Məhkəmə qərarları › İş №1(010)-309/2021

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-309/2021

14.12.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-309/2021 14.12.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Nuriyev Elnur Aləm oğlunun sədrliyi, məhkəmə iclas katibi Nayıbov Pərviz Şakir oğlunun katibliyi ilə, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində X4 üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, onun müdafiəçisi, Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, saat 11:55-də, Bakı şəhərində, Təqsirləndirilən şəxs, xx xxx 1975-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, sonuncu dəfə Bakı şəhəri Suraxanı rayon Məhkməsinin 26 oktyabr 2010cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 02 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 15 yanvar 2013-cü ildə cəzasının sonu ilə azad edilmiş, məhkumluğu olmayan, Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Ə.Sumbatzadə küçəsi, dalan 4, 1 nömrəli evdə qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 15 iyul 2021-ci il tarixli, 4(010)-322/2021 nömrəli qərarı ilə həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs, 04 yanvar 2021-ci il tarixdə, axşam saatlarında Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi ərazisində, istintaqa məlum olmayan mənbədən, satış məqsədi olmadan qanunsuz olaraq, şəxsi istehlak miqdarından artıq miqdarda 0.389 qram çəkidə qəhvəyi rəngli kustar üsulla hazırlanmış narkotik vasitə - heroini şəxsi istifadəsi üçün 10 manata əldə edərək, daşımaqla üzərində saxlamış və həmin tarixdə, saat 17:10da Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində ünvan 2 ünvanın qarşısında saxlanılaraq, Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinə gətirilmiş, orada xidməti otaqların birində müdafiəçisinin iştirakı ilə videoçəkilişdən istifadə edilməklə üzərində şəxsi axtarış və götürmə istintaq hərəkəti həyata keçirilərkən bir ədəd siqaretin qızılı rəngli kağızı bükümündə olan həmin 0.389 qram çəkidə qəhvəyi rəngli kustar üsulla hazırlanmış narkotik vasitə - heroin Təqsirləndirilən şəxs əynindəki şalvarın sol yan cibində aşkar edilərək götürülmüşdür. Bundan başqa, Təqsirləndirilən şəxs, təkrarən 13 iyul 2021-ci il tarixdə səhər saatlarında Bakı şəhəri, Sabunçu rayonu ərazisində, istintaqa məlum olmayan mənbədən, satış məqsədi olmadan qanunsuz olaraq, şəxsi istehlak miqdarından artıq miqdarda 1.072 qram çəkidə qəhvəyi rəngli kustar üsulla hazırlanmış narkotik vasitə - heroini şəxsi istifadəsi üçün 10 manata əldə edərək, daşımaqla üzərində saxlamış və Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 31-ci Polis Bölməsinin əməkdaşları tərəfindən 01 aprel 2021-ci il tarixli, 101773/21 nömrəli axtarış işi üzrə keçirilmiş əməliyyat tədbirləri nəticəsində, həmin tarixdə, saat 18:05-də Bakı şəhəri, Sabunçu rayonu, “Köhnə Sabunçu” dairəsi adlanan ərazidə saxlanılaraq, Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 31-ci Polis Bölməsinə gətirilmiş, orada xidməti otaqların birində videoçəkilişdən istifadə edilməklə üzərində şəxsi axtarış və götürmə istintaq hərəkəti həyata keçirilərkən bir ədəd siqaretin gümüşü rəngli kağızı bükümündə olan həmin 1.072 qram çəkidə qəhvəyi rəngli kustar üsulla hazırlanmış narkotik vasitə - heroin Təqsirləndirilən şəxs əynindəki şalvarın sağ yan cibində aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilməyərək göstərdi ki, o, uzun müddətdir narkotik vasitə istehlak edir. Əvvəllər, narkotik vasitələrin istifadəsinə görə bir neçə dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuşdur. Lakin nə 2021-ci ilin yanvar ayının əvvəlində, nə də ki 2021-ci ilin iyul ayının ortalarında polis əməkdaşları tərəfindən saxlanılarkən üzərində hər hansı bir narkotik vasitə olmamışdır. Belə ki, 2021-ci ilin yanvar ayının əvvəlində, təxminən saat 11-12 radələrində yaşadığı evdə olarkən polis əməkdaşları onun yaşadığı evə gəlib, onu və evdə olan digər şəxsləri Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinə aparmışlar. Orada polis əməkdaşları tərəfindən ona qarşı fiziki güc tətbiq edilmişdir. Zorakılığa məruz qaldığından məcbur olub polis əməkdaşlarının, onun adından kompyuterdə tərtib etdikləri etirafedici məzmunlu ilkin dindirmə protokolunu imzası ilə təsdiq etmişdir. Eyni ilə də 2021-ci ilin iyul ayının ortalarında Bakı şəhəri, Sabunçu rayonu ərazisində Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 31-ci Polis Bölməsinin əməkdaşalrı tərəfindən saxlanılıb sözügedən polis bölməsinə aparılmış, polis əməkdaşları orada da ona qarşı fiziki güc tətbiq etdiklərinə görə məcbur olub bu dəfə də etirafedici izahat vermişdir. O, hər iki epizod üzrə özünü təqsirli bilmir. Sonda Təqsirləndirilən şəxs məhkəmədən təqsirinin olmadığına görə cinayət məsuliyyətindən azad edilməsini xahiş etdi. Məhkəmə dövlət ittihamçısını, təqsirləndirilən şəxsi, onun müdafiəçisini və şahidləri dinləyərək, iş materiallarını tədqiq edərək, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətmişdir və onun təqsiri aşağıda göstərilən digər sübutlarla təsdiq edilir. Məhkəmədə şahid qismində dindirilmiş Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin əməliyyat müvəkkili Şahid1 göstərdi ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə 04 yanvar 2021-ci il tarixdə daxil olmuş əməliyyat məlumatını yoxlamaq məqsədilə ondan və bölmənin əməliyyat müvəkkili X2 ibarət tərkibdə əməliyyat qrupu yaradılmışdır. Həmin tarixdə, saat 17:10-da ünvan 2 ünvanın qarşısında Təqsirləndirilən şəxs, onlar tərəfindən saxlanılaraq Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinə gətirilmişdir. Orada, xidməti otaqların birində müdafiəçinin iştirakı ilə videoçəkilişdən istifadə edilməklə Təqsirləndirilən şəxs üzərinə baxış keçiriləcəyi bildirilmiş və bununla əlaqədar üzərində olan dövriyyəsi qanunla qadağan edilmiş əşyaları təqdim etmək təklif olunmuşdur. Buna görə də Təqsirləndirilən şəxs, əynindəki şalvarın sol yan cibində saxladığı 01 ədəd siqaretin qızılı rəngli kağızı bükümünü təqdim etmiş və bildirmişdir ki, həmin bükümdə olan maddə, narkotik vasitə heroindir, onu saxlanılmamışdan bir qədər öncə Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsində tanımadığı şəxsdən 10 manata şəxsi istifadəsi üçün almışdır. Daha sonra Təqsirləndirilən şəxs üzərində axtarış aparılmış, lakin qanunla dövriyyəsi qadağan olunmuş hər hansı bir əlavə əşya aşkar olunmamışdır. Həmin bükümdəki narkotik vasitə heroin qablaşdırılaraq, götürülmüş və baxışın nəticələrinə dair protokol tərtib edilmişdir. Protokol Təqsirləndirilən şəxs, habelə bütün proses iştirakçıları tərəfindən imzalanmışdır. Saxlanılıb polis idarəsinə gətirilərkən, habelə üzərində axtarış həyata keçirilən zaman Təqsirləndirilən şəxs qarşı hər hansı bir təsir, təzyiq və ya zor tətbiq olunmamışdır. Şahid Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin əməliyyat müvəkkili X3 ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan olunmuş ifadəsindən görünrü ki, o, Şahid1 ifadəsi ilə eyni məzmunlu ifadə vermişdir. Məhkəmədə şahid qismində dindirilmiş Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 31-ci Polis Bölməsinin sahə inspektoru Şahid3 göstərdi ki, Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 31-ci Polis Bölməsində Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair ********* nömrəli cinayət işi üzrə 01 aprel 2021-ci il tarixli, 101773/21 nömrəli axtarış işi açılmışdır. Həmin axtarış işi ilə əlaqədar olaraq, onun və bölmənin əməliyyat müvəkkili X5 tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində Təqsirləndirilən şəxs 13 iyul 2021-ci il tarixdə, saat 18:05-də Bakı şəhəri, Sabunçu rayonu, “Köhnə Sabunçu” dairəsi adlanan ərazidə saxlanılaraq Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 31-ci Polis Bölməsinə gətirilmişdir. Orada, xidməti otaqların birində videoçəkilişdən istifadə edilməklə Təqsirləndirilən şəxs üzərinə baxış keçiriləcəyi bildirilmiş və bununla əlaqədar üzərində olan dövriyyəsi qanunla qadağan edilmiş əşyaları təqdim etmək təklif olunmuşdur. Buna görə də Təqsirləndirilən şəxs, əynindəki şalvarın sağ yan cibində saxladığı 01 ədəd siqaretin gümüşü rəngli kağızı bükümünü təqdim etmiş və bildirmişdir ki, həmin bükümdə olan maddə, narkotik vasitə heroindir, onu saxlanılmamışdan əvvəl Bakı şəhəri, Sabunçu rayonu ərazisində tanımadığı şəxsdən 10 manata şəxsi istifadəsi üçün almışdır. Daha sonra Təqsirləndirilən şəxs üzərində axtarış aparılmış, lakin qanunla dövriyyəsi qadağan olunmuş hər hansı bir əlavə əşya aşkar olunmamışdır. Həmin bükümdəki narkotik vasitə heroin qablaşdırılaraq, götürülmüş və baxışın nəticələrinə dair protokol tərtib edilmişdir. Protokol Təqsirləndirilən şəxs, habelə bütün proses iştirakçıları tərəfindən imzalanmışdır. Saxlanılıb polis bölməsinə gətirilərkən, habelə üzərində axtarış həyata keçirilən zaman Təqsirləndirilən şəxs qarşı hər hansı bir təsir, təzyiq və ya zor tətbiq olunmamışdır. Məhkəmədə şahid qismində dindirilmiş Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 31-ci Polis Bölməsinin əməliyyat müvəkkili X5, Şahid3 ifadəsi ilə eyni məzmunlu ifadə verdi. İş materiallarında olan şəxsi axtarış və götürmə aparılması haqqında 04 yanvar 2021-ci il tarixli protokoldan görünür ki, Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin inzibati binasında, müdafiəçinin iştirakı ilə, videoçəkilişdən istifadə edilməklə polis əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs, üzərinə baxış keçiriləcəyi bildirilmiş və bununla əlaqədar üzərində olan dövriyyəsi qanunla qadağan olunmuş əşyaları təqdim etmək təklif olunmuşdur. Buna görə də Təqsirləndirilən şəxs könüllü olaraq, əynində olan şalvarın sol yan cibində saxladığı 01 ədəd siqaretin qızılı rəngli kağızı bükümünü polis əməkdaşlarına təqdim etmiş və bildirmişdir ki, həmin bükümdə olan maddə, narkotik vasitə heroindir, onu saxlanılmamışdan bir qədər öncə Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsində tanımadığı şəxsdən 10 manata şəxsi istifadəsi üçün almışdır. Daha sonra Təqsirləndirilən şəxs üzərində axtarış aparılmış, lakin dövriyyəsi qanunla qadağan olunmuş əlavə hər hansı bir əşya aşkar olunmamışdır. Həmin bükümdəki narkotik vasitə polis əməkdaşları tərəfindən qablaşdırılaraq, götürülmüş və baxışın nəticələrinə dair protokol tərtib edilmiş, protokol Təqsirləndirilən şəxs və digər proses iştirakçıları tərəfindən imzalanmışdır. İş materiallarında olan materialların məhkəmə ekspertizasının 05 yanvar 2021-ci il tarixli, 6/36 saylı rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “vət. Təqsirləndirilən şəxs üzərindən götürülmüş narkotik vasitə...” yazısı olan zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 0.389 qram qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in İ siyahısına daxildir. Təmiz çəkisi 0.389 qram olan heroinin 0.05 qram hissəsi tədqiqata sərf olunmuş, qalıq 0.339 qram təşkil etmişdir. İş materiallarında olan diskə baxış keçirilməsi haqqında 06 yanvar 2021-ci il tarixli protokoldan, habelə iş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş DVD diskdədki video görüntüdən görünür ki, Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin inzibati binasında, müdafiəçinin iştirakı ilə polis əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs, üzərinə baxış keçiriləcəyi bildirilir və bununla əlaqədar üzərində olan dövriyyəsi qadağan olunmuş əşyaları təqdim etmək təklif olunur. Təqsirləndirilən şəxs könüllü olaraq, əynindəki şalvarın sol yan cibində saxladığı 01 ədəd siqaretin qızılı rəngli kağızı bükümünü polis əməkdaşlarına təqdim edir və bildirir ki, həmin bükümdə olan maddə, narkotik vasitə heroindir, onu saxlanılmamışdan bir qədər öncə Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsində tanımadığı şəxsdən 10 manata şəxsi istifadəsi üçün almışdır. Daha sonra Təqsirləndirilən şəxs üzərində axtarış aparılır, lakin dövriyyəsi qanunla qadağan olunmuş əlavə hər hansı bir əşya aşkar olunmur. İş materiallarında olan şəxsi axtarış və götürmə aparılması haqqında 13 iyul 2021-ci il tarixli protokoldan görünür ki, Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 31-ci Polis Bölməsinin inzibati binasında, videoçəkilişdən istifadə edilməklə polis əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs, üzərinə baxış keçiriləcəyi bildirilmiş və bununla əlaqədar üzərində olan dövriyyəsi qanunla qadağan olunmuş əşyaları təqdim etmək təklif olunmuşdur. Buna görə də Təqsirləndirilən şəxs könüllü olaraq, əynindəki şalvarın sağ yan cibində saxladığı 01 ədəd siqaretin gümüşü rəngli kağızı bükümünü polis əməkdaşlarına təqdim etmiş və bildirmişdir ki, həmin bükümdə olan maddə, narkotik vasitə heroindir, onu saxlanılmamışdan əvvəl Bakı şəhəri, Sabunçu rayonu ərazisində tanımadığı şəxsdən 10 manata şəxsi istifadəsi üçün almışdır. Daha sonra Təqsirləndirilən şəxs üzərində axtarış aparılmış, lakin dövriyyəsi qanunla qadağan olunmuş əlavə hər hansı bir əşya aşkar olunmamışdır. Həmin bükümdəki narkotik vasitə polis əməkdaşları tərəfindən qablaşdırılaraq, götürülmüş və baxışın nəticələrinə dair protokol tərtib edilmiş, protokol Təqsirləndirilən şəxs və digər proses iştirakçıları tərəfindən imzalanmışdır. İş materiallarında olan məhkəmə fiziki-kimyəvi ekspertizasının 14 iyul 2021-ci il tarixli, 6/2857 saylı rəyindən görünür ki, tədqiqata təqdim olunmuş, üzərində “Azərbaycan Respublikası DİN zərflər üçün №195” dairəvi möhür əksi olan, “Şübhəli Təqsirləndirilən şəxs götürülmüş...” sözləri, soyadlar və imzalar qeyd edilmiş bir ədəd zərfdə qablaşdırılmış bir ədəd bükümdə təmiz çəkisi 1.072 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in İ siyahısına daxildir. Təmiz çəkisi 1.072 qram olan heroinin 0.05 qram hissəsi tədqiqata sərf olunmuş, qalıq 1.022 qram təşkil etmişdir. İş materiallarında olan diskə baxış keçirilməsi haqqında 15 iyul 2021-ci il tarixli protokoldan, habelə iş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş DVD diskdədki video görüntüdən görünür ki, Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 31-ci Polis Bölməsinin inzibati binasında, polis əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs, üzərinə baxış keçiriləcəyi bildirilir və bununla əlaqədar üzərində olan dövriyyəsi qadağan olunmuş əşyaları təqdim etmək təklif olunur. Təqsirləndirilən şəxs könüllü olaraq, əynindəki şalvarın sağ yan cibində saxladığı 01 ədəd siqaretin gümüşü rəngli kağızı bükümünü polis əməkdaşlarına təqdim edir və bildirir ki, həmin bükümdə olan maddə, narkotik vasitə heroindir, onu saxlanılmamışdan əvvəl Bakı şəhəri, Sabunçu rayonu ərazisində tanımadığı şəxsdən 10 manata şəxsi istifadəsi üçün almışdır. Daha sonra Təqsirləndirilən şəxs üzərində axtarış aparılır, lakin dövriyyəsi qanunla qadağan olunmuş əlavə hər hansı bir əşya aşkar olunmur. İş materiallarında olan ambulator məcburi-narkoloji tibbi yoxlamanın 15 sentyabr 2021-ci il tarixli, 3455 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Beləliklə, yuxarıda göstərilən sübutlarla Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə müəyyən olunmuş cinayətin törədilməsində təqsiri tam sübuta yetirilir. Məhkəmə hesab edir ki, 04 yanvar 2021-ci il və 13 iyul 2021-ci il tarixlərdə müvafiq olaraq Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinə və Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 31-ci Polis Bölməsinə gətirildikdən sonra orada polis işçiləri tərəfindən ona fiziki zor tətbiq edildiyinə görə məcbur olub polis əməkdaşlarının, onun adından kompyuterdə tərtib etdikləri etirafedici məzmunlu ilkin dindirmə protokolunu imzası ilə təsdiq etməsi barədə Təqsirləndirilən şəxs ifadəsi işdə olan sübutlarla təsdiq olunmadığına görə qəbul edilə bilməz və cinayət məsuliyyətindən yayınmaq üçün özünümüdafiə məqsədi ilə verilmiş sayılmalıdır. Bu zaman məhkəmə Təqsirləndirilən şəxs 06 yanvar 2021-ci il tarixdə barəsində həbs qətimkan tədbirinin seçilməsindən imtina edilərək ev dustaqlığı qətimkan tədbiri seçilərkən əməlini etiraf etdiyini, 15 iyul 2021-ci il tarixdə isə barəsində həbs qətimkan tədbiri seçilməsi barədə təqdimata baxılarkən sadəcə barəsində həbs qətimkan tədbirinin seçilməsindən imtina edilməsini xahiş etdiyini, Təqsirləndirilən şəxs ümumiyyətlə nə ibtidai istintaq zamanı təyin edilmiş müdafiəçilərinə, nə barəsində yuxarıda qeyd edilən prosessual məcbiriyyət tədbirlərinin tətbiq edilməsi ilə əlaqədar təqdimatlara baxan hakimlərə, nə də ki sonradan həbsdə saxlanıldığı Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasının rəhbərliyinə polis işçiləri tərəfindən ona fiziki zor tətbiq edildiyinə görə məcbur olub etirafedici izahat verməsi barədə hər hansı bir məlumat, xəbər vermədiyini, o cümlədədn ev dustaqlığında olduğu müddət ərzində hər hansı bir yuxarı səlahiyyətli orqana işgəncəyə məruz qalması ilə bağlı şikayət etmədiyini də nəzərə alır. Bundan başqa, məhkəmə iclasında tədqiq edilmiş Təqsirləndirilən şəxs üzərinə baxış keçirilən zaman ayrı-ayrılıqda videoçəkiliş aparılaraq 02 ədəd “DVD” diskdə köçürülmüş video görüntülərdən də müəyyən olunur ki, 04 yanvar 2021-ci il tarixdə Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin inzibati binasında və 13 iyul 2021-ci il tarixdə Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 31-ci Polis Bölməsinin inzibati binasında üzərinə baxış keçirilən zaman Təqsirləndirilən şəxs polis əməkdaşlarının təklifi ilə, könüllü olaraq üzərində saxladığı bükümləri sonunculara təqdim edərək, həmin bükümlərdə narkotik vasitə heroin olduğunu, onların hər birini 10 manat tanımadığı şəxslərdən şəxsi istifadəsi üçün aldığını bildirir. Həmin video görüntülərdən Təqsirləndirilən şəxs narkotik vasitələrin təsiri altında olduğu da aşıq-aşkar görünür. Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli, 961-İİQ saylı Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının” İ siyahısının 5-ci bəndinin tələbinə görə heroinin şəxsi istehlak miqdarından artıq miqdar (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 0.15 qram, külli miqdar (təmiz halda qramlarla) daxil olmaqla aşağı həddi 2 qramdır. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli, 959-İİQ nömrəli Qanununun 1.0.8, 1.0.9 və 1.0.10-cu maddələrinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş və narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması - məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli, 2 nömrəli Qərarının 4-cü bəndinə görə törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür. Həmin Qərarın 5-ci bəndinə görə təqsirli şəxsin narkotik vasitələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. Cəza təyin edərkən məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, əvvəllər dəfələrlə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayətlərə görə məhkum olunmasını, məhkumluğunun olmamasını, narkomaniya xəstəliyinə tutulduğunu, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. İş üzrə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar müəyən edilməmişdir. Cinayəti təkrar törətməsini məhkəmə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal hesab edir. İş üzrə cinayətin residivi qismində Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyən edilməmişdir. Belə ki, işdə olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 06 fevral 2021-ci il tarixli məlumatından və Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 26 oktyabr 2010-cu il tarixli hökmünün surətindən görünür ki, sonuncu dəfə Təqsirləndirilən şəxs həmin hökmlə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 02 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 15 yanvar 2013-cü ildə cəzasının sonu ilə azad edilmişdir. Azərbaycan Respublikası CM-nin 83.3 və 83.3.3-cü maddələrinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Azərbaycan Respublikası CM-nin 83.6-cü maddəsinə görə məhkumluğun ödənilməsi və ya götürülməsi məhkumluqla bağlı olan bütün hüquqi nəticələri ləğv edir. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyasından görünür ki, həmin maddə ilə nəzərdə tutulmuş cinayəti törətməyə görə azadlıqdan məhrum etmə cəzası ilə yanaşı, həmçinin daha yüngül, yəni azadlığın məhdudlaşdırılması növündə cəzanın da təyin edilməsi nəzərdə tutulmuşdur. Məhkəmə hesab edir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsinə görə yalnız azadlıqdan məhrum etmə növündə cəza təyin edildiyi təqdirdə təmin edilə bilər. Azərbaycan Respublikası CM-nin 56.1 və 56.1.2-ci maddələrinə görə qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün azadlıqdan məhrum etmə növündə cəzanın ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş daha ciddi cəza növü olan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli və cəzanın çəkilməsi ümumi rejimli cəzaçəkmə müəssisəsində müəyyən edilməlidir. Bundan başqa, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə görə hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.2-ci maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan hesablanır və tutulduğu, həbsdə və ev dustaqlığında saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxil edilir. İş materiallarında olan ********* nömrəli cinayət işi üzrə cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında 04 yanvar 2021-ci il tarixli protokoldan, təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında 06 yanvar 2021-ci il tarixli qərardan, habelə Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 06 yanvar 2021-ci il tarixli qərarından görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs 04 yanvar 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 06 yanvar 2021-ci il tarixdə təqsirləndirilən şəxs qismindən cəlb edilərək ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ittiham elan edilmiş, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 06 yanvar 2021-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair Bakı şəhəri Suraxanı rayon prokurorunun təqdimatı təmin edilməmiş, Təqsirləndirilən şəxs dərhal məhkəmə iclası zalında həbsdən azad edilərək barəsində əvvəli 06 yanvar 2021-ci il tarixdən hesablanmaqla 04 aprel 2021-ci il tarixədək ev dustqalığı qətimkan tədbiri seçilmişdir. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı 04 yanvar 2021-ci il tarixdən 06 yanvar 2021-ci il tarixədək tutulduğu 02 gün, habelə 06 yanvar 2021-ci il tarixədən 04 aprel 2021-ci il tarixədək ev dustaqlığında saxlanıldığı 02 ay 28 gün, ümumilikdə isə 03 ay müddət azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanaraq, təyin olunmuş cəzadan çıxılmalı və Təqsirləndirilən şəxs üzərində qəti olaraq, müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmalıdır. Bundan başqa, iş materiallarından həmçinin görünür ki, 14 iyul 2021-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə istintaq edilən ********* nömrəli cinayət işi Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə istintaq edilən ********* nömrəli cinayət işinə birləşdirilmiş və cinayət işinin bir icraatda ********* nömrə ilə istintaq edilməsi qərara alınmışdır. İş materiallarında olan ********* nömrəli cinayət işi üzrə şübhəli şəxsin tutulması haqqında 13 iyul 2021-ci il tarixli protokoldan, habelə təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında 15 iyul 2021-ci il tarixli qərardan və Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 15 iyul 2021-ci il tarixli, 4(010)-322/2021 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs 13 iyul 2021-ci il tarixdə 01 aprel 2021-ci il tarixli, 101773/21 nömrəli axtarış işi üzrə axtarışda olan şəxs və qanunsuz olaraq narkotik vasitələri əldə etməkdə, saxlamaqda və daşımaqda şübhəli şəxs qismində tutulmuş, 15 iyul 2021-ci il tarixdə təqsirləndirilən şəxs qismindən cəlb edilərək ona Azərbaycan Respublikası CM-nin 234.1ci maddəsi ilə ittiham elan edilmiş və Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 15 iyul 2021-ci il tarixli, 4(010)-322/2021 nömrəli qərarı ilə Təqsirləndirilən şəxs barəsində 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli 13 iyul 2021-ci il tarixdən hesablanmışdır. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəməyədək icraat və məhkəmə icraatı zamanı tutulduğu və həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə hesablanmalı və cəzaçəkmə müddətinin başlanğıcı, azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, yəni 13 iyul 2021-ci il tarixdən hesablanmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs barəsində təyin edilən cəzanın növünü və onun barəsində həbs qətimkan tədbirinin seçilməsinə əsas olmuş halların aradan qalxmamasını nəzərə alaraq hesab edir ki, hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmalıdır. Bundan başqa, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Həmçinin məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinə əsasən, iş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin maddi sübutların saxlanc yerinə təhvil verilmiş, ayrı-ayrılıqda xalis çəkisi 0.339 və 1.022 qram olmaqla ümumi xalis çəkisi 1.361 qram olan narkotik vasitə - heroin məhv edilməlidir. Eyni zamanda məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınaraq cinayət işinə əlavə edilmiş 02 ədəd “DVD” disk Azərbaycan Respublikası CPM-nin 132.1.6-cı maddəsinə əsasən cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Habelə məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 197.1, 197.1.4 və 198.1-ci maddələrinə əsasən iş üzrə materialların məhkəmə və məhkəmə fiziki-kimyəvi ekspertizalarının keçirilməsinə xərclənmiş cəmi 179 (yüz yetmiş doqquz) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs dövlət nəfinə tutulmalıdır. Bundan əlavə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə məsrəfləri ilə bağlı əlavə olaraq məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli, 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 06 manat məbləğində müəyyən edilmişdir. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmədə göstərdiyi pulsuz hüquqi yardıma görə 10 (on) iş saatı üçün 60 (altmış) manat məbləğində vəsait müdafiəçisi Bakı şəhəri 9 saylı vəkil bürosunun vəkili Müdafiəçi ödənilməsi üçün Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Bakı şəhəri 9 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 346, 347, 349, 351-353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona, 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə növündə cəza təyin edilsin. Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı 04 yanvar 2021-ci il tarixdən 06 yanvar 2021-ci il tarixədək tutulduğu 02 (iki) gün, habelə 06 yanvar 2021-ci il tarixədən 04 aprel 2021-ci il tarixədək ev dustaqlığında saxlanıldığı 02 (iki) ay 28 (iyirmi səkkiz) gün, ümumilikdə isə 03 (üç) ay müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanaraq, təyin olunmuş 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məһrum etmə cəzasından çıxılsın və Təqsirləndirilən şəxs üzərində çəkilməsi üçün qəti olaraq, 01 (bir) il 03 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzanın çəkilməsi Təqsirləndirilən şəxs ümumi rejimli cəzaçəkmə müəssisəsində müəyyən edilsin. Təqsirləndirilən şəxs məhkəməyədək icraat və məhkəmə icraatı zamanı tutulduğu və həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə hesablansın və cəzaçəkmə müddətinin başlanğıcı, azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, yəni 13 iyul 2021-ci il tarixdən hesablansın. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri qüvvəsində saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə materialların məhkəmə və məhkəmə fiziki-kimyəvi ekspertizalarının keçirilməsinə xərclənmiş cəmi 179 (yüz yetmiş doqquz) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs dövlət nəfinə tutulsun. İş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin maddi sübutların saxlanc yerinə təhvil verilmiş, ayrı-ayrılıqda xalis çəkisi 0.339 və 1.022 qram olmaqla ümumi xalis çəkisi 1.361 qram olan narkotik vasitə - heroin məhv edilsin. İş üzrə maddi sübut kimi tanınaraq cinayət işinə əlavə edilmiş 02 ədəd “DVD” disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmədə göstərdiyi pulsuz hüquqi yardıma görə 10 (on) iş saatı üçün 60 (altmış) manat məbləğində vəsait müdafiəçisi Bakı şəhəri 9 saylı vəkil bürosunun vəkili Müdafiəçi ödənilməsi üçün Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Bakı şəhəri Bank ABB Suraxanı filialı, VÖEN **********, h/h ********************, SWİF GOODE İBAZAZ2X, m/h-**********031, kod 805692, VÖEN **********, AİİBAZ2X, hesab-********************, VÖEN-********** hesablaşma hesabı üzərindən Bakı şəhəri 9 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökm elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Həbsdə saxlanılan məhkum tərəfindən isə apellyasiya şikayəti hökmün surətinin ona verildiyi andan 20 gün müddətində verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya protesti verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Elnur Nuriyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar