Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-324/2023 29.03.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Nuriyev Elnur Aləm oğlunun sədrliyi, məhkəmə iclas katibi Nayıbov Pərviz Şakir oğlunun katibliyi ilə, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X2 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində X4 üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, onun müdafiəçisi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, 29 mart 2023-cü il tarixdə, saat 12:55-də, Bakı şəhərində xx xxxx 1958-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, heç bir yerdə işləməyən, məhkumluğu olmayan, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Donuzkökəltmə sovxozunda nömrəsiz evdə qeydiyyatda olmaqla həmin ünvanında yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs 19 noyabr 2022-ci tarixdə satış məqsədi olmadan qanunsuz olaraq xx.xx.1981-ci il təvəllüdlü, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan X7 10 manat ödəyərək şəxsi istehlak miqdarından artıq miqdarda bir ədəd bükümdə təmiz çəkisi 1,825 qram kustar üsulla hazırlanmış narkotik vasitə-heroin əldə edib üzərində saxlamaqla daşımış və Suraxanı RPİ-nin NMB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 19 noyabr 2022-ci il tarixdə saat 12:30-da ünvan 1 ünvanının qarşısında saxlanılıb Suraxanı RPİ-nin inzibati binasına gətirilərək üzərində keçirilmiş şəxsi axtarış və götürmə istintaq hərəkəti zamanı əynindəki tünd göy rəngli parça materialdan olan gödəkçəsinin sağ yan cibindən bir ədəd bükümdə təmiz çəkisi 1,825 qram kustar üsulla hazırlanmış narkotik vasitə - heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü qismən təqsirli bilərək göstərdi ki, uzun müddətdir narkotik vasitə heroindən istifadə edir, həmin maddəni əsasən tanımadığı şəxslərdən əldə edir. 19 noyabr 2022-ci il tarixdə saat 12:00 radələrində “Caqa” ləqəbi ilə tanıdığı, adını sonradan öyrəndiyi X6 yaşadığı Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, Z.Tağıyev küçəsində yerləşən evinin qarşısında getmiş, sonuncu ilə küçədə görüşmüş, R.Rəhimova 10 manat ödəyərək bir bükümdə şəxsi istifadəsi üçün narkotik vasitə heroin almış və əynində olan gödəkçəsinin cibinə qoymuşdur. Ramil Rəhimovdan ayrılıb uzaqlaşmaq istədikdə mülki geyimdə olan üç nəfər şəxs onlara yaxınlaşmış, həmin vaxt saat təxminən 12:30 radələri olmuşdur. Həmin şəxslər özlərini təqdim edərək polis əməkdaşları olduqlarını bildirib onlardan özlərini təqdim etmələrini tələb etmişlər. Onlar özlərini təqdim etdikdə o, “Caqa” ləqəbli Ramil adlı şəxsin X9 olduğunu öyrənmişdir. Polis əməkdaşları onlara narkotik vasitələrin dövriyyəsində şübhəli olduqlarını, bununla bağlı üzərlərinə baxış keçiriləcəyini deyib onları Suraxanı RPİ-nin inzibati binasına gətirmişlər. Bundan sonra polis idarəsində otaqların birində ona təhqiqatçı tərəfindən hüquq və vəzifələri izah olunmuş, hüquqlarının müdafiəsi üçün vəkil dəvət olunmuşdur. Vəkil ona təqdim olunduqdan sonra o, ərizə yazaraq üzərində şəxsi axtarış keçirilən zaman vəkilin iştirak etməməsinə etirazı olmadığını bildirmişdir. Bundan sonra onu saxlayan polis əməkdaşlarının iştirakı ilə videoçəkilişlə üzərinə şəxsi axtarış keçirilməyə başlanılmışdır. Şəxsi axtarış zamanı təhqiqatçı tərəfindən üzərində saxlanılması, daşınması qanunla qadağan edilmiş hər hansı bir əşya olduğu təqdirdə çıxarıb təqdim etməsi bildirildikdə o, əynində olan tünd göy rəngli parça materialdan olan gödəkçəsinin sağ yan cibində saxladığı içərisində narkotik vasitə heroin olan bir ədəd bükümü, bir ədəd üzərində ***-***-**-** mobil nömrə olan “Nokia” markalı mobil telefonu, bir ədəd 5 manatlıq və iki ədəd 1 manatlıq pul əskinazlarını çıxarıb təqdim etmişdir. Bükümün içərisində nə olması və haradan əldə etməsi barədə sual edildikdə o, üzərindən aşkar edilən bükümdə “kakos” kimi tanıdığı narkotik vasitə heroin olduğunu, heroini 19 noyabr 2022-ci il tarixdə polis əməkdaşları tərəfindən saxlanılmazdan bir qədər əvvəl şəxsi istifadəsi üçün 10 manat ödəyərək “Caqa” ləqəbli Ramil adlı şəxsdən yəni, X1 yaşadığı evin qarşısında aldığını bildirmişdir. Bundan sonra üzərində axtarış keçirilməsi davam etdirilsə də, digər saxlanılması qadağan edilmiş əşya aşkar edilməmişdir. Təqdim etdiyi bir bükümdə olan narkotik vasitə heroin polis əməkdaşı tərəfindən zərfə qoyularaq qablaşdırılmış, zərfin üzəri onun və polis əməkdaşları tərəfindən imzalanmışdır. Təqdim etdiyi ümumilikdə yeddi manat pulu isə özünə qaytarılmış, mobil telefonu isə təhqiqatçı tərəfindən götürülmüş, sonradan telefonu da özünə qaytarılmışdır. O, narkotik vasitə heroni şəxsi istifadəsi üçün əldə etmiş, narkotik vasitələrin satışı ilə məşğul olmamış, polis əməkdaşları tərəfindən saxlanıldığı üçün əldə etdiyi narkotik vasitədən istifadə etmək imkanı olmamış, polis əməkdaşları tərəfindən saxlanıldığı və polis idarəsində olduğu zaman ona hər hansı bir təzyiq və ya psixoloji təsir olmamışdır. Ona qarşı irəli sürülmüş ittihamda üzərindən aşkar edilərək götürülmüş narkotik vasitə olan heroinin 1,825 qram olması göstərilsə də, o, həmin hissədə ittihamı qəbul etmir, belə ki, üzərindən götürülmüş heroinin çəkisi 1,1825 qram olmamışdır, belə ki, o, 10 manat dəyərində narkotik vasitə aldığından narkotik vasitənin çəkisi də az olmuşdur. Sonda o, törətdiyi əməldən səmimi peşman olduğunu bildirmişdir. Məhkəmə dövlət ittihamçısını, təqsirləndirilən şəxsi, onun müdafiəçisini və şahidi dinləyərək, iş materiallarını tədqiq edərək, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətmişdir və onun təqsiri, özünün qismən etirafedici ifadəsi ilə yanaşı, aşağıda göstərilən digər sübutlarla da təsdiq edilir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Suraxanı RPİ-nin NMB-nin əməliyyat müvəkkili polis baş leytenantı Şahid2 ifadəsində bildirmişdir ki, X10 və Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı, saxlanılması, istifadəsi ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında onların ifşa olunması istiqamətində ondan, Suraxanı RPİ-nin NMB-nin əməliyyat müvəkkili, polis kapitanı Şahid1 və Suraxanı RPİ-nin NMB-nin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid3 ibarət əməliyyat qrupu yaradılmışdır. 19 noyabr 2022-ci il tarixdə keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində saat 12:30-da ünvan 4 ünvanının qarşısında xarici əlamətlərindən X10 və Təqsirləndirilən şəxs bənzəyən şəxslərə yaxınlaşaraq özlərini təqdim edib, həmin şəxslərin həqiqətən də Ramil Rəhimov və Təqsirləndirilən şəxs olduğunu müəyyən etdikdən sonra sonunculara narkotik vasitələrin qanunsuz olaraq əldə edilməsi, üzərində saxlanılmasında, daşımasında və satışında şübhəli olduqları və buna görə də üzərlərində şəxsi axtarış keçirilməsi zərurətinin yarandığını bildirib həmin şəxsləri Suraxanı RPİ-nin inzibati binasına gətirmişlər. Polis idarəsinə gəldikdən sonra Təqsirləndirilən şəxs Suraxanı RPİ-nin 31-ci PB-nin baş təhqiqatçı, polis mayoru X8 tərəfindən xidməti otaqda şübhəli şəxs qismində tutularaq şübhəli şəxsin hüquq və vəzifələri izah olunmuş, Təqsirləndirilən şəxs hüquqlarının müdafə olunması üçün dövlət hesabına müdafiəçi təyin edilmişdir. Ramil Rəhimov isə Suraxanı RPİ-nin TŞ-nin təhqiqatçısı polis kapitanı X11 tərəfindən şübhəli şəxs qismində tutulmuşdur. İlkin olaraq Ramil Rəhimovun üzərində şəxsi axtarış keçirildikdən sonra videoçəkilişlə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə istintaq hərəkəti keçirilmişdir. Əvvəlcə Təqsirləndirilən şəxs üzərində qanunsuz olaraq əldə edilmiş hər hansı bir əşya, narkotik vasitə-maddə olduğu təqdirdə təqdim etməsi təklif olunmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs əynində olan tünd göy rəngli parça materialdan olan gödəkçəsinin sağ yan cibində saxladığı bir ədəd bükümü, bir ədəd “Nokia” markalı mobil telefonu, bir ədəd 5 manatlıq və iki ədəd 1 manatlıq pul əskinazlarını çıxarıb təqdim etmişdir. Bükümün içərisində nə olması və haradan əldə etməsi barədə sual edildikdə o, üzərindən aşkar edilən bükümdə “kakos” kimi tanıdığı narkotik vasitə heroin olduğunu, heroini 19 noyabr 2022-ci il tarixdə polis əməkdaşları tərəfindən saxlanılmazdan bir qədər əvvəl şəxsi istifadəsi üçün 10 manat ödəyərək “Caqa” ləqəbli X1 yaşadığı evin qarşısında aldığını bildirmişdir. Bundan sonra üzərində axtarış keçirilməsi davam etdirilsə də, digər saxlanılması qadağan edilmiş əşya aşkar edilməmişdir. Təqsirləndirilən şəxs etdiyi bir bükümdə olan narkotik vasitə heroin təhqiqatçı tərəfindən zərfə qoyularaq qablaşdırılmış, zərfin üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs aşkar edilmiş ümumilikdə yeddi manat pulu isə özünə qaytarılmış, mobil telefonu isə təhqiqatçı tərəfindən götürülmüşdür. Daha sonra şəxsi Təqsirləndirilən şəxs üzərində axtarış və götürmə keçirilməsi barədə müvafiq protokol tərtib olunmuş və iştirakçılar tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs saxlanılarkən və Suraxanı RPİnin inzibati binasında olduğu zaman sonuncuya qarşı hər hansı bir fiziki güc və ya psixi təsir olmamışdır. Cinayət işinin ibtidai istintaqı zamanı şahid qismində dindirilmiş Suraxanı RPİ-nin NMB-nin əməliyyat müvəkkili, polis kapitanı Şahid1 və Suraxanı RPİ-nin NMB-nin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid3 məhkəmə iclasında elan olunmuş ifadəsindən görünür ki, sonuncular Şahid2 ifadəsi ilə eyni məzmunlu ifadə vermişlər. İş materiallarında olan “Şəxsi axtarış və götürmə aparılması haqqında” 19 noyabr 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərində polis əməkdaşlarının iştirakı ilə şəxsi axtarış keçirilmiş, əvvəlcə ona üzərində qanunsuz olaraq əldə edilmiş hər hansı bir əşya və ya narkotik vasitə olduğu təqdirdə təqdim etməsi təklif edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs əynində olan tünd göyi rəngli parça materialdan olan gödəkçəsinin sağ yan cibindən özünə məxsus üzərində ***-***-**-** saylı mobil nömrə olan bir ədəd “Nokia” markalı mobil telefonu, bir ədəd şəffaf sellofana bükülmüş içərisində narkotik vasitə heroinə bənzər maddə, bir ədəd beş manatlıq və iki ədəd bir manatlıq olmaqla yeddi manat pulu təqdim etmişdir. Təqsirləndirilən şəxs həmin bükümdəki kütlənin narkotik vasitə heroin olduğunu, heroini 19 noyabr 2022-ci il tarixdə Yeni Suraxanı qəsəbəsində yaşayan “Caqa” ləqəbli Ramil adlı şəxsdən 10 manata alaraq şəxsi istifadəsi üçün üzərində saxlamaqla daşıdığını bildirmiş, şəxsi axtarış davam etdirilmiş və Təqsirləndirilən şəxs üzərindən əldə edilməsi, saxlanılması və daşınması qanunla qadağan edilmiş hər hansı bir başqa əşya aşkar edilməmişdir. Təqsirləndirilən şəxs bir ədəd büküm zərfə qoyularaq qablaşdırılmış, zərfin üzəri onun və polis əməkdaşları tərəfindən imzalandıqdan sonra möhürlənmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş həmin ümumilikdə yeddi manat pul sonuncunun özünə qaytarılmış, bir ədəd mobil telefon isə sübut əhəmiyyəti kəsb etdiyindən təhqiqatçı tərəfindən götürülmüşdür. İş materiallarında olan “Diskə baxış keçirilməsi haqqında” 21 noyabr 2022-ci il tarixli protokoldan, habelə iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş DVD diskdəki video görüntüdən Təqsirləndirilən şəxs üzərində polis əməkdaşlarının iştirakı ilə şəxsi axtarış keçirilməsi, əvvəlcə ondan üzərində saxlanması, daşınması və ya gəzdirilməsi qadağan olunmuş hər hansı bir əşya və ya predmet olduğu təqdirdə təqdim etməsi təklif edilməsi, bundan sonra Təqsirləndirilən şəxs əynində olan tünd göy rəngli parça materialdan olan gödəkçəsinin sağ yan cibindən özünə məxsus üzərində ***-***-**-** saylı mobil nömrə olan bir ədəd “Nokia” markalı mobil telefonu, bir ədəd şəffaf sellofana bükülmüş içərisində narkotik vasitə heroinə bənzər maddə, bir ədəd beş manatlıq və iki ədəd bir manatlıq olmaqla yeddi manat pulu çıxarıb masanın üstünə qoyaraq təqdim etməsi, Təqsirləndirilən şəxs həmin bükümdəki kütlənin narkotik vasitə heroin olduğunu, heroini 19 noyabr 2022-ci il tarixdə Yeni Suraxanı qəsəbəsində yaşayan “Caqa” ləqəbli Ramil adlı şəxsdən 10 manata alaraq şəxsi istifadəsi üçün üzərində saxlamaqla daşıdığını bildirməsi, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarışın davam etdirilməsi sonuncunun üzərindən əldə edilməsi, saxlanılması və daşınması qanunla qadağan edilmiş hər hansı bir başqa əşya aşkar edilməməsi, aşkar edilmiş bir ədəd bükümün zərfə qoyularaq qablaşdırılması, zərfin üzəri Təqsirləndirilən şəxs və polis əməkdaşları tərəfindən imzalandıqdan sonra möhürlənməsi, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş ümumilikdə yeddi manat pul sonuncunun özünə qaytarılması, bir ədəd mobil telefon isə sübut əhəmiyyəti kəsb etdiyindən təhqiqatçı tərəfindən götürülməsi müəyyən olunur. İş materiallarında olan məhkəmə fiziki-kimyəvi ekspertizasının üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 6/6668 saylı 19 noyabr 2022-ci il tarixli rəydən müəyyən olunur ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün №194” dairəvi möhür əksi, “Vətəndaş Təqsirləndirilən şəxs...” yazılar, soyad və və imzalar olan zərfin içərsində 01 ədəd bükümdə təmiz çəkisi 1,825 qram olan tünd qəhvəyi rəngli maddə kustar üsulla narkotik vasitə-heroindir. Təmiz çəkisi 1,825 qram olan heroinin 0.05 qram hissəsi tədqiqata sərf olunmuş, qalıq 1,775 qram təşkil etmişdir. İş materiallarında olan ambulator məhkəmə-narkoloji ekspertizası üzrə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Publik hüquqi şəxsin tərəfindən verilmiş 7891 saylı xx.xx.2022-ci il tarixli rəyindən müəyyən olunur ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Lakin hal-hazırda abstinensiya, ontoksikasiya əlamətlərinin olmamasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar olaraq narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistik İnformasiya İdarəsindən alınmış 19 dekabr 2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Xəzər Rayon məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 06 ay azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2016-cı il tarixdə Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2016-cı il tarixli amnistiya qərarının 3-cü bəndinə əsasən cəzadan azad edilmişdir. İş materiallarında olan qəbzdən görünür ki, Təqsirləndirilən şəxs məxsus bir ədəd üzərində ***-***-**-** mobil nömrə olan “Nokia” markalı mobil telefon işlək vəziyyətdə sonuncuya təhvil verilmişdir. Beləliklə, yuxarıda göstərilən sübutlarla Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə müəyyən olunmuş cinayətin törədilməsində təqsiri tam sübuta yetirilir. Məhkəmə hesab edir ki, üzərindən aşkar edilərək götürülmüş narkotik vasitə heroinin 1,825 qram deyil, daha az miqdarda olması barədə Təqsirləndirilən şəxs ifadəsi işdə olan sübutlarla təsdiq olunmadığına görə qəbul edilə bilməz və cinayət məsuliyyətindən yayınmaq üçün özünümüdafiə məqsədi ilə verilmiş sayılmalıdır. Belə ki, məhkəmə iclasında tədqiq edilmiş Təqsirləndirilən şəxs üzərinə baxış keçirilən zaman videoçəkiliş aparılaraq 01 ədəd “DVD” diskə köçürülmüş video görüntüdən və iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 6/6668 saylı 19 noyabr 2022-ci tarixli rəyindən görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş, özünün və polis əməkdaşlarının iştirakı ilə qablaşdırılaraq möhürlənmiş, üzəri iştirakçılar tərəfindən imzalanmış 01 ədəd zərfin içində olan 01 ədəd bükümdəki narkotik vasitə olan heroinin təmiz çəkisi 1,825 qram təşkil etmişdir. Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli, 961-İİQ saylı Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının” İ siyahısının 5-ci bəndinin tələbinə görə heroinin şəxsi istehlak miqdarından artıq miqdar (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 0.15 qram, külli miqdar (təmiz halda qramlarla) daxil olmaqla aşağı həddi 2 qramdır. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli, 959-İİQ nömrəli Qanununun 1.0.8, 1.0.9 və 1.0.10-cü maddələrinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş və narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması - məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli, 2 nömrəli Qərarının 4-cü bəndinə görə törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür. Həmin Qərarın 5-ci bəndinə görə təqsirli şəxsin narkotik vasitələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. “Məhkəmə Hökmü Haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 saylı qərarının, 45-ci bəndində qeyd olunmuşdur ki, Məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Cəza təyin edərkən məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs mənfi xarakterizə olunmayan şəxsiyyətini, hazırda məhkumluğunun olmamasını, narkomaniya xəstəliyinə tutulduğunu, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Belə ki, iş materiallarında olan Binə qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 09 dekabr 2022-ci il tarixli xasiyyətnamədən müəyyən olunur ki, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Donuzkökəltmə sovxozunda nömrəsiz evdə qeydiyyatda olmaqla həmin ünvanında yaşayan Təqsirləndirilən şəxs barəsində qəsəbə nümayəndəliyinə heç bir şikayət daxil olmamışdır. Törətdiyi cinayət əməlini qismən etiraf edərək əməlindən səmimi peşman olmasını məhkəmə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal hesab edir. İş üzrə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə hesab edir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsinə görə yalnız azadlıqdan məhrum etmə növündə cəza təyin edildiyi təqdirdə təmin edilə bilər. Azərbaycan Respublikası CM-nin 56.1 və 56.1.2-ci maddələrinə görə qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün azadlıqdan məhrum etmə növündə cəzanın ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş daha ciddi cəza növü olan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli və cəzanın çəkilməsi ümumi rejimli cəzaçəkmə müəssisəsində müəyyən edilməlidir. Bundan başqa, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. İş materiallarında olan şübhəli şəxsin tutulması haqqında 19 noyabr 2022-ci il tarixli protokoldan, habelə təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında, təqsirləndirilən şəxsin barəsində həbs növündə qətimkan tədbirinin seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina olunması və qətimkan tədbirinin seçilməsi haqqında 21 noyabr 2022ci il tarixli qərarlardan görünür ki, Təqsirləndirilən şəxs 19 noyabr 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 21 noyabr 2022-ci il tarixdə təqsirləndirilən şəxs qismindən cəlb edilərək ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ittiham elan edilmiş, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin İstintaq Şöbəsinin müstəntiqinin vəsatətinin müdafiə edilməsindən imtina edilmiş, Təqsirləndirilən şəxs barəsində həbslə bağlı olmayan qətimkan tədbirinin seçilməsi və saxlanıldığı Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin Müvəqqəti Saxlama Yerindən azad edilməsi qərara alınaraq həmin qərarın surəti Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilmiş və bundan sonra Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin İstintaq Şöbəsinin müstəntiqi tərəfindən onun polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası CPM-nin 158.2 və 158.2.1-ci maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan hesablanır və tutulduğu müddət həbsdə saxlama müddətinə daxil edilir. Buna görə də məhkəmə hesab edir ki, məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs 19 noyabr 2022-ci il tarixdən 21 noyabr 2022-ci il tarixədək tutulduğu 02 (iki) gün müddət azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanaraq, təyin olunmuş cəzadan çıxılmalı və Təqsirləndirilən şəxs üzərində qəti olaraq, müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmalıdır. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzası təyin edildiyinə görə hökmün icrasının təmin edilməsinə nail olmaq məqsədilə təqsirləndirilən şəxsin barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-in 155.1.5-ci maddəsinə görə qətimkan tədbiri məhkəmə tərəfindən o hallarda tətbiq oluna bilər ki, təqsirləndirilən şəxs tərəfindən məhkəmə hökmünün icrasına maneçilik törədilməsi ehtimalına kifayət qədər əsaslar olsun. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 157.5-ci maddəsinin şərh edilməsinə dair” 09 iyul 2010-cu il tarixli qərarında göstərmişdir ki, Azərbaycan Respublikası CPM-in 156.2ci maddəsinə görə cinayət işinə mahiyyəti üzrə baxan məhkəmə öz təşəbbüsü ilə həbs qətimkan tədbirinin seçilməsi haqqında qərar qəbul edə bilər. Bundan başqa, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Həmçinin məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinə əsasən, iş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin maddi sübutların saxlanc yerinə təhvil verilmiş, xalis çəkisi 1,775 qram olan narkotik vasitə - heroin məhv edilməlidir. Eyni zamanda məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınaraq cinayət işinə əlavə edilmiş 01 ədəd “DVD” disk Azərbaycan Respublikası CPM-nin 132.1.6-cı maddəsinə əsasən cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Habelə məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 197.1, 197.1.4 və 198.1-ci maddələrinə əsasən iş üzrə məhkəmə fiziki-kimyəvi ekspertizasının keçirilməsinə xərclənmiş 55 (əlli beş) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs dövlət nəfinə tutulmalıdır. Bundan əlavə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə məsrəfləri ilə bağlı əlavə olaraq məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli, 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 06 manat məbləğində müəyyən edilmişdir. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmədə göstərdiyi pulsuz hüquqi yardıma görə 04 (dörd) iş saatı üçün 24 (iyirmi dörd) manat məbləğində vəsait müdafiəçisi Bakı şəhəri 9 saylı vəkil bürosunun vəkili Müdafiəçi ödənilməsi üçün Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Bakı şəhəri 9 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 346, 347, 349, 351-353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinərək 01 (bir) il müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilsin. Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı 19 noyabr 2022-ci il tarixdən 21 noyabr 2022-ci il tarixədək sübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin edilən 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasından çıxılsın və Təqsirləndirilən şəxs çəkilməsi üçün qəti olaraq 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətində azadlıqdan məhrum etmə cəzası müəyyən edilsin. Təqsirləndirilən şəxs ona təyin olunmuş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli hökm elan olunduğu 29 mart 2023-cü il tarixdən, saat 13:00-dan hesablansın. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri həbs qətimkan tədbiri ilə dəyişdirilsin və Təqsirləndirilən şəxs hökm elan edildikdən dərhal sonra məhkəmə iclası zalında həbs edilsin. Təqsirləndirilən şəxs həbsdə saxlanma yeri Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanası müəyyən edilsin. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə məhkəmə fiziki-kimyəvi ekspertizasının keçirilməsinə xərclənmiş 55 (əlli beş) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs dövlət nəfinə tutulsun. İş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin maddi sübutların saxlanc otağına təhvil verilmiş, xalis çəkisi 1,775 qram olan narkotik vasitə - heroin məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış və cinayət işində saxlanılan 01 ədəd “DVD” disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmədə göstərdiyi pulsuz hüquqi yardıma görə 04 (dörd) iş saatı üçün 24 (iyirmi dörd) manat məbləğində vəsait müdafiəçisi Bakı şəhəri 9 saylı vəkil bürosunun vəkili Müdafiəçi ödənilməsi üçün Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Bakı şəhəri Bank ABB Suraxanı filialı, VÖEN **********, h/h ********************, SWİF GOODE İBAZAZ2X, m/h-**********031, kod 805692, VÖEN **********, AİİBAZ2X, hesab-********************, VÖEN-********** hesablaşma hesabı üzərindən Bakı şəhəri 9 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökm elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Həbsdə saxlanılan məhkum tərəfindən isə apellyasiya şikayəti hökmün surətinin ona verildiyi andan 20 gün müddətində verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya protesti verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Elnur Nuriyev
Məhkəmə qərarları › İş №1(010)-324/2023
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-324/2023
29.03.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver