Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-32/2021 04.05.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ hakim Qədimov Ceyhun Tofiq oğlunun sədrliyi, Mazanov Kamran Ramazan oğlunun katibliyi, Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs5 və Zərərçəkmiş şəxs7, zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs6, zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs6 nümayəndəsi, vəkil Nümayəndə, Zərərçəkmiş şəxs5 qanuni nümayəndəsi, Suraxanı Rayon İcra Hakimiyyəti Yanında Yetkinlik X5 və Hüquqlarının Müdafiəsi üzrə Komissiyasının məsul katibi Qanuni nümayəndə, təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi iştirakı ilə xx xxxx 1992-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay (boşanıb), “Oba” marketdə satıcıkassir işləyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanı üzrə qeydiyyatda olan və həmin ünvanda yaşayan, barəsində “polisin nəzarəti altına vermə" növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263-1.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263-1.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə ittiham aktının nəticəvi hissəsində qeyd olunur ki, «… Təqsirləndirilən şəxs 12 fevral 2020-ci il tarixdə saat 23:26-da nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan idarə etdiyi texniki cəhətdən saz vəziyyətdə olan “Opel Astra” markalı, 90BB721 dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Suraxanı rayonu, Suraxanı-Hövsan yolu ilə Hövsan qəsəbəsi istiqamətində, yaşayış məntəqəsində 70 km/saat sürətlə hərəkətdə olarkən Bakı şəhəri, Suraxanı rayonu, Suraxanı-Hövsan yolu ilə Bahar qəsəbəsinin yolayrıcının kəsişməsində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 1-ci hissəsinin 1-ci bəndinin və 50-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozmuş, yəni sürücülük vəsiqəsi olmadan və nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan hərəkətin intensivliyini, nəqliyyat vasitəsinin, yükün xüsusiyyətlərini və vəziyyətini, yol və meteoroloji şəraiti, xüsusən hərəkət istiqamətində görmə şəraitini nəzərə almaqla, nəqliyyat vasitəsini müəyyən olunmuş sürət məhdudiyyətindən çox olmayan sürətlə idarə edərək, hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməli olduğu halda buna riayət etməyərək Zərərçəkmiş şəxs1 idarə etdiyi “Tofash Doğan” markalı, 90VO379 dövlət qeydiyyat nişanlı avtomobilin qabaq hissəsi ilə toqquşmuş, nəticədə ehtiyatsızlıqdan “Tofash Doğan” markalı, 90VO379 dövlət qeydiyyat nişanlı avtomobildə olmuş sərnişinlər Zərərçəkmiş şəxs2 baş beyin silkələnməsi, sol tərəfli pnevmotoraks ilə müşayiət olunan döş qəfəsinin küt travması, mədəaltı vəzin əzilməsi və petroperitonal hematoma ilə müşayiət olunan qarının küt travması, sağ dirsək sümüyünün orta 1/3-nin qapalı yerdəyişən sınığı, sağ bud sümüyünün orta 1/3-nin açıq yerdəyişən ikili sınığı kimi ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır, Zərərçəkmiş şəxs3 sol bazu sümüyünün qapalı, qəlpəli yerdəyişən sınığı kimi sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır, Zərərçəkmiş şəxs4 alının əzilmiş yarası kimi sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül, Zərərçəkmiş şəxs7 alının əzilmiş yaraları, sağ bazu sümüyünün böyük qabarının qopması ilə müşayiət olunan travmatik çıxığı kimi sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır, “Opel Astra” markalı, 90BB721 dövlət qeydiyyat nişanlı avtomobildə sərnişin qismində olmuş Zərərçəkmiş şəxs5 döş qəfəsinin və sağ diz oynağının əziyi kimi sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid xəsarətlər almış, “Opel Astra” markalı, 90BB721 dövlət qeydiyyat nişanlı avtomobilin əzilərək zədələnməsi nəticəsində həmin avtomobilin sahibi Zərərçəkmiş şəxs6 4000 manat məbləğində maddi ziyan dəymişdir». İşin məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs texniki cəhətdən saz vəziyyətdə olan «Opel Astra» minik markalı 90BB721 dövlət qeydiyyat nişanlı avtomobili «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin İ hissəsinin 1-ci bəndinin tələbinə zidd olaraq, yəni nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan 12 fevral 2020-ci ildə saat 23:26-da Bakı şəhəri, Suraxanı rayonu, Suraxanı-Hövsan yolu ilə Hövsan qəsəbəsi istiqamətində, yaşayış məntəqəsində Suraxanı-Hövsan yolu ilə Bahar qəsəbəsinin yolayrıcının kəsişməsində idarə edərkən «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin İ hissəsinin tələblərini pozmuş (həmin normaya əsasən «Sürücü hərəkətin intensivliyini, nəqliyyat vasitəsinin, yükün xüsusiyyətlərini və vəziyyətini, yol və meteoroloji şəraiti, xüsusən hərəkət istiqamətində görmə şəraitini nəzərə almaqla, nəqliyyat vasitəsini müəyyən olunmuş sürət məhdudiyyətindən çox olmayan sürətlə sürməlidir. Sürücü hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməlidir»), nəticədə Zərərçəkmiş şəxs1 tərəfindən idarə olunan «Tofash Doğan» minik markalı 90VO379 dövlət qeydiyyat nişanlı avtomobilin qabaq hissəsi ilə toqquşmuş, təqsirləndirilən şəxsin həmin ehtiyatsızlığı nəticəsində «Tofash Doğan» markalı 90VO379 dövlət qeydiyyat nişanlı avtomobildə olmuş sərnişinlər Zərərçəkmiş şəxs2 ümumilikdə həyat üçün təhlükəli olan və sağlamlığa ağır zərər vurma kimi qiymətləndirilən, Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs7 sağlamlığın uzun müddətə pozulmasına səbəb olan və sağlamlığa az ağır zərər vurma kimi qiymətləndirilən xəsarətlər almışlar. İşin məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs yuxarıda təsvir olunmuş cinayət əməlini törətməkdə özünü təqsirli bilməyərək qeyd etmişdir ki, vaxtilə X10 ilə ailə qurmuş, həmin ailə münasibətlərindən 10 iyul 2009-cu ildə Zərərçəkmiş şəxs5 adlı uşağı doğulmuşdur. X1 ilə nikahı məhkəmə qaydasında pozulmuş, uşağın boşanmadan sonra onun (təqsirləndirilən şəxsin) yanında qalması məhkəmə tərəfindən müəyyən edilmiş, həmçinin uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün X6 onun xeyrinə aliment tutulması qət olunmuşdur. X10 ötən dövrdə aliment ödəməyib. İkinci dəfə 16 avqust 2016-cı ildə Zərərçəkmiş şəxs6 ilə faktik ailə münasibətlərinə daxil olmuş, lakin rəsmi nikah bağlamamışlar. Zərərçəkmiş şəxs5 da onlarla birlikdə yaşayıb. İttiham aktının nəticəvi hissəsində təsvir olunmuş hadisədən sonra Fərasətlə münasibətləri pozulmuşdur. Ona görə də hazırda 10 iyul 2009-cu il təvəllüdlü Zərərçəkmiş şəxs5 ilə birlikdə yaşayır və ona faktik olaraq təkbaşına baxır. İttiham aktının nəticəvi hissəsində təsvir olunmuş hadisə ilə əlaqədar olaraq təqsirləndirilən şəxs bildirir ki, «Opel Astra» minik markalı 90BB721 dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyət hüququ ilə kimə məxsus olduğunu bilmir. Həmin avtomobili Zərərçəkmiş şəxs6 idarə edirdi. Buna baxmayaraq Zərərçəkmiş şəxs6 sürücülük vəsiqəsi və avtomobili idarə etmək üçün etibarnaməsi olmayıb. Hərdən bir o (təqsirləndirilən şəxs), da həmin avtomobili məhdud dərəcədə və yalnız günün işıqlı vaxtı idarə edirdi. Belə ki, Fərasət birinci qrup əlildir və ağrıları olan vaxtlarda avtomobili idarə edə bilmirdi. Ona görə də hərdən bir qızı Zəhranı yuxarıda göstərilən avtomobillə o (təqsirləndirilən şəxs), məktəbə aparırdı. 12 fevral 2020-ci ildə saat 23 radələrində həmin dövrdə birlikdə yaşadıqları evdə olduqları vaxt Zərərçəkmiş şəxs6 ağrıları başlamış və o, ağrılara dözə bilmədiyini deyərək təkidlə tələb etmişdir ki, onu təcili xəstəxanaya aparsın. Fərasətə axşam vaxtı avtomobili idarə etməkdə çətinlik çəkdiyini bildirmiş, lakin sonuncu yenə də təkid edərək demişdir ki, yolda onu polis əməkdaşları saxlayacağı təqdirdə məsələni özü həll edəcək. Ona görə də məcburiyyət qarşısında qalıb «Opel Astra» minik markalı 90BB721 dövlət qeydiyyat nişanlı avtomobilin sükanı arxasında əyləşmiş, Zərərçəkmiş şəxs6 isə arxa oturacağa keçərək uzanmışdır. Bu zaman Fərasətin baş nahiyəsi onun əyləşdiyi oturacağın arxa tərəfində olub. Həmçinin uşaq evdə gecə vaxtı tək qalmasın deyə Zəhranı da özləri ilə birlikdə götürmüşlər. Zəhra da arxa oturacağa keçərək Fərasətin ayaqları tərəfində özünə birtəhər yer edib əyləşmişdir. Beləliklə, avtomobili yaşadığı Bakı şəhəri, Suraxanı rayonu, Bahar qəsəbəsindən idarə edərək yola çıxmış və Suraxanı- Hövsan yolu istiqamətində hərəkətini saatda 20 km sürətlə davam etdirmişdir. İstiqaməti Suraxanı rayonu, Suraxanı qəsəbəsinə olduğundan əsas yola çıxıb sola tərəf dönməli idi. Təxminən 100 metr məsafədən görmüşdür ki, soldan sağa tərəf bir avtomobil, onun qarşısında isə başqa bir avtomobil hərəkət edir. Yol ayrıcına yaxınlaşanda hərəkətini saatda 20 km sürətlə davam etdirmiş, bu zaman birinci avtomobilin sağdan sola tərəf keçdiyini görüb düşünmüşdür ki, ikinci avtomobil hələ uzaqdadır. Beləliklə, yol ayrıcına daxil olmuş bu zaman həmin avtomobilin artıq yaxınlaşdığını görüb təhlükəni hiss etdiyindən avtomobilin sürətini artırmışdır ki, çatdırıb öz yoluna çıxa bilsin. Lakin, həmin avtomobilin sürücüsü də onun idarə etdiyi avtomobili öz yolunda görüb qarşı hərəkət istiqamətinə çıxan zaman avtomobillərin qabaq hissələri toqquşmuşdur. Göstərilənlərə əsasən ona bəraət verilməsini məhkəmədən xahiş edir. İşin məhkəmə baxışı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 bildirmişdir ki, «Tofash Doğan” minik markalı 90VO379 dövlət qeydiyyat nişanlı avtomobili 2019-cu ilin oktyabr ayında faktik olaraq icarəyə götürmüş və onu etibarnamə əsasında taksi kimi istifadə edir. 12 fevral 2020-ci ildə saat 23 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Suraxanı qəsəbəsində yerləşən 10-cu dairə adlanan yerdən 4 nəfər müştəri götürüb Hövsan qəsəbəsi istiqamətində hərəkətə başlamışdır. Saat 23:25 radələrində Suraxanı-Hövsan yolu ilə saatda 70 kilometr sürətlə Hövsan qəsəbəsi istiqamətində hərəkət edərkən Bahar qəsəbəsinin yol ayrıcına yaxınlaşdığı vaxt “Opel Astra” markalı avtomobilin onun yoluna, yəni əsas yola sağ tərəfdən dayanmadan çıxdığını görmüşdür. Bunu toqquşma yerinə təxminən 15 metr qalmış görüb. Həmin avtomobilin sürücüsünün əyləcə basıb sürətini azaldacağını düşünərək, özü də ayağını əyləcə basmış və toqquşmadan yayınmaq üçün sükanı sola tərəf istiqamətləndirmişdir. Lakin, “Opel Astra” markalı avtomobil əyləcə basmaq əvəzinə hərəkətini eyni sürətlə davam edərək öz yoluna düzəlmişdir. Bu səbəbdən sükanı sola istiqamətləndirsə də hadisənin qarşısını ala bilməmiş və avtomobillər toqquşmuşlar. Hadisə vaxtı özü, idarə etdiyi avtomobildə olan sərnişinlər, həmçinin digər avtomobildə olan şəxslər xəsarətlər almışlar. Bundan sonra hadisə yerinə polis və təcili tibbi yardım maşınları gəlmiş, onu və xəsarət almış digər şəxsləri təcili yardım avtomobili ilə xəstəxanaya aparmışlar. Təqsirləndirilən şəxsə qanunla nəzərdə tutulan cəza təyin olunmasını məhkəmədən xahiş edir. İşin məhkəmə baxışı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 bildirmişdir ki, 12 fevral 2020-ci ildə saat 23 radələrində Bakı şəhəri, Suraxanı rayonu ərazisində yerləşən 10-cu dairə adlanan yerdən Suraxanı rayonu, Hövsan qəsəbəsinə getmək üçün taksi fəaliyyəti ilə məşğul olan “Tofash” markalı avtomobilin qabaq oturacağına əyləşmiş və sürücü ilə 1 manat gediş haqqı razılaşmışdır. Özündən və sürücüdən başqa avtomobilin arxa oturacağında daha 3 nəfər sərnişin olub. Avtomobil hərəkətə başlayan kimi mobil telefonu ilə oynamağa başlamışdır. Təxminən 10 – 15 dəqiqə yol getmişlər ki, qəfildən toqquşma baş verdi. Toqquşma qəfildən baş verdiyindən, həmçinin başı telefonla oynamağa qarışdığından hadisələrin necə cərəyan etdiyini görməmişdir. Qəza vaxtı huşunu itirmiş və avtomobilin içərisində ayıldığı vaxt yol nəqliyyat hadisəsinin artıq baş verdiyini görmüşdür. Bundan sonra yenə huşunu itirmiş, axşam saatlarında ayılmışdır. Təqsirləndirilən şəxsə qanunla nəzərdə tutulan cəza təyin olunmasını məhkəmədən xahiş edir. İşin məhkəmə baxışı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 bildirmişdir ki, 12 fevral 2020-ci ildə saat 23 radələrində işdən çıxıb Suraxanı rayonu ərazisində yerləşən 10-cu dairə adlanan yerdən Suraxanı rayonu, Hövsan qəsəbəsinə getmək üçün taksi fəaliyyəti ilə məşğul olan “Tofash” markalı avtomobilin arxa sol oturacağına əyləşmiş, sürücü ilə 1 manat gediş haqqı razılaşmışdır. Ondan və sürücüdən başqa avtomobilin qabaq oturacağında bir, arxa oturacağında isə iki sərnişin olub. Saat 23:26-da “Tofash” markalı avtomobilin sürücüsü Suraxanı-Hövsan yolunda, Suraxanı rayonu, Bahar qəsəbəsinin yaxınlığında saatda təxminən 70 – 80 kilometr sürətlə hərəkət edirdi. Yol nəqliyyat hadisəsinə təxminən 5 saniyə müddət qaldıqda görmüşdür ki, Suraxanı rayonu, Bahar qəsəbəsindən yol ayrıcına “Opel” markalı avtomobil daxil olur. Bunu görən sürücü avtomobili sola doğru çəksə də, hadisənin qarşısını ala bilməmiş və həmin avtomobillə toqquşmuşdur. Bundan sonra hadisə yerinə təcili tibbi yardım avtomobili gələrək onları xəstəxanaya aparmışdır. Təqsirləndirilən şəxsə qanunla nəzərdə tutulan cəza təyin olunmasını məhkəmədən xahiş edir. İşin məhkəmə baxışı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs4 bildirmişdir ki, 12 fevral 2020-ci ildə saat 23 radələrində Bakı şəhəri, Suraxanı rayonu ərazisində yerləşən 10-cu dairə adlanan yerdən Suraxanı rayonu, Hövsan qəsəbəsinə getmək üçün “Tofash” markalı taksiyə arxa oturacağın orta hissəsinə əyləşib sürücü ilə 1 manat qiymət razılaşmışdır. Ondan və sürücüdən başqa avtomobilin qabaq oturacağında bir, arxa oturacağında isə iki sərnişin olub. Avtomobildə başı telefona qarışdığından yola baxmamışdır. Yolla hərəkət etdikləri vaxt yol nəqliyyat hadisəsi baş vermiş və o, baş nahiyəsindən xəsarət almışdır. Avtomobildə olan digər şəxslər də xəsarətlər almışlar. Qeyd edir ki, yolda olduqları vaxt başı telefona qarışdığından hadisənin necə baş verdiyini görməyib. Bundan sonra hadisə yerinə TTYS-dən həkimlər gələrək onları xəstəxanaya aparmışlar. Təqsirləndirilən şəxsə qarşı heç bir şikayəti və tələbi yoxdur. İşin məhkəmə baxışı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs7 bildirmişdir ki, 12 fevral 2020-ci ildə saat 23 radələrində işdən çıxıb Bakı şəhəri, Suraxanı rayonu ərazisində yerləşən 10-cu dairə adlanan yerdən Suraxanı rayonu, Hövsan qəsəbəsinə getmək üçün taksi fəaliyyəti ilə məşğul olan “Tofash” markalı avtomobilin arxa sağ oturacağına əyləşmiş və sürücü ilə 1 manat gediş haqqı razılaşmışdır. Ondan və sürücüdən başqa avtomobilin qabaq oturacağında bir, arxa oturacağında isə iki sərnişin olub. Avtomobil saat 23:30 radələrində Suraxanı-Hövsan yolu ilə Suraxanı rayonu, Bahar qəsəbəsinin yaxınlığında saatda təxminən 50 – 60 kilometr sürətlə hərəkət edirdi. Yol boyunca telefonla məşğul olduğundan hadisəni tam görə bilməyib, yalnız qəfildən qəza baş verdiyini hiss edib. Təqsirləndirilən şəxsə qarşı şikayəti və tələbi yoxdur. İşin məhkəmə baxışı zamanı qanuni nümayəndəsi Qanuni nümayəndə iştirakı ilə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs5 təqsirləndirilən şəxsin bildirdiklərinə uyğun məzmunlu ifadə vermişdir. İşin məhkəmə baxışı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs6 bildirmişdir ki, 26 avqust 2016-cı ildə Təqsirləndirilən şəxs ilə ailə qurmuş, lakin onunla rəsmi nikah bağlamamışdır. Zəminənin birinci nikahından olan qızı Zəhra da onlarla birlikdə yaşayırdı. Hazırda təqsirləndirilən şəxslə ayrılıb. «Opel Astra» minik markalı 90BB721 dövlət qeydiyyat nişanlı avtomobil mülkiyyət hüququ ilə X4 adlı şəxsə məxsusdur. Həmin şəxs onun qohumu X7 adına etibarnamə verib. Onun (zərərçəkmiş şəxsin) adına avtomobilə dair heç bir sənəd olmadığına baxmayaraq, həmin avtomobil faktik olaraq ona məxsusdur. Avtomobili əsasən özü idarə edirdi. Lakin sürücülük vəsiqəsi və avtomobili idarə etmək üçün adına etibarnamə olmayıb. Arvadı Zəminə də həmin avtomobili məhdud dərəcədə idarə etmiş, lakin onun adına da sürücülük vəsiqəsi və etibarnamə olmamışdır. 12 fevral 2020-ci ildə saat 23 radələrində birlikdə yaşadıqları evdə olduqları vaxt Zəminə ilə arasında mübahisə baş vermiş və Zəminə ona məxsus “Opel” markalı avtomobilin açarını da götürüb qızı Zəhra ilə birlikdə evdən çıxıb getmişdir. Bundan təxminən 10 dəqiqə sonra istifadəsində olan ***-***-**-** nömrəli mobil telefona tanımadığı şəxs zəng edərək bildirmişdir ki, ona məxsus avtomobillə qəza törədilib. Bundan sonra evdən çıxıb hadisə yerinədək təxminən 300 metr yol qət etmiş, bu zaman qarşısında qara rəngli “Jeep” markalı avtomobil dayanmışdır. Həmin avtomobili tanımadığı şəxs idarə edirdi. Avtomobilin salonuna baxdıqda görmüşdür ki, Zəminə arxa oturacaqda uzanıqlı vəziyyətdədir. Zəhra da onun yanında idi. Həmin avtomobilə əyləşərək hadisə yerinə, yəni Suraxanı rayonu, Suraxanı-Hövsan yolu, Bahar qəsəbəsinin giriş hissəsinə getmiş, çatdıqda görmüşdür ki, özünə məxsus avtomobillə «Tofash» markalı avtomobil toqquşublar. Zərərçəkmiş şəxs həmçinin bildirir ki, onun hadisə vaxtı avtomobildə olduğuna, həmçinin təqsirləndirilən şəxsin onun təkidi ilə avtomobili idarə etdiyinə dair təqsirləndirilən şəxsin məhkəməyə bildirdikləri həqiqətə uyğun deyil. Bildirir ki, qəza nəticəsində ona 7.755 manat maddi və 5.000 manat mənəvi zərər vurulub. Mülki iddiasının təmin olunaraq, göstərilən məbləğin təqsirləndirilən şəxsdən tutulmasını məhkəmədən xahiş edir. Təqsirləndirilən şəxs özünü təqsirli bilmədiyinə baxmayaraq, onun Azərbaycan Respublikası CM-nin 263-1.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi faktı yuxarıda göstərilən ifadələrlə yanaşı iş üzrə toplanmış digər sübutlarla da, o cümlədən yol-nəqliyyat hadisəsinin sxemi, ekspert rəyləri və s. sənədlərlə tam təsdiq olunur. 29 mart 2020-ci il tarixli 5355 nömrəli ekspert rəyinin nəticəvi hissəsində qeyd olunur ki, «1. İstintaq tərəfindən təqdim olunan məlumatlara əsasən “Tofash Doğan” markalı, 90VO379 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs1 hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 77-ci maddəsinin 3-cü hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Zərərçəkmiş şəxs1 “Tofash Doğan” markalı avtomobili yaşayış məntəqəsində 70 km/saat sürətlə idarə etdiyi şəraitdə onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuşdur. 2. Rəyin tədqiqi hissəsində göstərilənlərə əsasən Opel Astra markalı, 90BB721 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs yolnəqliyyat hadisəsi ilə əlaqədar hərəkətləri üzrə tədqiqat aparmaq mümkün deyildir. Sürücü Təqsirləndirilən şəxs avtomobili sürücülük vəsiqəsi olmadan idarə etdiyindən onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 1-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuşdur». 13 iyul 2020-ci il tarixli 8/886 nömrəli ekspert rəyinin nəticəvi hissəsində qeyd olunur ki, «1. 29 mart 2020-ci il tarixli 5355 saylı rəy metodikanın və qanunvericiliyin tələblərinə uyğun tərtib edilmişdir. 2. İstintaq tərəfindən təqdim olunmuş materiallara əsasən Tofash Doğan markalı, 90VO379 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs1 hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 77-ci maddəsinin 3-cü hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Nağıyev avtomobili yaşayış məntəqəsində 70 km/saat sürətlə idarə etdiyi şəraitdə onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuşdur. 3. İstintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən; hərəkət üçün təhlükə yaranan anda Opel Astra markalı, 90BB721 dövlət qeydiyyat nişanlı avtomobilin toqquşma yerindən 9,4 metrdən kiçik məsafədə olmasının istintaq tərəfindən müəyyən edilməsi şəraitində, sürücü Təqsirləndirilən şəxs hadisənin qarşısını almağa texniki imkanı olmamış və onun hərəkətlərində hadisənin qarşısının alınması ilə əlaqədar “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğunsuzluq olmamışdır. Hərəkət üçün təhlükə yaranan anda Opel Astra markalı, 90BB721 dövlət qeydiyyat nişanlı avtomobilin toqquşma yerindən 9,4 metrdən böyük məsafədə olmasının istintaq tərəfindən müəyyən edilməsi şəraitində, sürücü Təqsirləndirilən şəxs hadisənin qarşısını almağa texniki imkanı olmuş və onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. Sürücü Qasımova avtomobili sürücülük vəsiqəsi olmadan idarə etdiyindən onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 1-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuşdur». Canlı şəxsin məhkəmə-tibbi ekspertizası ilə bağlı 11 iyun 2020-ci il tarixli 498 nömrəli ekspert rəyinin nəticəvi hissəsində qeyd olunur ki, «1994-cü il təvəllüdlü vət. Zərərçəkmiş şəxs2 məhkəmə-tibbi ekspertizasına və tibbi sənədlərdə qeyd olunanlara əsasən, qərarda qoyulan suallara cavab olaraq aşağıdakı nəticəyə gəlirəm: - Vət. Zərərçəkmiş şəxs2 xəstəxanaya müraciət edərkən bədən səthində aşkar edilmiş xəsarətlər – baş beyin silkələnməsi, sol tərəfli pnevmotoraks ilə müşayiət olunan döş qəfəsinin küt travması, mədəaltı vəzin əzilməsi və petroperitonal hematoma ilə müşayiət olunan qarının küt travması, sağ dirsək sümüyünün orta 1/3-nün qapalı yerdəyişən sınığı, sağ bud sümüyünün orta 1/3-nin açıq yerdəyişən ikili sınığı bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər, törənmə müddəti qərarda göstərilən müddətdə və şəraitdə əmələ gələ bilərdilər və dərəcələrinə görə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aiddirlər». Canlı şəxsin məhkəmə-tibbi ekspertizası ilə bağlı 16 aprel 2020-ci il tarixli 327 nömrəli ekspert rəyinin nəticəvi hissəsində qeyd olunur ki, «1992-ci il təvəllüdlü Zərərçəkmiş şəxs3 məhkəmə-tibbi ekspertizasına və tibbi sənədlərdə qeyd olunanlara əsasən, qərarda qoyulan suallara cavab olaraq aşağıdakı nəticəyə gəlirəm: - vət. Zərərçəkmiş şəxs3 bədən səthində aşkar edilmiş xəsarət – sol bazu sümüyünün qapalı, qəlpəli yerdəyişən sınığı küt əşyanın təsirindən törənmişdir, törənmə müddəti qərarda göstərilən müddətdə və şəraitdə, yəni 12 fevral 2020-ci il tarixdə əmələ gələ bilərdi və dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aiddir». Canlı şəxsin məhkəmə-tibbi ekspertizası ilə bağlı 27 iyun 2020-ci il tarixli 558 nömrəli ekspert rəyinin nəticəvi hissəsində qeyd olunur ki, «1984-cü il təvəllüdlü vət. Zərərçəkmiş şəxs7 məhkəmə-tibbi ekspertizasına və tibbi sənəddə qeyd olunanlara əsasən, qərarda qoyulan suallara cavab olaraq aşağıdakı nəticəyə gəlirəm: - Vət. Zərərçəkmiş şəxs7 bədən səthində aşkar edilmiş xəsarətlər – alının əzilmiş yaraları, sağ bazu sümüyünün böyük qabarının qopması ilə müşayiət olunan travmatik çıxığı bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər, törənmə müddəti qərarda göstərilən müddətdə və şəraitdə, yəni 12 fevral 2020-ci il tarixdə əmələ gələ bilərdi və dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aiddir». Canlı şəxsin məhkəmə-tibbi ekspertizası ilə bağlı 15 fevral 2020-ci il tarixli 137 nömrəli ekspert rəyinin nəticəvi hissəsində qeyd olunur ki, «1984-cü il təvəllüdlü vət. Zərərçəkmiş şəxs4 məhkəmə-tibbi müayinəsinə və tibbi sənəddə əsasən və ekspertiza qarşısında qoyulan suallara uyğun olaraq, qərarda qoyulan suallara uyğun olaraq aşağıdakı nəticəyə gəlirəm: - Zərərçəkmiş şəxs4 bədən səthində aşkar edilmiş xəsarət – alının əzilmiş yarası bərk küt əşyanın təsirindən törənmişdir, müayinə olunanın göstərdiyi müddətdə və şəraitdə, yəni 12 fevral 2020-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi zamanı əmələ gələ bilər və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir». Canlı şəxsin məhkəmə-tibbi ekspertizası ilə bağlı 13 mart 2020-ci il tarixli 228 nömrəli ekspert rəyinin nəticəvi hissəsində qeyd olunur ki, «2009-cu il təvəllüdlü azyaşlı Zərərçəkmiş şəxs5 məhkəmə-tibbi ekspertizasına və tibbi sənəddə qeyd olunanlara əsasən, qərarda qoyulan suallara cavab olaraq aşağıdakı nəticəyə gəlirəm: - azyaşlı Zərərçəkmiş şəxs5 xəstəxanaya müraciət edərkən bədən səthində aşkar edilmiş xəsarətlər - döş qəfəsinin və sağ diz oynağının əziyi bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər, törənmə müddəti qərarda göstərilən müddətdə və şəraitdə, yəni 13 fevral 2020-ci il tarixdə əmələ gələ bilərdi və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir». Canlı şəxsin məhkəmə-tibbi ekspertizası ilə bağlı 21 fevral 2020-ci il tarixli 162 nömrəli ekspert rəyinin nəticəvi hissəsində qeyd olunur ki, «1989-cu il təvəllüdlü vət. Zərərçəkmiş şəxs1 məhkəmə-tibbi ekspertizasına, tibbi sənədə əsasən, qərarda qoyulan suallara cavab olaraq aşağıdakı nəticəyə gəlirəm: - vət. Zərərçəkmiş şəxs1 aşkar edilmiş xəsarətlər - təpə və alın nahiyələrinin sıyrıqları bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər, müayinə olunanın göstərdiyi 12 fevral 2020-ci il tarixdə baş vermiş yolnəqliyyat hadisəsi zamanı əmələ gələ bilər və sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir». Canlı şəxsin məhkəmə-tibbi ekspertizası ilə bağlı 13 mart 2020-ci il tarixli 229 nömrəli ekspert rəyinin nəticəvi hissəsində qeyd olunur ki, «1992-ci il təvəllüdlü vət. Təqsirləndirilən şəxs məhkəmə-tibbi ekspertizasına, tibbi sənəddə qeyd olunanlara əsasən, qərarda qoyulan suallara cavab olaraq aşağıdakı nəticəyə gəlirəm: - vət. Təqsirləndirilən şəxs aşkar edilmiş xəsarətlər – döş qəfəsinin əziyi, sağ diz oynağının əziyi, hemartrozu bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər, qərarda göstərilən 13 fevral 2020-ci il tarixdə və şəraitdə əmələ gələ bilərdilər və dərəcələrinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aiddir». Canlı şəxsin məhkəmə-tibbi ekspertizası ilə bağlı 22 iyun 2020-ci il tarixli 530 nömrəli ekspert rəyinin nəticəvi hissəsində qeyd olunur ki, «1975-ci il təvəllüdlü vət. Zərərçəkmiş şəxs6 məhkəmə-tibbi ekspertizasına əsasən və qərarda qoyulan suallara cavab olaraq aşağıdakı nəticəyə gəlirəm: - vət. Zərərçəkmiş şəxs6 bədən səthində xəsarət aşkar edilmədi». Məhkəmə ittiham və müdafiə tərəfini dinləyib məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263-1.2-ci maddəsi ilə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Belə ki, o, «Opel Astra» minik markalı 90BB721 dövlət qeydiyyat nişanlı avtomobili «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin İ hissəsinin 1-ci bəndinin tələbinə zidd olaraq, yəni nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan Bakı şəhəri, Suraxanı rayonu, Suraxanı-Hövsan yolu ilə Hövsan qəsəbəsi istiqamətində, Suraxanı-Hövsan yolu ilə Bahar qəsəbəsinin yolayrıcının kəsişməsində idarə edərkən «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin İ hissəsinin tələblərini pozmuş, nəticədə Zərərçəkmiş şəxs1 tərəfindən idarə olunan «Tofash Doğan» minik markalı 90VO379 dövlət qeydiyyat nişanlı avtomobilin qabaq hissəsi ilə toqquşmuş, təqsirləndirilən şəxsin həmin ehtiyatsızlığı nəticəsində «Tofash Doğan» markalı 90VO379 dövlət qeydiyyat nişanlı avtomobildə olmuş sərnişinlər Zərərçəkmiş şəxs2 sağlamlığa ağır zərər vurma kimi qiymətləndirilən, Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs7 sağlamlığa az ağır zərər vurma kimi qiymətləndirilən xəsarətlər almışlar. Məhkəmə göstərilənlərlə yanaşı, işin faktik hallarını nəzərə alaraq belə qənaətə gəlir ki, təqsirləndirilən şəxsin hadisə vaxtı avtomobili saatda məhz 70 km sürətlə idarə etməsi halı sübuta yetirilməmişdir. Məhkəmə eyni zamanda 13 iyul 2020-ci il tarixli 8/886 nömrəli ekspert rəyini və işin faktik hallarını nəzərə alaraq vurğulayır ki, təqsirləndirilən şəxsin idarə etdiyi avtomobilin sürəti onun özünün bildirdiyi kimi olmuşsa da belə, əməlində Azərbaycan Respublikası CM-nin 263-1.2-ci maddəsinin tərkibi yaranıb. Belə ki, hərəkət üçün təhlükə yaranan anda «Opel Astra» minik markalı 90BB721 dövlət qeydiyyat nişanlı avtomobillə toqquşma yeri arasında məsafə hər bir halda 9,4 metrdən daha çox olmuş (təqsirləndirilən şəxs özü bildirir ki, əsas yolla avtomobillərin gəldiyini təxminən 100 metrdən görüb), bu şəraitdə təqsirləndirilən şəxsin hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Göstərilənlərlə yanaşı məhkəmə qeyd edir ki, müvafiq yol nəqliyyat hadisəsi zamanı Zərərçəkmiş şəxs4 və Zərərçəkmiş şəxs5 sağlamlığa yüngül zərərvurma kimi qiymətləndirilən, Zərərçəkmiş şəxs1 sağlamlığa zərər vurma kimi qiymətləndirilməyən xəsarətlərin yetirilməsi, həmçinin qəza nəticəsində «Opel Astra» minik markalı 90BB721 dövlət qeydiyyat nişanlı avtomobilin zədələnməsi təqsirləndirilən şəxsin əməlinin Azərbaycan Respublikası CM-nin 263-1.2-ci maddəsi ilə tövsif edilməsi nöqteyi-nəzərdən əhəmiyyətli deyil. Belə ki, CM-nin 263-1.2-ci maddəsinin tərkibi həmin Məcəllənin 263-1.1-ci maddəsinin də tərkibini əhatə etməklə təqsirləndirilən şəxsin müvafiq ehtiyatsızlığı nəticəsində zərərçəkmiş şəxsin (şəxslərin) sağlamlığına ağır (əməlin CM-nin 263-1.2-ci maddəsinə tövsif edilməsi üçün cinayət nəticəsində ən azı bir zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmalıdır) və az ağır zərər vurulduqda yaranır (zərərçəkmiş şəxsin (şəxslərin) sağlamlığına yalnız az ağır zərər vurulduqda cinayət Azərbaycan Respublikası CM-nin 263-1.1-ci maddəsinə tövsif edilir). Nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxsin nəqliyyat vasitəsini idarə edərkən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarını pozması nəticəsində zərərçəkmiş şəxsə az ağır dərəcəli bədən xəsarətindən daha yüngül dərəcəli bədən xəsarətinin yetirilməsi və ya zərərçəkmiş şəxsin əmlakına zərər vurulması ayrılıqda cinayət məsuliyyətinə səbəb olmur. Azərbaycan Respublikası CPM-nin 318.1-ci maddəsinə əsasən «Məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir». Qanunvericiliyin yuxarıda qeyd olunan müddəalarını və işin faktik hallarını nəzərə alaraq məhkəmə belə qənaətə gəlir ki, təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittihamdan onun hadisə vaxtı avtomobili saatda 70 km sürətlə idarə etməsinə, Zərərçəkmiş şəxs4 və Zərərçəkmiş şəxs5 sağlamlıqlarına yol-nəqliyyat qəzası nəticəsində yüngül zərərvurma kimi qiymətləndirilən xəsarətlərin yetirilməsinə, həmçinin «Opel Astra» minik markalı 90BB721 dövlət qeydiyyat nişanlı avtomobilin sahibi Zərərçəkmiş şəxs6 4.000 manat miqdarında maddi ziyan vurulmasına dair bəndlər xaric edilməlidir. Eyni zamanda Təqsirləndirilən şəxs CM-nin 263-1.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması tam sübuta yetirilmiş sayılmalı, o, həmin maddə ilə təqsirli bilinərək, cinayət məsuliyyətinə cəlb edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs hadisələrin təsadüfi axarı zəminində ilk dəfə olaraq az ağır cinayət törətdiyini, qadın olduğunu, himayəsində bir nəfər yetkinlik yaşına çatmamış uşağının olmasını və onu təkbaşına saxladığını, Zərərçəkmiş şəxs4 və Zərərçəkmiş şəxs7 ona qarşı şikayətlərinin və tələblərinin olmadığını iş üzrə cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə cəza təyin edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları və cəzanı ağırlaşdıran halın olmadığını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263-1.2-ci maddəsinin sanksiyası daxilində müəyyən müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə azadlıqdan məhrum etmə növündə cəza təyin olunmalıdır. Cəza ilə bağlı məhkəmə həmçinin aşağıdakıları qeyd edir. Atalığın müəyyən edilməsi haqqında, doğum haqqında və nikahın pozulması haqqında şəhadətnamələrin, habelə Xəzər Rayon Məhkəməsinin 2(003)-2838/2018 nömrəli iş üzrə 25 iyul 2018-ci il tarixli qətnaməsinin surətlərindən görünür ki, təqsirləndirilən şəxs Qasımova X3 Əli Elxan oğlu adlı şəxslə ailə qurmuş və onların ailə münasibətlərindən 10 iyul 2009-cu ildə Zərərçəkmiş şəxs5 adlı uşaq doğulmuşdur. Onların nikahı Xəzər Rayon Məhkəməsinin 2(003)-2494/2010 nömrəli iş üzrə 29 dekabr 2010-cu il tarixli qətnaməsi ilə pozulmuş, uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün X6 Təqsirləndirilən şəxs xeyrinə aliment tutulması qət edilmişdir (Xəzər Rayon Məhkəməsinin 2(003)-2838/2018 nömrəli iş üzrə 25 iyul 2018-ci il tarixli qətnaməsi ilə alimentin miqdarı artırılıb). İşin faktik halları ilə müəyyən edilir ki, hazırda Təqsirləndirilən şəxs uşağı – 10 iyul 2009-cu il təvəllüdlü Zərərçəkmiş şəxs5 təkbaşına saxlayır. Azərbaycan Respublikası CM-nin 79.1-ci maddəsinə əsasən «Şəxsiyyət əleyhinə ağır və ya xüsusilə ağır cinayət törətməyə görə beş ildən çox müddətə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər istisna olmaqla, məhkəmə məhkum edilmiş hamilə qadınlar və ya on dörd yaşına qədər uşağı olan qadınlar, habelə on dörd yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər tərəfindən uşaq on dörd yaşına çatanadək cəzanın çəkilməsini təxirə sala bilər». İşin faktik hallarını nəzərə alaraq hesab edirəm ki, 10 iyul 2009-cu il təvəllüdlü Zərərçəkmiş şəxs5 on dörd yaşına çatanadək təqsirləndirilən şəxsə təyin olunan cəzanın çəkilməsi təxirə salınmalıdır. Məhkəmə həmçinin hesab edir ki, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 255 (iki yüz əlli beş) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. Mülki iddia ilə bağlı məsələyə qiymət verərək məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası CPM-nin 179.1-ci maddəsinə əsasən «Cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur». Həmin Məcəllənin 354.1-ci maddəsinə əsasən «Məhkəmənin hökmündə mülki iddianın əsaslarının və məbləğinin sübuta yetirilməsindən asılı olaraq aşağıdakı qərarlardan biri əks etdirilir: iddianın tam və ya qismən təmin edilməsi; iddianın rədd edilməsi; iddianın baxılmamış saxlanması». İttiham aktının nəticəvi hissəsində qeyd olunur ki, cinayət nəticəsində Zərərçəkmiş şəxs6 4.000 manat miqdarında maddi zərər vurulmuşdur. Zərərçəkmiş şəxs6 mülki iddiasında isə ona cinayət nəticəsində 4.000 manat miqdarında deyil, 7.755 manat miqdarında maddi və 5.000 manat miqdarında mənəvi zərər vurulduğu göstərilir. Lakin mülki iddiaçı məhkəməyə həmin miqdarı təsdiq edə biləcək mötəbər sübut təqdim etməməklə yanaşı, «Opel Astra» minik markalı 90BB721 dövlət qeydiyyat nişanlı avtomobilə qanuni əsaslarla sahiblik etdiyini, həmçinin zərərin avtomobilin mülkiyyətçisi X2 və ya hər hansı digər şəxsə (məsələn avtomobilə dair etibarnamə verilmiş qohumu X8) deyil, məhz ona vurulduğunu təsdiq edə biləcək sübut təqdim etməmişdir (işin faktik hallarından görünür ki, Zərərçəkmiş şəxs6 adına avtomobilə dair heç bir rəsmi sənəd mövcud deyil). Məhkəmə hesab edir ki, müvafiq hallar mülki icraat qaydasında ayrıca araşdırılmalıdır. Həmin araşdırmanın gedişindən asılı olaraq zərərin real miqdarının müəyyən edilməsi ilə bağlı ekspertiza tədqiqatlarının təyin edilməsi zərurəti də yarana bilər (bu ekspertizaların hazırkı cinayət işi çərçivəsində təyin edilməsi cinayət təqibi üzrə icraatın əsassız olaraq ləngiməsinə səbəb ola bilərdi). Yuxarıda göstərilən məsələlər ayrıca araşdırılmadan mülki iddianın təmin edilməsi mümkün deyil. İddianın tam və ya qismən rədd edilməsi isə mülki iddiaçını zəruri sübutları toplamaqla məhkəməyə mülki icraat qaydasında ayrıca müraciət etmək imkanından məhrum edə bilər. Ona görə də mülki iddia Azərbaycan Respublikası CPM-nin 354.1-ci maddəsinin tələbinə əsasən baxılmamış saxlanılmalı, mülki iddiaçıya təqsirləndirilən şəxsə qarşı məhkəmədə mülki icraat qaydasında iddia qaldırmaq hüququna malik olduğunu izah edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 318, 347 – 349, 351 – 354, 356, 358, 381, 383 – 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263-1.2-ci maddəsi ilə təqsirli bilinərək 2 (iki) il 06 (altı) ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 2 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunsun. Azərbaycan Respublikası CM-nin 79-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs uşağı 10 iyul 2009-cu il təvəllüdlü Zərərçəkmiş şəxs5 on dörd yaşına çatanadək cəzanın çəkilməsi təxirə salınsın. Hökmün icrasında bu hissədə nəzarət Bakı Şəhər Probasiya İdarəsinə tapşırılsın. Təqsirləndirilən şəxs üzərinə onun davranışına nəzarəti həyata keçirən Bakı Şəhər Probasiya İdarəsinə məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş «polisin nəzarəti altına vermə» növündə qətimkan tədbiri hazırkı hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihamdan onun hadisə vaxtı «Opel Astra» minik markalı 90BB721 dövlət qeydiyyat nişanlı avtomobili 70 km/s sürətlə idarə etməsinə, Zərərçəkmiş şəxs4 və Zərərçəkmiş şəxs5 yol-nəqliyyat qəzası nəticəsində sağlamlığa yüngül zərərvurma kimi qiymətləndirilən xəsarətlər yetirilməsinə, həmçinin yol-nəqliyyat qəzası nəticəsində «Opel Astra» minik markalı 90BB721 dövlət qeydiyyat nişanlı avtomobilin sahibi Zərərçəkmiş şəxs6 4.000 manat miqdarında maddi ziyan vurulmasına dair bəndlər xaric edilsinlər. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 255 (iki yüz əlli beş) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs6 Təqsirləndirilən şəxs qarşı mülki iddiası baxılmamış saxlanılsın. Hökmdən 20 gün müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən Ceyhun Qədimov
Məhkəmə qərarları › İş №1(010)-32/2021
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-32/2021
04.05.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver