Məhkəmə qərarları › İş №1(010)-314/2024

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-314/2024

11.07.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-314/2024 11.07.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri, Suraxanı Rayon Məhkəməsinin inzibati binası SURAXANİ RAYON MƏHKƏMƏSİ hakim Kərimov Namiq Həsrət oğlunun sədrliyi, Hacıyev Gündüz Nizami oğlunun katibliyi, Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi iştirakı ilə xx xxxxxx 1995-ci ildə Rusiya Federasiyasında anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, 29 sentyabr– 01 oktyabr 2021-ci il tarixləri barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq istintaqa məlum olmayan mənbədən şəxsi istehlak miqdarından artıq miqdarda yəni, 01 ədəd şəffaf rəngli sellofana bükülmüş bükümdə təmiz çəkisi 0,455 qram ağ rəngli kristal şəkilli kütlə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin və 01 ədəd açıq-qəhvəyi rəngli sellofana bükülmüş bükümdə qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış təmiz çəkisi 0,091 qram narkotik vasitə heroini alaraq əldə edib, üzərində saxlamaqla daşımış və 29 sentyabr 2021-ci il tarixdə saat 16:30 radələrində Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin 30-cu polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tərbirləri nəticəsində Bakı şəhəri, Suraxanı rayonu, Hövsan yolu, Dədə Qorqud qəsəbəsində yerləşən poçtun yaxınlığında narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilindiyi üçün saxlanılaraq ünvan 2 ünvanda yerləşən Suraxanı Rayon Polis İdarəsinin 30-cu polis şöbəsinə gətirilmiş, üzərində şəxsi axtarış aparılan zaman əynində olan yaşıl rəngli cins şalvarın sağ alt cibindən 01 ədəd şəffaf rəngli sellofana bükülmüş bükümdə təmiz çəkisi 0,455 qram ağ rəngli kristalşəkilli kütlə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin və 01 ədəd açıq-qəhvəyi rəngli sellofana bükülmüş bükümdə qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış təmiz çəkisi 0,091 qram narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 29 sentyabr 2021-ci il tarixdə səhər saatlarında Yeni Suraxanı qəsəbəsində tanımadığı şəxsdən 50 manata 01 ədəd şəffaf rəngli sellofanda və 01 ədəd açıq qəhvəyi rəngli sellofana bükülmüş bükümləri alaraq sonra istifadə etməyi üçün üzərində saxlamışdır. Həmin gün, yəni 29 sentyabr 2021-ci il tarixdə saat 16:30 radələrində Suraxanı rayonu, Dədə Qorqud qəsəbəsində poçtun yaxınlığında olan zaman mülki geyimdə olan şəxslər ona yaxınlaşıb özlərini təqdim edərək polis əməkdaşı olduqlarını bildirmişlər və xidməti vəsiqələrini təqdim etdikdən sonra onun şəxsiyyəti barədə maraqlanmışlar. O da özünü Təqsirləndirilən şəxs kimi təqdim etmişdir. Polis əməkdaşları onun narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirərək üzərində şəxsi axtarış aparılması üçün onu Suraxanı Rayon Polis İdarəsinin 30-cu polis şöbəsinə dəvət etmişlər. O da razılaşaraq polis əməkdaşları ilə birlikdə Suraxanı RPİ-nin 30-cu polis şöbəsinə gəlmişdir. 30-cu polis şöbəsində ona hüquq və vəzifələri izah edildikdən sonra dövlət hesabına vəkil təyin olunmuşdur. Vəkili ilə görüşdükdən sonra videoçəkilişlə onun üzərində şəxsi axtarış aparılmağa başlanmışdır. Əvvəlcə ondan üzərində saxlanması, daşınması və ya gəzdirilməsi qadağan olunmuş hər hansı əşya və ya maddə varsa təqdim etməyi təklif olunmuşdur. Bu zaman o, əynində olan yaşıl rəngli cins şalvarının sağ alt cibində saxladığı 02 ədəd bükümü çıxarıb təqdim etmişdir. Polis əməkdaşları həmin iki bükümü açıb içərisinə baxış keçirmişlər və sonra ondan həmin bükümlərin içərisində nə olması və nə vaxt, kimdən hansı üsulla əldə etməyi barədə soruşulmuşdur. O, həmin bükümlərdən 01 ədəd bükümdə heroin kimi tanıdığı və 01 ədəd bükümdə isə şüşə kimi tanıdığı narkotik maddələr olduğunu və həmin narkotik maddələri öz istifadəsi üçün 29 sentyabr 2021-ci il tarixdə səhər saatlarında Yeni Suraxanı qəsəbəsində tanımadığı şəxsdən öz istifadəsi üçün cəmi 50 manata alıb sonra istifadə etməsi üçün üzərində saxladığını bildirmişdir. Ondan aşkar edilmiş həmin 02 ədəd büküm polis əməkdaşları tərəfindən götürülərək iştirakçıların iştirakı ilə zərfə qoyularaq qablaşdırılmış və möhürlənmişdir. Polis əməkdaşları tərəfindən üzərinə baxılmış və hər hansı bir qanunsuz əşya və ya maddə aşkar olunmamışdır. Axırda isə üzərində şəxsi axtarış aparılması barədə protokol tərtib edilmiş, tərtib edilmiş protokol ucadan oxunmuş və qablaşdırılmış zərflə birlikdə protokol onun və iştirakçıları tərəfindən imzalanmışdır. Əməlindən peşman olmasını nəzərə alaraq məhkəmədən ona azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza verilməsini xahiş edir. Məhkəmədə şahid qismində dindirilmiş polis əməkdaşı Şahid1 Sabir oğlu ifadəsində göstərmişdir ki, o, Suraxanı Rayon Polis İdarəsinin 30-cu polis şöbəsinin cinayət axtarış üzrə əməliyyat müvəkkili vəzifəsində işləyir. 29 sentyabr 2021-ci il tarixdə ünvan 1 ünvanında yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuş və bu barədə rəisə raportla məruzə olunduqdan sonra ondan və Suraxanı Rayon Polis İdarəsinin 30-cu polis şöbəsinin cinayət axtarış üzrə əməliyyat müvəkkili Şahid2 ibarət əməliyyat qrupu yaradılmışdır. Bundan sonra həmin gün saat 16:30 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Dədə Qorqud qəsəbəsində yerləşən poçtun yaxınlığında xarici əlamətlərindən Təqsirləndirilən şəxs bənzəyən şəxsə yaxınlaşaraq özlərini təqdim edərək polis əməkdaşı olduqlarını bildirmişlər və Təqsirləndirilən şəxs özünü təqdim etməsini tələb etmişlər. Həmin şəxs də özünü Təqsirləndirilən şəxs kimi təqdim etmişdir. Təqsirləndirilən şəxs narkotik maddələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirərək üzərində şəxsi axtarış həyata keçirilməsi zərurətinin yarandığını deyib Suraxanı Rayon Polis İdarəsinin 30-cu polis şöbəsinə dəvət etmişlər. Təqsirləndirilən şəxs da razı olaraq onlarla birlikdə 30-cu polis şöbəsinə gəlmişdir. 30-cu polis şöbəsində xidməti otaqların birində hüquq və vəzifələri izah edildikdən sonra dövlət hesabına dəvət edilmiş müdafiəçi dəvət edilmiş və sonra isə Təqsirləndirilən şəxs üzərində videoçəkilişlə şəxsi axtarış həyata keçirilmişdir. İlk öncə Təqsirləndirilən şəxs üzərində qanunsuz hər hansı bir əşya varsa könüllü olaraq təqdim etməsi təklif olunmuşdur. Bu vaxt Təqsirləndirilən şəxs əynində olan yaşıl rəngli cins şalvarın sağ alt cibindən 02 ədəd bükümü çıxarıb təqdim etmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi bükümlərin içərisində nə olması və nə vaxt kimdən hansı üsulla əldə etməsi barədə soruşulmuşdur. Bu zaman Təqsirləndirilən şəxs həmin bükümlərin içərisində heroin və şüşə kimi tanıdığı narkotik maddələr olduğunu və həmin bükümlərin onun özünə məxsus olduğunu, həmin narkotik maddələri 29 sentyabr 2021-ci il tarixdə Yeni Suraxanı qəsəbəsində tanımadığı şəxsdən cəmi 50 manata alıb əldə edərək sonra istifadə etməsi üçün üzərində saxladığını bildirmişdir. Bundan sonra aşkar edilmiş həmin iki ədəd büküm götürülərək qablaşdırılmışdır. Sonra isə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış davam etdirilmiş və qanunsuz hər hansı bir əşya və ya predmet aşkar edilməmişdir. Keçirilmiş əməliyyat tədbirlərinin nəticəsinə dair protokol tərtib edilmiş və protokol iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. Təqsirləndirilən şəxs saxlanılarkən və Suraxanı Rayon Polis İdarəsinin 30-cu polis şöbəsində olduğu zaman ona qarşı hər hansı bir fiziki və ya psixi təsir olmamışdır. İşin məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Suraxanı Rayon Polis İdarəsinin 30-cu polis şöbəsinin cinayət axtarış üzrə əməliyyat müvəkkili Şahid2 Şahid1 Sabir oğlunun məhkəməyə bildirdiklərinə uyğun məzmunlu ifadə vermişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs üzərindən kustar üsulla hazırlanmış narkotik vasitə olan heroinin və kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetaminin aşkarlanaraq götürülməsini özündə əks etdirən bir ədəd CD Compact diskə baxış keçirilmişdir. Həmin görüntülərdən görünür ki, Təqsirləndirilən şəxs üzərində polis əməkdaşları tərəfindən şəxsi axtarış keçirilməsi, əvvəlcə ondan üzərində saxlanması, daşınması və ya gəzdirilməsi qadağan olunmuş hər hansı bir əşya və ya predmet varsa təqdim etməsi təklif edilməsi, Təqsirləndirilən şəxs əynində olan yaşıl rəngli cins şalvarın sağ alt cibindən 02 ədəd bükümü çıxarıb təqdim etməsi və ondan təqdim etdiyi iki ədəd bükümün içərisində nə olması və nə vaxt necə əldə etməsi barədə soruşulduqda həmin bükümlərdən birinin içərisində şüşə, digər bükümün içərisində isə heroin kimi tanıdığı narkotik maddə olduğunu, həmin narkotik maddələri 29 sentyabr 2021-ci il tarixdə Yeni Suraxanı qəsəbəsində tanımadığı şəxsdən cəmi 50 manata öz şəxsi istifadəsi üçün alıb əldə etdiyini və sonra istifadə etməsi üçün üzərində daşıdığını bildirməsi, həmin bükümün qablaşdırılaraq üzəri imzalarla təsdiq oldunduqdan sonra Təqsirləndirilən şəxs üzərində polis əməkdaşları tərəfindən axtarış keçirilməsi və onun üzərindən hər hansı bir əşya və ya predmet aşkar edilməməsi müəyyən olundu. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq, cinayət işinin materiallarında olan ekspert rəylərini də sübut növü kimi qəbul edir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş məhkəmə fiziki kimyəvi ekspertizasının xx.xx.2021ci il tarixli, 6/4298 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində AR DİN “Zərflər üçün №194”möhür əksi, “Təqsirləndirilən şəxs üzərindən...” və s. yazılar, imzalar olan zərfəki 01 ədəd bükümdə təmiz çəkisi 0,455 qram ağ rəngli, kristalşəkilli kütlə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir, 01 ədəd bükümdə təmiz çəkisi 0,091 qram qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitəheroindir. Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanunu ilə təsdiq edilmiş siyahılar üzrə: Heroin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in siyahısına (Siyahı İ), Metamfetamin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”in siyahısına (Siyahı İ) daxildir. Qeyd: metamfetaminin təmiz çəkisi-0,455 qram, tədqiqata sərf edildi: 0,05 qram, qalıq-0,405 qram. heroinin təmiz çəkisi-0,091 qram, tədqiqata sərf edildi: 0,04 qram, qalıq-0,051 qram. İş materiallarında olan məhkəmə narkoloji ekspertizasının xx.xx.2021-ci il tarixli, 5017 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Ekspertlərin rəyləri işin araşdırılmış halları ilə təsdiq olunduğu üçün məhkəmə tərəfindən sübut kimi qəbul olunmuşlar. İş materiallarında olan cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 29 sentyabr 2021-ci il tarixdə şübhəli şəxs kimi tutulmuş, 01 oktyabr 2021-ci il tarixdə barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilərək Suraxanı RPİ-nin MSY-dən azad edilmişdir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs götürülmüş ilkin çəkisi 0,455 qram olan, aparılmış kimyəvi tədqiqatından sonra qalıq çəkisi 0,405 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, götürülmüş ilkin çəkisi 0,091 qram olan, aparılmış kimyəvi tədqiqatından sonra qalıq çəkisi 0,051 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin maddi sübut kimi tanınmış və saxlanılması üçün Suraxanı RPİ-nin saxlama otağına təhvil verilmişdir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparıldığı video görüntüləri özündə əks etdirən 01 ədəd DVD-R formatlı disk maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxsdir. İş materiallarında olan “toplanmış sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə cinayət təqibinin başlanması Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən rədd edilmişdir. İş materiallarında olan “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemindən alınmış çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs 16 aprel 2023-cü il təvəllüdlü X1 adlı uşağı var. Məhkəmə Təqsirləndirilən şəxs təqsirini səmimi etiraf etməsini və himayəsində bir azyaşlı uşağının olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən ona təyin olunacaq cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur və o, törətdiyi əmələ görə təqsirli bilinib cəzalanmalıdır. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli üzrə təqsirli olması özünün etirafedici ifadəsi və şahidlərin ifadəsi ilə yanaşı məhkəmədə tədqiq edilən digər sübut növləri ilə tam sübuta yetirilmişdir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2003-cü il 25 iyun tarixli 4 saylı Qərarının 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyacı olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə ittiham və müdafiə tərəfini dinləyib, iş üzrə toplanmış sübutların cəminə qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirlidir. Onun əməli istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir. Odur ki, o, həmin cinayətin törədilməsinə görə cəzalandırılmalıdır. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması cəzasını təyin etməyi qanuni olmaqla, əsaslı və ədalətli hesab edir. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməli, Təqsirləndirilən şəxs 29 sentyabr– 01 oktyabr 2021-ci il tarixləri üzrə tutulduğu 02 (iki) gün Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmalı və ona qəti olaraq 02 (iki) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, cəzasının əvvəli yaşayış yeri üzrə probasiya qurumunda qeydiyyata alındığı vaxtdan hesablanmalı, Təqsirləndirilən şəxs üzərinə cəza çəkdiyi müddətdə daimi yaşayış yerini hər gün saat 23.00-dan növbəti gün saat 07.00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulmalı, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hazırkı hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə tətbiq olunmalı və ərazi narkoloji dispanserində qeydiyyata alınmalı, iş üzrə maddi sübut kimi tanınmış və Suraxanı Rayon Polis İdarəsində saxlanılan, müvafiq ekspertiza tədqiqatlarından sonra qalıq çəkisi 0,051 qram təşkil edən, kustar üsulla hazırlanmış narkotik vasitə heroin və qalıq çəkisi 0,405 qram təşkil edən, kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin məhv edilməli, iş üzrə maddi sübut kimi tanınmış 01 (bir) ədəd kompakt disk iş materiallarında saxlanılmalı, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 109,90 manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. Azərbaycan Respublikası CPM-nin 193.2 və 193.3-cü maddələrinə uyğun olaraq Təqsirləndirilən şəxs hüquqlarını məhkəmə istintaqı zamanı Vəkillər Kollegiyasının üzvü Müdafiəçi müdafiə etmişdir. Cinayət işinin materiallarında olan arayışdan müəyyən olunur ki, vəkil Müdafiəçi təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 10 saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 nömrəli qərarının 1-ci bəndinə əsasən Azərbaycan Respublikası CPM-nin 193.2-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 manat məblərində müəyyən edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-cı maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs 29 sentyabr– 01 oktyabr 2021-ci il tarixləri üzrə tutulduğu 02 (iki) gün Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablansın və ona qəti olaraq 02 (iki) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Cəzasının əvvəli yaşayış yeri üzrə probasiya qurumunda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə cəza çəkdiyi müddətdə daimi yaşayış yerini hər gün saat 23.00-dan növbəti gün saat 07.00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hazırkı hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə tətbiq olunsun və ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış və Suraxanı Rayon Polis İdarəsində saxlanılan, müvafiq ekspertiza tədqiqatlarından sonra qalıq çəkisi 0,051 qram təşkil edən, kustar üsulla hazırlanmış narkotik vasitə heroin və qalıq çəkisi 0,405 qram təşkil edən, kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış 01 (bir) ədəd kompakt disk iş materiallarında saxlanılsın. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 109,90 (yüz doqquz manar doxsan qəpik) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. Vəkil Müdafiəçi Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsinə sərf etdiyi 10 (on) saata görə Azərbaycan Respublikasının dövlət büdcəsindən 60 (altmış) manat tutularaq 9 saylı Vəkil Bürosunun hesablaşma hesabına (VÖEN **********, h/h ********************, BANK ABB Suraxanı filialı, SWİF+GODE GBAZAZ2X, müxbir hesabı **********031, kod 805692, VÖEN BANK **********) ödənilsin. Həmin məbləğin qanunla müəyyən edilmiş qaydada və miqdarda vəkil Müdafiəçi ödənilməsi 9 saylı Vəkil Bürosuna həvalə edilsin. Hökmdən 20 gün müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hakim Namiq Kərimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar