Məhkəmə qərarları › İş №1(010)-315/2024

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-315/2024

03.07.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-315/2024 03.07.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Mirzəyeva Ünsüyyət Hacımehdi qızının sədrliyi, X9 qızının katibliyi, Dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş X2 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi – Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxx 1988-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkumluğu olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, Suraxanı Rayon Məhkəməsinin 1(010)-288/2023 nömrəli iş üzrə 10 mart 2023-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib eyni Məcəllənin 69.3-cü maddəsi tətbiq olunmaqla 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş (həmin cəzanın icrası ilə əlaqədar 02 may 2023-ci ildə Bakı şəhər Probasiya İdarəsində qeydiyyata alınıb), hazırki iş üzrə 03 mart 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, 05 mart 2024-cü il tarixdə barəsində başqa yerə getməmək haqqında iltizam növündə qətimkan tədbiri seçilmiş – Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən və tarixdə satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda 01 ədəd şəffaf sellofan bükümdə 0,362 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini əldə edib əynində olan qara rəngli gödəkcənin sağ yan cibində saxlamış və daşımış, 03 mart 2024-cü il tarixdə saat 16 radələrində Suraxanı RPİ-nin 31-ci polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, Çaparidze küçəsində saxlanılaraq Suraxanı RPİ-nin 31-ci PŞ-nə gətirilmiş, üzərində şəxsi axtarış zamanı əynində olan qara rəngli gödəkcənin sağ yan cibindən 01 bükümdə 0,362 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı dindirilmiş şəxslərin ifadələri, habelə işin tədqiq olunmuş digər halları ilə sübuta yetir. Belə ki, məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittihamda tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, xeyli müddətdir ki, narkotik vasitə olan heroindən istifadə edir. 03 mart 2024-cü il tarixdə saat 15:50-də Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, Çaparidze küçəsində olan zaman mülki geyimli polis əməkdaşları ona yaxınlaşaraq özlərini təqdim edib narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirərək onu Suraxanı rayon polis idarəsinin 31-ci polis şöbəsinə dəvət etmişlər. O da polis əməkdaşlarına etiraz etməmiş və şöbəyə getmişdir. Orada şöbənin inzibati binasında təhqiqatçı Elnur Mənsimovun xidməti otağında şübhəli şəxs qismində saxlanılmışdır. Saxlanıldıqdan sonra ona hüquq və vəzifələri izah edilmişdir. Bundan sonra ona üzərində qanunla qadağan olunmuş əşya, predmet, o cümlədən narkotik vasitə varsa könüllü təqdim etməyi bildirilmişdir. O da bundan sonra əynində olan qara rəngli gödəkcəsinin sağ yan cibindən 1 ədəd içərisində qəhvəyi rəngli maddə olan şəffaf sellofana bükülmüş büküm, göy rəngli cins şalvarının arxa sağ cibindən “Samsung” markalı mobil telefonunu və qara rəngli gödəkcənin sol iç cibindən Baş İcra və Probasiya Şöbəsi tərəfindən verimiş sol ayağına quraşdırılmış üzərində “attenti” yazısı olan izləmə cihazını təqdim etmişdir. Təqdim etdiyi bir ədəd içərisində qəhvəyi rəngli maddə olan şəffaf sellofana bükülmüş bükümün içərisində narkotik vasitə olan heroin olduğunu, narkotik vasitəni tanımadığı şəxsdən Yeni Suraxanı qəsəbəsində 10 manata alaraq öz şəxsi istifadəsi üçün üzərində gəzdirdiyini bildirmişdir. Üzərindən aşkar olunaraq götürülmüş narkotik vasitə onun və iştirakçıların iştirakı ilə bir ədəd kağız zərfdə qablaşdırılıb möhürlə möhürlənərək götürülmüşdür. Təqsirləndirilən şəxs son sözündə əməlindən peşman olduğunu, himayəsində uşağı olduğunu, ailədə yeganə qazanc gətirən şəxs olduğunu nəzərə alaraq məhkəmədən barəsində yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, hazırda Suraxanı RPİ-nin 31-ci PŞ-nin CA üzrə baş əməliyyat müvəkkili işləyir və polis mayoru xüsusi rütbəsi daşıyır. 03 mart 2024-cü il tarixdə Təqsirləndirilən şəxs narkotik maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuş və bu barədə rəisə raportla məruzə olunduqdan sonra ondan və Suraxanı RPİ-nin 31-ci PŞ-nin sahə inspektoru, polis leytenantı Şahid2 ibarət əməliyyat qrupu yaradılmışdır. Bundan sonra həmin gün saat 15 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, Çaparidze küçəsində xarici əlamətlərindən Təqsirləndirilən şəxs bənzəyən şəxsə yaxınlaşaraq özlərini təqdim edərək polis əməkdaşı olduqlarını bildirmişlər və özünü təqdim etməsini tələb etmişlər. Həmin şəxs də özünü Təqsirləndirilən şəxs kimi təqdim etmişdir. Onlar Təqsirləndirilən şəxs narkotik maddələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirərək üzərində şəxsi axtarış həyata keçirilməsi zərurətinin yarandığını deyib onu Suraxanı RPİ-nin 31-ci PŞ-nə dəvət etmişlər. Təqsirləndirilən şəxs də razı olaraq onlarla birlikdə 31-ci PŞ-nə gəlmişdir. 31-ci PŞ-də xidməti otaqların birində hüquq və vəzifələri izah edildikdən sonra dövlət hesabına müdafiəçi dəvət edilmişdir və sonra isə Təqsirləndirilən şəxs üzərində videoçəkilişlə şəxsi axtarış həyata keçirilmişdir. İlk öncə Təqsirləndirilən şəxs üzərində qanunsuz hər hansı bir əşya varsa könüllü olaraq təqdim etməsi təklif olunmuşdur. Bu vaxt Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkcənin sağ yan cibindən 01 ədəd içərisində qəhvəyi rəngli maddə olan, şəffaf sellofana bükülmüş büküm, göy rəngli cins şalvarının arxa sağ cibindən “Samsung” markalı mobil telefon və qara rəngli gödəkcəsinin sol iç cibindən İcra və Probasiya şöbəsi tərəfindən sol ayağına quraşdırılmış üzərində “attenti” yazısı olan izləmə cihazı aşkar olunmuşdur. Həmin 01 ədəd büküm açılaraq içərisinə baxış keçirildikdən sonra ondan təqdim etdiyi bükümün içərisində nə olması və nə vaxt, kimdən, hansı üsulla əldə etməsi barədə soruşulmuşdur. Bu zaman Təqsirləndirilən şəxs həmin bükümlərin içərisində heroin kimi tanıdığı narkotik maddə olduğunu və həmin bükümün onun özünə məxsus olduğunu, həmin narkotik maddəni Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsində tanımadığı şəxsdən 10 manata aldığını və sonra istifadə etmək üçün üzərində saxladığını bildirmişdir. Bundan sonra aşkar edilmiş həmin büküm götürülərək qablaşdırılmışdır. Sonra isə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış davam etdirilmiş və qanunsuz hər hansı bir əşya və ya predmet aşkar edilməmişdir. Bundan sonra keçirilmiş əməliyyat tədbirlərinin nəticəsinə dair protokol tərtib edilmiş və protokol iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 Nürəddin oğlu eyni məzmunlu ifadə verərək Şahid1 ifadəsində göstərdiklərini təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmış və icraata qəbul edilmişdir (i.v. 1); şübhəli şəxsin tutulması haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli olduğundan xx.xx.2024-cü il tarixdə, saat 15:50-də şübhəli şəxs qismində tutulmuşdur (i.v. 26); şəxsi axtarış və götürmə aparılması haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılmış, şəxsi axtarış və götürmə keçirilməzdən əvvəl Təqsirləndirilən şəxs bu barədə qərarla tanış edərək paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə təqdim etməsi təklif edilmiş, bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkcənin sağ yan cibindən 01 ədəd içərisində qəhvəyi rəngli maddə olan şəffaf sellofana bükülmüş büküm, göy rəngli cins şalvarının arxa sağ cibindən “Samsung” markalı mobil telefon və qara rəngli gödəkcəsinin sol iç cibindən Baş İcra və Probasiya Şöbəsi tərəfindən sol ayağına quraşdırılmış üzərində “attenti” yazısı olan izləmə cihazını təqdim etmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd içərisində qəhvəyi rəngli maddə olan şəffaf sellofana bükülmüş bükümün içərisində narkotik vasitə heroin olduğunu, narkotik vasitəni tanımadığı şəxsdən Yeni Suraxanı qəsəbəsində 10 manata alaraq öz şəxsi istifadəsi üçün üzərində gəzdirdiyini bildirmişdir (i.v. 31-32); Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılması zamanı çəkilmiş videogörüntüləri özündə əks etdirən 01 (bir) ədəd disk xx.xx.2024-cü il tarixli “cinayət işi ürzə sübutların qiymətləndirilməsi haqqında” qərarla maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir (112-118); Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024cü il tarixli, 3-16-16/2-6/1291 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Arayışlar üçün № 195” dairəvi möhür əksi olan, “Təqsirləndirilən şəxs üzərindən aşkar ...” sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdəki 1 (bir) ədəd şəffaf rəngli selofan bükümdə təmiz çəkisi 0,362 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr»in siyahısına (Siyahı İ) daxildir. Qeyd: heroinin ümumi təmiz çəkisi – 0,362 qram, tədqiqata sərf edildi - 0,05 qram, qalıq – 0,312 qram. (i.v. 37-41); təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir (i.v. 51-52); vəsatətin müdafiə edilməsindən imtina olunması haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətin müdafiə olunmasından imtina edilməsi, Təqsirləndirilən şəxs həbsdən azad edilərək barəsində həbslə bağlı olmayan qətimkan tədbiri seçilməsi qərara alınmışdır (i.v. 71-72); təqsirləndirilən şəxsin barəsində qətimkan tədbirinin seçilməsi haqqında xx.xx.2024cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qismində qətimkan tədbiri seçilmişdir (i.v. 73-74); telefon aparatına baxış keçirilməsi haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə keçirilmiş şəxsi axtarış və götürmə zamanı aşkar edilmiş bir ədəd “Samsung” markalı mobil telefona baxış keçirilmiş, baxış zamanı həmin telefonda istintaq əhəmiyyəti kəsb edən hər hansı məlumatın əldə edilməsi mümkün olmamışdır (i.v. 96); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Babayev X3 Rayon Məhkəməsinin xx.xx.2009-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə 01 il 06 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Suraxanı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə 02 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir (i.v. 97-98); Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 1(010)-288/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinərək 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilmiş; Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı 31 avqust 2022-ci il tarixdən 02 sentyabr 2022-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanaraq Təqsirləndirilən şəxs təyin edilən 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasından 04 (dörd) gün çıxılmış və Təqsirləndirilən şəxs çəkilməsi üçün qəti olaraq 02 (iki) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası müəyyən edilmiş; cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanması hökm edilmişdir (i.v. 99-107); Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X8 Şəxsi Ambulator X1 xx.xx.2024-cü il tarixli, 1582 №-li rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin, psixostimulyatorların və kannabinoidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (i.v. 108-109); cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixli qərarla Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan olunmuş ittiham və barəsində seçilmiş «başqa yerə getməmək haqqında» qətimkan tədbiri dəyişdirilmədən öz qüvvəsində saxlanılması; Təqsirləndirilən şəxs etirafedici ifadəsi, şahidlər Şahid1, Şahid2 ifadələri, şəxsi axtarış və götürmə protokolu, şəxsi axtarış və götürmə zamanı video çəkilişin görüntüləri olan bir ədəd CD disk, diskə baxış keçirilməsi barədə protokol, məhkəmə-kimyəvi ekspertizaları üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 6/1291, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X8 X6-Narkoloji tibbi yoxlama ekspertizasının verdiyi xx.xx.2024-cü il tarixli 1582 nömrəli ekspert rəyləri, maddi sübut və digər istintaq materialları sübut növü kimi qiymətləndirilməsi; Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş 0,386 qram narkotik vasitə heroin, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmə və götürmə aparılmasına dair video görüntüləri əks etdirən 1 ədəd CD disk iş üzrə maddi sübut kimi tanınmalı, təqsirləndirilən şəxs cinayət işinin materialları ilə tanış olduqdan sonra ekspertiza tədqiqatından qalıq qalmış 0,312 qram narkotik vasitə heroin saxlanmasından ötrü Suraxanı RPİ-nin maddi sübutların saxlama kamerasına təhvil verilməli, video görüntüləri əks etdirən 1 ədəd CD diskin cinayət işinin materiallarına əlavə olunması nəzərə alınması; Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə təmiz çəkisi 0,362 qram narkotik vasitə heroini könüllü olaraq təqdim etməsinə görə ona Azərbaycan Respublikası CM-nin 234-cü maddəsinin Qeydinin 1ci bəndi tətbiq edilməməsi; Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 234.2ci maddəsinin əlamətləri yoxdur, ona görə də barəsində həmin xüsusat üzrə cinayət işinin başlanması rədd edilməsi və bu barədə material ayrılaraq Suraxanı rayon prokurorluğuna göndərilməsi; Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş narkotik vasitə heroınin mənbəyini müəyyən edilməsi üçün cinayət işindən material ayrılması; Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə zamanı əynində olan göy rəngli cins şalvarının arxa sağ cibindən aşkar olunmuş bir ədəd “Samsung” markalı mobli telefon iş üçün sübut əhəmiyyəti kəsb etmədiyindən sahibinə qaytarılmasının iş üzrə nəzərə alınması qərara alınmışdır (i.v. 112-118); Azemis Elektron Məhkəmə İnformasiya Sistemində olan Təqsirləndirilən şəxs qohumluq məlumatlarından görünür ki, onun xx.xx.2018-ci il təvəllüdlü X4 adlı bir uşağı vardır. Bakı Şəhər Probasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə qeydiyyata alınmış, xx.xx.2024-cü il tarixə ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının 1 il 1 ay 11 gün hissəsini çəkmiş və çəkilməmiş cəza müddəti 1 il 10 ay 15 gün təşkil edir. Məhkəmə iclasında tərəflərin iştirakı ilə videogörüntü tədqiq edilmiş, videogörüntüdə Təqsirləndirilən şəxs barəsində şəxsi axtarış aparıldığı, hüquq və vəzifələri izah edildiyi, Təqsirləndirilən şəxs üzərində polis əməkdaşları tərəfindən şəxsi axtarış keçirilməsi, əvvəlcə ondan üzərində saxlanması, daşınması və ya gəzdirilməsi qadağan olunmuş hər hansı bir əşya və ya predmet varsa təqdim etməsi təklif edilməsi, Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkcənin sağ yan cibindən 01 ədəd içərisində qəhvəyi rəngli maddə olan şəffaf sellofana bükülmüş büküm, göy rəngli cins şalvarının arxa sağ cibindən “Samsung” markalı mobil telefon və qara rəngli gödəkcəsinin sol iç cibindən Baş İcra və Probasiya Şöbəsi tərəfindən sol ayağına quraşdırılmış üzərində “attenti” yazısı olan izləmə cihazını təqdim etməsi, şifahi verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd içərisində qəhvəyi rəngli maddə olan şəffaf sellofana bükülmüş bükümün içərisində narkotik vasitə heroin olduğunu, narkotik vasitəni tanımadığı şəxsdən Yeni Suraxanı qəsəbəsində 10 manata alaraq öz şəxsi istifadəsi üçün üzərində gəzdirdiyini bildirməsi, sonra onun üzərində polis əməkdaşları tərəfindən şəxsi axtarışın davam etdirilməsi və onun üzərindən hər hansı bir əşya və ya predmet aşkar edilməməsi, bundan sonra aşkar edilmiş həmin 01 ədəd bükümün götürülərək qablaşdırılıb üzərinin imzalarla təsdiq olunması müəyyən edilmişdir. Beləliklə, məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən təqsirləndirilən şəxsin, şahidlərin ifadələri, ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin və şahidlərin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, ekspert rəyinin, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq edərək hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməli Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma — bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» Qanunla təsdiq edilmiş «Narkotik vasitələr» adlı İ siyahıya əsasən təmiz çəkisi 0,362 qram olan heroin şəxsi istehlak miqdarından artıq miqdar hesab olunur. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir; 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin; 132.1.4-cü maddəsinə əsasən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir; 132.1.6-cı maddəsinə əsasən maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalı və ya maraqlı təşkilatların və şəxslərin vəsatəti olduqda bu Məcəllənin 136.3-cü maddəsində nəzərdə tutulmuş qaydada onlara verilməlidir; 198.1-ci maddəsinə əsasən bu Məcəllənin 197.1.1, 197.1.2, 197.1.4, 197.1.5- 1, 197.1.5-2, 197.1.6—197.1.9-cu maddələrində sadalanan məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər və məhkəmənin qərarı ilə ondan tutulub dövlət nəfinə və ya müvafiq xərc çəkmiş dövlət orqanının, fiziki, yaxud hüquqi şəxsin hesabına keçirilə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə Hökmü haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarının 45-ci bəndinə əsasən məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamında qeyd edilmişdir ki, ibtidai istintaq və məhkəmə icraatı zamanı böyük ictimai təhlükə törətməyən və az ağır, o cümlədən iqtisadi fəaliyyət sahəsində cinayətlərə görə həbs qətimkan tədbirinin geniş tətbiq edilməsi, habelə həmin cinayətlərə görə azadlıqdan məhrum etmənin dinamikasının artması məhkumların sayının çoxalmasına və penitensiar müəssisələrin yüklənməsinə səbəb olur. Həmin Sərəncamın 8-ci bəndində qeyd edilmişdir ki, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Məhkəmə, cəza siyasətinin humanistləşdirilməsi istiqamətində Azərbaycan Respublikası Prezidentinin adıçəkilən Sərəncamının nəzərə alınmalı olduğu qənaətinə gəlir və bunu məhkəmə-hüquq islahatları çərçivəsində Dövlətin mövqeyi kimi qəbul edir. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf edərək səmimi peşman olmasını, himayəsində bir azyaşlı uşağı olmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Bununla yanaşı məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməsi onun şəxsiyyətini mənfi səciyyələndirən hal kimi nəzərə alınmalıdır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar, ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, əvvəlki hökmlə təyin edilmiş 02 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasının bu gün üçün çəkilməmiş 01 (bir) il 09 (doqquz) ay 25 (iyirmi beş) günlük hissəsi hazırkı hökmlə təyin olunan 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən qismən birləşdirilərək ona qəti olaraq 04 (dörd) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, tutulduğu müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalı və üzərində 04 (dörd) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmalı (CM 69.3), öz davranışı ilə islah olunmasını sübut etmək məqsədi ilə üzərinə qanunla müəyyən olunmuş vəzifələr qoyulmalı, Təqsirləndirilən şəxs hazırda azadlığın məhdudlaşdırılması növündə cəza çəkdiyi, bununla əlaqədar Bakı şəhər Probasiya İdarəsində qeydiyyata alındığı nəzərə alınaraq ona hazırkı hökmlə təyin olunan azadlığın məhdudlaşdırılması cəzasının əvvəli bu gün – 03 iyul 2024-cü il tarixindən hesablanmalı, barəsində seçilmiş “başqa yerə getməmək haqqında itizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, barəsində narkomaniyadan məcburi müalicə tətbiq olunmalı, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalı, iş üzrə maddi sübut kimi tanınan narkotik vasitə hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, 01 ədəd disk iş materiallarında saxlanılmalı, ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52- 1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. 52-1.3-cü maddəsinə əsasən məhkəmə məhkum üçün aşağıdakı əlavə vəzifələr müəyyən edə bilər: 52-1.3.1. kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək; 52-1.3.2. məhkəmənin müəyyən etdiyi ərazi hüdudları daxilində müəyyən yerlərə getməmək; 52-1.3.3. alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək; 52-1.3.4. məhkumun islah olunmasına kömək edən digər vəzifələr. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində CM ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. İş üzrə məhkəmə xərci 65 (altmış beş) manat təşkil edir, ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1.). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikası CPM-nin 193.2 və 193.3-cü maddələrinə uyğun olaraq Təqsirləndirilən şəxs hüquqlarını məhkəmə istintaqı zamanı Vəkillər Kollegiyasının üzvü Müdafiəçi müdafiə etmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli, 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmədə göstərdiyi pulsuz hüquqi yardıma görə 10 (on) iş saatı üçün 60 (altmış) manat məbləğində vəsait müdafiəçisi Bakı şəhəri 9 saylı vəkil bürosunun vəkili Müdafiəçi ödənilməsi üçün Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Bakı şəhəri 9 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 43.3, 40.2, 73, 197-198, 344-347, 349, 351-353, 356-358 və 385-ci maddələrini rəhbər tutaraq, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 1(010)-288/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmü ilə təyin edilmiş 02 (iki) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasının bu gün üçün çəkilməmiş 01 (bir) il 09 (doqquz) ay 25 (iyirmi beş) günlük hissəsi, hazırkı hökmlə təyin edilmiş cəzaya qismən birləşdirilməklə Təqsirləndirilən şəxs qəti olaraq 04 (dörd) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 03 mart 2024-cü il tarixdən 05 mart 2024-cü il tarixə qədər şübhəli şəxs qismində saxlanıldığı 02 (iki) gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla 04 (dörd) gün azadlığın məhdudlaşdırılması cəzası ona təyin edilmiş 04 (dörd) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində 04 (dörd) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs hazırda azadlığın məhdudlaşdırılması növündə cinayət cəzası çəkdiyi, bununla əlaqədar Bakı Şəhər Probasiya İdarəsində qeydiyyata alındığı nəzərə alınaraq ona hazırki hökmlə təyin olunan azadlığın məhdudlaşdırılması cəzasının əvvəli bu gün – 03 iyul 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs daimi yaşayış yerini axşam saat 23:00-dan səhər saat 07:00dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələrini yerinə yetirsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək barədə itizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın və hökm qanuni qüvvəyə mindikdən sonra ləğv edilsin. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə tətbiq olunsun və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Ekspertiza tədqiqatının dəyəri 65 (altmış beş) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Vəkil Müdafiəçi Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsinə sərf etdiyi 10 (on) saata görə Azərbaycan Respublikasının dövlət büdcəsindən 60 (altmış) manat tutularaq 9 saylı Vəkil Bürosunun hesablaşma hesabına (VÖEN **********, h/h ********************, BANK ABB Suraxanı filialı, SWİF+GODE İBAZAZ2X, müxbir hesabı **********031, kod 805692, VÖEN **********) ödənilsin. İş üzrə maddi sübut – ekspertiza tədqiqatdan sonra qalan Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsində saxlanılan 0,312 qram narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut – 01 (bir) ədəd disk iş materiallarında saxlanılsın. İş üzrə mülki iddianın və xüsusi müsadirənin olmaması nəzərə alınsın. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar