Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-31/2022 21.04.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ hakim Qədimov Ceyhun Tofiq oğlunun sədrliyi, Mazanov Kamran Ramazan oğlunun katibliyi, dövlət ittihamçısı X5, zərərçəkmiş şəxs X1, təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi iştirakı ilə xx xxxxxxx 1985-ci ildə Göyçay rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əmək fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmamış, Göyçay rayonu, Alpout ərazi dairəsi, Alpout kəndində qeydiyyatda olan, Bakı şəhəri, Sabunçu rayonu, 2-ci Zabrat qəsəbəsi, 2-ci məhəllə, nömrəsiz evdə yaşayan, barəsində iş üzrə ibtidai araşdırma dövründə «polisin nəzarəti altına vermə» növündə qətimkan tədbiri seçilmiş, Suraxanı Rayon Məhkəməsinin 05 noyabr 2021-ci il tarixli qərarı ilə barəsində axtarış elan olunmaqla «həbs» növündə qətimkan tədbiri seçilmiş, göstərilən qərara əsasən 10 dekabr 2021-ci ildə tutulmuş və həmin tarixdən etibarən həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs özgənin əmlakını elektron məlumat daşıyıcılarından istifadə etməklə gizli talamaq məqsədi ilə 20 noyabr 2020-ci ildə Bakı şəhəri, Suraxanı rayonu, A.Rzayev küçəsində yerləşən «Kapital Bank” Açıq Səhmdar Cəmiyyətinin filialının qarşısında X2 məxsus "xxxx" Açıq Səhmdar Cəmiyyətindən adına olan **********026033 nömrəli plastik kartını həmin ünvanda olan "xxxx"ın bankomatından hesabında olan pulun çıxarışına dair apardığı əməliyyat zamanı ona hesabında olan pulun çıxarılmasına köməklik göstərilməsi adı ilə plastik kartını və şifrəsini öyrənməklə ələ keçirib həmin əməliyyatı aparan şəxs kimi özünü göstərib kartı bankomata daxil etdikdən sonra əməliyyatın aparmasının mümkün olmadığını bildirib bir neçə gün əvvəl tapdığı istintaqa məlum olmayan plastik kartı X1 ona bir an öncə verdiyi kart kimi təqdim edib sonuncunun "xxxx" Açıq Səhmdar Cəmiyyətindən adına olan **********026033 nömrəli plastik kartını ələ keçirib "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Suraxanı rayonu, Əmircan qəsəbəsi, İ.Məmmədov küçəsində yerləşən filialının bankomatından elektron məlumat daşıyıcısı olan bank kartının məxfi şifrəsini yığmaqla hesabından 20.11.2020-ci il tarixdə saat 11:16:05-də 200 manat, 11:16:47-də 200 manat, 11:17:30-də 200 manat olmaqla X1 cəmi 600 manat pulunu elektron məlumat daşıyıcılarından istifadə etməklə gizli olaraq talayıb oğurluq etmişdir. İşin məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs yuxarıda təsvir olunmuş cinayət əməlini törətməkdə özünü təqsirli bilərək qeyd etmişdir ki, qeyri-rəsmi evli olmaqla himayəsində iki nəfər yetkinlik yaşına çatmamış uşağı var. 2020-ci ilin yanvar ayında oğlu Rəhman Orucov 3 saylı ŞKX-da doğulan zaman onun qanında mikrob aşkar edilmişdir. Uşağın müalicəsi üçün xərclər tələb olunurdu. Həmin ərəfədə ölkədə pandemiya şəraiti ilə əlaqədar maddi vəziyyəti yaxşı olmayıb. Uşağının müalicəsi üçün maddi dəstək almaq məqsədilə hətta «XəzərTv»-də verilişə belə çıxmışdır. Xüsusi karantin rejimi dövründə az təminatlı ailələrə 190 manat maddi yardım olunmuş, ona da 190 manat maddi dəstək olunmuş və buna görə onun adına "xxxx"dan plastik kart verilmişdir. Həmin vaxt fikirləşmişdir ki, yaşlı və ya hər hansı bir qüsuru olan şəxs bankomatdan pul çıxarmaq üçün gələn zaman orda olsun və onlara pulu çıxarmaq üçün kömək lazım olan zaman özü onlara belə bir yardım etmək barədə təşəbbüs edib, bu yolla onların kartının hesab nömrəsini öyrənsin, hər hansı bir kartı onlara öz kartı əvəzinə verməklə onlarını kartın qaytarması kimi inandırıb vaxt qazanmaqla tez aradan çıxıb yaxınlıqda olan terminallardan həmin kartı daxil etməklə bir an öncə öyrənmiş olduğu şifrə əsasında pulu çıxarsın ki, onlar kartı blok edənə kimi o, artıq işini bitirsin. O, bankomatın yanında olduğu vaxt sonradan kartın üzərində adını oxumuş olduğu Şəbinə Vəliyeva adlı şəxsin plastik kartının yerə düşməsini görmüş və fikirləşmişdir ki, bankomatın qarşısına getməklə həmin kartdan öz cinayəti üçün istifadə edə bilər. Lakin o, həmin kartın şifrəsini bilmədiyinə görə onunla hər hansı əməliyyat aparmamışdır. Maddi vəziyyəti pis olmasına görə 20 noyabr 2020-ci il tarixdə icarəyə götürüb sürdüyü «Az Samand» markalı avtomobillə Suraxanı rayonu, Suraxanı bazarı adlanan yerdə A.Rzayev küçəsində olan "xxxx"ın filialının qarşısına gəlmiş, ətrafı müşahidə etmiş və filialın yan tərəfində olan bankomata yaxınlaşmış və bir qədər orada gözləmişdir ki, görsün onun kartını ələ keçirmək üçün münasib şəxs yaxınlaşacaqdırmı. Bu zaman sonradan adını bildiyi və əvvəllər tanımadığı Ulvia Dashdamirova adlı qadın onun dayandığı bankomatın yanında olan digər bankomata yaxınlaşmış, o, həmin qadını diqqətlə müşahidə etmiş, bu zaman onun gözünün qüsurlu olmasını görmüş və həmin qadın kartını bankomata daxil etmiş, lakin pulu çıxarabilməmişdir. Artıq onun üçün münasib şərait yaranmış və bu zaman o, həmin qadına yaxınlaşaraq ona köməklik edə biləcəyi barədə müraciət etmişdir ki, ona həmin kartdan pul çıxarmağa köməklik edə bilər. Ulvia Dashdamirova kartını ona verməklə hesab kodunu verməsini, yəni şifrəsini verməsini bildirdi ki, kartdan pulu çıxarıb ona versin. Həmin qadın ona inanmış, kartının onun hesab nömrəsini, yəni sifrəsini ona demişdir. O, Ulvia Dashdamirovanı bu yolla aldadıb kartını ələ keçirmiş, lakin həmin hesab nömrəsini daxil etmədən başqa bir şifrə daxil etdi ki, əks halda dərhal pul çıxar. Ona görə yanlış şifrə daxil etməklə pulunu çıxarmadı və bankomat onun kartını qaytaran zamanda üzərində olan bir neçə gün öncə Şəbinə Əliyeva adlı qadının yerdən tapdığı plastik kartı Ulvia Dashdamirovaya onun öz kartı olaraq təqdim etdi ki, o həmin kartı öz kartı hesab etsin və bu yolla o, vaxt qazansın ki, yaxınlıqda olan bankomata getməklə öyrəndiyi şifrə əsasında pulu çıxarmaq üçün vaxtı olsun. O, Ulvia Dashdamirovaya özünün bir an öncə yan tərəfdə olan bankomatdan pul çıxarmasını və hazırkı bankomatda nasazlıq olmasını bildirdi. Qadın ona inandı və o əlində olan başqa kartı ona verdi, tez onun kartını götürüb həmin ünvandan idarə etdiyi «Az Samand» markalı avtomobilə əyləşməklə uzaqlaşdı və onun həmin hərəkətlərindən qadın hər hansı şübhə etmədi. Həmin vaxtı o, avtomobildən düşüb “pereyezd” adlanan yerdə olan bankomata yaxınlaşdı və üzərində olan kartı təxminən 1 dəqiqə fərqlə 11 radələrində 3 dəfə eyni bankomata daxil etməklə əməliyyat apardı və hər dəfəsində bankomatdan 200 manatdan olmaqla 3 dəfə əməliyyat aparmaqla 600 manat pul çıxartmışdır. Həmin vaxt onun 600 manat ehtiyacı olduğundan yalnız həmin miqdarda pul çıxartdı və sonra isə həmin kartı sındırıb “pereyezd” yaxınlığına atdı. Əməlindən peşmandır. Zərərçəkmiş şəxs X4 işin məhkəmə baxışı zamanı bildirmişdir ki, təxminən 3 il müddət olar ki, «Nova+» şirkətində satış meneceri işləyir. Fizoterapiya üsullarını öyrənir və eyni zamanda tibbi təhsil alır. 2004-2008-ci il tarixlərində Azərbaycan Dillər Unversitetində xarici dili fakültəsində təhsil almış və ingilis dilini tədris etmişdir. Bundan başqa o, internet üzərindən mal alqı-satqısı ilə məşğul olur və ona görə onun tədris haqqının və onlayn satışın həyata keçirilməsi üçün şəxsi hesab kartını yaratmağı etiyacı olub. Ona görə təxminən 2019-cu il tarixdə "xxxx"dan adına **********026033 nömrəli şəxsi hesab kartı açdırdı ki, həmin pul əməliyyatlarını və ona olan ödənişləri həmin kart üzərindən etsin. 19 noyabr 2020-ci il tarixdə onun hesabına göndərilmiş təhsil xidmətlərinə görə pul köçürməli idi və buna görə o, öz kartının hesab nömrəsini xatırlamadığı şəxslərə verdi və 19 noyabr 2020-ci il tarixdə saat 18 raədələrində onun "xxxx"dan olan şəxsi hesab kartına 18:23-dən 18:24-dək olan müddət ərzində 800, 800 və 400 manat olmaqla 2000 manat yaxın pul köçürüldü. O, isə səhər həmin pulu çıxarmalı idi və ona görə 20 noyabr 2020-ci il tarixdə Bahar qəsəbəsindən çıxıb martuşurt avtobusu ilə Suraxanı rayonu, Suraxanı bazarı adlanan yerdə A.Rzayev küçəsində olan "xxxx"ının filialına gəlmiş və 1-ci mərtəbəsində arxa tərəfində olan bankomatına yaxınlaşmışdır. Həmin vaxt o, bankomata yaxınlaşmış və həmin vaxtı onun digər tərəfində olan bankomatın önündə əvvəllər tanımadığı təxminən 30-35 yaşında bir nəfər hündür boylu orta kökülkdə saçını bir qədər sağ yana daramış, bir ədəd qızıl dişi olan boynunda döyməsi olan, yaşıl gödəkcəsi geyinmiş oğlan var idi və o, kartını bakomata daxil etdi, lakin gözündə zəiflik olmasına görə yəqin hesab nömrəsini düzgün daxil etmədiyinə görə kartını bankomat geri qaytardı, bu zaman onun yanında olan şəxs ona nə köməklik edə biləcəyini xəbər aldı və o, həmin şəxsə zəhmət deyilsə ona köməklik etməsini bildirdi. Kartının hesab kodu olan 9323 nömrəsini həmin şəxsə dedi. Həmin şəxsin dəqiq olaraq hansı nömrəni yığmasını o, görmədi və bankomat onun kartını qaytaranda həmin şəxs ona bir ədəd kart verdi. Həmin şəxs ona bildirdi ki, bu bankomat işləmir, o digər yan tərəfdə olan bankomatada kartı daxil etməklə yoxlasın və özünün həmin yan tərəfdə olan bankomatdan əməliyyat aparmasını, həmin bankomatın işləməsini bildirdi. Həmin şəxs ona kartı verdi, şəxsin ona verdiyi olduğu kartı bankomata daxil etdi və bu zaman o kartın bloklanmış olmasını gördü, özü də təccüb etdi ki, onun kartı nə səbəbə bloklanıb. Artıq həmin vaxt ona kartı vermiş əlamətlərini qeyd etdiyi oğlan həmin ünvanda olmadı, həmin ünvanı tərk etmişdir. O, kartın bloklanmasını görüb ətrafda hər hans bir şəxs olmadığına görə dərhal bankomatın olduğu yerdə olan "xxxx"ın 1-ci mərtəbəsində olan ofis hissəyə daxil oldu və orada kartı kimi bildiyi kartı təqdim etməklə kartının bloklanmasını bildirdi. Orada bir nəfər adını xatırlamadığı oğlan və daha sonra isə həmin filialda işləyən Günel adlı qadın ona yaxınlaşdı və o, onlara kartı təqdim etdi nə səbəbə bloklanmasını xəbər aldı, bu zaman bank əməkdaşı kartın ona aid olmadığını Şəbinə Vəliyeva adlı şəxsin adına olan kart olmasını, həmin şəxsin ad soyadının kartın üzərində yazılımasını və kartın həmin şəxsə aid olmasını bildirdilər. O, artıq anladı ki, bir an öncə əlamətlərini qeyd etmiş olduğu şəxs filialın 1-ci mərtəbəsində olan bankomatın qarşısında onu aldadıb kartını alıb ona Şəbinə Vəliyeva adlı şəxsin kartını təqdim edib. Bu zaman filialda ona əlamətlərini qeyd etdiyi şəxsin hərəkətlərini göstərdilər və artıq orada o görüntü ilə tanış olan zaman ona məlum oldu ki, həmin şəxs onun kartını bankomata daxil etmək adı ilə ələ keçirib sonra üzərində olan digər Şəbinə Vəlyeva adlı qadının kartını ona təqdim etməklə onun kartı olaraq ona verərək aldadıb. Ona görə həmin şəxsin onun kartından hər hansı əməliyyat aparmasının qarşısını almaq üçün kartının bloklanmasını tələb etdi və həmin vaxtı məlum oldu ki, qeyd edilən şəxs 11:16-dan 11:17-dək olan müddət ərzində 3 dəfə yaxınlıqda, yəni Suraxanı rayonunda yerləşən “pereyezd” deyilən yerdə olan bankomatdan 200 manatdan olmaqla 3 dəfə əməliyyat aparıb 600 manat pulunu çıxarıb və hər dəfə çıxardığı pullara görə başqa banka aid terminaldan çıxarış etməsinə görə faizlər tutulub. Ona isə faktiki olaraq 600 manat maddi ziyan dəyib. Bundan sonra qadına bildirdi ki, 102 xidmətinə məlumat versin, o isə onun kartında həmin vaxtı 2.000 manat balans olduğundan 1.000 manata yaxın pulun oğurlanması barədə məlumat verdi. O, sonradan izahat verən zaman onun kartından 700 manat pulunun oğurlanması barədə məlumat verdi. Belə ki, onun kartından faktiki olaraq 600 manatdan bir qədər artıq pul tutulmuş, buna səbəb isə başqa banka aid olan terminaldan çıxarışlar edilməsi olmuşdur. Həmin şəxs onun kartını aldatmaqla alıb və başqa şəxsə aid olan kartı ona verib. O, kartından pul çıxarmasını görməmiş və hesabında olan digər pulları isə kartını blok etməklə özü çıxarmışdır. Təqsirləndirilən şəxsə qarşı heç bir şikayəti və tələbi yoxdur. Göstərilənləri nəzərə alaraq təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin olunmasını xahiş edir. Təqsirləndirilən şəxsin müvafiq cinayət əməlini törətməsi faktı onun özünün səmimi etirafı, zərərçəkmiş şəxsin ifadəsi ilə yanaşı iş üzrə toplanmış digər sübutlarla da tam təsdiq edilir. Məhkəmə ittiham və müdafiə tərəfini dinləyib məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar Təqsirləndirilən şəxs elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Beləliklə, Təqsirləndirilən şəxs CM-nin yuxarıda qeyd olunan maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir. Ona görə də Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-1-ci maddəsi ilə təqsirli bilinərək, ona həmin maddənin sanksiyası daxilində cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə olaraq az ağır cinayət törətdiyini, öz cinayətini səmimi etiraf etdiyini və peşman olduğunu, himayəsində yetkinlik yaşına çatmamış uşaqlarının olduğunu, zərərçəkmiş şəxsin ona qarşı şikayətinin və tələbinin olmadığını iş üzrə cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə cəza təyin edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları və cəzanı ağırlaşdıran halın olmadığını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-1-ci maddəsinin sanksiyası çərçivəsində azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunmalıdır. Cinayətin xarakterini, təqsirləndirilən şəxsin şəxsiyyətini, həmçinin Azərbaycan Respublikası CM-nin 52-1-ci maddəsinin tələblərini nəzərə alaraq məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs üzərinə cəza çəkdiyi müddətdə daimi yaşayış yerini hər gün saat 23.00-dan növbəti gün saat 07.30-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək, pandemiya əleyhinə rejimə, sanitariya-gigiyena və karantin rejimlərinə riayət edilməsi ilə bağlı X3 tövsiyələrinə və Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarlarına əməl etmək vəzifəsi qoyulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 347 – 349, 351 – 353, 356, 358, 381, 383 – 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-1-ci maddəsi ilə təqsirli bilinərək 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs 10 dekabr 2021-ci il tarixindən bu günədək həbsdə saxlanıldığı 04 (dörd) ay 11 (on bir) gün Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablansın və ona qəti olaraq 02 (iki) il 03 (üç) ay 08 (səkkiz) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Cəzasının əvvəli yaşayış yeri üzrə probasiya qurumunda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə cəza çəkdiyi müddətdə daimi yaşayış yerini hər gün saat 23.00-dan növbəti gün saat 07.30-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək, pandemiya əleyhinə rejimə, sanitariya-gigiyena və karantin rejimlərinə riayət edilməsi ilə bağlı X3 tövsiyələrinə və Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarlarına əməl etmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri dəyişdirilərək «başqa yerə getməmək haqqında iltizam» növündə qətimkan tədbiri seçilsin və o, hazırkı hökm elan edildikdən dərhal sonra, məhkəmə iclası zalında həbsdən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» növündə qətimkan tədbiri hazırkı hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmdən 20 gün müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən Ceyhun Qədimov
Məhkəmə qərarları › İş №1(010)-31/2022
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-31/2022
21.04.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver