Məhkəmə qərarları › İş №1(010)-308/2024

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-308/2024

04.07.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-308/2024 04.07.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Rzayeva Nərminə Cahangir qızının sədrliyi, Ələmşahova Aytəkin Aqil qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Təqsirləndirilən şəxs müdafiəçisi, Bakı şəhəri 09 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, Təqsirləndirilən şəxs, xx.xx.1972-ci ildə Ermənistanın Masis rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qismində qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 13 mart 2024-cü il tarixdə, Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi ərazisində, şəxsiyyəti istintaqa məlum olmayan şəxsdən satış məqsədi olmadan xeyli miqdarda 01 (bir) ədəd ağ rəngli sellofan bükümündə təmiz çəkisi 0,703 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini alaraq əldə edib, daşımaqla üzərində saxlamış və Bakı şəhəri Suraxanı RPİ-nin 32-ci PŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 13 mart 2024-cü il tarixdə saat 15:55 dəqiqədə Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, E.Bəkirli küçəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilindiyi üçün saxlanılıb Bakı şəhəri Suraxanı RPİ-nin 32-ci PB-nin inzibati binasına aparılaraq orada üzərində şəxsi axtarış və götürmə həyata keçirilən zaman əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən 01 (bir) ədəd ağ rəngli sellofan bükümündə olan təmiz çəkisi 0,703 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində cəlb eidlmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan olunan ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, hərdən bir Bakı şəhərində müxtəlif ərazilərdə, tanımadığı şəxslərdən narkotik vasitə olan heroin və psixotrop maddə metamfetamin alıb çəkmək yolu ilə qəbul etmişdir. Sonuncu dəfə xx.xx.2024-cü il tarixdə Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsində piyada gəzərkən piyada səkisində bir balaca büküm diqqətini çəkmişdir. O, bükümü yerdən götürüb açıb baxdıqda bükümün arasında «patı» kimi tanıdığı psixotrop maddə metamfetamin olduğunu görmüşdür. O, yerdən tapdığı psixotrop maddə metamfetamini əynindəki göy rəngli cins şalvarın sağ yan cibinə qoyaraq özündə saxlamış ki, sonra qəbul etsin. xx.xx.2024-cü il tarixdə saat 15 radələrində yaşadığı Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, E.Bəkirli küçəsindəki evinin qarşısında olduğu zaman iki nəfər mülki geyimdə olan bəxşlər ona yaxınlaşıb özlərini polis əməkdaşları kimi təqdim etmiş və ona narkotik vasitə əldə edib saxlayıb daşımaqda şübhəli olduğunu demişlər. Onlar onu Bakı şəhəri Suraxanı RPİ-nin 32-ci PB-nə dəvət etmişlər. PB-nin İnzibati binasında, xidməti otaqda ona şübhəli şəxsin hüquq və vəzifələri izah olunmuş, hüquqlarının müdafiə olunması üçün vəkil dəvət edilmişdir. Sonra videoçəkliş aparılmaqla onun üzərində şəxsi axtarış aparılacağı barədə qərar elan edilmiş və sonuncuya təklif olunmuş ki, üzərində narkotik vasitə, psixotrop maddə, eləcə də əldə edilib saxlanması və daşınması qadağan olunmuş hər hansı bir əşya, vasitə və ya predmet varsa təqdim etsin. 0, səmimi olaraq etiraf etmiş ki, üzərində psixotrop maddə metafetamin olduğunu, sonra da əynindəki göy rəngli şalvarının sol yan cibində olan «Redmi» markalı mobil telefonu və sağ yan cibində saxlayaraq daşıdığı bir ədəd bükümdə olan psixotrop maddə metamfetamini çıxarıb polis əməkdaşlarına təqdim etmişdir. Polislərə təqdim etdiyi metamfetamini xx.xx.2024-cü il tarixdə Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi ərazisində yerdən tapdığını və istifadə etməyi üçün üzərində saxladığını bildirmişdir. Təqdim etdiyi bir ədəd bükümdə olan metamfetamin polis əməkdaşları tərəfindən götürülmüş, bir ədəd zərfə qoyularaq zərfə möhürlənmişdir. Bu barədə protokol tərtib olunmuş, protokolun məzmunu ilə tanış olaraq möhürlənmiş zərfin üzərini və protokolu imzalamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Suraxanı RPİ-nin 32-ci polis bölməsinin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2 ifadəsində göstərmişdir ki, 13 mart 2024-cü il tarixdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhər Baş Polis idarəsindən daxil rəhbəri kimi, bölmənin əməliyyat müvəkkili, polis Şahid1 ilə birlikdə əməliyyat-axtarış tədbirlərində iştirak etmişdir. Keçirilən tədbir zamanı xx.xx.1972-ci ildə Ermənistan, Masis rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş əməliyyat məlumatları yoxlanılmış, əməliyyat qrupunun üzvi kimi əməliyyat müvəkkili Şahid2 şəxs barəsində malik olduğu məlumatlara əsasən tədbirin vaxtını və keçiriləcək ərazini müəyyənləşdirmişdir. 13 mart 2024-cü il tarxidə saat 15 radələrində o, Təqsirləndirilən şəxs ünvan 2 ünvanının qarşısında müşahidə aparmağa başlamış və özlərini polis əməkdaşları kimi təqdim edərək, Təqsirləndirilən şəxs özünü təqdim etməsini tələb etmiş, sonuncu özünü təqdim etmiş və narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı cinayət törətməsi barədə məlumatların yoxlanılması üçün saxlanılğını bildirmişdir. O araşdırmanın davam etdirilməsi üçün Təqsirləndirilən şəxs Suraxanı RPİ-nin 32-ci Polis bölməsinə getməli olduğunu bildirmiş, Təqsirləndirilən şəxs etiraz etməmiş və onunla avtomobilə oturub polis bölməsinə gəlmişdir. Polis bölməsinə gətiriləndən sonra araşdırmanın aparılması şöbənin baş təhqiqatçısı, polis kapitanı X3 tapşırılmışdır. Təhqiqatçı Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulması haqqında qərar vermiş sonra sonuncunun üstündə videoçəkilişlə şəxsi axtarış aparmışdır. Şəxsi axtarışdan əvvəl təhqiqatçı Təqsirləndirilən şəxs müdafiə hüquqlarını izah etmiş, vəkil ilə bağlı mövqeyini soruşanda Təqsirləndirilən şəxs şəxsi axtarış zamanı vəkil istəmədiyini, vəkildən imtina etməsini yazılı ərizə ilə təsdiq etmişdir. Şəxsi axtarış zamanı təhqiqatçı Rəşad Həsənzadə tutulan şəxs Təqsirləndirilən şəxs hüquqlarını izah edərək, sonuncuya təklif etmiş ki, üstündə qanunsuz saxlanılan nə varsa, təqdim etsin. Təqsirləndirilən şəxs bu təklifdən sonra əynindəki göy rəngli cins şalvarının sol cibindən bir ədəd “Redmi” markalı mobil telefonu, şalvarının sağ cibindən bir ədəd bükümü çıxardıb masanın üstünə qoymuş, sonra təhqiqatçı bükümü açaraq içərisində psixotrop maddə metamfetaminə oxşar kristalşəkilli ağ maddə olduğunu görmüşdür. Büküm barədə təhqiqatçının suallarına cavabında Təqsirləndirilən şəxs 2024-cü ilin mart ayının 13-də Qaraçuxur qəsəbəsində piyada hərəkət edən zaman yerdən büküm tapdığını və içərisini açdıqda psixotrop maddə “pati” olduğunu görmüşdür. Məhkəmə iclasında ifadəsi elan edilmiş, istintaq zamanı şahid qismindiə dindirilmiş Suraxanıı RPİ-nin 32-ci polis bölməsinin əməliyyat müvəkkili, polis kapitanı Şahid1 eyni məzmunlu ifadə verərək şahid qismində dindirilmiş Şahid2 göstərmiş olduğu xüsusatları öz ifadəsində təsdiq etmişdir. Cinayət işinin 28-ci vərəqində olan “şübhəli şəxsin tutulması haqqında” 13 mart 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 13 mart 2024-cü il tarixdə, saat 15:55-də şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin materiallarının 63-65-cü vərəqlərində olan 15 mart 2024-cü il tarixli vəsatətin müdafiə edilməsindən imtina edilməsinə dair qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində “həbs” növündə qətimkan tədbirinin seçilməsinə dair Suraxanı RPİ-nin İstintaq Şöbəsinin müstəntiqi Nizami Məhərrəmovun vəsatətinin müdafiə edilməsindən imtina edilməsi, iş üzrə təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs barəsində həbslə əlaqədar olmayan qətimkan tədbiri seçilməsi Suraxanı RPİ-nin İŞ-nə göndərilməsi qərara alınmışdır. Cinayət işinin materiallarının 67-68-ci vərəqində olan 15 mart 2024-cü il tarixli “təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi barədə” qərara əsasən, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam haqqında” qətimkan tədbirinin seçilməsi qərara alınmışdır. Cinayət işinin 33-34-cü vərəqlərində olan “şəxsi axtarış və götürmə aparılması barədə” 13 mart 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmış, o, əynindəki göy rəngli cins şalvarının sol yan cibindən bir ədəd “redmi” markalı mobil telefon, sağ yan cibindən isə bir ədəd ağ rəngli sellofana bükülmüş büküm təqdim etmiş, təqdim etdiyi bir bükümdə olan kütlənin psixotrop maddə metamfetamin olduğunu, metamfetamini səhər saatlarında Bakı şəhəri, Suraxanı rayonu ərazisində piyada gəzərkən yerdən tapdığını bildirmişdir. Cinayət işinin 37-40-cı vərəqlərində olan cinayət işi üzrə təyin edilmiş məhkəməkimyəvi ekspertizası üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 6/1512 nömrəli ekspert rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş, üzərində Təqsirləndirilən şəxs üzərindən sözləri olan zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 0,703 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanuni ilə təsdiq olunmuş siyahılara əsasən metamfetamin «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş psixotrop maddələr»in siyahısına (Siyahı İ) daxildir. Cinayət işinin 87-88-ci vərəqlərində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublikası X7 Hüquqi X8-Narkoloji tibbi yoxlama ekspertizasının xx.xx.2024-cü il tarixli 2905 nömrəli rəyində göstərilmişdir ki, müayinə zamanı Təqsirləndirilən şəxs psixostimulyatorların qəbul edilməsi nəticəsində yaranan asıllıq sindromu narkomaniya xəstəliyi aşkar olunur. Lakin, hal-hazırda abstinensiya, intoksikasiya əlamətlərinin olmamasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar olaraq, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin 77-ci vərəqində olan “diskə baxış keçirilməsi haqqında” 10 aprel 2024-cü il tarixli protokoldan görünür ki, şəxsi axtarışa başlamazdan əvvəl Təqsirləndirilən şəxs üzərində qanunla əldə edilib saxlanması qadağan olunmuş əşya, vasitə və predmetlərin olub-olmamsı barədə sual verilir və üzərində olan əşyaların təqdim etməsi təklif olunur. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynindəki göy rəngli cins şalvarının sağ yan cibindən bir ədəd “redmi” markalı mobil telefon, əynindəki göy rəngli cins şalvarının sol yan cibindən bir ədəd sellofana bükülmüş bükümü masanın üzərinə qoyur və bildirir ki, təqdim etdiyi bükümdə olan kütlə psixotrop maddə metamfetamindir, metamfetamini səhər saatlarında Bakı şəhəri, Suraxanı rayonu ərazisində piyada gəzərkən yerdən tapmışdır. Cinayət işinin 89-cu vərəqlərində olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkum olunmamışdır. Cinayət işinin materiallarında olan Bakı şəhəri Xətai Rayon VVAQ İdarəsi tərəfindən verilmiş İV-ЖГ seriyalı № 375454 saylı “ölüm haqqında şəhadətnamədən” görünür ki, X5 18 yanvar 1993-cü il tarixdə Ağdərə istiqamətində gedən döyüşlərdə həlak olmuşdur. Elektron Məhkəmə İnformasiya sistemindən çıxarışa əsasən Təqsirləndirilən şəxs himayəsində xx.xx.2012-ci il təvəllüdlü X2 və xx.xx.2015-ci il təvəllüdlü X4 adlı uşaqları vardır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs üzərində aparılmış şəxsi axtarışın videogörüntüsü olan 1 ədəd DVD-R formatlı diskə baxış keçirilərkən əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən 01 (bir) ədəd ağ rəngli sellofan bükümündə olan təmiz çəkisi 0,703 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülməsi müəyyən edilmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2008-ci il tarixli Qanununun 21-ci maddəsinə əsasən, «narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün, hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlakı həcminə əsasən müəyyən edilir. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıları Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilir». Azərbaycan Respublikasının 28 iyun 2005-ci il Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına habelə onların külli miqdarına görə” 2-ci siyahının 67-ci bəndinə əsasən psixotrop maddə metamfetaminin şəxsi istehlak miqdarından artıq miqdarının yuxarı həddi 0,15 qram təşkil edir. Cinayət işinin materiallarından göründüyü kimi iş üzrə Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş psixotrop maddə metamfetaminin təmiz çəkisi 0,703 qram təşkil etmişdir ki, qeyd olunan siyahıya əsasən, həmin miqdar Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2 saylı qərarının 4-cü bəndində göstərilmişdir ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi anlayışının şərhi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanunun 1.0.9-cu maddəsində verilmişdir. Qanunun həmin maddəsinin mənasına görə, o cümlədən narkotik vasitələrin satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaş-xaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması hərəkətləri də başa düşülməlidir. Törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür». Həmin qərarın 5-ci bəndinə əsasən Qanunun 1.0.10-cu maddəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması anlayışının şərhi verilmişdir. Həmin maddənin mənasına görə narkotik vasitələrin və psixotrop maddələri saxlama, bu maddələrin saxlanılmasının yerindən və müddətindən asılı olmayaraq, onlara qanunsuz surətdə faktiki malik olma deməkdir. Təqsirli şəxsin narkotik vasitələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. Narkotik vasitələri və ya psixotrop maddələri qanunsuz olaraq başqa şəxsdən əmanət kimi saxlamaq üçün qəbul etmiş şəxs də bu maddələri saxlamağa görə məsuliyyət daşımalıdır. Həmin qərarın 6-cı bəndinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi anlayışı Qanunun 1.0.8-ci maddəsində şərh edilmişdir.Qanunun mənasına görə narkotik vasitənin, psixotrop maddənin və prekursorların şəxsin özündə nəqliyyat vasitələri ilə və ya belə vasitələrdən istifadə etməməklə yerinin dəyişdirilməsi onların daşınması kimi, belə maddələrin poçtla, baqajla, həmin maddələrdən xəbəri olmayan şəxsin vasitəsi ilə bu maddələrin yerinin dəyişdirilməsi onların göndərilməsi kimi qiymətləndirilməlidir. Bu cinayətin subyekti təkcə narkotik vasitələrin və psixotrop maddələrin sahibi və ya onları müvəqqəti saxlayan şəxs deyil, həm də digər şəxslər ola bilərlər. Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz olaraq Azərbaycan Respublikasının gömrük sərhədlərindən daşınmaqla və ya göndərməklə keçirilməsinin həm də qaçaqmalçılıq cinayətinin tərkibini yaratdığı müəyyən edildikdə, təqsirkarın əməli cinayətlərin məcmusu qaydasında, yəni həm narkotik vasitələri və psixotrop maddələri qanunsuz daşımağa və ya göndərməyə görə və həm də qaçaqmalçılığa görə tövsif olunmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Beləliklə də, Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilmiş, məhkəmə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmağı məqsədəmüvafiq hesab edir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, əməlindən səmimi peşman olmasını, qardaşının “Ağdərə” istiqamətində gedən döyüşlərdə şəhid olmasını və himayəsində 2 azyaşlı uşağının olmasını yüngülləşdirən hal kimi hesab edir. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hallar müəyyən etmədi. Məhkəmə yuxarıda göstərilənlərə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti o cümlədən cəzanı yüngülləşdirən halların olub və cəzanı ağırlaşdıran halların müəyyən edilməməsi, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. İnsan hüquqları üzrə Avropa Məhkəməsi öz Qərarlarında dəfələrlə göstərmiş və Milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Məhkəmə, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid olunmadan islah edilməsinin mümkünlüyü qənaətinə gələrək, ona Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini məqsədəuyğun sayır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayətin törədilməsində təqsirli bilinib məhkum edilməli, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, əməlindən səmimi peşman olmasına görə cəzanı yüngülləşdirən halların mövcudluğu (ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, əməlindən səmimi peşman olmasını, qardaşının “Ağdərə” istiqamətində gedən döyüşlərdə şəhid olmasını və himayəsində 2 azyaşlı uşağının olmasını) və ağırlaşdıran (müəyyən edilməmişdir) halın mövcud olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, 13 mart 2024-cü il tarixdən 15 mart 2024-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 gün müddət müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş azadlığın məhdudlaşdırılması (həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə) cəzasından çıxılmaqla qəti cəza müəyyən edilməli, cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı tarixdən hesablanmalı, hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilmədən saxlanılmalı, iş üzrə maddi sübut kimi tanınan narkotik vasitə məhv edilməli (CPM-132), ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1.). Məhkəmə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublikası X7 Hüquqi X8- Narkoloji tibbi yoxlama ekspertizasının xx.xx.2024-cü il tarixli 2905 nömrəli rəyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikası CM-nın 52-1 maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə həmin maddədə qeyd olunan vəzifələr qoyulmalıdır. Belə ki, həmin maddə tələb edir: 52-1.1. Azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. 52-1.2. Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin müddəalarına əsasən: 15.5-1. Azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. 51-2.1. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. 51-3.1. Azadlığın məhdudlaşdırılması növündə cəza məhkumun yaşayış yeri üzrə çəkilir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia yoxdur. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4-cü və 194cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə, həmçinin vəkil tərəfindən təqdim edilmiş hesabatı nəzərdən keçirərək hesab edir ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 09 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 10 (on) iş saatına görə 60 (altmış) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 09 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, ona 01 (bir) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs istintaq zamanı tutma altında saxlanıldığı 13-15 mart 2024-cü il tarixədək 2 (iki) gün müddət azadlıqdan məhrum etmənin bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər olmaq hesabı ilə ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində qəti olaraq 01 (bir) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə Bakı şəhərinin hüdudlarını tərk etməmək, axşam saat 23:00-dan səhər saat 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Bakı şəhəri Suraxanı RPİ-nə təhvil verilmiş və ekspertiza tədqiqatına sərf edildikdən sonra ümumi qalığı 0,653 qram psixotrop maddə olan metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut olan Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılan zaman çəkilmiş videogörüntünün köçürüldüyü 1 ədəd DVD formatlı diskin cinayət işinin materiallarında saxlanılması nəzərə alınsın. İş üzrə ekspertiza xərci 81 (səksən bir) manat Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə, Az.MEM, VÖEN **********, AZ34CTRE**********002088501, X1, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ 41, NABZ013601**********3944 SFİFT BİK CTREAZ22 hesaba keçirilsin. Bakı şəhəri 09 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 06 (altı) manat hesab edilməklə, 10 (on) iş saatına görə 60 (altmış) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 09 saylı Vəkil Bürosunun "xxxx" ASC-nin Suraxanı filialında olan hesablaşma hesabına (VÖEN ********** h./h******************** SWİFT GODE İBAZAZ2X, müxbir hesabı **********031. kod 805692 VÖEN **********) köçürülsün. Hökmdən elan olunduğu andan 20 gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apelyasiya şikayəti və ya apelyasiya protesti verilməzsə hökm qanuni qüvvəyə minir. Sədrlik edən Nərminə Rzayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar