bıçaq və bir ədəd qısa qol köynəyin məhv edilməsinin göstərilməsi nəzərə alınsın. İş üzrə məhkəmə xərcinin, mülki iddianın və xüsusi müsadirənin olmaması nəzərə alınsın. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar