Məhkəmə qərarları › İş №1(010)-324/2021

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №1(010)-324/2021

22.11.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(010)-324/2021 22.11.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim İbrahimov Anar Firdovsi oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X2, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs, Təqsirləndirilən şəxsin müdafiəçisi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakı ilə, xx.xx.1980-ci ildə Saatlı rayonunun Oktyabrabad kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, işəməyən, evli, məkumluğu olmayan, orta təhsilli, Saatlı rayonunun Şirinbəy kəndində qeydiyyatda olan və Bakı şəhəri, Suraxanı rayonu, Binə qəsəbəsi, Südçülük yaşayış sahəsində nömrəsiz fərdi həyət evində yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs 08 aprel 2021-ci il tarixdə, saat 17:00 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Binə qəsəbəsi, Südçülük yaşayış sahəsində nömrəsiz fərdi həyət evinin yataq otağında arvadı Zərərçəkmiş şəxs Bakı şəhərində yaşadıqları evi satıb Saatlı rayonuna köçməyi təklif etdikdə, Zərərçəkmiş şəxs onun bu təklifi ilə razılaşmayıb, Saatlı rayonuna köçməyəcəyini və həmin rayonda yaşamaq istəmədiyini dediyinə görə Zərərçəkmiş şəxs ilə bu səbəbdən aralarında ailə məişət zəminində yaranmış mübahisə zamanı, o, evin mətbəxində masanın üzərindən mətbəx bıçağını götürüb, qəsdən bir dəfə Zərərçəkmiş şəxs boynunu kəsmiş və Zərərçəkmiş şəxs boyunun kəsilmiş yarası xəsarəti ilə nəticələnən, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid edilən zərər vurmuşdur. Bununla da, Təqsirləndirilən şəxs öz hərəkətləri ilə Azərbaycan Respublikası CMnin 128-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə ittiham olunaraq, məhkəməyə verilmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə elan olunan ittihamda özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, o, Zərərçəkmiş şəxs ilə 2001-ci ilin oktyabr ayından rəsmi nikaha daxil olaraq ər-arvad kimi yaşamışlar. Evliliyin uzun müddətini onlar Saatlı rayonunda yaşamışlar və təqribən 5- 6 il əvvəl Bakı şəhəri, Suraxanı rayonu, Binə qəsəbəsi, Südçülük yaşayış sahəsində ev tikərək, həmin evdə yaşamağa başlamışlar. Evliliyin ilk 5-6 illərini çıxmaq şərti ilə Vüsalə ilə onun arasında daimi olaraq ailə-məişət münasibətləri zəminində mübahisələri olmuşdur. Belə ki, o, Vüsaləyə ictimai nəqliyyat vasitəsi olan avtobusda qabaq hissədə oturmamasını tələb etsə də, Vüsalə ona oturacağını bildirməklə, belə də etmişdir. Bundan başqa, o, Vüsaləyə qonşuya, iş yoldaşıgilə getməməsini, gedib orada qalmamasını tələb etsə də, Vüsalə onun sözlərinə məhəl qoymayaraq, qonşuya və iş yoldaşıdilə də gedib, orada qalmışdır. Bu məsələlərə görə Vüsalə ilə onun arasında münasibətlər get-gedə pisləşmişdir. Vüsaləyə axır zamanlar artıq rayona qayıtmasını bildirib, nə lazımdırsa bacardığı qədər edəcəyini demişdir. Vüsaləyə hətta evi də satıb ona verəcəyini, bircə çıxıb gedib rayonda yaşamasını bildirməsinə baxmayaraq, Vüsalə onunla mübahisə etmişdir. Vüsalə ilə evliliklərindən onların iki oğlan övladı dünyaya gəlmişlər. Övladlarının böyüyünün adı Elşad, balacasının adı isə Elxandır. Uşaqları böyüdükcə Vüsalə onları da ona qarşı yönəltmiş, uşaqlar böyüdükcə, analarının haqlı, onun isə haqsız olduğunu düşünmüşlər. Təqribən 02 aprel 2021 -ci il tarixdə evdə Vüsalə onun arasında olan növbəti mübahisə zamanı o, Vüsaləyə çıxıb gedib rayonda yaşamasını dedikdə, buna qarşılıq olaraq Vüsalə yenə də cavablarından qalmamışdır. 08.04.2021-ci il tarixdə səhər təqribən saat 08 radələrində balaca oğlu Elxana şəxsiyyət vəsiqəsi düzəltmək üçün “ASAN” xidmətə getmək adı ilə evdən çıxmışlar və manatlıq takislərdən istifadə edərək, Heydər Əliyev prospektində yerləşən “ASAN” xidmətə getmişlər və müraciətdən sonra elə manatlıq takisi ilə də evə qayıtmışlar. Yol ərzində Vüsalə ilə onun arasında mübahisələri olmamışdır. Evə qayıtdıqda saat təqribən 11 radələri idi və qayıdan zaman antena düzəltməkdə ona kömək etmək üçün qonşunu evə çağırmışdır. Qonşusu ilə birlikdə evin həyətində antenanı düzəldən zaman, arvadı Vüsalə deyinməyə başladıqda, o, Vüsaləyə qapıda adamın olmasını və sakitləşməsini bildirmişdir. Beləliklə də, qonşusu söz söhbəti eşitməmiş və çıxıb getmişdir. Lakin Vüsalə yenə onunla mübahisə etməyə başlamışdır. Bundan sonra onlar yemək yeyib yatmışlar. Ancaq onun əsəbləri artıq tab gətirməmiş, təxmini saat 16 radələrində yuxudan durmuşdur. Yuxudan durduqdan bir qədər sonra Vüsaləyə evi satıb, pulu ona verəcəyini və çıxıb rayona getməsini dedikdə, Vüsalə evin ona məhkəmənin verəcəyini bildirmişdir. Bundan sonra Vüsaləyə belə etməməsini deməsinə baxmayaraq, Vüsalə əməllərini davam etdirərək, onu təhqir etməyə başlamışdır. Bu zaman artıq o, buna dözməyib, mətbəxdə masanın üzərində olan mətbəx bıçağını götürərək, yataq otağına daxil olmuşdur. Vüsalə həmin vaxt yataq otağında yatağın üzərində uzanmışdır. O, Vüsalənin üzərinə çıxaraq, Vüsalənin boğazını kəsmişdir. Bundan sonra Vüsalənin boğazından qan axmasını gördükdə, o, həmin yerdən uzaqlaşmışdır. Əməlindən peşman olaraq əynini dəyişib evdən çıxmış, həyətə çıxdıqda, qonşuluqda yaşayan İlqar adlı şəxsi görüb, onunla salamlaşdıqdan sonra, İlqara arvadı Vüsalənin boğazını kəsdiyini və İlqardan Vüsaləyə kömək etməsini xahiş etmişdir. İlqar isə dərhal onların evinə getmiş, elə həmin ərəfədə o, DİN-in 102 xidmətinə də zəng edərək, törətdiyi hadisə barədə məlumat vermişdir ki, Vüsalə köməksiz qalmasın. Bundan bir qədər sonra könüllü olaraq birbaşa Suraxanı RPİ-nə gəlmişdir. Vüsalənin ona qarşı işlətdiyi nalayiq ifadələrdən bezdiyindən, Vüsaləni qorxutmaq istəmişdir ki, Vüsalə artıq belə sözlər işlətməsin. Belə ki, onun cavan qardaşı rəhmətə gedib, Vüsalə isə onun qardaşının ünvanına nalayiq ifadələr səsləndirdiyindən, buna dözə bilməmişdir. Hadisə 08.04.2021-ci il tarixdə, saat təqribən 17:00 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Binə Südçülük yaşayış sahəsi nömrəsiz evin yataq otağında baş vermişdir.Hadisənin şahidi olmamışdır. Vüsalənin boğazını kəsdikdən sonra o, qonşusu İlqara xəbər vermişdir ki, Vüsaləyə kömək etsin. Halbuki, o, Vüsalənin boğazını elə də bərk kəsməmişdir və sadəcə onun fikri Vüsaləni qorxutmaq olmuşdur. Onun Zərərçəkmiş şəxs öldürmək niyyəti olmamışdır. Belə ki, Vüsaləni öldürmək istəsəydi, evdə ikisindən başqa kimsə olmamışdır və o, əməlini həyata keçirə bilərdi. Həyat yoldaşı Vüsalə dəfələrlə ailədə məişət zəminində münaqişələr yaratmış, evdə normal yaşamağa qoymamışdır. Törətdiyi əməldən peşmandır. Məhkəmədən barəsində amnistiya aktının tətbiq edilməklə, cinayət işinə xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində bildirmişdir ki, o, əri Təqsirləndirilən şəxs ilə 2000-ci ildən molla kəbini ilə ailə quraraq birlikdə yaşamışlar. Rəsmi nigaha isə onlar 2008-ci ildən daxil olmuşlar və onlar evliliklərinin böyük hissəsini Saatlı rayonunda yaşamışlar. 6 il əvvəl isə əri və birgə nikahdan olan iki övladı ilə birlikdə Bakı şəhərinə köçərək, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Südçülük yaşayış sahəsidə nömrəsiz ünvanda yaşamışlar. Evliliyin ilk illərindən əri Fərmanla onun arasında dava-dalaşları olmuşdur. Hadisə baş verən gün Fərmanla birlikdə səhər saatlarında oğlu X3 şəxsiyyət vəsiqəsi almaq üçün “Asan” xidmətə yollanmışlar. Asan xidmətdən evə qayıtdıqdan bir qədər sonra Fərman oğlunu mağazaya göndərərək, evdə onun olduğu otağa daxil olmuş, onu uzanıqlı gördükdə, birdən onun üzərinə tullanmış, o, uzanıqlı olduğundan, Fərmana müqavimət göstərə bilməmişdir. Fərman onun qarnının üstündə otrumuş və şalvarına taxılı olmuş mətbəxdə işlətdiyi taxta saplı bıçağı çıxardaraq, onun boğazını kəsmişdir. Bundan sonra onun boğazından qan açıldığından, o, titrəməyə başlamışdır. Bunu görən Fərman qorxub onun üzərindən düşmüş, yastığı onun kürəyinin altına qoymuş və sonra evdən çıxıb getmişdir. Fərman evdən çıxdıqdan dərhal sonra qonşusu İlqar təlaşla içəriyə daxil olmuşdur. Qonşular təcili tibbi yardım çağırmış və təcili tibbi yardım gələnədək, onun boğazını bağlamışdırlar. Hadisənin təsiri altında olduğundan, həmin an baş verənlər onun dəqiq yadında olmamışdır. Təcili tibbi yardım onu Sabunçu xəstəxanasına aparmış və orada boğazını tikmişlər, iki gün saxladıqdan sonra isə onu xəstəxanadan evinə buraxmışlar. Hadisə 08 aprel 2021-ci il tarixdə, təqribən saat 17:00 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Binə Südçülük yaşayış sahəsində nömrəsiz evdə yataq otağında baş vermişdir. Hadisənin şahidi olmamışdır. Belə ki, həmin vaxt evdə Fərman və onun özü olmuşdur. Daha əvəllər baş verən hadisələrlə əlaqədar Fərman onun əri olduğundan və uşaqlarımı düşünərək, Fərmandan şikayət etməmişdir. 07.05.2021-ci il tarixdə Fərman onun boğazından tutaraq digər əlində isə bıçaqla onu öldürəcəyini bildirmişdir. Həmin hadisənin şahidi olmamışdır. Belə ki, həmin vaxt evdə ikisi olmuşlar. Oğlu Elxanı isə o, zəng edərək çağırmışdır. 17.06.2021-ci il tarixdə Təqsirləndirilən şəxs durduğu yerdə münaqişə yaradaraq, onu öldürməklə hədələmişdir. Həmin hadisənin də şahidləri olmamışdır. Evdə həmin vaxt ikisi olmuşlar. 27.06.2021-ci il tarixdə bazar günü olduğundan, ictimai nəqliyyat vasitələri işləməmiş və həmin günü Fərman da evdə olmuşdur. Onun özü yataq otağında, Fərman isə digər otaqda uzanmışlar. Birdən Fərman pəncərədən onun olduğu otağa daxil olduqda o, qaçmağa çatdırmamış və onun sol qolundan bıçaqla xəsarət yetirmişdir. Bundan sonra o, oğlu Elxana zəng edərək, onu köməyə çağırmışdır. Bundan sonra Elxan qaçaraq evə gəlmişdir. Elxanın gəldiyini görən Fərman pəncərədən gəldiyi kimi də qaçıb getmişdir. Bu zaman Elxan DİN-in 102 xidmətinə zəng edərək, hadisə barədə məlumat vermişdir. Həmin hadisənin də şahidi olmamışdır. Belə ki, həmin vaxt evdə ikisi olmuşlar. Həmin gün o, artıq evdən çıxıb rayona getdiyindən, tibbi ekspertizadan keçə bilməmişdir. 20.06.2021-ci il tarixdə yenidən Fərman onu öldürməklə hədələmiş və ondan rayona getməyini tələb etmişdir ki, Fərman burdakı əxlaqsız əməllərinə rahat davam etsin. O, da Fərmanla razılaşmadıqda, Fərman hər dəfə əlinə bıçaq almış, ya da sözlə ona onu öldürəcəyini bildirmişdir. Lakin həmin gün Fərman ona heç bir xəsarət yetirməmişdir. Həmin hadisənin də şahidi olmamışdır. Təqsirləndirilən şəxs şikayətçi olduğunu bildirmişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o, Gürcüstan vətəndaşı olsa da, 3 aydan bir sərhədi keçir və həyatının müəyyən hissəsini Azərbaycanda yaşayır. 2010-cu ildən Suraxanı rayonu, Binə qəsəbəsi, Südçülük yaşayış sahəsində ev tikərək yaşamışdır. 6-7 il olar ki, Fərman və sonunjunun arvadı Vüsalə də onların məhəlləsində, yəni yan küçədə yaşayırlar. Onların baş vermiş hadisədən daha əvvəl aralarında hər hansı bir mübahisənin olmasının o, şahidi olmamışdır. Lakin 08 aprel 2021-ci il tarixdə, saat təqribən 17 radələrində evdən həyətə çıxıb gəzərkən, bu zaman qonşu küçədə yaşayan Fərmanın keçməsini görmüş, Fərmanla salamlaşdıqdan sonra, Fərman ona arvadı Vüsalənin boğazını kəsməsini və Vüsaləyə kömək etməsini ondan xahiş etdikdə, o, dərhal Fərmangilin evinə getmiş, evə daxil olduqda, Vüsalənin mənzildən çıxaraq pilləkənlərdə oturduğunu və boğazından qan axdığını görmüşdür. Lakin həmin vaxt Vüsalə özündə olmuşdur. O, dərhal 103 xidmətinə zəng etmiş və Vüsaləyə ilkin tibbi yardım göstərərək, yodlu əski ilə Vüsalənin boğazını sarımışdır. Vüsalə ilə ordan burdan söhbət etmişdir ki, Vüsalənin fikri yayınsın. Elə bir az keçmişdir ki, təcili tibbi yardım gəlmiş və Vüsalə onların köməkliyi ilə təcili tibbi yardım avtomobilinə oturaraq, xəstəxanaya getmişdir. Bir gün sonra isə o, Vüsalənin xəstəxanadan çıxmasını eşitmişdir. O, Vüsalənin oğlu Elxanı küçədə görüb, Vüsaləni soruşduqda, Elxan anasının yaxşı olmasını ona bildirmişdir. Bundan sonra o, onların ailəsi ilə əlaqədar nə müsbət, nədə ki, mənfi bir söhbət eşitməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 ifadəsində göstərmişdir ki, o, ailəsi ilə birlikdə yaşayır. Zərərçəkmiş şəxs onun anası, Təqsirləndirilən şəxs isə atasıdır. Neçə vaxtdır ki, atası və anasının arasında münasibət korlanmışdır. Buna səbəb isə atasının Bakı şəhəri, Suraxanı rayon, Hövsan qəsbəsində yerləşən evi satıb, Saatlı rayonuna köçmək istəməsi, lakin anası Vüsalənin buna razı olmaması olmuşdur. 08 aprel 2021-ci il tarixdə, saat 17 radələrində yaşadığı evin yataq otağında atası anasının boğazından bıçaqla vurub xəsarət yetirmişdir. O, evə gələndə görmüşdür ki, anasının boğazı kəsilib və qonşuları İlqar onun anasına ilk tibbi yardım göstərdikdən sonra, evə təcili tibbi yardım da çağırmışdır. Anası bundan sonra iki gün xəstəxanada qalmışdır. 27 iyun 2021-ci il tarixdə, saat 19 radələrində anası onun istifadəsində olan mobil telefon nömrəsinə zəng edib, atasının onu yenidən bıçaqla vurduğunu və ona təcili evə gəlməyini dedikdən sonra, o, evə gəlmiş və evə gələndə atası onu görüb qaçmışdır. Anasının isə sol qolunda xəsarətin olduğunu görüb nə baş verdiyini anasından soruşduqda, anası atasının onu mübahisə zamanı bıçaqla vurduğunu demişdir. Bundan sonra o, DİN-nin 102 xidmətinə zəng edib məlumat vermişdir. Bundan başqa atası anası ilə dəfələrlə yaşadıqları evdə mübahisə etmiş və anasının deməsinə görə atası onu öldürməklə hədələmişdir. Onlar ikisi evdə olan zaman mübahisə etmiş və o, onların davadalaşlarının şahidi olmamışdır. Məhkəmə təqsirləndirilən şəxsi və zərərçəkmiş şəxsi dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128ci maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətmişdir və onun təqsiri, özünün etirafedici ifadəsi və istintaq protokolları və cinayət işinin materiallarında olan digər sübutlarla da təsdiq edilir. İş üzrə təyin olunmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X4 X9 Suraxanı rayon şöbəsinin verdiyi məhkəmə tibbi ekspertizası üzrə 21.04.2021-ci il tarixli 370 saylı rəyindən göründüyü kimi, Zərərçəkmiş şəxs boyunun kəsilmiş yarası aşkar edilmişdir. Qeyd edilən xəsarət iti kənara malik əşyanın (ola bilsin bıçaq) təsirindən, qərarın təsiviri hissəsində göstərilən müddətdə, yəni 08.04.2021-ci il tarixdə əmələ gələ bilər və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. Xəsarətlərin lokalizasiyasına və xüsusiyyətinə görə demək olar ki, həmin xəsarət şəxsin özü tərəfindən özünə yetirilməsi nəticəsində alınması xarakterik deyil. İş üzrə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X4 X9 Suraxanı rayon şöbəsinin verdiyi məhkəmə tibbi ekspertizası üzrə 30.08.2021-ci il tarixli 197/2021 saylı rəyindən göründüyü kimi Zərərçəkmiş şəxs boyunun kəsilmiş yarası aşkar edilmişdir. Qeyd edilən xəsarət iti uclu və ya kənarlı alət təsirindən törənmiş, qərarda göstərilən şəraitdə yaranması inkar edilmir, yetirilmə müddəti 08.04.2021-ci ilə uyğun gəlir və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. İşdə olan Təqsirləndirilən şəxs məhkumluğuna dair Azərbaycan Respublikası DİNnin BƏSİİ-dən alınmış müvafiq tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Saatlı rayon Məhkəməsinin 13.06.2007-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsi ilə təqsirli bilinib 01 il 05 ay 12 gün islah işləri cəzasına məhkum edilmişdir. Təqsirləndirilən şəxs məhkəməyə mürajiət edərək, barəsində Azərbaycan Respublikası Milli Məclisinin qəbul etdiyi amnistiya haqqında qərarın tətbiq edilərək cinayət işinə xitam verilməsini xahiş etmişdir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs 8 Noyabr - Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin Qərarının təsiri altına düşdüyündən, o, cinayət məsuliyyətindən azad olunaraq, iş üzrə icraata xitam verilməlidir. Belə ki, 8 Noyabr - Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının 9.1-ci bəndinə əsasən məhkəmələr icraatında olan bu Qərar qüvvəyə mindiyi günədək baxılmamış cinayət işləri və məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə bu Qərarın 1. 1 —1.16-cı bəndlərində göstərilən şəxslər, habelə böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxslər barəsində cinayət təqibinə xitam verir və ya həmin şəxsləri təyin edilmiş cəzadan azad etməklə ittiham hökmü çıxarır (bu Qərarın 10-cu və 11-ci hissələrində nəzərdə tutulmuş məhdudiyyətlər nəzərə alınmaqla). Həmin qərarın 10-cu və 11-ci hissələrində nəzərdə tutulmuş məhdudiyyətlər Təqsirləndirilən şəxs aid deyildir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: 39.1.12-ci maddəsinə əsasən amnistiya aktına əsasən şəxs cinayət məsuliyyətindən azad edilməli olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir; 43.3-cü maddəsinə əsasən məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Beləliklə, məhkəmə, Təqsirləndirilən şəxs barəsində amnistiya aktının tətbiq edilməsi ilə iş üzrə icraata xitam verilməsinə dair xahişini, qanunvericiliyin yuxarıda sadalanan müddəalarını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli, CM-nin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət təqibinə CPM-nin 43-cü maddəsinə əsasən xitam verilməli və hazırki cinayət işi üzrə onun barəsində seçilmiş "başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 39, 43, 186, 321, 344347, 356, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə cinayət təqibinə "8 Noyabr - Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05.11.2021 -ci il tarixli qərarının 9.1-ci bəndinə əsasən xitam verilsin və Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş "başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilsin. İş üzrə məhkəmə xərcləri yoxdur, mülki iddia verilməmişdir. Qərardan elan edildiyi andan 20 gün müddətinə Suraxanı rayon məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən Anar İbrahimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar