Məhkəmə qərarları › İş №1(010)-303/2025

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-303/2025

01.09.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-303/2025 01.09.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Mirzəyeva Ünsüyyət Hacımehdi qızının sədrliyi, X13 qızının katibliyi, Dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı2, müdafiəçi - Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1985-ci il tarixdə Lənkəran rayonu, Nərimanabad qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Lənkəran rayonu, Nərimanabad ərazi dairəsi, Nərimanabad qəsəbəsi ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, 12 fevral 2025-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 14 fevral 2025-ci il tarixdə barəsində başqa yerə getməmək haqqında iltizam qismində qətimkan tədbiri seçilmiş, Lənkəran Rayon Məhkəməsinin 4(049)-37/2025 saylı, 04 iyun 2025-ci il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasına etap olunmuş və orada saxlanılan - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs Yardımlı RPŞ-nin İstintaq bölməsində istintaqı aparılan Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində həbs qətimkan tədbiri seçilmiş qaynı X5 barəsində olan cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsində xitam verdirib azadlığa buraxdıracağına dair dair yalan vəd verib aldadaraq, bu işin müqabilində Zərərçəkmiş şəxs hissə-hissə olmaqla, xx.xx.2024-cü il tarixdə 3.000 manat, xx.xx.2024-cü il tarixdə 17.000 manat, xx.xx.2024-cü il tarixdə 800 manat, xx.xx.2024-cü il tarixdə 1.100 manat, xx.xx.2024-cü il tarixdə 2.100 manat, xx.xx.2024-cü il tarixdə 1.000 manat və sonuncu dəfə xx.xx.2024-cü il tarixdə yaşadığı Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Kənd Hövsan yaşayış sahəsində kapitalbank hesabından onun pul kartı hesabına köçürtdüyü 5.000 manat olmaqla, ümumilikdə 30.000 (otuz min) manat pulunu vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirdib Zərərçəkmiş şəxs xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası CM-in 178.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsi aşağıdakılarla sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə elan olunmuş ittihamla özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 2005-ci ildən 2018-ci ilə qədər DİO-da, sonuncu 8 ili isə Lənkərən şəhər PŞ-də serjant rütbəsində müxtəlif vəzifələrdə işləmişdir. Xidmətdə qanun pozuntusuna yol verdiyinə görə DİO-dan xaric olmuşdur. X9 Bakı İstintaq Təcridxanasında saxlanıldığı zaman Rafətin kamera yoldaşı olan Cəmil adlı şəxsin vasitəsilə Rafət telefon əlaqəsi saxlamış və Cəmildən onun barəsində eşitdiyinə görə azadlığa buraxılması ilə bağlı köməklik göstərməyini xahiş etmişdir. Cəmil həmyerlisidir, bilirdi ki, polisdə işləmiş, sadəcə tanış adam kimi Rafətlə onu telefon vasitəsilə əlaqələndirmişdir. Ancaq Cəmilin onun niyyətindən heç bir xəbəri olmamışdır. Rafət Məcdili ilə söhbət edərkən Rafətə yalandan demişdir ki, işinə məhkəmədə xitam verdirə bilər, Rafət də qohumlarının zəng edəcəyini bildirmişdir. Bundan sonra, yəni təxminən 2024-cü ilin fevral ayında Rafətin qaynı Zərərçəkmiş şəxs ona məxsus ***-***-**-** nömrəsinə zəng edərək görüşmək istədiyini bildirmiş və onlar Lənkəran şəhərində görüşmüşlər. O, Zərərçəkmiş şəxs yalandan demişdir ki, qaynı Rafət Məcidlinin CM-nin 234.4.3-cü maddəsi ilə olan cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsində xitam verdirə və azadlığa buraxdıra bilər. Nicat bu işi kimin vasitəsilə görəcəyini soruşmamış, o da ümumi olaraq tanışları vasitəsilə edəcəyini demişdir. Bu işin müqabilində Nicatdan 30.000 manat pul istəmişdir. Nicat qaynatası ilə danışdıqdan sonra 30.000 manat pulu verməyə razılıq vermiş, ancaq demişdir ki, bu pulu birdən-birə düzəldə bilmir, hissə-hissə verəcəkdir. İlk olaraq iyul ayının əvvəllərində müdafiəçiyə vermək adı ilə Nicatdan 3.000 manat pul almış, Nicat həmin pulu ona məxsus “Kapitalbank” kart hesabına göndərmişdir. Sonra Nicat iyul ayının axırlarına yaxın onunla Lənkəran şəhərində görüşmüş və 17.000 manat pulu da ona vermişdir. Bundan sonra Nicat sentyabr ayının ortalarına qədər olan müddət ərzində hissə-hissə olmaqla kapitalbank hesabına 30.000 manat pulu köçütməklə ödəmişdir. Həmin pulu öz ehtiyaclarına xərcləmişdir. Bilirdi ki, Nicat onu axtaracaqdır, buna görə də nömrəsini dəyişdirmişdir ki, ona zəng edə bilməsinlər. Bundan sonra Nicata vurduğu ziyanı qaytarmaq istəsə də, heç bir yerdə işləmədiyinə görə ödəyə bilməmişdir. Təqsirləndirilən şəxs son sözündə məhkəmədən barəsində ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında dindirilmiş Zərərçəkmiş şəxs izahatında göstərmişdir ki, qaynı X9 2024-cü ilin fevral ayında CM-nin 234.4.3-cü maddəsilə təqsirli bilinərək barəsində olan cinayət işi Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilmişdir. Cinayət işinin istintaqı Yardımlı RPŞ-nin İstintaq bölməsində aparılmışdır və hazırda qaynı Rafət Məcidli Bakı İstintaq təcridxanasında saxlanılır. İstintaq dövründə qaynı Rafət Məcidli İT-dan zəng edərək Əli adlı şəxsin nömrəsini vermiş və həmin şəxsin onun azadlığa buraxılmasına köməklik edəcəyini deyərək Əli ilə görüşməyi xahiş etmişdir. Sonradan həmin şəxsin Təqsirləndirilən şəxs olmasını bilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** nömrəsinə zəng edərək Əli ilə Lənkəran rayonu ərazisində görüşmüşdür. Təqsirləndirilən şəxs ilə söhbət əsnasında Əli qaynı X8 Ağır Cinayətlər Məhkəməsindən vaxtından əvvəl azadlığa buraxdıracağına dair söz vermiş və bu işin qarşılığında 30.000 manat pul istəmişdir. Bu barədə qaynatası, yəni Rafətin atası Aqil Məcidliyə demiş, Aqil Məcidli də razılığını bildirdikdən sonra özündə olan pul vəsatini və borc alaraq 30.000 manat pulu hazırlamışdır. İlk olaraq xx.xx.2024-cü il tarixdə Təqsirləndirilən şəxs göndərdiyi kart hesabına 3.000 manat pul göndərmişdir. Təqsirləndirilən şəxs pulu alandan sonra yeni vəkil ilə müqavilə bağlayacağını bildirmişdir. Bundan sonra xx.xx.2024cü il tarixdə Təqsirləndirilən şəxs ilə Lənkəran rayonu ərazisində görüşərək Əliyə 17.000 manat pul vermiş və həmin pulu verərkən mobil telefonu ilə videogörüntü aparmışdır. Həmin görüntünü araşdırmaya əlavə etmişdir. Bundan sonra xx.xx.2024-cü il tarixdə 800 manat, xx.xx.2024-cü il tarixdə 1.100 manat, xx.xx.2024-cü il tarixdə 2.100 manat, xx.xx.2024-cü il tarixdə 1.000 manat, xx.xx.2024-cü il tarixdə isə 5.000 manat pulu göndərmişdir. Pulları göndərməyinə dair qəbzləri araşdırmaya təqdim etmişdir. Sonuncu 5.000 manat pulu Hövsan qəsəbəsi, Kənd Hövsanda yaşadığı ünvanda telefon vasitəsilə kapitalbank hesabından Əlinin verdiyi kart hesabına köçürtmüş və qəbzi də araşdırmaya təqdim etmişdir. Təqsirləndirilən şəxs 30.000 manat pulu hissə-hissə aldıqdan sonra yaxın vaxtlarda qaynı Rafət Məcidlinin azadlığa buraxılacağını demiş, lakin bir müddət keçəndən sonra bu işdən bir xəbər olmadığını görüb Əli adlı şəxsə zəng vurmaq istəyəndə Əlinin mobil telefonuna zəng çatmamışdır. Hazırda ona dəymiş ziyan ödənilməmişdir. Buna görə də Təqsirləndirilən şəxs şikayətçidir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, X9 doğma qardaşıdır. 2023-cü ilin dekabr ayında qardaşı X10 RPŞ-nin İstintaq bölməsində barəsində istintaq olunan cinayət işi üzrə şübhəli şəxs qismində tutulmuş, Rafətə Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsilə ittiham elan edilmiş və Yardımlı Rayon Məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilərək, Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına göndərilmişdir. X11 həbsdə olduğu müddətdə yeznəsi Zərərçəkmiş şəxs ilə telefon əlaqəsi saxlayaraq Nicata Lənkəran rayon sakini Təqsirləndirilən şəxs mobil nömrəsini vermiş, Əlinin işinə köməklik göstərəciyini deyərək Nicatdan xahiş etmişdir ki, Əli ilə əlaqə saxlasın. Bundan sonra Nicat Əlinin istifadəsində olan ***-***-**-** nömrəsi ilə əlaqə saxlayıb danışmış, Əlinin təklifi ilə Lənkəran şəhərində görüşüb söhbət etməyi qərara almışlar. 2024-cü ilin fevral ayında Nicatla birlikdə Lənkəran şəhərinə gedərək Təqsirləndirilən şəxs ilə çayxanaların birində görüşmüşlər, Əli Rafətlə bir-biriləri ilə tanışlıqları olduğunu, cinayət işi Lənkəran Ağır Cinayətlər Məhkəməsinə gedəndən sonra məhkəmədə Rafətin işinə xitam verdirib, Rafəti azadlığa buraxdıracağına dair söz vermişdir. Əli bu işi kimin vasitəsilə görəcəyi barədə heç bir söz deməmiş, özünün həll edəcəyini bildirmişdir. Təqsirləndirilən şəxs bu işin müqabilində 30.000 manat pul istəmişdir. Bundan sonra Nicatla birilikdə atası Aqil ilə məsləhətləşmişlər və atası deyilən qaydada işin həll edilməsinə razılıq vermişdir. Onlarda pul olmadığına görə Nicat özü dost-tanışından borc alıb 30.000 manat pul düzəldərək Əliyə verməyə hazır olmuşdur ki, qardaşının işi həll edilsin. Nicat həmin pulun əvvəlcə 3.000 manatını 2024-cü il iyul ayının 3-də Əlinin kart hesabına göndərmişdir. Həmin vaxt artıq qardaşı Rafətin barəsində olan cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsində baxılırdı. Əli 3.000 manatı guya vəkilə vermək adı ilə almışdır. Bundan sonra xx.xx.2024-cü il tarixdə Nicat onunla görüşüb Lənkəran şəhərinə getmişdir, Əli onları Lənkəranda qarşılayıb bir çayxanaya aparmış və orada Nicat 17.000 manat pulu Əliyə vermişdir. Əli də bir daha söz vermişdir ki, qardaşı Rafətin işinə xitam verdirəcəkdir. Bundan sonra Nicat avqust ayı ərzində müxtəlif vaxtlarda Əliyə hissə-hissə pul göndərmişdir, Nicat sonuncu 5.000 manat pulu Hövsan kəndində olarkən Əlinin kart hesabına göndərmişdir. Əli bir-neçə gün ərzində işə xitam verdirəcəyinə söz versə də sonradan məlum olmuşdur ki, onları aldatmış və qardaşının işi ilə bağlı heçkəslə heç bir danışıq aparmamışdır. Nicat Əlidən verdiyi pulları tələb etsə də Əli mobil telefonlarını söndürərək gizlənmişdir. Şahid2 məhkəmə iclasının yeri və vaxtı barədə məlumatlandırılmasına baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, müdafiə tərəfi həmin şahidi dindirmək istəmədiyini bildirmiş, şahidin məhkəmə iclasında iştirak etməməsi nəzərə alınaraq, işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmiş, habelə onun ibtidai istintaq dövründə vermiş olduğu ifadəsi elan edilərək tədqiq edilmişdir. Həmin ifadəsində o, Şahid1 ifadəsinə uyğun olan eyni məzmunlu ifadə vermişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: cinayət işinin başlanılması haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs müraciəti əsasında toplanmış material əsasında fakta görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmışdır (i.v. 02); zərərçəkmiş şəxs qismində tanınma haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs ********* nömrəli cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır (i.v. 10); şübhəli şəxsin barəsində axtarış elan edilməsi və tutulması barədə xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmiş və tutulması qərara alınmışdır (i.v. 22); cinayət işi üzrə icraatın dayandırılması barədə xx.xx.2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işinin icraatı dayandırılmışdır (i.v. 24); axtarışda olan şəxsin tutulması barədə xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə tutularaq saat 20:00 radələrində saxlanılaraq Suraxanı RPİ-nin MSY-nə təhvil verilmişdir (i.v. 26); cinayət işi üzrə icraatın təzələnməsi barədə xx.xx.2025-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə icraat təzələnmişdir (i.v. 27); təqsirləndirilən şəxs qismində cəlb etmə barədə xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona Azərbaycan Respublikası CM-in 178.2.4-cü maddəsində nəzərdə tutulan ittiham elan edilmişdir (i.v. 44-45); qətimkan tədbirinin seçilməsi haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir (i.v. 61-62); təqsirləndirilən şəxs qismində cəlb etmə barədə xx.xx.2023-cü il tarixli qərarın surətindən görünür ki, X9 təqsirləndirilən şəxs qismində cəlb edilmişdir (i.v. 72); Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (i.v. 73); cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs etirafı, Zərərçəkmiş şəxs, şahidlər Şahid1 və Şahid2 ifadələri, Zərərçəkmiş şəxs təqdim etdiyi 01 (bir) ədəd DVD disk, diskə baxış keçirilməsi barədə protokol və digər istintaq materialları sübut növü kimi qiymətləndirilmişdir. Zərərçəkmiş şəxs təqdim etdiyi 01 (bir) ədəd DVD disk sübut növü kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmişdir. Zərərçəkmiş şəxs barəsində Azərbaycan Respublikası CM-nin 312-ci maddəsi ilə cinayət təqibinin başlanmasının rədd edilməsi qərara alınmışdır (i.v. 74-79); Lənkəran Rayon Məhkəməsinin 4(049)-37/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarından çıxarışdan görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə Təqsirləndirilən şəxs barəsində həbs qismində qətimkan tədbiri seçilməsi; təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs cinayət işi üzrə məhkəməyədək icraat zamanı həbsdə saxlama müddəti 03 ay həddində müəyyən edilməsi; həbsetmənin əvvəlinin 02 iyun 2025-ci il tarixdən, saat 19:00-dan hesablanması qərara alınmışdır; Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqələrinin surətindən görünür ki, Əsədova Nazlı xx.xx.2015-ci il tarixdə; Əsədova Tərifə xx.xx.2009-cu il tarixdə; Əsədov Əkbər xx.xx.2011-ci il tarixdə doğulmuşlar. Atası Təqsirləndirilən şəxs, anası Turanə Əsədovadır; Lənkəran Şəhər İHB Nərimanabad qəsəbə inzibati ərazi dairəsində nümayəndəsi tərəfindən verilən xx.xx.2025-ci il tarixli xasiyyətnamədən görünür ki, Əsədov X7 rayonu Nərimanabad qəsəbəsində yaşadığı müddətdə özünü nizam-intizamlı aparmışdır. Cəmiyyət arasında müsbət xarakterizə olunur. Onun barəsində ictimaiyyətdən və yaxın qohumlarından, aidiyyəti orqanlardan şikayət xarakterli ərizə və təqdimat həmin nümayəndəliyə daxil olmamışdır; Zərərçəkmiş şəxs tərəfindən məhkəməyə təqdim olunan xx.xx.2025-ci il tarixli ərizədən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş heç bir ziyan ödənilməyib. Buna görə də ondan şikayətçidir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs təqdim etdiyi 01 ədəd “DVD” diskə baxış keçirilən zaman müəyyən edilmişdir ki, diskin içərisində 06 ədəd WhatsApp şəkil faylları, 01 ədəd isə WhatsApp video faylı vardır. Şəkil faylları köçürülmüş pulların qəbzlərinin şəkillərindən ibarətdir. Baxış zamanı müəyyən edilir ki, qəbzlərdə göstərilən məbləğlər 800 manat, 1.100 manat, 2.100 manat, 1.000 manat və 5.000 manatdan ibarətdir. Fotoşəkillərdən görünür ki, pul məbləğləri 416973*****9467 hesabına köçürülmüşdür. Diskdə olan bir ədəd videofayla baxış zamanı müəyyən edilmişdir ki, əvvəlcə təbii işıqda iki nəfər kişi cinsindən olan şəxsin avtomobilə tərəf hərəkətdə olaraq əyləşməsi müşahidə olunur, çəkiliş gizli aparıldığına görə hərəkətdə olan şəxslərin baş nahiyəsi görsənmir, sonra çəkilişdə görüntü qaralır, avtomobil hərəkətdə olduğuna görə iki nəfərin danışığı səs-küyə görə aydın eşidilmir, buna baxmayraq danışıq aparanlardan biri, yəni Nicat deyir: “belə edək də sən özün say.” Yenə qarışıq başa düşülməyən səs-küy. Əli deyir: “on yeddi min, gedim köməkçi ilə görüşüm, heç əmanət məndə qalmasın.” Nicat: “and ola Allaha iki gündür mən elə narahatam, bu boyda pulu heç vaxt qazanmamışam.” Əli: “vxadnoy günü gedim görüşüm. Qəti narahat olma, düzələcək, hamısı düzələcək allah qoysa. Mən “hacı” ilə danışım” və s. Beləliklə, məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146). Məhkəmə qeyd edir ki, cinayət işi üzrə ifadələr, o cümlədən məhkəmə baxışının gedişatında zərərçəkmiş şəxs və şahid tərəfindən verilmiş ifadələrin qarşılıqlı şəkildə tədqiqi belə qənaətə gəlməyə əsas verir ki, Təqsirləndirilən şəxs tərəfindən ittiham olunan cinayətlərin törədilməsinə şübhə yarada biləcək hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsinə əsasən dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə xeyli miqdarda ziyan vurmaqla törədildikdə — dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələrinin, istintaq hərəkətlərinin protokollarının və digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.2-ci maddəsinə görə azadlıqdan məhrum etmə növündə cəzanı qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün — ümumi rejimli cəza çəkmə müəssisələrində çəkirlər; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin: 132.1.6-cı maddəsinə əsasən maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalı və ya maraqlı təşkilatların və şəxslərin vəsatəti olduqda bu Məcəllənin 136.3-cü maddəsində nəzərdə tutulmuş qaydada onlara verilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı və bir yetkinlik yaşına çatmayan uşağının olmasını nəzərə alır və onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə, digər cəza ilə cəzanın məqsədinə nail olunmamasını, Təqsirləndirilən şəxs şəxsiyyətini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsin islah olunması yalnız onun cəmiyyətdən təcrid edilməsi yolu ilə mümkün olduğuna görə ona müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hal, ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri, az ciddi cəza növünün cəzanın məqsədlərini təmin edə bilməməsi nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan daha ciddi cəza növü olan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, tutulduğu müddət azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanmaqla təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılmalı və üzərində müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmalı (CM 69.3), cəzaçəkmə müddətinin başlanğıcı 01 sentyabr 2025-ci il tarixdən hesablanmalı, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri dəyişdirilərək həbs növündə qətimkan tədbiri ilə əvəz edilməli və həbs növündə qətimkan tədbiri hazırki hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, Lənkəran Rayon Məhkəməsinin 4(049)-37/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilməsi nəzərə alınmalı, iş üzrə maddi sübut - 01 (bir) ədəd disk iş materiallarında saxlanılmalıdır. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. İş üzrə maddi sübut - Zərərçəkmiş şəxs götürülmüş 01 ədəd disk iş materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə məhkəmə xərci və mülki iddia yoxdur. Azərbaycan Respublikası CPM-nin 193.2 və 193.3-cü maddələrinə uyğun olaraq Təqsirləndirilən şəxs hüquqlarını məhkəmə istintaqı zamanı Vəkillər Kollegiyasının üzvü X6 müdafiə etmiş, sonradan o, X2 onun hüquqlarını müdafiə etməsindən imtina etmiş və onun hüquqlarını Vəkillər Kollegiyasının üzvü Müdafiəçi müdafiə etmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli, 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2025-ci il tarixli, 141 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 11 manat miqdarında əmək haqqı ödənilməlidir. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmədə göstərdiyi pulsuz hüquqi yardıma görə 28 aprel 2025-ci il tarixədək 02 (iki) iş saatı üçün 12 (on iki) manat; 28 aprel 2025-ci il tarixindən sonra 04 (dörd) iş saatı üçün 44 (qırx dörd) manat məbləğində vəsait müdafiəçisi Bakı şəhəri 9 saylı vəkil bürosunun vəkili X3 ödənilməsi üçün Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Bakı şəhəri 9 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmədə göstərdiyi pulsuz hüquqi yardıma görə 06 (altı) iş saatı üçün 66 (altmış altı) manat məbləğində vəsait müdafiəçisi Bakı şəhəri 9 saylı vəkil bürosunun vəkili Müdafiəçi ödənilməsi üçün Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Bakı şəhəri 9 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 43.3, 40.2, 73, 197-198, 344- 347, 349, 351-353, 356-358 və 385-ci maddələrini rəhbər tutaraq, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 12 fevral 2025-ci il tarixdən 14 fevral 2025-ci il tarixə qədər şübhəli şəxs qismində saxlanıldığı 02 (iki) gün müddət azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanmaqla 02 (iki) gün azadlıqdan məhrum etmə cəzası ona təyin edilmiş 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasından çıxılsın və üzərində qəti olaraq 02 (iki) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasını çəkməsinin əvvəli hökmün elan olunduğu 01 sentyabr 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri dəyişdirilərək həbs növündə qətimkan tədbiri ilə əvəz edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs növündə qətimkan tədbiri hazırki hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs başqa cinayət işi ilə əlaqədar həbsdə saxlanması nəzərə alınsın. İş üzrə maddi sübut - Zərərçəkmiş şəxs götürülmüş 01 ədəd disk iş materiallarında saxlanılsın. Vəkil X2 Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsinə sərf etdiyi 28 aprel 2025-ci il tarixədək 02 (iki) saata görə Azərbaycan Respublikasının dövlət büdcəsindən 12 (on iki) manat; 28 aprel 2025-ci il tarixindən sonra 04 (dörd) saata görə Azərbaycan Respublikasının dövlət büdcəsindən 44 (qırx dörd) manat olmaqla, ümumilikdə 56 (əlli altı) manat tutularaq 9 saylı Vəkil Bürosunun hesablaşma hesabına (VÖEN **********, h/h ********************, BANK ABB Suraxanı filialı, SWİF+GODE İBAZAZ2X, müxbir hesabı **********031, kod 805692, VÖEN **********) ödənilsin. Vəkil Müdafiəçi Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsinə sərf etdiyi 06 (altı) saata görə Azərbaycan Respublikasının dövlət büdcəsindən 66 (altmış altı) manat tutularaq 9 saylı Vəkil Bürosunun hesablaşma hesabına (VÖEN **********, h/h ********************, BANK ABB Suraxanı filialı, SWİF+GODE İBAZAZ2X, müxbir hesabı **********031, kod 805692, VÖEN **********) ödənilsin. İş üzrə mülki iddia, məhkəmə xərci və xüsusi müsadirənin olmaması nəzərə alınsın. Hökmdən elan olunduğu (həbsdə saxlanılan təqsirləndirilən şəxsə təqdim edildiyi) andan 20 (iyirmi) gün müddətdə Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar