Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-31/2020 11.02.2020 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Nuriyev Elnur Aləm oğlunun sədrliyi, məhkəmə iclas katibi x4 oğlunun katibliyi ilə, dövlət ittihamçısı, Bakı şəhər prokurorluğunda dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, onun müdafiəçisi, Bakı şəhəri 9 saylı vəkil bürosunun vəkili x2 iştirakı ilə, 11 fevral 2020-ci il tarixdə, saat 10:15-də, Bakı şəhərində, Təqsirləndirilən şəxs, xx xxxx 1993-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, natamam-orta təhsilli, heç yerdə işləməyən, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilməmiş, Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, A.Rzayev küçəsi, 184 nömrəli evdə qeydiyyatda olan və yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3, 180.2.2 və 180.2.4cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 26 may 2019cu il tarixdə, saat 17 radələrində tanışı Şahid4 ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında cinayət əlaqəsinə girərək, Zərərçəkmiş şəxs2 məxsus Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, A.Rzayev küçəsi, 9 nömrəli fərdi yaşayış evinin pəncərəsini açıb içəriyə qanunsuz daxil olaraq, evin qonaq otağından 01 ədəd 1.000 manat qiymətində “LG” markalı, 152 dioqnallı televizoru gizli yolla talayıb Zərərçəkmiş şəxs2 1.000 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs, təkrarən, özgənin əmlakını açıq talama məqsədi ilə 02 oktyabr 2019-cu il tarixdə, saat 19 radələrində Zərərçəkmiş şəxs1 yaşadığı Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, A.Rzayev küçəsi, 215 nömrəli evin 5 nömrəli mənzilinə gələrək, həmin evdə yaşayan Elnur adlı şəxsi axtarması bəhanəsi ilə qapını döymüş, Zərərçəkmiş şəxs1 qapıya yaxınlaşdıqda isə insan həyatı və ya sağlamlığı üçün təhlükəli olmayan zor tətbiq etməklə, yəni Zərərçəkmiş şəxs1 sol çiynindən qəsdən bir dəfə əli ilə vurub itələyərək ona fiziki ağrı yetirməklə boynundan asdığı 750 əyarlı, 27.7 qram çəkidə, İtaliya istehsallı, 2.100 manat qiymətində olan qızıl boyunbağını zorla dartıb açıq talayaraq Zərərçəkmiş şəxs1 2.100 manat maddi ziyan vurmaqla soyğunçuluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3-cü maddələri ilə ona elan olunmuş ittihamda özünü təqsirli bilərək, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.2 və 180.2.4-cü maddələri ilə elan olunmuş ittihamda isə özünü təqsirli bilməyərək göstərdi ki, bir müddətdir narkomaniya xəstəliyindən əziyyət çəkir və mütəmadi olaraq narkotik vasitə istehlak edir. 26 may 2019-cu il tarixdə, saat 17 radələrində yaşadığı evin həyətində olan zaman qonşusu Fuadla görüşmüş, Fuada qonşuluqda yaşayan Humayın evində heç kəsin olmadığını bildirib həmin evdən oğurluq etməyi təklif etmişdir. Fuad əvvəlcə onunla razılaşmasa da, pula ehtiyacı olduğunu dedikdən sonra sonuncu həmin evdən birlikdə oğurluq etməyə razılıq vermişdir. Küçədə heç kəsin olmadığına əmin olduqdan sonra Fuadla birlikdə hasardan Humayın yaşadığı fərdi yaşayış evinin həyətinə daxil olmuşlar. Həyətə daxil olduqdan sonra yerdən götürdüyü balta ilə evin plastik pəncərəsini açmış və onlar mənzilin mətbəxinə daxil olmuşlar. Həmin vaxt Fuad mətbəxdə gözləmiş, o isə qonaq otağına gedib oradan bir ədəd “LG” markalı televizoru götürüb qayıtmış və hər ikisi oradan uzaqlaşmışlar. Daha sonra isə onlar taksi ilə Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsinə gəlmişlər. Orada o, adını bilmədiyi “Əxi” kimi tanıdığı şəxsə zəng edib onunla görüşüb Humayın evindən oğurladıqları televizoru onun evinə aparmış, Fuad isə onu taksidə gözləmişdir. Oğurladıqları “LG” markalı televizoru adını bilmədiyi “Əxi” kimi tanıdığı həmin şəxsə 300 manata satmış və pulu götürüb Fuadın yanına qayıtmışdır. Həmin pulun 50 manatını Fuada vermiş 250 manatını isə özünə götürmüşdür. Bundan sonra o, Fuaddan ayrılmış, cinayət yolu ilə əldə etdiyi pulu isə öz ehtiyacına xərcləmişdir. Bu hadisədən sonra 19 iyun 2019-cu il tarixdə Fuad tutulmuşdur. Onun barəsində isə axtarış elan edildiyindən Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsində, 146 nömrəli məktəbin yaxınlığında kirayədə yaşayan dostu Vüsalın evinə getmişdir. Həmin ünvanda dostu Vüsal, Vüsalın atası Mahir, Vüsalın anası Aygün, Vüsalın xalası Hörmət və onunla birlikdə yaşayan Rüfanə ilə birlikdə yaşamağa başlamışdır. Oarada yaşadığı müddət ərzində Vüsala heç bir kirayə pulu verməmişdir. Belə ki, Vüsal onun dostu olduğu üçün ona hər hansı bir problem yaratmamışdır. 02 oktyabr 2019-cu il tarixdə Vüsalın ailə üzvləri ilə yaşadığı Bakı şəhəri, Qaraçuxur qəsəbəsindəki evdə olan zaman saat 22 radələrində Mahir evə gəlib Vüsalla ona demişdir ki, onun anasının yaşadığı Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, A.Rzayev küçəsində soyğunçuluq törətmişdir. Mahirdən hadisənin necə baş verdiyini soruşduqda sonuncu bjuteriya satmaq üçün həmin məhəlləyə getdiyini, orada boynunda sepi olan yaşlı bir qadın gördüyünü, hava qaraldıqdan sonra həmin qadının yaşadığı evin qapısını döyüb orada yaşayan Elnur adlı şəxsin ona pul borcu olduğunu bildirdiyini, yaşlı qadın qapını açdıqdan sonra boynundan boyunbağını götürüb oradan qaçdığını demişdir. O isə öz növbəsində Mahirə onun məhəlləsində cinayət törətdiyinə görə irad tutumuşdur. Bundan sonra o, istifadəsində olan ***-***-**-** mobil nömrəsi ilə *2111 qısa nömrəyə zəng edib taksi sifariş vermiş, Vüsal və Mahirlə birlikdə hadisə yerinə getmişlər, ora təxminən saat 23-24 radələrində çatmışlar, sonra isə yaşadıqları evə qayıtmışlar. Mahir ondan qızıl-alqı satqısı ilə məşğul olan tanışının olub-olmadığını soruşmuş, qızılı satacağı təqdirdə əldə olunan puldan ona 200 manat pul verəcəyini bildirmişdir. Həmin vaxtı pula ehtiyacı olduğundan Mahirə yalandan Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsində qızıl-alqı satqısı ilə məşğul olan tanışının olduğunu demişdir. 03 oktyabr 2019-cu il tarixdə Mahirlə Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsinə getmiş, metronun “Əhmədli” stansiyasının yanında qarşısına çıxan qızıl mağazsına daxil olub Mahirə qızıl satan şəxsin tanışı olduğunu demişdir. Qızılı mağazada işləyən şəxsə təqdim etmişlər, sonuncu boyunbağını nəzərdən keçirib İtaliya istehsallı, 27.7 qram çəkidə, 750 əyyarlı həmin boyunbağına görə onlara 1.560 manat pul verə biləcəyini bildirmiş və onlar həmin şəxslə razılaşmışlar. Həmin şəxs onlardan şəxsiyyəti təsdiq edən sənəd istədikdə Mahir şəxsiyyət vəsiqəsini ona təqdim etmiş, qızılı alan şəxs şəxsiyyət vəsiqəsinin kserosurətini çıxardıb özündə saxlamış, onlara isə 1.560 manat pul vermişdir. Mağazadan çıxdıqdan sonra aralarınıda olan razılaşmaya görə pulun 200 manatını götürüb qalanını Mahirə vermiş və oradan Qaraçuxur qəsəbəsindəki evə getmişlər. Təqsirləndirilən şəxs həmçinin bildirdi ki, heç bir soyğunçuluq cinayəti törətməmişdir. Tutulduğu zaman Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 31-ci Polis Bölməsində ona təyziq edildiyi üçün məcbur olub ilkin ifadəsində soyğunçuluq cinayətini törətdiyini etiraf etmişdir. Sonda Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3-cü maddələri ilə nəzərdə tutulmuş əməli törətdiyindən peşman olduğunu, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.2 və 180.2.4-cü maddələri ilə isə hər hansı bir cinayət əməli törətmədiyini, bununla belə cinayət nəticəsində zərərçəkmiş şəxslərlə barışıq əldə etdiyini, sonuncuların ona qarşı heç bir şikayət və tələblərinin olmadığını bildirdi və məhkəmədən barəsində yüngül həddə cəza təyin edilməsini xahiş etdi. Məhkəmə dövlət ittihamçısını, zərərçəkmiş şəxsləri, təqsirləndirilən şəxsi, onun müdafiəçisini və şahidləri dinləyərək, iş materiallarını tədqiq edərək, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3, 180.2.2 və 180.2.4-cü maddələri ilə müəyyən edilmiş cinayət əməlini törətmişdir və onun təqsiri, özünün qismən etirafedici ifadəsi ilə yanaşı, aşağıda göstərilən digər sübutlarla da təsdiq edilir. 28 yanvar 2020-ci ildə məhkəmə iclasında verdiyi ifadəsində Zərərçəkmiş şəxs1 göstərmişdir ki, 02 oktyabr 2019-cu il tarixdə, saat 16:00-da işdən çıxmış və təxminən saat 16:30-da evə çatmışdır. Evə çatandan sonra məhəlləyə çıxıb qonşularla oturmuş, təxminən saat 18:30-da hava qaraldığından və yoldaşına yemək verməli olduğundan evə gəlmişdir. Qapını arxadan bağlamış və orada olan lom parçasını qapının arxasına qoymuşdur. Evdə olan zaman təxminən saat 19 radələrində qəfildən qapının bərk-bərk döyüldüyünü eşidib fikirləşmişdir ki, qonşunun uşaqlarıdır. Yavaş-yavaş qapıya yaxınlaşıb qapını açmadan qapını döyən şəxsdən kim olduğunu soruşmuş, qapının arxasında olan şəxs yalvararaq nəsə lazım olduğunu demişdir. Həmin şəxsin səsini qonşu uşağının səsinə oxşadıb qapını açmışdır. Qapını açan zaman cavan, arıq, balaca boy, qarayanız, sifəti uzunsov olan və üzündə narın saqqalı olan, əvvəllər tanımadığı, soyadının, adının və ata adının Təqsirləndirilən şəxs olduğunu sonradan bildiyi həmin şəxs ona bu yaxınlarda yaşayan Elvin adlı bir nəfər şəxsin ona pul borclu olduğunu deyib, həmin şəxsin evini göstərməsini xahiş etmişdir. Qapını tam açmaq istəyən zaman Təqsirləndirilən şəxs əli ilə onun sol çiynindən itələmiş və o, geriyə getmişdir. Diabetli şəkər xəstəsi olduğuna, həmçinin bir dəfə infakt keçirtdiyinə görə gözləri qaralmış, buna baxmayaraq özünü ələ alıb əlindəki balaca lom parçası ilə Təqsirləndirilən şəxs vurmuşdur. Təqsirləndirilən şəxs onunla əlbəyaxa olmuş və boynunda olan qızıl boyunbağını dartaraq qopartdıqdan sonra qaçaraq oradan uzaqlaşmışdır. Ayağa qalxıb evə gəlmiş və baş vermiş hadisə barədə yoldaşı Ağaşaha danışmış, sonuncu isə dərhal oğlu Mehdiyə məlumat vermişdir. Mehdi onlara gəldikdən sonra polisə zəng edib baş vermiş hadisə barədə məlumat vermişdir. Sonradan qonşular da onlara gəlmişlər və o, hadisəni törətmiş şəxsin əlamətləri barədə məlumat verəndə qonşular həmin şəxsin onların küçəsinə yaxın küçədə yaşayan, narkoman olan, cəzaçəkmə müəssisəsindən təzəlikcə çıxmış Təqsirləndirilən şəxs olduğunu, sonuncunun habelə oğurluq cinayəti də törətdiyini bildirmişlər. Zərərçəkmiş şəxs1 həmçinin bildirdi ki, hadisənin baş verdiyi vaxt orada heç kim olmamış, qonşular isə sonradan gəlmişlər. Həyat yoldaşı Ağaşah həmin vaxtı evdə olmuş, lakin onun qonşu uşaqları ilə söhbət etdiyini düşünüb çölə çıxmamışdır. Təqsirləndirilən şəxs onun boynundan dartıb qopartdığı təxminən 30 qrama yaxın çəkisi olan boyunbağının bazar qiyməti təxminən 2.100 manatdır. Bununla da cinayət əməli nəticəsində ona ümumilikdə 2.100 manat məbləğində maddi ziyan dəymişdir. Sonda Zərərçəkmiş şəxs1 təqsirləndirilən şəxslə barışdığını, sonuncuya qarşı heç bir şikayət və tələbinin olmadığını bildirdi. 04 fevral 2020-ci ildə məhkəmə iclasında verdiyi ifadəsində Zərərçəkmiş şəxs2 göstərmişdir ki, Gürcüstan vətəndaşı olsa da, Bakı şəhərində işlədiyinə görə uzun müddətdir Bakı şəhərində yaşayır, latın və kiril qrafikalı Azərbaycan əlifbası ilə sərbəst yazıb yazıb-oxumağı bacarır. 21 may 2019-cu il tarixdə atası və anası Gürcüstana getmiş, həyat yoldaşı və uşaqları ilə birlikdə bacısı Raziyənin yaşadığı evə getmişdir. Evdən çıxarkən evin qapı və pəncərələrini bağlamışdır. 26 may 2019-cu il tarixdə, saat 16 radələrində öz yaşadığı, yəni Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, A.Rzayev küçəsi, 9 saylı ünvanda yerləşən yaşayış evinə gəlmişdir. Çöl qapını açıb həyətə daxil daxil olduqda evin birinci mərtəbəsinin pəncərəsinin açıq olduğunu görmüşdür. Evin qapısını açıb içəri daxil olduqda isə bəzi əşyaların dağınıq olduğunu, döşəmənin üzərinə töküldüyünü görmüşdür. Həmin vaxt evdə olmadığı müddət ərzində evdən oğurluq edildiyini başa düşmüş, evdəki digər əşyalra nəzər saldıqda özünə məxsus olan 1.000 manat dəyərində bir ədəd “LG” markalı televizorun oğurlandığını aşkar etmişdir. Bundan dərhal sonra Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “102” xidmətinə zəng edib baş vermiş hadisə barədə məlumat vermişdir. Bir neçə dəqiqədən sonra polis əməkdaşları gəlib onun iştirakı ilə mənzilə baxış keçirmişlər. Bundan sonra polis əməkdaşları ilə birlikdə polis bölməsinə gedib şikayət ərizəsi yazmışdır. Zərərçəkmiş şəxs2 həmçinin bildirdi ki, baş vermiş cinayət hadisəsi nəticəsində ona ümumilikdə 1.000 manat miqdarında maddi ziyan dəymişdir. Belə ki, cinayət yolu ilə ələ keçirilmiş bir ədəd “LG” markalı televizoru təxminən 2-3 ay bundan əvvəl 1.000 manata almışdır. Sonda Zərərçəkmiş şəxs2 təqsirləndirilən şəxslə barışdığını, sonuncuya qarşı heç bir şikayət və tələbinin olmadığını bildirdi. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 göstərdi ki, Elvini uzun müddətdir tanıyır. Belə ki, Elvin uşaqlıqdan onların yaşadığı məhəllədə yaşamışdır. 2019-cu ilin yay aylarında Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsində yerləşən 146 nömrəli məktəbin yanında, “Ordubad” marketin arxasında olan evə köçüb orada kirayədə yaşamağa başlamışdır. Bir-iki aydır Elvin qeyri-rəsmi yaşadığı qızla onların yaşadığı evə gəlmiş və onlarla yaşamağa başlamışdır. Elvin onlarda bir-iki gün qalacaqlarını bildirsə də, oktyabrın əvvəllərinə kimi onlarla yaşamışdır. O, oğlu Vüsalla Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsində kartof alveri ilə məşğul olur. 03 oktyabr 2019-cu il tarixdə, səhər saat 9-10 radələrində evdən çıxıb işə gedən zaman Elvin ona yaxınlaşıb əlindəki boyunbağını göstərərək, həmin boyunbağını anasının ona verdiyini, onu satıb əldə edəcəyi pulla həm qardaşının xəstə uşağına köməklik edəcəyini, həm də özünə kirayə ev tutacağını deyib, ondan şəxsiyyət vəsiqəsi ilə boyunbağını satmaqda ona köməklik etməsini xahiş etmişdir. Lakin Elvinin xahişi ilə razılaşmayaraq işə getmişdir. Təxminən 15- 20 dəqiqə sonra Elvin onun iş yerinə gəlmiş, boyunbağını satmağa köməklik edəcəyi təqdirdə yaşadıqları evin kirayə pulunu ödəyəcəyini demiş, buna görə də Elvinlə razılaşmışdır. Onlar əvvəlcə Bakı şəhəri, Nizami rayonu ərazisində yerləşən metronun “Neftçilər” stansiyasının yaxınlığına getmişlər, orada Elvin qızıl alqı-satqısı mağazasına girmiş, mağazadan çıxıb ona Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsinə gedib qızılı orda satmalarını demişdir. Buna görə də birlikdə Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsinə getmişlər, orada metronun “Əhmədli” stansiyasının yaxınlığındakı qızıl-alqı satqısı mağazalarının birində onun şəxsiyyət vəsiqəsinin kserosurəti əsasında Elvin qeyd edilən boyunbağını 1.560 manat satmışdır. Qızıl-alqı satıqısı ilə mşğul olan şəxsin tələbi ilə o, şəxsiyyət vəsiqəsinin üzərində qızılın ona məxsus olduğunu, oğurluq olmadığını qeyd etmiş və öz iması ilə təsdiq etmişdir. Elvin 1.560 manat pulu götürdükdən sonra birlikdə iş yerinin yanına gəlmişlər, taksidən düşərkən Elvin ona 50 manat pul vermişdir. Elvinə yaşadıqları evin aylıq kirayə haqqının 100 manat təşkil etdiyini bildiridikdə sonuncu ona demişdir ki, evdəkilərlə özü bilər. Bundan sonra o, 50 manatı götürüb 20 manatına evin su pulunu ödəmiş, qalan pulu öz ehtiyaclarına xərcləmişdir. Şahid1 həmçinin bildirdi ki, Elvinin ifadəsində göstərdikləri yalandır, məsuliyyətdən yayınmaq üçün ona şər atır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 göstərdi ki, 8 ilə yaxındır ki, Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, M.Hadi küçəsi, 23/24 ünvanında yerləşən mağazada kirayə götürdüyü piştaxtada qızıl-alqı satqısı ilə məşğul olur. 03 oktyabr 2019cu il tarixdə günorta saatlarında iki nəfər əvvəllər tanımadığı şəxs onun işlədiyi piştaxtaya yaxınlaşaraq qızıl boyunbağı satmaq istədiklərini bildirmişlər. Həmin şəxslər xəstəxanada xəstələrinin olduğunu və pul lazım olduğu üçün həmin qızılı satmaq istədiklərini demişlər. O, həmin şəxslərin təqdim etdiyi boyunbağıya baxdıqda onun 750 əyarlı, 27.7 qram çəkidə, İtaliya istehsalı olduğunu müəyyən etmişdir. Həmin şəxslərə təqdim etdikləri qızılın bir qramını 56 manat 30 qəpikdən götürəcəyini bildiridikdə, sonuncular onun təklifi razılaşmışlar, hətta öz aralarında digər mağazaların daha ucuz götürmələri barədə danışmışlar. Qızılı digər mağazalara nisbətdə baha qiymətləndirməsinə səbəb həmin şəxslərin xəstələrinin olduğunu demələri olmuşdur. Onun tələbi ilə həmin şəxslərdən yaşlı olanı öz şəxsiyyət vəsiqəsini təqdim etdikdən sonra sənədin kserosurətini çıxarmış, şəxsiyyət vəsiqəsinin sahibi kserosurətin üzərində “bu qızıl özümündür, oğurluq deyil, imzamla təsdiq edirəm” ifadəsini yazmış və öz imzasını çəkmişdir. Bundan sonra həmin şəxslərə 1.560 manat vermiş, pulu ondan yaşca cavan olan şəxs alıb saydıqdan sonra həmin şəxslər çıxıb getmişlər. Həmin şəxslərdən qeyd edilən qızıldan başqa heç nə almamış, bir gün sonra isə qırıq olduğuna görə həmin qızılı əritmişdir. Şahid3 həmçinin göstərdi ki, həmin şəxsləri əvvəllər tanımamış, sonunculardan bundan əvvəllər qızıl almamışdır. Aldığı qızılın oğurluq olduğundan xəbəri olmamışdır, onda belə bir məlumatı olsaydı həmin qızılı almazdı. Həmin şəxslər satmaq istədikləri qızılı ondan qabaq bir neçə yerdə qiymətləndirdiklərinə görə fikirləşmişdir ki, onlar oğru olsalar qızılı birinci yaxınlaşdıqları yerdə satardılar. Həmçinin, həmin şəxslər şəxsiyyət vəsiqəsi təqdim etdiklərindən onda belə bir şübhə yaranmamışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid4 göstərdi ki, Zərərçəkmiş şəxs2 ilə bir məhəllədə yaşasa da, sonuncu ilə heç bir münasibəti yoxdur. 26 may 2019-cu il tarixdə, saat 17 radələrində işdən çıxıb evə qayıdarkən məhlədə qonşusu Elvinlə rastlaşmış, söhbət zamanı Elvin qonşu İfratın yaşadığı Bakı şəhəri, Suraxanı rayonu, Suraxanı qəsəbəsi, A.Rzayev küçəsi, 9 nömrəli evdə hazırda heç kəsin olmadığını bildirib ona, oradan oğurluq etməyi təklif etmişdir. Əvvəlcə razılaşmamış, lakin Elvin ona “mənim pula ehtiyacım var” dedikdən sonra sonuncu ilə birlikdə qeyd etdiyi evdən oğurluq etməyə razılıq vermişdir. Bundan sonra oğurluq edəcəkləri, yəni Bakı şəhəri, Suraxanı rayonu, Suraxanı qəsəbəsi, A.Rzayev küçəsi, 9 nömrəli fərdi yaşayış evinin qarşısına gəlmişlər, küçədə heç kəsin olmadığına əmin olduqdan sonra Elvinlə birlikdə hasardan həmin evin həyətinə daxil olmuşlar. Həyətə daxil olduqdan sonra Elvin yerdən götürdüyü balta ilə evin plastik pəncərəsini açmış və onlar mənzilin mətbəxinə daxil olmuşlar. Həmin vaxt o, mətbəxdə gözləmiş, Elvin isə qonaq otağına gedib oradan bir ədəd “LG” markalı televizoru götürüb qayıtmış və hər ikisi oradan uzaqlaşmışlar. Yolla gedərkən Elvin oğurladıqları televizoru tanışına sata biləcəklərini demiş, buna görə də onlar taksi ilə Bakı şəhəri, Nizami rayonu ərazisində metronun “Xalqlar Dostluğu” stansiyasının yaxınlığında yerləşən tanımadığı binanın qarşısına gəlmişlər, Elvin oğurladıqları televizoru götürüb avtomobildən düşərək binaya daxil olmuş, o, isə avtomobildə qalıb Elvini gözləmişdir. Təxminən 20 dəqiqədən sonra Elvin qyıtmış və ona oğurladığı televizoru tanışına 300 manata satdığını deyib ona 50 manat vermiş, 250 manatı isə özündə saxlamışdır. Bundan sonra Elvindən ayrılmış, 50 manatı isə pul vəsaitini öz ehtiyacına xərcləmişdir. Şahid4 həmçinin göstərdi ki, oğurluq cinayətini Elvinlə ikisi törətmiş, həmin vaxt yanlarında başqa heç kim olmamışdır. Qeyd etdiyi cinayət hadisəsindən əvvəl bir dəfə cinayət hadisəsi törətmiş və buna görədə Bakı şəhər Suraxanı rayon Məhkəməsi tərəfindən məhkum edilmişdir. Bundan başqa heç bir cinayət hadisəsi törətməmişdir. Elvin televizoru satdığı şəxs barədə ona heç nə deməmiş, sonuncu televizoru satan zaman o, taksidə gözləmişdir. Şahid2 ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan olunmuş ifadəsindən görünür ki, Elvinlə uşaqlıqdan bir məhəllədə böyümüşlər və onunla normal münasibəti olmuşdur. 2019-cu ilin əvvəllərindən Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsində, 146 nömrəli məktəbin yanında yerləşən “Ordubad” marketin arxasında olan evə köçmüş və orada kirayə yaşamağa başlamışlar. Sonradan Elvin qeyri-rəsmi yaşadığı Rüfanə adlı qızla onların yaşadığı evə gəlmiş və onlarla yaşamağa başlamışlar. Özü Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsində kartof alveri ilə məşğul olur. 02 oktyabr 2019-cu il tarixdə, saat 19 radələrində evə gəlmiş, təxminən saat 20-21 radələrində Elvin də evə gəlmiş, əlində olan boyunbağını ona göstərib qiymətini soruşmuşdur. Elvinə həmin boyunbağının qiymətini bilmədiyini, onun qiymətini mağazadan soruşa biləcəyini demiş, həmçinin Elvindən qızılı haradan əldə etdiyini soruşmuşdur. Elvin, isə cavabında həmin boyunbağını anasının ona verdiyini, onu satıb əldə edəcəyi pulla həm qardaşının xəstə uşağını həkimə aparacağını, həm də özünə kirayə ev tutacağını demişdir. Bir gün sonra isə atası Mahirin Elvinlə birlikdə gedib qızılı satdıqları, sonuncunun həmin puldan kommunal xərcləri ödəmək üçün atasına 50 manat pul verdiyi ona məlum olmuşdur. Təxminən oktyabr ayının 5-də onlar həmin evdən çıxıb Zığ qəsəbəsinə köçmüşlər. Daha sonra isə Elvinin, onun atası ilə aparıb satdığı qızılın oğurluq olduğunu, buna görə də Elvinin tutularaq həbs edildiyini eşitmişdir. İş materiallarında olan hadisə yerinə baxış keçirmə haqqında 02 oktyabr 2019-cu il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, soyğunçuluq hadisəsi Zərərçəkmiş şəxs1 yaşadığı Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, A.Rzayev küçəsi, 215 nömrəli evin 5 nömrəli mənzilin giriş qapısında baş vermişdir. İş materiallarında olan 09 oktyabr 2019-cu il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, tanınmalı olan şəxs Təqsirləndirilən şəxs tanınmaya təqdim edilmiş şəxslərin sırasında istədiyi yeri tutmaq təklif edilmiş və o, könüllü olaraq öz istəyi ilə soldan sağa ikinci yerdə dayanmışdır. Bundan sonra tanıyan şəxs Zərərçəkmiş şəxs1 tanınmaya təqdim olunmuş şxsələr barədə heç bir məlumat verilmədən tanınma aparılan otağa dəvət edilmiş, Zərərçəkmiş şəxs1 tanınmaya təqdim edilmiş şəxsləri nəzərdən keçirib soldan sağa doğru ikinci yerdə dayanmış, əlində “2” rəqəmi yazılmış kağızı tutan şəxsin 02 oktyabr 2019-cu il tarixdə, saat 19 radələrində onun yaşadığı evə gələrək, giriş qapısının qarşısında boynundakı boyunbağını qoparıb qaçıran şəxs olduğunu, həmin şəxsi bədən quruluşundan, qarayanız olmağından və üz cizgilərindən tanıdığını bildirmişdir. İş materiallarında olan 09 oktyabr 2019-cu il tarixli üzləşdirmə protokolundan görünür ki, iş üzrə şahid Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs1 arasında üzləşdirmə-dindirmə istintaq hərəkətləri aparılmış üzləşdirmə-dindirmə zamanı Zərərçəkmiş şəxs1 ibtidai istintaq zamanı ifadəsində göstərdiklərini Təqsirləndirilən şəxs üzünə demiş, sonuncu isə öz növbəsində həqiqətən də 02 oktyabr 2019-cu il tarixdə Zərərçəkmiş şəxs1 Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, A.Rzayev küçəsi, 215 nömrəli evin 5 nömrəli mənzilin giriş qapısında onun boyunbağını boynundan qopartdığını, lakin həmin vaxt ona hər hansı bir fiziki zor tətbiq etmədiyini bildirməklə Zərərçəkmiş şəxs1 göstərdiklərini qismən təsdiq etmişdir. İş materiallarında olan ifadənin yerində yoxlanılması haqqında 09 oktyabr 2019-cu il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, ifadəsi yerində yoxlanılan şəxs Təqsirləndirilən şəxs Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, A.Rzayev küçəsi, 215 nömrəli evin 5 nömrəli mənzilinin giriş qapısını göstərərək bildirmişdir ki, 02 oktyabr 2019-cu il tarixdə, saat 19 radələrində həmin qapıya yaxınlaşıb qapını açmaq istəmiş, lakin qapı bağlı olduğuna görə onu bərkdən döyməyə başlamış, bir neçə saniyədən sonra qapının arxasından bir qadın ondan kim olduğunu soruşmuş, həmin qadına Elnur adlı şəxsin bu ünvanda yaşadığını, ona pul borcu olduğunu demiş, bundan sonra qapı açılmış, qapını açan şəxsin bir qədər əvvəl küçədə gördüyü yaşlı qadın olduğunu görmüş, həmin qadın ondan nə lazım olduğunu soruşduqda bir daha Elnur adlı şəxsin ona pul borcunun olduğunu, həmin ünvanda yaşadığını bildirmiş, qadın isə cavabında Elnur adlı şəxsin həmin ünvanda yaşamadığını, ümumiyyətlə həmin məhəllədə Elnur adlı şəxsi tanımadığını demiş, bu zaman qəfildən qadının boynundakı boyunbağını dartıb qıraraq qaçıb oradan uzaqlaşmışdır. İş materiallarında olan könüllü təqdim edilmiş sənədə baxış keçirmə və götürmə haqqında 09 oktyabr 2019-cu il tarixli protokoldan görünür ki, iş üzrə Şahid3 istintaqa təqdim etdiyi, üzərində “qızıl əşyası, qadın üçün sep, əyyarı 750, çəkisi 27.7, qiyməti 1.560 manat. Bu qızıl özümündür, oğurluq deyil, imzamla təsdiq edirəm. 03 oktyabr 2019” sözləri yazılmış Şahid1 məxsus AZE seriyalı 17640896 nömrəli şəxsiyyət vəsiqəsinin surəti maddi sübut əhəmiyyətli olduğundan götürülmüşdür. İş materiallarında olan könüllü təqdim edilmiş diskə baxış keçirilməsi və götürülməsi haqqında 09 oktyabr 2019-cu il tarixli protokoldan görünür ki, iş üzrə Şahid3 istintaqa təqdim etdiyi “DVD” diskə baxış keçirilmişdir. Baxış zamanı diskdə üç video faylın olduğu, VİD-20191204-WA0021 adlı fayla baxış zamanı həmin videonun 13-cü saniyəsində “Qızıl qəbulu” sözü yazılmış piştaxtanın arxasında olan Şahid3 piştaxtanın qarşısında durmuş Təqsirləndirilən şəxs pul əskinasları verdiyi, sonuncunun pulları götürüb əvvəlcə videomüşahidə kamerası istiqamətində, sonra isə əks istiqamətdə hərəkət edərək mağazanı tərk etdiyi, bundan başqa VİD-20191204-WA0022 adlı fayla baxış zamanı həmin videonun 02-ci dəqiqəsinin 02-ci saniyəsinədək “Qızıl qəbulu” sözü yazılmış piştaxtanın arxasında Şahid3, piştaxtanın qarşısında isə Təqsirləndirilən şəxs dayandığı, 02-ci dəqiqə 02-ci saniyədən sonra əvvəlcə Şahid3, onun arxasında Təqsirləndirilən şəxs, onun arxasınca isə Şahid1 mağazadan çıxdığı, bundan başqa VİD-20191204-WA0023 adlı fayla baxış zamanı həmin videonun 16-cı saniyəsində Təqsirləndirilən şəxs və Şahid1 mağazaya daxil olduqları, 28-ci saniyədə Təqsirləndirilən şəxs əlində olan əşyanı piştaxtanın arxasında dayanmış Şahid3 uzatdığı, sonuncunun həmin əşyanı ondan götürdüyü, 01-ci dəqiqə 01-ci saniyədə Şahid1 sol arxa cibindən çıxardığı sənədi Şahid3 təqdim etdiyi, 02-ci dəqiqə 10-cu saniyədə Şahid1 həmin sənədin üzərində qeydlər apardığı müəyyən edilmişdir. İş materiallarında olan cinayət işinin materiallarından cinayət işinin ayrılması haqqında 10 sentyabr 2019-cu il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işinin materiallarından Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə başqa cinayət işi ayrılmış, cinayət işinin ayrılması haqqında qərara daxil edilən materialların siyahısı və qərarların, protokolların kserosurətləri və yaxud əsilləri əlavə edilmiş, ayrılmış cinayət işinə ********* nömrəsi verilmişdir. İş materiallarında ola cinayət işinin icraata qəbul edilməsi və bir icraatda birləşdirilməsi haqqında 09 oktyabr 2019-cu il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə istintaq edilən ********* nömrəli cinayət işi Azərbaycan Respublikası CM-nin 180.1-ci maddəsi ilə istintaq edilən ********* nömrəli cinayət işinə birləşdirilmiş və ********* nömrəsi altında istintaq davam etdirilmişdir. 190100258 nömrəli cinayət işi üzrə hadisə yerinə baxış keçirilməsi haqqında 03 iyun 2019-cu il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs2 məxsus Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, A.Rzayev küçəsi, 9 nömrəli, iki mərtəbəli fərdi yaşayış evindən oğurluq faktı aşkar edilmişdir. Hadisə yerinə baxış zamanı ekspert kriminalist tərəfindən iki ədəd əl-barmaq izləri aşkar edilərək götürülmüşdür. 190100258 nömrəli cinayət işi üzrə ifadənin yerində yoxlanılması haqqında 19 iyun 2019-cu il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkildən görünür ki, ifadəsi yerində yoxlanılan Şahid4 Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, A.Rzayev küçəsi, 9 nömrəli, iki mərtəbəli fərdi yaşayış evini göstərərək, 26 may 2019-cu il tarixdə tanışı Təqsirləndirilən şəxs ilə birlikdə həmin fərdi yaşayış evinə daxil olub oradan bir ədəd “LG” markalı televizor oğurladıqlarını bildirmişdir. İş materialalrında olan ambulator məcburi-narkoloji tibbi yoxlamanın 24 oktyabr 2019-cu il tarixli, 2541 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materialalrında olan ambulator məhkəmə psixatrik ekspertizasının 08 noyabr 2019-cu il tarixli, 2300 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə xroniki psixi xəstəliyin, psixi fəaliyyətin müvəqqəti pozulmasının, kəmağıllığın və sair psixi xəstəliyin əlamətləri aşkar olunmayıb. Həmin dövrdə Təqsirləndirilən şəxs öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun hərəkəti Azərbayacan Respublikası CM-in 21-ci və 22-ci maddələrinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarındadır, yəni anlaqlıdır. Təqsirləndirilən şəxs istintaq hərəkətlərində iştirak etmək qabiliyyətinə malikdir. Təqsirləndirilən şəxs hal-hazırda məcburi müalicəyə ehtiyacı yoxdur. İş materiallarında olan 09 oktyabr 2019-cu il tarixli üzləşdirmə protokolundan görünür ki, iş üzrə Şahid1 ilə Təqsirləndirilən şəxs arasında üzləşdirmə-dindirmə istintaq hərəkətləri aparılmış üzləşdirmə-dindirmə zamanı Şahid1 ibtidai istintaq zamanı ifadəsində göstərdiklərini bir daha təsdiq edərək, Təqsirləndirilən şəxs yalan danışdığını, ona şər atdığını, soyğunçuluq cinayətini məhz Təqsirləndirilən şəxs törətdiyini sonuncunun üzünə demişdir. İş materiallarında olan ifadənin yerində yoxlanılması haqqında 09 dekabr 2019-cu il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, ifadəsi yerində yoxlanılan Təqsirləndirilən şəxs əvvəlcə Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, A.Rzayev küçəsi, 9 nömrəli, iki mərtəbəli fərdi yaşayış evini göstərərək, 26 may 2019-cu il tarixdə tanışı Şahid4 ilə birlikdə həmin fərdi yaşayış evinə daxil olub oradan bir ədəd “LG” markalı televizor oğurladıqlarını, daha sonra Bakı şəhəri, Xətai rayonu, Ə.Şıxlinski küçəsi, 42A nömrəli evin həyətini göstərərək oğurladığı televizoru həmin yerdə “Əxi” kimi tanıdığı şəxsə satdığını bildirmişdir. Beləliklə, yuxarıda göstərilən sübutlarla Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3, 180.2.2 və 180.2.4-cü maddələri ilə müəyyən olunmuş cinayətin törədilməsində təqsiri tam sübuta yetirilir. Məhkəmə hesab edir ki, Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 31-ci Polis Bölməsinə gətirildikdən sonra orada polis işçiləri tərəfindən təyziqə məruz qaldığına görə 02 oktyabr 2019-cu il tarixdə, saat 19 radələrində Zərərçəkmiş şəxs1 yaşadığı ünvan 3 ünvanına gələrək, Zərərçəkmiş şəxs1 sol çiynindən qəsdən bir dəfə əli ilə vurub itələyərək, insan həyatı və ya sağlamlığı üçün təhlükəli olmayan zor tətbiq etməklə sonuncunun boynundan asdığı 750 əyarlı, 27.7 qram çəkidə, İtaliya istehsallı, 2.100 manat qiymətində olan qızıl boyunbağını zorla dartıb açıq talayaraq soyğunçuluq etməsi barədə etirafedici izahat verməsinə dair Təqsirləndirilən şəxs ifadəsi işdə olan şahid ifadələri, habelə Təqsirləndirilən şəxs təzyiq edilməsi faktı üzrə araşdırma aparmış Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin müstəntiqi Ə.M.Nəcəfovun 10 dekabr 2019-cu il tarixli qərarı ilə təsdiq olunmadığına görə qəbul edilə bilməz və Azərbaycan Respublikası CM-nin 180.2.2 və 180.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən yayınmaq üçün özünümüdafiə məqsədi ilə verilmiş sayılmalıdır. Cəza təyin edərkən məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, cavanlığını, əvvəllər məhkum olunmasını, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3-cü maddəsi ilə törətdiyi əməldən səmimi peşman olmasını və zərəçəkmiş şəxslərlə barışıq əldə etməsini məhkəmə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar hesab edir. Qəsdən cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş Təqsirləndirilən şəxs, məhkumluğu ödənilmədən və ya götürülmədən, yenidən qəsdən cinayət törətməsini məhkəmə cinayətlərin residivi və Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal hesab edir. Belə ki, Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayət törədilməsi cinayətin residivini yaradır. İş materiallarında olan Bakı Ağır Cinayətlər Məhkəməsinin 15 fevral 2013-cü il tarixli hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3, 177.2.4-cü maddələri ilə təqsirli bilinib 03 il 06 ay müddətinə, Azərbaycan Respublikası CM-nin 178.2.1 178.2.2-ci maddələri ilə təqsirli bilinib 04 il müddətinə, Azərbaycan Respublikası CM-nin 180.2.1, 180.2.2, 180.2.3, 180.2.4, 180.2.5-ci maddələri ilə təqsirli bilinib 04 il müddətinə, Azərbaycan Respublikası CM-nin 326.2-ci maddələri ilə təqsirli bilinib 06 ay müddətinə, Azərbaycan Respublikası CM-nin 170.3-cü maddəsi ilə təqsirli bilinib 06 il müddətinə, Azərbaycan Respublikası CMnin 221.3-cü maddəsi ilə təqsirli bilinib 04 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsi tətbiq edilməklə Təqsirləndirilən şəxs qəti olaraq 09 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, cəzasının əvvəli 20 iyun 2012-ci il tarixdən hesablanmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və x1 19 oktyabr 2019-cu il tarixli məlumatından görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhər Xəzər rayon Məhkəməsinin 03 dekabr 2013-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 317-2.1-ci maddəsi ilə təqsirli bilinərək, həmin Məcəllənin 66.5-ci maddəsi tətbiq edilməklə qəti olaraq 09 il 03 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. İş materiallarında olan Bakı şəhər Xəzər rayon Məhkəməsinin 22 avqust 2014-cü il tarixli hökmünün surətindən görünür ki, həmin hökmlə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 317-2.2-ci maddəsi ilə təqsirli bilinərək, həmin Məcəllənin 66.5-ci maddəsi tətbiq edilməklə qəti olaraq 09 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. İş materiallarında olan Bakı şəhəri Nizami rayon Məhkəməsinin 24 iyun 2016-cı il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 180.2.1, 180.2.2, 180.2.3, 180.2.4, 180.2.5-ci maddələri ilə olan əməli Azərbaycan Respublikası CM-nin 180.2.1, 180.2.2, 180.2.3, 180.2.4-cü maddələrinə, Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3, 177.2.4-cü maddələri ilə olan əməli Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3-cü maddələrinə tövsif edilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 180.2.1, 180.2.2, 180.2.3, 180.2.4, 180.2.5-ci maddələri ilə təyin edilmiş 04 il müddətinə azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası CM-nin 180.2.1, 180.2.2, 180.2.3, 180.2.4-cü maddələrinin sanksiyası həddində olduğundan, həmin cəza dəyişdirilmədən saxlanılmış, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3, 177.2.4cü maddələri ilə təyin edilmiş 03 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3-cü maddələrinin sanksiyası həddində olduğundan həmin cəza dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan Bakı şəhəri Nizami rayon Məhkəməsinin 02 mart 2018-ci il tarixli qərarından görünür ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin 15 fevral 2013-cü il tarixli hökmündən məhkum Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.1 və 178.2.2-ci maddələri ilə təqsirli bilinməsinə və cəza təyin edilməsinə dair müddəalar xaric edilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 170.3-cü maddəsi ilə təqsirli bilindiyi əməli 01 dekabr 2017-ci il tarixdən qüvvədə olan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 170.1-ci maddəsinə tövsif edilmiş, ona təyin edilmiş 06 il müddətinə azadlıqdan məhrum etmə cəzası 03 ilə azaldılmış, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə təyin edilmiş 04 il müddətinə azadlıqdan məhrum etmə cəzası 02 ilə azaldılmış, Azərbaycan Respublikası CM-nin 66.3cü maddəsinə dair müddəa Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsi ilə əvəz edilmiş, Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3, 180.2.1, 180.2.2, 180.2.3, 180.2.4, 326.2, 170.1, 221.3-cü maddələri ilə təyin edilmiş cəzaları qismən toplayaraq Təqsirləndirilən şəxs qəti olaraq 05 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, hökm qalan hissədə dəyişdirilmədən saxlanılmış, Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 03 dekabr 2013-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 317-2.1-ci maddəsi ilə təqsirli bilinib təyin edilmiş 04 ay müddətinə azadlıqdan məhrum etmə cəzasını Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən Bakı Ağır Cinayətlər Məhkəməsinin 15 fevral 2013-cü il tarixli hökmü ilə təyin edilmiş 05 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplayaraq Təqsirləndirilən şəxs üzərində qəti olaraq 05 il 09 ay müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, hökm qalan hissədə dəyişdirilmədən saxlanılmış, Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 22 avqust 2014-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 317-2.2-ci maddəsi ilə təqsirli bilinib təyin edilmiş 04 ay müddətinə azadlıqdan məhrum etmə cəzasını Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 03 dekabr 2013-cü il tarixli hökmü ilə təyin edilmiş 05 il 09 ay müddətinə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplayaraq Təqsirləndirilən şəxs üzərində qəti olaraq 06 il müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmış və hökm qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və x1 19 oktyabr 2019cu il tarixli məlumatından görünür ki, Təqsirləndirilən şəxs 20 iyun 2018-ci ildə cəzasının sonu ilə azad olunmuşdur. Azərbaycan Respublikası CM-nin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş sayılır. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinin şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 25 may 2009-cu il tarixli qərarına əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3, 83.4-cü maddələrinin mənasına görə şəxs cinayətlərin və ya hökmlərin məcmusu üzrə məhkum olunduqda, məhkumluğun ödənilmə müddətinin axımı cinayətlərin və ya hökmlərin məcmusu üzrə təyin edilmiş qəti cəzanın çəkilib qurtarması və ya cəzadan azad edilməsi anından başlayaraq, cinayətlərin hər təsnifatı üçün müstəqil şəkildə hesablanmalıdır. İşdə olan sübutlarla isə təsdiq olunur ki, məhkumluğu vaxtından əvvəl götürülməmiş Təqsirləndirilən şəxs ona istinad edilən cinayət əməlini, Bakı Ağır Cinayətlər Məhkəməsinin 15 fevral 2013-cü il tarixli hökmü ilə azadlıqdan məhrum etmə cəzasına məhkum olunduğu az ağır cinayətlərə görə məhkumluğun ödənilməsi üçün müəyyən edilmiş müddət, yəni cinayətlərin məcmusu üzrə Bakı şəhər Xəzər rayon Məhkəməsinin 22 avqust 2014-cü il tarixli hökmü ilə, Bakı şəhəri Nizami rayon Məhkəməsinin 24 iyun 2016-cı il və 02 mart 2018-ci il tarixli qərarları nəzərə alınmaqla təyin edilmiş qəti cəzanı çəkib qurtardığı 20 iyun 2018-ci ildən 02 il keçmədən törətmişdir. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə həmin Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Azərbaycan Respublikası CM-nin 17.1-ci maddəsinə əsasən həmin Məcəllənin müxtəlif maddələri ilə nəzərdə tutulmuş iki və ya daha çox cinayətin törədilməsi, həmin cinayətləri törətmiş şəxs onlardan heç birinə görə məhkum olunmamışdırsa və ya qanunla müəyyən edilmiş əsaslar üzrə cinayət məsuliyyətindən azad edilməmişdirsə, habelə bu cinayətlərdən heç birinə görə cinayət məsuliyyətinə cəlbetmə müddəti keçməmişdirsə, cinayətlərin məcmusunu yaradır. Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddələrinə görə azadlıqdan məhrum etmə növündə cəzanın xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Buna görə də məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3, 180.2.2 və 180.2.4-cü maddələrində müəyyən edilmiş daha ciddi cəza növünün yuxarı həddinin yarısından az olmamaqla cəza təyin edilməli, Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə qəti cəza müəyyən edilməli və cəzanın çəkilməsi ciddi rejimli cəzaçəkmə müəssisəsində müəyyən edilməlidir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə hesablanmalıdır. Azərbaycan Respublikası CPM-nin 158.2 və 158.2.1-ci maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan hesablanır və tutulduğu və həbsdə saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxil edilir. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 08 oktyabr 2019-cu il tarixdən hesablanmalıdır. Bundan başqa, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniya xəstəliyi ilə əlaqədar Təqsirləndirilən şəxs barəsində narkomaniyadan müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq edilməlidir. Eyni zamanda məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış və cinayət işinə əlavə edilmiş Şahid3 оğlunun təqdim etdiyi üzərində “qızıl əşyası, qadın üçün sep, əyyarı 750, çəkisi 27.7, qiyməti 1.560 manat. Bu qızıl özümündür, oğurluq deyil, imzamla təsdiq edirəm. 03 oktyabr 2019” sözləri yazılmış Şahid1 məxsus AZE seriyalı 17640896 nömrəli şəxsiyyət vəsiqəsinin surəti və bir ədəd “DVD” disk Azərbaycan Respublikası CPM-nin 132.1.6-cı maddəsinə əsasən cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Həmçinin, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3, 180.2.2 və 180.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 346, 347, 349, 351-353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3, 180.2.2 və 180.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayətlərin törədilməsində təqsirli bilinsin və ona Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3-cü maddələri ilə 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə növündə, Azərbaycan Respublikası CM-nin 180.2.2 və 180.2.4-cü maddələri ilə isə 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə növündə cəzalar təyin edilsin. Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə, ona çəkilməsi üçün qəti olaraq, 03 (üç) il 09 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə növündə cəza müəyyən edilsin. Cəzanın çəkilməsi Təqsirləndirilən şəxs ciddi rejimli cəzaçəkmə müəssisəsində müəyyən edilsin. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə hesablansın və cəzaçəkmə müddətinin başlanğıcı 08 oktyabr 2019-cu il tarixdən hesablansın. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri qüvvəsində saxlanılsın. Narkomaniya xəstəliyi ilə əlaqədar Təqsirləndirilən şəxs barəsində narkomaniyadan müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq edilsin. İş üzrə maddi sübut kimi tanınmış və cinayət işinə əlavə edilmiş Şahid3 оğlunun təqdim etdiyi üzərində “qızıl əşyası, qadın üçün sep, əyyarı 750, çəkisi 27.7, qiyməti 1.560 manat. Bu qızıl özümündür, oğurluq deyil, imzamla təsdiq edirəm. 03 oktyabr 2019” sözləri yazılmış Şahid1 məxsus AZE seriyalı 17640896 nömrəli şəxsiyyət vəsiqəsinin surəti və bir ədəd “DVD” disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılsın. Təqsirləndirilən şəxs 05 (beş) saat göstərdiyi pulsuz hüquqi yardıma görə iş üzrə dəvət olunmuş müdafiəçi Bakı şəhəri, 9 saylı vəkil bürosunun vəkili x3 Bakı şəhəri Bank ABB Suraxanı filialı, VÖEN **********, h/h ********************, SWİF GOODE İBAZAZ2X, m/h-**********031, kod 805692, VÖEN **********, AİİBAZ2X, hesab-********************, VÖEN-********** hesablaşma hesabı üzərindən Bakı şəhəri, 9 saylı vəkil bürosu vasitəsi ilə cəmi 30 (otuz) manat əmək haqqı Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına ödənilsin. Hökm elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Suraxanı rayon məhkəməsinin vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Həbsdə saxlanılan məhkum tərəfindən isə apelyasiya şikayəti hökmün surətinin ona verildiyi andan 20 gün müddətində verilə bilər. Hökmdən apelyasiya şikayəti və ya protesti verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin Hakimi Elnur Nuriyev
Məhkəmə qərarları › İş №1(010)-31/2020
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-31/2020
11.02.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver