Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(010)-316/2021 13.12.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ SURAXANİ RAYON MƏHKƏMƏSİ hakim Qədimov Ceyhun Tofiq oğlunun sədrliyi, Mazanov Kamran Ramazan oğlunun katibliyi, Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi2 iştirakı ilə xx xxxx 1979-cu ildə Qusar rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, natamam orta təhsilli, işləməyən, məhkumluğu olmayan, Qusar rayonu, İmamqulukənd kəndində qeydiyyatda olan, Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, X.Ələkbərov küçəsində yerləşən nömrəsiz evdə yaşayan, Suraxanı Rayon Məhkəməsinin 26 oktyabr 2021-ci il tarixli qərarı ilə barəsində axtarış elan olunmaqla «həbs» növündə qətimkan tədbiri seçilmiş və 05 noyabr 2021-ci ildən etibarən həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 25 sentyabr 2021-ci ildə saat 01 – 02 radələrində yaşadığı Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, X.Ələkbərov küçəsi, nömrəsiz evdə arvadı Zərərçəkmiş şəxs ilə aralarında ailə-məişət münasibətləri zəminində yaranmış münaqişə zamanı sonuncunu əli və əlində olan elektrik uzadıcısı ilə qəsdən vuraraq ona dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan və sağlamlığa yüngül zərər vurma kimi qiymətləndirilən bədən xəsarətləri yetirmişdir. Təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs yuxarıda təsvir olunmuş cinayət əməlini törətməkdə özünü təqsirli bilərək qeyd etmişdir ki, 25 sentyabr 2021-ci ildə saat 01:30 radələrində yaşadığı Bakı şəhəri, Suraxanı rayonu, X.Ələkbərov küçəsi, nömrəsiz evdə olduğu vaxt arvadı Zərərçəkmiş şəxs ilə aralarında ailə-məişət münasibətləri zəminində mübahisə yaranmış, həmin mübahisə zamanı əsəbiləşərək arvadını əli və evdən götürdüyü elektrik uzadıcısı ilə bədəninin müxtəlif nahiyyələrində vurmuşdur. Törətdiyi cinayət əməlinə görə peşmandır. Zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs bildirmişdir ki, 25 sentyabr 2021-ci il tarixdə saat 01:30 radələrində yaşadıqları evdə olduqları vaxt əri Təqsirləndirilən şəxs heç bir əsaslı səbəb olmadan onunla mübahisə etməyə başlamış, sonra isə onu əli və evdən götürdüyü elektrik uzadıcısı ilə döymüşdür. Təqsirləndirilən şəxsə qanunla nəzərdə tutulan cəza təyin olunmasını məhkəmədən xahiş edir. Təqsirləndirilən şəxs müvafiq cinayət əməlini törətməsi faktı yuxarıda göstərilən ifadələrlə yanaşı, iş üzrə toplanmış digər sübutlarla da təsdiq edilir. Canlı şəxsin ekspertizası ilə bağlı 25 sentyabr 2021-ci il tarixli 1041 nömrəli ekspert rəyinin nəticəvi hissəsində aşağıdakılar qeyd olunur: «1992-ci il təvəllüdlü Zərərçəkmiş şəxs məhkəmə-tibbi ekspertizasına, qərarda göstərilən məlumatları nəzərə alaraq və ekspertiza qarşısında qoyulmuş suallara cavab olaraq aşağıdakı nəticəyə gəlirəm: Zərərçəkmiş şəxs aşkar edilmiş xəsarətlər-sağ gözaltı nahiyənin və alt göz qapağının qançırı və həmin gözün ağlı qişasına qansızma, bel nahiyəsinin fasiləli qançırları bərk küt əşya (əşyalar) təsirindən törənmişlər, qərarda qeyd olunan şəraitdə və müddətdə, yəni 25.09.2021-ci il tarixdə əmələ gələ bilərdilər və sağ gözaltı nahiyənin, alt göz qapağının qançırı və həmin gözün ağlı qişasına qansızma dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddirlər, bel nahiyəsinin qançırları sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. Qeyd olunan xəsarətlərin xarakterinə və lokalizasiyasına görə demək olar ki, həmin xəsarətlərin Zərərçəkmiş şəxs özü tərəfindən yetirilməsi, eləcə də yıxılma nəticəsində əmələ gələ bilmələri az inandırıcıdır». Beləliklə, iş üzrə toplanmış sübutların məcmusuna qiymət verərək məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 128-ci maddəsində nəzərdə tutulan cinayətin tərkibi mövcuddur. Məhkəmə göstərilənlərlə yanaşı aşağıdakıları qeyd edir. Təqsirləndirilən şəxs və onun müdafiəçisi məhkəməyə müraciət edərək iş üzrə Azərbaycan Respublikası Milli Məclisinin «8 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında» 05 noyabr 2021-ci il tarixli 395-VİQR nömrəli Qərarının tətbiq olunmasını xahiş etmişlər (təqsirləndirilən şəxsin müvafiq məzmunlu ərizəsi iş materiallarına əlavə olunub). Məsələ ilə bağlı məhkəmə aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Milli Məclisinin «8 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında» 05 noyabr 2021-ci il tarixli 395-VİQR nömrəli Qərarının 9.1-ci bəndinə əsasən məhkəmə «icraatında olan bu Qərar qüvvəyə mindiyi günədək baxılmamış cinayət işləri və məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə bu Qərarın 1.1 – 1.16-cı bəndlərində göstərilən şəxslər, habelə böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxslər barəsində cinayət təqibinə xitam verir və ya həmin şəxsləri təyin edilmiş cəzadan azad etməklə ittiham hökmü çıxarır (bu Qərarın 10-cu və 11-ci hissələrində nəzərdə tutulmuş məhdudiyyətlər nəzərə alınmaqla)». Azərbaycan Respublikası CM-nin 15.2-ci maddəsinin məzmunundan görünür ki, həmin Məcəllənin təqsirləndirilən şəxsə ittiham olunan 128-ci maddəsində nəzərdə tutulan əməl cinayətlərin təsnifatına görə böyük ictimai təhlükə törətməyən cinayət sayılır. Eyni zamanda qeyd olunur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Milli Məclisinin «8 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında» 05 noyabr 2021-ci il tarixli 395-VİQR nömrəli Qərarının 10-cu və 11-ci hissələrində nəzərdə tutulan məhdudiyyətlərin təsiri altına düşmür. Azərbaycan Respublikası CPM-nin 39.1.12-ci maddəsinə əsasən «amnistiya aktına əsasən şəxs cinayət məsuliyyətindən azad edilməli olduqda» cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Həmin Məcəllənin 43.3-cü maddəsinə əsasən «Məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır». Beləliklə, məhkəmə işin faktik hallarının məcmusuna qiymət verərək belə qənaətə gəlir ki, hazırkı iş üzrə cinayət təqibinə xitam verilməsi və təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad olunması üçün maddi-hüquqi və prosessual əsaslar mövcuddur. Ona görə də Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə cinayət təqibinə xitam verilməli və o, cinayət məsuliyyətindən azad edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 43, 344 – 348, 356, 381, 383 – 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Milli Məclisinin «8 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında» 05 noyabr 2021-ci il tarixli 395-VİQR nömrəli Qərarının 9.1-ci bəndi tətbiq edilərək, onun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə cinayət təqibinə xitam verilsin və o, cinayət məsuliyyətindən azad olunsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» növündə qətimkan tədbirinə Azərbaycan Respublikası CPM-nin 156.4-cü maddəsinə əsasən xitam verilsin və o, hazırkı qərar elan olunduqdan dərhal sonra məhkəmə iclası zalında həbsdən azad edilsin. Qərardan 20 gün müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən Ceyhun Qədimov
Məhkəmə qərarları › İş №1(010)-316/2021
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №1(010)-316/2021
13.12.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver