Məhkəmə qərarları › İş №1(010)-309/2025

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-309/2025

04.06.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-309/2025 04.06.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri, Suraxanı Rayon Məhkəməsinin inzibati binası SURAXANİ RAYON MƏHKƏMƏSİ hakim Kərimov Namiq Həsrət oğlunun sədrliyi, Hacıyev Gündüz Nizami oğlunun katibliyi, Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi iştirakı ilə 09 avqust 1980-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, ailəli, əvvəllər məhkum olunmamış, fərdi əmək fəaliyyəti ilə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, 11 – 13 oktyabr 2024-cü il tarixləri üzrə tutulmuş, barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq istintaqa məlum olmayan vaxda və mənbədən xeyli miqdarda təmiz çəkisi 0,943 qram kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamini alaraq əldə edib, üzərində saxlamaqla daşımış və Suraxanı Rayon Polis İdarəsinin 31-ci polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində 11 oktyabr 2024-cü il tarixdə, saat 17:24 radələrində psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olduğu ücün Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, Balahüseyn Mirqəzəb kücəsində saxlanılaraq, orada videoçəkiliş aparılmaqla üzərində şəxsi axtarış və götürmə istintaq hərəkəti həyata keçirilən zaman əynində olan boz rəngli cins şalvarın sol yan cibindən satış məqsədi olmadan qanunsuz olaraq saxladığı 1 ədəd şəffaf rəngli selofan paketdə təmiz çəkisi 0,943 qram kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin aşkar edilərək götürülmüşdür. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 3 il olar metamfetamindən istifadə edtmişdir. Hadisə günü Mədənlərin yaxınlığında polis əməkdaşları onu saxlamışlar. Üzərində şəxsi istifadəsi üçün metamfetamin olmuşdur. Əməlindən peşman olmasını nəzərə alaraq məhkəmədən ona azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında verilmiş suallara cavab olaraq Təqsirləndirilən şəxs bildirmişdir ki, 3 ildir metamfetamindən çəkmək yolu ilə istifadə etmişdir. Polislər yaxınlaşmış, üzərinə baxış keçirmişlər və üzərindən aşkar edilmişdir. Metamfetamini Binə qəsəbəsindən tanımadığı şəxsdən 50 manata almış, 1 qrama yaxın olmuşdur. Ona qarşı polis şöbəsində təzyiq olmamışdır. 3-4 gündən bir metamfetamin qəbul etmişdir. Tutulandan bəri qəbul etməmiş, asıllığı yoxdur. Peşmandır, ailədə ondan başqa işləyən yoxdur. İlkin təhqiqat və ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan olunmuş ittihamla özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, Əzizbəyov küçəsi, ev 3 ünvanda ailə üzvləri ilə birlikdə yaşayır, rəsmi olaraq heç bir yerdə işləmir, fərdi əməklə məşğul olur. O, təxminən 5-6 ildir ki, narkotik vasitələr və patı kimi adlandırılan psixotrop maddə olan metamfetamindən çəkmə yolu ilə ara bir istifadə edir, istifadə etdiyi psixotrop maddə olan metamfetamini tanımadığı şəxslərdən öz istifadəsi ücün alır. 09 oktyabr 2024-cü il tarixdə Bakı şəhəri, Binə qəsəbəsinə getmiş və təxminən saat 16:00 radələrində Binə qəsəbəsinin mərkəzində əsas avtomobil yolunun kənarında avtobus dayanacağında dayanıb avtobus gözləyən zaman bir nəfər tanımadığı şəxslə rastlaşmış və həmin şəxslə söhbət edərkən onun narkotik vasitələr və psixotrop maddə olan patı kimi tanıdığı metamfetamin satdığını bilmişdir. O, həmin vaxtı ondan bir büküm psixotrop maddə olan metamfetamin istəmişdir. Həmin şəxs bir büküm metamfetamini ona 50 manat pulun müqabilində satmışdır. Həmin şəxs metamfetamini ona satdıqdan sonra dərhal avtobus dayanacağından aralanıb gedərək gözdən itmişdir. O, aldığı həmin bir büküm psixotrop maddə olan metamfetamini əynində olan boz rəngli cins şalvarının sol yan cibinə qoyub saxlamaqla üstündə daşımışdır. Bundan sonra 11 oktyabr 2024-cü il tarixdə təxminən saat 17:24 radələrində, o, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, B.Mirqəzəb küçəsində şəxsi işi ilə əlaqədar olaraq dayanan zaman kücə ilə hərəkət edən dövlət nömrə nişanını xatırlamadığı ağ rəngli, Toyota Prado markalı avtomobil onun yaxınlığında dayanmış və dərhal içərisindən üç nəfər mülki geyimdə olan şəxslər düşüb ona yaxınlaşaraq qolundan tutmuşlar. Daha sonra həmin şəxslər özlərini ona təqdim edib polis əməkdaşları olduqlarını bildirmişlər, onun ad və soyadını soruşmuşlar. O, adını və soyadını onlara demişdir. Həmin vaxtı polis əməkdaşlarından biri mobil telefonla videoçəkiliş apararaq onların danışığını və hərəkətləri çəkməyə başlamışdır. Bundan sonra polis əməkdaşları ondan narkotik vasitə qəbul edib-etmədiyini, üstündə olubolmadığını soruşub ona üstündə narkotik vasitə və ya psixotrop maddə varsa könüllü olaraq onlara təqdim etməsini təklif etmişlər. O, həmin vaxtı cibində bir büküm halında psixotrop maddə olan metamfetamin olduğunu polis əməkdaşlarına bildirmişdir. Bundan sonra polis əməkdaşları ona üstündə olan nə varsa çıxarıb onlara təqdim etməsini bildirmişlər. O, həmin vaxtı əynində olan boz rəngli cins şalvarının sağ yan cibindən bir ədəd qırmızı rəngli alışqanı, bir ədəd “Sobranie” markalı siqaret qutusunu çıxardıb polis əməkdaşlarına təqdim etmişdir. Polis əməkdaşlarından biri həmin siqaret qutusunu açıb içərisinə baxmış və siqaret qutusunun içərisində siqaret dənələrinin olduğunu görmüşdür. Bundan sonra, o, əynində olan həmin boz rəngli cins şalvarının sol yan cibindən bir ədəd şəffaf rəngli xırda sellofan paketə qablaşdırdığı psixotrop maddə metamfetamini çıxardıb polis əməkdaşlarına təqdim etmişdir. Polis əməkdaşları həmin xırda sellofan paketi ondan alıb baxmışlar və paketin içərisində ag rəngli, bir necə xırda kristal şəkilində, iysiz maddə olduğunu görmüşlər. Bundan sonra polis əməkdaşları onun üstünü yoxlamış, lakin üstündən başqa heç bir əşya, narkotik vasitə və ya psixotrop maddə aşkar edilməmişdir. Sonra polis əməkdaşları içərisində psixotrop maddə metamfetamin olan həmin xırda selofan paketi zərfə qoyub qablaşdırıb zərfin üzərinə DİN-nin ştamp əksini vurmuş və hər biri həmin zərfin üzərinə imza etmişlər. Bundan sonra polis əməkdaşları ona onlarla birlikdə Suraxanı Rayon Polis İdarəsinin 31-ci polis şöbəsinə gəlməyi təklif etmişlər. O, etiraz etmədən onlarla birgə polis şöbəsinə getmişdir. Polis şöbəsinə getdikdən sonra onu xidməti otağa aparmışlar. Xidməti otaqda özünü Suraxanı Rayon Polis İdarəsinin 31-ci polis şöbəsinin təhqiqatçısı kimi ona təqdim edən polis mayoru Namiq Məmmədov qanunsuz olaraq üzərində narkotik vasitə və psixotrop maddə saxlamaqla daşımaqda şübhəli olduğunu və bu səbəbdən saxlanılaraq polis şöbəsinə gətirildiyini deyərək şübhəli şəxs kimi hüquq və vəzifələrini ona elan edib bu barədə yazılı bildiriş vermişdir. O, həmin vaxtı ərizə ilə müraciət edərək maddi imkanı olmadığına görə dövlət büdcəsi hesabına müdafiəçi ilə təmin olunmaq istədiyini bildirmişdir. Müdafiəçi onun hüquqlarının müdafiəçisi kimi dəvət olunmuşdur. O, müdafiəçiyə etirazı olmadığını və hüquqlarının onun tərəfindən müdafiə edilməsini istədiyini bildirmişdir. Bundan sonra təhqiqatçı onu vəkilinin iştirakı ilə şübhəli şəxs qismində dindirib izahatını almışdır. O, izahat verən zaman bildirmişdir ki, polis əməkdaşları tərəfindən həmin günü üstündən aşkar olunan psixotrop maddə olan metamfetamini 2-3 gün əvvəl Bakı şəhəri, Binə qəsəbəsində tanımadığı şəxsdən 50 manat pulun müqabilində öz istifadəsi ücün almışdır. Polis əməkdaşları ona yaxınlaşan zaman və üzərində şəxsi axtarış aparılan zaman ona qarşı heç bir fiziki güc və zor tətbiq etməmişlər. O, heç vaxt narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olmadığını, lakin psixotrop maddələrin və narkotik vasitələrin istifadəçisi olduğu üçün arabir istifadə etdiyini bildirmişdir. O, şəxsi axtarış zamanı əynində olan boz rəngli cins şalvarın sol yan cibindən aşkar edilərək götürülmüş 01 ədəd şəffaf rəngli xırda sellofan paketin içərisində olan ağ rəngli, kristal formalı maddənin psixotrop maddə metamfetamin olduğunu və həmin metamfetamini öz şəxsi istifadəsi üçün 09 oktyabr 2024-cü il tarixdə Bakı şəhəri, Binə qəsəbəsində tanımadığı şəxsdən 50 manat pulun müqabilində aldığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, Suraxanı Rayon Polis İdarəsinin 31-ci polis şöbəsinin cinayət axtarış üzrə əməliyyat müvəkkili vəzifəsində xidmət edir. Daxil olmuş məlumat əsasında Bakı şəhəri, Suraxanı rayonu, Y/Suraxanı qəsəbəsinə sahə rəisi və əməliyyat müvəkkili ilə birlikdə şübhəli şəxs, yəni təqsirləndirilən şəxsə yaxınlaşmışlar. Özlərini təqdim edərək çəkilişlə təqsirləndirilən şəxsin üzərinə baxış keçirmişlər. Təqsirləndirilən şəxsin üzərindən çıxan bükümü zərfləşdirib, təhqiqata təhvil vermişlər. Məhkəmə iclasında verilmiş suallara cavab olaraq Şahid1 bildirmişdir ki, heç bir təzyiq olmamış, səmimi etiraf etmişdir. Məlumat Şahid2 daxil olmuş, təqsirləndirilən şəxs saxlanılarkən tək olmuşdur. İlkin təhqiqat və ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, o, 11 oktyabr 2024-cü il tarixdə ünvan 1-də qeydiyyatda olmaqla, yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması və hazırda Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, Balahüseyn Mirqəzəb küçəsində üstündə narkotik vasitə olması barədə məlumat almışdır. O, dərhal həmin məlumatı RPŞnin rəhbərliyinə məruzə edib, müvafiq sənədləşmə aparıldıqdan sonra Suraxanı RPİ-nin 31-ci PŞ-nin əməliyyat müvəkkili Şahid2 və Suraxanı RPİ-nin 31-ci PŞ-nin sahə inispektoru Şahid3 ilə birlikdə Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, Balahüseyn Mirqəzəb küçəsinə getmiş və saat 17:24 radələrində avtomobillə küçədə hərəkət edərkən yaşayış evinin hasarının yanında Təqsirləndirilən şəxs dayandığını görüb avtomobili onun yanında saxlamışlar və avtomobildən düşüb ona yaxınlaşmışlar. O, sonra yanında olan polis əməkdaşları Şahid2 və Şahid3 ilə birlikdə özlərini Təqsirləndirilən şəxs təqdim edib Suraxanı rayon 31-ci Polis Şöbəsinin əməkdaşları olduqlarını bildirmişlər. Təqsirləndirilən şəxs özlərini təqdim edəndən sonra ona narkotik vasitələrdən və psixotrop maddələrdən istifadə edib qəbul etməsi barədə məlumatlarının olduğunu bildirib ona üstündə narkotik vasitə və ya psixotrop maddə varsa könüllü olaraq təqdim etməsini təklif etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs onlara üstündə psixotrop maddə olan metamfetamin olduğunu bildirmiş və əynində olan boz rəngli cins şalvarının sağ yan cibindən göy rəngli içərəsində siqaret dənələri olan üzərinə “Sobranie” yazılmış siqaret qutusunu, bir ədəd qırmızı rəngli alışqanı və həmin şalvarının sol yan cibindən bir ədəd şəffaf rəngli xırda selofan paketi çıxardıb onlara təqdim etmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi həmin bir ədəd şəffaf rəngli xırda selofan paketinin içərisində ağ rəngli, bir necə xırda dənələrə bölünmüş bərk kristal şəkilində olan, iysiz, psixotrop maddə metamfetaminə bənzər maddə olduğu müəyyən etmişdir. O, bundan sonra həmin bir ədəd şəffaf rəngli xırda selofan paketini içərisindəki həmin maddə ilə birlikdə zərfə qoyub qablaşdırmış və zərfin üzərinə iştirakçılar tərəfindən imza edilmişdir. Təqsirləndirilən şəxs saxlanılması və üzərində şəxsi axtarış aparılması mobil telefon vasitəsindən istifadə edilməklə videoçəkiliş vasitəsilə keçirildiyini bildirmişdir. Şəxsi axtarış tamamlandıqdan sonra Təqsirləndirilən şəxs onlarla birlikdə Suraxanı RPİ-nin 31-ci PŞ-nə getməsini təklif etmişdir. Təqsirləndirilən şəxs heç bir müqavimət göstərmədən onlarla birlikdə Suraxanı RPİ-nin 31-ci PŞ-nə getmişdir. Suraxanı RPİ-nin 31-ci PŞ-nə qayıtdıqdan sonra Təqsirləndirilən şəxs şöbəyə gətirilməsi haqqında raportla rəhbərliyə məruzə etmiş, daha sonra Suraxanı RPİ-nin 31-ci PŞ-nin təhqiqatçısı Namiq Məmmədov tərəfindən araşdırma aparılmışdır. Sonra təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının müdafiə olunması üçün dövlət hesabına vəkil təyin edildiyini, prosessual qaydada sənədləşmə aparıldığını və şübhəli şəxs qismində tutulduğunu bildirmişdir. O, Təqsirləndirilən şəxs saxlayarkən və üzərində şəxsi axtarış apararkən üzərindən aşkar edilərək götürülmüş psixotrop maddə olan metamfetaminə bənzər kütləyə onun və polis əməkdaşları Şahid2 və Şahid3 iştirakları ilə Suraxanı RPİ-nin 31-ci PŞ-nin təhqiqatçısı Namiq Məmmədov tərəfindən baxış keçirilmişdir. Baxış keçirildikdən sonra həmin psixotrop maddə olan metamfetaminə bənzər kütlə yenidən zərfə qoyulub qablaşdırılmış və iştirakçılar tərəfindən zərfin üzərinə imza edilmişdir. O, Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş həmin psixotrop maddə olan metamfetaminin onun harada və kimlərdən əldə etməsini müəyyən etmək mümkün olmadığını, bu istiqamətdə tədbirlərinin davam etdirildiyini və gələcəkdə müsbət nəticə olarsa istintaq orqanına rəsmi məlumat verəcəyini bildirmişdir. Şahidlər Şahid2 və Şahid3 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikasının CPM-nin 315.2-ci maddəsini rəhbər tutub şahidlərin iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında ifadələri elan edilmiş şahidlər Şahid2 və Şahid3 ibtidai istintaq zamanı Şahid1 ifadəsinə oxşar ifadə vermişlər. Məhkəmə iclasında Təqsirləndirilən şəxs üzərindən kustar üsulla hazırlanmış psixotrop maddə metamfetaminin aşkarlanaraq götürülməsini özündə əks etdirən bir ədəd CD Compact diskə baxış keçirilmişdir. Həmin görüntülərdən görünür ki, təqdim olunan narkotik maddəyə bənzər maddənin aşkar olunması, Təqsirləndirilən şəxs ondan narkotik vasitə aşkar olunması barədə bildirməsi öz əksini tapmışdır. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, şahidin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq, cinayət işinin materiallarında olan ekspert rəylərini də sübut növü kimi qəbul edir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş fiziki-kimyəvi ekspertizasının xx.xx.2024-cü il tarixli, 3-16-16/2-6/4879 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində: AR DİN “Arayışlar üçün №195” möhür əksi, “Təqsirləndirilən şəxs üzərindən aşkar edilən büküm; 1. /imza/ Şahid1; 2. /imza/ Şahid3; 3. /imza/ Şahid2; Tərtib etdi: /imza/ N.Məmmədov” yazılar olan zərfədki 01 ədəd bükümdə təmiz çəkisi: 0,943 qram olan ağ rəngli, kristalşəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Metamfetamin Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”in siyahısına (Siyahı İ) daxildir. Qeyd: metamfetaminin təmiz çəkisi-0,943 qram, tədqiqata sərf edildi: 0,1 qram, qalıq-0,843 qram. İş materiallarında olan məhkəmə narkoloji ekspertizasının xx.xx.2024-cü il tarixli, 7041 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asıllıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Ekspertlərin rəyləri işin araşdırılmış halları ilə təsdiq olunduğu üçün məhkəmə tərəfindən sübut kimi qəbul olunmuşlar. İş materiallarında olan cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 11 oktyabr 2024-cü il tarixdə şübhəli şəxs kimi tutulmuş, 13 oktyabr 2024-cü il tarixdə barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilərək Suraxanı RPİ-nin MSY-dən azad edilmişdir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs götürülmüş ilkin çəkisi 0,943 qram olan, aparılmış kimyəvi tədqiqatından sonra qalıq çəkisi 0,843 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin maddi sübut kimi tanınmış və saxlanılması üçün Suraxanı RPİ-nin saxlama otağına təhvil verilmişdir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparıldığı video görüntüləri özündə əks etdirən 02 ədəd DVD-R formatlı disk maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan “toplanmış sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsinin əlamətləri olmadığından barəsində həmin xüsusat üzrə cinayət işinin başlanması rədd edilmiş və bu barədə material ayrılaraq Suraxanı rayon prokurorluğuna göndərilmişdir. İş materiallarında olan 2 nömrəli X2 tərəfindən verilmiş 01 noyabr 2024-cü il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs son 10 ildə stasionar müalicə üçün Bakı şəhəri 2 nömrəli X1 müraciət etməyib. İş materiallarında olan AZ-İ seriyalı 600259 nömrəli 11 sentyabr 2010-cu il tarixli nikahın bağlanması haqqında şəhadətnamənin surətindən aydın olur ki, Təqsirləndirilən şəxs ilə X4 arasında 11 sentyabr 2010-cu il tarixdə nikah bağlanаraq bu barədə Suraxanı rayon Qeydiyyat Şöbəsinin akt qeydləri kitabında 986 saylı qeyd aparılmışdır. İş materiallarına olan AZE seriyalı 12609583 nömrəli və AZE seriyalı 12609533 nömrəli «doğum haqqında» şəhadətnamələrin surətindən görünür ki, Təqsirləndirilən şəxs ilə X4 birgə nikahlarından 25 mart 2013-cü ildə X7 və 07 dekabr 2016-cı ildə X5 adlı uşaqları doğulmuşdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəllənin 33.1-ci maddəsinə görə hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Azərbaycan Respublikası CPM-nin 124.1-ci maddəsinə əsasən məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. CPM-nin 125.1-ci maddəsinə əsasən məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Həmin Məcəllənin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. CPM-nin 145.1-ci maddəsinə görə hər bir sübut mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli 8 saylı qərarının 4-cü bəndində göstərilmişdir ki, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsinin izahı Qanunun 1.0.9-cu maddəsində verilmişdir. Həmin maddənin mənasına görə, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozaraq hər hansı üsulla narkotik vasitələrə, psixotrop maddələrə və onların prekursorlarına yiyələnməyə yönəldilmiş hərəkətlər, məsələn, həmin vasitələrin (maddələrin) satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin (psixotrop maddənin, prekursorun) mənimsənilməsi, çətənə (kannabis) bitkisinin, xaşxaşın və ya 4 onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik maddələr olan bitkilərin yığılması narkotik vasitələrin, psixotrop maddələrin, onların prekursorlarının əldə edilməsi kimi təfsir edilməlidir. Məhkəmə Hökmü haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarına əsasən təqsirin sübuta yetirilmiş hesab edilməsi haqqında nəticəni CPM-in 351.3-cü maddəsi məhkəmənin bu Məcəllənin 346.1.1-346.1.6-cı maddələrində göstərilən məsələlərə təsdiqedici cavab verməsi, habelə CPM-in 351.3.1- 351.3.4-cü maddələrində təsbit edilən tələblərin hər biri nəzərə alındığı yəni, təqsirsizlik prezumpsiyası rəhbər tutulduğu, CPM-də nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihama baxıldığı və bu prosessual qaydalara riayət edilməklə nəticələr əldə edildiyi, o cümlədən məhkəmənin qənaəti məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslandığı, təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilinməyən şübhələr onun xeyrinə şərh edildiyi vəziyyətdə şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticəyə gələ bilməsi ilə şərtləndirmişdir. Azərbaycan Respublikası CPM-nin 124.2-ci maddəsinə əsasən cinayət prosesində aşağıdakılar sübut kimi qəbul olunur: 124.2.1. şübhəli, təqsirləndirilən və zərərçəkmiş şəxsin, şahidlərin ifadələri; 124.2.2. ekspertin rəyi; 124.2.3. maddi sübutlar; 124.2.4. istintaq və məhkəmə hərəkətlərinin protokolları; 124.2.5. digər sənədlər. Azərbaycan Respublikası CPM-nin 10.3-cü maddəsinə əsasən Azərbaycan Respublikası Konstitusiyasının və digər qanunlarının təfsiri cinayət prosesi iştirakçılarına o halda məcburidir ki, bu təfsir Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin qərarında verilmiş olsun. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi istintaq və məhkəmə hərəkətlərinin aparılması haqqında protokollar, sorğulara alınmış cavablar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər mötəbər sübutlarla təsdiq edilərək kifayət qədər sübuta yetirilmişdir. Azərbaycan Respublikası CM-in: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs əməlindən peşman olaraq təqsirini səmimi etiraf etməsini, ilk dəfə olaraq cinayət törətməsini, ailəli olmaqla himayəsində iki nəfər yetkinlik yaşına çatmamış uşaqlarının olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən ona təyin olunacaq cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur və o, törətdiyi əmələ görə təqsirli bilinib cəzalanmalıdır. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli üzrə təqsirli olması özünün etirafedici ifadəsi və şahidin ifadəsi ilə yanaşı məhkəmədə tədqiq edilən digər sübut növləri ilə tam sübuta yetirilmişdir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2003-cü il 25 iyun tarixli 4 saylı Qərarının 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyacı olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə ittiham və müdafiə tərəfini dinləyib, iş üzrə toplanmış sübutların cəminə qiymət verərək hesab edir ki, təqsirləndirilən şəxs X3 Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirlidir. Onun əməli istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir. Odur ki, o, həmin cinayətin törədilməsinə görə cəzalandırılmalıdır. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzasını təyin etməyi qanuni olmaqla, əsaslı və ədalətli hesab edir. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməli, Təqsirləndirilən şəxs 11 – 13 oktyabr 2024-cü il tarixləri üzrə tutulduğu 02 (iki) gün Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanmalı və ona qəti olaraq 05 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilməli, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasının əvvəli 04 iyun 2025-ci ildən hesablanmalı, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək” növündə qətimkan tədbiri dəyişdirilərək “həbs” növündə qətimkan tədbiri ilə əvəz edilməli və o, hazırkı hökm elan edildikdən dərhal sonra məhkəmə iclası zalında həbsə alınmalı, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hazırkı hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində azadlıqdan məhrum etmə növündə cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə tətbiq olunmalı və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalı, iş üzrə maddi sübut kimi tanınmış və Suraxanı Rayon Polis İdarəsində saxlanılan, müvafiq ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,843 qram təşkil edən, kustar üsulla hazırlanmış psixotro maddə metamfetamin məhv edilməli, iş üzrə maddi sübut kimi tanınmış 02 (iki) ədəd kompakt disk iş materiallarında saxlanılmalı, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 60 (altmış) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. Azərbaycan Respublikası CPM-nin 193.2 və 193.3-cü maddələrinə uyğun olaraq təqsirləndirilən Azərbaycan Respublikası CPM-nin 193.2 və 193.3-cü maddələrinə uyğun olaraq Təqsirləndirilən şəxs hüquqlarını məhkəmə istintaqı zamanı Vəkillər Kollegiyasının üzvü Müdafiəçi müdafiə etmişdir. Cinayət işinin materiallarından müəyyən olunur ki, vəkil Müdafiəçi təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 10 saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 nömrəli qərarının 1-ci bəndinə və həmin qərara dəyişiklik edilməsi haqqında 28 aprel 2025-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası CPM-nin 193.2-cü maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 11 manat məbləğində müəyyən edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-cı maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs 11 – 13 oktyabr 2024-cü il tarixləri üzrə tutulduğu 02 (iki) gün Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablansın və ona qəti olaraq 05 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasının əvvəli 04 iyun 2025-ci ildən hesablansın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək” növündə qətimkan tədbiri dəyişdirilərək “həbs” növündə qətimkan tədbiri ilə əvəz edilsin və o, hazırkı hökm elan edildikdən dərhal sonra məhkəmə iclası zalında həbsə alınsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hazırkı hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində azadlıqdan məhrum etmə növündə cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə tətbiq olunsun və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış və Suraxanı Rayon Polis İdarəsində saxlanılan, müvafiq ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,843 qram təşkil edən, kustar üsulla hazırlanmış psixotro maddə metamfetamin məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış 02 (iki) ədəd kompakt disk iş materiallarında saxlanılsın. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 60 (altmış) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Vəkil Müdafiəçi Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsinə sərf etdiyi 10 (on) saata görə Azərbaycan Respublikasının dövlət büdcəsindən 110 (yüz on) manat tutularaq 9 saylı Vəkil Bürosunun hesablaşma hesabına (VÖEN **********, h/h ********************, BANK ABB Suraxanı filialı, SWİF+GODE GBAZAZ2X, müxbir hesabı **********031, kod 805692, VÖEN BANK **********) ödənilsin. Həmin məbləğin qanunla müəyyən edilmiş qaydada və miqdarda vəkil Müdafiəçi ödənilməsi 9 saylı Vəkil Bürosuna həvalə edilsin. Hökmdən 20 gün müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hakim Namiq Kərimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar