Məhkəmə qərarları › İş №1(010)-305/2023

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-305/2023

23.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-305/2023 23.05.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Nuriyev Elnur Aləm oğlunun sədrliyi, məhkəmə iclas katibi Nayıbov Pərviz Şakir oğlunun katibliyi ilə, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində X2 üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, onun müdafiəçisi Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, 23 may 2023-cü il tarixdə, saat 11:10-da, Bakı şəhərində, xx xxxxxx 1988-ci ildə Yevlax rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, heç bir yerdə işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2 ünvanında yaşayan, 09 noyabr 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 11 noyabr 2022-ci il tarixdə barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs 09 noyabr 2022-ci il tarixdə səhər saatlarında Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsində istintaqa məlum olmayan mənbədən qanunsuz olaraq satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda 01 (bir) ədəd şəffaf sellofan kəsiyi bükümündə təmiz çəkisi 1,155 qram kustar üsulla hazırlanmış narkotik vasitə-heroin alaraq əldə edib daşımaqla üzərində saxlamış və Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin 31-ci Polis Bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində xx.xx.2022-ci il tarixdə saat 17:45 radələrində ünvan 3 ünvanın yaxınlığında narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilindiyi üçün saxlanılıb Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, Səttar Bəhlulzadə 56 ünvanında yerləşən Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin 31-ci Polis Bölməsinə aparılmış və orada üzərində şəxsi axtarış və götürmə həyata keçirilən zaman əynində olan qara rəngli şalvarın sağ yan cibindən 01 (bir) ədəd şəffaf sellofan kəsiyi bükümündə təmiz çəkisi 1,155 qram kustar üsulla hazırlanmış narkotik vasitə-heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü tam təqsirli bilərək göstərdi ki, narkotik vasitənin heroin kimi tanıdığı növündən istifadə edir. xx.xx.2022-ci il tarixdə Suraxanı rayonu, Əmircan qəsəbəsində tanımadığı şəxsdən 10 manata bir ədəd şəffaf sellofan kəsiyi bükümündə narkotik vasitə heroin alaraq sonra istifadə etməsi üçün özündə saxlamışdır. xx.xx.2022-ci il tarixdə saat 17-18 radələrində yaşadığı Suraxanı rayonu, Bülbülə qəsəbəsi, S.Bəhlulzadə küçəsində, nömrəsiz evin yaxınlığında olduğu zaman iki nəfər mülki geyimdə olan şəxslər ona yaxınlaşıb saxlayaraq özlərini təqdim edib polis əməkdaşları olduqlarını bildirmişlər. Kim olduğunu soruşduqda özünü təqdim edib Təqsirləndirilən şəxs olduğunu demişdir. Polis əməkdaşları narkotik vasitələrin əldə edilib saxlanması, daşınmasında şübhəli olduğunu deyib onu 31-ci PB-nə dəvət etmişlər. PB-nin inzibati binasında, xidməti otaqda ona şübhəli şəxsin hüquq və vəzifələri izah olunmuş, hüquqlarının müdafiə olunması üçün dövlət hesabına müdafiəçi dəvət edilmişdir. Bundan sonra üzərində videoçəkiliş aparılmaqla şəxsi axtarış aparılacağı barədə qərar elan olunmuş, üzərində narkotik vasitə, psixotrop maddə, elcə də əldə edilib saxlanması qadağan olunmuş hər hansı bir əşya, vasitə və ya predmet varsa təqdim etməsi təklif olunmuşdur. Öz istifadəsi üçün alıb əynindəki qara rəngli şalvarının sağ yan cibində saxladığı bir ədəd şəffaf sellofan kəsiyi bükümündə olan narkotik vasitə heroini cibindən çıxarıb polis əməkdaşlarına təqdim etmiş, təqdim etdyi bükümdə narkotik vasitə heroin olduğunu, heroini Suraxanı rayonu, Əmircan qəsəbəsində tanımadığı şəxsdən 10 manata öz istifadəsi üçün aldığını bildirmişdir. Təqim etdiyi bir bükümdə olan narkotik vasitə heroin polis əməkdaşları tərəfindən götürülərək zərfə qoyulmüş, zərf möhürlənmiş, bu barədə protokol tərtib olunumuşdur. Sonda törətdiyi əməldən səmimi peşman olduğunu bildirmişdir. Məhkəmə dövlət ittihamçısını, təqsirləndirilən şəxsi, onun müdafiəçisini və şahidi dinləyərək, iş materiallarını tədqiq edərək, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətmişdir və onun təqsiri özünün etirafedici ifadəsi ilə yanaşı aşağıda göstərilən digər sübutlarla da təsdiq edilir. Məhkəmənin 02 may 2023-cü il tarixli iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin 31-ci Polis Bölməsinin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1 ifadəsində göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə 31-ci PB-nə “Şərif” adlı şəxsin Suraxanı rayonu, Bülbülə qəsəbsi, S.Bəhlulzadə küçəsində qanunsuz olaraq narkotik vasitənin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Daxil olmuş əməliyyat məlumatı barədə dərhal polis bölməsinin rəhbərliyinə məruzə edib əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi üçün qərar qəbul etmişdir. Polis bölməsinin rəisinin əmri ilə onun rəhbərliyi ilə Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin 31-ci Polis Bölməsinin əməliyyat müvəkkili, polis kapitanı Şahid2 ibarət əmliyyat qrupu yaradılmiş, «Şərif» adlı şəxsin Yevlax şəhəri, Nizami küçəsi, ev 227-də qeydiyyatda olan, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, S.Bəhlulzadə küçəsi, nömrəsiz evdə yaşayan Təqsirləndirilən şəxs olduğunu müəyyən etmiş və ifşa olunması üçün əməliyyt-axtarış tədbirlərinin icrasına başlamışlar. xx.xx.2022-ci il tarixdə saat 17:45 radələrində Təqsirləndirilən şəxs Suraxanı rayonu, Bülbülə qəsəbəsi, S.Bəhlulzadə küçəsində, yaşadığı evin yaxınlığında olduğunu müəyyən edərək orada sonuncuya yaxınlaşmışlar. Özlərini təqdim edib polis əməkdaşları olduqlarını, narkotik vasitələrin qansuz dövriyyəsi ilə şübhəli olduğunu bildirib sonuncunu Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin 31-ci Polis Bölməsinə dəvət etmişlər. Polis bölməsinin inzibati binasında, xidməti otaqda Təqsirləndirilən şəxs şübhəli şəxsin hüquq vəzifəlri izah olunmuş, hüquqlarının müdafiə olunması üçün dövlət hesabına müdafiəçi dəvət edilmişdir. Təqsirləndirilən şəxs videoçəkiliş aparılmaqla üzərində şəxsi axtarış aparılacağı barədə qərar elan edilərək videoçəkiliş aparılmaqla üzərində şəxsi axtarış aparılmışdır. Axtarış aparılmasına başlamazdan əvvəl üzərində narkotik vasitə, psixotrop maddə və ya əldə edilib saxlanması və daşınması qadağan olunmuş hər hansı bir əşyası varsa təqdim etməsi təklif olunduqda Təqsirləndirilən şəxs əynindəki qara rəngli şalvarının sağ yan cibindən 1 (bir) ədəd şəffaf sellofan kəsiyi bükümünü çıxarıb təqdim etmiş, təqdim etdiyi bükümün arasında narkotik vasitə heroin olduğunu, heroini Suraxanı rayonu, Əmircan qəsəbəsində tanımadığı şəxsdən 10 manata alaraq öz şəxsi istifadəsi üçün saxladığını bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi büküm zərfə qoyularaq zərf möhürlənmişdir. Bu barədə tərtib olunan protokolun məzmunu ilə tanış olaraq möhürlənmiş zərfin üzərini və protokolu imzalamışlar. Cinayət işinin ibtidai istintaqı zamanı şahid qismində dindirilmiş Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin 31-ci Polis Bölməsinin əməliyyat müvəkkili, polis kapitanı Şahid2 məhkəmə iclasında elan olunmuş ifadəsindən görünür ki, sonuncu Şahid1 ifadəsi ilə eyni məzmunlu ifadə vermişdir. İş materiallarında olan şəxsi axtarış və götürmə aparılması haqqında 09 noyabr 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə videoçəkiliş elməklə baxış keçirilən zaman ona üzərində qanunla qadağan olunmuş hər hansı bir əşya və ya predment olduğu halda təqdim etməsi təklif olunmuş, bu zaman Təqsirləndirilən şəxs əynindəki qara rəngli şalvarının sağ yan cibindən 1 (bir) ədəd şəffaf sellofan kəsiyi bükümünü çıxarıb təqdim etmiş, təqdim etdiyi bükümün arasında narkotik vasitə heroin olduğunu, heroini Suraxanı rayonu, Əmircan qəsəbəsində tanımadığı şəxsdən 10 manata alaraq öz şəxsi istifadəsi üçün saxladığını bildirmişdir. İş materiallarında olan materialların məhkəmə ekspertizası üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 6/6474 nömrəli ekspert rəyində göstərilir ki, tədqiqata təqdim edilmiş, üzərində «Azərbaycan Respublikası DİN Zərflər üçün № 195» dairəvi möhür əksi, «Şübhəli şəxs Təqsirləndirilən şəxs...» və sair sözlər, imzalar olan zərfdəki 01 ədəd bükümdə təmiz çəkisi 1,155 qram maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitəheroindir. Təmiz çəkisi 1,155 olan heroinin 0,1 qram hissəsi tədqiqata sərf olunmuş, qalıq 1,055 qram təşkil etmişdir. İş materiallarında olan diskə baxış keçirilməsi haqqında 10 noyabr 2022-ci il tarixli protokoldan, habelə iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş DVD diskdəki video görüntüdən görünür ki, polis əməkdaşlarının iştirakı ilə Suraxanı RPİ-nin 31-ci Polis Bölməsinin inzibati binasının xidməti otağında Təqsirləndirilən şəxs üzərinə baxış keçirilir, Təqsirləndirilən şəxs üzərində qanunla qadağan olunmuş hər hansı bir əşya və ya predmet olması barədə sual verilir, sonuncu könüllü olaraq əynində olan qara rəngli şalvarının sağ yan cibindən 1 (bir) ədəd şəffaf sellofan kəsiyi bükümünü çıxarıb təqdim edir, təqdim etdiyi bükümün arasında narkotik vasitə heroin olduğunu, heroini Suraxanı rayonu, Əmircan qəsəbəsində tanımadığı şəxsdən 10 manata alaraq öz şəxsi istifadəsi üçün saxladığını bildirir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Publik Hüquqi X4- Narkoloji tibbi yoxlama ekspertizasının xx.xx.2023-ci il tarixli 794A nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan aslılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Lakin hal-hazırda abstinensiya, intoksikasiya əlamətlərinin olmasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətinin olması ilə əlaqədar olaraq narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən verilmiş 29 noyabr 2022-ci il tarixli tələbnamədən görünür ki, Xasanov X3 Rayon Məhkəməsinin 23 yanvar 2014-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci, 177.2.3-cü, 177.2.4-cü və 234.1-ci maddələri ilə təqsirli bilinərək qəti olaraq 04 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Salyan Rayon Məhkəməsinin 14 dekabr 2017-ci il tarixli qərarı ilə sonuncunun əməlindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.4-cü maddəsi çıxarılmaqla, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1ci, 177.2.3-cü və 234.1-ci maddələrinə tövsif edilmiş, 07 mart 2018-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. Beləliklə, yuxarıda göstərilən sübutlarla Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə müəyyən olunmuş cinayətin törədilməsində təqsiri tam sübuta yetirilir. Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli, 961-İİQ saylı Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının” İ siyahısının 5-ci bəndinin tələbinə görə heroinin şəxsi istehlak miqdarından artıq miqdar (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 0.15 qram, külli miqdar (təmiz halda qramlarla) daxil olmaqla aşağı həddi 2 qramdır. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli, 959-İİQ nömrəli Qanununun 1.0.8, 1.0.9 və 1.0.10-cü maddələrinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş və narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması - məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli, 2 nömrəli Qərarının 4-cü bəndinə görə törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür. Həmin Qərarın 5-ci bəndinə görə təqsirli şəxsin narkotik vasitələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. “Məhkəmə Hökmü Haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 saylı qərarının, 45-ci bəndində qeyd olunmuşdur ki, Məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Cəza təyin edərkən məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, hazırda məhkumluğunun olmaması, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Törətdiyi əməli etiraf edərək səmimi peşman olmasını məhkəmə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal hesab edir. İş üzrə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə hesab edir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsinə görə yalnız azadlıqdan məhrum etmə növündə cəza təyin edildiyi təqdirdə təmin edilə bilər. Azərbaycan Respublikası CM-nin 56.1 və 56.1.2-ci maddələrinə görə qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün azadlıqdan məhrum etmə növündə cəzanın ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş daha ciddi cəza növü olan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli və cəzanın çəkilməsi ümumi rejimli cəzaçəkmə müəssisəsində müəyyən edilməlidir. Bundan başqa, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Azərbaycan Respublikası CPM-nin 158.2 və 158.2.1-ci maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan hesablanır, tutulduğu və həbsdə saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxil edilir. İş materiallarında olan şübhəli şəxsin tutulması haqqında 09 noyabr 2022-ci il tarixli protokoldan, habelə təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında, təqsirləndirilən şəxsin barəsində həbs növündə qətimkan tədbirinin seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina olunması və qətimkan tədbirinin seçilməsi haqqında 11 noyabr 2022ci il tarixli qərarlardan görünür ki, Təqsirləndirilən şəxs 09 noyabr 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 11 noyabr 2022-ci il tarixdə təqsirləndirilən şəxs qismindən cəlb edilərək ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ittiham elan edilmiş, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin İstintaq Şöbəsinin müstəntiqinin vəsatətinin müdafiə edilməsindən imtina edilmiş, Təqsirləndirilən şəxs barəsində həbslə bağlı olmayan qətimkan tədbirinin seçilməsi və saxlanıldığı Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin Müvəqqəti Saxlama Yerindən azad edilməsi qərara alınaraq həmin qərarın surəti Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilmiş və bundan sonra Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin İstintaq Şöbəsinin müstəntiqi tərəfindən onun barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası CPM-nin 158.2 və 158.2.1-ci maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan hesablanır və tutulduğu müddət həbsdə saxlama müddətinə daxil edilir. Buna görə də məhkəmə hesab edir ki, məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs 09 noyabr 2022-ci il tarixdən 11 noyabr 2022-ci il tarixədək tutulduğu 02 (iki) gün müddət azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanaraq, təyin olunmuş cəzadan çıxılmalı və Təqsirləndirilən şəxs üzərində qəti olaraq, müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmalıdır. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzası təyin edildiyinə görə hökmün icrasının təmin edilməsinə nail olmaq məqsədilə təqsirləndirilən şəxsin barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-in 155.1.5-ci maddəsinə görə qətimkan tədbiri məhkəmə tərəfindən o hallarda tətbiq oluna bilər ki, təqsirləndirilən şəxs tərəfindən məhkəmə hökmünün icrasına maneçilik törədilməsi ehtimalına kifayət qədər əsaslar olsun. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 157.5-ci maddəsinin şərh edilməsinə dair” 09 iyul 2010-cu il tarixli qərarında göstərmişdir ki, Azərbaycan Respublikası CPM-in 156.2ci maddəsinə görə cinayət işinə mahiyyəti üzrə baxan məhkəmə öz təşəbbüsü ilə həbs qətimkan tədbirinin seçilməsi haqqında qərar qəbul edə bilər. Bundan başqa, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Həmçinin məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinə əsasən, iş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin maddi sübutların saxlanc yerinə təhvil verilmiş, xalis çəkisi 1,055 qram olan narkotik vasitə - heroin məhv edilməlidir. Eyni zamanda məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınaraq cinayət işinə əlavə edilmiş 01 ədəd “DVD” disk Azərbaycan Respublikası CPM-nin 132.1.6-cı maddəsinə əsasən cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Habelə məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 197.1, 197.1.4 və 198.1-ci maddələrinə əsasən iş üzrə materialların məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 109,90 manat (yüz doqquz manat doxsan qəpik) məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs dövlət nəfinə tutulmalıdır. Bundan əlavə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə məsrəfləri ilə bağlı əlavə olaraq məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli, 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 06 manat məbləğində müəyyən edilmişdir. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmədə göstərdiyi pulsuz hüquqi yardıma görə 16 (on altı) iş saatı üçün 96 (doxsan altı) manat məbləğində vəsait müdafiəçisi Bakı şəhəri 9 saylı vəkil bürosunun vəkili Müdafiəçi ödənilməsi üçün Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Bakı şəhəri 9 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 346, 347, 349, 351-353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinərək 09 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilsin. Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı 09 noyabr 2022-ci il tarixdən 11 noyabr 2022-ci il tarixədək sübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin edilən 09 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzasından çıxılsın və Təqsirləndirilən şəxs çəkilməsi üçün qəti olaraq 08 (səkkiz) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası müəyyən edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli hökm elan olunduğu 23 may 2023-cü il tarixdən, saat 11:15-dən hesablansın. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri həbs qətimkan tədbiri ilə dəyişdirilsin və Təqsirləndirilən şəxs hökm elan edildikdən dərhal sonra məhkəmə iclası zalında həbs edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs həbsdə saxlanma yeri Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanası müəyyən edilsin. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə materialların məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 109,90 manat (yüz doqquz manat doxsan qəpik) məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs dövlət nəfinə tutulsun. İş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin maddi sübutların saxlanc otağına təhvil verilmiş, xalis çəkisi 1,055 qram olan narkotik vasitə - heroin məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış və cinayət işində saxlanılan 01 ədəd “DVD” disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmədə göstərdiyi pulsuz hüquqi yardıma görə 16 (on altı) iş saatı üçün 96 (doxsan altı) manat məbləğində vəsait müdafiəçisi Bakı şəhəri 9 saylı vəkil bürosunun vəkili Müdafiəçi ödənilməsi üçün Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Bakı şəhəri Bank ABB Suraxanı filialı, VÖEN **********, h/h ********************, SWİF GOODE İBAZAZ2X, m/h-**********031, kod 805692, VÖEN **********, AİİBAZ2X, hesab-********************, VÖEN-********** hesablaşma hesabı üzərindən Bakı şəhəri 9 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökm elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Həbsdə saxlanılan məhkum tərəfindən isə apellyasiya şikayəti hökmün surətinin ona verildiyi andan 20 gün müddətində verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya protesti verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Elnur Nuriyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar