Məhkəmə qərarları › İş №1(010)-320/2021

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-320/2021

22.11.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-320/2021 22.11.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ hakim Qədimov Ceyhun Tofiq oğlunun sədrliyi, Mazanov Kamran Ramazan oğlunun katibliyi, Dövlət ittihamçısı, təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi iştirakı ilə xx xxxxxxx 1989-cu ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əmək fəaliyyəti ilə məşğul olan, məhkumluğu olmayan, Kürdəmir rayonu, Qarabucaq qəsəbə ərazi dairəsi Qarabucaq qəsəbəsində qeydiyyatda olan, ünvan 1 ünvanında yaşayan, Suraxanı Rayon Məhkəməsinin 4(010)-323/2021 nömrəli iş üzrə 15 iyul 2021-ci il tarixli qərarı ilə barəsində əvvəli 14 iyul 2021-ci il tarixindən hesablanmaqla 03 ay həddində «həbs» növündə qətimkan tədbiri seçilmiş (Suraxanı Rayon Məhkəməsinin müvafiq qərarları ilə təqsirləndirilən şəxsin həbsdə saxlanılması müddəti uzadılmışdır) və 14 iyul 2021-ci il tarixindən etibarən həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 13 iyul 2021-ci ildə saat 09 radələrində satış məqsədi olmadan qanunsuz olaraq Bakı şəhəri, Suraxanı rayonu, 2-ci Mədən küçəsindən istintaqa məlum olmayan mənbədən şəxsi istehlak miqdarından artıq miqdarda, bir ədəd bükümdə, təmiz çəkisi 1,865 qram təşkil edən kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edib özündə saxlayaraq daşımış, Suraxanı RPİ-nin 31-ci PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində 14 iyul 2021-ci ildə saat 11:30-da Bakı şəhəri, Suraxanı rayonu, 2-ci Mədən ərazisində saxlanılaraq Suraxanı RPİ-nin 31-ci PB-nin inzibati binasına gətirilib üzərinə keçirilən baxış zamanı əynində olan göy rəngli şalvarın sağ yan cibindən həmin 1 (bir) ədəd bükümdə 1,865 qram çəkidə narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs yuxarıda təsvir olunmuş cinayət əməlini törətməkdə özünü təqsirli bilərək qeyd etmişdir ki, uzun müddətdir narkotik vasitə heroindən inyeksiya yolu ilə istifadə edir. 13 iyul 2021-ci ildə saat 09 radələrində Bakı şəhəri, Suraxanı rayonu, 2-ci Mədən küçəsində, yerdən siqaret kağızına bükülmüş vəziyyətdə narkotik vasitə heroin tapmış və onu sonradan istifadə etmək məqsədilə şalvarının sağ yan cibinə qoymuşdur. 14 iyul 2021-ci ildə saat 11:30 radələrində narkotik vasitəni istifadə etmək üçün yer axtararkən, ona Bakı şəhəri, Suraxanı rayonu, 2-ci Mədən küçəsindəki zibil qutularının yanında iki nəfər mülkü geyimli şəxs yaxınlaşaraq xidməti vəsiqələrini göstərib polis əməkdaşları olduqlarını bildirmiş və üzərində şəxsiyyət vəsiqəsinin olub-olmadığını soruşmuşlar. Polis əməkdaşlarına özünü təqdim etdikdən sonra sonuncular tərəfindən Suraxanı RPİ-nin 31-ci PB-nə dəvət edilmiş, buna etiraz etmədən polis əməkdaşları ilə birlikdə həmin bölməyə getmişdir. 31-ci PB-də xidməti otaqların birində üzərinə videoçəkilişdən istifadə olunmaqla şəxsi axtarış keçirilmiş, bu zaman təklif olunmuşdur ki, üzərində qanunla qadağan edilmiş əşya varsa, könüllü olaraq təqdim etsin. Həmin təklifə əsasən əynindəki goy rəngli şalvarın sağ yan cibindən bir ədəd bükülünü çıxararaq təqdim etmişdir. Verilmiş suallara cavab olaraq bildirmişdir ki, həmin bükülüdəki maddə “kakos” deyilən narkotik vasitə heroindir. Daha sonra həmin bükülü zərfə qablaşdırılmış və zərfin üzəri bütün iştirakçıların imzaları ilə təsdiqlənmişdir. Həmçinin protokol da tərtib olunaraq iştirakçılar tərəfindən imzalanıb. Əməlindən peşmandır. Şahid qismində dindirilmiş polis əməkdaşı Şahid1 bildirmişdir ki, 14 iyul 2021-ci ildə Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə əldə etməsi, özündə saxlayaraq daşıması, narkotik vasitələrdən istifadə etməsi ilə bağlı əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumatın yoxlanması məqsədilə zəruri rəsmiləşdirmə işləri aparıldıqdan sonra 14 iyul 2021-ci il tarixdə saat 11:30-da 31-ci PB-nin əməliyyat müvəkkili Şahid2 ilə birlikdə Bakı şəhəri, Suraxanı rayonu, 2-ci Mədən küçəsinə getmişdir. Xarici əlamətlərinə görə Təqsirləndirilən şəxs müəyyən edib ona yaxınlaşmış və xidməti vəsiqələrini təqdim edib, ondan şəxsiyyəti barədə məlumat verməsini xahiş etmişlər. Təqsirləndirilən şəxs özünü təqdim etdikdən sonra onun narkotik vasitələrin istifadəsində şübhəli olduğunu bildirib 31ci PB-nə dəvət etmişlər. Təqsirləndirilən şəxs heç bir etiraz etmədən onlarla birlikdə 31-ci PB-nə getmişdir. Bölmənin inzibati binasının xidməti iş otaqlarının birində Təqsirləndirilən şəxs üzərinə videoçəkilişdən istifadə olunmaqla şəxsi axtarış həyata keçirilmiş, bu zaman hüquqları və vəzifələri izah edilmiş, həmçinin təklif olunmuşdur ki, üzərində qanunsuz əşya varsa, könüllü olaraq təqdim etsin. Bununla əlaqədar Təqsirləndirilən şəxs əynində olan göy rəngli şalvarın sağ yan cibindən bir büküm çıxarıb təqdim edərək bildirmişdir ki, həmin bükümün içindəki «kakos» deyilən narkotik vasitə heroindir. Suallara cavab olaraq Təqsirləndirilən şəxs bildirmişdir ki, həmin narkotik vasitəni 13 iyul 2021-ci ildə Bakı şəhəri, Suraxanı rayonu, 2-ci Mədən küçəsində tapıb. Bundan sonra həmin büküm zərfə qablaşdırılmış, protokol tərtib edilmiş, zərfin üzəri və protokol bütün iştirakçıların imzaları ilə təsdiqlənmişdir. Şahid qismində dindirilmiş X1 Şahid1 bildirdiklərinə uyğun məzmunlu ifadə vermişdir. Təqsirləndirilən şəxsin müvafiq cinayət əməlini törətməsi faktı onun özünün səmimi etirafı və şahid ifadələri ilə yanaşı, iş üzrə toplanmış sənədlər, o cümlədən ekspert rəyləri və s. sübutlarla təsdiq olunur. 14 iyul 2021-ci il tarixli 6/2858 nömrəli ekspert rəyinin nəticəvi hissəsində qeyd olunur ki, “Tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün №-195” dairəvi möhür əksi olan, “Şübhəli şəxs Təqsirləndirilən şəxs aşkar edilmiş...” sözləri, soyadlar və imzalar qeyd edilmiş bir ədəd zərfdə qablaşdırılmış bir ədəd falqa kağızı bükümündə təmiz çəkisi 1.865 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına (Siyahı İ) daxildir”. 05 avqust 2021-ci il tarixli 2680 nömrəli ekspert rəyinin nəticəvi hissəsində qeyd olunur ki, "Müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin birgə qəbulu nəticəsində aslılıq sindiromu (Narkomaniya Xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır.Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür”. Məhkəmə ittiham və müdafiə tərəfini dinləyib məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar Təqsirləndirilən şəxs elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Beləliklə, Təqsirləndirilən şəxs CM-nin yuxarıda qeyd olunan maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir. Ona görə də Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, ona həmin maddənin sanksiyası daxilində cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs öz cinayətini səmimi etiraf etdiyini və peşman olduğunu, anasının onun himayəsində olduğunu iş üzrə cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə cəza təyin edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları və cəzanı ağırlaşdıran halın olmadığını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyası daxilində müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin olunmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində azadlıqdan məhrum etmə növündə cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə tətbiq olunmalı, iş üzrə maddi sübut kimi tanınmış və Suraxanı Rayon Polis İdarəsində saxlanılan, müvafiq ekspertiza tədqiqatından sonra qalıq çəkisi 1,815 qram təşkil edən kustar üsulla hazırlanmış narkotik vasitə – heroin məhv edilməli, iş üzrə maddi sübut kimi tanınmış 01 (bir) ədəd DVD disk iş materiallarında saxlanılmalı, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 65 (altmış beş) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 347 – 349, 351 – 353, 356, 358, 381, 383 – 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il 03 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasının əvvəli 14 iyul 2021-ci ildən hesablansın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hazırkı hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində azadlıqdan məhrum etmə növündə cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə tətbiq olunsun. İş üzrə maddi sübut kimi tanınmış və Suraxanı Rayon Polis İdarəsində saxlanılan, müvafiq ekspertiza tədqiqatından sonra qalıq çəkisi 1,815 qram təşkil edən kustar üsulla hazırlanmış narkotik vasitə – heroin məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış 01 (bir) ədəd DVD disk iş materiallarında saxlanılsın. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 65 (altmış beş) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Hökmdən 20 gün müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən Ceyhun Qədimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar