Məhkəmə qərarları › İş №1(010)-301/2024

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-301/2024

15.08.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-301/2024 15.08.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Suraxanı Rayon Məhkəməsinin inzibati binası Hakim Kərimov Namiq Həsrət oğlunun sədrliyi, Hacıyev Gündüz Nizami oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində X3 üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, təqsirləndirilən şəxsin müdafiəçisi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə xx xxxxxx 1992-ci ildə Kürdəmir rayonu, Mürtülü kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əmək fəaliyyəti ilə məşğul olan, Kürdəmir rayonu, Mürtülü kəndində qeydiyyatda olan, faktiki Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, O.Şabanov küçəsi, nömrəsiz evdə yaşamış, 09 – 11 dekabr 2023-cü il tarixləri üzrə tutulmuş, 11 dekabr 2023-cü ildə barəsində “başqa yerə getməmək haqqında” iltizam qətimkan tədbiri seçilmiş, hazırda Bakı Ağır Cinayətləri Məhkəməsinin 1(101)- 1638/2023 nömrəli iş üzrə 12 dekabr 2023-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-1ci maddəsi ilə təqsirli bilinərək, həmin Məcəllənin 66.5 və 69.3-cü maddələri tətbiq edilməklə 03 il 05 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və 12 dekabr 2023-cü ildən etibarən həbsdə olan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə 07 dekabr 2023-cü il tarixdə saat 10:00 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsində yerləşən fermanın dəmir qapısının kilidini sındırmaqla fermanın içərisinə qanunsuz daxil olduqda fermanın içərisindən qiyməti 300 manat olan 01 ədəd dəmir qapını birinin qiyməti 250 manat olan 04 ədəd plastik qapını, birinin qiyməti 150 manat olan 2 ədəd plastik pəncərəni və ümumi qiyməti 200 manat olan 15 ədəd armaturları gizlin olaraq talayaraq Zərərçəkmiş şəxs ümumilikdə 1.800 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməllərini törətmişdir. Təqsirləndirilən şəxs özünü əvvəlki məhkəmə iclasında Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirli bilməsə də, sonradan özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 07 dekabr 2023-cü il tarixdə saat 10:00 radələrində dəmir yığmaq üçün ferma ərazisinə gəlmişdir. Toyuq fermasının hasarına söykənmiş vəziyyətdə 01 ədəd dəmir qapının, 04 ədəd plastik qapının 02 ədəd plastik nəfəsliyinin yerdə olduğunu görmüşdür. Həmin əşyaların tullantı olduğunu düşünüb aparıb sataraq maddi ehtiyaclarını ödəmək qərarına gəlmişdir. O, həmin ərazidə olanda orada heç kim olmamışdır. Həmin əşyaları qapı pəncərə yerinə aparmaq üçün yola çıxmışdır. Yoldan keçən “Qazel” markalı nəqliyyat vasitəsinin birini saxlatdırmış, şoferə ona məxsus bir neçə əşyanı Zığ qəsəbəsindən Hövsan qəsəbəsinə aparıb satmaq istədiyini və hansı qiymətə aparacağını soruşmuşdur. Nəqliyyat vasitəsinin sürücüsü isə 20 manata aparacağını bildirmişdir. “Qazel” markalı nəqliyyat vasitəsi ilə fermanın yanına gəlmiş, həmin qapıları və nəfəslikləri maşına yerləşdirmiş, sürücü əşyaların oğurluq olub-olmaması barədə soruşduqda o, oğurluq olmadığını və ona məxsus olduğunu bildirmişdir. “Qazel” markalı nəqliyyat vasitəsi ilə Hövsan qəsəbəsinə plastik qapı pəncərə sexinə gəlmişdir. O, əşyaları sexin yanına yolun kənarına yığmışdır. Sexə girmiş və həmin əşyaları satmaq istədiyini bildirmişdir. Sex sahibi ondan əşyaların ona məxsus olması barədə soruşduqda, o, əşyaların ona məxsus olduğunu bildirmişdir. Sex sahibi isə əşyalara baxdıqdan sonra əşyaları ala bilməyəcəyini bildirmişdir. Onun tapdığı əşyalar sexin yanında qalmışdır. O, həmin əşyaları satmaq üçün yer tapmaq qərarına gəlmiş, ona görə də Hövsan qəsəbəsində yaşadığı ünvana gəlmişdir. 09 dekabr 2023-cü il tarixdə saat 14:00 radələrində yaşadığı ünvandan çıxarkən polis əməkdaşları ona yaxınlaşaraq ondan Zığ qəsəbəsində fermada baş vermiş oğurluqla bağlı sorğu sual etmişlər, o, da Zığ qəsəbəsində fermanın yanından tapdığı plastik və dəmir əşyalar barədə məlumat vermişdir. Polis əməkdaşları ona Suraxanı Rayon Polis İdarəsinin 33-cü polis bölməsinə gedib bildirdiyi xüsatlar barədə məlumat verməli oldğunu bildirmişlər. O, polis əməkdaşları ilə birlikdə Suraxanı Rayon Polis İdarəsinin 33-cü polis bölməsinə gəlmişdir. Əməlindən peşman olmasını nəzərə alaraq məhkəmədən ona yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə dövlət ittihamçısını, təqsirləndirilən şəxsi, onun müdafiəçisini dinləyərək, iş materiallarını tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətmişdir və onun təqsiri özünün etirafedici ifadəsi ilə yanaşı aşağıda göstərilən digər sübutlarla da təsdiq edilir. Məhkəmənin əvvəlki iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində bildirmişdir ki, onun özünə məxsus Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsində yerləşən ferması varıdır. Lakin həmin ferma hal-hazırda heç bir fəaliyyət göstərmir. O, orada özünə məxsus əşyaları, yəni tikinti materiallarını saxlayır. O, həmin fermaya mütəmadi olaraq nəzarət etməsi üçün getmişdir. Sonuncu dəfə, yəni 07 dekabr 2023-cü il tarixdə təxminən saat 16:00 radələrində nəzarət etmək üçün Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsində yerləşən fermaya getdiyi zaman həmin fermanın giriş qapısı naməlum şəxslər tərəfindən sındırıldığını və fermanın içərisində olan qiyməti 300 manat olan 01 ədəd dəmir qapını, hər birinin dəyəri 250 manat olmaqla ümumi dəyəri 1.000 manat olan 04 ədəd plastik qapını, hər birinin dəyəri 150 manat olmaqla ümumi dəyəri 300 manat olan 2 ədəd plastik pəncərəni və ümumi qiyməti 200 manat olan 15 ədəd armaturları oğurlandığını görmüşdür. O, dərhal bu barədə DİN-nin 102 xidmətinə məlumat vermiş, bundan sonra Suraxanı Rayon Polis İdarəsinin 33-cü polis bölməsinin əməkdaşları gəlib hadisə yerinə baxış keçirmişlər. Zərərçəkmiş şəxs məhkəməyə ərizə ilə müraciət edərək qeyd etmişdir ki, təqsirləndirilən şəxslə barışmış, təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan ödənilmiş, təqsirləndirilən şəxsə qarşı şikayət və tələbi yoxdur. İş materiallarında olan cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə şübhəli şəxs kimi tutulmuş, xx.xx.2023-cü il tarixdə barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilərək Suraxanı RPİ-nin MSY-dən azad edilmişdir. İş materiallarında olan X2 25 yanvar 2024-cü il tarixli 14/1 nömrəli rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənləri nəzərə alaraq, təqdim edilən 01 ədəd istifadədə olmuş dəmir qapının 07 dekabr 2023-cü il tarixinə olan dəyəri 280,00 manat, 04 ədəd plastik qapının dəyəri 720,00 manat, 01 ədəd plastik nəfəsliyin dəyəri isə 50,00 manat olmaqla həmin əşyaların ümumilikdə dəyəri 1050,00 manat məbləğində müəyyən edilir. İş materiallarında olan Bakı Ağır Cinayətləri Məhkəməsinin 1(101)-1638/2023 nömrəli iş üzrə 12 dekabr 2023-cü il tarixli hökmünə əsasən, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə təqsirli bilinərək, həmin Məcəllənin 66.5 və 69.3-cü maddələri tətbiq edilməklə 03 il 05 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. İş materiallarında olan “cinayət işi üzrə sübutların qiymətləndirilməsi” barədə 06 may 2024-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 186cı maddəsi üzrə cinayət tərkibi müəyyən edilmədiyindən həmin xüsusat üzrə cinayət təqibinin başlanılması rədd edilmiş və Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 232-1-ci maddənin tərkib əlamətləri mövcudluğu sübuta yetirilsə də onların əməllərində cinayət təqibinin aparılması, cinayət əməlinin inzibati xətadan daha ağır ictimai təhlükəli əməl olunmasını nəzərə alaraq Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İXM-nin 232-1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməməsi nəzərə alınmışdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəllənin 33.1-ci maddəsinə görə hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Azərbaycan Respublikası CPM-nin 124.1-ci maddəsinə əsasən məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. CPM-nin 125.1-ci maddəsinə əsasən məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Həmin Məcəllənin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. CPM-nin 145.1-ci maddəsinə görə hər bir sübut mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə Hökmü haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarına əsasən təqsirin sübuta yetirilmiş hesab edilməsi haqqında nəticəni CPM-in 351.3-cü maddəsi məhkəmənin bu Məcəllənin 346.1.1-346.1.6-cı maddələrində göstərilən məsələlərə təsdiqedici cavab verməsi, habelə CPM-in 351.3.1- 351.3.4-cü maddələrində təsbit edilən tələblərin hər biri nəzərə alındığı yəni, təqsirsizlik prezumpsiyası rəhbər tutulduğu, CPM-də nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihama baxıldığı və bu prosessual qaydalara riayət edilməklə nəticələr əldə edildiyi, o cümlədən məhkəmənin qənaəti məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslandığı, təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilinməyən şübhələr onun xeyrinə şərh edildiyi vəziyyətdə şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticəyə gələ bilməsi ilə şərtləndirmişdir. Azərbaycan Respublikası CPM-nin 124.2-ci maddəsinə əsasən cinayət prosesində aşağıdakılar sübut kimi qəbul olunur: 124.2.1. şübhəli, təqsirləndirilən və zərərçəkmiş şəxsin, şahidlərin ifadələri; 124.2.2. ekspertin rəyi; 124.2.3. maddi sübutlar; 124.2.4. istintaq və məhkəmə hərəkətlərinin protokolları; 124.2.5. digər sənədlər. Azərbaycan Respublikası CPM-nin 10.3-cü maddəsinə əsasən Azərbaycan Respublikası Konstitusiyasının və digər qanunlarının təfsiri cinayət prosesi iştirakçılarına o halda məcburidir ki, bu təfsir Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin qərarında verilmiş olsun. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, istintaq və məhkəmə hərəkətlərinin aparılması haqqında protokollar, sorğulara alınmış cavablar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər mötəbər sübutlarla təsdiq edilərək kifayət qədər sübuta yetirilmişdir. Azərbaycan Respublikası CM-in: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs əməlindən peşman olaraq səmimi etiraf etməsini, zərərçəkmiş şəxsin şikayət və tələbinin olmamasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci əsasən ona təyin olunacaq cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Qeyd olunur ki, Cəfərov X4 Rayon Məhkəməsinin 03 noyabr 2022-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, həmin Məcəllənin 69.3-cü maddəsi tətəbiq edilməklə 06 ay 26 gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 27 may 2023-cü ildə cəzasının sonu ilə azad edilmiş, lakin məhkumluğu ödənilməmiş və götürülməmişdir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən cinayətin residivi kimi qiymətləndirilməlidir. Həmçinin Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 83.3-cü maddəsinə əsasən məhkumluğu ödənilməmiş şəxs hesab edilir. Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə görə qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Həmin Məcəllənin 65.2-ci maddəsinə görə residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Bu hal Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hal kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Beləliklə də, məhkəmə ittiham və müdafiə tərəfini dinləyib, iş üzrə toplanmış sübutların cəminə qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirlidir. Onun əməli istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir. Odur ki, o həmin cinayətin törədilməsinə görə cəzalandırılmalıdırlar. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halı, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməli, Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-1638/2023 nömrəli iş üzrə 12 dekabr 2023-cü il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş 04 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzası hazırkı hökmlə təyin olunan 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası ilə Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən qismən toplanmalı və ona qəti olaraq 05 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilməli, Təqsirləndirilən şəxs əvvəlki iş üzrə həbsdə saxlanıldığı 07 (yeddi) ay və hazırkı iş üzrə 09 – 11 dekabr 2023-cü il tarixləri üzrə şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün, cəmi 07 (yeddi) ay 02 (iki) gün Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanmalı və ona qəti olaraq 04 (dörd) il 04 (dörd) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilməli, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilərək “həbs” növündə qətimkan tədbiri ilə əvəz edilməli, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hazırkı hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-1638/2023 nömrəli iş üzrə 12 dekabr 2023-cü il tarixli hökmü ilə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi nəzərə alınmalı, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasının əvvəli 12 dekabr 2023-cü ildən hesablanmalı, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, iş üzrə maddi sübut kimi tanınmış bir ədəd dəmir qapı, dörd ədəd plastik qapı və bir ədəd plastik nəfəsliyik Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınmalıdır. Bundan başqa Azərbaycan Respublikası CPM-nin 193.2 və 193.3-cü maddələrinə uyğun olaraq Təqsirləndirilən şəxs hüquqlarını məhkəmə istintaqı zamanı Vəkillər Kollegiyasının üzvü Müdafiəçi müdafiə etmişdir. Cinayət işinin materiallarında olan arayışdan müəyyən olunur ki, vəkil Müdafiəçi təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 15 (on beş) saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 nömrəli qərarının 1-ci bəndinə əsasən Azərbaycan Respublikası CPM-nin 193.2-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 manat məblərində müəyyən edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-cı maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-1638/2023 nömrəli iş üzrə 12 dekabr 2023-cü il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş 04 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzası hazırkı hökmlə təyin olunan 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası ilə Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən qismən toplansın və ona qəti olaraq 05 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs əvvəlki iş üzrə həbsdə saxlanıldığı 07 (yeddi) ay və hazırkı iş üzrə 09 – 11 dekabr 2023-cü il tarixləri üzrə şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün, cəmi 07 (yeddi) ay 02 (iki) gün Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablansın və ona qəti olaraq 04 (dörd) il 04 (dörd) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilərək “həbs” növündə qətimkan tədbiri ilə əvəz edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hazırkı hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-1638/2023 nömrəli iş üzrə 12 dekabr 2023-cü il tarixli hökmü ilə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi nəzərə alınsın. Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasının əvvəli 12 dekabr 2023cü ildən hesablansın. Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. İş üzrə maddi sübut kimi tanınmış bir ədəd dəmir qapı, dörd ədəd plastik qapı və bir ədəd plastik nəfəsliyik Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınsın. Vəkil Müdafiəçi Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsinə sərf etdiyi 15 (on beş) saata görə Azərbaycan Respublikasının dövlət büdcəsindən 90 (doxsan) manat tutularaq 9 saylı Vəkil Bürosunun hesablaşma hesabına (VÖEN **********, h/h ********************, BANK ABB Suraxanı filialı, SWİF+GODE GBAZAZ2X, müxbir hesabı **********031, kod 805692, VÖEN BANK **********) ödənilsin. Həmin məbləğin qanunla müəyyən edilmiş qaydada və miqdarda vəkil Müdafiəçi ödənilməsi 9 saylı Vəkil Bürosuna həvalə edilsin. Hökmdən 20 gün müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hakim Namiq Kərimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar