Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(010)-31/2023 28.07.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Rzayeva Nərminə Cahangir qızının sədrliyi, Ələmşahova Aytəkin Aqil qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru X2, Təqsirləndirilən şəxs, Təqsirləndirilən şəxs müdafiəçisi, Bakı şəhəri 05 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi3 iştirakı ilə, Təqsirləndirilən şəxs, xx xxxx 1985-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, ali təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatdan olmaqla yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Azərbaycan Respublikası CM-nin 178.2.4-cü və 32.4, 312.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs özgə əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədilə Bakı Ağır Cinayətlər Məhkəməsinin icraatında olan ********* nömrəli cinayət işi üzrə barəsində həbs qətimkan tədbiri seçilməklə Bakı İstintaq Təcridxanasında saxlanılan Azərbaycan Respublikası CM-in 178.3.2-ci maddəsi ilə təqsirləndirilən, X1nın həbsdən azad edilməsində köməklik göstərilməsi ilə bağlı 2020-ci ilin iyul ayında özünə müraciət etmiş Bakı şəhər sakini Şahid2 özünü işgüzar və çoxşaxəli əlaqələrə malik şəxs kimi təqdim edib özünə olan inam və etibardan sui-istifadə edərək prokurorluq orqanlarında yüksək vəzifədə işləyən səlahiyyətli şəxslə münasibətinin olmasını, həmin şəxsin vasitəsilə Roza Qədirovanın barəsində seçilmiş həbs qətimkan tədbirini həbslə bağlı olmayan digər qətimkan tədbiri ilə əvəz etmək imkanına malik olduğunu Bakı şəhəri, Səbail rayonu, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğunda yerləşən Kiçik Qala küçəsində yalandan bildirib, tanışı olan həmin vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar Roza Qədirovanın xeyrinə edəcəyi hərəkətə, yəni həbs qətimkan tədbirinin həbsə alternativ qətimkan tədbiri ilə əvəz olunmasına görə birbaşa yolla özü vasitəsilə maddi nemət olan 20.000 (iyirmi min) manat məbləğində pul vəsaitinin rüşvət qismində verilməsinin zəruri olmasını aldatmaqla bildirərək, onunla razılaşmaqla sövdələşib, həmin niyyətlə 2020-ci ilin iyul ayının sonlarında Bakı şəhəri, Səbail rayonu, Bakı Metropoliteninin “İçərişəhər” stansiyasının qarşısında özünə məxsus “X9 Rover” markalı, **-TT-*** dövlət qeydiyyat nişanlı avtomobildə 20.000 (iyirmi min) manat Şahid2 məxsus pul vəsaitini ələ keçirib şəxsi ehtiyaclarına sərf etməklə, həmçinin, cinayət əməllərini davam etdirərək, 2020-ci ilin avqust ayının ortalarında 5.000 (beş min) manat məbləğində pul vəsaitinin də rüşvət qismində əlavə olaraq verilməsinin zəruri olmasını Şahid2 Bakı şəhəri, Səbail rayonu ərazisində yerləşən M.Ə.Sabir adına parkın qarşısında görüşləri zaman aldatmaqla ona bildirərək, onun razılığını almaqla sövdələşib, eyni niyyətlə, 2020-ci ilin avqust ayının ortalarında Bakı şəhəri, Səbail rayonu, Bakı Metropoliteninin “İçərişəhər” stansiyasının qarşısında özünə məxsus “X9 Rover” markalı, 99- TT-654 dövlət qeydiyyat nişanlı avtomobildə 5.000 (beş min) manat məbləğində Şahid2 məxsus pul vəsaitini ələ keçirib şəxsi ehtiyaclarına sərf etməklə, həmçinin, cinayət əməllərini davam etdirərək, 2021-ci ilin yanvar ayında 5.000 (beş min) manat məbləğində pul vəsaitinin də rüşvət qismində əlavə olaraq verilməsinin zəruri olmasını Şahid2 Bakı şəhəri, Nərimanov rayonu ərazisində Nərimanov rayon polis idarəsinin inzibati binasının yaxınlığında görüşləri zaman aldatmaqla ona bildirərək, onun razılığını almaqla sövdələşib, eyni niyyətlə, 2021-ci ilin yanvar ayında Bakı şəhəri, Səbail rayonu, Bakı Metropoliteninin “İçərişəhər” stansiyasının qarşısında özünə məxsus “X9 Rover” markalı, **-TT-*** dövlət qeydiyyat nişanlı avtomobildə 4.000 (dörd min) manat və həmin gün qeyd edilən yerdə istintaqa məlum olmayan cinayətdən xəbərsiz şəxs vasitəsilə 1.000 (bir min) manat olmaqla, cəmi 5.000 manat məbləğində Şahid2 məxsus pul vəsaitini ələ keçirib şəxsi ehtiyaclarına sərf etməklə, ümumilikdə qeyd edilən qaydada aldatma və etibardan sui-istifadə etmə yolu ilə Şahid2 məxsus cəmi 30.000 (otuz min) manat məbləğində pul vəsaitini vahid niyyətlə xeyli miqdarda ziyan vurmaqla ələ keçirib dələduzluq etmiş, vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar Roza Qədirovanın xeyrinə edəcəyi hərəkətə görə birbaşa yolla özü vasitəsilə maddi neməti rüşvət qismində verməyə Şahid2 vahid niyyətlə təhrik etmişdir. Məhkəmə iclasında dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru X4 ittihamı müdafiə edərək bildirmişdir ki, ittihamın məzmunundan və işin hallarından görünür ki, Təqsirləndirilən şəxs özünü işgüzar və çoxşaxəli əlaqələrə malik şəxs kimi təqdim edib, özünə olan inam və etibardan suiistifadə edərək prokurorluq orqanlarında yüksək vəzifədə işləyən səlahiyyətli şəxslə münasibətinin olmasını yalandan bildirib zərərçəkmiş şəxsin 30.000 manat məbləğində pul vəsaitini vahid niyyətlə ələ keçirmişdir. Göründüyü kimi, ittihamın məzmunundan müəyyən edilir ki, təqsirləndirilən şəxsin niyyəti əvvəlcədən zərərçəkmiş şəxsi aldatmaq ona məxsus pul vəsaitini ələ keçirmək olmuş, özünü işgüzar və çoxşaxəli əlaqələrə malik şəxs kimi təqdim edib prokurorluq orqanlarında yüksək vəzifədə işləyən səlahiyyətli şəxslə münasibətinin olmasını bildirməsi zərərçəkmiş şəxsin pul vəsaitini ələ keçirməyin üsulu olmuşdur. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 2015-ci il 11 iyun tarixli 7 nömrəli Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Qərarında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 19 may 2023-cü il tarixli, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1, 178-ci maddələrinin və 312-ci maddəsinin Qeyd hissəsinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2022-ci il 14 iyul tarixli qərarlarında və Konstitusiya Məhkəməsi Palatasının “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178-ci maddəsinin həmin Məcəllənin 312-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsi barədə Şəki Apellyasiya Məhkəməsinin müraciətinə dair” 2023-cü il 17 aprel tarixli qərardadında təsbit edilmiş hüquqi yanaşmaya görə, psevdo vasitəçiyə “rüşvət” şəklində pul və sair nemətlər verilməsi halında “rüşvət verməyə təhrik kimi görünən hərəkətlər dələduzluğun üsuludur və yalançı vasitəçinin əməli korrupsiya cinayətinin obyektinə zərər vurmur, yəni belə vasitəçinin niyyəti dövlət qulluğunun mənafeyinə deyil, əmlak münasibətlərinə zərər vurmağa yönəlir və əməli dələduzluq cinayəti ilə tam əhatə olunur. Bu baxımdan yalançı vasitəçinin əməli yalnız dələduzluq kimi qiymətləndirilməlidir. Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsdən aldığı pulu aldatma yolu ilə əldə etmiş, onun zərərçəkmiş şəxsin xeyrinə hər hansı hərəkət etmək, ona kömək etmək niyyəti olmamış, rüşvət vermədə yalançı vasitəçilik etməklə əməlləri korrupsiya cinayətinin obyektinə dövlət qulluğunun mənafeyinə deyil, yalnız əmlak münasibətlərinə zərər vurmağa yönəlmişdir. Yuxarıda qeyd edilənləri nəzərə almaqla, dövlət ittihamçısı Azərbaycan Respublikası CM-nin 178.2.4-cü və 32.4, 312.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət təqibindən imtina etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, Şahid2 arvadının həbsdən azad olunmasına köməklik göstərmək adı ilə ümumilikdə 25.000 manat məbləğində pul almış, əlavə 5.000 manatı isə ondan borc kimi götürmüşdür, həmin pulun ümumi məbləğə aidiyyəti yoxdur. Həmçinin, o, Əlikrama heç zaman prokurorluq orqanlarında işləyən yüksək vəzifəli tanışı vasitəsilə arvadı Roza Qədirovanın işinin həll olunacağını bildirməmişdir. Ailə həyatını qurduqdan sonra başqa yerə köçməyinə baxmayaraq, uşaqlığı “İçərişəhər” qoruğunda keçdiyi üçün həmin ərazidə yaşayan adamların əksəriyyəti onu tanıyır. 2020-ci ilin avqust-sentyabr aylarında “İçərişəhər”də olduğu zaman Şahid2 adlı şəxs ona yaxınlaşaraq həyat yoldaşı X3 barəsində dələduzluq cinayətinə görə cinayət işinin istintaq edildiyini bildirmiş və əlində 25.000 manat pulunun olduğunu deyərək köməklik göstərə bilib-bilməyəcəyini soruşmuşdur. Belə ki, Əlikram onun əvvəllər polisdə işlədiyini və digər şəxslərə də oxşar məsələlərlə bağlı köməklik göstərdiyini bildiyi üçün ondan arvadının həbsdə azad olunması üçün köməklik istəmişdir. O, Əlikramın arvadının işi ilə maraqlanıb sonuncunun barəsində Daxili İşlər Nazirliyinin Baş İstintaq və Təhqiqat İdarəsində Azərbaycan Respublikası CM-in 178.3.2-ci maddəsi ilə cinayət işinin olduğunu öyrənmiş və Əlikrama köməklik göstərə biləcəyini deyib növbəti gün sonuncu ilə Bakı şəhəri, Səbail rayonu, “İçərişəhər” metrostansiyasının qarşısında özünə məxsus olan “Range Rover” markalı, **-TT-*** dövlət qeydiyyat nişanlı avtomobildə görüşüb 20.000 manat məbləğində pul almışdır. Əlikram ona əlində 25.000 manatı olduğunu dediyinə görə sonuncudan əlavə 5.000 manatın harada olduğunu soruşaraq həmin pulu istəmişdir. Buna görə də, bir müddət sonra yenidən Əlikramla eyni ünvanda görüşmüşdür. Həmin zaman sonuncunun oğlu Məhəmməd də orada olmuşdur. Əlikram ona 5.000 manat əvəzinə 4.000 manat verdiyi üçün əlavə 1.000 manat pulu istəmiş, sonuncu qalanını evdən vərəcəyini demiş və hazırda xatırlamadığı taksi sürücüsü ilə pulu göndərmişdir. Lakin sürücünün bu işə heç bir aidiyyəti olmamışdır. Belə ki, sonuncu sadəcə onun xahişinə əsasən pulu Əlikramdan alıb vermişdir. O, həmin pulları Rozanın həbsdən azad olunmasına köməklik göstərmək adı ilə alsa da, pula ehtiyacı olduğundan Əlikramdan götürdüyü pulu şəxsi ehtiyaclarına sərf etmişdir. Həmin ərəfədə Əlikramla dəfələrlə danışıb işinin həll olunacağını və arvadının həbsdən azad olunacağını bildirmişdir. Bundan 2-3 ay sonra isə pula yenidən ehtiyacı yarandığı üçün Əlikramla əlaqə saxlayıb 5.000 manat məbləğində borc pul istəmişdir. Belə ki, əgər Rozanın həbsdən azad olunmasına köməklik etdiyi halda ona əlavə “şirinlik” verəcəyi ilə bağlı aralarında razılığa gəlmişlər. Ona görə də, həmin pulu şəxsi ehtiyacları üçün Əlikramdan borca istəmişdir. Əlikram ona həmin məbləğdə pulu borca verməyə razılaşmış və yenidən “İçərişəhər” metrostansiyasının qarşısında görüşüb qeyd olunan pulu hazırda xatırlamadığı vaxtda Əlikramdan almışdır. Daha sonra Roza Qədirovanın barəsində seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz etməyə köməklik göstərə bilməyəcəyini anlamış, lakin bu barədə Əlikrama heç nə bildirməmiş, əksinə dəfələrlə işi həll edəcəyini deyərək yalandan vədlər verərək pulu qaytarmaq üçün vaxt qazanmışdır. Əlikram bir müddət ona inansa da, daha sonra mütəmadi olaraq pulunu tələb etmiş, buna görə onun xahişi əsasında tanışı Emin onun adına olan mobil nömrə vasitəsilə Əlikramla danışaraq işin düzələcəyini və pulun qaytarılacağını bildirmişdir. Bir müddət sonra Əlikramın həyat yoldaşı məhkəmənin hökmü ilə müəyyən müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. O, Əlikrama istədiyi halda həyat yoldaşını xəstəlik səbəbi ilə azadlığa buraxdıra biləcəyini demiş, lakin Əlikram bununla razılaşmayaraq pulunu geri tələb etmişdir. Bu səbəbdən də o, 2021-ci ilin mart ayından etibarən hissə-hissə olmaqla götürdüyü puldan 15,000 manatı Əlikrama qaytarmışdır. O, həmçinin bildirmişdir ki, ona təqdim olunan səsyazılarında o, yalan danışaraq Əlikramı işin alınacağına inandırmağa çalışmış, məqsədi sonuncudan aldığı pulları qaytarmaq üçün vaxt qazanmaq olmuşdur. O, pulun prokuror və hakimə çatdırdığını bildirsə də, pulu heç kəsə verməmiş, sadəcə Əlikramı ilkin olaraq aldatmaq, daha sonra isə sonuncuya pul qaytarmaq üçün vaxt qazanmaq məqsədilə Şahid2 işinin yuxarı vəzifəli şəxslərin tapşırığı ilə həll olunacağını bildirmişdir. Onun qeyd etdiklərinin hamısı yalan və bəhanələr olmuşdur. “Müəllim” dedikdə isə tanışı Emini nəzərdə tutmuş, sonuncu xahişinə əsasən Əlikrama zəng edərək onun üçün vaxt qazanmışdır. Eminin bu işə heç bir aidiyyəti yoxdur, o, Əlikramdan aldığı pulu nə Eminlə, nə də ki, hər hansı digər şəxslə bölüşməmişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş, məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs kimi tanınmış Şahid2 ifadələrində göstərmişdir ki, əvvəllər uzun müddət sürücü işləsə də, hazırda heç bir yerdə işləmir. Evlidir, iki övladı var. X1 qonşularına qarşı dələduzluq etdiyinə görə Abşeron RPİ-nin İstintaq şöbəsində cinayət işi başlanmış, daha sonra həmin cinayət işi Daxili İşlər Nazirliyinin Baş İstintaq və Təhqiqat İdarəsinə verilmiş, orada arvadına Azərbaycan Respublikası CM-in 178.3.2-ci maddəsi ilə ittiham elan olunmuş və 05 may 2020-ci il tarixdə sonuncu barəsində Səbail Rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilmişdir. Təqribən 2020-ci ilin iyun ayının sonlarında cinayət işi üzrə ibtidai istintaq yekunlaşmış və iş baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilmişdir. Cinayət işi məhkəməyə getdikdən sonra o, arvadı Rozanın həbsdən buraxılması üçün yol axtarmağa başlamış, həmin ərəfədə mərhum qonşuları Məzahirlə söhbət edərkən sonuncu əvvəllər qonşusu olmuş və polis orqanlarında çalışmış, hazırda prokurorluq orqanlarında işləyən Təqsirləndirilən şəxs adlı şəxslə tanış edə biləcəyini, həmin şəxsin arvadının işində ona istiqamət verəcəyini demişdir. Daha sonra Məzahir ona İlkinin ***-***-**-** saylı mobil nömrəsini vermiş və əlaqə saxlamağını bildirmişdir. Məzahir hazırda xərçəng xəstəliyindən vəfat etmiş, qeyd olunan məsələyə isə hər hansı aidiyyəti olmamışdır. Təqribən iyul ayının ortalarında o, Məzahirin verdiyi nömrəyə zəng edib Təqsirləndirilən şəxs söhbət etmək istədiyini bildirmiş, sonuncu həftəsonları evdən çıxa bilmədiyini, həftə içi görüşə biləcəklərini demişdir. Bir neçə gün sonra onlar Bakı şəhəri, Səbail rayonu, İçərişəhər, Kiçik Qala küçəsində görüşmüşlər. Belə ki, İlkin mülki geyimdə, “Range Rover” markalı, dövlət qeydiyyat nişanını dəqiq xatırlamadığı avtomobillə gəlmişdir. Görüşdə İlkindən nə işlə məşğul olduğunu soruşmuş, sonuncu Baş Prokurorluğun əməkdaşı olduğunu bildirmişdir. Daha sonra İlkinin prokurorluq əməkdaşı olduğuna görə işini həll edə biləcəyini ehtimal etmiş və İlkinə arvadının işinin məhkəmədə olduğunu bildirərək Rozanın həbsdən azad olunması üçün köməklik istəmişdir. İlkin arvadının anket məlumatları və cinayət işi barədə ümumi məlumatlar aldıqdan sonra ona Baş Prokurorluqda adını çəkmədiyi generalla danışmalı olduğunu deyib kiminləsə mobil telefonla danışmış, daha sonra İlkin ona məsələni generala çatdırdığını, cavabı alandan sonra onunla əlaqə saxlayacağını deyib və avtomobilinə minərək çıxıb getmişdir. Bundan təqribən 3-4 saat sonra İlkin istifadəsində olan ***-***-**-** saylı mobil nömrədən istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə zəng edərək “WhatsApp” mobil tətbiqi vasitəsilə zəng etməyini xahiş etmişdir. Həmin mobil tətbiq vasitəsilə İlkinə zəng etmiş, sonuncu 20.000 manat pul müqabilində məsələni həll edə biləcəyini, əlavə olaraq da ondan 2.000 manat “şirinlik” alacağını demişdir. O, İlkinin köməklik edə biləcəyinə inanaraq razılaşmış və növbəti günə görüş təyin etmişlər. Beləliklə, növbəti gün günorta saatlarında İlkinlə eyni ünvanda görüşmüşlər. İlkin öz qara rəngli “Range Rover” markalı avtomobili ilə gəlmiş və onu avtomobilinə oturmağa dəvət etmiş, o, avtomobilə əyləşdikdən sonra 20.000 manat məbləğində pulu sayaraq İlkinə vermişdir. İlkin pulu sayıb Baş Prokurorluqda işləyən generalın əli ilə işi düzəldəcəyini, arvadının 2-3 məhkəmə prosesindən sonra azadlığa buraxılacağını demişdir. Daha sonra onlar sağollaşmışlar. Həmin gündən 10-15 gün sonra İlkin yenidən “WhatsApp” mobil tətbiqi vasitəsilə zəng etmiş və təcili görüşməli olduqlarını bildirmişdir. O, oğlu Məhəmmədlə birlikdə Sabir bağında görüşmüş, İlkin onu “Range Rover” markalı avtomobilinə əyləşməyə dəvət etmiş, lakin Məhəmmədə onları parkda gözləməyini bildirmişdir. Avtomobildə İlkin məsələnin alınmadığını, əlavə olaraq 5.000 manat pul lazım olduğunu demişdir. Həmin ərəfədə oğlu Məhəmməd “Azərbaycan Beynəlxalq Bankı”-ndan öz adına iki dəfə 5.000 manat kredit götürdüyü üçün evdə 10.000 manat əlavə pul olmuşdur. İlkinə çox inandığı üçün razılaşmış, buna görə də İlkin onu Məhəmmədin yanına qaytardıqdan sonra evə gəlmiş və oradan 5.000 manat pulu götürərək “İçərişəhər” metrostansiyası yaxınlığında İlkinə vermişdir. Daha sonra İlkin ona artıq işin dəqiqliklə həll olunacağını desə də, bundan sonra bir neçə məhkəmə prosesi olmuş, lakin heç nə dəyişməmiş, Roza yenə də həbsdə qalmışdır. 2021-ci ilin yanvar ayında İlkin yenidən onunla əlaqə saxlayaraq əlavə 5.000 manat verəcəyi təqdirdə növbəti məhkəmə prosesində Rozanın azadlığa buraxılacağını bildirmişdir. Həmin zaman oğlu Məhəmmədlə birlikdə Nərimanov RPİ-nin yaxınlığında olmuş, təqribən 15-20 dəqiqə sonra onlar İlkinlə Nərimanov RPİ-nin qarşısında görüşmüş, bu zaman o, Məhəmmədin də İlkinin avtomobilinə əyləşməyini tələb etmişdir. İlkin tərəddüd etsə də, daha sonra razılaşmış, İlkin yenidən problem yarandığını və əlavə olaraq 5.000 manat pul lazım olduğunu demişdir. O, məbləği azaltmağı xahiş etmiş, İlkin onun yanında qeyd etdiyi general tanışına zəng edib bildirmiş, lakin sonuncu bunun mümkün olmadığını demişdir. Bundan sonra onlar evə gedib 4.000 manat pul götürmüş və həmin gün İlkinlə “İçərişəhər” metrostansiyasının qarşısında görüşüb pulu vermişdir. İlkin əlavə 1.000 manatın harada olduğunu soruşduqda isə o, axşam verə biləcəyini demiş, bu zaman Məhəmməd İlkinin səsini diktofona yazmış, daha sonra həmin gün axşam saatlarında İlkin bir taksi göndərərək 1.000 manatı taksi sürücüsünə verməyini xahiş etmişdir. O, “İçərişəhər” metrostansiyasının qarşısında taksi sürücüsünə 1.000 manat pul vermiş və İlkinə zəng edərək pulu çatdırdığını bildirmişdir. Həmin taksinin markası və dövlət qeydiyyat nişanını hazırda xatırlamır, qeyd edilən məbləğləri İlkinə verməyinə baxmayaraq məhkəmədə heç bir dəyişiklik olmamış və 18 fevral 2021-ci il tarixdə arvadı Roza Qədirova Azərbaycan Respublikası CM-in 178.3.2-ci maddəsi ilə təqsirli bilinərək 7 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Bunu eşitdikdən sonra İlkinlə əlaqə saxlayaraq nə baş verdiyini soruşmuş, sonuncu isə anlaşılmazlıq olduğunu bildirərək apellyasiya instansiyası məhkəməsində Rozanın buraxılacağını demiş, lakin İlkinin onu aldatdığını anladığı üçün pulunu geri tələb etmiş, İlkin isə dəfələrlə müxtəlif bəhanələr gətirərək pulunu qaytarmamışdır. Daha sonra Sumqayıt Apellyasiya Məhkəməsi Rozanın barəsində olan hökmü qüvvədə saxlanmış, bu səbəbdən də İlkinə zəng edərək mübahisə etmiş və İlkindən yenidən verdiyi 30.000 manat pulu tələb etmişdir. Buna baxmayaraq İlkin hazırki günə qədər dələduzluq yolu ilə ələ keçirilmiş 30.000 manat məbləğində pulu ona geri qaytarmamışdır. O, həmçinin bildirmişdir ki, Təqsirləndirilən şəxs hər dəfə eyni ünvanda, yəni Bakı şəhəri, Səbail rayonunda “İçərişəhər” metrostansiyasının qarşısında idarə etdiyi qara rəngli “Range Rover” markalı avtomobildə birinci dəfə 2020-ci ilin iyul ayının ortalarında 20.000 manat, daha sonra həmin ilin avqust ayının ortalarında 5.000 manat və sonda 2021-ci ilin yanvar ayında 5.000 manat, ümumilikdə 30.000 manat pulu ondan almışdır. O, İlkinin göstərdiklərini yalanlamışdır. Belə ki, sonuncu özünü prokurorluq əməkdaşı kimi təqdim edərək Baş Prokurorluqda işləyən general tanışı vasitəsilə Roza Qədirovanı həbsdən azad edəcəyini bildirərək ondan üç dəfəyə ümumilikdə 30.000 manat pul almış, həmin pulu qaytarmamışdır. Eləcə də, o, heç zaman İlkinə borca hər hansı pul verməmiş, verdiyi pulun hamısı arvadının işinin həlli məqsədilə olmuşdur. Şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs təqribən 5-6 ildir ki, tanıyır, sonuncu ilə polisdə işlədiyi müddətdə tanış olmuş və münasibətləri yaranmışdır. Təqribən 2021-ci ilin oktyabr-noyabr aylarında İlkin onunla əlaqə saxlayaraq görüşə dəvət etmiş, görüş zamanı İlkin ona Şahid2 adlı şəxsi aldadaraq 30.000 manat məbləğində pulunu ələ keçirdiyini bildirib həmin pulu qaytarmağa vaxt qazanmaq üçün köməklik istəmişdir. İlkin artıq həmin məbləğdən 12.000 manatı qaytardığını, qalan məbləği qaytarmağa isə vaxt lazım olduğunu bildirmişdir. Bu səbəbdən o, Şahid2 zəng edərək İlkin üçün müəyyən qədər vaxt istəmiş, Şahid2 İlkinə ələ keçirdiyi pulu qaytarmağa vaxt verəcəyini demişdir. Bir müddət sonra İlkin ona 2.000 manat pul verərək həmin pulu Əlikrama verməyini xahiş etmiş, o, Əlikramla Sabir bağında görüşüb İlkinin verdiyi pulu verməyi təklif etmiş, lakin Əlikram onun təqdim etdiyi pulu qəbul etməkdən imtina etmiş və tam məbləğdə qaytarılmasını tələb etmişdir. O, həmçinin bildirmişdir ki, o, Təqsirləndirilən şəxslə Şahid2la arasında olan söhbətlərdə iştirak etmədiyindən məbləğin dəqiq miqdarı barədə məlumatı yoxdur. Lakin İlkin ondan Əlikramla söhbət etməyini xahiş etdikdə sonuncuya ümumilikdə 30,000 manat məbləğində pul verməli olduğunu, həmin puldan 12,000 manatını qaytardığını bildirmişdir. Onun Şahid2la danışığından sonra isə İlkinin deməsinə görə əlavə 3,000 manat pulu da qaytarmışdır. O, İlkinin Şahid2 15,000 manat məbləğində pulu qaytardığını İlkinin özündən eşitmiş, buna dair hər hansı sübutu yoxdur. Şahid2 ona bu barədə heç nə deməmiş, sonuncu sadəcə verdiyi pulun bütünlüklə qaytarılmasını istəmişdir. Cinayət işinin 1-ci cildinin 58-59-cu vərəqlərində olan sənədlərin baxışının aparılması haqqında 24 fevral 2022-ci il tarixli protokoldan görünür ki, "xxxx" MMC-dən daxil olmuş CD “Macbook Air” markalı kompüterə yerləşdirilib açıldı və diskdə 01 iyul 2021-ci il tarixdən 01 yanvar 2022-ci il tarixədək olan müddət ərzində ***-***-**-** saylı mobil nömrəyə daxil olan və həmin nömrədən çıxan zənglərin cədvəlləri, mesaj mətnləri, telefon danışıqlarının əhatə dairəsi və abonent siyahıları barədə məlumatları əks etdirən dörd ədəd PDF formatlı fayl aşkar olundu. Həmin fayllara “Preview” proqramı vasitəsilə daxil olundu və qeyd olunan müddətdə ***-***-**-** saylı mobil nömrə ilə iş materiallarına əsasən Təqsirləndirilən şəxs məxsus ***-***-**-** saylı mobil nömrə ilə müxtəlif vaxtlarda danışıqların aparıldığı müəyyən olundu. Nömrələr arasında ümumilikdə dörd dəfə olmaqla, ilk danışıq 27 iyul, növbəti danışıqlar isə 16 noyabr və 02 dekabr 2021-ci il tarixlərdə qeydə alınmışdır. Həmin danışıqlar zamanı hər iki nömrə eyni anten dairələrində olmuşdur. Baxış zamanı həmçinin göstərilən mobil nömrələr arasında mesaj mübadiləsinin aparıldığı müəyyən edildi. 050-885-88- 88 saylı mobil nömrədən ***-***-**-** saylı mobil nömrəyə 02 avqust 2021-ci il tarixdə “Senle gorusmek isteyirem.hara gelim” və 27 noyabr 2021-ci il tarixdə “Zdng vurda” məzmunlu mesajlar göndərilmişdir. Cinayət işinin 1-ci cildinin 168-ci vərəqlərində olan sənədlərin baxışının aparılması haqqında 25 fevral 2022-ci il tarixli protokoldan görünür ki, "xxxx" MMC-dən daxil olmuş CD “Macbook Air” markalı kompüterə yerləşdirilib açıldı və diskdə 01 iyul 2020-ci il tarixdən 01 yanvar 2022-ci il tarixədək olan müddət ərzində ***-***-**-** saylı mobil nömrəyə daxil olan və həmin nömrədən çıxan zənglərin cədvəlləri, mesaj mətnləri, telefon danışıqlarının əhatə dairəsi və abonent siyahıları barədə məlumatları əks etdirən dörd ədəd PDF formatlı fayl aşkar olundu. Həmin fayllara “Preview” proqramı vasitəsilə daxil olundu və qeyd olunan müddətdə ***-***-**-** saylı mobil nömrə ilə iş materiallarına əsasən Şahid2 məxsus ***-***-**-** saylı mobil nömrə ilə müxtəlif vaxtlarda danışıqların aparıldığı müəyyən olundu. Nömrələr arasında 2020-ci il ərzində ümumilikdə səkkiz dəfə olmaqla, 13, 15, 16 və 28 dekabr 2020-ci il tarixlərdə, 2021-ci il ərzində ümumilikdə yeddi dəfə olmaqla, 01 fevral, 16 mart, 27 iyul, 16 noyabr və 02 dekabr 2021-ci il tarixlərdə danışıqlar qeydə alınmışdır. Baxış zamanı həmçinin göstərilən mobil nömrələr arasında mesaj mübadiləsinin aparıldığı müəyyən edildi. ***-***-**-** saylı mobil nömrədən ***-***-**- ** saylı mobil nömrəyə 02 avqust 2021-ci il tarixdə “Senle gorusmek isteyirem.hara gelim” və 27 noyabr 2021-ci il tarixdə “Zəng vurda” məzmunlu mesajlar göndərilmişdir. Cinayət işinin 2-ci cildinin 5-ci vərəqində olan sənədlərin baxışının aparılması haqqında 02 mart 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs tərəfindən təqdim olunmuş CD “Macbook Air” markalı kompüterə yerləşdirilib açıldı və diskdə ümumilikdə 3 ədəd MP3, 1 ədəd MP4 və 3 ədəd JPEG formatlı fayl aşkar olundu. Diskdə olan fayllara “Preview” və “VLC Media Player” proqramları vasitəsilə daxil olunaraq Şahid2 Təqsirləndirilən şəxs verdiyi pulu tam həcmdə təcili tələb etməsi, Təqsirləndirilən şəxs ona 12.000 manat məbləğində pulu artıq qaytardığını, qalıq 18.000 manatı tezliklə qaytaracağını bildirməsi müəyyən edildi. Cinayət işinin 1-ci cildinin 144-cü vərəqində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhər Baş Polis İdarəsinin 23 fevral 2022-ci il tarixli, 039-2776-1222 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs 25 iyul 2005-ci il tarixdə daxili işlər orqanlarına xidmətə qəbul edilmiş və 19 yanvar 2016-cı il tarixdə “Azərbaycan Respublikası daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə”nin 135-ci maddəsinin 9 və 10-cu bəndləri ilə (daxili işlər orqanları əməkdaşı adına ləkə gətirən hərəkət etdiyinə və intizam məsuliyyətinə cəlb edildikdən sonra xidmət və icra intizamını il ərzində yenidə kobudcasına pozduğuna görə) polis baş leytenantı xüsusi rütbəsində daxili işlər orqanlarında xidmətdən xaric edilmişdir. Cinayət işinin 1-ci cildinin 130-cu vərəqində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 23 fevral 2022-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 178.2.4, 310 və 32.4, 312.1-ci maddələri ilə təqsirləndirilməsinə dair Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin İstintaq idarəsində ibtidai istintaqı aparılmış ********* nömrəli cinayət işi 16 oktyabr 2020-ci il tarixdə baxılması üçün Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə göndərilmiş, CM-in 178.2.1, 178.2.2, 178.2.4 və 32.4, 312.2-ci maddələri ilə təqsirləndirilməsinə dair Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin İstintaq idarəsində ibtidai istintaqı aparılmış ********* nömrəli cinayət işi 27 fevral 2021-ci il tarixdə baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilmiş, CM-in 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair Bakı şəhəri Xəzər RPİnin İstintaq şöbəsində ibtidai istintaqı aparılmış ********* nömrəli cinayət işi 01 iyul 2021-ci il tarixdə baxılması üçün Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə göndərilmiş, CM-in 128ci maddəsi ilə təqsirləndirilməsinə dair Bakı şəhəri Nizami RPİ-nin İstintaq şöbəsində ibtidai istintaqı aparılmış ********* nömrəli cinayət işi üzrə icraata Azərbaycan Respublikası CPM-in 40.3-cü maddəsinə əsasən xitam verilmişdir. Cinayət işinin 1-ci cildinin 71-83-cü vərəqində olan Bakı Ağır Cinayətlər Məhkəməsinin 24 dekabr 2021-ci il tarixli, 1(101)-888/2021 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 178.2.1, 178.2.2, 178.2.4 və 32.4, 312.2-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək 10.000 (on min) manat məbləğində cərimə cəzasına məhkum olunmuşdur. Cinayət işinin materiallarına əlavə edilmiş zərərçəkmiş şəxs Şahid2 tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli ərizədən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona 5000 (beş min) manat ödənilmişdir. Hazırda heç bir şikayət və tələbinın olmadığını, onunla barışdığını bildirmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş zərərçəkmiş şəxs Şahid2 tərəfindən məhkəmənin 08 dekabr 2022-ci il tarixli iclasında verilmiş ərizədən görünür ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs şikayət və tələbinin olmadığını bildirmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli qəbzə əsasən, Təqsirləndirilən şəxs tərəfindən cinayət nəticəsində vurulmuş zərərin 25% faizinin ödənilməsi ilə bağlı olaraq dövlət nəfinə 7510 manat məbləğində pul ödənilmişdir. Beləliklə, məhkəmə baxışında tədqiq olunmuş sübutların məcmusuna hüquqi qiymət verərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması özünün etirafedici ifadəsi ilə yanaşı onu tamamlayan və bir birinə uyğun gələn şahidin ifadələri və işdə olan digər sübutlarla tam sübuta yetirilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 11 iyun 2015-ci il tarixli 7 nömrəli qərarında göstərilmişdir ki, başqa talama cinayətlərindən fərqli olaraq dələduzluq cinayəti aldatma və ya etibardan sui-istifadə etmə yolu ilə törədilir və əmlak sahibi öz əmlakını və ya ona olan hüququnu başqa şəxslərə yalan vədlərin təsiri altında könüllü surətdə verir. Törədilmiş əməl o halda CM-in 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan suiistifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Dələduzluq yolu ilə əmlak hüquqları əldə etmə dedikdə, mülkiyyət hüququ, girov hüququ, tələb hüququ və varlanmaya səbəb olan sair hüquqları qanunsuz əldə etmə başa düşülməlidir. Məhkəmələrin nəzərinə çatdırılsın ki, dələduzluq cinayəti özgənin əmlakının (əmlaka olan hüququnun) təqsirkarın və ya üçüncü şəxslərin sahibliyinə keçdiyi və onların bu əmlaka (əmlaka olan hüquqa) dair istədikləri kimi sərəncam vermək və ya onlardan istifadə etmək imkanının yarandığı andan başa çatmış hesab edilir. Şəxsin əmlakın ona verilməsi ilə bağlı öhdəlikləri yerinə yetirmək üçün əvvəlcədən real maliyyə imkanlarının, yaxud əmlakın idarə edilməsi üçün onun icazəsinin olmaması, əmlakı (əmlaka olan hüququ) əldə edərkən saxta sənədlərdən istifadə etməsi, başqa şəxslərə və ya kredit təşkilatlarına borcunun və ya girovda əmlakının olması haqda məlumatları gizlətməsi, əqdin bağlanması zamanı tərəflərdən biri kimi çıxış edən yalançı müəssisələr yaratması onun özgə əmlakının talanmasına yönəlmiş niyyətinin olmasına dəlalət edən hallar kimi çıxış edə bilər. Lakin bu halların da mövcud olması birmənalı olaraq şəxsin dələduzluq cinayətini törətməsi barədə nəticəyə gəlmək üçün əsas vermir və hər bir konkret işin hallarına əsaslanaraq təqsirkarın üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmək niyyətində olmaması müəyyən edilməlidir. Həmin qərarda həmçinin qeyd edilir ki, dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə- bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür. Dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür. Etibardan sui-istifadə etmə həm də təqsirkarın əvəzsiz olaraq özünün və ya üçüncü şəxslərin xeyrinə əmlakı və ya ona olan hüququ ələ keçirmək məqsədi ilə üzərinə götürdüyü hər hansı öhdəliyi yerinə yetirmək niyyətində olmadığı halda, məsələn, hər hansı işin görülməsi, xidmətlərin göstərilməsi öhdəliyini üzərinə götürüb bunun üçün əvvəlcədən avans kimi müəyyən məbləğdə pul alaraq həmin işi görmədiyi və görmək niyyətində olmadığı hallarda da baş verir. Azərbyacan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 43.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı aşağıdakı hallarda çıxarılır: 43.1.1. dövlət ittihamçısı və xüsusi ittihamçı cinayət təqibindən imtina etdikdə; 43.1.2. Bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda. Yuxarıda qeyd edildiyi ki, məhkəmə iclasında dövlət İttihamçısı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.4, 312.1-ci maddəsi ilə bağlı cinayət təqibindən imtina etmişdir. Məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaql dövlət ittihamçısının Azərbaycan Respublikasının 32.4, 312.1-ci maddəsi ilə irəli sürülən ittihamından imtina edilməsini, həmçinin Təqsirləndirilən şəxs tərəfindən dövlət nəfinə 25% ödənilməsini nəzərə almaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsində nəzərdə tutulan cinayət əməlinin tərkibi vardır. Azərbaycan Respublikası CM-nin 73-1.2-ci maddəsinə əsasən bu Məcəllənin 178.2, 179.2, 186.2.1, 189-1.2-1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş, zərərçəkmiş şəxslə barışmış, dəymiş ziyanı tamamilə ödəmiş şəxs cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 39.1.11-ci maddəsinin tələbinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda, cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir) Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə qərar çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 39.1.11, 43.1.1, 321.2.1, 321.2.2-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə cinayət məsuliyyətindən həmin Məcəllənin 73-1.2-ci maddəsinə əsasən azad edilsin və onun CM-nin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət təqibinə xitam verilsin. Təqsirləndirilən şəxs barəsində Binəqədi Rayon Məhkəməsi tərəfindən xx.xx.2023cü il tarixində seçilmiş həbs qətimkan tədbiri nəzərə alınsın. Qərardan 20 gün müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hakim: Nərminə Rzayeva
Məhkəmə qərarları › İş №1(010)-31/2023
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №1(010)-31/2023
28.07.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver