Məhkəmə qərarları › İş №1(010)-32/2022

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-32/2022

22.02.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-32/2022 22.02.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim İbrahimov Anar Firdovsi oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X2, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 Müdafiəsi İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X3, Müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakı ilə, xx xxxxxxxx 1989-cu ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, faktiki həmin həmin ünvanda yaşamış, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 27.09.2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək, həmin Məcəllənin 69.3-cü maddəsi tətbiq edilməklə 01 il 11 ay 28 gün müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş və 24.09.2020-ci il tarixdə cəza müddəti qurtardığına görə azad edilmiş, 24 aprel 2021-ci il tarixdə barəsində əvvəli 22.04.2021-ci il tarixdən hesablanmaqla “ev dustaqlığı” qismində qətimkan tədbiri seçilmiş, 21 sentyabr 2021-ci il tarixdə “ev dustaqlığı” qismində qətimkan tədbiri “başqa yerə getməmək haqqında iltizam” qismində qətimkan tədbiri ilə əvəz edilmiş, 18.01.2022-ci il tarixdə barəsində axtarış elan olunmaqla həbs qətimkan tədbiri seçilmiş X9 orlunun Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 27.09.2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 01 il 11 ay 28 gün azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsinə baxmayaraq, məhkumluğu ödənilmədiyi və götürülmədiyi halda 22 aprel 2021-ci il tarixdə satış məqsədi olmadan, qanunsuz olaraq Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi ərazisində istintaqa məlum olmayan mənbədən şəxsi istehlak miqdarından artıq miqdarda psixotrop maddə metamletamin alaraq əldə edib, üzərində saxlayıb daşımış və Bakı şəhəri Suraxanı RPİ-nin NMB-nin və 31-ci PB-nin əməkdaşları tərəfindən 22 aprel 2021-ci il tarixdə, saat 16:10 radələrində ünvan 3 ünvanının qarşısıda saxlanılıb, Suraxanı RPİ-nin inzibati binasına gətirilərək, üzərində şəxsi axtarış aparılan zaman, əynində olan açıq rəngli cins şalvarın sağ yan cibindən təmiz çəkisi 0,535 qram ağ rəngli, kristalşəkilli kütlə, kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Bu əməlinə görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilərək, məhkəməyə verilmişdir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli aşağıdakılarla tam sübuta yetirilir. Belə ki, məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddələri ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək, ifadəsində göstərmişdir ki, o, bir müdətdir ki, el arasında "şüşə” adlanan psixotrop maddədən nəfəs yolu vasitəsi ilə qəbul etmiş, daha sonra müalicə almışdır, halhazırda hər hansı narkotik vasitədən istifadə etmir. 22 aprel 2021-ci il tarixdə, təxminən saat 16:10 radələrində o, evdən çıxaraq dükana getmiş, yaşadığı məhəlləyə qayıtdıqda, polis əməkdaşı Şahid2 Abdin oğlu digər polis əməkdaşları ilə birlikdə onu saxlayaraq, Suraxanı RPİ-nin inzibati binasına gətirmişlər. Bu zaman onun üstündə heç bir narkotik vasitə, psixotrop maddə və ya hər hansı digər qanunsuz əşya olmamışdır. İdarəyə gətirildikdə, o, Nazim və Əlisəttar adlı tanışlarının da orada olduğunu görmüşdür. Polis əməkdaşları ondan bu şəxslərdən metanfetamin alıb-almadığını soruşmuş, o, da bu suala mənfi cavab vermişdir. O, bildirmişdir ki, həqiqətən də əvvəllər bu şəxslərin evinə getmişdir, belə ki, sonuncuların evində fəhləlik etmişdir. Lakin bu şəxslərin narkotik vasitələrin satışı və ya digər qanunsuz işlərlə məşğul olmasını bilməmişdir. O, polis əməkdaşları tərəfindən saxlanıldıqda, əynində qara cins şalvarı olmuşdur, ittihamda isə onun əynində açıq rəngli cins şalvarının olduğu yazılmışdır. Bununla bağlı bildirmək istəyir ki, o, saxlanıldıqda, əvvəlcədən onun əynidə qara cins şalvar olmuşdur, polis idarəsində isə onun şalvarı açıq rəngli göy cins şalvarı ilə əvəz edilmişdir. Polis əməkdaşları onun şalvarını məcbur olaraq dəyişdirmiş, bildirmişlər ki, videoçəkiliş zamanı o, açıq rəngli göy cins şalvarda olmalıdır. Onun əynindəki qara şalvarı isə polis idarəsinə ondan əvvəl gətirilmiş Nazimə vermişlər və sonuncu da onun bu şalvarını geyinmişdir. O, videçəkilişdən sonra polis əməkdaşlarının ona geyindirdiyi açıq rəngli göy cins şalvarını Nazimə qaytarmışdır, belə ki, bu şalvar da Nazimə məxsus olmuşdur. Polis əməkdaşlarının ona geyindirdiyi açıq rəngli göy cins şalvarının cibində bir ədəd büküm olmuşdur, videoçəkiliş zamanı o, həmin bükümü cibindən çıxararaq təqdim etmişdir. O, psixoloji təsirə məruz qalaraq, cibindən çıxan psixotrop maddənin onun özünə məxsus olduğunu bildirmişdir. O, polis idarəsində onu hədələyən polis əməkdaşlarının adlarını bilmir, ancaq onu saxlayan polis əməkdaşları onu hədələməmişlər. Polis əməkdaşları ilə düşmənçiliyi və qarşılıqlı ədavəti olmamışdır. Halbuki, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddələri ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, o, 2018-ci ildə Bakı şəhəri Suraxanı rayon məhkəməsinin hökmü ilə CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 02 il azadlıqdan məhrumetməı cəzasına məhkum edilmişdir. Uzun müdətdir ki, el arasında "şüşə” adlanan psixotrop maddədən nəfəs yolu vasitəsi ilə qəbul edir. O, həmin psixotrop maddəni Bakı şəhərinin müxtəlif yerlərindən alaraq, istifadə etmişdir. 22 aprel 2021-ci il tarixdə səhər saatlarında o, Suraxanı rayonu, Əmircan qəsəbəsində üzdən tanıdığı, lakin adını bilmədiyi şəxsdən 10 manat müqabilində öz istifadəsi üçün bir büküm metamfetamin almışdır. Bundan sonra, təxminən saat 16:10 radələrində o, Suraxanı rayonu, Əmircan qəsəbəsi, T.Bayram küçəsi, dalan 2, ev 3 ünvanının qarşısında dayandığı zaman mülki geyimdə olan şəxslər ona yaxınlaşaraq, özlərini təqdim edərək və xidməti vəsiqələrini tədim edərək, polis əməkdaşı olduqlarını bildirmiş və onun narkotik maddələrin gəzdirilməsində və istifadəsində şübhəli olduğunu bildirmiş və onu Suraxanı RPİ-nin inzibati binasına dəvət etmişlər. O, polis əməkdaşları ilə razılaşıb, onlarla birlikdə Suraxanı RPİ-nin inzibati binasına gəlmişdir. Suraxanı rayon polis idarəsində ona hüqııq vəvəzitələri izah olunduqdan sonra, dövlət hesabına dəvət edilmiş vəkilin iştirakı ilə videoçəkilişlə onun üzərinə baxtarış keçirilmişdir. Axtarış zamanı ondan üzərində saxlanması daşınması, və gəzdirilməsi qadağan olunmuş hər hansı bir əşya və ya predmet varsa, təqdim etməyi təklif olunmuşdur. O, da əynində olan açıq rəngli cins şalvarın sağ yan cibindən bir ədəd kağız bükümü çıxarıb, polis əməkdaşlarına təqdim etmişdir. Ondan həmin bükümün içərisində nə olması və nə vaxt, kimdən əldə etməsi barədə soruşulmuş, o, isə həmin bükümün içərisində “şüşə” kimi tanıdığı metamfetamin olduğunu, onu bir neçə saat əvvəl Suraxanı ryonunun Əmircan qəsəbəsində üzdən tanıdığı, lakin adını bilmədiyi şəxsdən 10 manata öz istifadəsi üçün əldə etdiyini və üzərində saxladığını bildirmişdir. Bundan sonra həmin bir ədəd büküm götürülərək, zərlə qoyulub qablaşdırılmış və üzəri onun və digər iştirakçılar tərəfındən imzalarla təsdiq olunmuşdur. Bundan sonra üzərinə şəxsi axtarış keçirilmiş və hər hansı predmet və ya əşya aşkar edilməmiş və ya götürülməmişdir. Üzərindən aşkar edilmiş narkotik vasitəni öz şəxsi istifadəsi üçün əldə etmiş, heç vaxt kiməsə narkotik vasitə satmamış və verməmişdir. Həmin narkotik vasitəni də heç kimə satmamış və verməmişdir. Üzərindən aşkar edilmiş narkotik vasitədən başqa heç bir yerdə hər hansı bir növ narkotik vasitə saxlamır və əkməmişdir. Narkotik vasitələrin istifadəsi, satışı, saxlanılması, əldə edilməsinin və əkilib - becərilməsinin qadağan olunması barədə məlumatı olmuşdur. Üzərində narkotik vasitə olması və gəzdirməyi barədə heç kimin məlumatı olmamışdır. Belə ki, bu barədə heç kimə deməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsində baş əməliyyat müvəkkili vəzifəsində işləyir. Təqsirləndirilən şəxs saxlanılan dövrdə o, Bakı şəhəri, Suraxanı RPİ-nin NMB-nin baş əməliyyat müvəkkili vəzifəsində işləmişdir. 22 aprel 2021-ci il tarixdə Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsində yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələrin qəbulu, qanunsuz olaraq daşıyıb, üzərində saxlaması barədə Suraxanı RPİ-nin NMB-nə əməliyyat məlumatı daxil olmuşdur. O, həmin məlumatın yoxlanılması və Əliağa adlı şəxsin ətrafında əməliyyat tədbirlərinin keçirilməsi barədə Suraxanı RPİ-nin rəisinə raportla məruzə etmişdir. Rəis tərəfindən həmin məlumatın qanuna uyğun formada yoxlanılmasına icazə verilmişdir. Əliağa adlı şəxsin qanunsuz olaraq narkotik vasitə saxlamasına görə və onun ifşa edilməsi məqsədi ilə onun ətrafında əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərar qəbul edilmiş, həmin qərar Suraxanı rayon polis idarəsinin rəisi tərəfindən təsdiq olunmuş, əməliyyataxtarış tədbirlərinin keçirilməsinə dair təsdiq olunmuş qərar barədə Suraxanı rayon prokuroruna və Suraxanı rayon məhkəməsinin sədrinə məlumatlar verilmişdir. Bundan sonra əməliyyat qrupu yaradılmışdır. Həmin qrupun üzvü o, Suraxanı RPİ-nin NMB-nin əməliyyat müvəkkili Şahid2 və 31-ci PB-nin sahə inspektoru Eltun Salmanov təyin olunmuşlar. Bundan sonra Əliağa adlı şəxsin ətrafında tədbirlər keçirilməyə başlanılmışdır. Həmin gün o, digər polis əməkdaşları ilə ünvan 5 ünvanının qarşısına gəlmişdir. Həmin küçədə Əliağa adlı şəxsin əlamətlərinə görə oxşadıb, sonuncuya yaxınlaşmış və xidməti vəqisələrini göstərib, özlərini təqdim etmişlər. Həmin şəxsdən özünü təqdim etməsini xahiş etmiş, bu şəxs də özünü onlara Təqsirləndirilən şəxs kimi təqdim etmişdir. Onlar Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirib, onu Suraxanı RPİ-nin inzibati binasına dəvət etmiş, sonuncu da heç bir etiraz etməyərək razılaşmışdır. Bundan sonra Əliağanı Suraxanı RPİ-nin inzibati binasına gətirmişlər. O, bu barədə raport yazıb, Suraxanı RPİ-nin rəsinə məruzə etmişdir. Bir sıra prosesual hərəkətlər icra olunduqdan sonra polis idarəsinə vəkil dəvət edilmişdir. Bundan sonra xidməti otaqların birində Əliağaya hüquq və vəzifələri izah edilməklə, vəkilin iştirakı ilə videoçəkiliş etməklə, sonuncunun üzərində axtarış aparılmaqla baxış keçirilmişdir. Baxış zamanı Əliağaya üzərində hər hansı bir əşyanın olub-olmaması barədə sual verilmiş və qanunsuz əşyanın olduğu halda, onu təqdim etməsi təklif olunmuşdur. Bu zaman Əliağa heç bir etiraz etməyərək, əynində olan açıq rəngli cins şalvarının sağ yan cibindən bir ədəd kağız bükümünü çıxarıb təqdim etmişdir. Əliağaya həmin bükümdə nə və haradan əldə etməsi barədə sual verilmiş, sonuncu da bükümdə el arasında “şüşə” adlanan psixotrop maddə metamfetamin olmasını, həmin narkotik maddəni həmin gün üzdən tanındığı, lakin adını bilmədiyi şəxsdən 10 (on) manata alaraq, özünün istifadə etməsi məqsədilə saxlayıb gəzdirdiyini bildirmişdir. Bükümə onlar tərəfindən baxış keçirilmiş, sonra isə zərfə qoyaraq qablaşdırılmış və zərfin üzəri möhürlənmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış davam etdirilmiş, lakin başqa qanunla qadağan olunmuş hər hansı bir əşya aşkar olunmamışdır. Zərfin üzərinə baxışda iştirak edən polis əməkdaşları, Əliağanın özü, vəkil və o, imza etmişlər. Bundan sonra bu barədə protokol tərtib olunmuş, protokol ucadan oxunmuş, protokol düzgün tərtib edildiyi üçün doğruluğuna baxışda iştirak edən polis əməkdaşları, vəkil və Təqsirləndirilən şəxs tərəfindən imza edilmişdir. Təqsirləndirilən şəxs saxlanılarkən, polis idarəsinə gətirilərkən, polis idarəsində axtarışdan əvvəl və sonra sonuncuya qarşı heç bir psixi və fiziki təsir göstərilməmişdir, sonuncu hər şeyi etiraf etmiş, psixotrop maddəni tanımadığı şəxsdən elə həmin gün öz istifadəsi üçün aldığını, onların satışı ilə heç vaxt məşğul olmadığını və başqa yerdə psixotrop maddə saxlamadığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 Abdin oğlu və Şahid3 Şahid1 ifadəsində göstərdiklərini təsdiq edərək, eyni məzmunlu ifadə vermişlər, təqsirləndirilən şəxsin saxlanıldığı, polis idarəsinə gətirildiyi vaxt, polis idarəsində axtarışdan əvvəl və sonra sonuncuya qarşı heç bir psixi və fiziki təsirin göstərilmədiyini, sonuncunun hər şeyi etiraf etdiyini, psixotrop maddənin tanımadığı şəxsdən elə həmin gün öz istifadəsi üçün aldığını göstərdiyini, onların satışı ilə heç vaxt məşğul olmadığını və başqa yerdə psixotrop maddə saxlamadığını qeyd etdiyini bildirmişlər. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 22 aprel 2021-ci il tarixdə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin törədilməsində şübhəli bilinərək şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarından görünür ki, 24 aprel 2021-ci il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək, qeyd edilən tarixdə ona həmin maddə ilə nəzərdə tutulan ittiham elan edilmişdir. İş materiallarından görünür ki, 24 aprel 2021-ci il tarixdə Suraxanı rayon məhkəməsinin 4(010)-175/2021 nömrəli qərarı ilə Təqsirləndirilən şəxs barəsində əvvəli 22 aprel 2021-ci il tarixdən hesablanmaqla 03 ay müddətinə ev dustaqlığı qətimkan tədbiri seçilmişdir. İş materiallarından görünür ki, 01 iyul 2021-ci il tarixdə Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmiş və cinayət işi üzrə icraat Azərbaycan Respublikası CPMnin 53.1.3-cii maddəsinə əsasən davandırılmışdır. İş materiallarından görünür ki, 21 sentyabr 2021-ci il tarixdə Təqsirləndirilən şəxs könüllü olaraq istintaqa gəldiyi üçün cinayət işi üzrə icraat təzələnmiş və həmin tarixdə Təqsirləndirilən şəxs barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ilə əvəz edilmişdir. İş materiallarından görünür ki, Suraxanı rayon Məhkəməsinin 1(010)-325/2021 saylı 14.12.2021-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs məhkəmə iclasına məcburi gətirilməsi qərara alınmışdır. İş materiallarından görünür ki, Suraxanı rayon Məhkəməsinin 1(010)-32/2022 saylı 06.01.2022-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs məhkəmə iclasına məcburi gətirilməsi qərara alınmışdır. İş materiallarından görünür ki, Suraxanı rayon Məhkəməsinin 1(010)-32/2022 saylı 18.01.2022-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində axtarış elan olunmuş və seçilmiş başqa yerə getməmək barədə iltizam növündə qətimkan tədbirinin dəyişdirilərək, həbs qətimkan tədbirinin seçilməsi qərara alınmışdır. 11.02.2022-ci il tarixdə Azərbaycan Respublikası DİN Suraxanı RPİ-nin 31-ci PB-si tərəfindən məhkəməyə daxil olmuş məktubdan görünür ki, Təqsirləndirilən şəxs 11.02.2022-ci il tarixdə 31-ci PB-nin əməkdaşları tərəfindən tutularaq, saxlanması üçün Suraxanı RPİ-nin MSY-nə təhvil verilmişdir. İş üzrə təyin edilmiş məhkəmə kimyəvi ekspertizası üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin verdiyi 23 aprel 2021-ci il tarixli 6/1605 saylı rəydən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “ Şübhəli şəxs: Təqsirləndirilən şəxs...” sözləri yazılmış bir ədəd bükümdə təmiz çəkisi 0,535 qram ağ rəngli kristalşəkilli kütlə kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamindir. İş üzrə təyin edilmiş məhkəmə narkoloji ekspertizası üzrə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X7 X4 X5 Komissiyasının verdiyi 07 sentyabr 2021-ci il tarixli 3304 saylı rəydən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opoidlərin və psixotrop maddə olan metaıufetaminin birgə qəbulu nəticəsində yaranan aslılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhər görülür. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat Statistik İnformasiya İdarəsindən alınmış tələbnamə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 27.09.2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək, həmin Məcəllənin 69.3-cü maddəsi tətbiq edilməklə 01 il 11 ay 28 gün müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, 24.09.2020-ci il tarixdə cəza müddəti qurtardığına görə azad edilmişdir. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli məhkəmə istintaqı zamanı dindirilmiş şahidlərin ifadələri, məhkəmə kimyəvi ekspertizasının və məhkəmə narkoloji ekspertizasının rəyləri ilə, eləcə də işdə olan digər obyektiv dəlillərlə və iş materialları ilə tam sübuta yetirilir. Məhkəmə ittiham və müdafiə tərəfini dinləyib məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «Narkotik vasitələrinin, güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövrəyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Qərarının 3-cü bəndinə görə, əldə etmə dedikdə, narkotik vasitələrin satın alınması, başqa əmlaka və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə ödənilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaşxaşın və ya onların müəyyən hissəsinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahəsindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması və sair hərəkət başa düşülməlidir. Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekusorlarının narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanılması məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanılmasına yönəldilmiş bütün hərəkətlərdir. Təqsirləndirilən şəxs məhkəmədə istintaqı zamanı dindirilərkən, ona verilən ittiham üzrə cinayət əməlini törətmədiyini bildirsə də, məhkəmə onun bu ifadəsinə tənqidi yanaşır, bunu özünün müdafiə məqsədilə uydurulmuş dəlil kimi qiymətləndirərək, rədd edir. Belə ki, ibtidai istintaq zamanı dindirilən təqsirləndirilən şəxs özünü elan olunmuş ittihamda təqsirli bilmiş, ifadəsində ittiham aktında öz əksini tapmış xüsusatları təsdiq etmişdir. Həmin ifadə həqiqətə uyğun olduğundan və digər iş materialları ilə təsdiq edildiyindən, məhkəmə onu ittihamı təsdiq edən sübut kimi qəbul edir. Ona görə də Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, ona həmin maddənin sanksiyası çərçivəsində cəza təyin edilməlidir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən isə cinayət qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Cinayət törətmiş şəxsə təyin edilərək cəzanın məqsədindən bəhs edən CM-nin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına təsiri nəzərə alınır. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs barəsində cəzanı yüngülləşdirən hallar müyyən olunmamışdır. Məhkəmə Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən, cəza təyinetmənin ümumi prinsiplərini rəhbər tutaraq, Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən cinayətin residivini cəzanın ağırlaşdıran hal olmasını qeyd edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Həmin Məcəllənin 18.5-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla və hədlərdə cinayətlərin residivinə görə daha sərt cəza tətbiq edilir. Həmin Məcəllənin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Həmin Məcəllənin 83.1-ci maddəsinə əsasən, cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Həmin Məcəllənin 83.3.3-cü maddəsinə əsasən, az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab edilir. Göstərilənləri nəzərə alan məhkəmə hesab edir ki, həmin Məcəllənin 65.2-ci maddəsinin tələbləri nəzərə alınmaqla Təqsirləndirilən şəxs CM-nin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzası ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının başlanğıcı 11.02.2022-ci il tarixdən hesablanmalıdır. Məhkəmə göstərilənlərlə yanaşı hesab edir ki, Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınmalı və CM-nin 93.1.2-ci maddəsinə əsasən barəsində cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilməli, iş üzrə maddi sübut kimi tanınaraq götürülmüş, ekspertiza tədqiqatından sonra bir ədəd bükümdə təmiz çəkisi 0,485 qram psixotrop maddə olan metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli və iş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan 109 manat 90 qəpik Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 347 – 349, 351 – 353, 356, 358, 381, 383 – 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 22 aprel 2021-ci il tarixdən 01 iyul 2021-ci il tarixədək tutulduğu və ev dustaqlığında saxlanıldığı 02 ay 09 gün müddəti ona təyin olunmuş cəzadan çıxılsın və üzərində qəti olaraq 01 (bir) il 09 (doqquz) ay 21 (iyirmi bir) gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzasının əvvəli 11.02.2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınsın. CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilsin. İş üzrə maddi sübut kimi tanınmış, Suraxanı RPİ-də saxlanılan 0,485 qram psixotrop maddə olan metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə keçirilmiş ekspertiza tətdqiqatının dəyəri olan 109 manat 90 qəpik Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Hökmdən 20 gün müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən Anar İbrahimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar