Məhkəmə qərarları › İş №1(010)-31/2021

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-31/2021

19.05.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-31/2021 19.05.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ hakim Qədimov Ceyhun Tofiq oğlunun sədrliyi, Mazanov Kamran Ramazan oğlunun katibliyi, Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi iştirakı ilə xx xxxx 1988-ci ildə Bərdə rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əmək fəaliyyəti ilə məşğul olan, Suraxanı Rayon Məhkəməsinin 19 dekabr 2011-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 29, 177.2.1-ci maddəsi ilə təqsirli bilinib, həmin Məcəllənin 69.4-cü maddəsi tətbiq olunmaqla 2.800 manat miqdarında cərimə cəzasına məhkum edilmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 01 fevral 2013-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 177.3.2-ci maddəsi ilə təqsirli bilinib, həmin Məcəllənin 67.1 və 68.2-ci maddələri tətbiq olunmaqla 09 il müddətinə azadlıqdan məhrum etmə cəzasına və 2.800 manat miqdarında cərimə cəzasına məhkum edilmiş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 19 iyul 2016-cı il tarixli qərarına əsasən yuxarıda qeyd olunan hökm üzrə əməli Azərbaycan Respublikası 177.3.2-ci maddəsindən həmin Məcəllənin 177.2.1 və 177.2.4-cü maddələrinə tövsif edilərək azadlıqdan məhrum etmə cəzası 07 ilə endirilmiş, Bakı Apelyasiya Məhkəməsinin 23 oktyabr 2017-ci il tarixli qərarına əsasən Bakı şəhəri, Nizami Rayon Məhkəməsinin 19 iyul 2016-cı il tarixli qərarı dəyişdirilərək azadlıqdan məhrum etmə cəzası 06 il 06 aya endirilmiş, Suraxanı Rayon Məhkəməsinin 12 yanvar 2018-ci il tarixli qərarına əsasən barəsində «Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında» Azərbaycan Respublikasının 20 oktyabr 2017-ci il tarixli Qanunu tətbiq edilərək üzərində yuxarıda göstərilən hökm üzrə 05 il müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmış və həmin cəzanı çəkib qurtardığına görə dərhal azad edilmiş, Nərimanov Rayon Məhkəməsinin 1(005)-221/2020 nömrəli iş üzrə 29 sentyabr 2020-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CMnin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib, həmin Məcəllənin 67.1 və 68.2-ci maddələri tətbiq olunmaqla 02 il 09 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına və 2.600 manat miqdarında cərimə cəzasına məhkum edilmiş, 30 dekabr 2019-cu il – 01 yanvar 2020-ci il tarixləri üzrə tutulmuş, müstəntiqin 01 yanvar 2020-ci il tarixli qərarı ilə barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmiş, Nərimanov Rayon Məhkəməsinin 1(005)- 221/2020 nömrəli iş üzrə 29 sentyabr 2020-ci il tarixli hökmünə əsasən əvvəli 26 mart 2020-ci il tarixindən hesablanmaqla ciddi rejimli cəzaçəkmə müəssisəsində azadlıqdan məhrum etmə növündə cəza çəkən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3, 29, 177.2.1, 29, 177.2.2, 29, 177.2.3cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan şəxslə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında 19 oktyabr 2019-cu ildə saat 16:30 radələrində X1 yaşadığı, Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, A.Rzayev küçəsində yerləşən 15 nömrəli evin 3c nömrəli mənzilinin pəncərəsini sındıraraq qanunsuz yaşayış sahəsinə daxil olub oradan sonuncuya məxsus bir ədəd 120 manat dəyərində elektrik ət çəkəni, bir ədəd 120 manat dəyərində elektrik şirə çəkəni, bir ədəd 100 manat dəyərində tozsoranı, bir ədədinin dəyəri 30 manat olan iki ədəd 60 manat dəyərində ütünü, bir ədəd 120 manat dəyərində saç fenini, bir ədəd 35 manat dəyərində fen darağını, bir ədəd 60 manat dəyərində epilyatoru, 200 manat dəyərində qolbaq, üzük, boyunbağı və sırğa gümüş dəstini, bir ədədinin dəyəri 50 manat olan iki ədəd 100 manat dəyərində qış gödəkcəsini və 50 manat pul vəsaitini gizli olaraq talayıb zərərçəkmiş şəxs X2 ümumilikdə 935 manat miqdarında maddi ziyan vurmuşdur. Bundan başqa o, təkrarən istintaqa məlum olmayan şəxslə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında 19 oktyabr 2019-cu ildə saat 16:30 radələrində X1 yaşadığı, Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, A.Rzayev küçəsində yerləşən 15 nömrəli evin 3c nömrəli mənzilinin pəncərəsini sındıraraq qanunsuz yaşayış sahəsinə daxil olub mənzildən sonuncuya məxsus, bir ədədinin dəyəri 100 manat olan iki ədəd 200 manat dəyərində İran İslam Respublikası istehsalı olan xalçanı gizli olaraq talayıb ələ keçirərək evin həyətinə qoymuş və sonradan gəlib xalçaları götürmək istəyərkən ev sahibinin gəldiyini görüb öz iradəsindən asılı olmayan səbəblərdən cinayətini başa çatdıra bilməyərək oğurluğa cəhd etmişdir. İşin məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs yuxarıda təsvir olunmuş cinayət əməllərini törətməkdə özünü təqsirli bilərək qeyd etmişdir ki, pula ehtiyacı olduğuna görə oğurluq etmək qərarına gəlmişdir. 19 oktyabr 2019-cu ildə saat 16 radələrində yaşadığı evin yaxınlığında tanıdığı, lakin adını bilmədiyi şəxslə rastlaşmış və söhbət zamanı ona bildirmişdir ki, pula ehtiyacı olduğuna görə oğurluq etmək istəyir. Cavabında həmin şəxs bildirmişdir ki, onun da maddi çətinlikləri var. Belə razılaşmışlar ki, birlikdə oğurluq etsinlər. Bu məqsədlə Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, A.Rzayev küçəsində gəzdikləri vaxt görmüşlər ki, evlərdən birinin darvazası qıfıllanmayıb. Müəyyən etmişlər ki, evdə heç kəs yoxdur və oradan oğurluq etməyə qərara almışlar. Bu məqsədlə ilk olaraq ətrafa nəzər salmışlar ki, onları heç kəsin görmədiyini dəqiqləşdirsinlər. Ətrafda heç kəsin olmadığına əmin olduqdan sonra hasarın üzərindən həyətə düşmüşlər. Görmüşlər ki, evin qapısı bağlı vəziyyətdədir və içəridə heç kəs yoxdur. Bundan sonra evin dəmir qapısının sol tərəfində olan pəncərəsinin üzərindəki dəmir barmaqlığı əlləri ilə dəfələrlə çəkib sındırmış, sonra pəncərənin şüşəsini də sındıraraq içəri daxil olmuşlar. Hər ikisi evi axtarmış, lakin pul və qızıl-zinət əşyaları tapa bilməmişlər. Hər ikisi evi axtarmağa davam etmiş, oradan bir ədəd elektrik ət çəkən, bir ədəd elektrik şirə çəkən, bir ədəd tozsoran, iki ədəd ütü, bir ədəd saç feni, bir ədəd fen darağı, içərisində zinət əşyaları olan bir ədəd pul kisəsini və iki ədəd xalçanı götürüb həyətə çıxmışlar. Evdən həmçinin 50 manat tapıb cibinə qoymuşdur. Sonra oğurladıqları əşyaları bir torbaya qoyub evdən aralıda bir yerdə gizlətmiş və qərara gəlmişlər ki, gedib xalçaları da götürsünlər. Bu məqsədlə həyətə qayıdarkən bir qadının uşaqlarla birlikdə gəldiklərini görüb, sonuncu onlardan şübhələnməsin deyə yanından ötüb keçmiş və sonra qaçmışlar. Qadın oğurluq etdikləri evə daxil olduqda başa düşmüşlər ki, sonuncu ev sahibidir. Təqsirləndirilən şəxs bildirir ki, oğurladığı 50 manat miqdarında pulu şəxsi ehtiyaclarına xərcləmiş, feni verib əvəzində narkotik vasitə almışdır. Yuxarıda göstərilən pul kisəsini isə hadisə yerindən qaçanda itirib. Bütün digər əşyalar oğurluq etdiyi yerdə qalmışlar. Əməlindən peşmandır. İşin məhkəmə baxışı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs bildirmişdir ki, ünvan 1 ünvanında yaşayır. 19 oktyabr 2019-cu ildə qızları Fatimə, Zeynəb və Aygünlə birlikdə yaşadığı evdən çıxaraq getmişlər. Həmin gün saat 16:30 radələrində qızları ilə birlikdə yaşadığı mənzilə qayıdıb qapını açarla açmaq istədikdə görmüşdür ki, qapının kilidi işləmir. Qapı isə açıq idi. Qapını açıb həyətə daxil olduqda elektrik şitinin şüşəsinin sındırılaraq yerə atıldığını görmüşlər. Bundan şübhələnmiş və ətrafa nəzər saldıqda iki ədəd xalçanın həyətdə olduğunu aşkar etmişdir. Bu zaman qızları bildirdilər ki, mətbəxin həyətə baxan pəncərəsinin şüşəsi sınıqdır. Beləliklə müəyyən etmişdir ki, evə kənar adam daxil olub oğurluq edibdir. Dərhal uşaqlarını da götürüb həyətdən çölə çıxmış, və evin daş hasarının yanı ilə iki nəfər şəxsin getdiyini görmüşdür. Həmin şəxslərdən şübhələnmiş, lakin qorxduğuna görə onlara heç nə deməmişdir. Bundan sonra dərhal DİN-nin 102 xidmətinə zəng edərək baş vermiş hadisə ilə əlaqədar məlumat verib. Bir neçə dəqiqə keçdikdən sonra polis əməkdaşları gəlmişlər. Polis əməkdaşları ilə evə daxil olaraq əşyalarını yoxlamışdır. Ev dağınıq vəziyyətdə idi. Baxıb müəyyən etmişdir ki, evindən bir ədəd 120 manat dəyərində elektrik ət çəkən, bir ədəd 120 manat dəyərində elektrik şirə çəkən, bir ədəd 100 manat dəyərində tozsoran, bir ədədinin dəyəri 30 manat olan iki ədəd 60 manat dəyərində ütü, bir ədəd 120 manat dəyərində saç feni, bir ədəd 35 manat dəyərində fen darağı, bir ədəd 60 manat dəyərində epilyator, 200 manat dəyərində qolbaq, üzük, boyunbağı və sırğa gümüş dəsti, bir ədədinin dəyəri 50 manat olan iki ədəd 100 manat dəyərində qış gödəkcəsi və 50 manat miqdarında pul oğurlanıb. Bundan başqa 70 manat dəyərində çörək bişirən peç də sındırılmışdır. Qeyd edir ki, cinayət nəticəsində vurulmuş zərərin əvəzi ona ödənilməmiş, oğurlanmış əşyalar qaytarılmamışdır. Buna baxmayaraq təqsirləndirilən şəxsə qarşı şikayəti və tələbi yoxdur. Təqsirləndirilən şəxsin müvafiq cinayət əməllərini törətməsi faktı, o, ittiham aktının nəticəvi hissəsində göstərilən müəyyən əşyaları oğurladığını etiraf etmədiyinə baxmayaraq, zərərçəkmiş şəxsin ifadəsi ilə yanaşı iş üzrə toplanmış digər sübutlarla da təsdiq olunur. 03 iyun 2020-ci il tarixli 20/274R nömrəli ekspert rəyindən görünür ki, 19.10.2019cu il tarixdə, ünvan 1 ünvanında yerləşən, X1 yaşadığı evdə baş vermiş oğurluq faktı ilə əlaqədar hadisə yerinin müayinəsi zamanı götürülərək tədqiqata təqdim edilmiş 08 ədəd kağız parçasının üzərinə yapışdırılmış 08 ədəd şəffaf yapışqanlı lent kəsikləri üzərində olan 07 ədəd əl-barmaq izi şəxsiyyətin eyniləşdirilməsi üçün yararlıdır. Şəxsiyyətin eyniləşdirilməsi üçün yararlı olan əl izlərindən 04 ədədi xx.xx.1988-ci ildə Bərdə rayonunda anadan olmuş Təqsirləndirilən şəxs sağ əlinin böyük, orta və adsız, sol əlinin orta barmaqlarının əksləri ilə eynilik müəyyən edilmişdir. Qalan digər şəxsiyyətin eyniləşdirilməsi üçün yararlı olan 03 ədəd əl barmaq izinin DİN-in KTİ-nin ADİS-in məlumat bankında olan şəxslərin əl-barmaq əksləri ilə eynilik müəyyən edilməmişdir. Məhkəmə ittiham və müdafiə tərəfini dinləyib məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3, 29, 177.2.1, 29, 177.2.2, 29, 177.2.3-cü maddələri ilə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin yuxarıda qeyd olunan maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir. Ona görə də təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3, 29, 177.2.1, 29, 177.2.2, 29, 177.2.3-cü maddələri ilə təqsirli bilinərək, ona həmin maddələrin sanksiyası daxilində cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsin törətdiyi cinayət əməlinə görə peşman olduğunu, zərərçəkmiş şəxsin ona qarşı şikayətinin və tələbinin olmadığını iş üzrə cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə həmçinin qeyd edir ki, Təqsirləndirilən şəxs Suraxanı Rayon Məhkəməsinin 19 dekabr 2011-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CMnin 29, 177.2.1-ci maddəsi ilə təqsirli bilinib, həmin Məcəllənin 69.4-cü maddəsi tətbiq olunmaqla 2.800 manat miqdarında cərimə cəzasına məhkum edilmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 01 fevral 2013-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 177.3.2-ci maddəsi ilə təqsirli bilinib, həmin Məcəllənin 67.1 və 68.2ci maddələri tətbiq olunmaqla 09 il müddətinə azadlıqdan məhrum etmə cəzasına və 2.800 manat miqdarında cərimə cəzasına məhkum edilmiş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 19 iyul 2016-cı il tarixli qərarına əsasən yuxarıda qeyd olunan hökm üzrə əməli Azərbaycan Respublikası 177.3.2-ci maddəsindən həmin Məcəllənin 177.2.1 və 177.2.4-cü maddələrinə tövsif edilərək azadlıqdan məhrum etmə cəzası 07 ilə endirilmiş, Bakı Apelyasiya Məhkəməsinin 23 oktyabr 2017-ci il tarixli qərarına əsasən Bakı şəhəri, Nizami Rayon Məhkəməsinin 19 iyul 2016-cı il tarixli qərarı dəyişdirilərək azadlıqdan məhrum etmə cəzası 06 il 06 aya endirilmiş, Suraxanı Rayon Məhkəməsinin 12 yanvar 2018-ci il tarixli qərarına əsasən barəsində «Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında» Azərbaycan Respublikasının 20 oktyabr 2017-ci il tarixli Qanunu tətbiq edilərək üzərində yuxarıda göstərilən hökm üzrə 05 il müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmış və bu cəzanı çəkib qurtardığına görə cəzaçəkmə müəssisəsindən dərhal, yəni 12 yanvar 2018-ci ildə azad edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs 12 yanvar 2018-ci ildə cəzaçəkmə müəssisəsindən azad edildiyini, hazırkı iş üzrə cinayətin 19 oktyabr 2019-cu il tarixində törədildiyini və Azərbaycan Respublikası CM-nin 83.3.3-cü maddəsinin tələbini nəzərə alaraq hesab edir ki, onun əməlində yuxarıda göstərilən hökmlə əlaqədar Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsində nəzərdə tutulan residiv var. Bu hal Azərbaycan Respublikası CM-nin 61.1.1 maddəsinə əsasən cəzanı ağırlaşdıran hal kimi qiymətləndirilməlidir. Məhkəmə cəza təyin edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum olunmadan islah edilməsi mümkün deyil. Bu səbəbdən ona Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3, 29, 177.2.1, 29, 177.2.2, 29, 177.2.3cü maddələri ilə azadlıqdan məhrum etmə növündə cəza təyin olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 347 – 349, 351 – 353, 356, 358, 381, 383 – 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3, 29, 177.2.1, 29, 177.2.2, 29, 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 02 (iki) il 09 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs hazırkı işlə əlaqədar 30 dekabr 2019-cu il – 01 yanvar 2020-ci il tarixləri üzrə tutulduğu 02 (iki) gün Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablansın və ona 02 (iki) il 08 (səkkiz) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Nərimanov Rayon Məhkəməsinin 1(005)-221/2020 nömrəli iş üzrə 29 sentyabr 2020-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş 02 (iki) il 09 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzası və 2.600 (iki min altı yüz) manat miqdarında cərimə cəzası hazırkı hökmlə təyin olunan 02 (iki) il 08 (səkkiz) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası ilə Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən qismən toplansın və ona qəti olaraq 04 (dörd) il 03 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzası və 2.600 (iki min altı yüz) manat miqdarında cərimə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 68.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin olunmuş 2.600 (iki min altı yüz) manat miqdarında cərimə cəzası müstəqil icra edilsin. Azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Azadlıqdan məhrum etmə cəzasının əvvəli 26 mart 2020-ci il tarixindən hesablansın. Təqsirləndirilən şəxs hazırda Nərimanov Rayon Məhkəməsinin 1(005)-221/2020 nömrəli iş üzrə 29 sentyabr 2020-ci il tarixli hökmünə əsasən azadlıqdan məhrum etmə növündə cəza çəkdiyindən, barəsində hazırkı iş üzrə qətimkan tədbirinin seçilmədiyi nəzərə alınsın. Hökmdən 20 gün müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən Ceyhun Qədimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar