Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-322/2022 14.10.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Rzayeva Nərminə Cahangir qızının sədrliyi, Ələmşahova Aytəkin Aqil qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi Bakı şəhəri 09 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, Təqsirləndirilən şəxs, xx.xx.1966-cı ildə, Ucar rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, "xxxx" MMC-də sürücü işləyən, məhkumluğu olmayan, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi F.Bayramov küçəsi, ev 20 mənzil 2-də qeydiyyatda olub yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs 05 sentyabr 2020-ci il tarixdə saat 20:30 radələrində "BCD" kateqoriyalı sürücülük vəsiqəsi olmaqla idarə etdiyi, texniki cəhətdən saz vəziyyətdə olan «Tata LPO1618» markalı, **-JS-*** dövlət qeydiyyat nişanlı avtobusla Suraxanı rayonu, Hövsan qəsəbəsi "xxxx" MMC-nin yaxınlığında yerləşən yardımçı yolla Zığ qəsəbəsi istiqamətində 50 km/saat sürətlə hərəkətdə olarkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin pozaraq, yəni yol hərəkətinin iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkəti və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalı, diqqətini daim dəyişən yol şəraitindən və avtobusun idarə olunmasından ayırmamalı, hərəkət hissənin kənarında dayanmış piyadadan hərəkətin təhlükəsizliyini təmin edən ara məsafəsi saxlayaraq piyadanın yanından keçib getməli, bununla da hadisənin qarşısını almağa texniki imkanı olduğu halda bunu etməyib, yolun sağ hissəsində dayanmış piyada Zərərçəkmiş şəxs Saday oğlunu avtobusun qabaq sağ tini ilə vurmuş, nəticədə ehtiyatsızlıqdan zərərçəkmişə baş beyinə, qişalarına və mədəciklərinə qansızma, sağda qabırğaların çoxsaylı sınıqları, burun sümüklərinin sınıqları, hər iki ağciyərin əzilməsi, alın nahiyəsinin əzxilmiş-cırpılmış yaraları, bədənin çoxsaylı sıyrıqları, dərəcəsinə görə canlı şəxslərdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmanın əlamətlərinə malik olan xəsarətlər yetirib ölümünə səbəb olan yol nəqliyyat hadisəsi törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, “BCD” kateqoriyalı sürücülük vəsiqəsi olmaqla "xxxx" MMC-də sürücü işləyir. Həmin şirkətə məxsus “Tata LPO1618” markalı, **-JS-*** dövlət qeydiyyat nişanlı avtobusla tikinti şirkətində işləyən fəhlələri işə aparıb işdən sonra yaşadıqları yataqxanaya aparmaqla məşğul olur. 05 sentyabr 2020-ci il tarixdə saat 20:30 radələrində Zabrat qəsəbəsindən fəhlələri avtobusa mindirib Hövsan qəsbəsinə yaşadıqları yataqxanaya aparmaq üçün yola düşmüşdür. Saat 21:30 radələrində Hava Limanı-Zığ beton yolu ilə hərəkət edib "xxxx" şirkətinin qarşısından keçən yardımçı yola dönüb hərəkətini davam etdirmişdir. Avtobus texniki cəhətdən saz vəziyyətdə olmuş, yol quru, hava qarnlıqlamış olsa da həmin yerdə yol şəhər işıqları ilə işıqlandırılır. Beləliklə təxminən 50 km/saat sürətlə hərəkətdə olarkən avtobusun çöl sağ tərəfindən tappıltı səsi eşitmişdir. Həmin vaxt avtobusda olan sərnişin Sərdar Nuriyev demişdir ki, deyəsən avtobusun təkəri partladı. O, isə hesab etmişdir ki, mühərrikin remeni sınmışdır. Həmin yerdən təxminən 10-15 metr irəli gedib avtobusu yolun kənarında saxlamış, avtobusdan düşüb təkərlərə baxmışdır ki, heç biri zədələnməyib, mühərrikin remenini yoxlamaq istəyərkən fəhlələrdən Sərdar və Sərvan demişlər ki, avtobusla yol kənarında dayanmış piyadanı vurmuşdur və piyada yol kənarında olan otluq sahəyə yıxılmışdır. Həmin vaxt piyada hələ sağ olmuş, o təcili yardıma zəng vurub məlumat vermiş, fəhlələr isə işlədiyikləri şirkətə zəng vurub məlumat vermişlər. Bir neçə dəqiqə sonra şirkətin həkimi İlham hadisə yerinə gəlmiş, vurduğu piyadaya baxıb demişdir ki, o başından xəsarət ahb, onu tərpətmək olmaz. Az sonra isə hadisə yerinə təcili yardım həkimləri gəlmişlər və piyadanı maşina qoyub xəstəxanaya aparmışlar. Təxminən 20-25 dəqiqədən sonra təcili yardım maşını hadisə yerinə qayıdıb bilmişlər ki, artıq həmin piyada ölmüşdür. Bir qədər sonra isə hadisə yerinə polis əməkdaşları gəlmişlər və hadisə yerinə baxış keçirmişlər. O, yuxarıda göstərdiyi kimi hadisə barədə məlumat verib sənədlərini təqdim etmişdi. Sonradan ona məlum olmuşdur ki, avtobusla vurduğu piyada Hövsan qəsəbəsi Bağlar massivində yaşayan Zərərçəkmiş şəxs Saday oğludur. Qohumları onun yasında iştirak etmişlər və yasla bağlı yardım göstərmişdir. Məhkəmə dövlət ittihamçısını, təqsirləndirilən şəxsi, onun müdafiəçisini və şahidləri dinləyərək, habelə iş materiallarını tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətmişdir və onun təqsiri, özünün etirafedici ifadəsi ilə yanaşı, aşağıda göstərilən digər sübutlarla da təsdiq edilir. İş üzrə zərərçəkmiş şəxsin hüquqi varisi qismində tanınaraq dindirilmiş X1 göstərmişdir ki, Zərərçəkmiş şəxs Saday oğlu onun əri olub, onunla 1993- cü ildə ailə qurub və birlikdə yaşamışlar. 05 sentyabr 2020-ci ildə saat 21 radələrində Fikrətin mobil telefonuna zəng vursa da onun telefonu söndürülü olmuş, həmin gecə şəhərdə ona dəfələrlə zəng vursa da cavab verən olmamışdır. 06 sentyabr 2020-ci ildə saat 11 radələrində ona zəng vurub bildirmişlər ki, 05 sentyabrda Hövsan qəsəbəsində hərəkətdə olan avtobus əri Zərərçəkmiş şəxs vurmuş və nəticədə o hadisə yerində ölmüşdür. Bundan sonra qohumları ilə birlikdə morqa gedib meyiti qəbul edib həmin gün Cəlilabad rayonuna aparıb dəfn etmişlər. Fikrəti avtobusla vuran sürücü Təqsirləndirilən şəxs qohumları yas mərasimində iştirak edib qismən maddi yardım göstərmişlər. Zərəçəkmiş şəxsin hüquqi varisi X1 07 avqust 2022-ci il tarixdə notarial qaydada təsdiq olunmuş ərizəsində, barışdıqlarını, təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbinin olmadığını qeyd etmişdir. Təqsirləndirilən şəxs dəfn mərasimlərinin keçirilməsində iştirak etmiş və köməklik göstərmişdir. Məhkəmədə şahid qismində dindirilmiş X5 göstərmişdir ki, "xxxx" MMC-nin tibb məntəqəsində orta tibb işçisi işləyir. Təqsirləndirilən şəxs həmin MMC-də sürücü işləyir, onunla normal münasibəti vardır. 05 sentyabr 2020-ci il tarixdə işdə növbətçi olan zaman saat 21:30 radələrində işçilər ona bildirmişlər ki, Azad idarə etdiyi avtobusla beton yolun kənarında dayanmış piyadanı vurmuşdur. Bundan sonra işçilərlə birlikdə həmin yerə gəlmiş və görmüşdür ki, Azadın avtobusla vurduğu piyada yol kənarında olan dəmir çəpərin altında üzüstə yerə uzanıb, onun baş nahiyəsindən xəsarət aldığına görə qan axıb dayanmışdır. Azadın idarə etdiyi avtobus isə həmin yerdən təxminən 15-20 metr irəlidə yol kənarında dayanmışdır. O, piyadanın nəbzini yoxlamış, görmüşdür ki, nəbzi zəif vurur. Bildirmişdir ki, piyadanı tərpətmək olmaz, yalnız təcili yardım stansiyasının həkimlərini çağırmaq lazımdır. Bir qədər sonra hadisə yerinə təcili yardım stansiyasının həkmləri gəlib həmin piyadanı yerdən qaldırıb özlərinin maşınına qoyaraq aparmışlar. Təxminən 1-2 dəqiqədən sonra təcili yardım maşını geri qayıtmış və bildirmişlər ki, piyada aldığı xəsarətlərdən ölmüşdür. Məhkəmədə şahid qismində dindirilmiş X2 göstərmişdir ki, "xxxx" MMC-də fəhlə işləyir. Təqsirləndirilən şəxs həmin MMC-də sürücü işləyir, onunla normal münasibəti vardır. 05 sentyabr 2020-ci il tarixdə saat 21:30 radələrində Azad idarə etdiyi avtobusla onları Zabrat qəsəbəsindən işdən götürüb yataqxanaya aparırmış. Beton yolla gedib "xxxx" şirkətinin qarşısından dönüb yardımçı yola çıxaraq körpünün altından keçib hərəkətini davam etdirirmiş. Həmin vaxt o, avtobusun qabaq sıralarında sağ tərəfdə pəncərənin qarşısında oturmuşdur. Bu zaman çöldən səs gəlmiş və elə bilmişlər ki, avtobusun təkəri cırılmışdır. Təxminən 10-15 metr gedəndən sonra Azad avtobusu yolun kənarında saxlamış və onlar avtobusdan düşüb telefon işığında avtobusun yanma baxmışlar. Bu zaman onunla birlikdə fəhlə işləyən Sərvər arxadan onları çağırıb bildirmişdir ki, yol kənarında bir nəfər şəxs yerə yıxılıb. Tez həmin yerə gələrək görmüşlər ki, yol kənarında olan dəmir çəpərin altında bir nəfər şəxs üzüstə yerə uzanıb və onun baş nahiyəsi qanamıışdır. Dərhal təcili yardım stansiyasının həkimlərini hadisə yerinə çağırmışlar. Bir qədər sonra hadisə yerinə təcili yardım həkimləri gəlib həmin piyadanı yerdən qaldırıb özlərinin maşınına qoyaraq aparmışlar. Təxminən 1-2 dəqiqədən sonra təcili yardım maşını geri qayıtmış və bildirmişlər ki, piyada aldığı xəsarətlərdən ölmüşdür. Həmin piyadanın yol kənarında dayandığını və Azad idarə etdiyi avtobusla vurduğunu görməmiş, yalnız səsə eşitmişdir. Məhkəmədə ifadəsi elan edilmiş şahid X4 ibtidai istintaq zamanı göstərmişdir ki, da eyni məzmunlu ifadə verərək Sərdar Nuriyevin göstərdiyi xüsusatları təsdiq etmişdir. Cinayət işinin 4-11-ci vərəqələrində olan iş materiallarında olan yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında 05 sentyabr 2022-ci il tarixli protokoldan, ona əlavə edilmiş yol-nəqliyyat hadisəsi sxemindən və fotoşəkillərdən görünür ki, yol-nəqliyyat hadisəsi Zığ-Aeroport şossesinin, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsində yerləşən "xxxx" MMC-nin yaxınlığında yerləşən yardımçı yolda baş vermişdir. Yolun hərəkət zolaqlarının sayı 02, hərəkət hissəsinin eni 5 metr, yol örtüyünün eni isə 10 metrdir. Yol nəqliyyat hadisəsi nəticəsində, qeyd edilən yolun kənarında dayanmış Zərərçəkmiş şəxs Saday oğlunu vurmuşdur. Piyada yardımçı yolun üzü Zığ qəsəbəsi istiqamətində yolun sağ tərəfində- yol kənarında üzü istiqamətində dayanmışdır. Cinayət işinin 13-cü vərəqəsində olan 05 sentyabr 2020-ci il tarixli, 1/2242 saylı sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktından görünür ki, yol-nəqliyyat hadisəsi zamanı sürücü Təqsirləndirilən şəxs ayıq olmuşdur. Cinayət işinin 54-57-ci vərəqələrində olan iş üzrə təyin edilmiş məhkəmə tibb ekspertiasının xx.xx.2020-ci il tarixli 101 saylı rəyi ilə müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs Saday oğlunun meyiti üzərində olan xəsarətlər: baş beyinə, qişalarına və mədəciklərinə qansızma, sağda qabırğaların çoxsaylı sınıqları, burun sümüklərinin sınıqları, hər iki ağciyərin əzilməsi, alın nahiyəsinin əzilmiş-cırpılmış yaraları, bədənin çoxsaylı sıyrıqları bərk küt əşya təsirindən törənmişlər, xx.xx.2020-ci ildə hərəkətdə olan avtomobilin qabarıq hissələrinin piyadanı vurması nəticəsində əmələ gələ bilərdilər, dərəcəsinə görə canlı şəxslərdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmanın əlamətlərinə malikdir. F.S.İsmayılovun ölümünə səbəb ağır qapalı kəllə beyin travması nəticəsində baş beyinə, qişalarına və mədəciklərinə qansızma olmuşdur. Cinayət işinin 58-61-ci vərəqələrində olan iş üzrə təyin edilmiş məhkəmə yolnəqliyyat hadisələri ekspertizasının 26 noyabr 2020-ci il tarixli 8/1890 №-li rəyi ilə müəyyən edilmişdir ki, «Tata LPO1618» markalı, **-JS-*** dövlət qeydiyyat nişanlı avtobusun sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Həmin maddələrin tələblərinə əsasən yol hərəkətinin iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkəti və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalıdır. Cinayət işinin 62-63-cü vərəqələrində olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistik İnformasiya İdarəsindən daxil olmuş xx.xx.2021-ci il tarixli tələbnaməyə əsasən Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. Beləliklə, göstərilən sübutlarla Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə müəyyən olunmuş cinayətin törədilməsində təqsiri tam sübuta yetirilir. Cəza təyin edərkən məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, məhkumluğu olmayan şəxs olduğunu, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Törətdiyi əməldən səmimi peşman olmasını, hadisələrin təsadüfi axarı zəminində ilk dəfə az ağır cinayət törətməsini, yol-nəqliyyat hadisəsi nəticəsində vurulmuş zərəri tam ödəyərək zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə etməsini, ona qarşı heç bir şikayət və tələblərinin olmamasını və təqsirləndirilən şəxsin cinayətin törədilməsindən bilavasitə sonra zərərçəkmiş şəxsə tibbi və ya digər yardım göstərməklə onun həyat və sağlamlığına dəyə biləcək zərərin azaldılmasına yönəlmiş hərəkətlərin edilməsi məhkəmə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar hesab edir. İş üzrə Təqsirləndirilən şəxs təyin edilən cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Azərbaycan Respublikası CM-nin 59.1.12 və 59.1.13-cü maddələrinə görə zərəçəkmiş şəxslə və ya onun yaxın qohumu olan hüquqi varisi ilə barışıq əldə edilməsi, cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsi və ya aradan qaldırılması cəzanı yüngülləşdirən hal hesab olunur. Azərbaycan Respublikası CM-nin 60-cı maddəsinə uyğun olaraq, həmin Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Azərbaycan Respublikası CM-nin 56.1.1-ci maddəsinə əsasən ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın çəkilməsi məntəqə tipli cəzaçəkmə müəssisələrində müəyyən edilir. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 60-cı maddəsinin tələbi nəzərə alınmaqla ədalətli cəza təyin edilməli və cəzanın çəkilməsi məntəqə tipli cəzaçəkmə müəssisəsində müəyyən edilməlidir. Habelə məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 197.1, 197.1.4 və 198.1-ci maddələrinə əsasən iş üzrə məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının keçirilməsinə xərclənmiş cəmi 100 manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs dövlət mədaxilinə tutulmalıdır. Həmçinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə məsrəfləri ilə bağlı əlavə olaraq məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs, ibtidai istintaq zamanı və məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli, 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Buna görə də məhkəmə hesab edir ki, Bakı şəhəri 09 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 25 (iyirmi beş) iş saatına görə 150 (bir yüz əlli) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 09 saylı Vəkil Bürosunun "xxxx" ASC-nin Suraxanı filialında olan hesablaşma hesabına (VÖEN ********** h./h******************** SWİFT GODE İBAZAZ2X, müxbir hesabı **********031. kod 805692 VÖEN **********) köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 346, 347, 349, 351-353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona, 01 (bir) il 06 ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 03 (üç) il 03 (üç) ay müddətinə azadlıqdan məhrum etmə növündə cəza təyin edilsin. Cəzanın çəkilməsi Təqsirləndirilən şəxs məntəqə tipli cəzaçəkmə müəssisəsində müəyyən edilsin. Cəzaçəkmə müddətinin başlanğıcı Təqsirləndirilən şəxs məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydə alındığı vaxtdan hesablansın. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri qüvvəsində saxlanılsın. İş üzrə məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş cəmi 100 (bir yüz) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutulub dövlət nəfinə keçirilsin. Bakı şəhəri 09 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 25 (iyirmi beş) iş saatına görə 150 (bir yüz əlli) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 09 saylı Vəkil Bürosunun "xxxx" ASC-nin Suraxanı filialında olan hesablaşma hesabına (VÖEN ********** h./h******************** SWİFT GODE İBAZAZ2X, müxbir hesabı **********031. kod 805692 VÖEN **********) köçürülsün. Hökm elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apelyasiya şikayəti və ya protesti verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Nərminə Rzayeva
Məhkəmə qərarları › İş №1(010)-322/2022
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-322/2022
14.10.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver