Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-322/2024 29.10.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Rzayeva Nərminə Cahangir qızının sədrliyi, Ələmşahova Aytəkin Aqil qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Təqsirləndirilən şəxs müdafiəçisi, Bakı şəhəri 09 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, Təqsirləndirilən şəxs, xx.xx.1963-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu olan, məhkumluğu ödənilməmiş, Bakı şəhəri, Sabunçu rayonu, Vişnyovka 2, Bağ sahəsi 212 ünvanında qeydiyyatda olan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan istintaqa məlum olmayan mənbədən bir ədəd şəffaf rəngli sellofan torbadakı təmiz çəkisi 160.0 qram olan, yəni xeyli miqdarda bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı qanunsuz olaraq əldə edib özündə saxlamış, xx.xx.2024-cü tarixdə saat 12:30 radələrində həmin narkotik vasitəni üzərində daşıyarkən Nəqliyyatda Baş Polis İdarəsinin Cinayət axtarış idarəsinin əməkdaşları tərəfindən keçirilmiş tədbirlər nəticəsində X4 Vağzalı ərazisində saxlanılaraq NBPİ-nin inzibati binasına aparılmış və orada üzərində şəxsi axtarış keçirilərkən üzərində saxladığı şəffaf rəngli sellofan torbadan həmin xeyli miqdardakı 160.0 qram çəkidə olan narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndiriən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ifadəsində özünü təqsirli bilərək göstərmişdir ki, narkotik vasitə istifadəçisidir, bədənində olan ağrılar güclənəndə narkotikdən istifadə edir. Əvvəllər məhkum olunmuşdur. Sonuncu dəfə 2023-cü ilin noyabr ayında həbsdən buraxılmışdır. 03 mart 2024-cü ildə saat 14 radələrində Zabrat dəmir yolu vağzalının ərazisində boş butulka şüşələrini yığan zaman sellofan torba görmüş, həmin torbanı götürərək içərisinə baxmış və orada narkotik vasitə olan marixuana olduğunu bilmişdir. O, narkotik vasitə istifadəçisi olduğu üçün həmin sellofan torbanın içərisindəki marixuananı dərhal tanımış və öz istifadəsi üçün həmin narkotiki götürüb özündə saxlamışdır. Səhərisi gün X4 vağzalına gələrək qatarla Sumqayıta getmək istəyərkən saat 12:30 radələrində mülki geyimdə olan iki nəfər ona yaxınlaşaraq polis əməkdaşları olduqlarını ona demiş və onu Nəqliyyatda Baş Polis İdarəsinə dəvət etmişlər. O, polis əməkdaşlarının təklifinə əsasən onlarla birlikdə polis idarəsinə gəlmiş, orada narkotik vasitələrin qanunsuz istifadəsində və gəzdirilməsində şübhəli olduğu ona bildirilmiş və müdafiə hüquqları təmin edilməklə üzərinə baxış keçiriləcəyi ona izah olunmuşdur. Bundan sonra ona müdafiəçi təqdim edilmiş, polis əməkdaşlarının iştirakı ilə videoçəkiliş aparılmaqla təhqiqatçı tərəfindən onun üzərində şəxsi axtarış keçirilmişdir. O, həmçinin ifadəsində üzərindən başqa heç bir qanunsuz əşya aşkar edilmədiyini, lakin əynindəki qara rəngli şalvarın sol hissədən kəmərinin iç tərəfinə yerləşdirərək gizlətdiyi şəffaf rəngli selofan bağlamanın içərisindən narkotik vasitə olan qurudulmuş marixuana aşkar edildiyini bildirmişdir. Bundan sonra bu barədə protokol tərtib edilmiş, aşkar edilmiş həmin narkotik vasitə ekspertizaya təqdim edilməsi üçün qablaşdırılmış və tərtib edilmiş protokol iştirakçılar tərəfindən imzalanmışdır. O, həmçinin ifadəsində özünün təqsirli bildiyini, törətdiyi əməldən peşman olduğunu bildirmişdir. Sonda o, əməlindən səmimi peşman olduğunu bildirərək, yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində DİN-in Nəqliyyatda Baş Polis İdarəsinin Cinayət Axtarış İdarəsinin əməliyyat müvəkkili vəzifəsində işlədiyini, Bakı şəhər sakini Təqsirləndirilən şəxs üzərində narkotik vasitə olması və həmin narkotik vasitəni istifadə etmək məqsədi ilə 04 mart 2024-cü ildə saat 12 radələrində X4 Stansiyasının ərazisinə gələcəyi barədə məlumat daxil olduğunu, dərhal bu barədə rəhbərliyə raportla məruzə olunaraq təxirə salınmaz əməliyyat-taxtarış tədbirlərinin keçirilməsi barədə qərar qəbul olunduğunu, rəhbərliyin göstərişinə əsasən əməliyyat qrupunun təşkil edilməsini, özünün və idarənin digər əməliyyat müvəkkili Şahid2 həmin qrupun tərkibində olmasını bildirmişdir. O, həmçinin, qərar qəbul olunduqdan sonra qrup üzvləri ilə birlikdə 04 mart 2024-cü ildə saat 12 radələrində X5 Vağzalına getmələrini, təqribən 12:30 radələrində alınmış məlumata uyğun nişanələrdə olan bir nəfərin vağzal ərazisində müşahidə etdiklərini, ona yaxınlaşıb özlərini təqdim etməklə NBPİ-nin əməkdaşları olduqlarını bildirdiklərini və həmin şəxsə üzərində narkotik olması barədə məlumat daxil olduğunu dediklərini, həmin şəxsi polis idarəsinin inzibati binasına dəvət etdiklərini ifadəsində bildirmişdir. Bundan sonra həmin şəxsin onlarla birlikdə NBPİ-nə gətirilmiş, dərhal bu barədə rəhbərliyə raportla məruzə etdikdən sonra müvafiq araşdırma başlanıldığını, təhqiqatçı tərəfindən müdafiəçi dəvət olunmasını, saxlanılan şəxsə hüquq və vəzifələrinin izah edilməsini, sonra araşdırmanı aparan təhqiqatçı tərəfindən gətirilmiş şəxs Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz olaraq daşınmasında və istifadəsində şübhəli şəxs kimi saxlanılması barədə bildirməsindən sonra* onun üzərinə polis əməkdaşlarının və müdafiəçinin iştirakı ilə videoçəkiliş aparılmaqla şəxsi axtarış keçirilməsini bildirmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynindəki qara rəngli şalvarın sol tərəfdən kəmərin iç hissəsinə yerləşdirərək gizlətdiyi sellofan torbanın içərisindən narkotik vasitə marixuanaya bənzər kütlə aşkar edilməsini, sorğu zamanı Təqsirləndirilən şəxs həmin sellofan torbadan aşkar edilmiş narkotik vasitəyə bənzər maddənin marixuana olduğunu bildirməsini, həmin narkotiki 03 mart 2024-cü il tarixdə Zabrat Dəmir yolu vağzalının ərazisindən yerdən tapdığını, qadağan olduğunu və cinayət məsuliyyəti yaradacağını bildiyi halda özü istifadə etmək üçün üzərində saxladığını deməsini bildirmişdir. O, həmçinin ifadəsində həmin narkotikin zərfə qoyularaq ekspertizaya təqdim edilməsi üçün qablaşdırılmasını və zərfin bağlanaraq möhürləndiyini, tərtib edilmiş protokolun da iştirakçılar tərəfindən imzalandığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 və Şahid2 ifadələrində Şahid1 göstərdiklərini təsdiq etməklə onunla eyni məzmunlu ifadə vermişlər. Cinayət işinin 18-ci vərəqində olan “şübhəli şəxsin tutulması haqqında” 04 mart 2024-cü il tarixli protokolundan görünür ki, Təqsirləndirilən şəxs 04 mart 2024-cü il tarixdə, saat 12:30-da şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin materiallarının 61-62-ci vərəqlərində olan 06 mart 2024-cü il tarixli “təqsirləndirlən şəxs barəsində qətimkan tədbirinin seçilməsi barədə” qərara əsasən, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbirinin seçilməsi qərara alınmışdır. Cinayət işinin 23-24-cü vərəqlərində olan 04 mart 2024-cü il tarixli şəxsi axtarış və götürmə aparılması protokolundan müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs sağ əli ilə əynindəki qara rəngli şalvarının sol yan kəmərinə yerləşdirilmiş 1 ədəd şəffaf selofana bükülmüş kütləni, daha sonra isə əynindəki isti gödəkçəsinin iç cibindən özünə məxsus AA5515594 nömrəli şəxsiyyət vəsiqəsini masanın üstünə qoydu. Sorğu zamanı Təqsirləndirilən şəxs bildirdi ki, əynindəki qara rəngli şalvarının sol yan kəmərinə yerləşdirilmiş 1 ədəd şəffaf selofana alt hissəsindən isə qara rəngli selofana bükülmüş yaş formalı yaşıl rəngə çalan ot kütləsi narkotik vasitədir. Daha sonra Təqsirləndirilən şəxs qeyd etmişdir ki, həmin narkotik vasitəni o, 03 mart 2024-cü il tarixdə Zabrat dəmir yolu stansiyasının ərazisində yerləşən zibil qutularından boş şüşələr yığarkən həmin zibil qutularının yanından tapmışdır. 04 mart 2024-cü il tarixdə həmin bükümü üzərində saxlamaqla Sumqayıt şəhərinə getmək üçün X4 vağzalının ərazisinə gəlmiş, vağzalın ərazisində olarkən polis əməkdaşları tərəfindən saxlanılmışdır. Baxış zamanı yuxarıda qeyd edildiyindən əlavə Təqsirləndirilən şəxs üzərindən qanunla qadağan edilmiş hər hansı əşya və predmet aşkar edilmədi. Baxış "Samsung” markalı mobil telefonla lentə alınmaqla Təqsirləndirilən şəxs üstündən aşkar edilmiş büküm özünün, iştirakçıların və vəkilinin iştirakı ilə ekspertizaya təqdim edilməsi üçün qablaşdırıldı, zərfə qoyuldu, möhürlə möhürləndi və protokola əlavə edildi. Digər predmetlər iş üzrə maddi sübut kimi əhəmiyyət kəsb etmədiyindən özünə qaytarıldı. Cinayət işinin 32-35-ci vərəqlərində olan iş üzrə 04 mart 2024-cü il tarixli qərarla təyin olunmuş məhkəmə-bioloji ekspertizasının 05 mart 2024-cü il tarixli 3-16-16/2-7/364 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş bir ədəd kağız paketdə sellofan torbada təmiz çəkisi 160.0 qram olan bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanadır. Cinayət işinin 103-104-cü vərəqlərində olan iş üzrə 02 aprel 2024-cü il tarixli qərarla təyin olunmuş məhkəmə-narkoloji ekspertizasının xx.xx.2024-cü il tarixli 2174 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs kannabinoidlərin qəbulu nəticəsində asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Lakin yaş həddi ilə olaraq ona narkomaniyadan məcburi müalicə tətbiq edilməsi mümkün deyildir. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin 67-70-ci vərəqlərində olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən tərtib olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər CM-nin müxtəlif maddələri ilə məhkum olunmuş, sonuncu dəfə isə 2021-ci ildə AR CM-nin 228.1-ci maddəsi ilə təqsirli bilinərək həbs edilmiş, xx.xx.2023-cü ildə cəzasının sonu ilə həbsdən azad olunmuş, hazırda məhkumluğu ödənilməmişdir. Cinayət işinin 71-75-ci vərəqlərində olan Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 1(010)-337/2021 saylı, xx.xx.2021-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs oğlu Azərbaycan Respublikası CM-in 228.1-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il 03 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzasının əvvəli 24 avqust 2021-ci ildən hesablanması və Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs növündə qətimkan tədbiri hazırki hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması hökm edilmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs üzərində aparılmış şəxsi axtarışın videogörüntüsü olan 1 ədəd CD formatlı diskə baxış keçirilərkən Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilərkən üzərində saxladığı şəffaf rəngli sellofan torbadan həmin xeyli miqdardakı 160.0 qram çəkidə olan narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülməsi müəyyən edilmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanununun 21-ci maddəsinə əsasən, «narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün, hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlakı həcminə əsasən müəyyən edilir. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıları Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilir». Azərbaycan Respublikasının 28 iyun 2005-ci il Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına habelə onların külli miqdarına görə” 1-ci siyahının 109.1-ci bəndinə əsasən narkotik vasitə hesab edilən qurudulmuş marixuananın şəxsi istehlak miqdarından artıq miqdarının yuxarı həddi 5 qram təşkil edir. Cinayət işinin materiallarından göründüyü kimi iş üzrə Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə hesab edilən qurudulmuş marixuananın təmiz çəkisi 160 qram narkotik vasitə hesab edilən qurudulmuş marixuana təşkil etmişdir ki, qeyd olunan siyahıya əsasən, həmin miqdar Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2 saylı qərarının 4-cü bəndində göstərilmişdir ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi anlayışının şərhi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanunun 1.0.9-cu maddəsində verilmişdir. Qanunun həmin maddəsinin mənasına görə, o cümlədən narkotik vasitələrin satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaş-xaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması hərəkətləri də başa düşülməlidir. Törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür». Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Beləliklə də, Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmağı məqsədəmüvafiq hesab edir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs təqsirini boynuna alaraq əməlindən peşmançılıq çəkməsini cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində residivin yaranmasını onun cəzasını ağırlaşdıran hal kimi müəyyən edir. Belə ki, Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə görə, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. İş materiallarından göründüyü kimi, Təqsirləndirilən şəxs məhkumluğu (Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 1(010)-337/2021 saylı, xx.xx.2021-ci il tarixli hökmü) hazırki cinayət əməlini törədərkən ödənilməmiş və götürülməmişdir. Beləliklə də, Azərbaycan Respublikası CM-nın 83.3.3-cü maddəsinə əsasən təqsirləndirilən şəxs oğlunun məhkumluğunun ödənilməsi üçün qanunla müəyyən edilmiş 2 il müddətinin axımı onun Təqsirləndirilən şəxs Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 1(010)-337/2021 saylı, xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsi ilə təqsirli bilinib 02 il 03 ay müddətinə azadlıqdan məhrum edilib, onun cəzasının sonu xx.xx.2023-ci ildən hesablanır. Məhkəmə istintaqı zamanı müəyyən edilir ki, Təqsirləndirilən şəxs hazırki cinayət əməlini xx.xx.2024-cü il tarixdə törədərkən o, məhkumluğu ödənilməmiş şəxs hesab edilməlidir ki, bu da öz növbəsində onun əməlində cinayətin residivini yaradır. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci və 83.1-ci maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun Qərarında qeyd edilir: «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinin “məhkum olunmuş şəxs” müddəası həmin Məcəllənin 83.1-ci maddəsinə uyğun olaraq barəsində məhkəmənin qanuni qüvvəyə minmiş ittiham hökmü, ödənilməmiş və ya götürülməmiş məhkumluğu olan şəxsi ehtiva edir. Yəni qəsdən cinayət törədilən anda şəxsin üzərində ödənilməmiş və ya götürülməmiş məhkumluğun olması, cinayət prosesinin sonrakı mərhələsində məhkumluğun ödənilib-ödənilməməsindən asılı olmayaraq, həmin şəxsə qanunla müəyyən olunmuş hallarda residivə görə cəza təyin edilməsinə mane olmur.». Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.5, 61.1.1 və 65-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2013-cü il tarixli Qərarına görə cinayətlərin residivi müəyyən edildikdə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində residiv cinayət tərkibinin əlaməti kimi nəzərdə tutulmadığı halda, həmin Məcəllənin 61.1.1-ci maddəsinə əsasən cinayətlərin residivi cəzanı ağırlaşdıran hal kimi nəzərə alınmalı və təqsirləndirilən şəxsə həmin Məcəllənin 65-ci maddəsi tətbiq edilməklə cəza təyin olunmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-nin 58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə növündə cəza təyin edilməli, Təqsirləndirilən şəxs 04 mart 2024-cü il tarixindən 06 mart 2024-cü il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 02 gün müddət cəzasından çıxılmaqla və üzərində qəti olaraq azadlıqdan məhrum etmə cəzası saxlanılmalı, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-nin 56.1.3), cəzaçəkmə müddətinin əvvəli hökmün elan edildiyi tarixdən, yəni 29 oktyabr 2024-cü ildən hesablanmalı, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilməli, Təqsirləndirilən şəxs məhkəmə iclasında dərhal həbs edilməli, Təqsirləndirilən şəxs həbsdə saxlanma yeri Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanası müəyyən edilməli, iş üzrə maddi sübut kimi tanınan narkotik vasitə məhv edilməli (CPM-132), ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM- 198.1.). İş üzrə maddi sübut olan Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılan zaman çəkilmiş videogörüntünün köçürüldüyü 1 ədəd CD formatlı disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə məhkəmə-narkoloji ekspertizasının xx.xx.2024-cü il tarixli 2174 nömrəli ekspertiza rəyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia yoxdur. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə, həmçinin vəkil tərəfindən təqdim edilmiş hesabatı nəzərdən keçirərək hesab edir ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 09 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 15 (on beş) iş saatı üçün 90 (doxsan) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 09 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, ona 01 il 09 ay müddətinə azadlıqdan məhrum etmə növündə cəza təyin edilsin. Təqsirləndirilən şəxs 04 mart 2024-cü il tarixindən 06 mart 2024-cü il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 02 gün müddət cəzasından çıxılsın və üzərində qəti olaraq 01 (bir) il 08 (səkkiz) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzanın çəkilməsi Təqsirləndirilən şəxs ciddi rejimli cəzaçəkmə müəssisəsində müəyyən edilsin. Cəzaçəkmə müddətinin əvvəli hökmün elan edildiyi tarixdən, yəni 29 oktyabr 2024-cü ildən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilsin. Təqsirləndirilən şəxs məhkəmə iclasında dərhal həbs edilsin. Təqsirləndirilən şəxs həbsdə saxlanma yeri Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanası müəyyən edilsin. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Bakı şəhəri Suraxanı RPİ-nə təhvil verilmiş və ekspertiza tədqiqatına sərf edildikdən sonra ümumi qalığı 159,95 qram narkotik vasitə olan qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut olan Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılan zaman çəkilmiş videogörüntünün köçürüldüyü 1 ədəd CD formatlı diskin cinayət işinin materiallarında saxlanılması nəzərə alınsın. İş üzrə ekspertiza xərci 72 (yetmiş iki) manat Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə, Az.MEM, VÖEN **********, AZ34CTRE**********002088501, X1, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ 41, NABZ013601**********3944 SFİFT BİK CTREAZ22 hesaba keçirilsin. Bakı şəhəri 09 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 15 (on beş) iş saatına görə 90 (doxsan) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 09 saylı Vəkil Bürosunun "xxxx" ASC-nin Suraxanı filialında olan hesablaşma hesabına (VÖEN ********** h./h******************** SWİFT GODE İBAZAZ2X, müxbir hesabı **********031. kod 805692 VÖEN **********) köçürülsün. Hökmdən elan olunduğu andan 20 gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apelyasiya şikayəti və ya apelyasiya protesti verilməzsə hökm qanuni qüvvəyə minir. Sədrlik edən Nərminə Rzayeva
Məhkəmə qərarları › İş №1(010)-322/2024
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-322/2024
29.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver