Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-320/2022 27.10.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Nuriyev Elnur Aləm oğlunun sədrliyi, məhkəmə iclas katibi Nayıbov Pərviz Şakir oğlunun katibliyi ilə, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində X3 üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, onun müdafiəçisi, Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, 27 oktyabr 2022-ci il tarixdə, saat 12:15-də, Bakı şəhərində, Təqsirləndirilən şəxs, xx xxxx 1972-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, heç yerdə işləməyən, əvvəllər məhkum olunmamış, Bakı şəhəri Suraxanı rayonu, Hövsan qəsəbəsi, R.Şahsuvarov küçəsi, 28 saylı evin, 5 saylı mənzilində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində Bakı şəhəri Suraxanı rayo Məhkəməsinin 15 aprel 2022-ci il tarixli, 4(010)- 222/2022 nömrəli qərarı ilə əvvəli 13 aprel 2022-ci il tarixdn hesablanmaqla 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həmin Məhkəmənin 12 iyul 2022-ci il tarixli, 4(010)-416/2022 nömrəli qərarı ilə barəsində seçilmiş həbs qətimkan tədbirinin seçilməsindən imtina olunmuş və dərhal məhkəmə zalından azad olunmuş, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 29 sentyabr 2022-ci il tarixli, 1(010)-320/2022 nömrəli qərarı ilə barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs, istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq, şəxsi istehlak miqdarından artıq miqdarda ayrı-ayrılıqda təmiz çəkiləri 0.370 qram və 0.390 qram olan ümumi təmiz çəkiləri 0.760 qram təşkil edən kustar üsulla hazırlanmış narkotik vasitə - heroini əldə edərək, daşımaqla üzərində saxlamış, 13 aprel 2022-ci il tarixdə, saat 17:40-da Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin istifadəsi və saxlanılmasında şübhəli bilinərək Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, R.Şahsuvarov küçəsi, 28 saylı evin qarşısında saxlanılaraq Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsinin inzibati binasına gətirilmiş, orada xidməti otaqların birində videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış və götürmə istintaq hərəkəti həyata keçirilən zaman, həmin 02 (iki) ədəd bükümdə ümumi təmiz çəkisi 0.760 qram olan kustar üsulla hazırlanmış kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eynilik təşkil edən narkotik vasitə heroinlər Təqsirləndirilən şəxs əynindəki qara rəngli cins şalvarın sağ yan cibindən aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək göstərdi ki, 01 ilə yaxındır ki, narkotik vasitə heroindən istifadə edir. Heroini Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsində tanımadığı şəxslərdən alır. Sonuncu dəfə 12 aprel 2022-ci il tarixdə, saat 11:00 radələrində Bakı şəhəri Suraxanı rayonu, Hövsan qəsəbəsi “Bağlar” yaşayış sahəsində üzdən tanıdığı, lakin şəxsiyyəti barədə məlumatı olmayan şəxsdən şəxsi istifadəsi üçün 20 manata 02 ədəd bükümdə heroin almış və onları daha sonra istifadə etmək məqsədilə üzərində saxlamışdır. Həmin narkotik vasitələri özü ilə daşıyaraq yaşadığı Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, R.Şahsuvarov küçəsi, 28 saylı evin qarşısına gətirmişdir. 13 aprel 2022-ci il tarixdə, saat 17:40 radələrində yaşadığı Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, R.Şahsuvarov küçəsi, 28 saylı evin qarşısında olan zaman mülki geyimdə olan iki nəfər yaxınlaşıb özlərini təqdim edərək polis əməkdaşları olduqlarını bildirib ondan da özünü təqdim etməsini tələb etmişlər. Üzərində narkotik vasitə olduğundan özünü təqdim edərkən həyəcanlanmışdır. Polis əməkdaşları bundan şübhələnərək sorğu-sual edib onu, Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 30-cü Polis Şöbəsinə dəvət etmişlər. Etiraz etmədən polis əməkdaşları ilə birlikdə həmin polis şöbəsinə getmiş, orada xidməti otaqların birində hüquq və vəzifələri ona izah edildikdən sonra videoçəkilişdən istifadə edilməklə, üzərinə baxış keçiriləcəyi bildirilmiş və bununla əlaqədar üzərində olan dövriyyəsi qanunla qadağan edilmiş əşyaları təqdim etmək təklif olunmuşdur. Buna görə də o, əynindəki qara rəngli cins şalvarın sağ yan cibində saxladığı iki ədəd bükümü polis əməkdaşlarına təqdim etmiş və bildirmişdir ki, həmin bükümlərdə olan maddələr narkotik vasitə heroindir, onları 12 aprel 2022-ci il tarixdə, saat 11:00 radələrində Bakı şəhəri Suraxanı rayonu, Hövsan qəsəbəsi “Bağlar” yaşayış sahəsində üzdən tanıdığı, lakin şəxsiyyəti barədə məlumatı olmayan şəxsdən 20 manata şəxsi istifadəsi üçün almış və daha sonra istifadə etmək məqsədilə üzərində saxlamışdır. Daha sonra polis əməkdaşları tərəfindən onun üzərində axtarış aparılmış, lakin dövriyyəsi qanunla qadağan olunmuş əlavə hər hansı bir əşya aşkar olunmamışdır. Üzərindən aşkar edilmiş narkotik vasitələr polis əməkdaşları tərəfindən qablaşdırılaraq, götürülmüş və baxışın nəticələrinə dair protokol tərtib edilmiş, protokol onun və digər proses iştirakçıları tərəfindən imzalanmışdır. Saxlanılıb polis bölməsinə gətirilərkən, habelə üzərində axtarış aparılan zaman ona qarşı hər hansı bir təsir, təzyiq və ya zor tətbiq olunmamışdır. Sonda Təqsirləndirilən şəxs törətdiyi əməldən səmimi peşman olduğunu bildirdi. Məhkəmə dövlət ittihamçısını, təqsirləndirilən şəxsi, onun müdafiəçisini və şahidləri dinləyərək, iş materiallarını tədqiq edərək, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətmişdir və onun təqsiri, aşağıda göstərilən sübutlarla təsdiq edilir. Məhkəmədə şahid qismində dindirilmiş Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsinin cinayət axtarış üzrə əməliyyat müvəkkili Şahid1 göstərdi ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə əldə etməsi, üzərində saxlayaraq daşıması, narkotik vasitələrdən mütəmadi olaraq istifadə etməsi barədə Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsinə agentur əməliyyat məlumatı daxil olmuşdur. Daxil olmuş əməliyyat məlumatının yoxlanılması Təqsirləndirilən şəxs tam olaraq şəxsiyyətinin müəyyən edilib cinayət başında yaxalanması, cinayət əməlinin ifşa olunması məqsədi ilə 13 aprel 2022-ci il tarixdə Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsinin rəisi polis polkovnik-leytenantı Elnur Əliyevin adına raport tərtib etmişdir. Daha sonra Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsinin rəisi polis polkovnik-leytenantı Elnur Əliyev tərəfindən əməliyyat qrupunun yaradılması barədə 13 aprel 2022-ci il tarixdə əmr verilmişdir. Həmin əmirə əsasən o qrupun rəhbəri, Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsinin sabiq sahə inspektoru, polis baş leytenantı Şahid2 isə qrupun üzvü müəyyən edilmişdir. Beləliklə də o əməliyyat qrupunun təşkil edilməsi barədə protokol tərtib etmiş və həmin tarixdə əməliyyat axtarış tədbirlərinin həyata keçirilməsi barədə tərəfindən qəbul edilmiş qərar 30cu PŞ-nin rəisi polis polkovnik-leytenantı Elnur Əliyev tərəfindən imzalanmışdır. 13 aprel 2022-ci il tarixdə saat 17:40 radələrində Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsinin sabiq sahə inspektoru, polis baş leytenantı Şahid2 ilə birlikdə əvvəlcədən daxil olmuş əməliyyat məlumatının yoxlanılması məqsədi ilə Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, R.Şahsuvarov küçəsi, 28 saylı evin qarşısında Təqsirləndirilən şəxs ətrafında əməliyyat tədbiri keçirilmişdir.Tədbir nəticəsində Təqsirləndirilən şəxs əlamətlərinə uyğun olaraq Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, R.Şahsuvarov küçəsi, 28 saylı evin qarşısında qeyd edilən şəxsə yaxınlaşaraq özlərini təqdim etmişlər və ondan da özünü təqdim etməsini tələb etmişlər. Özünü Təqsirləndirilən şəxs kimi təqdim edən həmin şəxsə narkotik vasitələrin qanunsuz olaraq əldə edilməsi və üzərində saxlanılmasında, daşımasında şübhəli olduğunu, üzərində şəxsi axtarış və götürmə istintaq hərəkəti keçirilməsi zərurətinin yarandığını bildirib onu, Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsinə dəvət etmişlər. Təqsirləndirilən şəxs da öz növbəsində etiraz etmədən onlarla birlikdə polis şöbəsinə getmişdir. Orada xidməti otaqların birində ona hüquq və vəzifələri izah edildikdən sonra videoçəkilişdən istifadə edilməklə onun üzərinə baxış keçiriləcəyi bildirilmiş və bununla əlaqədar üzərində olan dövriyyəsi qadağan olunmuş əşyaları təqdim etmək təklif olunmuşdur. Buna görə də Təqsirləndirilən şəxs əynindəki qara rəngli cins şalvarın sağ yan cibində saxladığı 02 ədəd bükümü təqdim etmiş və bildirmişdir ki, həmin bükümlərdə olan maddə narkotik vasitə heroindir, onları saxlanılmamışdan bir gün əvvəl, yəni 12 aprel 2022-ci il tarixdə, saat 11:00 radələrində Bakı şəhəri Suraxanı rayonu, Hövsan qəsəbəsi “Bağlar” yaşayış sahəsində üzdən tanıdığı, lakin şəxsiyyəti barədə məlumatı olmayan şəxsdən 20 manata şəxsi istifadəsi üçün almış və daha sonra istifadə etmək məqsədilə üzərində saxlamışdır. Bundan sonra Təqsirləndirilən şəxs üzərində axtarış aparılmış, lakin dövriyyəsi qanunla qadağan olunmuş hər hansı bir əlavə əşya aşkar olunmamışdır. Həmin bükümlərdəki narkotik vasitə qablaşdırılaraq, götürülmüş və baxışın nəticələrinə dair protokol tərtib edilmiş, protokol Təqsirləndirilən şəxs, habelə bütün proses iştirakçıları tərəfindən imzalanmışdır. Saxlanılıb polis şöbəsinə gətirilərkən, habelə üzərində axtarış aparılan zaman Təqsirləndirilən şəxs qarşı hər hansı bir təsir, təzyiq və ya zor tətbiq olunmamışdır. Məhkəmədə şahid qismində dindirilmiş Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsinin sabiq sahə inspektoru, polis baş leytenantı Şahid2, Şahid1 ifadəsi ilə eyni məzmunlu ifadə verdi. İş materiallarında olan şəxsi axtarış və götürmə aparılması haqqında 13 aprel 2022ci il tarixli protokoldan görünür ki, Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsinin inzibati binasında, videoçəkilişdən istifadə edilməklə polis əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs, üzərində şəxsi axtarış və götürmə keçiriləcəyi bildirilmiş və bununla əlaqədar üzərində olan dövriyyəsi qadağan olunmuş əşyaları təqdim etmək təklif olunmuşdur. Buna görə də Təqsirləndirilən şəxs könüllü olaraq, əynindəki qara rəngli cins şalvarın sağ yan cibində saxladığı 02 ədəd bükümü polis əməkdaşlarına təqdim etmiş və bildirmişdir ki, həmin bükümlərdə olan maddə narkotik vasitə heroindir, onları 12 aprel 2022-ci il tarixdə, saat 11:00 radələrində Bakı şəhəri Suraxanı rayonu, Hövsan qəsəbəsi “Bağlar” yaşayış sahəsində üzdən tanıdığı, lakin şəxsiyyəti barədə məlumatı olmayan şəxsdən 20 manata şəxsi istifadəsi üçün almış və daha sonra istifadə etmək məqsədilə üzərində saxlamışdır. Daha sonra polis əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs üzərində axtarış aparılmış, lakin dövriyyəsi qanunla qadağan olunmuş əlavə hər hansı bir əşya aşkar olunmamışdır. Həmin bükümlərdəki narkotik vasitə heroin qablaşdırılaraq, götürülmüş və baxışın nəticələrinə dair protokol tərtib edilmişdir. Baxışın nəticələrinə dair tərtib edilmiş protokol baxışda iştirak edən şəxslər, o cümlədən Təqsirləndirilən şəxs tərəfindən imzalanmışdır. İş materiallarında olan materialların məhkəmə ekspertizasının 14 aprel 2022-ci il tarixli, 6/2124 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası Din Zərflər üçün №-194” dairəvi möhür əks olan “şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən...” sözləri və imzaları qeyd edilmiş bir ədəd zərfin içərisində 02 (iki) ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 0.370 qram və 0.390 qram ümumi təmiz çəkisi 0.760 qram olan qəhvəyi rəngli tozşəkilli maddələr kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Tədqiqata təqdim edilmiş 02 ədəd bükümdə heroinlər xarici görünüş əlamətlərinə görə və kimyəvi komponent tərkiblərinə görə bir-biri ilə eynilik təşkil edir. Heroin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in siyahısına (Siyahı İ) daxildir. Ümumi təmiz çəkisi 0.760 qram olan heroinin 0.1 qram hissəsi tədqiqata sərf olunmuş, qalıq 0.660 qram təşkil etmişdir. İş materiallarında olan diskə baxış keçirilməsi haqqında 26 aprel 2022-ci il tarixli protokoldan, habelə iş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş DVD diskdəki video görüntüdən görünür ki, Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsinin inzibati binasında, polis əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs, üzərinə şəxsi axtarış və götürmə keçiriləcəyi bildirilir və bununla əlaqədar üzərində olan dövriyyəsi qadağan olunmuş əşyaları təqdim etmək təklif olunur. Təqsirləndirilən şəxs könüllü olaraq əynindəki qara rəngli cins şalvarın sağ yan cibində saxladığı 02 ədəd bükümü polis əməkdaşlarına təqdim edir və bildirir ki, həmin bükümlərdə olan maddə narkotik vasitə heroindir, onları 12 aprel 2022-ci il tarixdə, saat 11:00 radələrində Bakı şəhəri Suraxanı rayonu, Hövsan qəsəbəsi “Bağlar” yaşayış sahəsində üzdən tanıdığı, lakin şəxsiyyəti barədə məlumatı olmayan şəxsdən 20 manata şəxsi istifadəsi üçün almış və daha sonra istifadə etmək məqsədilə üzərində saxlamışdır. Bundan sonra Təqsirləndirilən şəxs üzərində axtarış aparılır, lakin dövriyyəsi qanunla qadağan olunmuş əlavə hər hansı bir əşya aşkar olunmur. İş materiallarında olan ambulator məcburi-narkoloji tibbi yoxlamanın 02 iyun 2022-ci il tarixli, 2897 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs opoidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (Narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniydan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X2 İdarəsinin təqdim etdiyi tələbnaməyə əsasən Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Beləliklə, yuxarıda göstərilən sübutlarla Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə müəyyən olunmuş cinayətin törədilməsində təqsiri tam sübuta yetirilir. Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli, 961-İİQ saylı Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının” İ siyahısının 5-ci bəndinin tələbinə görə heroinin şəxsi istehlak miqdarından artıq miqdar (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 0.15 qram, külli miqdar (təmiz halda qramlarla) daxil olmaqla aşağı həddi 2 qramdır. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli, 959-İİQ nömrəli Qanununun 1.0.8, 1.0.9 və 1.0.10-cü maddələrinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş və narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması - məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli, 2 nömrəli Qərarının 4-cü bəndinə görə törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür. Həmin Qərarın 5-ci bəndinə görə təqsirli şəxsin narkotik vasitələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. Cəza təyin edərkən məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs müsbət xarakterizə olunan şəxsiyyətini, yaşını, əvvəllər məhkum olunmamasını, narkomaniya xəstəliyinə tutulduğunu, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Törətdiyi əməldən səmimi peşman olmasını məhkəmə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal hesab edir. İş üzrə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 4 saylı Qərarının 3-cü bəndində göstərilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. “Məhkəmə Hökmü Haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-cı il tarixli 15 saylı qərarının, 43-cü bəndində qeyd olunmuşdur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən onun barəsində işdə olan və ayrı-ayrılıqda yuxarıda sadalanan cəzasını yüngülləşdirən halın olub, cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alaraq, eləcə də təqsirləndirilən şəxsin azadlıqdan məhrum etmə növündə cəza çəkmədən islah olunmasını mümkün sayaraq, hesab edir ki, ona azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunduğu təqdirdə də cəzanın məqsədləri təmin edilə bilər. Bununla əlaqədar məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum edilməklə cəmiyyətdən tam təcrid edilməsinə əsaslar müəyyən edilmədiyinə görə təqsirləndirilən şəxs barəsində azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməlidir. Bundan başqa, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanır. İş materiallarında olan şübhəli şəxsin tutulması haqqında 13 aprel 2022-ci il tarixli protokoldan, habelə təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında 15 aprel 2022-ci il tarixli qərardan, təqsirləndirilən şəxsin barəsində həbs növündə qətimkan tədbirinin seçilməsinə dair Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 15 aprel 2022-ci il tarixli qərarından, təqsirləndirilən şəxsin barəsində həbs növündə qətimkan tədbirinin seçilməsindən imtina olunmasına dair Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 12 iyul 2022-ci il tarixli qərarından və Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 29 sentyabr 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs 13 aprel 2022-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə şübhəli şəxs qismində tutulmuş, 15 aprel 2022-ci il tarixdə cinayət işi üzrə əməl Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsindən həmin Məcəllənin 234.2-ci maddəsinə tövsif edilərək, həmin maddə ilə təqsirləndirilən şəxs qismindən cəlb edilərək ona Azərbaycan Respublikası CM-nin 234.2ci maddəsi ilə ittiham elan edilmiş, həmin tarixdə Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin qərarı ilə Təqsirləndirilən şəxs barəsində əvvəli 13 aprel 2022-ci il tarixdn hesablanmaqla 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həmin Məhkəmənin 12 iyul 2022-ci il tarixli, 4(010)-416/2022 nömrəli qərarı ilə barəsində seçilmiş həbs qətimkan tədbirinin seçilməsindən imtina olunmuş və dərhal məhkəmə zalından azad olunmuşdur. İş materiallarında olan cinayət işinin tövsif edilməsi haqqında 05 iyul 2022-ci il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə ibtidai istintaqı aparılan ********* nömrəli cinayət işi üzrə əməl Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif edilərək, ibtidai istintaq Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə davam etdirilmişdir. Bundan başqa, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 29 sentyabr 2022-ci il tarixli, 1(010)-320/2022 nömrəli qərarı ilə Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası CPM-nin 158.2 və 158.2.1-ci maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan hesablanır və tutulduğu müddət həbsdə saxlama müddətinə daxil edilir. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı 13 aprel 2022-ci il tarixdən 12 iyul 2022-ci il tarixədək tutulduğu 02 (iki) ay 29 (iyirmi doqquz) gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanaraq, 05 (beş) ay 28 (iyirmi səkkiz) gün azadlığın məhdudlaşdırılmasına bərabər tutulmaqla təyin olunmuş cəzadan çıxılmalı və Təqsirləndirilən şəxs üzərində qəti olaraq, müəyyən müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmalıdır. Bundan başqa, Azərbaycan Respublikası CM-nin 52-1.1-ci maddəsinə əsasən, azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs barəsində təyin edilən cəzanın növünü və onun barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin seçilməsinə əsas olmuş halların aradan qalxmamasını nəzərə alaraq hesab edir ki, hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilmədən saxlanılmalıdır. Bundan başqa, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Həmçinin məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinə əsasən, iş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin maddi sübutların saxlanc yerinə təhvil verilmiş, xalis çəkisi 0.660 qram olan narkotik vasitə - heroin məhv edilməlidir. Habelə məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 197.1, 197.1.4 və 198.1-ci maddələrinə əsasən iş üzrə materialların məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 92 (doxsan iki) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs dövlət nəfinə tutulmalıdır. Bundan əlavə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə məsrəfləri ilə bağlı əlavə olaraq məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli, 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmədə göstərdiyi pulsuz hüquqi yardıma görə 08 (səkkiz) iş saatı üçün 48 (qırx səkkiz) manat məbləğində vəsait müdafiəçisi Bakı şəhəri 9 saylı vəkil bürosunun vəkili Müdafiəçi ödənilməsi üçün Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Bakı şəhəri 9 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 346, 347, 349, 351-353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona, 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilsin. Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı 13 aprel 2022-ci il tarixdən 12 iyul 2022-ci il tarixədək tutulduğu 02 (iki) ay 29 (iyirmi doqquz) gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanaraq, Təqsirləndirilən şəxs təyin edilən 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasından 05 (beş) ay 28 (iyirmi səkkiz) gün çıxılsın və Təqsirləndirilən şəxs çəkilməsi üçün qəti olaraq, 02 (iki) il 06 (altı) ay 02 (iki) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası müəyyən edilsin. Təqsirləndirilən şəxs üzərinə hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs üzərində nəzarətin həyata keçirilməsi Bakı şəhəri Probasiya İdarəsinə həvalə edilsin. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri qüvvəsində saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə materialların məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 92 (doxsan iki) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs dövlət nəfinə tutulsun. İş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin maddi sübutların saxlanc yerinə təhvil verilmiş, xalis çəkisi 0.660 qram olan narkotik vasitə - heroin məhv edilsin. Təqsirləndirilən şəxs məhkəmədə göstərdiyi pulsuz hüquqi yardıma görə 08 (səkkiz) iş saatı üçün 48 (qırx səkkiz) manat manat məbləğində vəsait müdafiəçisi Bakı şəhəri 9 saylı vəkil bürosunun vəkili Müdafiəçi ödənilməsi üçün Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Bakı şəhəri Bank ABB Suraxanı filialı, VÖEN **********, h/h ********************, SWİF GOODE İBAZAZ2X, m/h-**********031, kod 805692, VÖEN **********, AİİBAZ2X, hesab-********************, VÖEN-********** hesablaşma hesabı üzərindən Bakı şəhəri 9 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökm elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya protesti verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Elnur Nuriyev
Məhkəmə qərarları › İş №1(010)-320/2022
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-320/2022
27.10.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver